
LEYLİ-QƏDİR GECƏSİ
Müqəddəs Qədr gecəsinə Borçalıda “Leyli-qədir gecəsi” (Leylətül-Qədr) deyirlər…
On bir ayın sultanı,
Tanı, bu ayı tanı.
Yetişdi bayram anı,
Leyli-Qədir gecəsi.
Anam deyər:- sac gətir,
Durum bişirim fətir.
Dəhnədən gələr ətir,
Leyli-Qədir gecəsi.
El yığışar bir yerə,
Bir pay gətirər hərə.
Gözəlləşər dağ, dərə,
Leyli-Qədir gecəsi.
Hər ağızda bir dua,
Hər könüldə bir yuva,
Sirdi torpaq, su, hava,
Leyli-Qədir gecəsi.
Samavarlar alışar,
Qız-gəlinlər yarışar,
Küsülülər barışar,
Leyli-Qədir gecəsi.
Qədəhlər şərbət dolu,
Uzanar saqi qolu.
Görünər Tanrı yolu,
Leyli-Qədir gecəsi.
Kimi qurbanlıq kəsər,
Yaxşılığa tələsər,
Küdurətdən yox əsər,
Leyli-Qədir gecəsi.
Qafil olan oyanar,
Haqqa yaxın dayanar.
Göylər nura boyanar,
Leyli-Qədir gecəsi.
Dəli çaylar lal olar,
Bulaq suyu bal olar,
İnsanlar xoş hal olar,
Leyli-Qədir gecəsi.
Saflığa axın olar,
Pay- nəfsi toxun olar.
Mələklər yaxın olar,
Leyli-Qədir gecəsi.
Şeirim qapı döyəndi…
Kim sevdi, kim bəyəndi?
Yazdım bu on bir bəndi,
Leyli-Qədir gecəsi.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında