
DAŞ DA ÇİÇƏK AÇAR…
Məhəbbət çay.. – hərdən suyu kəsilər,
Quruyar dil-dodaq, qəlbin səs elər,
Bir damla su göydən yağış səsiylə
Enər üzərinə, cana bəs elər…
Daş da çiçək açar Allah istəsə…
Sis-duman qəfildən yolu alarsa,
Əllərin sinəndə yetim qalarsa,
Ümidin ürəkdə közə dönəndə-
Qaranlıq içinə işıq salarsa,
Daş da çiçək açar Allah istəsə…
Yaşlanan ağaclar mamır bağlayar,
Quru budağında sükut ağlayar.
Bir yaz nəfəsiylə dirilər yenə,
Torpaq canlandıqca könül çağlayar,
Daş da çiçək açar Allah istəsə…
Divardan asılan o saz lal olar,
Havalı nəğmələr yaslanar, solar.
Bir yeni pıçıltı, bir təzəcə səs
Ürəkdən süzülüb ürəyə dolar,
Daş da çiçək açar Allah istəsə…
14.11.2025
Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru