Zəfərinə zəfər qatan “İrəvan” futbol komandası. “İrəvan “FK -nın 14 yaşlılardan ibarət komandası da bizi sevindirir.
Bu gün “İrəvan” futbol klubunun 14 yaşlılardan ibarət komandası ” Dalğa Arenada” “Mübariz ” FK klubu ilə üzləşib. Belə ki, 14 yaş qrupundan ibarət “İrəvan” futbol komandası 6: 1 hesabılə rəqib “Mübariz” FK komandasını məğlub edib. “İrəvan ” FK -nın 14 yaşlılardan ibarət futbol komandası bundan əvvəl 3:0 hesabilə “Rekord Bakı” komandasını məğlub etdi. “İrəvan” FK nın 14 yaşlılardan ibarət komandasının baş məşqçisi Elman Şəfiyevdir.
Oyunu izləyənlər sırasında “İrəvan” İdman Şirkətlər Qrupunun rəhbəri, “İrəvan” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov,”İrəvan”FK nın prezidenti Zahid Niyazəliyev və vitse-prezidenti Həsən Həsənov da olub.
Çətirli küçə (Hekayə) Ürəyimdə mühakimə edərək əməlli-başlı aaa BM l,,məhkəmə qurduğum anda ondan ismarıc alıram. “Saat 8-də səni çətirli küçədə gözləyəcəm”. Ağlımda getməməyi qərarlaşdırsam da, ürəyim dərhal “gedəcəksən” deyir. Əlüstü hazırlaşıam. Həm də bu dəfə daha baxımlı olmağa çalışıram. İstəyirəm daha çox xoşuna gəlim. Amma ağlımda tamam başqa şeylər planlaşdırmışdım. Ağıl da ki, nə ağıl…Ağlım olsa, dəli-divanə olub arxasınca sürünmərəm ki… Demək, bu şəhərdə də çətirli küçə varmış. Səyahət etdiyim yerlərdə rast gəlsəm də, yaşadığım şəhərdə belə küçə olduğunu bulmirdim. Özü də lap yaxınlıqda imiş. Onun dediyi vaxtdan xeyli əvvəl gəlib çətirli küçəni dolaşıram. Qəribə ruhu varmış bu küçənin. Əhvalım xeyli yüksəlir. Halbuki bura gələndə ürəyimdə xeyli müəmmalar, tərəddüdlər vardı. Tərəddüdlərim də səbəsiz deyil. Son vaxtlar o,mənə qarşı əməlli-başlı soyuq və laqeyd olub. Tez-tez itib- batır. Sonuncu görüşümüzdən sonra isə düz bir aydır, nə zəng edib, nə də bir ismarıc yollayıb. Küçəni dolaşaraq onun hansı tərəfdən gələcəyini müəyyənləşdirməyə çalışıram. Uzaqdan görüncə ürəyim çırpınır. Hələ canıma xoşbəxtliyə oxşar bir duyğu da yayılr. Düz üstümə gəlir. Həmişə belədir, itib batandan sonra heç nə olmamış kimi xoş əhvalla geri dönür. Onu görüncə ürəyim döyünür, “hardasan qaçqın?”deməkdən özümü saxlayammıram. Eşitməməzliyə vurur. Deyəsən, heç ciddiyə almır. Mısmırığımı sallayıram. Küçənin başındakı xudmani bir restoran- kafeyə üz tuturuq. Kafenin qapısındakı gözətçi də, sarısaçlı xidmətçi qadın da onu ehtiramla qarşılayır. Yenə də dilimi dinc qoymuram:
Deyəsən, kafedəkiləri əməlli- başlı tanıyırsan axı?.. -Dostlarla hərdən gəlib əyləşirik- burnuma çırtmayla vurur. Kafenin künc tərəfində əyləşirik. Beynimi işə salır, planlar qururam. İstəyirəm birbaşa diqqət mərkəzində olum. Gözlərini məndən çəkməsin. Kompliment, sevgi etirafları, filan gözləyirəm. Gözlərinin içinə baxıb gülümsünürəm. O isə gözlərini uzağa zilləyib. Deyəsən, fikri başqa yerdədir. Amma gözlərinin içi gülür. Belədə içimə qəzəb dolur. Necə deyərlər, mərdi-mərdanə, düzü-düzünə hücuma keçmək istəyirəm. Üzünə baxıram. Açıq-aydın görünür ki, əhvalı yuxarıdır. “Döyüş ruhum” öz-özünə sönür. Əlini atıb saçıma sığal çəkmək istəyir, başımı qaçırıram. Təəccüblə üzümə baxır: -Çətirli kafe ciddiyəti sevməz… -Amma mən ciddi münasibətləri sevirəm. Məsələn, bir aydır yoxa çıxmağın heç də ciddi sayılmaz. Ümumiyyətlə, son vaxtlar neçənci dəfədir itib –batırsan. Deyəsən, “İtib –batırsan” sözü heç də yaxşı səslənmədi. Ürəyinə toxunmaq istəmirəm. Bir qədər duruxub söhbəti davam etdirirəm: –Bir sözlə, mən münasibətlərimizin aydınlaşmasını istəyirəm. Mən istəyirəm ki… Deyəsən artıq nələrsə baş verir.Özüm də özümə mat qalıram. O, gözləriylə ofisantı axtarır, hiss edirəm ki, mənə qulaq asmır. Qalib görünmək istəyim yenə də suya düşür. Nümayiş etdirmək istədiyim qətiyyət- filan heç cür alınmır. Daxilən məğlub olduğumu qəbul edir və özümə əməlli-başlı qəzəblənirəm. Ofisant qadın bizə yaxınlaşır. Əlində tutduğu sinidəki billur qədəhləri və növbənöv yeməkləri masanın üzərinə düzür. O, qədəhlərə qırmızı şərab süzür. Şən səslə qədəhini yuxarı qaldırır.
Öz sağlığımıza! Dedi-qodular, giley-güzarlar bu andan bitdi! Həyat gözəldir! Qədəhimi yuxarı qaldırıram. Həmişəki kimi dodağıma toxundurub yerə qoyuram. O isə qədəhini başına çəkib dalğa-dalğa süzülən musiqi sədaları altında yerində yırğalanaraq ağappaq nimçələrə yemək çəkir. Əslində, mən sakit bir yerdə əyləşməyimizi istəyərdim. Adam balası kimi söhbətimi edərdim. Diqqəti də məndə olardı. Ayda-ildə bir dəfə görüşürük. Odur ki, qəsdən dinib danışmıram. Bir qədər də dinib danışmasam mütləq diqqətini çəkəcək. Özümü sıxıram. Amma heç vecinə də deyil! Deyəsən susmaq işə yaramır… Bu dəfə başqa tərəfdən diqqətini çəkmək istəyirəm. Həm də gərgin olmağımın səbəbini sığortalamaq üçün söhbətə tamamilə başqa səmtdən başlayıram:
Bilirsənmi, nə fikirləşirəm? Heç mübariz olmaq da bir şey deyilmiş… Son günlər adamlarla aramda gərginlik yaranıb. Heç cür qəbul edə bilmirəm onları, başa… Qoluma toxunur. -Ən yaxşısı budur rəqs edək, kefimiz açılsın. Ayağa qalxıb ortada rəqs edənlərə qoşuluruq. Rəqs edərkən o, məni özünə tərəf çəkir, nəfəsini üzümdə hiss edirəm. Az qala xoşbəxt olmaq, fərəhlənmək üçün qanadlanıram. Aramızdakı hərarət dalğa-dalğa canıma yayılır, bədənim gizildəyir. Mən xoşbəxtəm! Az sonra isə içimdəki müəmmalar, şübhələr yenidən baş qaldırır, qollarımdan yapışan bu adamın məndən uzaq olması hissi canıma yayılır. Evə çatan kimi tuflilərimi çıxarıb hərəsini bir küncə tullayıram. Deyəsən, bu adam məni ciddiyə almır. Görəsən, onun üçün nə qədər əhəmiyyətliyəm? Aramızdakı tarazlıq nə qədər pozulub? Yaxud onun həyatının harasındayam? Guya birdəfəlik soruşacaqdım. Ortada çözüləsi çox şey vardı. Danışmalıydım axır ki…Aydınlaşdırmaq olardı hər şeyi. Amma bu çətirli küçə nədənsə məni yaman çəkdi… Düz bir həftə sonra yenidən çətirli küçəyə yollanıram. Küçədə gəzişərək onu düşünürəm. Küçənin başındakı restoran-kafenin işıqları yanıb sönür. Nədənsə, ürəyimdən içəri daxil olmaq keçir. Dərhal özümə qadağa qoyuram: olmaz! Amma içəri daxil olacam! Ürəyimdən keçdisə qurtardı. Özümü də tanıyıram axı… Bir qədər tərəddüddən sonra qərara alıram ki, əyləşib bir stəkan çay, yaxud bir fincan kofe içməkdə heç bir qəbahət yoxdur. Sadəcə olaraq, qapı tərəfdəki küncdə əyləşmək, diqqətdən uzaq olmaq lazımdır. Masamı gözümlə işarələyib küncdə əyləşirəm. Sarısaçlı ofisant qadın masaya yaxınlaşır, üzünə gülümsünürəm. Kofe sifariş edirəm. Yanaşı masada əyləşən kişi gözlərini üzümə zilləyir, baxışlarımız rastlaşdıqda gülümsünür, diqqətimi çəkməyə çalışır. Əhəmiyyət vermirəm. Restoranın alaqaranlığına gözüm alışandan sonra onunla əyləşdiyimiz masanı axtarıram. Gözümü sıralanmış masalara gəzdirirəm. Birdən-birə sanki elektrik cərəyanına toxunuram. Bədənimdən bir gizilti keçir. Ürəyim sürətlə vurur. O, gənc bir qızla üzü divara sarı əyləşib. Şirin-şirin danışıb gülürlər. Hiss olunur ki, əhvalları gözəldir. Qızın üzü mənə tərəf olduğundan ürəyim döyünə-döyünə əməlli başlı nəzərdən keçirirəm. Etirafımdan xoşlanmasam da, deyim ki, yaraşıqlı qızdır. Dodağını al qırmızı rənglə boyaması nəzərə alınmasa, zövqlə bəzənib. Qız cingiltili səslə gülür. Gülüşü o qədər cingiltilidir ki, hətta masadakı billur qədəhlər bu səsdən çilinglənə bilər. Sonra qırmızı şərabla dolu qədəhləri yuxarı qaldırırlar. O, hündürdən: “sənin sağlığına” deyir. Qız şərab rəngli dodaqlarını qədəhə toxundurur, sonra şərabı başına çəkir. Yenidən gülüş səsləri eşidilir. Sonra musiqi sədaları altında rəqs edirlər. Eynən keçən həftə bizim rəqs etdiyimiz musiqidr. Hətta aralarındakı hərarəti də hiss edirəm. Bu hərarət alova çevrilib canımı yandırır. Ürəyimə sərhədi bilinməyən qısqanclıq dolur. Mənə elə gəlir ki, dünyada onlardan xoşbəxt cütlük yoxdur. Yox, daha bir dəqiqə də burda dayanmaq olmaz!.. Bir az da burada qalsam ölə bilərəm! Kofe fincanımı nəlbəkiyə qoyub astaca ayağa qalxıram. Restorandan çıxıram. Demək belə… Özümü məğlub edilmiş döyüşçüyə bənzədirəm. Al qırmızı pomadalı qız məni məğlub edib. Məni döyüşsüz şil-küt ediblər, yerlə-yeksanam. Mən dünyanın ən məğlub insanıyam. Məni öz sevgimdən diksindirdilər. Lap elə bəxbəxtəm də deyə bilərəm. Kafedə səslənən musiqini zümzümə edirəm. Dənizin sahilinə düşürəm, xeyli gəzişirəm. Ürəyimdəki təlatümə baxmayaraq beynim aydın şəkildə düşünür. Bu dəfə açmaq istədiyim kələfi daha soyuq başla didişdirməyə çalışıram. Bəlkə də, heç nə dəyişməyib, o elə əvvəldən belə imiş… Sadəcə olaraq açıqlamaq zamanı indi yetişib. Bəs münasibətimiz? Aha, deyəsən onun da cavabını tapıram. Görünür, nə vaxtsa xoşuna gəlmişəm, İndi marağı azalıb… Vəssəlam özlüyümdə hər şeyi çözürəm. Bəs elədirsə, niyə tamamilə çəkilib getmir…Tez-tez heç nə olmamış kimi geri qayıdıb özünü sevdirə bilir… Müəmma də elə özünü sevdirə bilməsindədir… Yolboyu fikirlər beynimi döyəcləyir. Yaxşı, bu adamla nə edim? Bir çıxış yolu, bir çözüm olmalıdır axı… Bəlkə, bundan sonra gələn zənglərinə, ismarıclarna cavab verməyim? Telefonumu söndürüm, itib batım, sakit və səssiz bir-birimizin həyatından yox olaq?.. Onsuz da gec, ya tez bu olmalıdır. Ayrılıq gözəniləndir…Adam hissə-hissə, damla-damla soyuya bilir… Birdən bacarmasam? Ürəyimdən siləmməsəm? Lənət şeytana! Uzun çək-çevirdən sonra ona ismarıc yazıram: “Artıq aramızda soyuqluq mövcuddur. Ötən hər bir dəqiqə, hər bir saat bizi bir-birimizdən uzaqlaşdırır. Yəqin ki, fərqindəsən.Sənin soyuqluğun və bəzi başqa faktlar çox şeydən xəbər verir. Düşünürəm ki, ayrılmağımız qaçılmazdır. Odur ki, gecikdirməsək yaxşıdır!..” Barmağımla telefonun düyməsinə toxunub mesajı göndərirəm. Vəssəlam! Rahat nəfəs alıram. Çox keçmədən cavab gəlir. “Sabah işdən çıxarkən məni gözlə! Mütləq gözlə!” Yenə də məni qərarsızlığa atır, yenə də ümidləndirir.Ürəyimdə saralıb qurumaqda olan ümid toxumları yenidən cücərməyə başlayır. Bəlkə, heç görüşməyim. Demişdim axı güclü olmaq, qətiyyət, filan… Amma onu kafedə başqasıyla gördüyümü açıqlamalıydım. Yəqin özü anlayacaq. Elə şeylər var ki, onlar dillə deyilmir, hiss etdirilir… Səhər evdən çıxarkən ürəyimdə işdən sonra onu gözləyib gözləməyəcəyimi çək-çevir edirəm. Bir qərara gələ bilmirəm. İçimdəki bir səs isə “gözləyəcəksən!” deyir. Binamızın tinindən keçərkən hiss edirəm ki, məni izləyən var. Kölgəsindən tanıyıram, hər səhər rastlaşdığım Qaraşın oğlandır. Elə bilir ki, onu görmürəm. Ürəyimdə “mənim Məcnunum” deyərək hər dəfə məzələnirəm onunla. Yenə də həmişəki kimi, bnanın tinində dayanıb baxışlarıyıa məni ötürür. Hər gün dayanacaqdan yola salır, amma yaxınlaşıb bir kəlmə də demir. Bu oğlan hətta bir dəfə az qala məni ölümdən də qurtarıb. Küləkli bir gündə qulaqcığımı külək alıb birbaşa böyük magistral yolun ortasına atmışdı. Anidən özümü yola ataraq qulaqcığı götürmək istəyərkən özünü irəli atıb qolumdan yapışmışdı. Cəld hərəkət etməsəydi, bəlkə də, sürətlə tindən çıxan böyük yük maşınının altına düşəcək, asfalta yapışacaqdım. Deməli, bu adam mənim qəhrəmanımdır. Lap filmlərdəki kimi… Amma heç dəyişmir, qəhrəmanım yenə də əvvəlki kimi sakit və təmkinlidir. İnadla məni izlədiyini hiss etdirməməyə çalışır. Birinci dəfədir ki, düz yaxınlığında dayanıb salamlaşıram. Deyəsən, özünü itirir. İlk dəfə diqqətlə üzünə baxıram və ürəyimdən keçir ki, yaraşıqlıdır. “Onun yaraşığından sənə nə?” dərhal özümü yığışdırıram. Ehmalca salamlaşırıq. Gözlədiyim marşrut görünmür, bu gün nədənsə xeyli ləngiyir. Narahatlıqla dayanacaqda o tərəf-bu tərəfə var-gəl edirəm. Və budur, Qaraşın oğlan dillənir. Deyəsən, axır ki, tilsimi qırır: -Bağışlayın, sizin gözlədiyiniz marşrut öz xəttini dəyişib, yoldakı nasazlıq üzündən, daha bu küçədən keçmir. Odur ki, yolunuzu dəyişməlisiniz. “Paho! Mənim yolumu dəyişib dəyişməyəcəyimdən sənə nə?” demək istəyirəm. Amma demirəm. -Barı xəbərdarlıq edərdilər-deyə söylənirəm. Üzünə baxıram. -Nədən bildiniz ki, mənim marşrutum hansıdır? Gülümsünür. Qeyri-ixtiyari mən də gülümsünürəm. O biri küçəyə keçirəm. Bir söz demədən o da mənim yanıma düşür. Qoşa addımlayırıq. Nədənsə, etiraz edə bilmirəm. O, durmadan danışır, sehrlənmiş kimi dinləyirəm. Mənə elə gəlir, çoxdanın tanışıyıq. Qaraşın oğlan çox xoşbəxt görünür. -Açığını deyim, xeyli müddətdir izləyirəm, nə gizlədim çox xoşum gəlir səndən. Səhərlər səni ötürməsəm sanki bütün günüm boş keçir. O susur. Az qalıram Qaraşın oğlanla davaya çıxım. Nədənsə onun susqunluğu məni qəzəbləndirir. Düz gözlərinin içinə baxıram: “hə nə oldu, danış!” O isə deyəsən açıq və qısa danışmağı sevir. -Doğrusu, heç özüm də anlamıram… Hər gün yaxınlaşıb ürəyimi açmaq istəyirdim, amma alınmırdı. Bir də ki… elə şeylər var ki, dillə deyilmir, hiss etdirilir. Başımı tərpədib razılığımı bildirirəm. Birdən o, dayanıb üzünü əks səmtə tutur. -Bəlkə, çətirli küçəylə gedək, qəribə ruhu var o küçənin. Təəccüblə üzünə baxıram. Az qalıram deyim ki, mən də belə düşünürəm, Qaraşn oğlan! Ruhlarımız çox yaxındır, xəbərin varmı? Küçənin başındakı meydanı dolanıb çətirli küçəyə çıxırıq. Hardansa canıma qəribə bir rahatlıq axır. Bu rahatlığın içərisində özümün də anlamadığım bir arxayınçılıq, əminlik var. Külək çətirləri astaca yellədir, göyün üzü görünür. Üzümü göyə tuturam: -Çətirli küçənin mühafizəsində boşluq var. Göyün üzü görünür. Gülümsünür. Mənzil başına çatıb sağollaşmaq üçün üz-üzə dayanırıq. Qaraşın oğlan həyəcanla nələrisə anladır, sanki sözünü kəsəcəyimdən qorxur. Onu çox gözəl anlayıram. Amma mən çox qərarsızam. Qaraşın oğlanla üz-üzə dayansam da, yenə də onu düşünürəm, fikrim axşam ona yazdığım ismarıcın yanına uçur. ** *
İşdən çıxıb onu gözləyirəm. Axşam ismarıcda yazmışdı ki, mütləq gözlə! Dediyi vaxtdan xeyli ötsə də, hələ də görünmür. Amma gözləməkdə israrlıyam. Sona qədər gözləyəcəyəm! Bəlkə də, elə bu da sonuncu görüşümüzdür, yəqin ki, yaxşı xatirə buraxmayacaq. Bəlkə də birdəfəlik ürəyimdən siləcəm. Amma yenə də olsun… Necə də olsa görüşəcəyəm! Birdən- birə göyün üzü tutulur, yağış yağmağa başlayır, getdikcə şiddətlənir. Səhərki havaya baxanda heç deməzdin ki, yağış yağar. Damlalar bərkiyərək sökülməsi nəzərdə tutulmuş əyri, yapalaq damların qırmızı örtüyünü inadla döyəcləyir. Başlarına çətir tutmuş adamlar ora-bura qaçışır, bir andaca səkidən, küçədən qeyb olurlar. Küçədə təkcə mən qalıram, bir də yaxınlıqda yerləşən maşın dayanacağının qoca gözətçisi. Qocanın dünya vecinə deyil, heç yerə tələsmir. Balaca otağında şəstlə əyləşərək yağışı seyr edir. Qoca birdən başını pəncərədn çıxarır, hökmlü səslə məni məzəmmət edir. –Bu qədər yağışın altında dayanmaq olar?! Tamam islanmısan! Gəl, heç olmasa içəridə gözlə, yüz faiz xəstələnəcəksən! Ürəyimdə söylənirəm: “bircə sən çatmırdın axı”. Gülümsünərək mızldanıram. – Heç nə olmaz! -Heç nə olmaz, heç nə olmaz… Qoca dodaqaltı deyinir, sonra sanki ultimatum verir:
Barı özünlə çətir götürəydin! Hanı çətirin?! Bu dəfə məğlub səslə dillənirəm: – Çətiri heç xoşlamıram. Zəhləm gedir çətirdən. Qoca inadkarlığından əı çəkmir. – İstədin, istəmədin dəxli yoxdur! Qadının həmişə çətirə ehtiyacı olur! Yox bir, çətir! Ürəyimdə qocaya söylənirəm. Yağışın altında boş küçə ilə gəzişirəm. Təpədən dırnağadək islanmışam. Onun dediyi vaxtdan artıq iki saat keçib, hələ də yoxdur. Amma yenə də inadla gözləyirəm. Qəzəbdən, inaddan daha çox özümdən mazoxistcəsinə intiqam almağa çalışıram. Düşünürəm ki, nə qədər çox əzab çəksəm, o qədər güclü və qərarlı ola bilərəm. Hiss edirəm ki, dişim-dişimə dəyir, titrəyirəm. Qoca düz deyirmiş, yəqin ki, belə yağışdan sonra xəstələnəcəyəm. Başımı qaldırıb göyə boylanıram. Göyün üzü boz rəngli toz dumana bürüb. Bu an mənə elə gəlir ki, yağış mənə görə yağır və ondan çıxmağa gücüm çatmayacaq. Bəlkə də, elə bu yağışın altında öləcəyəm. Birdən-birə sanki başımın üstündə günəş doğur. Bu nədir yağış necə kəsdi? İndicə göydən su axırdı axı. Amma indi hər tərəf qupqurudur, yağış kəsib, hava isinib. Hələ göyün rəngi də dəyişib, al- əlvandır. Başımı qaldırıb yuxarı boylanıram. Üzərimdəki göy qurşağını andıran, rəngləri bir- birinə qarışmış yarımşəffaf örtüyün çətir olduğunu anlayıram. Səhər məni ötürən Qaraşın oğlan ərklə çətiri mənə uzadır, sonra qayğıkeşliklə dillənir: – Götür, əməlli-başlı islanmısan- üzünü göyə tutur -bu yağış deyəsən kəsənə oxşamır. Bir söz demədən soyuqdan buz kimi donmuş əlimi uzadıb çətiri götürürəm. Qaraşın oğlan qoluma toxunur: -Gedək! Yenə də qoşa addımlayırıq. Qoca gözətçi pəncərədən başını çıxardıb bizə baxır,məmnunluqla gülümsünür. Qaraşın oğlanla yanaşı küçənin başındakı meydana tərəf gedirik. İstiqaməti o seçir. Bu an tamamilə onun tabeliyindəyəm. Hansısa sehrli qüvvə məni öz ağuşuna alıb onun ardınca aparır. Meydanın o tərəfi isə çətirli küçədir. Yağış hələ də kəsməyib. İkimiz də susmuşuq. Yalnız ürəyimizin döyüntüsünü və çətirə çırpılan yağış damlalarının səsini eşidirik. Damlalar sanki məchulluqdan boylanan naməlum bir xoşbəxtliyin qapısını döyür… Doğrudan da, hər bir qadının başı üzərində bir çətirə ehtiyacı var. Siz də buna inanın! Bunu mən deyirəm sizə. Yağışın altında kifayət qədər islanmış, soyuq və ehtiraslı damlalara kifayət qədər bələd olan birisi söyləyir… İnanın!..
*** Başımıza nə gəldisə Sənin üzündən gəldi. Bu artığın, bu əksiyin, Kəmin üzündən gəldi.
Külək kimi əsib coşdun, Dəniz kimi aşıb daşdın, Bilirsən ki, bu sel, daşqın Nəmin üzündən gəldi.
Nə dedim nəhsə yozuldu, Yaxşı da pisə yozuldu, Yuxular tərsə yozuldu, Sevda gözümdən gəldi.
Bir şirin sözə aldandın, Od bildin, közə aldandın, Qəlbə yox, gözə aldandın, Fərman özündən gəldi.
*** Bu səhərdə başqa ruh var, Bu səhər başqa səhərdi. Torpağın üzü suludu, Göyün üzü simuzərdi.
Çiçəklər də ayrı rəngdə, Otlar da ayrı rəngdədi. Arzular təzə tərdilər, Ümidlərsə bələkdədi.
Günəş səma yuvasından Gülümsəyir yerə sarı. Bir birini qucaqlayır Ağacların budaqları.
Çiçəklərin başı üstə Bülbüllər nağıl danışır. Dəniz sahilə tələsir, Çaylarsa axır, danışır.
Dağılıbdı fikir, xəyal, Dərd də, ələm də dağılıb. Bu səhər başqa səhərdi, Gözündə sevgi doğulub.
*** Axı bu köpəyin günahı nədi? Gələn də, gedən də daş atıb keçir. Kimin nə hirsi var, nə hikkəsi var Bu itin üstünə boşaldıb keçir.
Dili yox dərdini açıb danışsın, Hürür, səsinə də daş atırıq biz. Bəlkə yaralıdı, elə bu daşla Yenidən yarasın qanadırıq biz.
Küçədən keçənə, gəlib gedənə, Sənə də, mənə də yalmanır bu it. Durub köpək kimi yol qırağında Uşağa, böyüyə yalvarır bu it.
Bu itin it dərdi, it azarı var, Bilmir hara atsın dərdini yazıq. Qupquru çörəklə, köhnə sümüklə Öldürür gözünün qurdunu yazıq.
Nələr gizlədibdi baxışlarında, İlahi, bu itin gözü danışır. Yaralı quyruğu, kəsik qulağı, Bulaşıq ayağı, dizi danışır.
Axı bu köpəyin günahı nədi? Gələn də, gedən də daş atıb keçir. Kimin nə hirsi var, nə hikkəsi var Bu itin üstünə boşaldıb keçir.
*** Bir ümid çiçəkləyir başım üstə deyəsən, Adını nə qoyum mən ilin, günün bu vaxtı? Bilmirəm əllərindən tutummu, tutmayımmı, Tutsam günahkar ollam, tutmasam da günahdı.
Payızın ortasında hardan çıxdı bu bahar, Tanrımı lütf elədi, ya yarımçıq duyğular? Bəlkə də irəlidə hələ neçə qınaq var, Batsam günahkar ollam, batmasam da günahdı.
Min ulduzun birini seçib gəlib bu sevgi, Arzunun qanadında uçub gəlib bu sevgi, Tənhalığın içindən keçib gəlib bu sevgi, Dadsam günahkar ollam, dadmasam da günahdı.
Bəlkə bu da sınaqdı, imtahandı, bilmirəm, Ya xəzana, payıza bir üsyandı,bilmirəm, Hansı hissdi, duyğudu, həyəcandı, bilmirəm, Atsam günahkar ollam, atmasam da günahdı.
Necə götürüm indi bu eyhamı, minnəti? Yüz cümlə ovudammaz bir ağrıyan həsrəti, Hansı zülmətə satım bu boyda həqiqəti ? Satsam günahkar ollam, satmasam da günahdı.
*** Tanıyırsan bu ağacı, Bu dalanı, küçəni sən? Bu küçədən keçəni sən? Bu küçəni qucaqlayan gecəni sən? Yadında qalıbmı görən Göydən ulduz dərməyimiz, Sonra da bu ulduzları Ulduz-ulduz sevməyimiz? Eh, hardan düşsün yadına, Sən ki, keçməmisən burdan. Bu küçə də, bu ağac da, Bu gecə də sənə yaddı. Özün özündən xəbərsiz Ürəyimə bir daş atdın, Heç kəs çıxara bilmədi. Çıxıb getdin elə sakit, elə səssiz, Geri çağıra bilmədim. Heç vaxt xəbərin olmadı Bu gözəl, göyçək Fatmadan. Olsaydı, sən də sevərdin, Ya da, sevməzdin nə bilim. Bilirsənmi nağıl adam, Bu gün də sənin adına Göy üzündən ulduz dərdim.
*** Bu zülmət gecədə, bu dar otaqda Divar xatirədi, tavan xatirə. Min ildi ruhumu ac buraxmısan, Gözünü doyurmur yavan xatirə.
Görən nə saxlayır səndən bu gecə, Böyründə, başında nə qalıb görən? Gözlərim çırpınır fikir torunda, Kirpiyim asılıb xatirələrdən.
Xəyallar gözümü yorur eləcə, Yuxuma daş atıb qaçır xəyallar. Gecə öz taxtında dincələ bilmir, Qapısın bağlayır, açır xəyallar.
Pəncərə-pəncərə səhər açılır, Pəncərə pəncərə bağlanır gecə. Başımı qatıram sözlə, qələmlə, Hər gün bir nağıla aldanır gecə.
Ayla danışıram, gecə boyunca Göyün sinəsindən ulduz yığıram. Bu təklik, tənhalıq vecimə deyil, Səni unutmaqdan yaman qorxuram.
*** Səndən əvvəl mən kim idim, bilmirəm, Səndən sonra “divanədi” – dedilər. Ocaq bildim, hey dolandım başına, “Bu da bu cür pərvanədi” – dedilər.
Təpə idin, dağ elədim səni mən, Viranəydin, bağ elədim səni mən, Məhəbbətlə ətirlədim səni mən, “Başdan-başa sehranədi” – dedilər.
Gah enişdən, gah yoxuşdan keçirdin, Gah tufandan,gah yağışdan keçirdin, Neçə-neçə aldanışdan keçirdin, “Ayrılmağa bəhanədi” – dedilər.
Dönə-dönə bağışladım, bilmədin, Küsdüm, yenə bağışladım, bilmədin, Səni mənə bağışladım, bilmədin, Ünvanıma “mərdanədi” – dedilər.
Ulu Öndərimizin hər zaman dayağı, dəstəyi olmuş, həyatda onun üçün ən sadiq insan olmuş ömür-gün yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva haqqında
Azərbaycan-türk qadını, türk anası hər zaman hər sahədə müsbət mənada bütün dünya qadınları arasında öz fərqliliyini, ağırlığını, sanballılığını, ucalığını nümayiş etdirmiş və seçilənlərdən olmağı bacarmışdır. “Qadınlıq” sözü, “analıq” sözü hər zaman Azərbaycan qızlarının, gəlinlərinin. qadınlarının timsalında daha da dəyərə, qiymətə minmiş, daha gözəl və daha qürurlu bir şəkildə səslənmişdir. Azərbaycan qadınları öz xalqını, öz ölkəsini bineyi-qədimdən çox gözəl və layiqli şəkildə təmsil edərək bu qadınlıq, analıq adını zirvələrə qaldırmışlar. Bunun nümunələrini keçmişimizdən görmüşük, indi görürük və gələcəkdə də görəcəyimizə şübhə etmirik. Ataların misalında deyildiyi kimi “ot kökü üstə bitər”. Bizim xanım-xatın qadınlarımız öz ömür-gün yoldaşlarına ömür boyu sadiq qalmış, dəstək olmuş, ən yaxşı anında onunla sevinmiş, ən pis anında onları tərk etməmiş, onların ömür boyu yanında olmuş, səsinə səs vermişdir. Azərbaycan qadını, Azərbaycan anası özünün zinəti olan əxlaqından və imanından heç bir zaman ayrılmamış, bütün ömürünü düzlük içində, haqq-ədalət, ana, qadın isməti, abırı, həyası içərisində yaşamışdır. Dünyanın bir çox yerindən Azərbaycanın tarixini öyrənən tədqiqatçılar haqlı olaraq heyrətlənir və belə bir sual soruşurlar: “Azərbaycan qadınları dünya qadınlığı içərisində necə bu qədər böyük nüfuza, sevgiyə, hörmətə və diqqətə sahib ola biliblər?”. Bu, əslində cavabı elə də çətin olmayan bir sualdır. Bunun cavabını dünya xəlq olandan bu günə qədər öz fəaliyyətlərini davam etdirən xanımlarımızın misalında, ər igidlərinə hər zaman dayaq olan Tomris xatunun, Sara xatunun, Koroğlunun ömür-gün yoldaşı Nigarın, Qaçaq Nəbinin həyat yoldaşı Həcərin və adlarını bildiyimiz və ya bilmədiyimiz neçə-neçə Azərbaycan xanımlarının timsalında, onların həyatı ilə tanış olaraq, öyrənərək tapa bilərlər. Bir də ən əsası bir şəxsiyyətin, fenomenin və böyük insanın xanımı timsalında… Xalqımızın Ulu Öndəri olan Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloqumuz, akademik Zərifə xanım Əliyevanın timsalında.
İnsanlar sevgi, məhəbbət haqqında fikirləşəndə bu qənaətə gəlirlər ki, əsl sevgi gərək odlardan, alovlardan keçsin, bir çox qət olunması mümkünsüz olan zirvələri fəth etsin, maneələri, sədləri aşsın və sonda sonsuz, əvəzsiz, şirin vüsala yetişsin. Onda həmin sevgi əsl sevgidir və o sevgi nəinki bir ömür boyu, hətta bir dünya boyu yaşayacaq, yaşadılacaqdır. O sevgi dünyanın ən saf, təmiz məfhumudur və heç bir zaman təmizliyini, saflığını itirməyəcəkdir. Belə sevgilər dünyada az-az, demək olar ki, çox nadir hallarda olur, meydana gəlir. Bir fidan kimi qəlblərdə yetişən o sevgi gün gələndə böyük, uca, ən güclü qasırğalara və fırtınalara davamlı olan çinar ağacına çevrilir. O çinarın neçə-neçə budaqları, qolları olur. O budaqlar, o qollar əsl sevgidən yaranmış sədaqət, nəciblik, böyüklük timsallı sevgilərdir. Mən Ulu Öndərimiz Heydər Əliyevlə onun ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın sevgisini şəksiz və şübhəsiz olaraq əsl sevgi adlandırıram. Tam mənasında inanıram ki, bu sözümü təsdiq edən çoxlu təkzibedilməz sübutlar var. Ulu Öndərimizin Zərifə xanımla ömrünü birləşdirmək yolunda keçdiyi çoxlu maneələr, getdiyi yollarda olan burulğanlar, tufanlar, fırtınalar bunun ən böyük misalıdır. XX əsrin 50-ci illərində Azərbaycanın siyasi həyatında baş verən o qanlı-qadalı hadisələrlə dolu günlər buna misaldır. Elə o əsl sevgi fidanını böyüdüb, bəsləyib uca və ulu bir çinar edən də budur. Əsl sevgi ağacı sudan, havadan yox, maneələrdən, tufanlardan, fırtınalardan qidalanır və bu səviyyəyə çataraq aliləşir, müqəddəsləşir. O ulu çinar ağacı sevgidən güc aldığı üçün ən böyük fəlakətlərdə yerindən bir azca da olsa tərpənmir belə. Hətta fırtınaları, tufanları titrədir, yurdları, yerləri viran qoyan sellərin özünün önünə sipər olur, onu dayandırır, səmtini dəyişir, dağıdıcı havasını alır. Bu ali sevgini, məhəbbəti belə vəziyyətə gətirən nədir? Qorxmazlıq, sadiqlik, səbirlilik, dözümlülük, təmkinlilik… Ulu Öndərimizin gələcək sevgilərə bir ilham xarakteri daşıyan sevgisi belə başladı, davam etdi və özünün ən böyük zirvəsinə, kuliminasiya nöqtəsinə belə çatdı.
Zərifə xanım xalqımızın böyük alimi, elm və səhiyyə sahəsində tanınmış xadim, Azərbaycanı bütün Sovet məkanında, o vaxtkı sosialist ölkələrində tanıdan, sevdirən böyük bir şəxsiyyət idi. Ulu Öndərimiz siyasi uzaqgörənlik, idarəçilik qabiliyyəti baxımından, Zərifə xanım isə tibb və elm sahəsində fəaliyyəti baxımından Azərbaycanın nə qədər qüdrətli, əzəmətli və zəngin bir ölkə olduğunu, demək olar ki, bütün dünyaya çatdırmışdı. Görkəmli oftalmoloqumuz Zərifə xanım Tomrisin, Sara xatunun, Nigarın, Həcərin SSRİ dönəmində – o qanlı-qadalı illərdə ən böyük və layiqli davamçısı olaraq fəaliyyət göstərirdi. Azərbaycanın əməkdar elm xadimi kimi ali və şərəfli ada layiq görülmüş Zərifə xanım həm də oftalmologiya sahəsində müəllifi olduğu kitablarla necə təhsilli, təcrübəli və bacarıqlı oftalmoloq olduğunu göstərirdi. SSRİ səviyyəsində qazandığı ali məqam, şöhrət və yüksək dərəcədə olan hörmətin nəticəsi olaraq Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü seçilmişdi. 1981-ci ildə Sovet məkanında SSRİ Tibb Elmlər Akademiyasının M.İ. Averbax adına Mükafatına layiq görülmüş ilk qadın olması onun nəinki Azərbaycan qadınını, həm də Şərq qadınını layiqincə təmsil etməsindən xəbər verirdi.
Zərifə xanım Ulu Öndərimizə layiq bir xanım və ömür-gün yoldaşı idi. Onunla tanış olduğu ilk gündən vəfat etdiyi günə qədər ona olan sadiqliyi, əbədi və dönməz sevgisi, hörməti, diqqəti ilə bütün xanımlara örnək idi. Zərifə xanım sadiq həyat yoldaşı olduğu kimi mehriban, qayğıkeş, fədakar bir ana idi. O, Ulu Öndərimizə iki layiqli övlad – Sevil xanımı və hörmətli cənab Prezidentimiz İlham Əliyevi böyütmüş, vəfat etdiyi günə qədər onları gözü kimi qorumuş, canından da artıq sevib dəyər vermişdi. Zərifə xanımın Azərbaycan xalqına İlham Əliyev fenomeni kimi əsrin qəhrəmanı sayılacaq dərəcədə ali, müzəffər və böyük bir şəxsiyyət yetişdirməsi, bu xalqa, bu millətə nə dərəcədə böyük fədakarlıqlar etməsi və xeyir işlər görməsi faktı danılmazdır.
Qeyd edilənlərlə bərabər Zərifə xanım Əliyeva həm də hikmətli, şəfqətli və yüksək dünyagörüşlü bir həkim idi. Bunun sübutunu onun müəlliflik etdiyi “Yüksək əqidə” kitabında tapmaq olar, orada deyilir:
“Ölkə, cəmiyyət nə qədər inkişaf etmiş olursa, onun insanları da, mənəvi cəhəti də, humanistliyi də yüksək olur, eyni zamanda həkimin mənəviyyatı da, insanpərvərliyi də diqqəti cəlb edir.
Həkim çox səbirli olmalıdır. O, xəstənin daxili aləminə girib onu başa düşməsi üçün “Şəhrizadın uzun-uzadı nağılı”nı dinləməyi bacarmalıdır. İnsanın və xüsusilə xəstənin daxili aləmi də onun orqanizmi kimi mürəkkəbdir.
Vicdan – bizim əsas hakimimizdir.” və s.
Yuxarıdakı sitatlardan da göründüyü kimi Zərifə xanım vicdanlı, humanist bir həkim, bir insan olaraq təkcə xəstələrinin yox, öz ölkəsinin, cəmiyyətinin, digər ölkə və cəmiyyətlərin, bir sözlə, bütün dünyanın xeyrini istəyir, bunun üçün çalışır və bütün ömrünü, həyatını bunun üçün sərf edirdi. Onun sədaqəti, sevgisi təkcə Ulu Öndərimizə, övladlarına, gözəl ailəsinə deyil, eyni zamanda doğma xalqına, ölkəsinə və elə bütün dünyaya idi.
Zərifə xanımın sevgisində o, vəfat edəndən sonra da ayrılıq baş vermədi. Oxucu haqlı olaraq soruşa bilər ki, axı Zərifə xanım 1985-ci ildə amansız xəstəlikdən dünyasını dəyişdi, bəs onlar ayrılmış olmadılar?! Xeyr, onlar ayrılmış olmadılar. Onlar heç bir zaman ayrılmadılar. Ulu Öndərimiz heç bir zaman onu unutmadı. Məzarını ziyarət edərkən əlini Zərifə xanımın qəbirüstü abidəsinə qoyaraq fikrə getməsi, dəqiqələrcə onun abidəsinə tamaşa etməsi, tədbirdə “Tut ağacı” mahnısını dinləyərkən kövrəlməsi onun Zərifə xanımı nə qədər böyük və sarsılmaz məhəbbətlə sevdiyini göstərirdi. Rejissor Vaqif Mustafayevin çəkdiyi “Əsl məhəbbət haqqında” adlı filmə baxarkən biz Ulu Öndərimizlə Zərifə xanımın böyük sevgisinin bir daha şahidi oluruq. Zərifə xanım vəfat etsə də, bütün varlığı ilə Ulu Öndərimizin və onu sevənlərin qəlbinə köçdü, orada həyatını davam etdirdi və indi də həyatına davam edir. Zərifə xanım ölməyib, o, Ulu Öndərimizə duyduğu sevgi qədər əbədidir, onu sevənlərin qəlbində ölməzliyini qoruyub saxlayır və saxlayacaqdır.
“İrəvan” futbol komandası azarkeşlərinə növbəti qələbə sevincini yaşada bildi.
Xəbər verdiyimiz kimi futbol üzrə Azərbaycan I Liqasında 4-cü turun oyunları keçirilir Bu gün ASK Arenada “İrəvan” futbol komandası ev yiyəsi olaraq ” Araz Saatlı ” komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “İrəvan” komandası 7: 0 hesabı ilə qələbə qazanıb.
Oyunu izləyənlər sırasında “İrəvan” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov ,klubun prezidenti Zahid Niyazəliyev, idarə heyətinin üzvləri Həsən Həsənov,Canbaxış Hüseynov və Vaqif Ayvazov da olub.
Zaman keçdikcə insanın kəşf etdiyi bütün boyalar dəyişir, solur, bozarır, bərpaya ehtiyac duyur. Təbiətin yaratdığı rənglərə isə zaman təsir edə bilmir. Onlar əsrlərdir ki, olduğu kimi qalır, dəyişmir. Təbiət hər fəslini öz rənginə boyayır. Payızın da öz rəngi var. Çox vaxt ona “qızıl payız” deyirlər. Payız bu qədər solğun, darıxdırıçı olduğu halda niyə ona “qızıl payız” deyirlər görəsən?
“Yenə payız gəldi qonaqlar kimi Soldu məhəbbətim yarpaqlar kimi” – bir anlıq bu mahnı düşdü yadıma. Yarpaqlar solur, amma qəribə bir rəng alır payızda. Həqiqətən hər yarpaq bir kiçik qızıl parçasına bənzəyir. Yarpaqlar bəzən sarı, bəzən tünd yaşıl bəzən də qəhvəyi rəngə boyanırlar. Təbiət bütün bu rənglərin qarışığından yaratdığı qəribə bir örpəyə bürüyür ətrafı. Payızda təbiətin qoynunda olmağın ayrı ləzzəti var. Payızın ətrindən, füsunkar gözəlliyindən doymaq olmur. Şəhərdən çox uzaqdayam. Maşını yolun qırağında saxlyıb üstündə ağaçların bir- biriylə qol-boyun olub təbii çardaq yaratdığı çığırla piyada gedrəm. Bir qədər getdikdən sonra qulağıma sanki inilti səsi gəlir. Mən yerdən gözəl rəngli bir yarpaq götürüb ona diqqətlə baxıram. Onun səsini eşidirəm. Həzin, kədərli bir nəğmə səsi gəlir. Ətrafa göz gəzdirdikcə həmin kədərli nəğmə daha da aydın eşidilir. Sonra o kədərli musiqini üsyankar bir simfoniya əvəz edir. Sonra yenidən həmin nəğmə… Musiqi səsi məni heyran edir. Mən təbiətin ən darıxdırıçı fəslindən zövq alıram… Payızda bahar hissi yaşayılram. Yaşayıram, sevinirəm, sevilirəm, sevirəm! Yerdən bir neçə qucaq solmuş yarpağı maşının içinə atıb yüksək sürətlə maşını sevdiyim qadının evinin qarşısına sürürəm. Evə yaxınlaşanda ona zəng edib:
Evinizin qarşısındayam, düş, səni görmək istəyirəm, – deyib düşünürəm ki, əgər o da mənim kimi solğun yarpaqları görəndə təəccüblənmədən sevinəcəksə, demək biz ikimiz də payızda bahar yaşayıb xoşbəxt ola bilərik. Bir neçə dəqiqədən sonra o, maşına yaxınlaşıb mənimlə salamalşır. Mən maşının qapısını açıb ona oturmağı təklif etdikdə o, əllərini uzadıb yarpaqlardan bir qucaq götürür və bağrına basıb gözlərini yumur. O, sanki payızın ətrini çəkirdi içinə. Mən ona diqqətlə baxır və onun ürəyinin pıçıtısını eşidirdim. O da eyni sözləri deyirdi ürəyində. Yaşayıram, sevinirəm, sevilirəm, sevirəm!
MƏMMƏD İBRAHİMLİ İbrahimov Məmməd İbrahim oğlu 02.09.1954-cü ildə Laçının Oğuldərə kəndində anadan olub.1992-ci ildə məlum hadisələrə görə Şəkinin Cumakənd kəndində məskunlaşıb. 2011-ci ildə Bakıda “Vətən tapdaq, el didərgin, gün güdək” adlı şeir kitabı işıq üzü görüb.
BU YOL VƏTƏNƏ GEDİR
Baş komandan başdadır Ordumuz gənc yaşdadır, Çatıbdır qisas vaxtı Düşmən bağrı çatladır, Bu yol vətənə gedir.
Səfərbərdir ordumuz, Azad olur yurdumuz, Şükür sənə, ilahi, Oyanıb boz qurdumuz, Bu yol vətənə gedir.
Şəhidləri sal yada, Düşməni verin bada, Sizə həmdəm yar olsun Gözə görünməz xuda! Bu yol vətənə gedir.