Buludlar da toxtamır,küləklər də səngimir, Bilmirsən nə istəyir Göy üzü Yer üzündən. Yaman çoxalıb indi söz alıb söz satanlar, Gör nələr çəkirik biz bu al,bu ver üzündən.
Ürəklər daşa dönüb sevgilər kiçiləndən, Zamanla cəngə girib uduzanlar,udanlar. Hamı dərd yolçusudu,yollar ələm daşıyır, Səhərin öz sirri var,gecənin öz sirri var.
Biri şöhrət xəstəsi,biri alqış acıdı, Biri də nağıl gəzir özünü ovutmağa. Arzular da nigaran,xəyyallar da yarımçıq, Ümid saman çöpüdü yıxılanda tutmağa.
Nə baharı bahardı,nə də qışı qış deyil, Fəsillər də dəyişib,hamısı baş aldadır. Şeytana atılan daş qayıdıb bizə dəyir, Şeytan öz kefindədi,adamı daş aldadır.
***
Bir yuxu tuta səni, Dəli-dolu bir yuxu. Qata səni önünə Bu möcüzə,sirr yuxu. Yerdən,Göydən keçirə, Səsdən,küydən keçirə. Yaxandan elə tuta Yaxan qala əlində. Gedəsən uzaqlara Bir yuxunun belində. Unudasan hər şeyi, Ayrılığı,həsrəti. Qaranlığı,zülməti. Çıxasan yaddaşından, Doğmanın da,yadın da, Çəkilə üzərindən Sinsi-sinsi baxışlar. Günlərin bir günündə Bir məktub göndərələr Sənə sənin adından: “Getdim,məni bağışla” Təzədən doğulasan, Təzədən yeriyəsən, Təzədən yıxılasan. Təzədən ağlayasan, Təzədən kiriyəsən. Təzədən seviləsən, Təzədən qırılasan, Təzədən yaşayasan, Təzədən yorulasan.. Bir yuxu tuta səni…
***
Bu adam kimə əl çalır? Gəlib gedənə alçalır, Başın sağ olsun,İlahi!
Bu qadın niyə yorulub? Gözündə həya,yorulub, Üzü ağ olsun,İlahi!
Bu çiçək niyə ağlayır? Batıbdi suya,ağlayır, Qoyma boğulsun,İlahi!
Bu ağac niyə quruyub? Dırmaşıb göyə,quruyub, Qoyma yıxılsın,İlahi!
Bu dünya niyə boşalıb? Gedir ölümə,baş alıb, Dəymə,dağılsın,İlahi!
***
Bu yolun əvvəlin bildik Bəs bunun sonu hardadı? Gecəni birtəhər keçdik, Bəs bunun danı hardadı?
Bilmədik,girdik oyuna, Baxmadıq adam sayına, Düşdük həqiqət hayına, Tapmadıq,hanı,hardadı?
Hər gün bir yalan doğuldu, Şər-böhtan,filan,doğuldu, İlandan ilan doğuldu, Bu Qır qazanı hardadı?
Üstümüzə dərd uladı, Oba köçdü,yurd uladı, Çaqqallar meydan suladı, Bunun aslanı hardadı?
Tez-teləsik yola çıxdıq, Hardan gəldik,hara çıxdıq, Bu nağıl da yarımçıqdı, Bunun qalanı hardadı?
***
Gündüzkü istinin rütubəti vururdu adamı gecənin səssizliyində, Səhər o qədər çırpınmışdı ki,külək də deyəsən yorğunluğunu çıxarırdı gecə-gecə, Mürgü döyürdü göy üzündə səssizcə. Pərdələr pəncərələri yelpikləmirdi, Nəfəsi tıncıxırdı şəhərin, Ağaclar utandığından yarpaq-yarpaq tər tökürdü. Yuxusu qaçmış qadın da bu səssiz,havasız iyun gecəsini acgözlüklə ciyərinə çəkirdi.
Elçin Səlimli – Elçin Məmmədağa oğlu Səlimov 20 noyabr 1960-cı iıdə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olmuşdur . İlk təhsilini Xıllı qəsəbə ibtiai məktəbində almışdır . 1969-cu ildə ailələri həmin rayonun Aşağı Surra kəndinə köçmüş və təhsilinin davamını burada almışdır . 1978 -ci ildə Aşağı Surra kənd orta məktəbini “yaxşı” və “əla”qiymətlərlə bitirmişdir . Elə həmin il şəhərə gəlmiş və təhsilini burada da davam etdirmişdir . Əvvəlcə texniki peşə məktəbini , ardınca SPT-nun gündüz şöbəsini , onun ardınca isə ATİ-nin axşam fakultəsini bitirmişdir . Metallurq Energetik ixtisası ilə uzun müddət istehsalatda çalışmışdır . 1985-ci ildən ədəbi mühitdədir . Çoxlu sayda mətbu orqanlarda və ədəbi jurnallarda çap olunmuşdur . AYB-nin üzvü olan şair , hal-hazırda 9 kitab və 1 pyes müəllifidir . Bu gündə fasiləsiz olaraq mətbuatda çıxış edir . Ailəlidir . İki ali təhsilli övladı var . “Qızıl Qələm”, media mükafatçısıdır . Hazırda növbəti iki kitabını nəşrə hazırlayır .
Kitabları:
“Oğul olub doğulduğum torpağa ” 2000-ci il , “Təzə əsrin yazı gəlir ” , 2001-ci il , “Miras” , “Qadın ləyaqəti ” 2004-cü il , “Ürəkdə də bahar olsa ” 2007-ci il , ” Məni qınamağa dəyərmi dünya ” 2020-ci il , ” Ömrün yarım əsri” 2022-ci il , “Görüşünə gəlmişəm” 2023-cü il və ” Şəhidliklə bitən ömür ” 2025-ci il adlı kitablarım nəşr olunmuşdur .
KİMİNƏ ACI
İllər gedir ömürdən illər , Deməyə var hələ ,ürəkdə sözlər , Söz dolu aləmə təşrif buyurun , Dolansın fəsillər , ötsün fəsillər .
Dərindir bu sirri , böyük aləmin , Dərindən qavra ki , qoy olsun sənin , Odur gələcəyin , barın , bəhərin , Dəyişsə nəsillər , gəlsə nəsillər .
Bax , belə yaradıb , bizi yaradan , Yaradıb , qurmağı öyrəndik ondan , Yolumdan etməyi bacarmaz nadan , Layiqdir sayğıya yalnız əsllər .
Yaşamaq həyatın ölməz qanunu , Qocalıq bu ömrün , başının tacı ! Ömürlük yaddaşda saxlayın bunu , Kiminə xoş gəlir , kiminə acı !
01.06.2026
BİR XATİRƏDİR
Fəsillər yerini dəyişir bir-bir , İllər bir-biriylə olublar əlbir , Ömür karvan kimi ,baş alıb gedir , Yazdığım hər şeirim , bir xatirədir .
Elə hey yol gedir , ömür karvanım , Bilmirəm haraya dartır sarvanım , Hər ikisi olubdur mənim həyanım , Hər misram , hər bəndim bir xatirədir .
Bəzən də bu karvan dayanıb , durur , Sarvanın özü də möhkəm yorulur , Gözlərim hicranın yaşıyla dolur , Hər sözüm , hər sətrim bir xatirədir .
Çəksəm də özümü , mən hey kənara , Tuş oldum hər zaman , yaman axara , Sizdən ricam , bunu deməyin yara , Onunçün Elçinin özü , bir xatirədir .
02.06.2026.
BİR DAHA DAŞMA
Salam , “Ana Kür”üm , xoş gördüm səni , Qismətim görüşə gətirib məni , Suların aşmaqda yenə sahili , Aman , “Ana Kür”üm , sahilin aşma .
Yenə qan-qan deyib , axıb gedirsən , Göy dolu buluda baxıb gedirsən , Sığmayıb yatağa çıxıb gedirsən , Aman , doğma Kürüm , həddini aşma .
Əsrlər boyunca dada çatmısan , Öz səxavətinlə anda çatmısan , Suyun həyat verib ,ada çatmısan , Aman , “Dəli Kür”üm , bəndini aşma .
Suyunla canlanır , hər qarış torpaq , Hətta yaşıllaşır quruyan budaq , Sayəndə gur yanır , yurdumda ocaq , Aman , “Sirli Kür”üm , səddini aşma .
Bütün el-obanı gəzər ,dolaşar , Doğma Xəzərimə Kürüm yaraşar , Elçin də , adına min dastan qoşar , Otur yatağına , bir daha , daşma .
25.05.2026.
GÜLÜM
Bir anlıq qəlbimi təsəlli etsən , Yüz il həsrətinlə yaşaram , gülüm . Bal tək ləblərindən bir busə versən , Dərya tək çağlayıb , coşaram , gülüm .
Gəl yetiş dadıma , dayağım ol , sən , Eşq adlı dünyamda qonağım ol , sən , Yuxuma girməsən , xəyalım ol , sən , Sənin həsrətinə dözmərəm , gülüm .
Həyat çox şirindir , yaşamaq gözəl , Ömürlük səninəm , almasa əcəl , Sevginlə daima zirvəyə yüksəl , Dünyanı səninlə , bölərəm , gülüm .
08.04.2026.
SON SÖZÜ
Nə qədər dünyada silah olarmış ? Nə qədər insanın , qanı axarmış ? Hamıya bəs edər bu yer üzünün , Başına nə qədər bəla gələrmiş .
Yorub artıq bizi , uçan raketlər , Dənizlərdə üzən hərbi gəmilər , Dayanın , bir durun , ay gicbəsərlər , Dünyanın sonuna bir şey qalmayıb .
Vurur təyyarəsi , atır PUA-sı , Tökülür başıma mərmi , bombası , Od , alov içində yanır yer üzü , Düşünüb , dayanın , Allah bəndəsi .
Çox çəkəcək hələ , bu hərbə-zorba , Cahanın başına keçirib “torba” , Dinlər arasında qızışıb “borba” , Yoxdur insanların gündüz , gecəsi .
Qurtarın qırğını , qurtarın baba , Düşməsin yurduma bir daha bomba , Bu qanlı davadan bizə nə fayda , Düşünən beyinlər desin son sözü .
29.04.2026.
DÜNYA
Artıq ümidim yox uzaq illərə , Quran insanlara tuzaq illərə , İsti havalarda sazaq illərə , Aparırsan bizi hayana , dünya .
Həyat nə verib ki , nəyi də alsın ? Əzab , əziyyət , zülümdən başqa . Bir quru canım var , onu da alsın , Onsuz da arzular toxunub daşa .
Bütün ömür boyu yük daşımışam , Çiyinlər bu yükdən inan qat salıb . Bu ağır illəri necə aşmışam , Onlar ürəyimə ağır çat salıb .
Köçsəm bu dünyadan , dərd məni üzməz , Keçsəm həyatımdan , mərd məni üzməz , Yol daşlı , kəsəkli , sərt məni üzməz , Daşıyırsan bizi , nə fayda , dünya .
24.04.2026.
*** Mən bir bütöv Azərbaycan , Qürurum , həm varlığımsan, Sən vətənim, həm anamsan Azərbaycan , Azərbaycan !
Dəmir qapı Dərbənd mənəm , Zəngəzuram , həm Göyçəyəm , Qarayazı , Borçalıyam , Azərbaycan , Azərbaycan .
Mən Bakıyam, mən Təbrizəm , Mavi gözlü bir dənizəm , Düşünmə ki, mən sənsizəm, Azərbaycan , Azərbaycan !
Xan Arazam,Dəli Kürəm , Maral göləm,mən Göy göləm , Düşmənini məhv edərəm , Azərbaycan , Azərbaycan !
Mən Şuşayam, Qarabağam, Həm Aranam , həm də dağam , Sən olmasan , mən də yoxam , Azərbaycan , Azərbaycan ! .
Məlahət Quliyeva – Quliyeva Məlahət Sahib qızı (Məmməquliyeva), 1958-ci ildə Ağcabədi rayonunun Boyat kəndində anadan olub. 1979-2013-cü illərdə Respublika DIN-nin Yanğından Mühafizə İdarəsində (İndiki Fövqəladə Hallar Nazirliyində) xüsusi hərbi rütbəli əməkdaşı olaraq bir çox vəzifələrdə xidmət edib. Hazırda hərbi təqaüdçüdür. Məşədi-Kərbəlayı xanımdır. 2 oğlu, 8 nəvəsi var. Məlahət xanım Quliyeva (Məmməquliyeva) gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olur. Gözəl müğənni və çox istedadlı şairə kimi tanınır. Gənc yaşlarından şeirləri müxtəlif mətbuat orqanlarında, Azərbaycan Respublikası DİN-nin “Mübariz keşikdə” və “Zəngəzur” qəzetində, eyni zamanda FHN-nin DYMX-nin “Yanğınla Mübarizə” jurnalında, o cümlədən “Şərqin səsi, “Ziya”, “Elm və Təhsil”, “Kredo”, “Yurd sevgisi” qəzetlərində, “Zim.Az” və “Zirvə. info” saytlarında, “Zirvə”, “Buta”, “Vətən”, “Canım Azərbaycanım”, “Xarıbülbül”, “Şərqin səsi”, “Rəvan”, Poeziya çələngi “, “Zəfər”, “Bakı Təbriz”, “Poeziyamızın Nizami Gəncəvi zirvəsi” və bir çox ədəbi məcmuələrdə də dərc olunub. “Borçalı” qəzetinin və “Yurd” saytının baş redaktorudur. Türkmən Ədəbiyyatçılar (Birliği-Tuzhurmatu Onursal ÜYE), Azərbaycan Yazıçılar, Turan Yazarlar və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Abdulla Şaiq”, Məmməd Araz”, “Zirvə” diplomu və medalı “XXI Əsrin Ziyalısı,” “Heydər Zirvəsi”, fəxri diplomu və medalı, “Natavan Xurşidbanu” diplomu və medalı, “Qızıl qələm”, media mükafatları laureatıdır. “Şəhid ailələrinə qayğı” cəmiyyətinin fəxri diplomuna layiq görülüb. “Turan” Ədəbiyyatı Yazarlar Birliyinin və idarə heyətinin üzvü , Turan xalq şairidir. 8 kitab müəllifidir. Biz də hörmətli Məlahət xanıma ədəbi- bədii yaradıcılığında və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq.
ÖZÜMDƏN YAZIM
Həyatın hər cürə üzündən yazdım, Deyirəm bir az da özümdən yazım. Dünyanı içinə alıb, gəzdirən, Ağlaya bilməyən gözümdən yazım.
Məndən üz döndərib məni yaradan. Bir kərə rəhm etmir ol Şahı-Mərdan. Qəlbimi yandıran acı duyğudan, Gül kimi saralan üzümdən yazım.
Ömür yaşayıram, mən zərrə-zərrə, Dəli sevda məni saldı çöllərə. Ya Rəbbim ah-nalə olarmı belə, Yer-göyə sığmayan dözümdən yazım.
Uçdu xəyaları arana- dağa, Həm indiki vaxta, həm cavanlığa. Bir anlıq dayanıb, xəyala daldı, Boylandı keçmişə, bir sola-sağa.
O ziyalı idi, həm də bir Ana, Sanki mələk imiş gəlib cahana. Hər bir kəlməsindən, şirin sözündən, Qələm əhli olan gəldi ilhama.
Anadan qiymətli yox özgə nemət, Anadı hər kəsə şərəf-ləyaqət. Analar Allahdan bizə əmanət, Ana müqəddəsdir bil, ay Məlahət. Ayağı altına deyilir cənnət. 15.04.2025
MİNNƏTDARAM MƏN ANAYA
Qovdu aylar, illər birin, Kövrək oldu yaman qəlbim, Yaş üstünə yaşda gəldi, Heç nə vermir gənclik yerin.
Demirəm ki, qocalmışam, Bəlkə bir az ucalmışam. Yaxşı-yaman bu ömürdə, İlləri yola salmışam,
Şükür olsun yaradana, Bəxş eyləyib bu cahana. Gözəl keçib illərimiz, Həyat dönüb gülüstana.
Altmışımı adlamışam, Yetmişimi haqlamışam. Xoşbəxt günlər yaşayaraq, Bu həyatdan kam almışam.
Hər bir dərdi silib atdım. Qəm-kədərə sevinc qatdım. Ömür bir az vəfa qılsa, Bəlkə gedib yüzə çatdım.
Məlahətəm, mən bir dünya, Bənzəyirəm günə-aya, Doğulduğum bu gün üçün, Minnətdaram mən Anaya. 09.02.2025
MƏNA GƏZİRƏM
Mən şair demədim, özümə heç vaxt, Söz səltənətində dağılmasın taxt. Hər kəsin öz yeri, öz qələmi var , Kimin kim olduğun göstərəcək vaxt.
Mən şair demədim, özüm-özümə, Bir kimsə gülməsin haqqın sözünə, Sevmirəm özünü tərif etməyi, Yaxşı görsənməkçün xalqın gözünə.
Mən şair demədim, özüm-özümə, Qoy mənə qiyməti el-aləm versin. Yazdığım əsərin hər bir kəlməsin, Ələkdən keçirib, xalq sözün desin.
Mən şair demədim, özüm-özümə, Peşmanlıq içində, döyüm dizimə. Deyirlər “El gözü, tərəzi gözü”, Xalq şair sözünü yazsın izimə.
Hər kəsin dünyada öz amalı var. Özümə tərifim mənə olar ar. Yazıb-yaradıram, mən azdan -çoxdan, Yazmasam gen dünya mənə olar dar.
Ürəkdən keçəni demədim hələ, Kaş yazıb-yaradım mən indən belə. Elə bir əsərim gəlsin ərsəyə, Toxunsun ürəkdə incə bir telə.
Məlahətəm, gördüyümü yazıram. Hər kəlməni min mənaya yozuram. Yaxşını-yamanı ələyib- seçib, Hər sözümdə dərin məna gəzirəm. 04.04.2025
SƏN BİLƏYDİN
Eşqin idi dərdə dərman, Fələk verdi özgə fərman. Sanki məni vurdu ilan, Kaş ki, bunu sən biləydin.
Ayrılıqdan gəldi xəbər, Sevgidən qalmadı əsər. Ayrılıq ölümdən betər Kaş ki, bunu sən biləydin.
Çıtır-çıtır yandı ürək, Sevən könlüm oldu kövrək. Sənsiz ömür nəyə gərək, Kaş ki, bunu sən biləydin.
Ürəyimin sındı teli, Eşqin məni etdi dəli. Vurdu məni zalım əli, Kaş ki, bunu sən biləydin.
Can evindən söküldü can, Üzdü məni qəmi-hicran. İç dünyamda qopdu tufan, Kaş ki, bunu sən biləydin.
Ürək sındı cilik-cilik, Sümüklərdə dondu ilik. Mən unutdum bir dəfəlik, Kaş ki, bunu sən biləydin
Məlahətəm, əhli-halam, Əhdə-anda düz ilqaram. Eşq yolunda tarimaram. Kaş ki, bunu sən biləydin. 21.06.2024
KÖNLÜM
Yenə ləngər vurur çağlayan könlüm, Sağalmaz yarasın ağlayan könlüm. Vəfasız dünyanın odu-közüylə, Özün-öz gözüylə dağlayan könlüm.
Sınıbdı ürəyim, qırılıb qəlbim, Dünyaya sığmaylr göyərmiş dərdim. Dönüb gəncliyimə yaman kövrəldim, İçində diləyin bağlayan könlüm.
Sevgi-məhəbbətim gözümdə qaldı, Hicranın naləsi canımı aldı. Bağrım al qan oldu, ürəyim yandı, Olmadı yarasın bağlayan könlüm.
Sevdalı günlərin atəşi söndü, Sevən könlüm qara zindana döndü. Çərxi fələk yaman tərsinə çöndü. Öz közü özünü dağlayan könlüm.
Məlahətəm, “dərdi canda saxladım”, Yaş da ötür, yetmişi də haxladım. Əridi sümüklər, kökdən laxladım. Köksündə dərdlərin tığlayan könlüm. 04.06.2025
AY ZALIM FƏLƏK
Dağların suyunu içmək istədim, Bulanıb lil oldu ərşimdə mənim. Əyilib torpağın öpmək istədim, Qarışıb gil oldu qarşımda mənim.
Bu necə qismətdi, necə taledi, Üstümə yer-göyün qəmin ələdi. Hər yandan bağlandı açıq yollarım, Bilmədim bəlalar haradan gəldi?
Nə yaman tez soldu gülüm-çiçəyim, Dağlar boyda oldu qəmim, kədərim. Acı tale məni yıxıb- sürüdü, Ah-nalə içində ötdü illərim.
Haraya getdimsə yolum lax çıxdı, Tənhalıq qəlbimi yandırıb-yaxdı. “Yıxdı can evimi” candan ayrılmaq, Göz yaşım sel olub köksümdən axdı.
Ha yana əl atdım əllərim yandı, Dövr etmədi qanım, damarda dondu. Vəfasız dünyada bir gün görmədim, Qaraldı ocağım, çırağım söndü.
Multidisiplinar media nümayəndəsi Şəlalə Camal növbəti ali təhsil mərhələsini uğurla tamamlayıb.
O, məzuniyyət sevincini rəsmi “Instagram” hesabında izləyiciləri ilə bölüşərək bu uğurun əzm, zəhmət və davamlı inkişafın nəticəsi olduğunu qeyd edib.
Şəlalə Camal ilk ali təhsilini rejissor sənəti ixtisası üzrə alıb. Təhsil və peşə fəaliyyəti dövründə Prezident təqaüdünə layiq görülən media nümayəndəsi, eyni zamanda müxtəlif mükafat, fəxri fərman və diplomlarla təltif olunub.
Media sahəsində fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olan Şəlalə Camalın müəllifi olduğu şeir və hekayələr oxucular tərəfindən maraqla qarşılanır.
Paylaşımında o, əldə etdiyi diplomun yeni hədəflərə aparan növbəti addım olduğunu vurğulayaraq gələcəkdə də elmi və peşəkar fəaliyyətini davam etdirəcəyini bildirib. Fotolar:
ZAUR USTAC: ƏDƏBİYYAT VƏ JURNALİSTİKA SAHƏLƏRİNİN LAYİQLİ USTADI (Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndəsi, yazıçı-publisist, şair Zaur Ustaca ithaf olunur!)
Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış və məhsuldar nümayəndələrindən biri də yazıçı-publisist və şair Zaur Ustacdır.
Qısa bioqrafik məlumat: Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu): 08 yanvar 1975-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində dünyaya göz açıb. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir və naşirdir. 1988-ci ildən bu günə qədər müntəzəm çap olunur. Hal-hazırda hər həftə ən azı iki ənənəvi mətbu orqanda çıxış edir. Ədəbi mühitdə “Zaur Ustac” təxəllüsü ilə çıxış edən bu dəyərli yazar “Qızıl Qələm” Media Mükafatı, “Həməşəra” Fəxri Diplomu, “Turan Ödülü” və Turan Yazarlar Birliyinin “Hüseyn Cavid” Ödülü laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019-cu ildən Prezident təqaüdçüsüdür. Zaur Ustac 50-dən artıq kitabın müəllifidir. 2019-20-ci tədris ilindən etibarən məktəbəhazırlıq qruplarında tədris olunur. “Oxu” və “Hesab” onun şerləri əsasında hazırlanmış metodik vəsaitlə öyrədilir. Son zamanlar 9 cilddən ibarət seçilmiş əsərlərinin nəşrinə başlanılıb. Həmin məcmuənin birinci, ikinci və üçüncü cildləri artıq nəşr olunmuşdur. Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış və məhsuldar nümayəndəsi olan Zaur Ustacın əhəmiyyətli əsərləri sırasında dəfələrlə təkrar nəşr edilmiş “Əliş və Anna” və “Oriyentir ulduzu” kitablarını göstərmək olar. Bundan əlavə müəllifin “Günaydın”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Qəlbimin açıqcası” və “45” kimi şeirlər, “Məktəbə hazırlaşırıq” və “39 Həftə” (ingilis dili proqramı) kimi metodik vəsaitləri göstərmək mümkündür. Ümumiyyətlə, Zaur Ustac ölkə mətbuatında davamlı olaraq həm publisist yazıları, həm şeirləri, həm də nəsr və hekayə nümunələri ilə çıxış edən tanınmış yazarlardan biridir.
“Ustac” təxəllüsü barədə izahlar Bir çoxları Zaur müəllimin istifadə etdiyi “Ustac” təxəllüsünü “Ustad” (işini bilən mahir adam və müəllim, eləcə də yaradıcılıq sahəsində söz və qələmi ilə ustalıq) mənasında olduğunu təsəvvür edirlər. Lakin Zaur Ustac istər ədəbiyyat, istər müəllimlik, istərsə də jurnalistika sahəsində sözün həqiqi mənasında işini bilən, mahir bir ustad və müəllim olsa da, özündən əldə etdiyim məlumata əsasən, bu təxəllüs onun soykökü, həm ata, həm də ana tərəfindən Ustaclı tayfasına mənsubiyyəti ilə əlaqədardır. Zaur Ustac bunu müxtəlif şeirlərində, xüsusilə də “Əcdadı anmaq” adlı şeirinin ilk misralarında dilə gətirmiş və qələmə almışdir: “Ustaclıyam, əlim ərşi-əlada, Bu nə sitəm, millətim nə bəlada!?” Bundan əlavə, onun digər şeirlərində “Ustaclıyam”, “Ustaclı oğluyam”, “Şah babam”, “Şah İsmayıl silahdaşı” kimi ifadələr mövcuddur. Məlumat üçün qeyd etmək lazımdır ki, Ustaclı və ya Ustaclılar – Səfəvi İmperiyasının yaranmasında və idarə olunmasında əsas rol oynamış aparıcı türk tayfalarından (Qızılbaş tayfalarından) biri olmuşdur. Onlar əsasən oğuzların Əfşar boyuna bağlı olan güclü və nüfuzlu bir el idi. Tarixi mənbələrə görə, Ustaclı eli əvvəlcə Kiçik Asiyada (Anadoluda) məskunlaşmış, Ərətna bəyliyi və Qazi Bürhanəddin hökuməti dönəmində siyasi nüfuz qazanmışdır. Sonradan Azərbaycana köçərək Səfəvi Dövlətinin qurulmasında həlledici qüvvəyə çevrilmişlər. Ustaclı tayfası həm hərbi yürüşlərdə ön sıralarda olmuş, həm də dövlətdə ali vəzifələr (bəylərbəyi, əmir, sərkərdə) tutmuşdur. Bu gün tanıdığımız Zaur Ustac da məhz həmin sülalənin ədəbiyyat sahəsində faydalı fəaliyyəti ilə tanınan bir dəyərli üzvüdür.
Subyektiv baxış: Zaur Ustac adı gələndə şəxsən mənim zehnimdə bir fədakar, elinə, vətəninə, milli-mənəvi dəyərlərinə, milli kimliyi və dövlətçiliyinə bağlı olan bir ədib, eyni halda pedaqoq, hərbiçi zabit, peşəkar jurnalist və dəyərli qələm sahibi olan bir şəxsiyyət canlanır. Bu gün çağdaş Azərbaycan ədəbi mühitində “Zaur Ustac” adı və təxəllüsü milli-ədəbi kimlik və missiyanı tərənnüm edir. Zaur Mustafayev bu təxəllüslə özünü bacarıqlı söz ustadı kimi təsbit etmiş, çağdaş Azərbaycan ədəbiyyatında milli ruhu və klassik ənənəni müasir düşüncə ilə birləşdirməyi bacaran bir peşəkar yazar və şair kimi tanınmışdır. Zaur Ustacın istər publisist yazıları, istərsə də poeziya nümunələrində yurdun, elin, vətənin, milli kimliyin, milli-mənəvi dəyərlərin təbliği açıq-aydın şəkildə müşahidə olunur. Bütün bunlar oxucuda məsuliyyət hissini yaradır, eyni halda ölkə vətəndaşları arasında milli ruhun qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət göstərir. Onun fəaliyyətinə diqqət yetirdikdə, bütün sahələrdə bacarıqlı insan kimi həyatda çoxşaxəli bir şəxsiyyət olduğunu söyləmək olar. Yazıçılıq, nəsr, poeziya və publisistika, həmçinin, jurnalistika sahələri ilə yanaşı həm də hərbiçi olması bunun əyani sübutudur. Zaur Ustac ədəbiyyat sahəsində yaradıcı insan və parlaq imza sahibidir. Onun jurnalistik fəaliyyəti isə bəzi “jurnalist”lərin xoşagəlməz “fəaliyyət”i və qeyri-etik davranışının əksinə olaraq büsbütün səmimiyyət, etika və yaxşı niyyətləri özündə ehtiva edir. Bu da onun ilk əvvəldən qələmə müqəddəs gözlə baxışı və yanaşmasından irəli gələn məsələdir. Öz milli kimliyi, milli-mənəvi dəyərləri, vətəni və dövlətçiliyi ilə yanaşı Ulu Tanrıya bağlı olan saf qəlbli bir insan, dəyərli eloğlu və ləyaqətli vətəndaşdır. Zaur Ustacın digər önəmli xüsusiyyətlərindən biri də onun ədəbiyyat və jurnalistika sahələrində saflığı və səmimiyyətindən ibarətdir. Özü ruhən (daxilən) və eləcə də zahirən bir enerjili gənc olsa da hər zaman ədəbiyyat və jurnalsitika sahələrində olan gənclərə təmənnasız şəkildə dəstək olur. Onun təsisçisi və baş redaktoru olduğu mətbu orqan nəzdində təsis etdiyi və yazarlara mənəvi dəstək hədəfi ilə pulsuz-parasız və təmənnasız olaraq təqdim və təltif etdiyi “Ziyadar” və s. kimi mükafatlar bunun bariz nümunələrindən biridir. Halbuki bir çoxları belə mükafatları və hətta, sadə bir fəxri fərmanı pul qarşılığında ayrı-ayrı yazarlara təqdim edir, üstəlik bəzən qarşı tərəfə minnət də qoyurlar… Lakin öz yüksək mədəniyyəti, səmimiyyəti və saflığı ilə tanınan və hörmətə layiq görülən Zaur müəllim belə işlər və davranışlardan uzaqdır. Bu dəyərli yazıçı-publisist başqalarına dəstək olmaq və başqalarının parlamasından əsla narahat olmur, əksinə bundan daha çox sevinir və zövq alır. Məşhur fransız romantik şair, dramaturq, yazıçı, romançı və rəssam Viktor Hüqoya (1802-1885) aid edilən məşhur bir cümlə var: “Öz işığına güvənən başqasının parlamasından narahat olmaz…” Zaur müəllim də özü işıqlı və aydın, eyni halda uğurlu bir yazıçı-publisist, şair və jurnalist olduğundan başqalarının parlamasından əsla narahat olmur, həm də başqalarının uğur qazanması və parlamasına dəstək olur. Zaur Ustacın yaradıcılığı və qələm sahəsində fəaliyyətini diqqətlə araşdırdıqda, onun sözün həqiqi mənasında həm ədəbiyyat, həm də jurnalistika sahələrinin dəyərli və ləyaqətli ustadı olduğunu söyləmək olar. Lakin bütün deyilənlərin fövqündə yer alan ayrı bir məsələ də var. Həmin məsələ isə Zaur Ustacın ədəbiyyat sahəsində söz və qələm bacarığı ilə yanaşı ədəbiyyat ifadəsinin əsası olan ədəb, etika, əxlaq və insani dəyərlərin daşıyıcısı olmasıdır. Əslində insan həyatda bacarıqlı şair, yazıçı, ədəbi təhlilçi və tənqidçi olmaqla yanaşı yalnız yüksək ədəb-ərkan, etika və mədəniyyət sahibi olduqca ətrafına, cəmiyyətə və bəzən bütün dünyaya aydınlıq və ziya bəxş etməyi bacarır. Bu olmadıqda isə görülən bütün işlər və yazılan bütün bədii ədəbiyyat nümunələri zaman ötüşündə unudulub yaddaşlardan silinir… Zaur Ustacın zəngin, maraqlı və çoxşaxəli olan poeziya dünyasının da öz yeri və öz tərifi var. Onun müxtəlif mövular və fərqli (heca, sərbəst və s.) formalarda qələmə aldığı şeirlər bir-birindən gözəl, yetərli və mənalıdır. Şeirlərində sadəliklə yanaşı, insan ruhuna xüsusi cəsarət, şövq gətirən amili hiss etmək mümkündür.
Arzu və diləklər: Ulu Tanrıdan çağdaş Azərbaycan ədəbi mühitinin belə bir dəyərli yazarı, eyni halda maarifpərvər insanı olan şair-publisist Zaur Ustac müəllimə uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yaradıcılıq sahəsində yeni-yeni uğurlar və daha uca zirvələr diləyirəm!
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist 23.06.2026
SƏSLƏR (hekayə-pritça) Qışqırıq, bağırtı səsləri bir az səngidi, yerini inilti və sızıltıya verdi. Sakitcə, için-için hıçqırıq, ağlamaq həniri də duyulurdu… Birdən ucadan çəkilən rişxənd dolu qəh-qəhə sanki səsləri dəlib keçdi. Ayağa durub var-gəl edən kölgənin bu istehzalı, ikrah doğuran qəh- qəhəsi elə bil “susun” əmrini verdi. Otağa ölü bir sükut çökdü… Nəfəslikdən günəşin ilıq şəfəqləri otağa süzülürdü. Tavandakı gur lampanın yanmasına baxmayaraq ətrafın bombozluğunu qova bilmirdi. Sanki divarlar buz kəsmişdi. Yerdə laxtalanana qədər axan qanların gözə görünməyən buxarı adamı üşüdən divarlara hopurdu. Al-qırmlzı qan gölməçələri nəfəslikdən düşən Günəşin şəfəqləri altında parlasa da get-gedə solur, qaramtıl rəngə çalırdı və rişxəndli qəh-qəhə səsindən titrəyirdi… Xəstə göz qapaqlarını güclə aralayıb acıqlı-acıqlı: — Bu, nə səsdir?.. Elə bil başıma çəkiclə vururlar – bağırdı. Sonra gözləri yenə süzülüb bağlandı. Tibb bacısı tez ona yaxınlaşıb sakitləşdirici iynə vurdu… Bir az keçəndən sonra bu dəfə də yalvarırmış kimi: — O, nə səsdir pəncərədən gəlir?.. Kəsin onu, nəfəs almağa qoymur… Tibb bacısı pəncərəyə yaxınlaşıb taybatay açdı. Çöldən gələn təmiz hava otağa doldu, xəstənin çürüyən ayaqlarının yarasından və ona yaxılan məlhəmdən gələn qoxusuna qarışdı. Pəncərənin yuxarı küncündə yuva quran iki qaranquşu gördü.Qeyri-ixtiyarı gülümsədi və dönüb yarı huşsuz uzanan xəstəyə baxdı…
Kölgə təkəbbürlə asta-asta stula oturdulub əl-qolu, ayaqları, gözləri bağlı kişiyə yaxınlaşdı. Ədalı tərzdə ayağının ucu ilə stulu itələdi. Kişi stulqarışıq arxa tərəfə düşdü. Yaralarının, yoxsa beton döşəməyə dəyib yarılıb qanayan başının ağrısından iniltili bir səs çıxartdı… — Görürsən gününü?!. Mən sənə demişdim axı… Dinləmədin, az eşitdin deyilənləri… Sandın tək yeyə biləcəksən. Bilmədin ki, məndən qaçmaq olmaz… İynə vurulandan sonra bir az sakitləşən xəstə gözlərini açdı. Sağa-sola baxdı, su istədi. Tibb bacısı stolun üstündəki su bardağını götürüb onun ağzına yaxınlaşdırdı. Bir qurtum içəndən sonra başını geri çəkdi: — Suyu da güclə uduram, — dedi. Çəkdiyi ağrı-acının əzabı üzündən oxunurdu. Bu vaxt qapı açıldı. Baxımlı bir qadın şux yerişi ilə içəri girdi .Özü ilə bərabər “Şanel”in bihuşedici qoxusunu da içəri gətirdi. Soyuq bir tərzdə əyilib xəstənin başını ağızucu öpdü: — Həyatım, iki saatdan sonra uçuş vaxtımdı. Mən getməliyəm. Vallah, özümü həkimə göstərmək söhbəti olmasa idi heç getməzdim. Dincəlməyin adıdı elə… Səni bu vəziyyətdə qoyub getmək heç içimdən gəlmir … Onun cavabını gözləmədən: — Hər gün telefonla görüntülü danışacam, səndən xəbər tutacam. Həkimlər, tibb bacıları burdadı, nigaran qalmaram. Bir ay nədir, gözünü yumub-açacaqsan gəlib keçəcək… Hələlik, sürücü məni gözləyir — deyib, yenə də ağızucu xəstənin başından öpüb iri addımlarla otaqdan çıxdı… O, qəzəb, nifrət, peşmançılıq dolu gözləri ilə qadının arxasınca baxdı… Yuva quran quşların civilti səsi otağı başına götürmüşdü. Xəstə bağırdı: — Kəsin onların səsini… — Quşlardır, müəllim. Pəncərədə yuva qurublar… Tibb bacısının sözü ağzında qaldı. — Kəsin dedim onların səsini, başım partlayır… Tibb bacısı pəncərəni bağlayıb ona yaxınlaşdı. Çarpayının yaxınlığındakı stolun üstündən dərmanı götürüb ağzına qoydu və bir qurtum su içirtdi. Xəstə huşa getdi… Əli-qolu , ayaqları, gözləri bağlı, qanı içində çabalayan kişi yalvarırdı: – Müəllim, buraxın məni. Nə istəyirsiniz, nə qədər istəyirsiniz toplayıb verəcəm. Uşaqlarım balacadı, onlar yetim qalmasın… Kölgənin iyrənc qəhqəhəsi divarlarda əks-səda verdi və əxlaqsız bir əda ilə: — Arvadın da dul qalmasın hə… – dedi. Sonra kişiyə tərəf bir az əyilib: — Bu arada, xanımınla, 12 yaşlı qızın bu axşam mənim qonağım idi…– dedi və dikəldi. Əlini əlinə vurub ucadan qəh- qəh çəkdi. Yerdə əli-qolu bağlı kişi ilan kimi qıvrıldı… Xəstə zarıyırdı… Güclə nəfəs alırdı. Dili-dodağı partlaq-partlaq idi. Partaqlardan qan sızırdı. Hərdən güclə pıçıldayırdı: O səsi kəsin, başım partladı… Tibb bacısı bir ildən çoxdu xəstənin hissə-hissə çürüyən vücudunu süzdü və bağlamaq üçün pəncərəyə yaxınlaşdı. Pəncərənin yuxarısındakı yuvada ana quş balalarını yemləyirdi. Ətcəbala quşlar güclə görünən qanadlarını çırpır, anasının ağzlarına qoyduğu yemi tez-tələsik udur və yenə də istəyirdilər. Bala quşların elə bil qarınları doyduqlarına görə xoşbəxtcəsinə civilti səsləri ətrafı başına götürmüşdü. Erkək quş kənardan onları izləyirdi… Tibb bacısı bu mənzərəyə baxıb xəfifcə gülümsədi, pəncərəni bağlayıb xəstənin yanına yaxınlaşdı. Onun bərəlmiş gözlərinin hərəkətsiz baxdığını gördü… Tibb bacısı — Allah günahlarını bağışlasın – pıçıldadı və əlləri ilə onun gözlərini yumdu…
Zaman o zaman deyil ki, qağa, bir daş var idi, bir də torpaq, bir də daşdan, torpaqdan çıxan çörək, çörəyi çıxaran isə cəsur bir ürək… Bu aralar bir ayrı cürədi eee… İndi başa dəyən daşdan çıxır, zəhər olan aşdan, gözdən axan yaşdan çıxır… Qanı donan ürəklərdən, solan – qalan diləklərdən, yıxılan yuvalardan, dağılan tifaqlardan, qurulan divanlardan – yalanlardan, palanlardan çıxır… Yox olan abırlardan, ölən həyalardan, şeytana yox, mələyə atılan daşdan, bir də, baş çıxmayan başdan çıxır… Ehh, qağa, indi o zaman deyil ki, bir daş ola, bir də torpaq, çörək də ondan çıxa…
YÜZ DOQQUZUNCU YAZI MÜHARİBƏ MÖVZUSUNA FƏRQLİ BAXIŞ (Əli bəy Azərinin “İki zəngəzurlu zabit”i) Salam olsun çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu Azərbaycan ordusunun döyüş yolu keçmiş (əvvəllər keçmiş sovet ordusunda xidmət etmiş) zabiti, tanınmış yazıçı Əli bəy Azərinin digər azərbaycanlı zabit, şair, hərbi jurnalist Mahir Cavadlının redaktorluğu ilə “Şərq-Qərb” poliqrafiya müəssisəsi tərəfindn nəfis şəkildə çap olunmuş 272 səhifədən ibarət kitabı haqqında olacaq. Roman hərb mövzulu əsərlər seriyasına daxildir. Sovet ordusunda xidmət zamanı aralarında yaranmış münasibət dostluğa çevrilən erməni və azərbaycanlı zabitin sonralar Zəngəzur cəbhəsində qarşılaşması əsərin əsas süjet xəttini təşkil edir. Kitabı şəhərimizin kitab mağazalarından və ya müəllifin özündən (070-575-03-99) almaq olar. Əli bəy Azərinin 2025-ci ildə işıq üzü görmüş və hal-hazırda şəhərimizin kitab evlərində satışda olan “İki zəngəzurlu zabit” romanı müasir Azərbaycan nəsrində hərbi-vətənpərvərlik mövzusunu tarixi yaddaş, insan taleləri və milli kimlik məsələləri ilə birləşdirən maraqlı bədii əsərlərdən biridir. Əsərin ön sözündə qeyd olunduğu kimi, roman XX əsrin sonlarında bölgədə baş verən hadisələrin yazıçı təxəyyülü ilə sintezindən yaranmışdır və sovet ordusunda birgə xidmət etmiş iki dostun – iki zəngəzurlu zabitin sonradan qarşı-qarşıya gələn talelərindən bəhs edir. Əli bəy Azəri uzun illərdir ki, hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlərlə tanınır. “İki zəngəzurlu zabit” romanında da müəllif oxucunu yalnız müharibə səhnələri ilə deyil, bütöv bir dövrün ictimai-siyasi mənzərəsi ilə qarşılaşdırır. Əsərin hadisələri qədim Zəngəzur torpağının müxtəlif məkanlarında – Mincivan, Qafan, Sisyan, Meğri və digər yaşayış məntəqələrinin fonunda cərəyan edir. Bu məkanlar sadəcə coğrafi adlar deyil, həm də bir xalqın yaddaşı, kökü və taleyidir. Romanın ilk səhifələrindən müəllif oxucunu Zəngəzurun təbiəti, kənd həyatı və insanları ilə tanış edir. Bu təsvirlər əsərə yalnız bədii gözəllik qazandırmır, həm də sonrakı dramatik hadisələrin emosional təsirini gücləndirir. Zəngəzur burada vətən anlayışının simvoluna çevrilir. Romanın əsas xətti iki zabitin – azərbaycanlı Azər və erməni İosifin taleyi üzərində qurulub. Hər ikisi Zəngəzur bölgəsinin yetirmələridir, hərbi məktəblərdə oxuyur, dostluq edir, bir-birinə arxa-dayaq olurlar. Onları yaxınlaşdıran yalnız hərbçi peşəsi deyil, həm də ortaq coğrafiya və uşaqlıq xatirələridir. Lakin tarix bəzən münasibətlərindən daha sərt olur. SSRİ-nin dağılması, milli münaqişələrin alovlanması və Qarabağ hadisələri iki dostun həyatını fərqli istiqamətlərə yönəldir. Dünən eyni süfrə arxasında oturan insanlar bu gün fərqli cəbhələrdə dayanmalı olurlar. Yazıçı məhz bu məqamı böyük ustalıqla təqdim edir: düşmənçilik xalqlar arasında yaradılsa da, onun ən ağır yükünü konkret insanlar daşıyırlar. Əsərdə Meğridə girov götürülən azərbaycanlılar, Mincivanda dayandırılan qatar, xalqın hiddəti və eyni zamanda təmkinə çağırış səhnələri geniş yer tutur. Qulu kişinin obrazı vasitəsilə müəllif ağsaqqallıq institutunun, xalq müdrikliyinin və vətəndaş məsuliyyətinin əhəmiyyətini göstərir. Qatar hadisələri romanın ən gərgin epizodlarından biridir. Burada həm xalqın haqlı narazılığı, həm də qan tökülməsinin qarşısını almaq istəyən insanların səyləri təsvir olunur. Bu səhnələr yalnız bir hadisənin təsviri deyil, bütöv bir dövrün psixologiyasını əks etdirir. Əsərin ən diqqətçəkən xüsusiyyətlərindən biri müəllifin hadisələrə birtərəfli yanaşmamasıdır. Yazıçı milliyyətindən asılı olmayaraq insan taleyini ön plana çəkir. İosif Arutyunov obrazı bunun ən parlaq nümunəsidir. O, erməni olsa da, dostluğa, insanlığa və vicdana sadiq qalmağa çalışan bir zabit kimi təqdim edilir. Bu yanaşma romanı sırf müharibə əsərindən daha yüksək səviyyəyə qaldırır. Oxucu burada yalnız qarşıdurma deyil, həm də insanlıq uğrunda mübarizə görür. Müəllif göstərir ki, siyasi proseslər insanları fərqli cəbhələrdə müxtəlif səngərlərə ataraq ayırsa da, vicdan və mənəvi dəyərlər hər zaman öz sözünü deyir. Əli bəy Azərinin dili sadə, axıcı və canlıdır. O, xalq danışıq üslubundan, yerli ifadələrdən və məişət detallarından məharətlə istifadə edir. Bu xüsusiyyət əsəri daha təbii və inandırıcı edir. Hadisələr sürətli inkişaf edir, dialoqlar canlıdır və oxucu özünü hadisələrin içində hiss edir. Müəllif xüsusilə kənd həyatının təsvirində, insan xarakterlərinin açılmasında və gərgin situasiyaların yaradılmasında peşəkarlıq nümayiş etdirir. Romanın dinamik süjeti oxucunu sonadək maraq içində saxlayır. “İki zəngəzurlu zabit” əsərinin əsas ideyalarından biri vətən sevgisidir. Müəllif oxucuya xatırladır ki, torpaq yalnız coğrafi məkan deyil, həm də milli yaddaş, ata-baba irsi və mənəvi dəyərdir. Zəngəzur obrazı roman boyunca bu düşüncənin daşıyıcısı kimi çıxış edir. Əsərdə vətənpərvərlik pafoslu şüarlarla deyil, insanların davranışları, seçimləri və fədakarlıqları vasitəsilə təqdim olunur. Bu da romanın təsir gücünü artırır. “İki zəngəzurlu zabit” Azərbaycan ədəbiyyatında yaxın tariximizin mürəkkəb və ağrılı səhifələrinə işıq salan dəyərli romanlardan biridir. Əsər dostluq və düşmənçilik, vətən və taleyüklü seçimlər, insanlıq və vicdan kimi əbədi mövzuları özündə birləşdirir. Əli bəy Azəri bu romanla təkcə iki zabitin həyat hekayəsini deyil, bütöv bir nəslin yaşadığı faciələri, ümidləri və mübarizəsini bədii şəkildə əks etdirməyə nail olmuşdur. Roman həm tarixi hadisələrə maraq göstərən oxucular, həm də vətənpərvərlik ruhunda yazılmış bədii əsərləri sevənlər üçün qiymətli bir ədəbi nümunədir. O, Zəngəzurun yaddaşını yaşadan, insan taleləri üzərindən tarixə nəzər salan və oxucunu düşünməyə vadar edən təsirli bir əsər kimi diqqəti cəlb edir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik! 21-23.06.2026 (Xankəndi, Şuşa, Laçın, Bakı)