Kateqoriya arxivləri: ƏDƏBİYYAT

PSİXOLOQUN QƏBULUNDA – ZAUR USTAC

Zaur USTAC

PSİXOLOQUN QƏBULUNDA

(hekayə)

Adətim üzrə səhər saat 6:30-da çalarsız-filansız oyanıb yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayaraq bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa”   və  “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq var-gəl etdim. Sonra qalxıb ikiotaqlı “küncdəqalmış”, “kitabça”, “Xruşşov layihəli” mənzilimin birinci otaqla dəhliz arasındakı taxta qapının çərçivəsinə bərkitdiyim alətdə həmişəki kimi 14 dəfə dartınıb düşdüm.

Növbə ilə divardan asdığım “Fatihə surəsini”, “Bədnəzər duasını” və  “Ayətül-kürsi”ni hərəsini düz 7 dəfə, bəlkə də bir az çox təkrar-təkrar oxuduqdan sonra kitab rəfindən Əbdürrəhim bəy Haqverdiyevin “Marallarım” kitabını götürdüm. Ötən əsrin 70-ci illərinin nəşri olan kitabın nazik kağız üzlü cildi didik-didik olub saralsa da, üzərindəki simalar necə tanış və canlı idilər. Sanki hamısı blokda növbəyə dayanıb səni gözləyirlər və bir himə bənddilər ki, elə qapını açasan… Kitabın üzünə bir neçə dəqiqə baxıb gülümsəyərək dahi ədibə “Günaydın” deyib, gözlərimi mənzilin giriş qapısının üzərində asılmış lövhəyə zillədim. Yenə düz 7 dəfə, bəlkə bir az artıq Böyük Allahın cahü-cəlalına və peyğəmbərimizin əmvatına zikirlər edəndən sonra istirahət otağına keçdim. Ötən gün ərzində yükləndiyim bütün dərd-azardan müvəqqəti də olsa, qurtulduqdan sonra gurhagurla, şırhaşırla  qonşulara “mən hələ sağam” siqnalını verərək, qalxıb güzgünün qabağında bir az ağzımı, gözümü əydim, əsnədim, gərnəşdim… Bir sözlə, bütün vacib ritualları yerinə yetirdikdən sonra əlimi şoğəribin altına bir neçə dəfə uzatsam da, su gəlmədi ki, gəlmədi. Başımı qaldırıb aynada üzümə, daha doğrusu, burnumun ucuna diqqətlə nə qədər baxsam da, zərərli bir əhval gözümə dəymədi. Elə bu vaxt qonşulara verdiyim siqnalın son akordları ilə bərabər, yenə qəfil öymə başladı… Məcburən hər ehtimala qarşı əvvəlcədən su ilə dolu saxladığım “növbətçi abgərdən”i götürüb əl-üzümü yaxaladım. Tələsik istirahət otağından çıxdım. Çıxa-çıxa düşündüm ki, “ay canım, ilin-günün bu vaxtında bu qədər istirahət olar!?” Əl-üzümü qurulaya-qurulaya mətbəxə keçib, axşamdan qalan su ilə dolu caydanın altını yandırdım. Televizoru açdım. Aparıcı qız necə başladısa, elə o andaca televizoru söndürüb, seyvana çıxdım. Küçədə və seyvandan görünən kiçik parkda tam sakitlik hökm sürürdü. Bu gün şanlı Zəfərimizin ildönümü ilə əlaqədar elan olunmuş dörd günlük qeyri-iş gününün sonuncusu idi. Deyirəm, qəribə məxluquq e vallah, evdə qalanda işi, işdə olanda evi axtarırıq. Parkın tən ortasındakı tut ağacının altı sapsarı yarpaqlarla elə döşənmişdi ki, adam istəyirdi gedib üstünə uzansın… Yaxşı ki, dolu çaydanın fiti məni belə sərsəm düşüncələrdən ayırdı…

Mətbəxə keçib, çaydanın altını söndürdüm. “Bazarçay” qutusundan birdəfəlik paketlərdən birini götürb bir stəkan qaynanmış suyu rəngləyib yenidən seyvana – “Nina bağı”na keçdim. Bu məkan ruhumun dinclik tapdığı yeganə guşədir. Əvvəlki ev sahibəsi Nina xanım binanın layihəyə uyğun açıq eyvanını bağlayaraq səliqəli seyvana çevirib. Divarda qatlama masası və iki kətil var. Dibçəkdə həmişəyaşıl otaq bitkiləri də olduğuna görə mənzilə köçən gündən buranın adını “Nina bağı” qoymuşuq. Haqlı olaraq sual yarana bilər ki, mənzilə yeni köçmüsünüz? Sual yaransa da, yaranmasa da, qeyd edim ki, bəli, bu mənzilə təzəlikcə köçmüşük. Səbəbini indi açıq-aydın dilimə gətirə bilmirəm. Çünki o barədə düşünən kimi öymə məni tutur. Özümdən asılı deyil… Çayımı qurtumlaya-qurtumlaya yenə ən yaxın sirdaşım “Redmi”ni dümsükləyib oyatdım. Oyanan kimi bildirişlər pəncərəsindən bir gözəl xanım əl sallayaraq “Zəfər endirimləri” ilə bağlı məni xəbərdar etdi. “MORE” Psixologiya Mərkəzi şanlı Zəfər günləri ilə bağlı sabahdan noyabr ayının sonuna qədər hamıya 50%, qazilərə isə 75% endirimlə xidmət göstərəcək. Düzü, bu məsələ məni çoxdan narahat etdiyinə görə xeyli vaxtdır psixoloq xidmətləri ilə maraqlanırdım. Ona görə qiymətlərdən, şərtlərdən az-çox məlumatım vardı. Həm psixologiya mərkəzlərinin çoxluğu, həm də qiymətlərin baha olması seçim etməyimə əngəl olurdu. İndi bu xanımın təbəssümlü çöhrəsi, bir də artıq demək olar ki, televiziya verilişlərindən adını əzbərlədiyim “MORE”-ni yenə görüncə seçimimi etdim. Elə bildirişin üzərindən keçid edərək sabaha – səhər saat 10:00-a görüş təyin etdim. Qazi olduğuma görə ödənişi yerində nağd olaraq 75% endirimlə edəcəkdim…

Axşama qədər hər televizoru açanda, hər küçəyə baxanda öyə-öyə günü birtəhər başa vurub, yenə yatağıma uzandım. “Redmi”də axşam ibadətlərimi yerinə yetirə-yetirə nə vaxt yuxu tutub, biləmişəm. Bir də oyandım ki, 03:33-dür. Briqadirə ”whatsapp”da yazdım ki, sabah səhər öynə həkimə gedəcəm, işə ondan sonra gələrəm, ya da xəbər edərəm. İş deyəndə ki, sağ olsunlar, qazi olduğuma görə məni icra hakimiyyətində işlə təmin ediblər. Yüngül işdir. Briqadir də həm üç diplomum olduğuna, həm də hər iki müharibənin iştirakçısı olduğum üçün mənə hörmət edir. Yəni, necə deyərlər, nə işim olsa, ötüşdürür. Sağ olsunlar… Hamısından razıyam… Elə bu razılıq içində yenidən nə vaxt yuxulamışam, bilmirəm… Qəfil yenə oyandım. Hə, bu, “6:30” oyanışı idi. Adətim üzrə yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayıb bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq…. “Nina bağı” ziyarəti də daxil olmaqla seyvan keyfindən sonra hər evdən çıxanda düz 7 dəfə, bəlkə də bir az artıq təkrar-təkrar qaz, su, işıq yoxlamalarını dəqiqliklə yerinə yetirib, mənzildən çıxmaq üçün dəmirdən olan giriş qapısını açmışdım ki, blokdan gələn isti hava axını bildiriş kağızlarını üzümə çırpdı. Bəzilərini gözümün qabağında fırladıb yanıq verirmiş kimi başımdan səpələdi. Çiynimə qonan, üzümə yapışan, yerə düşən bütün kağızları topladım. Müxtəlif şirkətlərin reklam bildirişlərini səliqə ilə qatlayıb əlimdəki kağız tullantıları olan zibil paketinə qoyduqdan sonra digər əsas bildiriş kağızlarına baxdım. Su 13 manat, işıq 23 manat, qaz 59 manat gəlmişdi. “Kombi”ni çox işlətmədiyimə görə qaz normal idi. Bildirişləri əziz-xələf bir barat kimi pencəyimin içəridən döş cibinə, lap ürəyimin başına qoydum. Şikayətlənməyə bir əsas olmadığına görə vacib sənədlər olan qovuluğumu qoltuğuma vurub, səliqə ilə ayrı-ayrı yığdığım zibil paketlərini götürüb, başımın üzərində olan lövhəyə baxa-baxa, ağzımda dua mənzildən çıxdım.

Əlimdəki zibil paketlərini yerə qoyub, seyf qapının bütün qıfıllarını bağladım. Düz 7 dəfə, bəlkə də bir az artıq dəfələrlə silkələyib, əl dəstəyini aşağı-yuxarı edib, yoxladıqdan sonra zibil paketlərinin hərəsini bir əlimə götürüb, getdiyim yerdən asılı olmayaraq, həmişə özümlə götürdüyüm vacib sənədlər qovuluğu da qoltuğumda, bir gözüm qapıda yavaş-yavaş pillələri enməyə başladım… Əlimdəki zibilə baxanda döş cibimdəki bildirişlər yadıma düşdü. Ani olaraq “…zalım uşağı bayram günü də işləyir…” fikri beynimdən gəlib keçdi. Tez də artıq 4 gündür mənzildən çıxmadığımı xatırladıqda əmin olmaq üçün cibimdəki bildirişləri çıxarıb üzərindəki tarixləri gözdən keçirdim, hər üçü 5 noyabr  2021-ci il tarixinə aid idi. Ani olaqraq, – “Əsl bayram hədiyyəsi olub ki…” – fikri eynimdən keçsə də, tezcə bu axmaq düşüncəni başımdan qovaraq, özümü danlaya-danlaya zibil qutularına nə vaxt çatdığımdan xəbərim belə olmadı. Kağızlar olan paketi “radikal” qutuya, plastik qablar olan paketi isə “müxalif” qutuya məxsusi bir əda ilə, səliqəli şəkildə ərməğan edib, məhlədən çıxdım…

“MORE” Psixologiya Mərkəzi elə də uzaqda olmadığına görə gəzə-gəzə saat 9:30-da onun yerləşdiyi möhtəşəmliyi ilə məşhur olan şəhərin 1 nömrəli biznes mərkəzi olan “Yasəmən Plaza”nın qarşısında idim. Deyirdilər Xaliq müəllimin obyektidir. Yasəmən də katibəsinin adı imiş. Yasəmən çox fədakar, işini bilən, məsuliyyətli işçi olduğuna görə obyektlərindən birinə onun adını verib… Yasəmənin fədakarlığı, Xaliq müəllimin səxavəti barədə düşünə-düşünə 9:50-yə qədər plazanın yaxınlığındakı parkda gəzişdim. Vaxta 5 dəqiqə qalanda qara rəngli tibbi maskamı pencəyimin üst döş cibindən çıxardıb “taclı günlərimiz” başlayandan bəri ətir əvəzi həmişə özümlə gəzdirdiyim “püskürtmə spirt”dən üstünə bir az püskürdüb taxdım. Sonra 3 manata özüm üçün hazırlatdığım “kovidpasportu”mu əlimdə hazır tutaraq “Yasamən”ə ya sən, ya da mən deyib girişə doğru yönəldim. Burada təmtəraqlı qarşılama mərasimi gözləsəm də, belə bir hal olmadı. Liftin qarşısındakı basabası görüb, 4-cü mərtəbəyə pilləkənlə qalxdım. Düz vaxtında qəbul şöbəsində “piştaxta”da dayanmış xanımın qarşısında “farağat” vəziyyətində dayanmışdım. “Online” qeydiyyatıma baxıb, bəzi məsələləri dəqiqləşdirdikdən, bütün orden və medalların vəsiqələrini bir-bir yoxladıqdan, əvvəllər müayinə və müalicə olunduğum bütün xəstəxanalardan mənə verilən kağız-kuğuzların hamısını eynilə mənim kimi düz 7 dəfə, bəlkə də bir az artıq dəfələrlə silkələyib, ələk-vələk etdərək yoxladıqdan sonra birinci tanışlıq görüşü pulsuz olmaq şərtilə qazi olduğuma görə 75% endirimlə 1 seans üçün 150 manat ödəniş etməli olduğumu bildirdi. Düzü, gənc “piştaxtaçı” xanım bu 150 manatı elə işvə-nazla, elə avazla istədi ki, bu haqda artıq söz demək, sadəcə, günah olardı. Kirimişcə, cınqırımı da çıxartmadan sanki, üç dənə 5 qəpikliyi market kassasında xəzinədar xanıma «qəpiklər lazım deyil, qalsın» – deyə qaytarırmış kimi, sonuncu iş günü “bankomat”dan çıxartdığım şax “əllilik”lərdən üçünü “piştaxta”nın üstü ilə xüsusi əda ilə (mənim o vaxtım olmasa da, zabit olmağıma rəğmən bir az da ordudan yeni tərxis olunmuş əsgər havası qarışıq mücərrəd bir ruh halında) xanıma tərəf sürüşdürdüm. Sağ olsun, ab-havanı pozmadan, məxsusi bir nəzakətlə “əllilik”lərin üçünü də sürüşdürüb “piştaxta”nın görünməyən aşağı hissəsinə saldı. Bunu elə etdi ki, düz dörd gün böyük narahatlıqla cüzdanımda saxladığım, dəfələrlə sakitlikdə çıxarıb baxaraq boyunu oxşayıb-əzizlədiyim “əllilik”lərin görünməyən tərəfdə döşməyə düşməsindən narahat olmağa başladım. Fikrim orada qalmışdı ki, xanımın “44-cü otaqda Bənövşə xanım sizi gözləyir, sabahkı görüşün vaxtını özünüz orada təyin edərsiniz…” kal, yoğun, bayaqkı nəvazişdən əsər-əlamət qalmayan quru bir səs məni yenidən “piştaxta”nın qənşərinə qaytardı və anındaca dəhliz boyu addımlamağa vadar etdi… 44-cü otağa çatana qədər “…özünüz orada təyin edərsiniz…”, “…özünüz edərsiniz…”, “…edərsiniz…”, kəlmələri burğu kimi beynimi eşdi…

Boynunda bənövşəyi şalı, əynində üzərində ağlı, sarılı nərgiz çiçəkləri olan bənövşəyi donlu dolu, ortaboylu, ortayaşlı, gülərüzlü, xoş rayihəli bir xanım sanki məni gözləyirmiş kimi, mən qapının üzərindəki 44-ü oxuyub aydınlaşdırana qədər qapı üzümə açıldı. Otaqdan dəhlizə xanımın xoş rahiyəsi qarışıq bənövşə qoxusu da yayıldı. Mən içəri keçdim. Xanım qapını örtərək nazlana-nazlana öz kreslosuna keçdi. Otağın divar kağızları da bənövşəyi rəngdə idi. Pərdənin rəngini təyin edə bilmədim bənövşəyidir, yoxsa çəhrayı… Arada açıq göy və ya yaşıl rəngdə gözümə görünürdü… Çox sirli bir aləmə düşmüşdüm. Xanımın xüsusi ahəng və intonasiya ilə danışığı, arada gözünü süzdürüb dediyi sözləri baxışları ilə mənim qulaq və gözlərimə qədər müşayiət etməsi, gözlərimin düz içinə zillənmiş nəzərlərinin burnumun ucundan sürüşüb ağzıma düşməsi məni lap ovsunlamışdı. Mən içəri girəndən xanım xeyli danışsa da, ya heç nə eştmirdim, ya da eşitsəm də mənə çatmırdı. Tamam başqa dünyada idim. Çox keçmədi ki, xanım bunun fərqinə vardı. Yenə nəsə deyə-deyə kreslosundan qalxıb mənə yaxınlaşdı. Əlimdəki kağızlarla maraqlandı. “Piştaxta”çı qızın mənə verdiyi kağızlarla öz sənəd və həkim kağızlarımı, hətta bu günə qədər heç kimə etibar etmədiyim vacib sənədlər qovluğumu da qeyri-iradi ona verdim. Otaqda ondan başqa xanım olmadığına görə indi mənə yəqinlik hasil oldu ki, bu elə Bənövşə xanımım özüdür. Düzü, onu televizordan çox görmüşdüm. Ancaq televizorda gördüyüm xanıma oxşamırdı. Realda daha istiqanlı və mehriban adam təsiri bağışlayırdı. Bəlkə də yaşıd olardıq. Uzaqbaşı 1-2 yaş fərqimiz olardı. Bu arada onu da deyim ki, mənim 45 yaşım var. Bu dəfə kresloda deyil, pəncərənin önündə qoyulmuş divanda oturdu və mənə yanında yer göstərdi:

– Buyurun, İlqar bəy. Zəhmət olmasa burada əyləşin.

Öz adımı bu gözəl xanımın ağzından belə məlahətli səslə eşitməyim məni lap duyğulandırdı. Kövrəldim. Gözlərim  yaşardı. Bənövşə xanım bunun fərqində idi ki, bir daha:

– Buyurun, buyurun… Əyləşin. – deyə təkrarladı.

Mən də keçib onun yanında oturdum. Yaxşı olmuşdu, üzü qapıya tərəf oturduğumuza görə daha pərdə gözümə dəymirdi. İkimiz də divanda üzü qapıya tərəf oturmuşduq. Divanın qarşısında balaca miz, onun üstündə isə şır-şır su axan balaca şəlalə maketi vardı. Bu maket və xüsusi ilə su səsi məni ciddi narahat etsə də, birtəhər dözürdüm. Necə deyərlər, ödüm ağzıma gəlsə də, dişlərimi qıcayıb birtəhər oturmuşdum. Otaqda işıq yanmırdı. Arada hardansa sanki uzaqdan asta bülbül səsi gəlirdi. Otaq hələ də rəngini aydınlaşdıra bilmədiyim açıq rəngli pərdədən süzülüb gələn işıqla işıqlanmışdı. Bənövşə xanım xüsusi bir əda ilə əyilib mizin altından bir qutu çıxartdı. Qutudan bənövşəyi və çəhrayı rənglərin bir-birinə sarıldığı burğulu üç şam götürüb səliqə ilə şamdana qoydu. Şamdanı mizin üstünə elə qoydu ki, istiqaməti qapı, şəlalə, pəncərə olmaqla sanki ikimizin arasından keçən xəyali bir çəpər-divar, arakəsmə  yarandı. Dodaqaltı nəsə zümzümə edə-edə şamları qapıdan bizə tərəf olmaq şərti ilə yandırmağa başladı. Şamların üçü də yandıqdan sonra mizin üstündəki qədimi cürdəyə oxşayan vazanın içindəki “yeni il elektrodlarına” oxşayan çubuqları da bir-bir yandırdı. Arada mənə tərəf çevriləndə xoş rayihəli isti nəfəsini üzümdə və sinəmdə hiss etdikcə bihuş olurdum. Bir yandan şamlar, bir yandan da xüsusi qoxulu çubuqların tüstüsü… Lap nağıllar aləminə düşmüşdüm… Bir-iki dəfə qeyri-iradi:

– Təşəkkür edirəm, təşəkkür edirəm, – deyə Bənövşə xanımın eşidə biləcəyi tonda mən də dodaqaltı mızıldadım. Ancaq Bənövşə xanım ya mənim bu canı – dildən, sidqi-ürəkdən gələn təşəkkürnamələrimi qəbul etmədi, ya eşitmədi, ya da hər iki hal baş versə də, o, bunu büruzə vermədi. Düzü, belə gözəl, zövqlü xanımın saymazyanalığı məni bir az mütəəssir etdi… Ancaq mən də bunu büruzə vermədim. Ya elə bu vəziyyətdən çıxmaq, ya da bayaqdan zövq aldığım, indi isə məni sıxmağa başlayan ab-havanı dəyişmək məqsədilə sükutu mən pozdum:

– Xanım, bu “MORE” nə deməkdir?

Bənövşə xanımın bənövşə ətirli sözünü-söhbətini dinləmək üçün  xüsusi iştaha ilə verdiyim suala sualla cavab aldım:

– Bəs, sizin öz versiyanız var? – Bənövşə xanım məndən soruşdu.

– Yəni mor rəngi.

–

– Onda qalır “more”, “more” dəniz…

– O da deyil. “MORE”, yəni “Mən” “Onu” “Ram” “Etdim”. Bu qədər bəsit və sadə. “MORE Psixologiya Mərkəzi” artıq uzun illərdir ölkəmizdə fəaliyyət göstərir. Azərbaycanın ilk bu yöndə xidmət göstərən mərkəzlərindən biridir. Ölkəmizin bütün iri şəhər və rayonlarında, hətta bəzi iri kəndlərində filiallarımız var. Kollektivimiz peşəkarlardan ibarətdir. Müntəzəm olaraq əməkdaşlarımız televiziya proqramlarına qatılır, bu sahədə xalqımızın maarifləndirilməsi prosesində fəal iştirak edərək, öz töhfələrini verirlər. Yəqin ki, sizin bütün bunlardan xəbəriniz var.

– Bəli, bəli,

– Mən bu sənədlərə əsasən – əlində və mizin üzərində olan mənim sənədlərimə işarə edərək – sizin hal-hazırkı vəziyyətinizlə demək olar ki, tanış oldum. Ancaq məsələni həll etmək, durumu düzəltmək üçün bunlar kifayət etməz. Həkim rəylərindən belə məlum olur ki, sizi mütəmadi olaraq, müəyyən məqamlarda narahat edən öymə halları sırf psixoloji problemdir. Yəni bunun fizioloji, bədənsəl olaraq heç bir əsası yoxdur. Bu gün vəziyyət belədir. Ancaq biz bu günə, heç olmasa bu problemin başladığı ilə baş verdiyi ilk hala gəlib çatmalıyıq. Bunun üçün siz lap uşaqlıqdan özünüz haqqında bir az, yaddaqalan əlamətdar hadisələrdən, sizi narahat edən problemlərdən danışsanız işimiz daha asan olar. Siz elə dünyanı xatırladığınız ilk gündən, ilk hadisədən başlayın, ardı öz-özünə yumaq çözümü kimi gələcək.

– …Və mən həmin gün evdəkilərlə görüşüb blokumuzdan çıxanda o maşınmı deyim, nasosmu deyim, bilmirəm… Həmin texnika – biz ona “suçəkən” deyirdik – blokun girişində yenə işləyirdi. Hələ mən çıxanda pencəyimin qolu da sürtünüb mazuta bulaşmışdı – qeyri-iradi pencəyimin qoluna baxsam da, sonra xatırladım ki, bu, o pencək deyil – texnikanın yanındakı işçilərə, uzun illərdir həyatımızı göy əsgiyə düymüş bu problemə biganə qalan hamıya dişimin dibindən çıxanı ucadan desəm də, tırhatırdan çətin ki, kimsə, nəsə eşitdi. Onlar eşitməsələr də, mən işimdə bir rahatlıq tapmış kimi, bir az gümrahlaşıb, qıvraq addımlarla binamızdan ayrıldım…

– Bu gün bu qədər kifayətdir.

Bənövşə xanımın diktəsi məni o günlərdən ayırdı. İlk olaraq gözümə mizin üstündəki şamlar dəydi. Şamların ikisi – yanındakılar tamam yanıb qurtarmışdı. Ortadakı şamın göyümsov sarı alovunun uzun dilləri isə son hop-gəllərini vuraraqellənə-yellənə tamam öləzimişdi və sönmək üzrə idi… Söhbəti xırp kəssəm də, sonra nə edəcəyimi bilmədiyimdən:

– Və mən…

– Siz indi gedin bir yaxşı dincəlin. Yaxşı olar ki, evə getməmiş bulvara tərəf gedəsiniz. Sonuncu dəfə bulvarda və ya başqa yerdə dənizin sahilində nə vaxt olmusunuz? Su şırıltısını nə vaxt eşitmisiniz? G….?

Bənövşə xanımın “Güşşşşş” və ya “Göşşşş” ilə başlamq istədiyi sonuncu cümləsi ağzında qaldı. Mən isə səhər-səhər içdiyim bir qurtum rəngli suyu fontan kimi ağzımdan mizin üzərinə fışqırda-fışqırda öz-özümə düşünürdüm: “…bura qədər yaxşı gəlmişdik, axır ki, zibili çıxdı…”. Mənim “fontanım”ın suyu ilə mizin üstündəki Bənövşə xanımın şəlaləsinin suları bir-birinə qarışmışdı. Düzü, nə edəcəyimi bilmirdim. Ağzım dolu olduğundan, sadəcə, başımla mizin üstündəki şəlalə maketinə davamlı işarə edə-edə qalmışdım… Bənövşə xanım sanki heç nə olmayıbmış kimi:

– Əla, əla… Narahat olmayın… Məsələnin əslini öz gözümüzlə də gördük…

Heç bir problem yoxdur… Narahat olmayın…

– Mən… mən…

Ağzımı, burnumu cibimdən çıxartdığım cib dəsmalımla silə-silə – bayaqdan bu şəlalənin – mizin üstündəki maketi göstərərək şır-şırına güc-bəla ilə tab gətirib, özümü güclə saxlamışdım. Siz sudan, şır-şırdan danışınca özümü saxlaya bilmədim. Üzürlü sayın…

– Eybi yox… Eybi yox, olan işdi…

– Ancaq xahiş edirəm sabah bu – maketə işarə edərək – “şəlaləni” buraya qoymayın. Olarmı?

– Əlbəttə, olar. Olar. Qoymarıq. Deməli belə, siz indi gedin yaxşıca dincəlin. Sabah saat 10:00-da birbaşa bura gələrsiniz. 4-cü mərtəbə, 44-cü otaq, Bənövşə xanım.

– Oldu, – deyib yarı islanmış, yarı quru kağız-kuğuzumu mizin üzərindən yığışdırıb, peşman-peşman otaqdan çıxdım…

Bu əzəmətli binadan gəldiyim kimi də ayrılmağın dilxorluğu ilə baş-başa nə vaxt öz blokumuzda, öz mənzilimin, 3 qıfıllı dəmir seyf qapısının qarşısına çatıb dayandığımdan heç xəbərim olmadı. Yalnız indi xatırladım ki, evə qayıdanda çörək almalıydım. Məcburən həyətdəki mini marketə düşməli oldum. Bir çörək alıb, çıxmaq istəyirdim ki, satıcı xanımın: “Başqa nə?”- sualı məni yenidən rəflərə baxmağa məcbur etdi:

– Bax bir dənə bundan verin.

– Başqa?

– Bir dənə də bundan.

– …

– …

Əlimdə, qolumda yer qalmadığını görən satıcı xanım: – “İstəyirsiniz uşağı çağırım sizə kömək etsin, müəllim? Ya da lap elə özüm indi buranı bağlayıb sizə kömək edərəm. Axı biz qonşuyuq…” – deyə bir az qayğılı, həm də sual dolu baxışlarını üzümə zillədi.

– Yox, canım. Nə danışırsınız? Lazım deyil. Çox sağ olun. Budu, buradı. İndi qalxıram yuxarı.

Mənə satdıqlarının pulunu ödədikdən sonra mən də məcburi təbəssüm edərək, oradan ayrıldım. Yenidən öz alınmaz qalamın giriş qapısına dayanmışdım ki, qapıda yeni bildiriş qoyduqlarını fərq etdim. Qapıdakı açar yerinə səliqə ilə yerləşdirilmiş bükülü kağızı götürüb açdım. Qırmızı rəngli qələm ilə səliqəli xətlə yazılmış “JEK”-in bildirişi idi: “Xəbərdarlıq! Bu ayın sonuna qədər istismar xərclərini və zibil pulunu ödəməsəniz sizi məhkəməyə verəcəyik”. Qeyri-iradi: – “JEK nədi?” – deyə-deyə kağızı əvvəlcədən büküldüyü kimi mən də səliqə ilə büküb blokun açıq pəncərəsindən çırtma atışı ilə bayıra uçurtdum. Qıfılları bir-bir açdıqdan sonra sonunda nəhayət ki, mənzilə daxil ola bildim. Səmimiliyimə inanın. 18 yaşına qədər kənddə böyümüş, sonra isə demək olar ki, ömrünün çox hissəsini dağda-daşda keçirmş bir adam üçün qapı açıb-bağlamaqdan ta bu “JEK” söhbətlərinə qədər hamısı çox yorucu və olduqca ağrılı məsələdir…

Mənzilə daxil olan kimi əlimdəkilər masanın və divanın, əynimdəkilər isə çarpayının üstünə getdi. Yaxşı-yaxşı yuyunub, spirtləndikdən sonra artıq neçə gündən qalma olduğunu unutduğum içərisində su olan çaydanın altını yandırdım. Çaydan fit verənə qədər heç nə düşünmədən mətbəxin pəncərəsindən sakit küçəmizə, balaca parka və bir az aralıda ucalan “Alov Qüllələri”nə nəzər salıb, diqqətimi sonuncunun üzərində cəmlədim. Üzərində artıq iki ildir “Evdə qal!”, “Biz birlikdə güclüyük!”, hərdən dalğalanan üç rəngli bayrağımızı və çox vaxt alov dilləri görməyə adət etdiyimiz bu qüllələr şəhərimizin yeni simvollarından birinə çevrilmişdi. Artıq qüruba doğru yönəlmiş payız günəşinin qırmızıya çalan tünd narıncı rəngi qüllələrin parlaq şüşələrindən əks olunaraq cazibədar mənzərə yaratmışdı. Bu arada Şəhidlər Xiyabanına – Teleqülləyə tərəf olan birinci qüllədə troslarla asılı vəziyyətdə şüşələri silən “alpinistlər” diqqətimi çəkdi. Maraqlıdır, demək olar ki, Gün batmağa başlasa da, iş hələ davam edirdi… “Alpinist” sözü ağlıma gələn kimi, “əcaba, bu zözün Alp dağları ilə bir əlaqəsi varmı?” – deyə yeni bir sual beynimə işlədi. Sonra beqəfil Qalaya yalın əllərlə dımaşan əsgərləri xatırladım… Yəqin elə təcrübəsi olan qazilərimizi də belə xüsusi bacarıq tələb olunan yerlərdə işlə təmin edirlər… Qəfil fit səsi bütün fikirləri başımdan qovdu. Fitli caydanı icad edənin atasına rəhmət oxuya-oxuya qazı söndürüb. Özümə bir fincan rəngli qaynanmış su hazırlayıb “Nina bağı”na yollandım…

Çayımı udumlaya-udumlaya arada briqadirə ”whatsapp”da yazdım ki, gəlmişəm, evdəyəm. Ancaq həm çox yorğunam, həm də artıq axşamdır, sabah yenə gedəcəm, İnşəAllah, birisi gün işə çıxaram.

Sağ olsun, o da yazdı ki, narahat olmayın, öz işinizdə olun…

Günü hər gün təkrar olunan öz işlərimlə başa vurub, yerimə uzananda artıq gecə yarıdan keçmişdi… “Redmi”də axşam ibadətlərimi yerinə yetirə-yetirə nə vaxt yuxu tutub, biləmişəm. Bir də oyandım ki, saat 6:30-dur. Adətim üzrə yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayıb bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi düz 7 dəfə, bəlkə də bir az artıq… “Nina bağı” ziyarəti də daxil olmaqla seyvan keyfindən sonra hər evdən çıxanda düz 7 dəfə, bəlkə də bir az artıq təkrar-təkrar qaz, su, işıq yoxlamalarını dəqiqliklə yerinə yetirib, mənzildən çıxdım. Gəzə-gəzə öz-özümlə söhbət edə-edə nə vaxt 44 nömrəli otağın qapısına çatım, heç özüm də bilmədim. 44-ü görən kimi qeyri-iradi burnuma bənövşənin məxsusi qoxusu gəldi. Yalnız bu anda olub-keçənlərin fərqinə vardım. Dərhal telefonda saata baxdım. Məlum oldu ki, hələ vaxta 5-6 dəqiqə var. Qayıdıb vaxtı gözləmək istəyirdim ki, qapı açıldı… Həmin tanış rayihə, o həlim səs… Bənövşə xanım məni içəri dəvət etdi. Artıq şamdanlı miz bizi dinləməyə hazır idi. Əlavə sual vermədən Bənövşə xanım divanda dünən oturduğu yerdə əyləşərək, mənə də əli ilə yanında yer göstərdi. Yalnız bundan sonra: – “Tam rahat və sərbəst olmaq üçün istəsəniz üst geyimini çıxarda bilərsiniz”- dedi.

– Xeyr, nazik və yüngüldür. Qalsın. – deyə-deyə keçib öz yerimdə əyləşdim…

Şamlar yanır, “elektrodlar” tüstüləyirdi. Çox astadan həzin, yuxugətirici çin melodiyası səslənirdi…

– Hə, harda qalmışdıq? – Sükutu bu dəfə Bənövşə xanım özü pozdu. Sanki vaxtı boşa verməmək istəyi kimi bir ahəng hiss etim səsində.

– Deməli, “mən həmin gün evdəkilərlə görüşüb blokumuzdan çıxanda o maşınmı deyim, nasosmu deyim, bilmirəm… Həmin texnika – biz ona “suçəkən” deyirdik – blokun girişində yenə işləyirdi. Hələ mən çıxanda pencəyimin qolu da sürtünüb mazuta bulaşmışdı…” – Bax orada qalmışdıq.

– Bu məsələni bir az da dəqiqləşdirib, elə ordan davam edək. O nə “suçəkən” maşın idi elə, orda işləyirdi?

– Deməli, belə, Bənövşə xanım. Qeyd etdiyim kimi, mənim uşaqlığım kənddə nənəmgildə keçib. Ancaq o vaxtlar da – “sovet dövrü” tez-tez atamgilə, yəni bu evmizə gəlirdim. Elə yaranandan məndə hər şey tərsinə olub. Uşaqlar yayda dərs bağlananda kəndə nənəsigilə gedəndə, mən əksinə, yayda dərs bağlanan kimi Bakıya atamgilə gəlirdim. Bunu niyə qeyd edirəm? Həmin vaxtlar binamızın, yəni bu binanın – atamgil yaşayan binanın zirzəmisi qupquru olardı. Çünki uşaq vaxtı yadımdadır ki, ora girməyi nə qədər qadağan etsələr də, maraq güc gələndə bir neçə dəfə uşaqlarla ora girmişdik. Dəmir seyf qapısı olsa da, heç vaxt bağlı olmazdı. Qupquru, tərtəmiz zirzəmi idi. Ancaq 90-lardan sonra artıq bu təmizliyin izi-tozu qalmadı. Əvvəllər su olmasa da… – burada məni yenə quru öymə tutdu…

– Ara verin, dincəlin… – deyə Bənövşə xanım mənə əli ilə də sərbəst olma işarəsi verdi.

– Narahat olmayın, indi keçib gedəcək… Məşədi İbad demişkən, artıq “bir nöö adətkərdə olmuşam…” – özümü toxdadıb davam etməyə başladım. – Deməli, hə, orda qalmışdım axı… İlk vaxtlar quru olsa da, zibil atmağa başladılar. Külək başqa yerlərin zibillərini də gətirib bizim zirzəmiyə yığmağa başladı. Arada-bərədə ya binanın sakinləri, ya süpürgəçilər təmizləyirdilər. Sonra ölkəmizin müxtəlif bölgələrində xidmətdə olarkən məzuniyyələrə və ya qısa müddətdə valideynlərimə baş çəkməyə gələndə artıq zirzəminin su ilə dolmuş gördüm. Ordudan tərxis olunub həmişəlik valideyinlərimin yanına yerləşəndən sonra bizim zirzəmisi su ilə binamıza “Şır-şırlı bina” deyildiyini öyrəndim. Düzdür, mütamadi olaraq həmin o suçəkən maşın tırhatır işlədiyinə görə ətraf binalarda yaşayanlar “Tır-tırlı bina” desələr də, çox adam, ələlxüsus nabələdlərin neçə dəfə ya telefonla, ya da elə-belə “Şır-şır”ın yanındayam və ya “Şır-şır”ın yanına gəl deyə, buranı belə təqdim etdiklərinin şahidi olmuşdum. Hətta binamızın birinci mərtəbəsində “Şır-şır” adlı kafe də vardı. Ancaq bu yumurta-toyuq məsələsi kimi bir şeydir. Bilmirəm, şır-şırdan ilhamlanıb kafenin adını belə qoyublar, yoxsa kafeyə görə bina belə tanınıb… Nəsə, sözüm onda yox, suçəkən maşını elə tırhatır işləyə-işləyə “Şır-şır”ın başında qoyub getdim bu məlum 44 günlük müharibəyə. 26 sentyabr 2020-ci ildə artıq tam hazır vəziyyətdə Tərtər yaxınlığında olan toplanış məntəqələrindən birində nəsə olacağını gözləyirdik. Deməli, mən bu “Şır-şır”lı binamızdan hardasa bir həftə əvvəl ayrılmışdım. Bəlkə də bu tarix lap dəqiqi 20 sentyabr 2020-ci ildir. Yəni bu tarixdə bizim zirzəmini ağzına qədər çirkab su ilə dolu qoyub getmişdim toplanışa… – Quru öymə məni yenidən tutur.

– İstəyirsinizsə, bir az dincəlin…

– Hər şey öz qaydasındadır.

– Üzr istəyirəm, bəs bu qədər çirkab su haradan toplanır oraya? – Bir az da ehtiyatla Bənövşə xanım məndən soruşur.

– Elə öz binamızın kanalizasiya suları, kafe və digər iaşə obyektlərindən axan çirkab sular. Hətta deyirdilər, qonşu binanın da murdar suları ora axır… – Məni əməlli-başlı öymə tutur, məcbur olub ayağa qalxmalı oluram.

– Siz çıxın 10 dəqiqə dəhlizin sonundakı açıq eyvanda havanızı dəyişin, mən də həm şamları, həm də otağın havasını dəyişim.

– Dəhlizlə sağ tərəfə gedim, eləmi?

– Bəli. Elə gəldiyiniz tərəfə düz, sona qədər.

Deyilən eyvana çıxsam da, siqaret çəkənlərin ucbatından bir udum təmiz hava ala bilmədim. Zalım uşağı bina tikənlər də o boyda binaya 1×1 balaca bir eyvan qoyublar. İki nəfər eyni vaxtda dayansa gərək bir-birinin ağzınının içinə girsin… Nəsə, qayıtdım yenə 44-ə. İçəri girən kimi də Bənövşə xanım heç otrmamış işarə etdi ki, davam edə bilərəm.

– Bəli, buyurun. Davam edin. Sərbəst olun.

– Hə. Deməli, artıq əks-hücum əməliyyatları başlamışdı. Təxminən 5-6 gündən sonra bizim bölməni digər cəbəhəyə – Füzuli istiqamətinə göndərdilər. Müharibədəki qalan günlərimi düz Xankəndinə, yəni Şuşaya qədər o istiqamətdə keçirdim.

– Döyüşlər barədə daha ətraflı danışa bilərsinizmi?

– Düzü, vallah, tam səmimi danışmağa elə bir şey yoxdur. İşdə müharibə. Yanında dostlar-tanışlar ölür, yaralanır… Cürbəcür müxtəlif hadisələr… Bir onu deyə bilərəm ki, sanki heç nə hiss etmirsən. Baş verənlərin sənə heç bir aidiyyəti yoxdur. Ölümdür, o da nə vaxt gələr, gəlsin… Təxmini bax belə bir ab-havanın içərisində olur insan. Yəni daha dəqiqi mən döyüşlər başlayandan 2-3 gün sonradan bitənə qədər, bəlkə elə indi də beləyəm…

– Aydındır. Bəs sonra? – bu sual lap məhlədəki mini marketin qadın satıcısının sualına oxşadığından ani olaraq üzümə təbəssüm qondu. Bənövşə xanım da bunu hiss etmiş olmalı ki:

– Niyə gülürsünüz? Nəyi xatırladınız? Nə yadınıza düşdü? – məni sual atəşinə tutdu.

– Heç…

– Siz necə düşünürsünüz, orda nə baş verib ki, sizə belə təsir edir? Döyüşlər vaxtı heç yaralanmısınız?

– Bir neçə dəfə yüngül yaralanmışam. İndi də bədənimdə, onurğamda qəlpə var. Ancaq bu ötən bir il ərzində həm burada, həm də Türkiyədə yoxlamadan keçmişəm. Bu işin onlarla heç bir əlaqəsi yoxdur. Həkim kağızlarını da sizə verdim, baxdınız.

– Bəli, sənədlərə əsasən bu belədir. Bəs yaxşı, bu öymələr siz döyüşdə olanda da baş verirdi?

–

– Bəs bu hal ilk dəfə nə vaxt baş verdi?

– Müharibədən sonra müalicə aldığım hospitaldan çıxıb evimizə gələn birinci günün axşamı.

– Bu necə baş verdi?

– Hə. Deməli, belə. Mən elə həyətimizə girən kimi gözlərimə inana bilmədim. Şır-şırdan, tır-tırdan əsər əlamət qalmamışdı. Binanın başındakı “Şır-şır kafe” dən əlavə. Həmişə “Tır-tır” maşın dayanan binanın giriş qapısı olan yan tərəfdə də “Şır-şır” yazılmış su damcısı işarəli böyük mavi rəngli plakat və onun altından zirzəmiyə giriş var idi. Mən gələndə axşam olduğuna görə qırmızı yazılı kafe açıq olsa da, mavi yazılı bağlı qapılı yerin nə olduğnu anlaya bilmədim. Yaxınlıqda üstünə su damcısı işarəli mavi rəngli “Şır-şır” yazılmış avtomobillər də diqqətimi çəkdi. Ancaq düzünə qalsa, zirzəminin tam qurudularaq istifadə olunması, həyətimizin belə abadlaşdırılması məni çox sevindirdi. Bu ilk müsbət təəssürtaların təsiri altında 4-cü mərtəbəyə nə vaxt qalxdığımı, evə necə girdiyimi heç indi də xatırlamıram. Evdəkilər gəlişimi gözləsələr də, çox sevindilər. Axşam hospitaldan buraxılacağımı bildiklərinə görə günortadan süfrə açıb məni gözləyirmişlər. Mən də içəri girən kimi əynimi dəyişib, yuyunub otrdum süfrəyə. Televizor da həmişəki kimi açıq idi. Arada oğlumun suallarına cavab verə-verə televizora baxır, süfrədə olanlardan məşğulat edirdim. Qəfil ekranda mavi rəngli su damcısı şəklindəki “Şır-şır” yazılı su daşıyan avtomobili reklam çarxında görən kimi ani olaraq bu mənzərə tanış gəldi və məni ilk dəfə öymə tutdu. Vanna otağına qaçmağa məcbur oldum. Anam da tibb işçisi olduğuna və bir neçə dəfə yaralandığımı, hələ Birinci Qarbağ müharibəsindən kontuziyalı olduğumu bildiyinə görə o saat sorğu-suala tutub, bərk yıxılıb-yıxılmadığımı, başımın əzilib-əzilmədiyini öyrənməyə çalışıdı. Bütün sualların sonunda da bax belə deyirdi: – “ta yekə oğlansan, düzünü de…”

– Bəs siz nə cavab verirdiniz?

– Nə deyəcəm? Olanı. Neçə dəfə yanıma mərmi düşüb partlamışdı. Bir dəfə kabinəsində olduğum “Kamaz” özü də mən oturduğum tərəfdən minaya düşüb. Başım-beynim o qədər silkələnib ki… Səhəri günü yeni halla bağlı, yeni şikayətlə hospitala, sonra da başqa bir özəl klinikaya yoxlanmağa getdik.

– Hospitaldan sonra özələ getməyə nə ehtiyac var idi?

– Düzü, mənə qalsa, ehtiyac yox idi. Ancaq anam dedi ki, bunlar çox soyuq münasibət göstərdilər. Hər şey də başdan getdi… Belə olmaz, dəqiq yoxlanmalısan. Sonucda həkimlər də, aparatlar da anam deyəni təsdiqlədi. Hamı bir fikrə gəldi ki, bu öymə kəllə-beyin silkələnməsinin nəticəsidir. Yazdılar, pozdular. Evə gələndə də bütün yazılan bahalı-bahalı iynə-dərmanların hamısını alıb gəldik. O gündən düz bir ildir müalicə olunsam da, xeyri olmayıb.

– Bayaq bir söz dediniz. Dediniz ki, ilk dəfə ekranda “Şır-şır” yazılı maşını görəndə bu sizə tanış gəldi. İndi xatırlaya bilirsinizmi, ilk dəfə “Şır-şır” yazılan su maşınını harada görmüşdünüz?

– Bəli. İlk dəfə üzərində “Şır-şır” yazılan su maşını biz Xocavənddə olanda su gətirmşdi. Sağ olsunlar, hələ onlar üzərində belə yazılmış səyyar hamamları da var idi. Bir dəfə o hamamda da ləzzətlə çimmişəm. Bilirsiniz, insanlar bəzən çox naşükür olurlar. Heç nəyin qədir-qiymətini bilmirlər. Müharibə başlayandan bir aydan artıq idi çimmirdik. Düzü, heç çox vaxt içməyə, əl-üzümüzü yumağa su tapmırdıq. O ki qaldı çimmək ola. Paltarlarımız da dəfələrlə yağış zamanı əynimizdə islanıb, qurumuşdu. Belə bir vaxtda biz Xocavənddə olanda bu səyyar hamam maşını gəldi. Təsadüfən bizim bölmə bir gün orada dincələcəkdi. Biz də yaxşıca çimib dincəldik. O gün heç vaxt yadımdan çıxmaz…

– Deməli, “Şır-şır” yazılı ilk su maşınını Xocavənddə görmüşdünüz, sonra ekranda görüncə həyətdəki avtomobilləri, eyni yazılı ofisi xatırlayıb öyməyə başlamısınız.

– Bəli. Təxmini, bəlkə də ən dəqiqi vəziyyət belədir.

– İndi yenə həmin binada yaşayırsınız?

– Türkiyədə xəstəxanada müayinə qabağı söhbət etdiyim psixoloqun tövsiyəsi ilə Azərbaycana qayıdan kimi valideynlərim orada qalsalar da, mən ailəmlə birlikdə yeni mənzilə köçmüşəm.

– Bax, bu, yaxşı haldır. Sizə də qazilərə verilən mənzillərdən veriblər?

– Əvvəlcədən belə bir fikrimiz, yəni hazırlığımız var idi. İş belə olunca valideynlərimiz də kömək etdi, tez bir ev alıb köçdük. Ancaq evi yaxın bir qohumun adına almışıq. Adım qazi kimi siyahıda var. Növbəm çatanda mənə də ev verəcəklər.

– Ailədə neçə nəfərsiniz?

– 6 nəfər. Həyat yoldaşım, 2 oğlum, 2 qızım.

– Harda işləyirsiniz, peşəniz nədi?

– Hal-hazırda icra hakimiyyətində işləyirəm.

– Nə işə baxırsınız?

– Vallah, bir ixtisasım hərbçidir. Peşəkar zabitəm. İkinci ixtisasım da tarix müəllimi. Amma, hal-hazırda bağban işləyirəm.

– Çox gözəl. Bəs nə yaxşı belə alınb?

– Hə. Bu da uzun məsələdir. Deməli, ordudan tərxis olunan ili Bakı Təhsil İdarəsinin Bakı məktəblərində boş olan “Hərbi rəhbər” vəzifələrinə keçirdiyi işə qəbul imtahanlarında iştirak etdim. 40 mümkün baldan 39 bal toplamışdım. Bu test-imtahandan əlavə, bir neçə mərhələdən də keçdik. Yadımdadır ki, hələ bu 40-dan 39 məsələsinə görə müsahibə mərhələsində məni əməlli-başlı sıxma-boğmaya salmışdılar ki, birdən nəsə hətərən-pətərən söhbət olar. Gördülər yox, hər şey normaldır. Necə deyərlər, anadangəlmə “oxuyan uşağam”, növbəti -vakansiya seçimi mərhələsinə buraxdılar. Yer seçdim, düşdüm 45 nömrəli məktəbə. Bakı Təhsil İdarəsinin göndərişi ilə getdim ora. Məktəbin direktoru xanım idi. Yazıq bir sevinirdi ki… 5-10 dəqiqə yanında oldum. Bəlkə 10 dəfə soruşdu ki, mənə kömək edəcəksinizmi? Məktəbə kişi müəllim gəlməsinə çox sevinirdi. Prosedur gərəyi bu məsələ rayon səfərbərlik idarəsi ilə də razılaşdırılmalı idi. Məktəbin direktoru rayon səfərbərlik idarəsinə müraciət yazıb verdi, getdim ora. Deməli, mən içəri girəndə kimi ki, məni – sənədi qəbul edəcəkdi, artıq mobil telefonla danışırdı. Eşitdiyimi, onun ağzından çıxan kimi sizə çatdırıram: – “…Ayə, narahat olma. Bakı Təhsil məndən xəbərsiz imtahan keçirdib göndərib onları. Təkcə sənin yerinə deyil, bütün məktəblərə göndəriblər. Boş şeydi. Ürəyini buz kimi saxla. Mən dabro verməsəm, onlar nə karədir… İstəyirlər lap 100 adam göndərsinlər. Sən başını sal aşağı, işinlə məşğul ol…” – nəsə gözlədim danışdı qurtardı. Gəlişimin səbəbini deyəndən sonra məlum oldu ki, mən elə bu adamın yanına gəlmişəm. Sənədlərimə və məktəb direktorunun yazdığı müraciətə baxdı. Dedi ki, müraciət düzgün formada yazılmayıb. Nəsə, düz 3 dəfə mən o müraciəti dəyişmək məcburiyyətində qaldım. Sağ olsun məktəb direktoru, etiraz etmədən 3 dəfə müraciəti yenidən yazdırıb, möhürlədi… Ancaq sonuc olaraq, mən o məktəbdə işləyəsi olmadım.

– Bəs nə yaxşı tarix müəllimi işləmirsiniz?

– Elə bilirsiniz onu yoxlamamışam? Onu da düz 3 dəfə yoxlamışam. MİQ-dəki, rəngli kağız əməliyyatları, vaxt və suallarla manipulyasiyalar… Nəsə, sonuncu dəfə 60-dan 46 bal toplamışdım. Əslində bu ikinci ixtisası almaqda məqsədim ən ucqar dağ kəndlərinin birində müəllim işləmək olub. Elə ona görə də səfərbərlik idarəsinin mənə öz xətti ilə yazıb verdiyi şəxsi mobil nömrəsinə zəng etmədim. Çünki Bakıdansa rayonların birində ucqar kənddə müəllim işləmək mənə daha maraqlı, cazibədar və eyni zamnda faydalı görünürdü. İki tur başa çatdıqdan sonra yenə vakant yerlərdən heç birinə düşə bilmədim. Maraqlıdır ki, artıq adını əzbər bildiyim dağ kəndləri var idi ki, hər dəfə seçimlərdən sonra oranı seçsəm də, nə mən o məktəbə düşürdüm, nə də o yer dolurdu. Yer vakant, mən isə işsiz qalırdım. Belə günlərin birində elan gördüm ki, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Kamalzadə namizədləri qəbul edir. Mən də elektron qaydada qəbula yazıldım. Sağ olsun, qeyd olunan vaxtda qəbuluna düşə bildim. Bu sualı eynilə ona verdim ki, necə olur, hər seçimdən sonra belə yerlər boş qalır, biz də işsiz? O, sadəcə, çiynini çəkib, masanın üzərindəki kompüterə işarə etdi və dedi: – “Bizlik bir şey yoxdur”. Mən bir az da irəli gedib bildirdim ki, bəlkə istisna hallar kimi mənim üçün nəsə etmək olar, Bakı istəmirəm ki, hər il, hər dəfə boş qalan və ya gənc qızların bir illik tutub getmədikləri ucqar bir dağ kəndində ömrümün sonuna qədər müəllim işləmək istəyirəm. Cavab isə qəti olaraq belə oldu: – “Biz siz deyən kimi eksklüziv heç nə edə bilmərik…”. Və mən bu görüşdən sonra MİQ imtahanlarında iştirak etmədim. Sonra da müharibə başladı. Yenidən ordu. Yenidən hospital. Və görürsünüz ki, indii də sizin qəbulunuzdayam.

– Bəs, bu bağbanlıq nə məsələdir?

– Hospitaldan çıxandan sonra bir neçə dəfə çağırıb yoxladılar. Və son qərar belə oldu ki, heç bir əlillik dərəcəsindən söhbət gedə bilməz. Bu yaralar hamısı yüngül yaradır. Onurğada və bədənimin digər yerlərində qalan qəlpələr də elə-belə, ziyansız müharibə yadigarlarıdır. Zamanla onları da çıxartmaq olar. Kənardan baxanda, bir də bu şoğərib televizorda həyat tamam başqa cür görünür. Ona görə də real həyatda olanlarla heç kim barışmaq istəmir. Məsələn, bax mənim artıq bir ildir əziyyət çəkdiyim bu öymənin heç bir adı yoxdur. İstər kəllə-beyin travması kimi, istərsə də indi siz, sizdən əvvəl də türk həkim-psixoloqların araşdırdığı hal kimi. Halbuki gecəm-gündüzüm yoxdur. Bir də ki, indi nəinki hər adama əlillik təyin etmirlər, hətta Birinci Qarabağ müharibəsi iştirakçılarından çoxunun təqaüdlərini kəsiblər. Məsələn, nə qəzetdən oxumursunuz, nə kitabdan. Real mənim iki sinif yoldaşım olan şəxsən tanıdığım Birinci Qarabağ müharibəsi iştirakçısının 25 ildən artıq zaman ərzində aldıqları təqaüdləri kəsiblər. Halbuki onlar hələ o zaman ağır yaralar aldığına görə müharibə getdiyi zaman ordudan tərxis olunmuşdular. Və elə o vaxtdan da onlara təqaüd təyin olunmuşdu. Bunları dəqiq bildiyim üçün sizə dedim. Yeni mənzil almaq, davamlı müayinə və müalicələr, bunların hamısı pul tələb edir. Əldə-ovucda nə var idi hamısı getdi. Əslində mənim heç işləmək fikrim yox idi. Mən DOST mərkəzinə sosial müavinət almaq üçün məsləhət almağa getmişdim. Oradakı dostlardan biri hərtərfli məni sorğu-sual edəndən, səndədlərimlə tanış olandan sonra başa saldı ki, əmi, mütləq yarımştat da olsa, işləmək lazımdır. Dedim ki, ta işim olandan sonra yardımı neynirəm ki, elə maaşımla başımı aşağı salıb birtəhər dolanaram. Mənə nə desə yaxşıdı? Dedi ki, əmi, uşaqlar çox balaca olsa idi, həyat yoldaşınız işlədiyinə görə siz işsiz olsanız da, sosial müavinət ala bilərdiniz, ancaq indi uşaqlar böyükdür. Siz sosial müavinət almaq üçün gərək adınıza bir iş olsun. Mənim də matım-mutum qurudu, qaldım belə. Sağ olsun, uşaq elə şirin-şirin danışdı ki, heç nə deyə bilmədim. Elə onun məsləhəti – göndərişi ilə getdim icra hakimiyyətinə. Orda da, sağ olsunlar, elə həmin gün qazi olduğuma görə məni işlə təmin etdilər. İndi 270 manat oradan maaş alıram, təxminən bir o qədər də sosial müavinət, üstəgəl, müharibə veteranı olduğuma görə 80 manat da Prezident Təqaüdü alıram. Hayat yoldaşım da elə bunların cəmi qədər maaş alır. Min şükür, dolanırıq. Bax belə. Başqa nəyin aidiyyəti ola bilər, sizcə, bu “ÖYMƏ” məsələsinə?

– …

– Hə. Bənövşə xanım nə düşünürsünüz?

– Məncə, bütün məsələnin kökü indi o sizin valideynlərin yaşadığı binanın zirzəmisindəki “Şır-şır”dadır. Ancaq biz bu məsələni belə bir-iki görüşdə həll edə bilməyəcəyik. Və onu da əlavə edim ki, sizin də yeni ödənişlər etmənizi heç istəmirəm. Əksinə, bax sizin ödənişinizdən mənə çatan bu 75 manatı da sizə qaytarıram. Artıq heç bir söz və təklif qəbul etmək istəmirəm. Və bu da mənim ”whatsapp” nömrəm – deyə əlindəki kağız parçasını mənə uzadaraq davam elədi – hər gün 20:00-23:00 arası istədiyiniz vaxt görüntülü yığıb mənimlə söhbət edə, məsləhətləşə bilərsiniz. Əgər bunların heç birini etməsəniz də, nəticə barədə məni mütləq xəbərdar edərsiniz. Ancaq bir məsələni özüm üçün dəqiqləşdirmək istəyirəm. Siz heç olmasa bir dəfə o ofisə daxil olub, maraqlanmısınızmı görüm bunlar burada nə işlə məşğuldurlar? Nə edirlər? Bəlkə onların heç bu məsələyə aidiyyəti yoxdur?

– Oldu! – Bənövşə xanımın bu səmimiyyəti və comərdliyi qarşısında əlavə heç nə deyə bilmədim. Pulu və kağızı alıb ürəyimin başına – içəridən döş cibimə qoydum. Yalnız indi şamların artıq çoxdan söndüyünü fərq etdim. Çevrilib pəncərəyə baxdım. Hava qaralmaq üzrə idi… Bənövşə xanım da bunun fərqinə varmış olmalı ki, mizin üstündəki “basma qələm”lərdən birini götürüb düyməsini basan kimi divarlardakı lampalar yandı. Şamlar yanmasa da, otaqda olan ab-hava demək olar ki, dəyişməmişdi. Söhbətdə yaranmış bu qısa fasilədən sonra mən davam etməyə başladım:

– Bilirsiniz, Bənövşə xanım, əlbəttə, mən orada olmuşam. Bir yox, bir neçə dəfə olmuşam. Onlar binanın altında yerləşən bütöv zirzəmini ortadan bölüblər. Orada özlərinə ofis və ambar yaradıblar. Ofis və ambar olan hissəni yaxşı təmir ediblər. İçəri girəndə zirzəminin əvvəlki halından xəbərsiz olan adamın heç ağlına da gəlməz ki, bu divarın arxasında necə çirkab su ola bilər. Ambarın çirkabla arakəsmə divarında çoxlu sayda su krantları var. Düşünə bilirsiniz? O krantlardan gələn su ilə üzərinə “Şır-şır,  kəhriz suyu yazılmış 25 L” plasmas su qabların doldurub, təmiz su adı ilə müxtəlif təşkilatlara, ofislərə, mənzillərə xidmət göstərirlər. Mən neçə dəfə ciddi maraqlanmışam. Deyirlər ki, bütün sənədlərimiz var, məhsulumuz laboratoriyalardan keçib, bu krantlar olan divarın arxasında xüsusi su təmizləyici, suyu insan orqanizmi üçün vacib mikroelementlərlə zənginləşdirən, ionlaşdıran, yodlaşdıran, nə bilim nə edən çoxfunksiyalı filtirlərimiz var. Hər axşam maşınlarla boş su qabları gəlir. 24 saat fasiləsiz içəridə qablar doldurulur. Gün ərzində də səhər saat 9:00-dan axşam saat 18:00-a kimi istirahət günü də daxil olmaqla, hər gün müştərilərə çatdırılır. İnternetdə, televizorda, hər yerdə də reklamları gedir. Yazıq camaat nə bilsin ki, bu kəhriz hansı binanın zirzəmisində qaynayır? İnanın, tam səmimi deyirəm, həyəti elə gözəl təmir ediblər. Ofisləri elə təmiz, elə səliqəlidir ki, məhləyə birinci dəfə gələn adama mən indi sizə danışdıqlarımı heç cür inandırmaq olmaz. İlk əvvəl mən köçüb bu bəladan canımı qurtarmaq istədim. Fikirləşdim ki, görməsəm, yadıma düşməz, rahat olaram. Ancaq belə olmadı. Hər Xocavənd yadıma düşəndə, hər onların reklamını, ya maşınlarını şəhərdə görəndə özümü saxlaya bilmirəm. 85 kiloluq adam əriyib qalmışam 53 kilo. Tez-tez xəbərlərdə görürük ki, nəzarətçilər qanunsuz su xətlərinə qoşulmuş kafelərin, “moyka”ların su xətlərini kəsirlər, sahibkarları cərimələyirlər. Bina sakinləri neçə dəfə şikayət ediblər. Nəzarətçilər gəlib yoxlayıb gedirlər. Qeyri-qanuni qoşulma yoxdur deyirlər. Şirkətin də bütün sənədləri qaydasıda. İşçilərin maaşını, dövlətin vergisin vaxtında verir. Hələ üstəlik, xeyriyyəçilklə də məşğuldur. Müharibə vaxtı cəbhəyə nə qədər təmənnasız yardım edib. Hərbi hissə komandirlərindən, hətta bu yaxınlarada şanlı Zəfərimizin ildönümü ilə əlaqədar şəxsən Müdafiə Nazirindən fəxri fərman alıb. Adamın üstündə Allah var, həyəti yaxşı abadlaşdırıblar. 30 ilə yaxın qurumayan zirzəmini çirkab sudan, zir-zibildən təmizləyib qurudublar. Ən azı 50-60 adama çörək veriblər. Xub. Çox sağ olsunlar. Ancaq bir bunlara deyən, onlardan soruşan yoxdur ki, a balam, bu boş su qabları hər gecə maşın-maşın gəlir bura, bütün gün boyu da dolu-dolu daşınır, bəs, bu kəhriz şəhərin mərkəzində hardan qaynayır? Bir sözlə, çox müşkül işə düşmüşük. Bilirsiniz, mənim bu məsələmdən xəbərdar olandan sonra nə şayiə buraxıblar?

– Çox maraqlıdır.

– Deyirlər ki, İlqar qarnıqurdludu, öymə ondandır. Hətta mənim qurddan təmizlənməm üçün müalicə xərclərini də öz üzərlərinə götürüblər… Bax, son vəziyyət belədir, Bənövşə xanım. Bizimki qalıb Allaha… O Böyük Allah özü bizə kömək oslun…

                                                                  Son.

29.11.2021. Bakı ş.

  Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BAYRAQ BİZİM BAYRAĞIMIZ!

Zaur Ustacın şeirləri “Ədəbiyyat qəzeti”ində.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

İlkin mənbə: edebiyyatqazeti.az Arxiv: archive.vn

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DODAQDƏYMƏZ – ZAUR USTAC

DODAQDƏYMƏZ – Zaur USTAC

ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
* * *
Taclı şair* şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

21.10.2021. – Bakı ş.

* Taclı şair – Göygöz, Sevdalı kimi Zaur Ustacın müəyyən konkret məhdudlaşdırıcı ədəbi tələblər olduğu zaman (adətən dodaqdəyməzlərdə) istifadə etdiyi təxəllüsüdür.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

DODAQDƏYMƏZ QOŞMALAR

ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Hər şey belə başladı…” – Şeirlər – Zaur USTAC

Zaur Ustacın şeirləri.

ZAUR USTAC BU GÜN ƏDƏBİYYAT QƏZETİNDƏ

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

O GÜN
(Milli Qəhrəman Polkovnok İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…

İlkin mənbə:edebiyyatqazeti.az

Arxiv: archive.vn

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru






İLDIRIM ƏKBƏROĞLUNUN DOĞUM GÜNÜDÜR

İldırım ƏKBƏROĞLU (Füzuli) – şair, MYK -nın sədri.

Bu gün gözəl insan, əsl ziyalı, sevimli şair İldırım Əbəroğlunun (Füzuli) anadan olduğu gündür. Ad günündə şairi rəhmətlə anırıq. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

İLDIRIM ƏKBƏROĞLU HAQQINDA

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANNA – YENİ GÜNƏŞ – ZAUR USTAC

Səma MUĞANNA – gənc yazar

SƏMA MUĞANNA – YENİ GÜNƏŞ

(Ağazadə Səma Elbrus qızı haqqında)

Salam olsun, dəyərli oxucum! Bu  görüşü  bizə ərməğan etdiyinə görə  Böyük Alaha şükürlər olsun! Sizlərlə yenidən həmsöhbət olmaq çox xoşdur! Bu dəfə söhbətimizin mövzusu əlinə yenicə qələm almasına baxmayaraq, artıq kifayət qədər uğura imza atmış gənc qələmdar barəsində olacaq.  Haqqında söhbət açacağımız gənc yazar qısa müddət ərzində  öz imzasını tanıtmağı bacarmış, ədəbi cameədə sözünü deməyə başlamışdır.  Söhbətə başlamazdan əvvəl onu qeyd etmək istəyirəm ki,  bu dəfə sizinlə  bir az hüznlü, gərgin, amma bir o qədər də romantika dolu dünyaya səyahət edəcəyik. Bu dünyanın balaca fidanı xəzan olan yarpaqların arasında öz qələmini tapmış və ondan bərk-bərk yapışıb dikələrək, bu qələmin gücünə bələd olduğundan ona söykənib  var gücü ilə, səsi gəldikcə, sözü yetdikcə; “…ey kor olmuş dünya, mən də varam” – deyə hayqırmaqdadır.  O qələm onu çox fırtınalarla qarşılaşdırmış, o kiçik, məsum ürəyində od qalamışdı. Bu odun qor götürdüyü ocaq bəşəriyyətin söz məbədinin müqədəsliyinə müqədəslik qatan piraninin piridir. Bu  od  hərdən sönsə də, hər dəfəsində yenidən daha güclü alovlanmışdır.  Alovlanmış və daha da gurlanaraq sönməmiş, əksinə parlaqlığını artırmışdır.  Bu od o ocaqdan rişələnib ki, çoxlarımız qiyabi də olsa bu barədə məlumatlıyıq. Bu od o ocaqda,  o məbəddə alovlanır ki, onun nə vaxtsa sönməsini heç birimiz istəmərik. Əksinə bu yazını oxuyandan sonra çoxunuz mənimlə razılaşacaqsınız ki, hamımız bu ocağın qorunu, alovunu mühafizə etməli, onu qorumalı daha da gur alovlanmasına, zülmət dünyamızı işıqlandırmasına, soyuq dünyamızı isitməsinə kömək olmalıyıq. İndi sizi bu müqəddəs məbədin ocaqdarı ilə tanış etməyin vaxtı çatmışdır. Bu müqəddəs məbədin indi-indi alovlanmağa başlayan qoru, bu qoca çinarın yeni pöhrəsi, fidan balamız, gənc yazar, dahi söz ustadı İsa Muğanna ocağının, irsinin   varisi, qoruyucusu, daşıyıcısı  Səma Muğannadır.

Qısa Arayış:

Səma Muğannna (Ağazadə Səma Elbrus qızı) 2006-cı il martın 2-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Babası “İstiqlal” ordenli Xalq yazıçısı İsa Muğanna kiçik yaşlarından Səmanın tərbiyəsi ilə məşğul olmuş, onda ədəbiyyata maraq oyatmışdır. Hal-hazırda Səma  189-190 saylı orta məktəbin 10-cu sinfində təhsil alır, 3 kitab müəllifidir, “Yazarlar” jurnalının redaksiya heyətinin üzvüdür,  “Ulduz” jurnalında, “Ədəbiyyat və “Kırımın səsi” qəzetlərində, eyni zamanda müxtəlif saytlarda əsərləri işıq üzü görmüşdür. “Ziyadar” Mükafatı laureatıdır.

 Səma Muğanna ilə mənim tanışlığım “Adam və Papatyanın Tanrıyla görüşdüyü gün” kitabı ilə olub. Kitab adı ilə diqqətimi çəksə də oxuduqdan sonra bu gənc müəllifin söz dünyası,  düşüncələri fikrimi məşğul etməyə başladı. Daha sonra “Göyərçinin qəribə sevgi hekayəsi”, “Lal şəhərim” və digər kiçik həcimli yazıları ilə tanış olduqca hər şey mənə məlum oldu. Söz dünyası, bədii ədəbiyyat öz yeni tacidarını qarşılamağa hazır olmalıdır. Söz səltənətinin yeni sultanının tacının parıltısı artıq ədəbiyyat üfiqlərində görünməkdə, atının ayaq səsləri isə eşidilməkdədir.

Əgər bir az da dərinə gedib, Səmanı daha yaxından tanımağa çalışsaq, bu körpə fidan bala qələminin varlığına sarılaraq ayaqda qalmağı bacarıb. Kiçik dünyasında rəngarəng göy qurşağını kiçik ev edib, o evin də, küçənin də ən şirin nəğməsi olub. Bu nəğmə böyüdükcə səsi ətrafı da ovsunlamış və ovsunlamaqdadır.

Səsdən söz düşmüşkən, sözün əsl mənasında Səma həmdə məlahətli səsə və özünəməxsus ifa tərzinə malik qiraətçi kimi də özünü uğurla sınayır.

Bütün bu sadaladıqlarımızın hamısı Səmada ilkin mərhələdə, işartı formasındadır. Ancaq, ondakı əzim və bir də söykəndiyi soy-kök onu deməyə əsas verir ki, biz çox parlaq bir gələcəyi olan söz adamı, yazarla müasirik.

      Səmanın yaradıcılıq dünyasına səyahət etdikcə qəlbləri riqqətə gətirən səhnələrlə tanış oluruq. Qələm sahibinə rəğbətimiz artır.

   Səma həyat eşqini, duyğularını,  yaşadıqlarını sadəcə qələmə almır. O bəlkə də şəxsən onun özünə aid olanları böyük ustalıqla ümumiləşdirməyi bacarır. Öz yaşıdlarının, bəzən (çox vaxt) isə hətta yaş və digər stereotipik baryerləri aşaraq bütün insanlığın, cəmiyyətin problemlərini uğurla qabarıq şəkildə təqdim edir. O bütün varlığıyla sarıldığı qələmini barmaq uclarıyla izləyərək yazır. O qələminin sözünü dinləyir. Səmanın qələmindən çıxmış bir az mistik, sevgi dolu hekayətlər oxucunu ovsunlayır. Qələminin sehrini izləyən oxucusu  bu yalan, fani dünyadan ayrılıb, onun sevgi dolu dünyasına səyahət edir.  Səmanın qeyri-adi, sehirli söz dünyasına düşmüş oxucu  həyata tamam başqa gözlə baxmağa başlayır. O dünyadan bu dünyaya yeni əhval-ruhiyyədə qayıdır.

   Səmanın  söz aləmində uğurlar qazanmasında rol oynayan ilk  olaraq babası İsa Muğanna və ailəsi olub. Bu körpə fidan bala dünyaya göz açdığı ocaqda ədəbiyyat qoxusunu duymuş və qələmi əlinə almışdır. Təbii ki, onun yanında dəstəkçiləri də olmuşdur və bu gün də var. Günəş olmadığı zaman Ay Yeri işıqsız qoymadığı kimi, İsa Muğanna yoxluğunda Səma Muğannanın da muğannasevərləri sözsüz qoymayacağına əminik.

Son olaraq Səmaya onu demək istəyirəm ki, əzizim Səma başlanğıc mükəmməldir! “Sükanı belə saxla!” Bax, beləcə davam et! Daim öz üzərində işlə! Biz ədəbiyyat üfiqlərində sənin timsalında yeni bir günəşin doğduğuna inanırıq. Sənin boynuna düşən bizim yanılmadığımızı sübut etməkdir. Bu keşməkeşli, çətin ancaq, şərəfli yolda uğurların bol olsun!

Sona qədər həmsöhbət oduğunuz üçün təşəkkür edirəm. Böyük Allahın yardımı və izni  ilə  yenidən görüşənədək! Allah amanında.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YAZ SEVDASI

Zaur USTAC – şair, publisist.

YAZ SEVDASI VAR
Bu payız bir başqa gəlir ömrümə,
Güzün gümanında yaz sevdası var.
Xəzana bürünüb bütün bağ, bağça
Güzün gümanında yaz sevdası var.
* * *
Bu xəzan yelimi, ya bahar mehi?
Bivaxt tumurcuqda, tər zəfər zehi,
Qızılı yarpaqda zər qəhər şehi,
Güzün gümanında yaz sevdası var.
* * *
Ustac, tac almısan Haqqın özündən,
Gözəllər xoşhaldır şirin sözündən,
Görməz, qəm süzülür qəmgin gözündən,
Güzün gümanında yaz sevdası var.
29.08.2021 – Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC HAQQINDA

Zaur Ustac – şair-publisist.

USTACAM

Müzəffər ordunun şanlı əsgəri,

Ərənlər yurdunun ər övladıyam!

Zalımın zülmünə təhəmmülüm yox,

Babəklər yurdunun hürr övladıyam!

* * *

Ustadım Nəsimi, sözümüz sözdü,

Ədalət, həqiqət bağrımda közdü,

Ziyadar dühası bir deyil, yüzdü,

Mövlalar yurdunun  nur övladıyam!

* * *

Zaur Ustac – Batabat / Şahbuz / Biçənək aşırımı. 2000 – lər.

* * *

Dərvişəm, müqqəddəs sayılır təkkəm,

Hülqumdan yuxarı dayanır öfkəm,

Od, ocaq diyarı tanınır ölkəm,

Alovlar yurdunun nar övladıyam!

* * *

Unutma, şah babam Xətai başdı,

Nadir şah, mətədə tərpənməz daşdı,

İlham, nə keçilməz sədləri aşdı,

İgidlər yurdunun nər övladıyam!

* * *

Tarixdə Nəbisi, Koroğlusu var,

Gen dünya yağıya daim olub dar,

Düşmən qarşımızda yenə oldu xar,

Aslanlar yurdunun şir övladıyam!

* * *

Göydən Yer üzünə ərmağan, payam,

Gündüzlər Günəşəm, gecələr Ayam,

Ən parlaq ulduzdan törəyən boyam,

Ozanlar yurdunun sirr övladıyam!

* * *

Zaur Ustac – baxış istiqaməti Laçın, məsafə təxminən 30 km. 2000 – lər.

Ustacam, vətənim vətən içində,

Axıb duruluruq zaman köçündə,

Min bir anlamı var, adi “heç”in də,

Aqillər yurdunun pir övladıyam!

13.11.2020 – Bakı.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir kitab yazacaq odlu ürək sahibi… – Qurban Bayramov

Nuranə RAFAİLQIZI

Bir kitab yazacaq odlu ürək sahibi…

(Həkim-şairə Nuranə Rafail qızının

yaradıcılığı haqqında düşüncələrim…)

   Bədii söz sənəti yollarında inamlı addımlarını atan, amma, “ müəyyən bir auditoriyaya sahib şair kimi tanınan” Fazilova (Rəhimova) Nuranə Rafail qızı Azərbaycnın barlı-bəhərli diyarı Göyçay bölgəsində dünyaya göz açmışdır, orta təhsil almış, Odlar Yurdu Universitetinin “Müalicə işi” fakültəsini bitirərək həkimlik peşəsinə yiyələnmiş. 2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır…

    Ədəbi fəaliyyətə erkən, orta məktəb illərindən başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmiş, rəğbətlə qarşılanmışdır.. Şeirləri ilk olaraq Nuranə Rafailqızı imzası ilə “Milliyyət” qəzeti, “Herba-flora”,  “Yazarlar”  jurnallarında işıq üzü görmüşdür. Lap son çıxışı “Kredo” qəzetində olmuşddur.  Onun Nuranə Fazilova (Rəhimova) imzası ilə də şeirləri dərc edilibdir. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır. 2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13 şeir və “Kimlərə qaldı dünya”, “Nizami Gəncəvi – 880” antologiyasında 15 şeiri dərc olunmuş, həmçinin  “Həyat bizi səsləıyir”  antologiyasında şeirləri yer almışdır. Nuranə Rafail qızı Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı (15.04.2021.) olmuş, eyni zamanda, KİV  tərəfindən “Fəxri şair” diplomuna layiq görülmüşdür. Bu faktlardan da, göründüyü kimi, Nuranə poetik yaradıcılıqla ardıcıl məşğul olmuş, müəyyən müvəffəqiyyət əldə edə bilmiş, onun yaradıcılığı haqqında mətbuatda müsbət rəylər də dərc edilmişdir.      

   İndi onun “Həkimlər depresiya deyir…” adlı ilk şeirlər kitabı nəşr üçün hazırlanır və bu ilk kitaba xeyir-dua vermək üçün istedadına və xeyirxahlığına inandığım şair-publisist, naşir Zaur Ustac mənə müraciət etdi, Nuranənin yaradıcılığı ilə ətraflı tanışlıqdan sonra, onun poetik “dünyası” barəsində fikir və düşüncələrimi bildirmək qərarına gəldim…

   Nüranə Rafailqızı əslində, ədəbiyyatla heç bir əlaqəsi, həmçinin filoloji təhsili olmayan, ədəbi əhatədən kənar, amma ədəbi-bədii düşüncəyə, poetik istedada malik yazarlar qurupuna daxildir. İstedadlı qələm sahiblərindən biri  olan, şair-publisist Zaur Ustacın onun haqqındakı bu fikri ilə tam razılaşırıq: “…çox istedadlı qələm adamı… Nuranə Rafailqızı da ixtisasca həkim olmasaına baxmayaraq, artıq müəyyən bir auditoriyaya sahib şair kimi tanınmağa başlayıb…” Yuxarıda gətirdiyiiz faktlar da bunu təstiq edir.

   Nuranənin şeirlərində onun bir qələm əhli kimi mərhəmətini, sədaqətini, sevgisini, dürüstlüyünü, paklığını görürsən. Görürsən ki, müəllifin də, müəllifdən sözə hopan ruhu da təmizdir, safdır, durudur…  İç dünyası ilı dış dünyası müvazidir, aldadıcı deyildir, sünilikdən xeyli uzaqdır. Şeirlərində özünün, yaşadığı mühitin, ən ümdəsi isə göz açdığı, boya-başa gəldiyi bölgənin cazibədar ruhu, özünəməxsus söz düzümü, bu düzümün yaratdığı ahəng var və bunlar onun şeirlərinin spesifikası təkin qəbul edilə bilər…

    Bu kitab şairənin ilk kitabıdır  və müxtəlif mətbuat orqanlarında, toplularda, almanaxlarda dərc eddilən, oxucuları ilə üzbəüz   qaldığı şeirlərinin bir qismidir… Bu şeirlərdə şairlik iddiasına düşməyən, təbii hissi ehtiyacdan yaranan, həkimlik peşəsinə yiyələnmiş incə, zərif təbiətli və həssas müşahidə qabiliyyəti olan bir şair qadının həyata münasibəti, yaşam tərzinin psixoloji məqamları, insani sevgisi, məhəbbəti, nifrəti, qəzəbi və s. doğru-dürüst, həzin bir lirizm ilə əksini tapıbdır və yaxşısı budur  ki, bütün bunlar onun özününküdür. Özüdür, gəlmə, yapma, yamaq, yapalaq deyildir, səmimidir, poetik etiraflardır…  ” Bircə sən yoxsan dünyamda”   şeirində olduğu kimi:

Hər şeyim var..

Başımı salmağa evim-ocağım,

Qısılıb yatmağa küncüm-bucağım.

Halal zəhmət ilə rahat çörəyim,

Bir kitab yazacaq odlu ürəyim.

Bircə sən yoxsan dünyamda,

Yalnız arzumdasan, yalnız xülyamda…

Hər şeyim var…

Qızılım, mirvarim, incim-sədəfim,

Əqidəm, imanım, yönüm, hədəfim.

Başımın üstündə duran Allahım,

Xoşbəxt gələcəyə gedən sabahım.

Bircə sən yoxsan dünyamda…

   Zənnimcə, bu lirizm mayasından mayalanan həyati faktlar, cizgilər, fraqmentlər bir insan taleinin sözdə reallaşan sinematik kadrlarıdır…  Ümumiyyətlə,  bu şeirlər bir həkim-şairənin həssaslıqla duyduğu, gördüyü, yaşadığı həyati faktların poeziyasıdır. Bir həkim kimi isə xəstəsinə həssas, qayğıkeş, məlhəm münasibəini, peşəsindən sıyrılan koloriti belə şeirləşdirir və bu özünəməxsus həkimanə ruhunun lirik bədii ifadəsidir.

…Kimi cavan, kimi qoca,

kimi körpə qucağında

Bir havanın həsrətində,

bir nəfəsin sorağında.

Gecələri sakit-səssiz

xəstəxana otağında

sübhə kimi cırıldayan

Bax,

həmən o yataq mənəm!

 Yaxşı olan budur ki, müəllifin qarşılaşdığı, gördüyü, eşitdiyi əlahiddə hadisələr, nəsnələr onun könlündə, ruhunda əks-səda verir, misralara, obrazlara, şeirə çevrilir…

  Şairdə, ümumiyyətlə qələm əhlində gərəkdir ki, fərqli düşüncə, dünyagörüş, zamanı vaxtında duymaq və gələcəyə yönəlik duyum, həssaslıq olsun. Nuranə Rafail qızı yaradıcılıqdan kənar sahədə, həkimlik peşəsində çalışmasına baxmayaraq (hərçəndi, mən həkimliyə, Hippokrat andlı həkimliyə yaradıcılıq sahəsi kimi baxıram və onu da bilirəm ki, bu peşənin adı hükəma, fikir, filosof anlamlarına müvazidir) içində həkimanə bir poeziya – şair ömrü də yaşayır… Mənə elə gəlir ki, həkimliyin şairliyə yaxın, doğma cəhətləri var. Əvvala, hər ikisinin obyekti İNSANDIR! Və hər ikisi, həkim də, şair də insanın sağlamlığı ilə məşğuldurlar, birisi fizioloji sağlamlığın, ikincisi isə mənəvi sağlamlığın keşiyindədirlər… Bu cəhətdən həkim də, şair də daim axtarışdadırlar. Boş yerə deyilməyibdir: “Sağlam canda sağlam ruh olar!” Məncə həkimlik də, şairlik də cididən-ciddi ruhsal aləmdir…  Nuranə həkimin poetik “mən”i onun “Mən” şeirində həssas psixoloji çalarda belə təqdim edilir:

Bir ev var ki, uzaqlarda

hasarı yox, çəpəri yox.

Nə gələni, nə gedəni,

nə qalan bir nəfəri yox.

Bu günəşdən, bu səmadan,

bu həyatdan xəbəri yox

toz basmış, kifə bürünmüş

Bax,

       həmən o otaq mənəm…

   Əlbəttə, bu şeiri avtoportret də adlandırmaq olar. Lirik “mən”in – müəllifin keçirdiyi əhval-ruhiyyə əks olunubdur. Təsvir olunan bu metaforik obraz – ev, əslində insan ömrünün obrazıdır, onun keçirdyi ömür yolunun astanalarıdır, müxtəlif çətinliklərdir, psixoloji iztirablardır… Və yaxud “bu “mən” diqqətsiz misra, dərc olunmamış şeir, tənha fərd, ucqar kənd, oxunmamış kitab, tikilməmiş ev, uzun illərdir yanmayan soba”, bu qəbildən olan həyati məqamlardır, addamaclardır…  Məsələn, “Bir az səssizlik, bir az sənsizlik” adlandırdığı şeirində olduğu kimi:

Bir stəkan çay istəyirəm,

                        yanında da limonu.

Bir qırıq qənd parçası,

                 bir kağız, bir qələm

                  cızmaqara edim onu…

Vəssalam,

              mənə bu da yetər hələlik!

Gün batar, ay doğar,

           bir az səssizlik, bir az sənsizlik…

   Nuranə Rafail qızının bu qəbildən şeirlərində ihcə, zərif qadın həssaslığı ilə yoğrulmuş  fəzilət, rəğbət, şəfqət, dürüstlük, fədəkarlıq, sədaqət, məhəbbət kimi insani əxlaqi keyfiyyətlərin öz istedadı, bacarığı gücündə vəsfi, tərənnümü daha qabarıqdır, öndədir…  “Həkimlər depresiya deyir” şeiri bu cəhətdən səciyyəvidir:

Dünyanın rəngi də qaçıb,

ağ-qara şəkillər kimi,

Divardan bizə boylanan

70-ci illər kimi.

Saralıb, solub, köhnəlib

güllər də eyni rəngdədi

Bir sığala həsrət qalan

tellər də eyni rəngdədi.

Həftələr, aylar ötüşür

qoşulub dönür illərə

Eyni rəngdə, eyni tonda

ömrü veririk yellərə,

Qocalıq da astanadan

üzümüzə gülümsəyir.

Mən deyirəm kefim yoxdu,

Həkimlər depresiya deyir!..

   Şairə-həkimin “Həkimlər depresiya deyir”  bu şeirlər kitabını  ömrün sevgi, qayğı, sevinc, iztirab, qəm-qüssəli anlarının şeirə çevrilmiş forması da adlandırmaq olar… Bu kitabın ilkin əlyazma variantına söz-rəy yazmış Zaur Ustac demiş,  onun şeirləri “könül rahatlığı, ruh sakitliyi” kimi də maraqlıdır. Doğrudan da, bu maraqlı, hissiyyatlı, duyğulu şeirlər səmimiyyətdən doğulan isti, ilıq, estetik həzz yaradan təsirli poetik mətnlərdir:

 … Ağzımızın ləzzəti yox,

dadı qaçıb, tamı qaçıb,

Dünyada adam qalmayıb,

sonuncu adamı qaçıb.

Gecələr yuxum da qaçaq

yorğan-döşək gəlir cana,

Elə hey, dönüb dururam

gözüm dikilir tavana.

Gündüzləri çalmaz qapım,

nə qonşum var, nə qonağım

Öz evimdə dəfn olmuşam

daş məzarım, daş otağım.

Qurda-quşa ehtiyac yox

öz içim özümü yeyir,

Mən deyirəm kefim yoxdu,

Həkimlər depresiya deyir!..

   Bu şeirlər, poetik nümunələr boynuna müyyən bir estetik təhəddüd, missiya götürən qələm sahibinin deyil,  həyata duyğusal, tənhalığın, dərdin içindən boylanan həyatsevər, insanın mənəvi aləminin gizlinlərinə  dalmağı bacaran bir ziyalı xanımın özünəbənzər zərif duyğularının şeirlə tərcümanıdır, ifadəsidir, bir xanımın sevgi və sayğısıdır… 

   Hətta onun şerlərdə yurdadönüşün, Qarabağa dönüşün sevincindən  yaranan işıq, şəfəq, nur selini də aşkar görmək mümkündür və doğrusu vətənsevər  insanın sevinci hüdudsuzdur… Və bu Vətənsevərlikdə hər kəsin öz şəxsi payı var və bunu hərə bir cür ortaya qoyur:

      Elə ki, mən boy atdım,

      yeridim addım-addım,

      Anam tutub əlimdən,

                  bu daşı, bu torpağı,

                  bu otu, bu yarpağı,

                  yaşadığım küçəni,

                  qızındığım ocağı

       Göstərib Vətən deyib!

    Əksər şairlərdə olduğu kimi, onun da lirikasının bir qismi sevgi, məhəbbət mövzularındadır. Bu şeirlərdə əksərən ayrılıq, hicran,  kədər motivi, “sən gəlməz oldun” ovqatı, həsrət, yol gözləmək, ürək göynədən sevgi iztirabları və s. əksini tapıbdır. O şair yaradıcılıqda müəyyən nəaliyyət qazana bilir ki, yaşadıqlarını və yaşaya biləcəklərini qələmə almağı bacarır. Elə bil, olacaqlar öncədən onlara agah olur. Bu şeirlərin əksəriyyəti, elə bilirəm ki, iztirabların, faciəli anların yanğısını söndürmək, içini yandıran közü dışarı atmaq, ruh aləmindəki fırtınları sakitləşdirmək üçün yazılır və bu qəbildən olan duyğu və hislərin müəyən qismini gənclikdəmi, sonramı hamı keçirib… Hər kəsin içini yandıran belə duyğuları var… Ona görə də, belə duyğuları səmimi şəkildə əks etdirən şeirlər hamı tərəfindən qəbuledilən olur, tutarlı, təsirli poetik mətnə çevrilir…  “Sev ki, sevən mərd olar!” (Hüseyn Kürdoğlu) poetik prinsipi bu qəbildən şeirlərdə gücə, enerjiyə, ehtizaza səbəb olur… “Ölümsüz sevgi” lirikası, balladası yaranır, “öyrətmə özünü, öyrətmə mənə” (Müsa Yaqub) serenadasına dönür…

Ey Fələk, bu gecə

könlümü gəl, dindir!

Bir sən ol, bir də mən,

bir də ki təkliyim,

Bitməsin sübhədək

əlindən çəkdiyim…

Durmadan özünə,

lap elə üzünə

eyləyim şikayət!

Ürəyim boşalsın nəhayət…

Vəssalam, mənə bu da yetər hələlik,

Gün batar, ay doğar,

bir az səssizlik, bir az sənsizlik…

Və yaxud, bu misralardakı hissin ecazı, poetik fikrin epitet səviyyəsində təqdimi yeni məhəbbət lirikasının nümunəsinə dönür, lirik xarakterin  duyğuları  “bir az səssizlik, bir az sənsizlik” – deyə, haray çəkir:

  Yaradıcı adamların ömrü, əslində, insanlığa, bəşərə, əzan cümlə, Vətənə həsr olunmuş ömrlərdəndir. Çünki, insanların ünsiyyətini asanlaşdıran və həmişə canlı, dinamik saxlayan ədəbiyyatdır, incəsənətdir və doğrudan da bu bəşəri universal dəyərdir, dinindən, irqindən asılı olmayaraq  hazıra və gələcəyə insanların birgə baxışıdır… Sənətin əsas missiyası adi insanların adi baxdıqları, hər gün gördükləri hadisələri, insanları, hətta əşyaları, ağacı, yarpağı, budağı fərqli şəkildə, daha gözəl ampulada təqdim etmək,  sevdirmək, görünənin görünməz tərəflərini göstərməkdir… Hətta “Fələklə” belə,  cəngi-cidala, çıxmaq,  polemikaya girişmək gücüdür:  “Ey Fələk, bu gecə könlümü gəl, dindir!”

   Bu şeirdə “Fələk”qeyri-adi metaforik obrazdır.  Əslində, bu poeziyanın (eləcə də bədii yazıların) metaforik təbiətə malik olmasındandır. Metaforik düşüncə estetik həzz yaradır, psixoloji enerji yaradır və burada – metaforik düşüncədə ağıl və xəyal gücü təbii, harmonik şəkildə birləşir… Sənətin, sənətkarın bacarığı, istedadı yeni və təsirli metaforalar yaradaraq, onlardan bacarıqla istifadə edərək yepyeni duyğular, hislər, dəruni fikirlər, gerçəkliyə bağlı xəyallar doğura bilməkdir. Şair, yazar, alimin yazdıqlarında, düşüncəsində metaforik  güc, enerji olmasa, o zaman oxucuya lazımı təsir göstərə bilməz. Tanınmış dilçi, professor İsmayıl Kazımov yazır: “Metaforlar dilin dilidir. Dilin imkanlarını sərhədsiz bir duruma salır…”  Belə götürəndə, Nüranə Rafailqızı bir qələm sahibi kimi metaforik düşüncədən, bədii-poetik vasitədədən xali deyildir, yerli-yerində istifadə edə bilir, lap,  “Mənə bir az nağıl danış” şeirindəki kimi. Bu şeirdə müəllif folklor-nağıl motivlərindən metaforik qəliblərdə bacarıqla istifadə etmiş, günümüzün reallıqlarını canlandıra bilmişdir:

Mənə bir az nağıl danış,

ruhum bir az təzələnsin.

Səmadakı ulduzlardan

göydən yerə nur ələnsin.

Danışginən bədirlənmiş

14 gecəlik ayından,

Günəşin bizə verdiyi

bir ovuc ümüd payından.

Bir az külək, bir az çovğun,

bir az bulud, bir az yağış.

Başımı qoyum dizinə

mənə bir az nağıl danış!

… Mənə bir az nağıl daniş,

yuxum tökülür gözümdən.

Danış qoy başım qarışsın,

özüm bezmişəm özümdən.

Məcnun kimi dönə-dönə

dolanıram otaqları.

Lap əlimdən zara gəlib

evin bütün yataqları.

Göz dikdiyim tavan bezib,

bezib yorğan, bezib balış.

Başımı qoyum dizinə,

mənə bir az nağıl danış!

… Bir gecəlik uşaq olum

saçımda-dən, üzdə-qırış.

Başımı qoyum dizinə,

mənə bir az nağıl danış!

… Mən hələ də uşaq kimi

inanıram nağıllara…

Duyğularım, istəklərim

darma-duman, qarma-qarış.

Başımı qoyum dizinə,

mənə bir az nağıl danış!

Burada Nuranə Rafailqızı özünü sehirli nağıl dünyasında hiss edir, daxilindəki kövrək, təmiz uşaqlıq  dünyasının ülviyyətinə dalır… Onun bir şair, bir yazar kimi bu xüsusiyyəti imkan verir ki, uşaqlar üçün də təsirli, səmimi, duyğulu şeirlər yazsın. Uşaqlar üçün yazdığı şeirlərdə müəllif bir qadın şair kimi daha həssas olur və uşaq dünyasının psixolojisinin duyumlu məqamlarını aşkarlaya bilir və folklor qaynaqlarından da bəhrələnir. Yaradıcılıq fəaliyyətinki faktlardan məlum olur ki, o, 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır…

   Qeyd edək ki, dəyərli ədəbi faktın, mövzunun  reallaşması isə böyük mənəvi güc və peşəkarlıq, həm də sarsılmaz inam, əzm, iradə və əlbəttə ki, böyük sevgi tələb edir… Dövrdaşları arasında seçilə, fərqlənə bilər… O da, ilkin çağlarından poeziyaya sevdalanıb, şeirin sevdasına düşübdür… Şairə bu sevdası vasitəsilə oxucusuna könül dünyasını, duyğularını, düşüncələrini bəyan etməyə cəhd edir… Nuranə Rafail qızı bədii təsvir vasitələrindən dəyərincə istifadə edə bilir, müəllifin qəlbinəki incə, zərif duyğular, insani hissləri süsləyir, onları daha da ülvüləşdirir. İnanıram ki, o şair kimi püxtələşdikcə, daha maraqlı mövzuları əhatə edəcək, özü demiş – kitabı-qələmi din-imanı olacaq, şox-çox ağ vərəqləri söz yurduna çevirəcəkdir:

Gah deyirəm bədahətən,

gah yazıram kərən-kərən.

Bir şeirəm qafiyəsi,

hecaları pərən-pərən.

Şairlərin din-imanı,

quranı, kitabı-qələm,

ağ köksündə qara yazı

Bax,

həmən o varaq mənəm!

    Mənə elə gəlir ki, bu şair xanım – Nuranə Rafail qızı  öz bildiyi, bacardığı, qavraya bildyi işlərlə məşğul olur və bu cəhət onun şeirlərindən boylanır… Elə bil ki, şeir yazmaq da onun alın yazısıdır… Əgər bu cəhəti dürüst duymuşamsa, gəlin, birlikdə onun alın yazısının ilk kitabına mübarək deyək…

Müəllif: Qurban BAYRAMOV,

tənqidçi-ədəbiyyatşünas, doktor-professor,

 “Səməd Vurğun mükafatı” və “Vintsas” mükafatı” laueratı.

18.08.2021.

QURBAN BAYRAMOVUN YAZILARI

NURANƏ RAFAİLQIZININ YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏZLİ – MÜSTƏZAD

Ey sərvi-səhi, sən gələli seyr ilə bağə

Ey sərvi-səhi, sen gələli seyr ilə bağə
Sər çəkmədi ər-ər, 
Çox alinəsebler özünü saldı əyağə,
Qul oldu sənubər. 
Sünbül özünü zülfunə bənzətdi nigann
Gördü ki, xetadır,
Dağlarda bitər yüzi qara, başi aşağə,
Qayqulu, mükoddər.
Şol xalın içün zülfünə çoxlar dolaşıbdır, …
Ancaq məni bilmən,
Bir danə pərvanə içün gör neçə quş düşdü duzağə,
Ram oldu müsəxxer.
Ey ruzi-qiyamət gününə münkir olanlar,
Dilbər geder oldu.
Eşitməmisən suri-rəvani çalındı qulağe,
Qopdu mənə meşhər.
Ey nuri-təcəlla günəşi perde yüzündən,
Bir ğecə götürsen,
Pərvanə kimi özü yane şəmü çirağə,
Göylərdəki extər.
Sən tək pərinin menzili viranə gerəkdir,
Ya çeşmələr üstü.
Könlüm təki virane, gözüm təki bulağe,
Gəl hey peri peyker.
Bir badə şərab istedim ol safi ləbindən,
Sərxoşdumu bilmen,
Çeşmin məni öldürməyə yapışdı biçağə,
Çekdi mənə xəncər.
Zülfun sandan könlümə sevda yeli əsdi,
Reyhanmıdı bilmən,
Xansı çiçəyin qoxusudur doldu dimağə,
Can oldu müəttər.
Dünyadan əgər Fəzli gözü sayğulu getse,
Yüzin hevəsinden,
Rəhmət yağışı toıpağının üstünə yağə,
Qəbri ola ənvər.

Müəllif:Fəzli

FƏZLİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru