
AYAZ İMRANOĞLU HƏFTƏSİ
GƏLİNNƏNƏ
(hekayə)
Haçadağ kəndi qədim yurd yeridir. Kənd özünəməxsus gözəlliyi, əsrarəngiz təbiəti ilə yanaşı, həm də mehriban, həlim, qonaqpərvər insanları ilə tanınır.
Kənd iki dağ arasında yerləşir. Kəndi iki yerə ayıran ortasından axan çaydır. Dupduru dağ çayı bu kəndin şah damarıdır. Mənbəyini Haçadağın bulaqlarından götürüb aşağılarda çaya çevrilib. Kənd əhli əkin-biçinini, bağ-bağatının, məişətinin gündəlik su ehtiyacını bu çayın bol suyu ilə ödəyir.
Otuz, otuz beş evdən ibarət olan bu yurd yerini yüzillər öncə Fərhad adlı pəhləvan cüssəli növcavan salıb. Belə ki, aran kəndlərinin birində yaşayan Fərhad həmkəndlisi Simuzər adlı bir gözələ aşiq olur. Simuzər də Fərhada könül verib. Amma Simuzərin qardaşları Fərhadla ədavəti sevgililərin qovuşmasına əngəl olub. Fərhad bir gün Simuzərlə əl-ələ verib qaçıb gəlib Haçadağdakı bir kahada gizlənirlər. Kahanı özlərinə ev eləyiblər. İllər ötür, iki bala sahibi olduqdan sonra “kaha-ev”dən çıxıb, enib gəlirlər çay qırağında yurd qururlar. İndiki Haçadağ kəndinin sakinləri Fərhadla Simuzərin törəmələridir. Fərhadla Simuzərin qəbirləri kəndin qəbiristanlığında yox, kahanın içindədir. Hər il novruzqabağı kənd əhli ölənlərinin qara bayramını ziyarət etməmişdən, Kahaya gəlib Fərhadla Simuzərin qəbrini ziyarət edirlər. Qəbirlərin üstünə səməni, şirniyyat dolu xonça qoyurlar.
Bu kənddə bir ailə də var ki, uşaqdan böyüyə, yaşlısına kimi hamı sevir. Yalnız ər-arvaddan ibarət olan, ikicə nəfərlik bu ailədə heç zaman övlad səsi gəlməsə də, böyük sevgi bu evin soyuq divarlarını isidib, möhkəmləndirmiş, onu möhkəm ailəyə çevirib. Cümşüd və Nazlı eşqi az qala dastana çevriləsi, nağıllaşasıdı.
Ömrün ahıl yaşını yaşasa da, Nazlını hələ də “Gəlin” deyə çağırırlar. Nazlı da bu çağırışdan xoşhal olur. Cümşüdün qəfləti ölümü olmasaydı, Nazlı gəlin elə nazlı halında qalacaqdı…
Nazlı nənə bükülmüş qəddini düzəltmək istəsə də, onun keçmiş şuxluğundan əsər-əlamət qalmamışdı. Son bir ayda, özü demişkən, “Gümşüd qəddini qırıb”. Altdan-üstdən geyinsə də, canındakı üşütmə getmirdi. May günəşinin istisi belə, Nazlı nənəyə kar etmirdi. Bumbuz olan əlləri elə bil dağların qarından çıxıb.
Yun çarşabla belini bağlamışdı. Əllərini kürəyində daraqlayıb asta addımlarla yeriyirdi. Fikri, xəyalı “aranı – dağa, dağı – aranı” qatıb dolaşırdı.
-Hə, Cümşüdüm, qırxına doqquz gün qalır. 31 gün sənsiz yaşamaq necə də çətin imiş!
Sarı yoxuşun gün batan hissəsində yerləşirdi kənd qəbiristanlığı. Başını aşağı salıb gedirdi. Birdən gözü yol qırağındakı yaşıllıqlara sataşdı. Özünü gül-çiçəkdən xalı toxuyan təbiətin bu yaşıl dənizinə verdi. Cürbəcür çiçəklərdən dərib, bir qom edib qoxladı. Yadına düşdü ki, bir vaxtlar yazın bu vədələri Cümşüd ona çox belə çiçək dəstələri hədiyyə edib. Evindəki büllur vazdan təzə-tər çiçəklər əskik olmazdı.
“Nə yaman uzun yoldu qəbrinə gedib çatmaq, ay Cümşüd!” – deyib azca qamətini dikəldib qəbiristanlığa tərəf boylandı. Gözlərinə qəbiristanlıqdakı baş daşları qaraltı kimi göründü. O mərmər başdaşların hər biri elə bil canlı insan kimi ona əl edib, yanlarına çağırırdı. Bəs Cümşüdün qəbri hanı? Onun qəbri niyə çağırmır? Eh.., yazığın başdaşı çarpanaq çay daşındandır, bir əl boyda…
Nə illah elədisə, Cümşüdünün qəbrini görə bilmədi. Əlini qaşı üstünə tutub zəndlə baxsa da, Cümşüdün qəbrini qaraltı kimi də görə bilmədi.
-Gəlirəm, ağrım-acım, gəlirəm! – deyib yoluna davam etdi. Bir qom çiçək də əlində.
Nazlı nənə ilə Cümşüdünün qəbri arasındakı bu torpaq yol 53 illik bir sevginin hekayətinə dönmüş yaddaş kartında varaqlanırdı. Bu torpaq yolda Nazlı nənənin sinəsində 53 ildir düyünlənmiş bir sirr yaşayırdı. O sirri bir Nazlı nənə, bir də onun Cümşüdü bilirdi.
…Yeniyetmə qızın bu hisslərinə sevgi demək mümkündürsə, o, Cümşüdünü on beş yaşında sevmişdi. Onda Cümşüd yenicə əsgərlikdən dönmüşdü. Boylu-buxunlu, çatmaqaş bu qonşu oğlunu görəndə Nazlının ürəyi guppultu ilə döyünmüş, qəlbinin sarı telinin havası çalınmışdı Oda düşmüşdü al yanaqları. Yaraşıqlı bu əsgərin uca boyu, enli kürəkləri, daranmış gur saçları, geri şəvə bığları onu daha da vüqarlı göstərirdi. Odlu gözləri idi Nazlını özündən alan.
Nazlı qoşa hörüklərini qabarmış sinəsinə salıb, həyət qapısından çıxanda gözləmədiyi halda Cümşüdlə qarşılaşdı. Hürkək baxışlarla ona baxdı, qızardı, karıxdı. Cümşüd də Nazlının belə tez böyüdüyünü, qoşa hörüklərinin altından bir cüt şamamalara gözucu baxıb başını aşağı saldı. “Sabahın xeyir, Nazlı!” – deməklə elə bil hər şeyi həll etdi…
Cümşüdün təhsil dalınca şəhərə getməsi Nazlının həsrətli illəri oldu. Yalnız Cümşüd tətil vaxtları kəndə gəlir, onda da uzaqdan-uzağa bir-birilə gözləri ilə görüşdürdülər. Gözlər hər şeyi danışırdı.
Təhsil illəri başa çatıb Cümşüd təyinatla kəndlərindəki məktəbdə müəllim kimi işə başlayanda Nazlının nigarançılığı daha çox oldu. Subay gənc müəllimələr, gözəl-göyçək qızlar ancaq Cümşüddən danışırdılar. İçində o qızlara qısqanclıq vardı. Çümşüd hələ də ona sevgisini açmamışdı. Bu, Nazlını üzürdü.
Günlərin bir günü Nazlıya qonşu kənddən, atasının dostu olan Həmidin oğlu üçün elçilər gəldi. Nazlının razılığı olmadığından, elçilər yenə gələcəklərini deyib getdilər. Bu elçilik hadisəsi Cümşüdü hərəkətə gətirdi. Çox keçmədi Nazlıgilə Cümşüdün elçiləri də gəldi. “Hə”si alınıb, məhəbbətin rəmzi olan nişan üzüyü taxıldı.
Üzük Nazlı üçün müqəddəs idi. Hər dəfə toya, nişana gedəndə üzüyü barmağına taxır, onu ən əziz əmanət kimi qoruyurdu. Üzük bir az barmağına boş idi. Üzüyün altına pambıq qoyardı ki, barmağına kip otursun.
Dağ çayından səhənglə su gətirməyə getmişdi. Çayda daşlar çox olduğundan ayaqlarını daşların üstünə qoyub, dərin yerdə səhəngini suya basıb doldurdu. Çiyninə atıb yola düzəldi. Birdən bildi ki, üzük barmağında yoxdu. Su gətirdiyi yerə qayıdıb hər yeri ələk-vələk etsə də, nişan üzüyünü tapmadı. Dağ çayının iti axan suyu üzüyün aparmışdı.
Nazlı bu itkidən ölümcül məyus olmuşdu. Gecə-gündüz ağladı, özünü qınadı. Cümşüdsə yenisini alacağını demişdi. Elə də oldu. Amma üzüyün itkisi Nazlıya sanki hansısa hadisədən xəbər verirdi…
…Sabah toyları olacaqdı. Bu gün sevgililər Haçadağdakı kahaya qalxdılar. Əllərində də bu dağların çiçəkləri. Fərhadla Simuzərin kahadakı qoşa qəbirlərini ziyarət etdilər. Qoşa qəbirlər onlar üçün məhəbbət mücəssiməsi idi. And içdilər ki, onların sevgilərinə layiq ailə olacaqlar. Kahadan on addım o yanda bulaq qaynayırdı. Bu bulağın suyu hara axıb getdiyi hələ də sirr olaraq qalır. Bulaqdan su içib əhd-peymanlarını təsdiqlədilər.
Toyları oldu. İzdivac gecəsi dostları ilə xeyli şərab içən Cümşüd bəy otağına girəndən beş dəqiqə sonra yuxuya getdi.
Həyəcandan idi, nədən idi bilmədi – onun aybaşı olasına hələ xeyli vardı. Ancaq yataq mələfəsinin ortasında bir topa qan ləkəsi vardı. Birdən gülümsədi: Axı, bir azdan qapı arxasında duran yengəyə qanlı mələfə verəsiydi. Qanlı mələfəni yığışdırıb qapıya yaxınlaşdı. Qapını açıb Hürü nənəni görüb sakitcə qanlı mələfəni ona uzatdı…
Nazlının anasına yengənin apardığı qanlı mələfə onun qızlıq dövrünün “şirin bir qız nağılının başa çatması” gəlinlik çağına ilk qədəmlərinin atması dövrünün başlanğıcı idi.
“Üçgünlük” adlı üzəçıxma mərasimində qanlı mələfə qohum-əqrəbaya göstərilib şahidliyi təsdiqləndi. Cümşüdün anası gəlininə “üzün ağ olsun, gəlinim” deyib onun alnından öpdü.
Onların toyları yaxşı mənada eldə-obada dillər əzbəri oldu. Bütün toylarda bəylə gəlin “Vağzalı” oynanıldığı halda, Cümşüd təkid etdi ki, “Tərəkəmə” çalınsın. Deyirdi “Tərəkəmə” havasıına oynamağım gələnnən bilirəm ki, türkəm. Toyda bəylə gəlinin bu oyunu hadisəyə çevrildi. Hamı bilirdi ki, Cümşüd yurdcanlı, vətənsevər igiddir.
O, böyüyəndə anası ömrünün son günlərində yanına çağırıb demişdi ki, oğlum sənin mamaçan erməni Silva olub. Sən doğulanda doğuşum ağır keçdiyindən qonşu erməni rayonuna aparmışdılar məni. Sən orda dünyaya gəldin. Amma mamaçanın erməni qadını olması hələ də məni üzür. Deyirdilər onlar yeni doğulan türk oğlan uşaqlarını xədim edirlər.
Nazlı-Gümşüd cütlüyü eşq üçün yaranmışdı. Cümşüd müəllim hər səhəri Nazlının məhəbbəti ilə oyanır, axşamlar da atəşli eşqiylə yuxuya gedirdi.
Nazlı isə aylar ötdükcə hisslərinə hakim kəsilə bilmir, içində qadınlıq duyğusu alovlanırdı. Cümşüdün kişilik hünəri söndürməliydi bu odu…
Baldızları Nisəxanım, Həmayıl qardaşlarının ailəsindən övlad səsini eşitmək arzusunda idilər. Hətta Nazlıya son vədələr bu haqda da söz çatdırmışdılar. Nazlıysa susurdu… Necə deyə bilərdi ki, qardaşınız görməli olacağı işi gecikdirir.
“Qanlı mələfə”dən il ötmüşdü, illər yaşanırdı. Nazlının bir vaxtlar ana olmaq istəyi istək olaraq qəlbinin dərinliyində düyünlənib qaldı. İstəmirdi ki, Cümşüdü…
Baldızları ilə neçə yerə həkimə getdilər, cürbəcür müalicələr aldı Nazlı. İçindəsə deyirdi: “Bu müalicələrin nə nəticəsi olacaq axı?..”
Hər dəfə baldızları onlara gələndə, söhbət övladdan düşəndə Nazlı söz tapa bilmirdi. Əslində deyəsi sözü də vardı. Amma Cümşüdə olan məhəbbətinin yanında övladı olmaq, analıq hissi yaşamaq ona nədənsə xırda görünürdü. Buna görə də susmağa üstünlük verirdi.
Gəlin köçən gündən onu adı ilə yox “Gəlin” deyə çağırırdılar. Bu sözü əvvəllər doğma, əziz söz kimi qəbul etsə də, illər ötdükcə tənə kimi qəbul etməyə başlamışdı. Axı gəlin dünyaya uşaq gətirər, ana olar… Nazlıya indi daldada “qısır” deyən də vardı. Hətta bir kərə onların evinin yanından keçəndə hamının küpəgirən qarı deyə çağırdığı Mapı arvad üzünə: “qısır düyə kimisən, Cümşüdü övladsız qoydun” demişdi. Həmin günü əri dərsdən gələnə kimi çox ağlamışdı. “Günah daşıyan oldum” demişdi öz-özünə.
Bir gün yenə çaya su gətirməyə getmişdi. Onu görən gəlinlər, qızlar rişxənd ilə:
-Gəlinə bax, gəlinə! Daha bilmir ki, bu kənddə iki-üç qarın doğan qadına pis baxırlar, sonsuz deyirlər. Sənsə heç birini də doğa bilmirsən ki, Cümşüd müəllimi ata edəsən…
Həmin günü əsəbililiklə evə dönmüş, ağlamış, istəmiş hirsini-hikkəsini Cümşüdünün üstünə töksün. Cümşüd Nazlının bu halını dərk etdiyindən yenə başını aşağı əymiş, məyusluqla bu sözləri pıçıldamışdı: “Seçim sənindi, gəlin…”
-Dilim, ağzım qurusun. O sözü dilimə gətirsəm, Cümşüdüm! Sən mənim alın yazım, taleyimsən… -deyib körpə uşaq kimi Cümşüdünə sığınmış, onu atəşli dodağı ilə öpüşə qərq etmişdi.
Qonşu Güldəstə xala Nazlı ilə Cümşüdü öz övladları qədər istəyirdi. Həmişə də uca Allaha dua etmişdi övladları olsun. Amma illər keçsə də, bu ailəyə övlad qismət olmadı. Nazlını boynubükük görəndə kövrəlir, ürəyindən qara qanlar axırdı. İstəyirdi ki, Allaha üsyan etsin. Nə fikirləşdisə, “əsdəğfurullah” deyib Allahın işinə qarışdığına görə özünü danladı. Axı “Gözəl Allah sevdiklərini həmişə sınağa çəkər. Deyər görüm sevdiyim bəndələrimin məhəbbətlərinə xələl gəlməyəcək ki…”
Güldəstə xala belə fikirləşə-fikirləşə bir cam camuş qatığı götürüb Nazlıgilə gəldi. Qatığı verib hal-əhval tutduqdan sonra ürəyində yığılıb qalmış bir yığın söhbətlərdən birini danışdı ki, bunları görmüş, yaşamışdı:
-Qanlı – qadalı nemes müharibəsində bu kənddən çox oğullar, kişilər cəbhəyə getdi. Gələni də oldu, gəlməyəni də. “Qara kağız”lar qapıları döydü. Neçə-neçə qadın ömürlərinin sonunacan bir üzü qız, bir üzü gəlin qarıdılar. Qızım, millətimizin bu gözəl adət-ənənəsi həmişə bizi başqa millətlərin yanında uca edib. Boşanıb yenidən ailə də qura bilərsən, gözəl-göyçək xanımsan. Amma bir yastığa baş qoyub ömrünün axırına kimi yaşamaq hünərdir. Bilirəm, sənin üçün də, Cümşüd üçün də çətindir. Övlad şirin olsa da, eşq hər şeydən ucadır. Mən ilahi eşqdən danışıram ha…
-Güldəstə xala, Cümşüd mənim üçün hər bir müqəddəslikdən ucadır. Bir də axı biz and içmişik Haçadağdakı kahada uyuyan qəbirlərə.
-Halal olsun, qızım! Dedi-qodulara fikir verməyin, – deyib Güldəstə xala Nazlının geniş alnından öpüb evinə döndü.
Nazlıysa onu yola saldıqdan sonra divardakı xalça üzərindəki şəkilə baxdı. Bu şəkili neçə il öncə Cümşüdlə rayon mərkəzinə gedəndə çəkdirmişdilər. Xoşbəxt anların xatirəsidir “Görəsən, biz xoşbəxtikmi?” – sözlərini dodaqaltı pıçıldadı və tezcə də “əlbəttə, xoşbəxtik” dedi
Qardaşlarının ömrü övladsız başa vuracağı dərd olmuşdu bacılarına. Ayrılmaqlarını fikirləşirdilər və onu da görürdülər ki, cütlüklər bir-biri üçün yaranıblar. Həmayıl bir gün üzə durub Nazlıya dedi:
-Demirik ayrılın. İzn ver, qardaşım yenidən evlənsin. Uşağı olar, birgə böyüdərsiniz.
Bu sözdən Nazlını hıçqırıq boğdu. Dəlicəsinə ağladı. Həmayıl dediyinə peşman olub təskinlik verdi.
-Övladı olar, sən də o uşağa analıq edərsən. Əgər buna da razı deyilsənsə, onda yetimlər evindən uşaq götürüb saxlayın…
Yenə Nazlı susdu. Eləcə Cümşüdə heyran-heyran baxdı:
-Nə deyirəm, baldız, olsun, amma…
Beləcə, Cümşüdün ikinci kərə evlənmək məsələsi həll olundu. Cümşüd bacısına:
-Biz ömrü beləcə qoşa yaşayacağıq
…Gəlinnənə 53 illik birgə yaşadıqları ömürlərinin yaddaş kartını oyatmışdı. Orada yazılmış çox şeylər vardı hələ – üzə çıxarılmayan…
Başını qaldırıb baxanda gördü Cümşüdün qəbrinin ayaq tərəfində durub. Çiçək qomunu baş daşının yanına qoyub, əyilib daşdan öpdü. Üzünü nəmli torpaq topasından olan qəbrinə qoyub ağladı. Sinə parçalayan bir ağı dedi.
-Sənsiz necə yaşayım, ay ömrüm, günüm?!
Nə illah elədisə, gözlərindən bir damcı da yaş gəlmədi. Elə bil ağlamaqdan göz yaşları da tükənmişdi.
Baldızı Həmayıl gəlib çıxanda Gəlinnənənin taqəti kəsilmişdi, üzündə, gözlərində qürubun son işartıları sezilirdi. Ağır-ağır nəfəs alırdı. Hər nəfəs alanda sinəsi qalxıb-enirdi.
Həmayıl bu vəfalı Gəlinə heyran olmuşdu. Qardaşı ölən gündən hər gün qəbirsandlıqda idi. Buna üzülürdü Həmayıl.
Gəlinnnənə əlini Həmayıla uzadıb yorğun-yorğun dilləndi:
-Həmayıl, bir sirrim var, deməmiş ölümmü?
Həmayıl onun uzanan əlindən tutub sığalladı. Əlləri soyuq, barmaqları elə bil qurumuş beş çubuqdan ibarətdir.
-Ay Gəlin, nooluf? Niyə özünü üzürsən? Əri ölən bircə sənsənmi? Bu bir ayda yumağa dönmüsən. Yazıqsan. Ölənlə ölmək olmaz, demişlər.
-Yox ee… ölürəm. Bu gecə yuxuda Cümşüdümə qovuşmuşdum. Qorxuram sirrimi sənə deyəm Cümşüd qəbirdən eşidə. Utanar. Bu mənə ayıb olar axı…
Həmayıl artıq hiss edirdi ki, Gəlin son dəqiqələrini yaşayır. Tez dedi:
-Ay, Gəlin, ürəyində sirr saxlama. De, ürəyin yüngüllışsin. Bilirəm, neçə illərdir ürəyinə daş bağlayıb o sirri kimsəyə deməmisən. Nə sirrdir elə o?
-Qanlı mələfə o vaxt Cümşüdü xilas etdi. O qanlı mələfə şahiddir ki, mən bakirəyəm…
23 yanvar 2017-ci il.
Müəllif: AYAZ İMRANOĞLU
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru