
“TƏBƏSSÜM YARADAN TƏXƏYYÜL” — karikatura, illüstrasiya və dostluq şarjlarının rəngarəng sənət dünyası
25 sentyabr 2026-cı il tarixində Əzim Əzimzadənin Ev Muzeyində Təxəyyül Art Groupun təşkilatçılığı və Əzim Əzimzadənin Ev Muzeyinin dəstəyi ilə “TƏBƏSSÜM YARADAN TƏXƏYYÜL” adlı sənət sərgisi keçirilib.
Azərbaycan karikatura sənətinin görkəmli nümayəndəsi Əzim Əzimzadənin adını daşıyan məkanda keçirilən sərgi karikatura, illüstrasiya və dostluq şarjlarına həsr olunub. Tədbirin əsas məqsədi yumor və sənətin vəhdətini nümayiş etdirmək, rəssamların yaradıcı təxəyyülünü geniş auditoriyaya təqdim etmək və incəsənətin insanlarda xoş təəssürat, təbəssüm və pozitiv emosiyalar yaratmaq gücünü ön plana çıxarmaq olub.
Sərgidə təqdim olunan əsərlərdə gündəlik həyatın müxtəlif məqamları, insan xarakterləri, sosial münasibətlər və həyatın maraqlı tərəfləri rəssamların fərdi yaradıcılıq üslubu və özünəməxsus baxış bucağı ilə əks olunub. Karikaturanın satirik dili, illüstrasiyanın poetik ifadə imkanları və dostluq şarjlarının özünəməxsus yumoru, sərginin ümumi ab-havasına xüsusi rəng qatıb.
İlk olaraq muzeyin direktoru İradə xanım Əzimzadə tədbiri açaraq Əzim Əzimzadənin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Daha sonra qrup müavini Vüsalə Yunusova bu mövzu ilə bağlı sərginin məhz Ə.Əzimzadənin ev muzeyində ərsəyə gəlməsini xüsusi vurğulamış, özünün tələbəlik illərində çəkdiyi illüstrasiyalar haqqında xatirələrini bölüşmüşdür.
Qrup rəhbəri Natiq Nəcəfzadə də qonaqları salamlamış, sərgi içtirakçılarını bu sərgi münasibətilə təbrik etmişdir.
Sərgidə sənət və mədəniyyət ictimaiyyətinin nümayəndələri, rəssamlar və yaradıcı şəxslərlə yanaşı, fəxri qonaqlar da iştirak ediblər:
Yavər Əsədov, Gündüz Hunlar, Xeyrulla Ağayev
Nəzakət Eminqızı, Rəsmiyyə Heybətağaqızı,
Pərixanım Mikayılqızı öz təbriklərini çatdırmışlar.
Sərgi iştirakçıları – Vüsalə Yunusova, Fərəh Babayeva, Fidan Mehman, Günay Əsgərova, Xalidə Kazımova, İlahə Əhmədova, İlkanə Hacıyeva, Qənirə Əsgərova, Lətifə Şamilova, Məryəm Abdullazadə, Məryəm Əsgərovanın çəkdikləri dostluq şarjları qonaqlar tərəfindən çox maraqla qarşılanmışdır.
Tədbir zamanı sərgi iştirakçıları və qonaqlar arasında yaradıcılıq, incəsənət və karikatura sənətinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda sərgi iştirakçılarına sertifikatlar təqdim olunub, fotoqraf Nofəl Ümid tərəfindən xatirə fotoları çəkilmişdir.
Beləliklə, “TƏBƏSSÜM YARADAN TƏXƏYYÜL” sərgisi bir daha göstərdi ki, sənət yalnız düşündürmək deyil, həm də təbəssüm yaratmaq, insanları bir araya gətirmək və xoş emosiyalar bəxş etmək gücünə malikdir.
Təxəyyül Art Group bundan sonra da müxtəlif sənət istiqamətlərini bir araya gətirən, rəssamların yaradıcılığını dəstəkləyən və Azərbaycan incəsənətinin təbliğinə xidmət edən layihələri həyata keçirməyi planlaşdırır.
Bir sözlə yaradıcılıqdan doğan təxəyyül, sənətdən yaranan təbəssüm.








“Təxəyyül Art Group” — sənət, dostluq və gözəl xatirələrin bir ünvanı!
Məqaləni hazırladı: Vüsalə Yunusov
Xatirə fotolarının müəllifi: Nofəl Ümid
Saytlarda yerləşdirdi: Cəmilə Əsgərov, Zaur Ustac
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında