
Payıza yaxınam – durnalar kimi,
ürəyim qoymayır baharı getsin..
Yoxsa bu payızın yarpaqlarıyla,
qorxur bir sevginin qatarı getsin..?!
Görəndən, dünyanı dərk eləyəndən,
nələr yaşamadım, nələr görmədim
dəyərsiz bildiyim qədrimi bildi,
dəyər verdiyimdən dəyər görmədim..
Qəmi qəm dalınca gətirdi zaman,
Sevgi də bir quru sözdü söylədim.
Nə bircə böhtanın quyruğu oldum,
Nə də bir yalana düzdü söylədim..
Dünən – gedən, sabah – gələn nəfəsim,
O aralıqdakı zaman – bugünüm..
Məni yas içində görənlər dedi,
Bu məclis mənim öz toyum, düyünüm..
Məni bu payız da qorxutmur qəti,
O – kürəyi məğrur qışa söykənən..
Nə mən Şirin oldum saraydan baxan,
Nə sən Fərhad oldun daşa söykənən…
Xəyalım çox da ki, gəzir, dolanır
Ruhum ki, gözündə qalıbdır əsir..
Ürəyim hər axşam əl açır göyə
Gəlsin əlac qılsın kimdi müqəssir…!!!
Müəllif: Yadigar TƏVƏKGÜL
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru