
YAZARLAR cameəsi adından Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Təvəkkül GORUSLU nu doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Hörmətlə: Zaur USTAC
Təvəkkül GORUSLUnun öz doğum gününə yazdığı şeiri sizə təqdim edirik:
ÖMÜR QAT
Bir ömür yaşadım əlimdə qələm,
Rəqəmlər, hərflər həyanım oldu.
Bir ömür rəqəmlər oldusa şələm,
Hərflər söz olub, duyanım oldu.
Həm ondan, həm bundan yaranan dünya,
Bir yandan cəbr oldu, bir yandan atəş.
Rəqəmə həkk olub daranan dünya,
Hərfə pənah etdi, doğuldu günəş.
“Ol”,dedi Yaradan, tək bircə kəlmə,
Gücü bəyan oldu ikicə hərfin!
Hələ də bir sirdir, indi də elmə,
Bilən yox varlığın gizli tərəfin.
Qapılıb rəqəmə, qapılıb hərfə,
Deyəsən dərinə baş vurdum, heyhat.
Tanrıdan ömr adlı qoyulan zərfə,
Hərəyə dünyadı verilən həyat.
Mənə də bu zərfdən biri verildi,
Verildi, xoşbəxtəm, bəşərəm mən də.
Önümə kainat, dünya sərildi,
Duam var Tanrıya, doğum günümdə!
Deyirlər təzədən bölünür dünya,
Cavabsız sorudan doğur min soru.
Vədəsiz doğuşdan boğulur dünya,
Tanrım, millətimi, ölkəmi qoru!
Mənim də ömrümə bir az ömür qat,
Duyum qələmimin səsi, ününü.
Qədim torpaqlarım olunca azad,
Vəsf edim Vətənin bütöv gününü!
2024
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru