Yazıçı, şair, publisist Sevda Səfərlinin ” Xan qızı Natəvan” adlı növbəti kitabı işıq üzü görüb

Yazıçı, şair, publisist Sevda Səfərlinin ” Xan qızı Natəvan” adlı növbəti kitabı işıq üzü görüb
Kitab Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının sonuncu vərəsəsi, ictimai xadim, lirik şeirləri, qəzəlləri ilə könülləri fəth edən şair, rəssam, xalqını dərin məhəbbətlə sevən el qızı Xurşidbanu Natəvana həsr edilmişdir. Eyni zamanda o dövrdə Qarabağ xanlığında baş verən tarixi hadisələr öz əksini tapmışdır.
Sevda Səfərlinin oxucularla ilk görüşü 2005-ci ildə “XARIBÜLBÜL HƏSRƏTİ” adlı şeirlər kitabı ilə olmuşdur. “BAYATILAR” kitabında isə müəllif Qarabağ dərdlərinə sanki layla çalmışdır.
“VƏTƏN SİZƏ OĞUL DEDİ” kitabı Şuşa Şəhidlərinin və qazilərinin şərəfli döyüş yoluna həsr olunmuş dəyərli kitabdır.
“ŞUŞANAMƏ” kitabında isə Sevda Səfərli ürəyində buza dönmüş, ərimək bilməyən Şuşasız günlərinin nisgilli əsərləri ilə Şuşalı günlərinin sevinc dolu əsərlərini bir yerə toplamışdır. Nisgilli Şuşasızlığının sonsuz kədəri ilə xoşbəxt Şuşasının acı, həm də şirin vüsalından pərvazlanan əsərlərin toplusu olan “Şuşanamə” Vətən adına yazılan ən gözəl ürək çırpıntılarıdır.

Sevda Səfərli dahi Üzeyir bəyə həsr etdiyi tarixi romanını da çapa hazırlayır. Bu şərəfli və məsuliyyətli işində Sevda xanıma uğurlar arzulayırıq.

Müəllifin oxuculara təqdim etdiyi “XAN QIZI NATƏVAN” kitabı Azərbaycan tarixini əks etdirən, Vətən sevgisi ilə yazılmış kitabdır. Kitabın redaktoru əməkdar jurnalist, tədqiqatçı, nasir, publisist Vasif Quliyevdir. Ön söz müəllifləri AYB-nin və AJB-nin üzvü, şair, əməkdar müəllim, Şuşa “Məclisi-üns” -“Söz gülüstanı” ədəbi birliyinin rəhbəri Əyyub Şlrlanlı və əməkdar jurnalist Əntiqə Qonaqdır.

Kitabda o dövrdə Qarabağ xanlığında baş verən ictimai-siyasi hadisələr, Xurşidbanu Natəvanın anadan olandan dünyasını dəyişən günə qədər yaşadıqları bədii şəkildə əks olunmuş, eyni zamanda həm də tarixi hadisələr olduğu kimi oxuculara çatdırılmışdır:
“Xurşidbanu Natəvanın damarlarında Qarabağın qəhrəman sərkərdəsi Pənahəli xanın, Gəncənin cəngavər xanı Cavad xanın qanı axırdı. Cəsurluq, mərdlik qanı daşıyan əsilzadə Azərbaycan xanımı, Şuşa xanımı idi Xan qızı.
Xurşidbanu Natəvanın atası dünyasını dəyişəndə cəmi 13 yaşı olmasına baxmayaraq, xanlığın yeganə varisi kimi məsuliyyəti öz üzərinə götürmüşdür. Erkən yaşlarında ömrünü sevdiyi xalqına, Şuşanın abadlaşmasına həsr etmişdir”.

Kitabın giriş hissəsində Sevda Səfərli “Müəllifdən” adlı başlıqla Xurşidbanu Natəvan haqqında geniş məlumat vermişdir.

“Müəllifdən” başlığı beş hissədən ibarət geniş bədii yazıdır:
“Qarabağın “Tək inci”si, yeganə şahzadəsi”, “El üçün yanan şam”, “Qarabağın zərif təcəssümü”, “Bu günün və sabahın mədəniyyət günəşi”, ” “Kədərli qürur abidəsi”.

Kitabın ikinci hissəsi “Xan qızı Natəvan” poeması ilə başlayır. Poemada Natəvan haqqında geniş məlumatlar öz əksini tapır. Eyni zamanda həm də XVIII əsr Qarabağına işıq salan, xanlıqlar dövrünə güzgü tutan əhatəli , bədii təsvirlərlə zəngin poemadır.
Poema proloqla başlayır və 11 hissədən ibarətdir:
l hissə “Şuşa adlı “büllur qəsrin” yeganə şahzadəsi”,
ll hissə “Xan qızı Tiflisdə”,
lll hissə ” Xan qızı yenidən Şuşada”, lV hissə “Xan qızı ilə fransız yazarı Dümanın görüşü”, V hissə ” Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı”, Vl hissə ” Qarabağın Xurşud kimi parlayan bəxtsiz qızı”, VII hissə ” El üçün yanan şam”, VIII hissə “Məclisi-üns”- dostluq, ülfət məclisi”, IX hissə ” Yoxdur bir kimsə məgər dərdimi bilsin, ya Rəb!”, X hissə “Zəmanə saldı əcəb möhnətü-məlalə məni” , XI hissə ” Xurşid günəşitək dünyaya gəldi, zəif Natəvantək fəqət köç etdi” adlı hissələrdən və epiloqdan ibarətdir.
“GÜL DƏFTƏRİ” adlanan növbəti bölmə daha maraqlıdır. “Gül dəftəri” albom- dəftərdə şair-rəssamın yazdığı 13 qəzəllə yanaşı sulu boya və karandaşla çəkdiyi müxtəlif güllər- qızılgül, bənövşə, qərənfil, yasəmən, lalə, süsən əks olunmuş rəsmlər toplanmışdır. Rəsmlərin sayı otuza yaxındır. Xan qızı Natəvanın öz əli ilə hazırladığı albom-dəftərdə güllərə həsr edilmiş şeirlər və hər şeirin yanında həmin gülün təsviri verilmişdi. Bununla da, Natəvan ədəbiyyatda təsvirin yaddaqalan sintezini yaratmışdı.

Natəvanın öz əli ilə hazırladığı Gül dəftəri” hal-hazırda sevgi ilə qorunur.
M.Füzuli adına AMEA Əlyazmalar İnstitunda M-17 şifrəsi ilə mühafizə olunan “Gül dəftəri” 2025-ci ildə UNESCO -nun “Dünya yaddaşı” Reyestrinə daxil edilib.
Natəvanın “GÜL DƏFTƏRİ” illüsyrasiyalı şeirlər albomu Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması ölkəmizin Qarabağ bölgəsinin XVIII əsrə aid irsinin UNESCO və üzv ölkələr tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
Kitabın növbəti bölmələri belə adlanır: “Xan qızının xoş xatirələri yaddaşlarda” , ” Xurşidbanu Natəvanın nəvə, nəticə və kötücələrinin nənələri haqqında xatirələri” , “Xurşidbanu Natəvanın bibiləri- Ağabəyim ağa, Gövhər ağa”, “Salman Mumtazın Natəvan haqqında xatirələri”, Xurşidbanu Natəvanın tarixdəki və yaddaşlardakı portreti”.
Dəyərli oxucular!
Sevda Səfərlinin tarixi faktlara söykənərək yazdığı “Xan qızı Natəvan” kitabı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın yaşadığı dövrləri əks etdirən, Qarabağ adına, Vətən adına yazılmış dəyərli kitabdır.

“Yazarlar” olaraq bu və digər nailiyyətləri münasibətilə Sevda xanımı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

SEVDA SƏFƏRLİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir