Etiraf – insanın içində gizlənmiş sirrin işığa çıxmasıdır. O, həm qorxunun, həm də azadlığın qapısını açır. Hər bir etiraf bir sarsıntı, bir titrəyişdir. Lakin bu titrəyişin ardında yüngüllük, rahatlıq gizlənir. İnsan bəzən öz yükünü daşımaqdan yorulur. Susqunluq içində böyüyən söz, vicdanın dərinliyində çırpınan səs bir gün dilə gəlmək istəyir. Etiraf – bu səsin azadlığıdır. O, insanı gizlinin əsarətindən qurtarır, daxili gərginliyi yumşaldır. Etiraf edən insan özünü daha aydın görür, öz kölgəsini tanıyır. Etiraf yalnız psixoloji yüngüllük deyil, həm də mənəvi yüksəlişdir. Günahı qəbul etmək, bağışlanma arzusuna yönəlmək – etirafın ilahi tərəfidir. İnsan etirafla öz vicdanına hesabat verir, Tanrıya doğru bir addım atır. Etiraf – imanla birləşən cəsarətdir. O, insanı təmizləyir, ruhunu saflaşdırır. Etiraf – həm zəiflik, həm gücdür. Zəiflik- çünki insan özünü açır. Güc – çünki bu açıqlıqla azad olur. Etiraf – insanın özünə və başqasına açılan pəncərədir. O pəncərədən baxanda insan həm öz kölgəsini, həm də işığını görür. Etiraf – gizlinin azadlığıdır. Susqunluq insanı ağırlaşdırır, etiraf isə yüngülləşdirir. Sevgi gizlənəndə solur, söylənəndə çiçəkləyir. Psixoloji tərəfdən etiraf insanı öz yükündən azad edir. İçində gizlənmiş söz dilə gələndə insan özünü daha aydın tanıyır. Etiraf – vicdanın səsi, ruhun nəfəsidir. Deyilməyən sevgi, yaşanmayan xoşbəxtlikdir. Mənəvi tərəfdən isə etiraf insanı saflaşdırır. Günahı qəbul etmək, bağışlanma arzusuna yönəlmək – etirafın ilahi tərəfidir. Etiraf – insanın Tanrıya doğru atdığı addımdır. Bağışlanma etirafdan doğar, etiraf isə cəsarətdən. Nəticədə etiraf həm zəiflik, həm də gücdür. Zəiflik – çünki insan özünü açır. Güc – çünki bu açıqlıqla azad olur. Etiraf – həm yükdən azadlıq, həm də yeni başlanğıcdır. Sevgi varsa, onu demək -ən böyük etirafdır. Anaya, ataya, doğmalara sevgini dilində söyləmək – insanın ən saf gücüdür. Hələ də gec deyil. Etiraf etməyə tələsin.” Sonra ” deməyin. Sonralar həmişə olmur. Ya sən gecikirsən ya da ölüm tələsir. Və sonra…sonra olmur. Etiraf edirəm mən də gec olmadan, bütün insanları sevirəm. Yetər ki, insan olaq. Bəşəriyyətin kainata olan doyulmaz sevgisi də elə Tanrının bizi sevmək etirafıdır.
26.11.2025
Arzu Əyyarqızı, “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist
“İran yaylası ərazisində qədim sivilizasiya və tarix türklərə məxsusdur. Bu tarixin izi 7 min ildir”. İranda 1950-ci illərdə hakimiyyətdə olan Məhəmmədrza Pəhləvinin əmri ilə dünyanın nüfuzlu arxeoloqları, etnoqrafları, piktoqram üzrə mütəxəssisləri və tarixçi alimləri İrana dəvət edildilər. Məqsəd indiki İran adlı ölkənin ən qədim çağlardan guya fars dövləti olduğunu sübut etmək idi. Bu məqsədlə Tehranda hətta “Tarixi tədqiqlər” adlı elmi jurnal dərc olunaraq dünyanın hər yerinə yayılırdı. Tədqiqatların başa çatandan sonra ABŞ-dan gəlmiş məşhur arxeoloqlar Hilen Kantur və Pinas Delokas kimi vicdanlı alimlər Ekbatana (Həmədan) və Həsənlitəpə (Urmu) kurqanlarından üzə çıxarılan maddi-mədəniyyət abidələri ilə sübut etdilər: “İran yaylası ərazisində qədim sivilizasiya və tarix türklərə məxsusdur. Bu tarixin izi 7 min ildir”. “Azərbaycanın şimalı və cənubu qədimdən türk yurdu olmuşdur, bunun əksini əsla müzakirə etmək olmaz”. Lev Qumilyov, dünya şöhrətli rusiyalı tarixçi alim, etnoqraf, tədqiqatçı, türkoloq. “Türklərin ata yurdu Azərbaycan və Şərqi Anadoludur”. Dünya şöhrətli tarixçilər Zinaida Raqozina, Aleksandr Samoyloviç, Nikolay Marr. “Azərbaycanda türklər hələ lap qədim zamanlardan yaşayıblar. Əgər Tarixin atası hesab olunan Herodot 2500 il bundan əvvəl türklərin burada yaşamasından xəbər verirsə, deməli Azərbaycan türkləri çox-çox əvvəl burada yaşayıb məskunlaşmışlar. Görkəmli tarixçi Z.Yampolski də bu fikirdədir. O, yazırdı: “Mixi yazıların, habelə ilk mənbələrin məzmunu bunu deməyə əsas verir ki, türk dili Azərbaycanda eramızdan əvvəlki dövrlərdə peyda olmuşdur.” VII əsr ərəb tarixçisi Cürhumi də qətiyyətlə bildirir ki, “Azərbaycan lap qədim çağlardan türklərin vətəni sayılır, onlar bu ərazidə çoxdan məskunlaşmışlar”. Vəli Həbiboğlu, fəlsəfə doktoru tarixçi “Ən qədim Çin mənbələri türklərin Xəzər dənizinin qərb sahillərindən (Azərbaycandan) gəldiyini bildirir. Həmin mənbələrdə türklərlə bağlı ikinci rəvayətdə də deyilir ki, türklərin ilk atası Xəzər dənizinin qərbində yaşayırdı və onlar hunların bir bölümü idi və Asina adlanırdı”. Cavad Heyət, alim, türkoloq. “Türklərin tarix və mədəniyyətinə bir baxış” s. 72. Lev Qumilyov, 2002, s. 26-27. “Türklərin ulu babalarının Azərbaycanda yaşaması faktdır və bunu e.ə. III minilliyə aid Akkad, Aşşur və Urartu mənbələri də təsdiqləyir”. Bəxtiyar Tuncay, türkoloq, tarixçi, tədqiqatçı. Türklər bura 11-ci əsrdə gəlibsə skiflər, saklar, massagetlər Xəzər xaqanlığındakı türklər burda nə gəzirdi? Kimmerlər, kaspilər, Tomris, massagetlər burada nə edirdi ? Qafqaz Albaniyasının aparıcı etnosu olmuş qıpçak türklərinin eradan əvvəl tikdiyi vənglər, məbədlər, qəbirlər- kurqanlar burada nə gəzir? Bu abidələrin hamısının üzərində türk damğaları, türk qopuzu və s. türk nişanları var. Türklərin Azərbaycana gəlmə olması fikri türklərin möhtəşəm tarixini həzm edə bilməyənlərin uydurduğu cəfəngiyyatdır və boş, elmi əsası olmayan, fiaskoya uğramış fikirlərdir..
Şəhla Rəvan tanınmışların təqdimatında Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvanın (Sehla Revan) təqdimatı rublikasında tanınmış ziyalılar, ədiblər, yazıçılar və şairlərin onun haqqında olan baxışlari ilə tanış oluruq:
“Cəlilabad ədəbi mühitinin xanım nümayəndələri arasında “Şəhla Rəvan” təxəllüsü və imzası ilə tanınan Şəhla xanım Mürsəlovanın özünəxas yeri və çoxsaylı imtiyazları vardır. Şəxsən mənim Şəhla xanımla uzaq qohumluq münasibətim olsa da onu olduğu kimi tanıyıb kəşf etməyim əslində ötən ilin (2024) son aylarına təsadüf edir. Belə ki, 2015-ci ildən təsis etdiyim və baş redaktoru olduğum “Həməşəra” Mətbu Orqanının rəsmi Facebook səhifəsində müxtəlif mövzularla bağlı hazırlayıb paylaşdığım statusları ötən ilin son aylarından etibarən diqqətlə izləyən və bir-birindən gözəl və səmimi şərhlər yazan “Şəhla Rəvan” adlı bir xanım istifadəçi diqqətimi cəlb etdi. Ətraflı tanışlıq və məlumat əldə etmək hədəfi ilə onun şəxsi profilinə daxil olduqda, Göytəpə şəhərindəki orta məktəblərdən birinin direktoru, eyni halda vətəni və dövlətinə sadiq olan ziyalı və kübar bir xanım olduğunu, bununla yanaşı həm də gözəl şeirlərin müəllifi olduğunu təsbit etdim. Beləliklə də ilk öncə Şəhla xanımın bir vətənpərvər və dövlətçi, ziyalı və görkəmli pedaqoq, ardınca isə bacarıqlı bir şair olduğuna vaqif oldum. Daha sonra araşdırma əsnasında onun vətən uğrunda canını qurban vermiş iki əzizimiz: Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəloov və Mirəjdər Mürsəlovun doğmaca bibisi olduğunu da öyrəndim. Sonrakı fürsətlərdə isə Şəhla Rəvanın sözün həqiqi mənasında bir bacarıqlı və peşəkar ədəbi təhlilçi və tənqidçi olduğunu da kəşf etdim. Onun şəxsi keyfiyyətlərinə gəlincə isə bununla bağlı ayrıca kitab və məqalələrlə çıxış etmək olar. Həqiqətən də onun həyatda nə qədər kübar, yüksək mədəniyyət və intellekt sahibi, həmçinin, mehr-məhəbbət ocağı olmasının bir başqa tərifi, bir ayrı özəlliyi vardır.
Şəhla Rəvanın imtiyazları… Ümumi baxımdan bu günədək Şəhla xanımın aşağıda sadalayacağım imtiyazları və xüsusiyyətlərini təsbit etmişəm:
Şəhla Rəvan yarım əsrdən (50 ildən) çox bir müddət ərzində ədəbiyyat, xüsusilə də şeir və poeziya sahəsində olaraq müxtəlif vəznlər və formalarda, fərqli janrlarda bir-birindən gözəl şeirlər yazır. Onun qələmə aldığı şeirlər bir-birindən gözəl, mənalı, təravətli və təsirlidir. Şeirləri həm də daşıdığı ədəbi təxəllüsü kimi öz insani hislərini qoruyub saxlamış dinləyicinin qəlbi və ruhuna rəvan olub yol tapır. Bunun əsas səbəbi onun yalnız poeziya sahəsində malik olduğu ustalıqdan deyil, bununla yanaşı həm də qəlbinin ülvi hissləri və ruhunun dərinlikləri ilə şeir yazmasından ibarətdir. Bir sözlə, Şəhla Rəvan poeziyası şairin malik olduğu səfa-səmimiyyəti, ülvi hisləri və yüksək insani dəyərlər və keyfiyyətləri tərənnüm edir.
Şəhla Rəvan təkcə şair deyil, bununla yanaşı həm də peşəkar ədəbi təhlilçi və tənqidçidir. İndiyədək istər Azərbaycan ədəbiyyatının klassikləri, istərsə də müasir şairlərin şeirlərinə yazdığı geniş və mükəmməl ədəbi təhlillər onun həqiqətən də peşəkar bir ədəbi təhlilçi və tənqidçi olduğunu sübut edir.
Şəhla Rəvan uzun müddət jurnalistika sahəsində çalışmış və bu sahədə söz və təcrübə sahibi olan məsuliyyətli bir xanımdır.
Şəhla Rəvan dil və ədəbiyyat sahəsində iki ali təhsil almış ali savadlı bir pedaqoq, təcrübəli bir müəllimdir.
Şəhla Rəvan bu günədək elm və təhsil sahəsində 40 ildən çox əməyə malik olan dəyərli bir pedaqoqdur. Hal-hazırda da Cəlilabad rayon Şəhid Vasif Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbinin direktoru, eyni halda müəllimidir.
Şəhla Rəvan Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovun və eləcə də Qarabağ müharibəsində canınını qurban vermiş şəhid Mirəjdər Mürsəlovun doğmaca bibisidir.
Şəhla Rəvan Cəlilabad rayonunun yüksək mədəniyyət və intellekt, aydın zəka səviyyəsinə malik olan görkəmli, eyni halda elit-ziyalı xanımlarından biridir.
Şəhla Rəvan Cəlilabad rayonunun ictimai-siyasi həyatında nüfuz və imza sahibi olan bir xanımdır. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) ən qabaqcıl ziyalı-xanım üzvlərindən biri, eyni halda Ərazi partiya təşkilatının sədridir.
Şəhla Rəvan sözün həqiqi mənasında çoxşaxəli və bacarıqlı bir xanımdır. Onun, yuxarıda qeyd edilənlərdən başqa, həm də idman, incəsənət, musiqi, rəssamlıq və s. sahələrdə xüsusi bacarığı var. O, həm də bacarıqlı bir piano ifaçısıdır.
Şəhla Rəvan bütün bunlardan əlavə, həm də həyatda vətən və dövlət üçün sadiq vətəndaş, övladları üçün gözəl və fədakar ana, əziz nəvələri üçün dəyərli nənə, məktəbdəki şagirdləri üçün mənəvi və qayğıkeş ana, iş yoldaşları, həmçinin, sərəncamında olan müəllim heyəti üçün ləyaqətli müdir, dostları üçün isə gözəl dost və etibarlı rəfiqədir. Cəlilabad ədəbi mühitinin bütün dəyərli xanım nümayəndələrinə sayğılarımı bildirərək, yuxarıda sadalananları nəzərə alıb, Şəhla xanımı ədəbi mühitimizin kraliçası adlandırmışam. Bu, mənim subyektiv baxışım olsa da onun arxasında sadaladığım əsaslar dayanır. Şəxsən mən bu subyektiv baxışımda yanılmadığıma əminəm. Çünki Cəlilabad ədəbi mühitində onun malik olduğu bütün özəlliklər və imtiyazları eyni halda təkrarlaya biləcək ikinci bir xanım yazar-şair mövcud deyil. Əslində Şəhla xanım bütün bu imtiyazları və dəyərlərinə görə cəmiyyətdə xüsusi hörmət sahibidir. Ona göstərilən sayğı və sevgilərin əsas səbəbi də budur. Elm, təhsil və xüsusilə də ədəbiyyat sahəsində səmərəli fəaliyyəti və xidmətlərinə görə təkcə 2025-ci ildə “Həməşəra” Mətbu Orqanı tərəfindən təsis olunmuş “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları ilə təltif edilmişdir. İndiyədək ədəbiyyat sahəsində qələmə aldığı bir-birindən dəyərli olan 5 əsərinin (şeir və ədəbi təhlillərə aid olan kitablarının) nəşrini mənə həvalə etməsi sözün əsil mənasında mənə böyük bir jest və fəxarətdir. Onun mənim qabil görmədiyim və həvəskarcasına qələmə aldığım şeirlərimdən bir neçəsi üçün təqdim etdiyi ədəbi təhlillərdən ibarət “Düşüncə dəryası” adlı kitabı və həmin kitabın ön sözündə haqqımda yazdığı təqdimat isə ömrümün sonunadək Şəhla xanım Rəvan kimi görkəmli bir şair, ədəbi təhlilçi və tənqidçidən aldığım ən böyük və fəxarətli bir hədiyyədir. Sonda doğma elimizin belə bir dəyərli xanım-xatını, elit-ziyalısı, pedaqoqu və filoloqu, ədəbi təhlilçisi və tənqidçisi, həmçinin şairi olan Şəhla xanım Rəvana uzun, sağlam və mənalı-məsud ömür, yeni və davamlı yaradıcılıq uğurları arzulayıram!
26.11.2025
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist
Filologiya elmləri üzrə fəlsəfə doktoru, “Məhsəti” jurnalının təsisçisi və baş redaktoru, şair-publisist Fəridə Ləmanın doğum günüdür. Fəridə xanımı ürəkdən təbrik edir, ona uzun sağlıqlı ömür və gələcək fəaliyyətində bol-bol uğurlar, sevinclər arzulayırıq!
Qısa arayış: Fəridə Ləman 26 noyabr 1953-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. O, Kəmərli kənd orta məktəbini bitirdikdən sonra ADPU-nun Azərbaycan dil və ədəbiyyat fakültəsində təhsil almışdır.
O, 2008-ci ildə Həcc, 2009-cu ildə Kərbala ziyarətlərində olmuşdur. Hazırda AMEA-nın Nəsimi adına Dilçilik institutunda baş elmi işçidir. Fəridə Ləman bununla yanaşı “Məhsəti” jurnalının təsisçisi və baş redaktorudur.
Fəridə Ləman bədii yaradıcılığa 1980-ci illərdən başlamışdır. O, “Tale adlı yazı varmış” (1991), “Suya danışılan yuxu” (1994), “Torpağın yaddaşı” (1995), “Azərbaycan Bədii Dilinin Epitetlər lüğəti” (1995), “Qazax mahalının şəhidləri” (1995), “Həsən ağa Qiyasbəyli” (1996), “Oğlundan qızından yarısa vətən (1996), “Əminə Dilbazi” (1999), “Ürəyimi sabahlara açıram” (2004), “Can Azərbaycan” ( 2006), “Sönməyən ulduzlar,” (2017), “Ocaq daşı” (2018), “Donmuş təbəssüm” (2019), “Tale adlı yazı varmış” (1992), “Mübarizim bir dünya” (2015), “Bülbül və qadın” (2017) və s. olmaqla 50-dan çox kitabın müəllifidir.
Fəridə Ləman dəfələrlə yaxın İran və Türkiyədə dövlət tədbirlərində, 1998-ci ildə Müstəqil Azərbaycanın Qadınlar qurultayında, 1999-cu ildə Türk dünyası Qadınlarının ilk qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara) nümayəndə kimi iştirak etmişdir.
Fəridə Ləman 1997-ci ildə “Sevil” Qadınlar Məclisi poeziya klubunun rəhbəri, 1998-ci ildə “Xatun” ədəbi Məclisinin sədri olmuşdur; 2001-ci ildə “Məhsəti” Şairlər Məclisini yaradıb; 2003-cü ildə eyni adlı “Məhsəti” jurnalını təsis edib, həmin jurnalın baş redaktorudur.
Fəridə Ləman Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinə üzv və Qadınlar Şurasına sədr seçilib (2007–2017). İİR-nin Mədəniyyət Mərkəzinin İmam Rzanın doğum günü və Həzrəti Məsumə ilə bağlı keçirdiyi şeir müsabiqəsində qalib olmuş, Urmiyada şeir festivalında iştirak etmişdir (2007); Uluslararası Yunus Emre Kültür və sanat haftasında iştirakçı olmuşdur (6–10 may 2008).
Fəridə Ləman Azərbaycan diaspor himninin, Türk marşının (hər iki mahnı 2005-ci ildə Ankarada DAK-ın VIII qurultayında xalq artisti Lütfiyar İmanov tərəfindən səslənmişdi) və İctimai Televiziyanın himninin müəllifidir. O, 2010-cu ildə Osmanqazi Universitetində 2-ci Ulusal simpoziumda və IV Uluslararası Kıprıs simpoziumda (Türkiyə) iştirak etmişdir.
2012-ci ildə Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübarizli vətən” əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmiş, teatrın özündə və sərhəd bölgələr — Gədəbəy, Qazax, Ağstafa bölgələrində əsgərlərin və rayon ictimaiyyətinin iştiraki ilə göstərilmişdi.
Fəridə Ləman 2013-cü ildə yaradıcılıq xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. 2014-cü ildə (14–17 aprel) Eskişehir Türk Dünyası Çocuk- Edebiyyatı Sempoziyumunun iştirakçısı olmuşdur. 2014-cü ildə Türkiyədə “Bayraklarda Hilalımız” Güldeste (Eskişehir) şeirləri işıq üzü görmüşdür. 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Vətən sevgisi sərhəddə başlamır, sərhəddə bitmir” kitabında şeirləri dərc olunmuşdur.
Fəridə Ləmanın jurnalistlik fəaliyyəti də maraqlıdır. O, “Azad Azərbaycan” qəzetində Gəncə-Qazax bölgəsi üxrə xüsusi müxbir (1992–1993), “Gənclik” jurnalında korrektor, “Azərbaycan” qəzetində müxbir, “Azərbaycan qadını” jurnalında müxbir, “Xatun” jurnalında baş redaktor, “Məhsəti” jurnalında baş redaktor, “Azad Azərbaycan” qəzeti müxbirlər şöbəsinin müdiri, “Respublika” qəzetində müxbir və “Dəli Kür” qəzetində baş redaktor vəzifələrində çalışmışdır.
Fəridə Ləmanın xidmətləri dövlətimiz tərəfindən dəyərləndirilmişdir. O, “General Həzi Aslanov” adına (fəxri diplom, 1995), “Xanqızı Natəvan” adına (diplom, 1995), “Araz” ali ədəbi mükafatı (1999), “Qızıl qələm” mükafatı (2000), “Həsənbəy Zərdabi” mükafatı (2000), “Əliağa Şıxlinski” adına diplom (2004), “Milli Heysiyyət” və “Qopuz” (2006) fəxri diplomları, Cəfər Cabbarlı mükafatı (2010), “General Əliağa Şıxlinski” yubiley medalı (2016), “Vətən naminə” medalı —(2016), “Səməd Vurğun Mükafatı” diplomuna layiq görülmüşdür. Fəridə Ləman hım də Azərbaycan Prezidentininn Sərəncamı ilə 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin təbrik məktubundan: “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin qurucusu və ilk sədri olmuş filoloq-alimi 70 illik yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik! Xanım şairin xəlqi duyğuların təcallası olan poeziya örnəkləri ilə yanaşı, hərbi-vətənpərvərlik mövzulu əsərləri də ona ün qazandırıb, O, şəhidlər haqqında kitablar yazıb, qəhrəman Vətən oğullarının səngər həyatını, döyüş yolunu uğurla ədəbiyyata gətirib.”
Çoxsaylı kitablar, məqalələr müəllifi olan əziz Fəridə xanımı yaradıcılıq uğurları və ad günü münasibəti ilə bir daha təbrik edir, ona gləcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq!
Azərbaycan nəsrində povest janrının parlaq örnəkləri var. Çox da keçmişə varmadan ötən əsrin altmışıncı illərindən üzübəri yola çıxsaq, İsa Hüseynovun “Teleqram”, Sabir Əhmədovun “Yamacda nişanə”, Çingiz Hüseynovun “Məhəmməd, Məmməd, Məmiş”, Əkrəm Əylislinin “Kür qırağının meşələri”, Anarın “Ağ liman”, Elçinin “Toyuğun diri qalması”, Yusif Səmədoğlunun “Astana”, İsi Məlikzadənin “Quyu”, Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi”, Rüstəm İbrahimbəyovun “Anın hökmü”, Sabir Azərinin “Ölə bilməyən adam”, Mövlud Süleymanlının “Şeytan”, Ramiz Rövşənin “Daş”, Seyran Səxavətin “Qapıların o üzündə qalan dünya”, Vaqif Nəsibin “Ceyrançöldə qara bayram”, Eldar Baxışın “Qaravun dərənin adamları”, Məmməd Orucun “Leylək körfəzi”, Dilsuzun “Yol”, Aqil Abbasın “Saçın ucun hörməzlər”, Afaq Məsudun “İzdiham”, Səfər Alışarlının “Gavur”, Əlabbasın “Köhnə kişi”, Nəriman Əbdülrəhmanlının “Dönəlgə”, Orxan Fikrətoğlunun “Şəkillər”, Murad Köhnəqalanın “Bulud pinəçisi”, Mübariz Örənin “Ağ buludlar”, Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti belə seçilən nümunələrdəndir. Şübhəsiz, bu cərgədə adı çəkilməyə layiq xeyli başqa əsər də var, mən sadəcə ilk yadıma düşənləri sadaladım. Üstəlik, hər yazıçıdan yalnız bir povest adı çəkdim, halbuki elə həmin müəlliflərdən bir qisminin barmaqla göstəriləsi povestləri burada sadalananlardan qat-qat çoxdur. Ümumiyyətlə, hesaba vursaq, nəsrimizdə yaxşı povestlərin sayı yaxşı hekayələrin də, yaxşı romanların da sayından xeyli artıqdır.
Yazar Etibar Həsənzadə Beynəlxalq Mükafata layiq görüldü
Prezident təqaüdçüsü Yazar Etibar Həsənzadə Caspian Events Groupun keçirdiyi Best of City layihəsi çərçivəsində Best of City Awards 2025 mükafatına layiq görülmüşdür. Layihənin iştirakçılarının mükafatlandırılma mərasimində Türk dünyasından Nüfuzlu iş adamları və müxtəlif sahələr üzrə peşəkarlar iştirak etdilər. Tədbirin məqsədi müxtəlif sahələrdə uğur qazanmış insanlar arasında yeni əlaqələr qurmaq və onları geniş ictimaiyyətə təqdim etməkdir. Bu platforma insanlara həm tanınmaq həm də yeni əlaqələr qurmaq imkanı yaradır.
Qeyd edək ki bundan daha öncə də Yazar Etibar Həsənzadə Caspian Events Groupun keçirdiyi İNTERNATİONAL STAR AWARDS mükafatlandırılma mərasimində İNTERNATİONAL STAR AWARDS mükafatına layiq görülmüşdür.Tədbirdə Etibar Həsənzadəni dəyərli dostu Ganjavi Holdingin Prezidenti Elşən Gəncəvi təmsil etmişdir. Etibar Həsənzadəyə Yeni yeni yaradıcılıq uğurları arzulayırıq.
Mirzə İbrahimov 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş Milli hərəkatda iki statusda iştirak edirdi. Birinci, cənublu yazıçı və ziyalı, kommunist kimi, ikinci isə stalinçi bolşevik, beynəlxalq Kommunist hərəkatının əqidəli məxfi döyüşçüsü kimi. 1941-ci ildə onun cəmi 30 yaşı vardı, Bakıda Azərbaycanın Maarif komissarı vəzifəsini tuturdu. Onun bu fəaliyyətinin leqal tərəfləri öz publisistikasında, xüsusilə, 1946-1956-cı illərdə yazdıqlarında öz əksini tapmışdı. Lakin Mirzə İbrahimovun beynəlxalq Kommunist hərəkatının məxfi döyüşçüsü, İran Kommunist hərəkatının təəssübkeşi kimi fəaliyyəti hələ kifayət qədər işıqlanmayıb. Ədib özü ciddi konspirasiyaçı idi, öz siyasi fəaliyyətinin məxfi tərəflərini gizli saxlamağa çalışırdı.
Salam olsun, çox dəyərli oxucum! 25 noyabr 2025-ci il – təqvimdə bu günü özüm üçün “qızıl payız” günü kimi qeyd etmək istəyirəm. Köməyimə filologiya elmləri doktoru, professor, tanınmış şair Rafiq Yusifoğlunun şeirləri gəlir (oxuyun >>> Meşə ilə üz-üzəyəm və Payız). Bu mövzuda düşüncələrimi sizinlə bölüşürəm. Azərbaycan poeziyasında təbiət mövzuları özünəməxsus, xüsusi bir yer tutur. Poeziyamızın zəngin palitrasında payız ən çox müraciət edilən fəsillərdən biridir. Lakin hər bir şair payıza öz eşqi, öz nəfəsi, öz iç dünyasının yükü, daxili aləminin zənginliyilə baxır. Professor, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlunun payız lirikasında isə bu fəslin təkcə rəngləri deyil, həm də fəlsəfəsi, insan taleyi ilə bağlı dərin assosiasiyaları önə çıxır. Onun yaradıcılığında payız sadəcə “sarı yarpaq”, “kövrək külək” deyil — həyatın özüdür, taleyin ələyindən keçən ömrün anlarıdır, insanı öz iç dünyası ilə üz-üzə qoyan böyük bir sükut və səssiz ağrıdır. Bu baxımdan Rafiq Yusifoğlu payızı qızıl rənglərin zənginliyi ilə deyil, təsəvvür və duyğuların qızıl ağırlığı ilə təqdim edir. “Meşə ilə üz-üzəyəm” (oxu >>> Meşə ilə üz-üzəyəm) şeirində şair payız mənzərəsini xarici müşahidə kimi yox, daxili mənzərə kimi təqdim edir. Meşə onun üçün bir meditasiya məkanı, insanın öz vicdanı ilə üz-üzə qaldığı bir aynadır. “Ağac yanır diri-diri, Göz yaşları sarı, iri…” Bu misralar payızın vizual təsvirindən çox, ovqatın parçasıdır. Yarpaqların saralması şair üçün ağacın çəkdiyi ağrı kimidir — hər ayrılığın, hər dəyişimin bir iç yanğısı var. Zamanın “dəlik xəlbiri” isə həm payızı, həm də insan həyatını ələyir, seçir, saflaşdırır. Burada payız həm yol göstəricidir, həm də keçid nöqtəsi: “Üzü qışa gedən yolum Payızın içindən keçir…” Sanki insanın taleyi də belədir: hər ömür öz qışına — təcrübəyə, müdrikliyə, sükuta gedir və bu yol heç vaxt yazdan birbaşa keçmir. Mütləq bir payız yaşanmalıdır. “Payız” (oxu >>> Payız ) şeiri isə Rafiq Yusifoğlunun təbiətə olan poetik baxışının daha geniş, daha panoramik tablosunu verir: “Meşələr bir nəhəng aynaya dönər, Özündə əks edər payızı, yazı.” Təbiət aynadır — insan da özünü orada görür. Payız isə bu aynanın üzərinə bir az kədər, bir az müdriklik, bir az da keçicilik çəkir. Şairin “yarpaq əlləri” ifadəsi payıza insan toxunuşu gətirir:
“Yarpaq əllərini çiynimə qoyub, Elə bil sinəmə yeriyir payız.”
Yarpaq sanki şairin çiyninə əl qoyur, payız onu özününküləşdirir. Təbiətin şair övladı ana təbiətlə bir bütün halına gəlir. Bütövləşir. Payız insan ömrünün bir mərhələsinə, insan isə təbiətin bir parçasına çevrilir. Şairin obrazlı şəkildə təqdim etdiyi bu proses təbii olduğu qədər də ibrətamizdir. Bu, həm təsəlli, həm də xəbərdarlıqdır: hər dəyişimin nəfəsi soyuq olsa da, insanı yenidən düşünməyə vadar edir. Payız onun şeirində həm də səxavət fəsli kimi görünür: “Acgöz dələlərin yuxularına Gecələr sübhəcən qoz-fındıq yağar.” Şair meşəni bol nemətli, səxavətli təsvir edir. Təbiət bol bar verərkən başını aşağı salır, nemətlərini sağa-sola səxavətlə paylayarkən isə susur… Bu, Rafiq Yusifoğlunun payız lirikasını digər təbiət şairlərindən fərqləndirən mühüm cəhətdir. O, payızın bolluğunu da, kasadlığını (qıtlığını) da təntənəsiz, hay-küysüz, olduğu kimi göstərir. Həm birinci, həm də ikinci şeirdə payız insan varlığının rəmzidir. Bu fəsildə həyatın sirləri bir qədər daha aydın görünür. Yarpaqlar necə solursa, insan da zamanın ələyindən keçib saralır, lakin bütün bu dəyişikliklərin arxasında dərin bir hikmət dayanır. “Kim nə əkib, onu biçir…” — şair payızı taleyin güzgüsü kimi görür. Bu, həm Allahın ədalətinə inamdır, həm də həyat təcrübəsinin yekunudur. Payızın meşəyə düşən səsi isə həm musiqidir, həm də sükut: “Tazanə küləklər budaq simlərə Toxunar, kövrəlib oxuyar meşə…” Bu misralarda təbiətin öz orkestri var. Meşə sanki tar kimi çalınır, küləyin nəfəsi isə musiqinin gizli notudur. Beləliklə, payız təbiəti susdurmur, əksinə, onu başqa bir ahəngdə danışdırır. Rafiq Yusifoğlu yaradıcılığında payız — qocalmanın, tənəzzülün deyil, müdrikləşmənin, dərinləşmənin fəslidir. Onun şeirlərində payız həm iç dünyaya işıq salır, həm də ağlın, vicdanın yolunu işıqlandırır. Şair payızın qızılı rənglərinə qızıldan qiymətli məna çalarları yükləməyi bacarır. Bu məna yükü isə onun poeziyasını oxucu üçün həm doğma, həm də düşündürücü edir. Şair sənətkarlığı, poeziyanın gücü, sözün qüdrəti məhz belə məqamlarda ortaya çıxır. Rafiq Yusifoğlunun “qızıl payızı” həm ruhun sakitliyidir, həm də həyatın necə gözəl, eyni zamanda necə keçici və necə dəyərli olduğunu xatırladan poetik bir nəfəsdir (mücərrəd reallıqdır). Bir sözlə ibrətamizdir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Rafiq Yusifoğlu yaradıcılığında bütün mövzulara yanaşma özünəməxsusluğu ilə seçilir. Ustada can sağlığı və uzun ömür arzulayıram! Hələlik, dəyərli oxucular.