
ÇİÇƏK-ÇİÇƏK
Sənin verdiyin çiçəkdi,
Bəsdi mənə çiçək-çiçək.
Çəkdi, dünyasına çəkdi,
Səsdi mənə çiçək-çiçək.
Gündə olan, ayda olan,
Dəyişməz ki, qayda olan.
Dünya sənin boyda olan
Kəsdi mənə çiçək-çiçək.
Yüz hikməti bir dağında,
Sınmam dağın qabağında.
Tanrı olan tabağında,
Düzdü mənə çiçək-çiçək.
Haqq olanın qulu mənəm,
Sinəm sözlə dolu mənəm.
Yandır odda, deyim, mənəm,
Közdü mənə çiçək-çiçək.
Bilib də söz-söhbətini,
Mahirə söz hikmətini,
Dünyanın bal şərbətini
Süzdü mənə çiçək-çiçək.