www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Fəlsəfə tarixinin ən hüzünlü cümlələrindən biri

Fəlsəfə tarixinin ən hüzünlü cümlələrindən biri Schopenhauer tərəfindən söylənmişdir:
“Bütün həyatımız bir şahmat kimi gedib gəlir : sağdan sola – iztirabdan sıxıntıya… İztirab, çünki məndə olmayanı arzulayıram və yoxluğunda iztirab çəkirəm. Sıxıntı, çünki istədiyimi əldə edəndə həmin arzu ortadan qalxır”
Şopenhauer “niyə tez-tez tənqid edirik?” sualına belə cavab vermişdir: Şopenhauerin fikrincə, başqalarını daim tənqid edən insan özünü təkmilləşdirməklə məşğuldur. Burada tənqiddən nəzərdə tutulan başqalarının görünən davranışlarını və ümumi hərəkətlərini diqqətli və kəskin tənqidə məruz qoymaqdır. Bu şəkildə tənqid edən şəxs əslində öz təkmilləşdirməsi və bacarığı ilə məşğul olur. Arzu etdiyimiz şeylərə də tənqidi münasibət bunlara qarşı mənfi və müsbət xüsusiyyətlərin dərkinə gətirib çıxararaq arzu hissində dəyişikliklərə səbəb olur.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Asif Məhərrəmovun anım günüdür.

Milli Qəhrəmanlar şəhid Allahverdi Bağırov və Asif Məhərrəmov (Fred Asif). Allah hər ikisinə rəhmət eləsin. Amin.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Anar: – Ən yaxın plan 90 illiyimizi qeyd eləməkdi.

ANAR: – Ən yaxın plan 90 illiyimizi qeyd eləməkdi. Bayramdı da 90 illik… Amma bu bayram bizim üçün müsibətdir. Çünki bu bayramla əlaqədar hamı gəlir ki, mənə bir şey ver. Hamıya da fəxri ad vermək mümkün deyil, axı. İki min Yazıçılar Birliyi üzvünün hamısı Xalq yazıçısı ola bilməz, hamısı Xalq şairi ola bilməz. Hamısı Əməkdar İncəsənət xadimi olmaq, orden, medal almaq istəyir. Bu, mümkün deyil. Beşinə verirsən, on beşi inciyir. On beşi alır, əllisi inciyir. Ona görə də bu bayram bizim üçün məşəqqətdi. Həm bayramdı, həm də əziyyətdir. Bilmirsən ki, bu işin içindən necə çıxasan? Amma hər halda, qeyd eləməliyik. 90 il balaca rəqəm deyil. Yəqin mənim bayram edəcəyim sonuncu bayramdı. Yazıçılar Birliyinin 100 illiyinə mən çətin qalım. Amma 90 illiyini qeyd edəcəyik…

Müsahibənin tam versiyası: >>>> “Yazıçıların ünsiyyət ehtiyacı daha çoxdur” – Xalq yazıçısı Anarın müsahibəsi

ANARIN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aydan Abdullayeva – SAATLAR SUSANA YAXIN

SAATLAR SUSANA YAXIN

  • Yenə gecədir.
  • Yəqin ki, darıxırsan.
  • Yox. Gecədən fərqli olaraq mən öz qaranlığımdan qopmuşam daha. Onun qədər qayğıkeş də deyiləm.
  • Necə yəni?
  • Nə vaxt başımı qaldırıb göyə baxsam, gecənin qoynunda həmişə aya, ulduza yer var.
  • Ay da lap sənin kimi hərdəmxəyaldır. Bu gün görünmür.
  • Adamlara bax! Hansı bütün həqiqəti ilə aydın görünər? Heç buna cürət etmək də gərək deyil. Bu aldadıcı təmtərağı ilə baş aparan dünyada bir bütün olaraq görünmək nəyə lazımdı axı?
  • Elə deyirsən ki! Məgər sən yer üzündə, torpaq üstündə yeriyənlərdən saymırsan özünü?
  • Onların əksəriyyəti nəinki görünmür, heç görmürlər də.
  • Bəs sən?
  • Mən… Gördükcə görünmək istəmirəm. Gündüzün hər rəngini gecənin qarasına büküb atırsa Tanrı, onda görünməmək daha xoşdur.
  • Onsuzda sən bir çox adamlara yalnız gözlə görünürsən. Ruhunla göründüyün, sənə ruhuyla baxan çox az adam var.
  • Hə. Bax, ağ da qarada elə görünür.
  • Necə?
  • Necə ki, eşitdiyin addım səsləri bir vaxt torpağa çəkiləndə onları yalnız Tanrı eşidəcək…
  • İndi eşitmir?
  • Eşidir amma… Bilirsən, dünya sükutu tanımadığı üçün dünyada eşidilmək məni açmır. Yaxşı ki, Tanrı bizə sükutu xatırladır.
  • Yoxsa yaşamaq olmazdı hə?
  • Gecədən başladım, yaşamağa qədər gətirdin.
  • Yaşamaqdan qaçdığın kimi , bu barədə söz danışmaqdan da qaçırsan!
  • Elə deyil. Əgər hazırda səninlə bir yuxunun içindəyəmsə, ..
  • Dayan görüm! Nə yuxu? Sən varsan, yaşayırsan! Gecənin bətnindən elə indicə qopub düşən bir dilim aysan…
  • Lap şair kimi danışdın!
  • Gecə həmişə danışdırır.
  • Heyif, nə qədər danışdı, eşidilmədikcə adamların səs-küyündə səsi də, rəngi də getdikcə qatılaşdı.
  • Əşi, deyirsən indi lal olaq?
  • Bayaq sözümü kəsdin. Deyirdim ki, sənlə bir yuxunun içindəyəmsə, Tanrı bizi nə vaxtsa danışacaq uşaqlara… Uşaqlar böyüyüb kəpənək qanadlarına, qanadlar böyüyüb göy üzünə…
    Göy üzü də yenə, yenə torpağa! Bax, belə yaşamaq istəyirəm. Başa düşürsən? Hələlik alınmır.
    Bağışla…
  • Göy üzü torpağa danışacaqsa, deməli sən təzədən doğulacaqsan.
  • Nədir, sən də gəlib yenə məni tapacaqsan?
  • Sular dil açıb desə yuxusan, inanmayacağam! Əgər yuxusansa, çəkilmə gözlərimdən. Ya da…
  • Ya da nə?
  • İşdi, yenə doğulsan, dol gözlərimə. Mən gözlərimi yumanda susarıq.
  • Uşaqlar, kəpənək qanadları, göy üzü, torpaqla birgə. Hə?
  • Hə, hə! Söz verirəm, susacağıq, əzizim. Təki sən bir də doğul…
  • Bilmirəm, bəlkə də mən doğulmaqdan qorxuram. Bu sonsuzluqda ağacların mənə düşən budağından təkrar özümə nəfəs dərməyə həvəsim yoxdur. Çox zaman özümü bu həyatın qəlbində boş qalmış otaq zənn edirəm. Belə mənə çətindir. Sən də deyirsən bir də doğul!
    Bilirsən bu nəyə oxşayır?
  • Nəyə?
  • Elə bil ki, gecəni göydən qovmaq istəyirsən, fəqət, görəndə ki, sən bacaran iş deyil, qaranlığa baxmadan , qaranın içində ağı yox, o sapsarı günəşi görmək istəyirsən.
  • Yəni?
  • Yəni bir dəfə doğulduq, bəsimizdir. Aləmi varlığımızdan təngə gətirməyək.
  • Eh… Sən məni anlamırsan.
  • Sən anla. Anla ki, ruhundan yoğrulub qopmuş oxunaqlı bir əsər deyiləm. Burax varlığımın hər zərrəsini əzbərləmək istəyini bir kənara.
  • Getdikcə qəddarlaşırsan.
  • Yəqin gecənin abu-havası yaman tutub məni.
  • O qədər ki, məni qırdığının fərqində deyilsən. Yaxud fərqində olsan da sənin üçün əhəmiyyətli deyil.
  • Yox, sadəcə..
  • Sadəcə nə?
  • Sən çox böyüdürsən gözündə məni.
  • Ulduzlar da kiçikdir. Hərəsi bir nöqtə boyda. Amma insanlar onların yerə ələdiyi işığa gözüyumulu inanır.
    Mənə görə yer üzündə hər şeyin ruhu var və ruh qədimdir, uludur. Qəribədir ki, sən bayaq varlığından böyüdərək, gah da sirr kimi nələrisə tam açmaqdan çəkinərək danışırdın. İndi isə özünü nə üfüqdə parlayan bircə ulduza, nə yer üzündə tapdalanmaqdan bezən ən kiçik toza – heç nəyə, heç nəyə tən görmürsən.
    Sanki biz danışdıqca sözlər bir göz qırpımında səni yanımdan oğurladı. Sənin yuxu olmağından qorxduqca sən çox güman hansısa sözümün yuxusuna çevrildin…
  • Bəsdir, ağladacaqsan…
  • Hə? Bu həqiqət olmasa, sənin gözündən bir gilə də yaş düşməzdi.
  • Həqiqət yaraladıqca yuxu olmaq istəyirsən.
  • Yuxu yalan deyil.
  • Demədim yalandır. Sadəcə, düşünürəm yuxu bu dünyanın həqiqəti deyil.
  • Gözlərin.. Həqiqətdən çox uzaq baxır bu saat.
  • Bir gözlərimi yalançı çıxarmamışdın!
    Nə var nə var, təkrar doğulmaq istəmədim… İndi bir buna görə eşitdiyim sözə bax!
  • Külək əsir.
  • Hə. Yəqin gözlərimdən yalanı qovmağa gəlib.
  • Xəfif təbəssümlə başladığın söhbəti davayla bitirmək istəyirsən?
  • Gözlərimi açıb səni görmüşəm, üstəlik bəlkə hələ təzə dil açmışam ki, dediyim sözlər sənə necə toxunursa, mənim də üstümə elə qayıdır.
  • Necə yəni?
  • Deyirəm ki, doğulmaq da məni bir cür incidir. Deyirəm ki, mənim təkrar doğulmağım səni təkrar incitməyim deməkdir.
    Ola bilsin, o zaman Tanrının quru küləyi də olmadı ki, gözlərimdən yalanı çəkib apara. Nə edəcəksən onda?
  • Gözlərini ağ vərəqlərdə axtaracağam.
  • Vərəqlər bir azdan göy üzünə uçacaq. Sabah olmağa.
  • Mənə bircə ümid də qoymursan qala!
  • Təkrar doğulmağın ucbatındandır hamısı. Axı sən belə istəmişdin. Unutdun?
    Bağışla…

  • Mən elə səni bağışlamaq üçün varam hə?
    Hə…
    Yəni sənin dediklərindən belə çıxır ki, təkrar doğulmaq ümidsizlik kimidir?
  • Ümidsizlik kimi deyil. Ümidsizliyin özüdür, özü!
  • Axı niyə bu qədər bədbinsən?
  • Qətiyyən. Sadəcə mən eyni şeyləri bir də görmək istəmirəm. Bilirsən, içimdəki yollar da yaşadıqca hamar qalmır. Köhnəlir. Çətindir, başa düş! Öz-özümü yol bilib, adlayıb keçmək və dərk etmək ki, səndən başqa bu yoldan ölənə kimi keçən olmayacaq.
  • Mən doğulmaq dedim. Əsir düşmək yox!
  • Məndən ötrü dünyaya ayaq basmaq bundan başqa bir şey deyil. Sən ha sözlərinə bəzək-düzək ver, mən fikirimdən daşınmayacağam.
    Bir də doğulmaq yanılmaqdır axı. Məsələn sən. Elə yanıltdın ki, bayaq məni. Yanılanda adam istəyir qəlbi biryolluq kor olsun. Sözləri görməmək üçün.
    Sən öyrəşmisən onları ancaq eşitməyə. Halbuki, görmək də olur sözləri.
    Bir yannan da fikirləşirəm, söz eşidən adam gözlərimdə niyə yalan görsün ki?
  • Sözdür, dedik, qurtardı da. Bəs deyil? Nə qədər üzümə vuracaqsan?
  • Sənin üçün necə də asandır… Dedin, qurtardı!
  • Bircə mənim də beynimdə çırpınan, dilimə gəldikcə böyüyən, dörd tərəfimi saran bu nəhəng sözlərdən canım qurtarardı!
  • Yaxşı, sakitləş…
  • Əslində gecələr sayrışan ulduzlar… Məncə, kimlərinsə dodaqaltı vida nəğməsi oxuyub, sağollaşa bilmədiyi sonuncu nəfəsidir.
  • Deməli, o nəğməni oxumaq üçün qayıdacaqlar…
  • Yox, ay insan! Yox! Bura bax, niyə qəbul etmək istəmirsən? Başlamaq – heç də həmişə lazım gəlmir.
    Bitənlərin üzərində mübarizə aparmaq yersizdir. Səni bunun üçün heç kim alqışa qərq etməyəcək.
  • Deyirsən ki, hər şey puçdur…
  • Sən istəyirsən ki, bəlkə əsrlərdi məndən əvvəl var olan hansısa boş məzar daşına baxıb, ” tanışdı, mən burda uyuyurdum” demək üçün doğulum? Cəfəngiyyatdır.
  • Yox. Özünü xatırlamaqdır.
  • Mən unutmağa meyilliyəm. Məni öz halıma burax.
  • Bilirdim elə!
  • Nəyi ?
  • Bütün yalanların bir qadın bətninə yığıldığını!
  • Onda belə çıxır ki, sən qarşımda belə məğrur dayanıb, eyni zamanda belə həddsiz danışmağa cürət edən birinci yalansan.
    Heç bilməzdim mənim bir dəfə doğulmağım, bir dəfədə bəs deməyimlə sən bu qədər özündən çıxarsan.
    Söhbətimizin əvvəlində dilin az qala məni sevgi selində azdırmışdı.
    İndi mən yer üzünü varlığımdan israrla rədd etdikcə, hiss edirəm ki, çox qəzəblənirsən. O sevgi ki, yoxluğuma söykənməyi bacarmır, mən də onu istəmirəm.

  • Sən dediyim hər sözə əks getdikcə hirs məni boğur. İstəmirəm gecənin yaddaşında mənim hirsim, sənin dönüklüyün, biganəliyin qalsın.
    Mən belə xəyal etməmişdim. İkimiz də bir-birimizi məyus edirik. Belə olmaz!
  • Mənim də istədiyim bu deyildi.
  • Bəs nədir?
  • Xatirəyə çevrilmək. İncimə, belə daha yaxşı olar.
    Bilirəm, gecənin qaranlığında bir də xatirə sözü şaxta kimi kəsir, doğrayır qəlbini. Amma edə biləcəyim heç nə yoxdur.
  • Var.
  • Nə?
  • Sənin köksün altda gizlənən o xırçın, şıltaq uşağa heç kim yaxın düşməyib bu günə qədər. Düşsəydi, doğulmaqdan bir belə qorxmazdın.
  • Mənim köksüm altda gizlənən uşaq… Çox sakit idi. İndi qarşında dalğa-dalğa dolanan ruhu , onda rahatca susa bilirdi. Deyim ki, bundan heç də xoşhal olmurdu. Amma o uşağı qorumağın başqa yolu yox idi.
  • Deyəsən səni yaraladı sözüm.
  • Birinci dəfə deyil ki. Narahat olma.
    Ancaq qanıma boyananda biləcəksən ki, mənə necə zərbə vurursan.
    Doğulmaq, doğulmaq deyə-deyə sözlərinlə ölümə tuş edirsən adamı!
    -Sözlərim səndən gen qaçırsa, günahkarı yenə sənsən.
  • Bu qaranlıqda sözlərimiz qaçdı-tutdu oynasın deyirsən?
  • Sən zarafat elə.
  • Zarafat eləmirəm. Səni tapmaq istəyirəm. Söhbətə başlayanda bir nöqtədə sözlərimiz bir-birinə sarıla bilirdi. İndi isə… Səni də, sözlərini də itirirəm…
    Lənət olsun mənə!
  • Eeey! Elə demə. Bilirsən, sənin səsində bütün pəncərələr üzü çiçəklərə tərəf açılır. Arzuladığım kimi.
    Mənim tikanlı sözlərim səni çaşdırmasın. Mən uzaqda olana, yox bildiyimə ” varsan” pıçıldamışam həmişə. Ona görə adamları yoxluğunda sevməyə öyrəşmişəm.
    Səni acılamağım bundan bezməyimdən irəli gəlirdi.
  • Bilirsən nə istəyirəm?
  • Nə?
  • Bir cüt göyərçin qanadına qısılıb, sevincimdən ağlamaq ki, nə yaxşı sən varsan…
    Sonra…
    Gözümün yaşından islanmış ruhumla ruhunda yatıb qalmaq.
    Bilmirəm, bunlardan nə anlayırsan…
  • Anladığım odur ki, min il sonra da biz bu gecə üçün torpaq altında belə Tanrıya minnətdar olacağıq.

  • Nə xoş. Şadam ki, qoca gecədən payımıza düşəni öyrənməyi bacarmışıq ən azından.
  • Sən deyirdin ha ” mən öz qaranlığımdan qopmuşam”.
  • Hə. Nədir ki?
  • Məncə , gecə qaranlıq adamlara qarşı olduqca şəfqətlidir. Onları ilk xətasında gözardı etmir. Kənara atmır. Qoruyur. Bəlkə də sevməyi onun bu tərəfindən öyrənmişəm.
  • Sən… Əminəm ki, nə vaxtsa bətnimdə yırğalanan çay olmusan. Elə olmasa asanlıqla çözə bilməzdin məni.
  • Hə. Sonra sularıma sənin gözünün yaşı da qarışmazdı.
  • Eşidirdin ağladığımı ?
  • Hə, əzizim, hə! Həm də hirslənirdim.
  • Nəyə görə ?
  • Necə nəyə görə ? Bu çayın əlləri yox idi ki, uzadıb gözünün yaşını silsin.
    Tək sənin göz yaşlarına çata bilmək üçün, doğulub adam olacağım günü səbrsizliklə gözləyirdim.
  • Bir az da mənə sularını güzgü bilib, içində süzən aydan qalan işığın əl izlərini gətirmək üçün tələsirdin.
  • Hə. İndi izləri çiyinlərimdədir.
  • Niyə icazə verirdin sənə toxunmağına ?
  • İşığın ? Belə eləmə. Bilirsən, tənha qalsam quruyardım axı…
  • Tənha deyildin. Mən var idim.
  • Əzizim, sən bu dünyada idin. Mənimsə yaşamaq üçün bətnindən enən işığa ehtiyacım vardı.
  • Mənə çata biləsən deyə…
  • Hə. Amma burdaca bir addımlığımda – sənə çata bilməyəcəyimi bilmək nə böyük əzabdır.
  • İstəyirsən ki, təzədən bətnimə qayıdasan ?
  • Sən təkrar doğulmağı rədd etdin. Elə isə nə qədər ki, sağsan, mən səndən doğulmağa həmişə hazıram.
  • Bəs birdən sənə nəsə olsa ?
    Çünki, heç nə əvvəlki kimi qalmayıb məndə. Vücudumda, ruhumda daha heç nə dirçəlmir, oyanmır. Hər şey, hər şey bir göz qırpımında quruyur.
    Öz qaranlığımdan da beləcə xilas olmuşdum. Qaranlıq bütün bədənimdən keçəndən sonra bətnimdəcə quruyub qalmışdı. Yəni, sən indi çay ola bilməzsən… İşıq enə bilməz sənə sarı. Mən bu gecədən sonra ağaca çevriləcəyəm. Sabah açılmamış budaqlarım quruyacaq. Keçən doğum günümdə bunu diləmişdim. Gecə bitən kimi gerçək olacaq. Gülə-gülə nağıl edərsən hamıya . Mən bir qurumuş ağacın sevgilisi idim. Necə də kədərlidir… Sən bu kədərlə tək qalacaqsan… Bətnimdə ikən , yəni çay olanda tənha qalıb qurumaqdan qorxduğunu dedin. Yazıq çay …
    Heyif ki, bu qorxun gecə bitən kimi səni tapacaq, sən məni yəqin ki, bir də bağışlamayacaqsan və heç vaxt budaqları quruyan , barsız ağacı unutmayacaqsan… Heç vaxt unutmayacaqsan…

  • Dediyin kimi də oldu. Sən ağaca çevrildin. Qorxuram ki, insan olaraq qalsam, mənim də canımda nankorluq cücərər, boy atar, ətrafımı bürüyər və mən ondan xilas ola bilmərəm.
    İndi istəsəm gövdən dil açıb ” tək deyilsən ” deməz hə? Məni – bətnindəki çayı içindən keçən ay işığından, çiyinlərimdə qalan əl izlərindən qısqanmışdın. İndi səndən – qurumuş olsan da fəsillər keçəcək. Sənə yazda leysan yağışlar, yayda günəş şüası, payızda sarı yarpaqlar, qışda qar dənələri toxunacaq və qurumuş, barsız ağacım bəlkə də ona toxunanlardan birinə vurulub, doğulmaqdan qorxmayacaq və doğulanda ilk unutduğu mən olacağam. Nə acı!
    Səndən fəsillər keçirsə, deməli, daha sən də adamlar kimi saat səsini tanıyırsan. Halbuki, o gecə bizim aramızda hər şey vardı, zamandan başqa.
    İndi mənim içimdən saat səsi gəlir.
    ” Yalvarıram, sus”…. deyirəm ona.
    Yalvarıram, sus …
    Bir də görüşək … Bir də !
    Saatlar susana yaxın … Bir də.
    Axı , sənə demədiyim sözlər …
    Ağlayır gözlərimdə.

Müəllif: Aydan Abdullayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslunun doğum günüdür!

YAZARLAR cameəsi adından Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Təvəkkül GORUSLU nu doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Hörmətlə: Zaur USTAC

Təvəkkül GORUSLUnun öz doğum gününə yazdığı şeiri sizə təqdim edirik:

ÖMÜR QAT

Bir ömür yaşadım əlimdə qələm,
Rəqəmlər, hərflər həyanım oldu.
Bir ömür rəqəmlər oldusa şələm,
Hərflər söz olub, duyanım oldu.

Həm ondan, həm bundan yaranan dünya,
Bir yandan cəbr oldu, bir yandan atəş.
Rəqəmə həkk olub daranan dünya,
Hərfə pənah etdi, doğuldu günəş.

“Ol”,dedi Yaradan, tək bircə kəlmə,
Gücü bəyan oldu ikicə hərfin!
Hələ də bir sirdir, indi də elmə,
Bilən yox varlığın gizli tərəfin.

Qapılıb rəqəmə, qapılıb hərfə,
Deyəsən dərinə baş vurdum, heyhat.
Tanrıdan ömr adlı qoyulan zərfə,
Hərəyə dünyadı verilən həyat.

Mənə də bu zərfdən biri verildi,
Verildi, xoşbəxtəm, bəşərəm mən də.
Önümə kainat, dünya sərildi,
Duam var Tanrıya, doğum günümdə!

Deyirlər təzədən bölünür dünya,
Cavabsız sorudan doğur min soru.
Vədəsiz doğuşdan boğulur dünya,
Tanrım, millətimi, ölkəmi qoru!

Mənim də ömrümə bir az ömür qat,
Duyum qələmimin səsi, ününü.
Qədim torpaqlarım olunca azad,
Vəsf edim Vətənin bütöv gününü!

2024

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

German Ağdamlı – Kişilik məktəbi

Bu gün Azərbaycanın Milli qəhrəmanı, kişilik rəmzi, qeyrət meyarı, qəhrəmanlıq mücəssiməsi Asif (Fred) Məhərrəmovun anım günüdür. Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Bir dəfə Ağdamlı, Asifli günlərimizdə rəhmətlik mənə dedi ki, ay German, atalar sözü var ey, “Düz düzdə qalar”, bunu necə başa düşək? Düzdə qalmamaq üçün gərək əyri, nadan, oğru olaq? Çox çətin sual oldu. Dedim, ay Asif, vallah, nə deyim? Deyiblər də. Heç bu barədə fikirləşməmişəm. Sən necə düşünürsən? Dedi, məncə “düzdə” sözündəki “də”ni ayrı yazsaq, daha düz olar. Yəni düz adamsansa, düz də qal də. Sözün məntiqinə vardım, gördüm ki, Asif qızıl xırdalayır. Götürüb, bir şer yazdım:

Atalar – Düz düzdə qalar – deyiblər,
Bu sözü, ay ata, necə dərk edim?
Düzdə qalmamaqçün, deyin, kişilər,
Düz yolumu qoyub, əyrimi gedim?

“Doğruya zaval yox!” – sizin sözünüz,
“Düz əyrini kəsər” – bu həqiqətdir!
“Yalan ayaq açar, amma yeriməz”,
“Yeriyən yalanlar” xalqa töhmətdir.

Düzün düzlüyünü görməsin deyə,
Yalançı vicdanın gözü kor olar.
Nadanlar, alçaqlar düzəlsin deyə,
Bəlkə belə deyək: – Düz düz də qalar!!!

Müəllif: German ADĞAMLI

GERMAN ADĞAMLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəcəbov Şamil Kamil oğlu

Qəhrəmanlar unudulmaz.
Rəcəbov Şamil Kamil oğlu
4 oktyabr 1970 ci ildə Ağdam şəhərində anadan olmuşdur.1sentyabr 1977 ci ildə Ağdam şəhər 5 saylı orta məktəbinin 1 ci sinifinə gedib məktəbdə oxuduğu illərdə müəllimlərin və şagird yoldaşlarının dərin hörmətini qazanmışdır,çox mehriban və səmimi bir insan olub.
Rəcəbov Şamil Kamil oğlu 25 may 1987 ci ildə Ağdam şəhər 5 sayı orta məktəbini bitirib sənədlərini
Azərbaycan Xalq Təsərrüfatı Univeristetinə təqdim edir,həmən univeristetə qəbul olur və həmən univeristetdə təhsil alır.
Rəcəbov Şamil Kamil oğlu 1988 -1990 cı illərdə keçmiş sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılırvə həqiqi hərbi xidmətini Komsomalski na Amure şəhərində yerləşən hərbi hissələrin birində həqiqi hərbi xidmətə başlayır,həqiqi hərbi xidmətdə olarkən nizam intizamlı olduğuna görə yuxarı komandanlıq tərəfindəndəfələrlə təşəkkürnamələr alıb, həqiqi hərbi xidmətini başa vurub vətənə qayıdır və təhsilini davam etdirir .
Rəcəbov Şamil Kamil oğlu univeristetdə təhsil alan vaxtlar ermənistanın Azərbaycana qarşı torpaq iddiası başlamış olur münaqişə getdikcə alovlanıb müharibəyə çevrilmişdir.
Rəcəbov Şamil Kamil oğlu Azərbaycan Xalq Təsərrüfatının 4 -cü kursunda təhsilini yarıda saxlayaraq 190 saylı hərbi hissənin tərkibində Ağdam rayonunun kəndləri uğurunda gedən döyüşlərdə iştirak edib.
Rəcəbov Şamil Kamil oğlu Ağdam rayonunun Atçılıq zavodu,Göytəpə kəndləri uğurunda gedən döyüşlərdə18 aprel 1994 cü il tarixində “QƏHRƏMANCASINA”şəhid olur.
Rəcəbov Şamil Kamil oğlu Bakı şəhərində şəhidlər xiyabanında dəfn edilir.
Rəcəbov Şamil Kamil oğlunun şəhid olmasından az sonra atası da rəhmətə gedir.
Allah şəhidlərimizə rəhmət eləsin,ruhları şad məkanları cənnət olsun.
29.06.2024 cü il.

Mənbə: Ağdam Xəbərləri

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – CAVİDANLIQ QAZANAN CAVİD AXUNDOV

Öncə söz vardı… (18)

CAVİD AXUNDOV (Salmanoğlu) – şair, akademik,
Ali Sovetin deputatı, ictimai xadim

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)

CAVİDANLIQ QAZANAN CAVİD AXUNDOV

Təzə dostum, al qələmi əlinə,
Dərdlərimi mən dedikcə, sən də yaz.
Soruşursan, güzəranım necədir,
Dinlə deyim, məndə qışdı, səndə yaz.

Nadan olan tökər nahaq qan, anam.
Anlamaza necə deyim, qan, anam.
Hər mətləbi, dostum, yaxşı qananam,
Neyləyim ki, mən dərinəm, sən dayaz.

Cavid deyər, çıxmalısan dərindən,
Dost ayağı kəsilərsə dərindən,
Qəlbimizi yoxlasalar dərindən,
Aşkar olar məndə atəş, sən ayaz.
(C.Salmanoğlu)

Əl açana əl uzadan, xeyirxahlığı, nəcibliyi ilə təkcə Gəncəbasarda yox, bütün məmləkətimizdə ad qazanan şair Cavid Salmanoğlunu anmağın lap məqamıdır. Ali Sovetin deputatı, Xırdalan Quşçuluq Fabrikinin 1960-82-ci illər ərzində direktoru vəzifəsində çalışmış, Rusiya Ümumittifaq keyfiyyət məsələləri üzrə akademik olan, şair
Cavid Axundovun iyulun 1-də doğum günüdür.1930-cu il, iyulun 1-də əzəmətli şəhərimiz- Gəncədə doğulan Cavid əmi bütün zamanlarda cavidanlıq, əbədiyyət qazanmış Türk dünyasının nəhəng şairinin adından – Hüseyn Cavid əfəndinin mübarək ismindən nəsibini almışdı.Gəncədə Kənd Təsərrüfatı İnstitutunun zoomühəndis fakültəsini qırmızı diplomla bitirən, Moskvada aspirantura təhsilini davam etdirən, sonralar ictimai xadim kimi nüfuz qazanan, akademik elmi dərəcəsinə qədər yüksələn Cavid Salmanoğlu bu gün də sevilən şair kimi tanınır.Özü də Cavid əminin Moskvaya aspiranturaya yollanması maraqlı bir sərgüzəştlə bağlıdır.Gəncədə əslən erməni olan bir qız və
Cavid əmi: ikisindən biri yollanmalı idi Moskvaya. Bunu mənə Cavid əminin ömür-gün yoldaşı Firəngiz ana danışıb: Konkursdan parlaq zəkası ilə seçilən Cavidin aspiranturaya girməsi belə olur: İmtahan götürən müəllim həlledici olaraq bir sual verir: Toyuq nə vaxt tərləyir?
Gəncəli erməni əsilli qız yanlış cavab verir.
Cavid əmi isə bu vəziyyətdə ayıq davranır və deyir ki:
“Heç toyuğun tər vəzi olur ki, tərləyə!”

Beləcə aspirantura təhsili almaq üçün Moskvaya Cavid əmi yollanır.
Şair Moskvaya yollanmaqda olsun, mən onun bioqrafiyasından yazım:

Kökü Gəncənin ən mübarək nəsillərindən birinə dayanan, xəmiri şifahi xalq yaradıcılığından yoğrulan, təcnisləri dil-dil, ağız-ağız dolaşan
Cavid Salmanoğlu Xırdalan Quşçuluq fabrikinin fəaliyyətində və inkişafında qənirsiz işlər görüb.Onun Baltikyanı ölkələrdə, Bolqarıstanda mənimsədiyi yeni texnologiyaları ölkəmizdə tətbiqi faktı danılmazdır.Məhz Cavid Axundovun inadkarlığı sayəsində Quşçuluq fabrikinin Karton fabrikinə çevrilməsinin qarşısı alınıb. Ondakı bacarığı və qətiyyəti görən nazirlik 29 yaşlı Cavid Axundovu Quşçuluq fabrikinin direktoru təyin edir.Cavid müəllim bununla da kifayətlənmir, ədəbi və elmi işlərini paralel olaraq davam etdirir.Əslində, Kühkana bənzətmək olar Cavid müəllimi, folklorumuzu Fərhad misalı yaxşı mənada yarıb-ələyər, seçib-sonalayardı görsün üzü bizə sarı nələr gəlmiş ulularımızdan: Molla Pənahdan, Aşıq Alıdan, Aşıq Ələsgərdən öyrəndiklərimiz nədir? Tərifini Hüseyn Arifdən, Rasim Kərimlidən alan Cavid Axundovun elə ən yaxın dostları arasında bu şairlər də vardı.Əlbəttə Böyükkişi Ağayev və Həşim Qərvəndi ilə ülfətləri, munis münasibətləri bir ayrı söhbətdir.Madam Hüseyn Arifin, Rasim Kərimlinin adını çəkdim, onlarla keçən şux məclislərə də nəzər yetirsək əla olar. Cavid Axundovun çırağını mən yandırdığımdan yəqin ki, belə yazmağa haqqım çatar.Ən azı şəxsi əşyaları, irsi, kitabxanası, külliyyatı bəndənizə çatıbsa, onda deyim:

Bizdə-Şüvəlandakı bağ evimizdə dəfələrlə olanlardan biri də Rasim Kərimli idi.Şairin gəlişi münasibətilə Firəngiz ana turşu-qovurmalı plov dəmləyərmiş.Bu məclislərdə Aşıq Xanlar, Rasim Kərimli, hətta bir dəfə Qəzənfər Paşayev də olub.Əsasən Həşim Qərvəndi və Böyükkişi müəllim daha sıx-sıx gələrmişlər.

Haşiyə: Həşim dayı həkim idi, Cavid əmi ilə Moskvada birgə aspiranturada oxumuşdular, Eksperimental Xəstəxananın baş həkimi
Böyükkişi Ağayev də həmçinin.Böyükkişi müəllim haqqa qovuşanda doxsanı haqlamışdı.Onlardan ən tez Cavid əmini itirdik.2000-ci ilin yanvarın 25-də, daha sonra Həşim dayını, bu yaxınlarda isə Böyükkişi müəllimi.

Cavid əmi Rasim Kərimli və başqa imkanı dar olan söz əhlinə əl tutardı.Axsaq kişi idi Rasim Kərimli.Daha çox nimdaş, boz pencəyini geyinərdi.Həyatı gətirməmişdi, həyat yoldaşı Zəminə xanımdan ayrılmışdı.Rasim Kərimlinin cibinə pul qoyardı Cavid əmi.Ona ithafən yazdığı şeirlərini də kitabına salıb.Ərz edim ki, Cavid Salmanoğlunun sağlığında 4 şeir kitabı çıxıb.Həmin 4 kitabını indi mən qoruyuram.

Qeyd:
“Haçan olsa…” 1991-ci ildə Azərnəşrin buraxdığı ilk kitabı idi.
İkincisi, 1998- də çıxan “Təcnislər, qoşmalar, gərayılılar” “Səda” nəşriyyatında…
Üçüncüsü, həmin ildə nəşr olunan “O xala məni…”
“Nərgiz” nəşriyyatında.
Sonuncu – dördüncüsü isə vəfatından bir ay qabaq yəni 1999-cu ilin dekabrında çap olunan “Təcnislər…” kitabıdır ki, bunu da “Səda” nəşriyyatı buraxıb.

Bəli, Cavid əminin Rasim Kərimliyə yazdığı şeirini tapıram ki, sizinlə bölüşüm:

Qalıbdı

Bilmirdinmi söz yarası sağalmaz,
Sinəmə vurduğun dağlar qalıbdı.
Pozdun ilqarını, pozdun andını,
O vaxtdan gözlərim ağlar qalıbdı.

Eşqimizi biz əbədi bilərdik,
Gələcəyə min arzular dilərdik.
Bir yerdə gəzərdik, deyib gülərdik,
Xatırımda gözəl çağlar qalıbdı.

Sən qoydun Cavidi yar sorağında,
Yandırdın cismini hicran dağında.
Nə peşman olmusan qoca çağında,
Soğulub bostanın tağlar qalıbdı.

6 sentyabr, 1988-ci il

Yaxud Aşıq Xanlara yazdığı təcnisi oxuyaq:
A çala-çala

Gələ aşıq Xanlar bizim məclisə,
Sədəfli sazını a çala-çala.
Ömrünün yolları uğurlu olsun,
Çıxmasın önünə a çala-çala.

Cərrah kimi ürəyimi yaralar,
Sinəm üstə qövr eyləyib yaralar,
Hər baxanda yar könlümü yaralar,
Xəncər müjganını a çala-çala

Bir gözəl var qaşı, gözü qaradı,
Sinəsi yanında çəkmə qar adı.
Heyif ki, həyatda baxtı qaradı,
Gedib qismət olub, a çala-çala.

Kəsilib Cavidin səbri, aramı,
Mən qul oldum namusamı, aramı.
Xain xəbis yarla vurdu aramı,
Əfi ilan kimi a çala-çala

9 oktyabr 1984
Moskva

Bu şeirlərdən göründüyü ki Aşıq Alıdan, Aşıq Ələsgərdən dərsini yaxşı almışdı Cavid Salmanoğlu.Bunu əla duyan Xalq şairi Hüseyn Arif Cavid əminin ilk kitabına “Ön söz” ünü yazmışdı.
“Ön söz” dən kiçik bir hissəni verirəm:

“Cavid Salmanoğlu əsasən xalq ruhunda yazan şairdir.Onun şeirlərinin əksəriyyəti qoşma, gəraylı, təcnis, müxəmməs formasında yazılmışdı.Cavid Salmanoğlu sözdə israfçılığa yol vermir, həmişə fikrin qısa, aydın ifadəsinə çalışır.Özü də buna ustalıqla nail olur. “Nə çəkir” gəraylısından götürülmüş bənddə sözlərin necə yerində işləndiyi fikrimizə sübutdur:

Yarası var yazarın da,
Həkimi var azarın da,
Naşı, nadan bazarında
Allah bilir, söz nə çəkir.”

Hüseyn Arif
Xalq şairi, Dövlət mükafatı laureatı

Sözün zillət çəkdiyi yerdə, imkansız bildiyi hər şeyə sinə gərmiş Cavid Salmanoğlu “qarıldayan qarğanın mükafat aldığı, biçarə bülbülə söz verilmədiyi” zamanda da həyatla mübarizəsini mərd-mərdanə aparmış, silahı yerə, qılıncı qına qoymamış, alnı açıq 69 il ömür sürmüşdü.Bu gün də yaşayır Cavid əmi.
-Harada?
-Ömür-gün yoldaşı Firəngiz xanımın dualarında, övladları Kamilin, Cəmilin qürbət xəyallarında, nəvəsi Cavidin şıltaq əməllərində.Bir də ona minnət borcu olan kəslərin rəhmət söyləyən lisanlarında göyə pərvaz eyləyir şair.

Xırdalan məzarlığında uyuyan Cavid əmiyə indi baş çəkib gəlirəm.İyulun 1-i doğum günündə, yanvarın 25- anım günündə mütləq onu ziyarət edib, ruhu ilə uzun-uzadı söhbət edirəm.O mənə güc verir, sanki işlərimə kömək göstərir.Rahatlıq, azadlıq hiss edirəm onu görəndən sonra.Həm də özümü ona görə bəxtiyar sayıram ki, 2020-ci ilin iyulunda Cavid müəllim haqqında “Sətirlər” verilişinin bir buraxılışını hazırlaya bildik.”İtirdiklərimiz” rubrikasının bir bölümünü məhz Cavid əmiyə ithaf etdik, həmçinin müəllifi olduğum hər iki kitabıma onun haqqında fəsillər yazdım. Böyük rəssamımız Səttar Bəhlulzadənin ona verdiyi peysaj hədiyyəsi bəndənizdə olduğu üçün ayrıca fərəh hissi duyuram, Bu, Cavid əminin irsində ən dəyərli bəxşişlərdəndir.
Bir bəxşiş də Firəngiz ananın mənə nəql etdiyi söhbətlərdir ki, onlar da gündəliyimdə əksini tapır. Cavid müəllimin çağdaş siyasətçilərlə, şairlərlə, nazirlərlə, ictimai xadimlərlə olan söhbətləri, dialoqları gündəliyimi bəzəyirlər.
Əminəm ki, Cavid Axundov öz zəngin həyatı ilə “Öncə söz vardı…” rubrikasını da bəzəməyə gücü yetəcək.
-Hə, necə bilirsiz, bir yoxlayaq? O zaman, buyurun, oxuyun!
-Aha gözlərinizlə sətirdən-sətrə keçdiyinizi görürəm…
Aha, duyuram pıçıltı səsinizi…
Aha, sezirəm ürəkdə oxuduğunuzu…
Aha, indi bu saat başlayırsız oxumağa…

“Cavidanlıq qazanan Cavid Axundov…”

(Xatirə- yazımda müəllifi olduğum “Sətirlər” və
“Tale şairi: Məmməd İsmayıl” kitablarına, habelə ailəmizdə eşitdiyim xatirələrə, faktlara söykənmişəm)


Bakı
30.06.2024

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuzə Məmmədli – İtirmə.

İtirmə
Ayağına daş dəyibsə, çək geri,
Zaman səni təkləyibsə, dik yeri.
Büdrədinsə, yıxıldınsa, öp yeri,
Ümidini, inamını itirmə.

Ha çalışdıq, dedilər ki, kələkdi,
Gözəl günlər ömür adda ələkdi.
Ələyən də, yoğuran da fələkdi,
Özü bilər, gümanını itirmə.

Nə gördük ki, nə götürək dünyadan,
Axla, ufla köks ötürək dünyada.
Bir az daha ömür sürək dünyada,
Olan-qalan zamanını itirmə.

Müəllif: Firuzə MƏMMƏDLİ

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bircə bir-bir yazır…

Lermontovun sevimli ağacı….

Müalicə və istirahətimin ikinci günü xəstələndim.

Xəstəliyin yolunu səbirsizliklə gözləyirdim. Ola bilməzdi , bu rahatlıqda, bu gözəllikdə , bu sakitlikdə azar məni xırxalamasın.

Həkimim 60 yaşında ,nazik rus qadınıydı. Əsil həkimiydi. Həmişə deyirəm, Allah mənim bəxtimə gözəl həkimlər yazıb.

Qızdırmam qalxan kimi, məni ” bağladılar” çarpayıya , tibbi dəstəni də oturtdular yanımda.
Elə qulluq elədilər, xəstəliyimin üçüncü günü ayağa qalxdım.
Dördüncü günü həkimim dedi:

– Bu gün qonaqlarımız Maşuk dağına, Lermontovun öldürüldüyü yerə gedəcəklər, səni də dəstəyə qoşacam. Beş qardaş dağı çoxillik cökə meşələridi.
İndi ağacların çiçək vaxtıdı, bu gəzinti bütün xəstəliyi canından çıxaracaq.

Hansı bulağın başında dayansalar, ordan su iç, əllərini yu, üzünə vur.
Nağıllarımız yadıma düşdü, bir bulaqdan üzünü yu, birində saçlarını, birində qaşlarını, ol ,dünya gözəli.
Olan- olmazdan torbama atıb, qarışdım camaata.
Şəhər at şabalıdıyla əhatələnib. Bizdəki çoxillik çinarlar kimi iriləniblər.

Pyatiqorskı (yerli xalq beş tau deyir)çıxmamış avtobusumuz xarab oldu.
Şəhər çox sakit, balaca , qırmızı kirəmitli , təmiz , tozsuz yerdi.
Küçələrində adamlar azdı.
Cavanların hamısı müharibədə, müharibəyə nifrət eliyənlər isə çoxdan sərhəddi bəridə qoyublar…

Qırılmış avtobusdan düşən kimi şıdırğı yağış başladı.
Canım qızdırmalıdı deyə qalın geymişəm.
Oğlumun qəribə xasiyyəti var. Bir saatlıq evdən çıxsam belə, yenə məni at kimi çullayır.

İndi yenə qalın qoftalar, şərflər, ayaqqabılar yığıb ey zəmbilimə…

Dəstədə millət olaraq təkəm, bu heç mənim vecimə də deyil. Danışırlar, gülürlər, torbalarından nəsə götürüb yeyillər.

İri şabalıd ağacının altında daldalandım.
Yeni avtobus gəldi, doluşub yola düşdük. Altı saatlıq gəzinti olacaq.

Beş qardaş dağını aralıdan görən kimi ,Kəlbəcərin Ağdaban kəndindəki yeddi qardaş dağı yadıma düşdü…
O dağlar da beləcə yan-yana sıralanıb durmuşdular , mən görəndə .

Dəstəbaşımlz Lermontovun vurğunudu. Şerlərini əzbər deyir, həyatından maraqlı epizodlar danışır, vaxtsız ölümünə yanır…

İndi də gözümün önündə Mikayıl Müşfiq canlanır…

Verə bildikmi qiymətini.?.

İlk duralğamız şairin öldürüldüyü yer oldu. Qalın meşənin içi, günəşin çox az düşdüyü bir yer.

Elə orda da barelyefini qoyublar.

Bələdçi xanım pafosla danışır, Martınova çox acıqlıdı, mən hündür ağacın dibində otururam.
Ayaqlarım əsir, başımdan tər açılır, hündürlükdən təzyiqim qalxır.

Gəldiyimə peşmanam.
Daldaya çəkilib yaş qoftamı dəyişirəm, boyunu sevdiyim kəlağayımı çiynimə salıram, yenidən dəstəyə qoşuluram.

Bir anlıq hamı böyük şairi unudur, diqqətlər mənim çiynimdəki ovsunlu kəlağayıya yönəlir.
Bunu hiss eləyib lap forslanıram.
Bədənimdə “ikinci cəbhə” açılır…

Qızdırma yoxdu, başım ağrımır, əhvalım çox yaxşıdı…

Bütün bunları gözəl yaylığıma borcluyam.

Rus xalqı həqiqətən öz şairinə layiqincə sahib çıxıb.
Bütün şəhər ancaq Lermontov qoxuyur.
Müxtəlif şəhərlərdən gəlmiş adamlar onun öldürüldüyü yerdə dualar oxuyur, xaç çevirir, göz yaşı tökür, torpağı öpürdü.

Onun sıldırım qayalar arasında çimdiyi iyli gölə tunel çəkiblər, gölü cağbəndə alıb ora heç kimi buraxmırlar. Gölün üstündən göyə millənən qayalarda yüzlərlə göyərçin yuva qurub.

Şairin hər gecə gölə enən ruhunun çiyinlərinə qonurlar…bunu bələdçi xanım dedi.

Onlarla yeri gəzdik, muzeyini ziyarət elədik, bura gələrkən qaldığı küləş örtüklü komasına baxdıq.

At axuruna getdik. Yoruldum, hətta paxıllıqdan bezdim.
Çox paxıllığım tutdu, Lermontova.

Başladım öz dilimdə azeylənməyə, deyinməyə.

Bayaqdan kəlağayıma qəribə bir baxışla baxan cütlük artıq üzümə gülümsəyirdilər.
Hara gedirdimsə, arxamca gəlirdilər. Mən ilk baxışdan onları gürcü ailəsi zənn etmişdim.

Narzanın iyli suyunu içən kimi, mədəm hoppanıb ağzıma dürtüldü.

Elə biləsən bir qabın içinə qurbağa, siçan, it öldürüb atıblar, üstünə də su töküb qoyublar günün altına.
İndi o suyu süzüb sənə içirdillər.

Daldaya çəkilib qaytardım, dana kimi böyürdüm.

Bir də gördüm kimsə əlini başıma qoydu, qolumdan tutdu. Qaraqaş, qara saçlı, qarayanız xanım , (məni izləyən cütlüyün xanımı) mənim dilimdə danışmağa başladı.:

– Al suyu ,üzünə vur, yəqin təzyiqin qalxıb, deyib şüşədən ovcuna tökdüyü suyu üzümə vurdu.

Gülüşüm, həyəcanım içimə qayıtdı, mədəmdəki sonuncu qidanı da bayıra püskürdüm.
Heç demiyəsən qadın da üzümə iyli sudan çırpıb…

Olan- qalan heyimi də qusmaq aldı əlimdən. Hardan təmiz su tapdılarsa yenə əlimin, üzümün iyini təmizləyə bilmədim.

Oturuqlu qaldım, mənim dəstəm meşənin içinə doğru getdi.
Lermontov depressiyada olanda Maşuk dağındakı bir talada , iri palıd , cökə ağaclarının altında, özünün daşdan yonduğu stulabənzər şeyin üzərində oturub saatlarla xəyala dalırmış.

Geri baxdım ki, gəldiyimiz avtobus görünür. Mən də düşdüm dəstənin getdiyi cığıra.

Qalın meşənin içində tanıdığım çiçəkləri dərib ovalayıb üzümə sürtürddm ki, bəlkə üfunət iyini apara bildim.
Xeyli urəli- geri getdim, bəni- insan görmədim.
Sürətlə geri qayıtdım, avtobus yerində yoxuydu….

Səfər başlayanda bələdçi öz nömrəsini telefonlarımıza yazdırdı. Hamı arvada zəng eliyə bildi, məndə alınmadı, heç özüm də əhəmiyyət vermədim.
Təkidlə tapşırmışdı, azdığınızı hiss elədizsə, gördüyünüz cığırlarda oturun…

İlk ağlıma oğlum gəldi.
Məni bu qalın meşədə tapmasalar, o neyliyəcək.

Çünki, bu səfərin torbasını o tikmişdi. Mənim nə işim vardı ,uzaq ellərdə.

Sonra qardaşlarımı düşündüm, gec tapılsam, onların təhnizindən, lağlağısından necə yayınacam?

Məni burda ayı, canavar, çaqqal parçalasa, elin üzünə necə çıxacaqlar?

Ancaq pis şeylər düşündüm. Cığırın alt tərəflərində, tanımadığım ağacların dibindən dolma yarpağı yığdım, türklərin sarı kantoron, bizim çay çiçəyi dediyimiz çiçəkdən balaca bir taya qurdum…

Jaketimi sərib üstündə uzandım, başı göylərə dəyən ağaclardan yuxarı boylandım…

Meşənin sıxlığı göyü aydın görməmə mane olurdu
İstəyirdim burdan özümü Allaha göstərim.

Mən hər zaman demişəm, məni qoruyan bir qüvvə var. Elə qüvvə ki, mən onu görmürəm, amma o hər an mənimlədi. Məni gözündən qoymur ,illərdi məni hər bəladan xilas eləyir.
Yenə o qüvvəmlə sakitcə danışmağa başladım.
Əlimin ,üzümün üfunət qoxusunu unutdum.
Özümü sehirli bir aləmə saldım…

Bilmirəm nə qədər keçdi, birdən qulağıma öz dilimizdə səs gəldi:

– Bacı, ay bacı, yaylıql bacı…
Azmamışdan qabaq üzümə su vuran qadınıydı, əri də yanında.
Qalxıb onlara əl elədim…

Bir az irəlidə səfər yoldaşlarımdan çoxunu gördüm…

Heç demiyəsən hamı məni gəzirmiş.
Aradan əlli dəqiqəlik bir zaman keçib.

Məni tapan , öz dilimizdə danışanların kimliyini yəqin ki, bildiniz …
Bizim köhnə qonşularımız.
Amma heç vaxt Qarabağımızda olmayıblar.
Krasnodar vilayətində yaşayıblar.

Avtobusa qalxan kimi hamı əl çalmağa başladı.
Bir neçə xanım məni qucaqladı.

Otelə çatanda həkimimi qapıda təlaşlı gördüm. Düşən kimi altıma stul verdilər, təzyiqimi ölçdülər, iynə vurdular.

Mən də içimi yeyirdim, öyrəncəliyik axı, xəstələnəndə danlanmağa, yıxılanda döyülməyə,
Evə gec gələndə söyülməyə…

Xüsusi diqqət və qayğı yaza bilmədiyim isterikaya saldı.
Məni bir şey maraqlandırırdı.

– Oğluma xəbər verməyiblər ki?
Həkimim yox deyəndə, elə bərkdən güldüm!!
Nə vaxt belə güldüyümü heç xatırlaya bilmədim.

Səfər yoldaşlarım dedilər ki, sənin dəstədə olmadığını o ailə bildi.

– Yaylıqlı qadın yoxdu, dedilər…

Nə Maşuk dağı, nə kəlağayı , nə də meşədə itməyim sinəmdəki Qarabağ yarasını mənə unutdura bilməz.
Sadəcə öz dilimdə eşitdiyim sözlər, mənə ( bəlkə də yaylığıma) təbəssümlə baxan baxışlar, mənim üçün narahat olan adamları sizlərə demək istədim.
Başqa heç nə….

İgid Natiqə Milli Qəhrəman adı verdi , dövlət başçımız…

Nə qədər ki, Natiqin o duruşu, idman geyimindəki baxışları var eyy, bizim nəyisə unutmağa haqqımız çatmaz.

Müəllif: Bircə XANIM

BİRCƏ XANIMIN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru