
Bu gecə ölmək istəyirəm…
(Qənirə Paşayeva,”Səndən sonra…” kitabından)
Bu gecə ölmək istəyirəm;
Gözlərimi yumub,
Hər şeyi unutmaq istəyirəm…
Bu gecə ölmək istəyirəm;
Səni unutmaq bilməyən qəlbimi
Səninlə dəfn etmək istəyirəm…
Bu gecə ölmək istəyirəm;
Bir eşqdən sınan –
Qürurdan qurtulmaq istəyirəm…
Bu gecə ölmək istəyirəm;
Məni bir zalıma aşiq eləyən,
Bu qəlb mənimlə ölsün, istəyirəm
Bu qəlbi öldürmək istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Bir an səni unutmayan,
Beynimi uyutmaq istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Sənli yuxulardan,
Əbədi ayrılmaq istəyirəm…
Ölümdə də sən varsanmı, bilmirəm.
Bu gecə ölmək istəyirəm;
Dilimdən düşməyən ahları,
Dilimdən düşməyən adını,
Dodaqlarımda dondurmaq istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Mənə inad uzanan gecələrlə
Zülməti bitməyən küçələrdə,
Vidalaşmaq istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Özümlə bacarmayan Mənlə
Özümə kəsdiyim qənimlə
Vidalaşmaq istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Eşqimə ağlayan dəli yağmurla,
Son dəfə Özümü ağlamaq istəyirəm.
Bu gecə ölmək istəyirəm,
Məni həyatdan qoparan,
Eşqi lənətləsinlər istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Bizi ayıran qismətə
Üsyan etmək istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Bizi qovuşdurmayan Tanrıdan
Küsüb getmək istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Sənə toxunsalar yanar canım,
Yanar canı daşımaq çətin,
Canımdan qurtulmaq istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Səni səndən qaçırıb,
Özümlə aparmaq istəyirəm…
Bu gecə ölmək istəyirəm…
Bu gecə…
Ölmək istəyirəm
Bu gecə…