
O GÜN
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.
QARDAŞ
Sən gəzən yerlərə gəlmişəm, Qardaş!
Qanın axan yerdə lalə bağrı qan.
İlk sübh şəfəqində çatmışam bura,
Rəngindən rənginə qatıb oğru dan.
* * *
Lənət o günə ki, açıldı səhər,
Namərdin dişinin dibində zəhər,
Dilində boğazdan yuxarı qəhər,
O müdhiş yalanı dedi doğrudan…
* * *
İndi bu kol-kosun nə günahı var?
Çəlləyə çiv olan palıd günahkar!
Ətrafda dağ-daş da ağlayır zar-zar…
Bülbüllər dilini udub qorxudan…
* * *
Nə yaxşı bu “tale”, “qismət” sözü var,
Sığınıb onlara olduq gözü dar,
Lap bilmək istəsən düzü ay İlqar,
Hamının yaradır qəlbi ağrıdan…
* * *
Ustaca təsəlli oğlunla qızın,
Biləsən, itməyib çörəyin, duzun,
Haçansa yenə də doğsa ulduzun,
Hilalı boylanır hər gün Ağrıdan…
07.07.2022. Azərbaycan.
Müəllif: Zaur USTAC
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru