(Pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovun 50 illiyi münasibətilə)
Naxçıvan torpağının elm fədaisi kimi dəyərləndirdiyim Kamal Həsən oğlu Camalov 1973-cü il 5 dekabrda Kəngərli rayonunun Qıvraq qəsəbəsində ziyalı müəllim ailəsində dünyaya göz açıb. Kamal Camalov Qıvraq kənd 1 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinin dil və ədəbiyyat müəllimliyi ixtisasına daxil olmuşdur. Kamal Camalovun təhsil illərində ilk qələm nümunələrinə universitetin “Fikir qəzeti”ndə Əliağa Vahid yaradıcılığından bəhs olunan “Səni zəmanə yetirməz” adlı yazısı ilə başlamışdır. Tələbəlik illərində elmi tədqiqata meylliliyi, ictimai fəallığı ilə fərqlənən Kamal Camalov ikinci kursdan “Abbas Zamanov adına fəxri təqaüd”ə layiq görülmüş, Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən başlayaraq Kamal Camalov Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasına müəllim təyin olunur.
Kamal Camalovla ilk şəxsi tanışlığımız mənim fəaliyyət göstərdiyim Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasının qiyabi şöbəsinə (“Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi” ixtisası üzrə) daxil olduğu illərdən başlamışdır. Kamal müəllimlə məni Azərbaycan pedaqoji fikir tarixinin orijinal tədqiqatçı alimi Hüseyn Əhmədov tanış etdi və elm yollarında ona lazım gəldikcə köməklik etməyi məndən xahiş etdi. “Hüseyn Cavidin pedaqoji görüşləri” adlı dissertasiyası üzərində çalışan Kamal müəllim hər dəfə Bakıya gəldikcə onunla görüşür, elmi işi ilə bağlı mən də öz müəyyən məsləhətlərimi verirdim. Kamal müəllimlə söhbətlərimizdən onun verilən tapşırıq və məsləhətləri yerinə yetirməkdən həzz aldığının tədqiqatçılıq qabiliyyətinin formalaşması naminə məqsədə çatmaq üçün tutduğu yolu dəyişmədən qətiyyətlə irəlilədiyinin şahidi oldum. Məhz bu keyfiyyət mənzil başına çatmaq üçün mühüm amil sayılır. Çünki, mənzil başına çatmaq üçün yolu tez-tez dəyişmək müvəffəqiyyətsizliyə gətirib, çıxarır. Axı “Yolunuzu tez-tez dəyişsəniz mənzil başına çata bilməzsiniz” (A.Blanşe) təsadüfi deyil ki, yolunu dəyişmədən irəliləyən Kamal Camalovun imzalarına sonralar Pedaqoji Universitetin “Xəbərlər” ində Naxçıvan Dövlət Universitetinin «Elmi əsərlər»ində, Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər”i jurnalında rast gəlirdim və hər bir elmi məqaləsini oxuduqca məndə qürur və fərəh hissi oyadırdı. Artıq Kamal Camalovun əsərləri təkcə Azərbaycanda deyil, Azərbaycanın hüdudlarından kənarda Türkiyədə, Rusiyada, Amerikada, İranda, Gürcüstanda, Hollandiyada, Özbəkistanda, Kubada, İsveçdə, Makedoniya kimi ölkələrin nüfuzlu jurnallarında nəşr olunur. Çinar ağacı yarpağından tanındığı kimi K.Camalovun da yaradıcılığı öz qələm üslubu ilə tanınır. Məhz belə bir qabiliyyətə malik olmaq imkanı onun dünya arenasına çıxmasına şərait yaratmışdır.
Heç yadımdan çıxmır. 1999-cu ildə Bakı Ali Pedaqoji Qızlar Seminariyasının təşəbbüsü ilə “Azərbaycan məktəbi XXI əsrin astanasında; problemlər, perspektivlər” mövzusunda respublika ali məktəblərarası elmi-praktik konfrans keçirilirdi. Kamal müəllimin “Hüseyn Cavid müəllim və müəllim hazırlığı haqqında” adlı tezislə çıxışını müəllim və tələbələr sürəkli alqışla qarşıladılar.
Bütün bunlar K.Camalovun yüksək yaradıcılıq diapazonuna malik olduğundan, yorulmaq bilmədən çalışmaq istəyindən, tükənməz enerjisindən xəbər verir. Bu gün artıq pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalov gənc yaşlarından öz elmi və pedaqoji yaradıcılığı ilə pedaqoji ictimaiyyət arasında nüfuza malik bir tədqiqatçıdır. Təsadüfi deyil ki, ölkəmizin pedaqoji ictimaiyyəti onu pedaqogika tarixi üzrə dərin biliyə, xüsusi tədqiqatçılıq maneralarına malik alim kimi qəbul edir. Yusif Vəzir Çəmənzəminli yaradıcılığında maarifçilik ideyaları (2007), Ömər Faiq Nemanzadə yaradıcılığında maarifçilik ideyaları (2007), Azərbaycan romantiklərinin maarifçilik ideyaları (2009), Həzrəti Əlinin elm və tərbiyə haqqında fikirləri (2010), Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkirlərinin gözü ilə (2010), Hüseyn Cavid və məktəb (2013), Böyük mütəfəkkirlərin maarifçilik ideyaları (2015), Mollanəsrəddinçilərin maarifçilik ideyaları (2015), Mollanəsrəddinçilər və ailə-məktəb problemi (2017), Repressiya qurbanlarının maarifçilik ideyaları (2022) və s. adlı əsərləri dediyim fikrə əyani sübutdur.
Onu da qeyd edim ki, Kamal müəllim eyni zamanda 1999-2010-cu illərdə Naxçıvan Dövlət Universitetdə “Gənc Alimlər Şurası”nın sədri vəzifəsini icra etmişdir. K.Camalov bu illərdə öyrədən, təşkil və rəhbərlik edən, ciddi tədqiqatları ilə tanınan alim-müəllim-tədqiqatçı missiyasını davamlı olaraq yerinə yetirir. Milli məktəb və pedaqoji fikrin tədqiqi ilə bağlı araşdırmalarında Balasaqunlu Yusifin, Xaqani Şirvaninin, Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, Fəzlullah Nəiminin, İmadəddin Nəsiminin, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin, Xurşudbanu Natəvanın, M.F.Axundovun, Həsən Bəy Zərdabinin, Nəcəf Bəy Vəzirovun, Məhəmməd ağa Şahtaxtlının, Firidun Bəy Köçərlinin, ümumilikdə mollanəsrəddinçilərin və digərlərinin təlim-tərbiyə haqqında fikir və görüşləri sistemləşdirilir. Ümumilikdə 20-dən artıq monoqrafiya, dərslik, dərs vəsaiti və metodik vəsaitin, 550-dən artıq elmi-pedaqoji və publisist yazının müəllifidir Kamal müəllim. Həmçinin 40-dan artıq kitabın elmi redaktoru və rəyçisi, 10-dan artıq kitabın isə ön söz müəllifidir.
Gecəsini gündüzünə qatan, gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olan Kamal müəllim daim elmi yüksəlişə can atmışdır. 2004-cü ildə Naxçıvan Dövlət Universiteti nəzdində N 02.121 Dissertasiya Şurasının iclasında “Hüseyn Cavidin pedaqoji görüşləri” mövzusunda pedaqogika üzrə fəlsəfə doktorluğu və 2018-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən BD.02.061 Dissertasiya Şurasının iclasında “Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində “Molla Nəsrəddin” jurnalının və mollanəsrəddinçilər hərəkatının yeri və əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edən Kamal Camalov az müddət ərzində pedaqoq alimlər arasında nəyə qadirliyini göstərdi.
Qürur verici haldır ki, Kamal Camalov fəlsəfə doktorluğu dissertasiyasında olduğu kimi elmlər doktorluğu dissertasiyasında da XX əsrin əvvəllərində Azərbaycanda maarifçi hərəkatın xarakterik xüsusiyyətlərini aydınlaşdırmış; Molla nəsrəddinçilərdə ideya-siyasi mədəniyyətin mahiyyətini, rolunu və mövqeyini üzə çıxarmış; Məktəb, teatr və milli mətbuatın inkişafında mollanəsrəddinçilərin fəaliyyətini və bu sahədə mürtəce qüvvələrlə mübarizəsini təhlil obyektinə çevirmiş; Mollanəsrəddinçilərin müəllim hazırlığı məsələsində müəllimlərin tərbiyəvi fəaliyyətə hazırlanmasına imkan yaradan mühiti və pedaqoji-psixoloji şəraiti müəyyən etmiş; Təlimin ana dilində aparılması, bu dildə dərslik və dərs vəsaitləri hazırlamaq, proqram tərtib etmək və Azərbaycan dili təlimi uğrunda mətbuatın yaranmasını şərtləndirən ictimai-mədəni şəraiti səciyyələndirmiş; Azərbaycanda milli ideologiyanın inkişafında “Molla Nəsrəddin” jurnalının oynadığı rolu ümumiləşdirmiş; “Molla Nəsrəddin” jurnalında təhsil və tərbiyənin məqsədi, məzmunu, mahiyyəti və komponentləri ilə bağlı verilmiş fikirləri müqayisəli şəkildə təhlil etmiş; Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində “Molla Nəsrəddin” jurnalının və mollanəsrəddinçilər hərəkatının maarifçilik ideyalarının yeri və əhəmiyyəti sahəsini ilk dəfə olaraq məhz bu dissertasiya işində pedaqoji-psixoloji-etik istiqamətdə elmi şərhini vermiş; Mollanəsrəddinçilərin mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırış və əxlaqi keyfiyyətlərin təbliği ilə bağlı mövqeyini müəyyənləşdirmiş; Mollanəsrəddinçilərin bədii yaradıcılığında və publisistikasında maarifçi pedaqoji-psixoloji prinsiplərin inikasını izləmiş və sistemləşdirmiş, həmçinin “Molla Nəsrəddin” jurnalında gənc nəsli vətənə və xalqa məhəbbət ruhunda böyütmək, onlara mədəni vərdişlər, müsbət əxlaqi normalar aşılamaq yollarının üsul, vasitə və tərzlərini üzə çıxarmışdır.
Professor K.Camalov yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması istiqamətində də səmərəli fəaliyyət göstərir. 2009-2016-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Naxçıvan Dövlət Universiteti nəzdində yaradılmış FD. 02.121 Dissertasiya Şurasının fəal üzvlərindən olmuşdur. 7 (yeddi) nəfərin namizədlik və doktorluq dissertasiyalarının müdafiəsində rəsmi opponent kimi çıxış etmişdir. Onun rəhbərliyi ilə 1 (bir) nəfər gənc tədqiqatçı elmə vəsiqə almış, 2 (iki) nəfər isə müdafiə ərəfəsindədir.
Kamal Camalov ali pedaqoji məktəb tələbələri üçün dərslik və dərs vəsaitlərinin hazırlanmasında yaxından iştirak edir. Onun “Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi” (2011) və “Təlim nəticələrinin qiymətləndirilməsinin forma və vasitələri” (2012) adlı dərs vəsaitlərində müasir elmin və pedaqoji təcrübənin nailiyyətləri əsasında pedaqogikanın predmeti, aksioloji, nəzəri və texnoloji məsələləri geniş planda təqdim olunmuşdur. Dərs vəsaiti yeni mövzular, dünya pedaqoji prosesindəki innovasiyaları əks etdirən yeni təlim və təhsil-tərbiyə texnologiyaları ilə zənginləşdirilmişdir.
Azərbaycanın görkəmli alimləri akademik İsa Həbibbəyli, akademik Hüseyn Əhmədov, akademiyanın müxbir üzvü Oruc Həsənli, akademiyanın müxbir üzvü Əbülfəz Quliyev, pedaqogika elmləri doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Akif Abbasov, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Piralı Əliyev, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Müseyib İlyasov, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim İntiqam Cəbrayılov, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Firədun İbrahimov, psixologiya üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllimi Gültac Əliyeva, pedaqogika elmləri doktoru, professor Yusif Qazıyev, pedaqogika üzrə fəlsəfə doktoru, professor İramin İsayev, pedaqogika elmləri doktoru, professor Hümeyir Əhmədov, pedaqogika elmləri doktoru, professor Fərahim Sadıqov, pedaqogika elmləri doktoru, professor Ləzifə Qasımova, pedaqogika elmləri doktoru, professor Müdafiə Mahmudov, pedaqogika elmləri doktoru, professor Həsən Bayramov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Allahverdi Eminov və digər belə onlarla elmdə söz sahibi olan alimlər Kamal müəllimin zəngin yaradıcılığı ilə bağlı nüfuzlu elmi jurnal və mətbuat səhifələrində söz açmışlar.
Personoloji modellər içərisində şəxsiyyət modeli xüsusilə əlamətdardır. Bu modeldə şəxsiyyətin siptomlar kompleksi belədir: ürəyiaçıqlıq, xeyirxahlıq, ekstroversiya, ünsiyyətlilik və nevrotizm.
Kamal müəllim ürəyiaçıq və xeyirxahdır. Kamal müəllim həyatını elmə, xalqına həsr etmiş, öz taleyini onun taleyi ilə bağlamış, səadətini onun səadətində tapmış insanlardandır. Belə insanlar xalq taleyini əsl ziyalı kimi dərindən duyur, yaşayır, insanlara kömək edir, amma öz qayğılarını əsl insan kimi hay-küysüz qəlbinin dərinliyində heç kimi narahat etmədən yaşayır, öz təmkinini, sədaqəti və səmimiyyəti ilə seçilir. Kamal müəllim həm də gözəl natiqdir. Onun nitqi son dərəcə zəngindir. İştirak etdiyi müdafiə şuralarında, konfranslarda, simpoziumlarda, rəsmi iclaslarda öz fikirlərini aydın ifadə edərək, elmin, təhsilin inkişafına dair fikirlərini cəsarətlə söyləyir.
Kamal Camalov Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafında xidmətlərinə görə Ulu öndər Heydər Əliyevin 90 illiyi münasibətilə “Qızıl medal”a layiq görülmüşdür. Pedaqogika elmləri doktoru, professor Kamal Camalovun elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən də dəyərləndirilmiş, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənc alimin əlini sıxaraq onu “Əməkdar müəllim” fəxri adına layiq görmüşdür. Kamal Camalov, həmçinin IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmişdir.
Əlbətdə, alim üçün ən böyük mükafat elmdə nüfuz qazanmaq, görkəmli mütəxəssislər tərəfindən dəyərləndirilmək və xalqın sevimlisinə çevrilməkdir. Ömrünün 50-ci pilləsinə alnıaçıq-üzüağ gələn, öz zəngin elmi yaradıcılığı ilə şöhrət qazanan, yetişməkdə olan nəslin tərbiyəsinə öz töhfəsini verən professor Kamal Camalov məhz belə bir taleyin sahibidir. Gərgin zəhmət hesabına elm yolunda qazandığı nailiyyətlərlə vətəndaş-alim mövqeyini çoxşaxəli, aspektli yaradıcılığı ilə təsdiq edən K.Camalov artıq kamillik dövrünü yaşayır “İnsan eşitdikləri və dedikləri ilə deyil, zəhmət və yaradıcılığı ilə kamilləşir” (A.Eynşteyin). Şöhrətli alimimizə, əziz dostumuz Kamal Camalova möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları, Azərbaycan Respublikasında pedaqogika elmini daha yüksək zirvələrə qaldırmaq naminə böyük nailiyyətlər arzulayıram!
Sentyabrın 27 -sində”CİNEART GROUP” şirkəti tərəfindən istehsal olunan “MƏN BURDAYAM, İLAHİ” tammetrajlı bədii filminin premyerası baş tutdu.Filmdə CO-Produstion kimi” Ultra Produstion” kino şirkəti çıxış edir. İkinci Qarabağ müharibəsinin üçüncü ildönümündə ictimaiyyətin geniş tamaşaçı kütləsinin ixtiyarına verilən bu filmin rejissoru Qulu Əsgərov,ssenari müəllifi Nicat Dadaşovdur. Rejissor Q.Əskərovun sözlərinə görə,real hadisələr əsasında çəkilmiş filmin əsas mövzusu müharibənin insan həyatına vurduğu mənəvi- psixoloji zərbələrdir. Süjetdə ağır döyüş səhnələrindən daha çox,müharibənin insan psixoloğiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların həyata müqaviməti ön plana çəkilir. Üç aydan sonra komadan ayılan Vətən müharibəsi iştirakçısı , anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir.İndi o,övladına sahib çıxmaq üçün həyatını qaydasına salmağa çalışır. Filmdə milli ənənələrimiz də nəzərə alınaraq epizodda göstərilir.Eyni zamanda millətimizin ləyaqətli,sədaqətli, mətin,cəsarətli ,vətənpərvərqızlarımızın da obrazı nəzərdən qaçırılmayıb.Ağır kontuziya almış müharibə iştirakçısının həyata,qızına qovuşması üçün anasının narazılığına baxmayaraq onunla ailə qurması tamaşaçılar tərəfindən alqışlandı. . Filmin aktyor heyətində Radim Cəfər(baş rolda),Leyli Vəliyeva(ana rolunda),Aygün Əlipənahova,Günay Həsən,Ayşad Məmmədov kimi tanınmış simalar yer almışlar. Filmin prodüseri Həsən Axundov,Nicat Dadaşov, operatoru Vasif Əlizadə,bəstəkarı Rasim Məmmədovdur. “Mən burdayam, İlahi!” bədii filminin baş sponsoru “İctimai TV” dir.Filmə maliyyə dəstəyi göstərənlərdən biri də “Animed”əczaçılıq şirkətidir. Yeri gəlmişkən qeyd edək ki,bu film 2023 -cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının ” Ən yaxşı prodüser işi”(Həsən Axundov və Nicat Dadaşov) kateqoriyasında ənənəvi illik mükafatına layiq görülüb.Azərbaycan Kinematoqrafçılar İttifaqı bu filmə informasiya və maliyyə dəstəyi də göstərmişlər. Filmin premyerasına müxtəlif təşkilatlarla,ictimaiyyət ,media nümayəndələri ilə yanaşı Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi(DAMM İB)-nin idarə heyəti də dəvət almışdı.DAMM-nin l vitse prezidenti Ruhiyyə Poladova təşkilatımızın adından filmin yaradıcı heyətinə təşəkkürünü bildirərək,prodüser Həsən Axundova DAMM- nın Fəxri Diplomunu təqdim etdi. “MƏN BURDAYAM,İLAHİ”filminin növbəti nümayişində DAMM- nin idarə heyətinin dəvətilə şəhid anaları,qazılər müharibə iştirakçıları, media nümayəndələri də iştirak etdilər.İştirakçılar bu filmin yalnız kino- teatrlarda deyil,təhsil müəssisələrində,xüsusən IX-XI- ci sinif şagirdləri,ali məktəb tələbələri üçün göstərilməsini,gənc nəslin müharibənin acı- agrılarını yaxından bilmələrinin,Zəfərin necə çətinliklərlə qazanılmasını bir daha dərk etmələrinin vacibliyini təklif etdilər.
Belə filmlərin seriallar şəklində ardıcıl çəkilib ,ictimaiyyətə,xüsusən,gənc nəslə çatdırılmasını zəruri hesab etdilər.Beləliklə,filmin növbəti nümayişi də ugurla keçdi.İnu da qeyd edək ki,bu film Bakının müxtəlif kino teatrlarında nümayiş olunur.Gələcəkdə bölgələrdə də nümayişi nəzərə alındı..Sonda xatirə şəkilləri çəkildi.
Bu gün Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinskinin dünyaya göz açdığı gündür.
Elçin Şıxlinski 4 oktyabr 1957-ci ildə Bakı şəhərində məşhur yazıçı İsmayıl Şıxlının ailəsində anadan olub. 1974-cü ildə 190 saylı orta məktəbi bitirib. 1974-79-cu illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində ingilis və alman dilləri müəllimi ixtisası üzrə təhsil alıb.
2001-ci ilin yanvarından “Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, 1989-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.
YAZARLAR cameəsi adından Elçin müəllimi təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
İsmayıl Şıxlı (1919-1995), böyük şəxsiyyət, müəllimlər müəllimi, xalq müəllimi, xalq yazıçımız, ustad sənətkar. Nə deyirdi? Müsahibələrinin birində ondan ziyalılıq haqqında onun fikirləri necədir sualı verilir. Böyük sənətkarımızın mövqeyini bir örnək kimi dostlarımızın, gənclərimizin diqqətinə çatdırırıq. Buyurun tanış olun: –-“… Əvvala onu deyim ki, ziyalı olmaq çox çətindir və bu hər adama nəsib olmur. Savadlı olmaq, elmi kitablardan məlumat toplamaq, elmi dərəcələr qazanmaq və elmi müəssisələrdə, həmçinin dövlət idarələrində yüksək vəzifə tutmaq, bəlkə də bir neçə kitab yazmaq hələ ziyalı olmaq demək deyil. Bu olsa-olsa məsələnin bir cəhətidir. Sadaladığım cəhətlər şan-şöhrət və müəllifinin – sahibinin – yalnız maddi rifahına xidmət edəndə isə, həmin adamın ziyalılıqdan danışmağa haqqı yoxdur. Ziyalılıq başqa bir şeydir, savadlılıq başqa. Ziyalı hər şeydən əvvəl mənəvi kübar olmalıdır. Bu kübarlılıq onun zahiri əlamətləri ilə yox, mənəvi zənginliyi ilə şərtləşməlidir. Bu mənəvi zənginliyi isə mən ilk növbədəonun yüksək amalında görürəm. Torpağa bağlılıq, xalqa bağlılıq, mənsub olduğu millətə bağlılıq, yüksək insani – bəşəri hisslərə maliklik, özünü sözdə yox, həqiqi mənada millətinin, xalqının zərrəsi hesab etmək, onunla birgə yaşamaq – ziyalının amalı olmalıdır. Və nəhayət həqiqi ziyalı özünü unutmağı, özünü fəda etməyi bacarmalıdır. Ədalət, vicdan, fədakarlıq, cəsarət, mənəvi cəngavərlik onun əsas keyfiyyəti olmalıdır. Belə olduqda xalq ona inanacaq, onun arxasınca gedəcək, onu özünə dayaq, başçı hesab edəcək. Açığını desək bu saat belə ziyalılar azdır. Xalqın başbiləni, ağsaqqalı yox dərəcəsindədir. Biz bunu Qarabağla bağlı hadisələrdə aydın gördük. Xalqımız, xüsusilə gənclərimiz, ağsaqqal sözünə, əsl ziyalı məsləhətinə ehtiyac duydu. … “- “Azərbaycan gəncləri” qəzetində 20 dekabr 1988-ci ildə Mehdi Şıxlinskinin apardığı söhbətdən kiçik bir faraqmenti diqqətinizə təqdim etdik. Zamanına diqqət edin, nətizə çıxarın, bu bəs edər.
ŞƏHİDLƏRƏ SALAM OLSUN! Azərbaycanın Milli Qəhrəmanı, Səhid polkovnik Şükür Həmidovun əziz və həmişəyaşar xatirəsinə. Əbədiyyət ünvanın nurlu olsun, Şəhidim!
El qeyrəti çəkən oğul doğuldun, Vətən sevdalısı, igid, ər oldun! Döyüş meydanında oddan yoğruldun! Sandın sönən ocaq – sinəndə kösöv… Qəhrəman Polkovnik Şükür Həmidov!
“Aprel döyüşləri” – zabit sınağın, “Lələtəpə” oldu Döyüş Bayrağın! “Milli Qəhrəman”lıq – cəsur sorağın! Görmək istəyirdin Vətəni bütöv, Qəhrəman Polkovnik Şükür Həmidov!
Qorudun Bayrağın ucalığını, Bağrına basaraq Azərbaycanı! Vətən Savaşında sözünün canı: Düşmənin gözünü Qarabağda oy!.. Qəhrəman Polkovnik Şükür Həmidov!
Xilaskar Ordumuz, şanlı Ordumuz Tarix yazmaqdadır! O, qürürumuz! Əsgərə guvənir, əmin yurdumuz… Qanınla yazmısan: yağıları qov!.. Qəhrəman Polkovnik Şükür Həmidov!
Qubadlı elinin bərəsi- bəndi, Dünyaya gəldiyin Armudluq kəndi, Şəhidlik zirvənlə bir boy dikəldi… Qisas xəncərinə çəkildi bülöv, Qəhrəman Polkovnik Şükür Həmidov! Müəllif : Tapdıq ƏLİBƏYLİ