Kateqoriya arxivləri: ƏDƏBİYYAT

FƏZLİ – QƏZƏL

Səbrim tükəndi, möhnətə qatlana bilməzəm

Səbrim tükəndi, möhnətə qatlana bilməzəm
Su başdan aşdı, eşq oduna yanə bilməzəm.
* * *
Sən sərv boylu dilbəri tərk etməzəm əgər,
Ömrüm budağı cövr ilə utana bilməzəm.
* * *
Yarın başına ay ilə gün peykə çevrilir
Ol şəmə məndən özgə pərvanə bilməzəm.
* * *
Aləm bilir ki, şol sənəmi sevmişəm, rəqib,
Başım gedərsə mən bu işi danə bilməzəm.
* * *
Vergil bu Fəzli kamına, fərdaya qoymagil,
Yoxdur vəfası ömrümün, inana bilməzəm

.Müəllif:Fəzli

FƏZLİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏZLİ – AZƏRBAYCAN ŞAİRİ

Yazarlar jurnalı

Fəzli – azərbaycanlı şair, Məhəmməd Füzulinin oglu

XVI əsr Azərbaycan şairi olan Fəzli Məhəmməd Füzulinin ogludur.

FƏZLİ HAQQINDA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında dahi şairimiz Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb.

Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb. Lakin şairin divanı bizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeirlər yazdığını, mənzum tarix söylədiyini bildiriblər.

Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır.

GƏRƏK QOŞMASI

QƏZƏL

MÜSTƏZAD

FƏZLİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏZLİ – GƏRƏK QOŞMASI

GƏRƏK

Dünyadə gözəllər dəvasın qılan 
Degil, ona necə yar olmaq gərək? 
Xülqi-xoyi mələk, sureti insan 
Şəkər sözlü, şirinkar olmaq gərək.
* * *
Sürahi gerdənli, Iəbləri qönçə, 
Sedr vaseh ola, ol beli incə.
Miyanə boy ola, dalsı kənəkcə 
Ol püstə dəhanı dar olmaq gərək.
* * *
Qırmızısı qırmızı, ağa tay ola,
Göz qarası qara, qaşı yay ola,
Gül yanağı bədirlənmiş ay ola, 
Sinəsində qoşa nar olmaq gərək.
* * *
Gözləri nərgis tək şöləvar ola, 
Müjkanlan çöhrəsində xar ola,
Alıcı tərlantək səbükbar ola, 
Mərifətdən xəbərdar olmaq gərək.
* * *
On beş yaşlı ola, miyanə boylu,
Çox lağər olmaya, qucağa dolu,
Qolu uzun, ağ əlləri hənalı 
Sinəsi həm tazə qar olmaq gərək.
* * *
Xoş ona kim, ola bir belə yan,
Heç kimin yox, men tək olubdur zan. 
Fəzliya, sən çağır ulu cabban,
Sənə məhşər günü yar olmaq gərək.

Müəllif:Fəzli

FƏZLİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR ƏRMUĞAN – ŞEİR YAZANDA

Zaur ƏRMUĞAN – şair.

ŞEİR YAZANDA
Yazam,
yamac ətirli.
Payızam,
yağışları çətirli.
Yayam.
Qışam.
Belə yaranmışam.
Dörd fəsli yaşayıram bir anda,
şeir yazanda.
3 may 2019

İŞIQ DA, ZÜLMƏT DƏ…
Vaxtın da quş kimi qanadları var,
Güzəştə getməyən iradları var.
Zamanın qəribə təzadları var,
İşıq da, zülmət də əkiz doğulub.
* * *
Talelər bir quru tükdən asılı,
Çiyninə aldığı yükdən asılı,
Pöhrələr rişədən, kökdən asılı,
İşıq da, zülmət də əkiz doğulub.
* * *
Yalanı, gerçəyi özəyindədir,
Nəyi var, nəyi yox, öz əlindədir,
Kainat bir cəzbin üzərindədir,
İşıq da, zülmət də əkiz doğulub.
* * *
Dünyanın sirrini bilməyib kimsə,
Ha tut bu dünyanı, ağla, gülümsə.
Əzəli yaranış, sonu ölümsə,
İşıq da, zülmət də əkiz doğulub.
Payız, 2016

VAXTI YOXDUR
Yer fırlanır, göy fırlanır,
Dünya, başın gicəlibdir.
Bu sərsəri karuseldə
İnsanlıq da kiçilibdir.
* * *
Çox çıxmışıq cızıqdan biz,
Sonu nədir qurğumuzun?
Vallah, bizə baş qoşmağa
Vaxtı yoxdur Tanrımızın!
18 avqust 2018

HAQQA QƏBİR QAZDIRANLAR
Çox göz yumub yalanlara
Düzü düzdən azdıranlar.
Meydan verər talanlara
Pisi yaxşı yazdıranlar.
* * *
Fəndgir dinər ikibaşlı,
Əlsiz qalar gözü yaşlı.
Bilməz neylər başı daşlı,
Yazıq yuxu yozduranlar.
* * *
Haqqın özü hesab çəkər,
Haqq ucalar, nahaq çökər.
Ərmuğan, bil, boyun bükər
Haqqa qəbir qazdıranlar.
10 mart 2018

DE SÖZÜNÜ
Büdrəsən də, qalx ayağa,
Vurma yerə tez dizini.
Dünya budur, həyat belə,
İpəyindən seç bezini.
* * *
Biçiləni biçir dünya,
İçiləni içir dünya,
Keçilməzi keçir dünya,
Kim doyurdar, kim, gözünü?!
* * *
Sinəni heç oyma nahaq,
Ürəyinə qıyma nahaq.
Vədəsinə uyma nahaq,
Çox bozardıb tərs üzünü.
* * *
Dərd ümmandır, dərd dəryadır,
Dərdsiz dünya nə dünyadır?!
Barsız ömür boş səhradır,
Əməlində gör özünü.
* * *
Pay gözləmə boğçasından,
Vəfa umma axçasından,
Pisi ayır yaxşısından,
Əyrisindən seç düzünü.
* * *
Sual sorğu, nida cavab,
Talelərin işi xarab.
Bir gün varsa orda hesab,
Doğru yolda tap izini.
* * *
Dünya bizdən bac alıbdır,
Demə daha qocalıbdır.
Qocaldıqca ucalıbdır,
Gəz dağını, gəz düzünü.
* * *
Zaur, dünya baş aldadır,
Verdiyini geri alır,
Sonda tək bir məzar qalır,
Vaxt var, yaşa, de sözünü.
3 fevral 2018

VARMI
Oradan buraya gəldik,
Ərsəyə-araya gəldik.
Haradan hayana gəldik,
Bu halda can tabı varmı?
* * *
Beş günü qaradır yerin,
Hər yeri yaradır yerin.
Gəlmişəm, buradır yerim,
Daha bir əzabı varmı?
* * *
Dəryaya qərq olub dürrü,
Gizlinə bürünüb sirri.
Ha dolan bu küllü-ərzi,
Suala cavabı varmı?
* * *
Vaxtımız ələkdən keçir,
Qəbrimiz bələkdən keçir,
İşimiz mələkdən keçir,
Yenə bir hesabı varmı?
* * *
Əzəldən sonraya yol var,
Adəmdən Tanrıya yol var,
Dünyadan dünyaya yol var,
Günah var, savabı varmı?
10 mart 2018

ALLAH, BURDAN DEVİR MƏNİ
Hər ahım bir anı üzür,
Nəfəs-nəfəs əriyirəm.
Dərddən təzə dərd doğulur,
Dərdi dərdə dirəyirəm.
* * *
Didilirəm didim-didim,
Uduluram udum-udum.
Can yormuşam addım-addım,
Günlərimi sürüyürəm.
* * *
Dərd məhbəsdir, qəlb əsiri,
Bitməz vaxtın kəm-kəsiri.
Neyləyir dərd mən yesiri?!
Ayaq üstə çürüyürəm.
* * *
Soruşmayın, bu nə haldır?
Bu nə vaydır, nə məlaldır?
Könlüm dolu, dilim laldır,
Kilidlənib kiriyirəm.
* * *
Dərd bezdirib daha canı,
Dərdi məndən qovan hanı?
Ahlarımla bu dünyanı
Mən özümə bürüyürəm.
* * *
Həyat, ölüm… yollar haça!
Dərd çıxarmı, görən, puça?!
Dərd çölündən qaça-qaça,
Dərd içinə yeriyirəm.
* * *
Dərdmi belə sevir məni?!
Dərd acgözdür, yeyir məni!
Allah, burdan devir məni,
Bax, yoluna yüyürürəm.
16 yanvar 2018

DARLIQ
Ayaqlarım ilişib
Yer kürəsi tələsinə.
Təpiklərimlə döyəcləyirəm
divarlarını dünyanın.
Nə qaça bilirəm,
Nə uça bilirəm
bu darlıqdan.
30 yanvar 2018

YAŞAYASAN BU YAYI
Söyüd çətirli,
Çiyələk ətirli,
Tut qoxulu,
Oyaq-oyaq, yuxulu-yuxulu
yay gəlir
köhnə taxta məhəccərli,
yaşıl sarmaşıqlı eyvana.
Oturasan yay kölgəsində
Dərdi bir yolluq olmayan kimi,
Könlü qəhər-qəhər dolmayan kimi.
Üzügülər,
Gözügülər
arzuların da
dünyayla şirin-şirin zarafatlaşa
çin çiçəklər
işıq pəncərəsindən
budaq-budaq,
yarpaq-yarpaq
daşa-daşa.
Nə bir tələsi, qurğusu,
Nə əzabları,
Nə də can yoran sual-sorğusu
ola həyatın.
Ömür kimi, gün kimi dola həyatın.
Yaşayasan bu yayı.
11 iyun 2018

BİLMİRƏM
Ömür
var-gəl edir vaxtın qapısı ağzında.
Qapıdan içəridə bir həyat,
çölündə ayrısı.
Nəyi nəyə bağlayıb,
nəyi nədən ayırır
bu tale?!
Olanına, olmazına
Olummu, olmayımmı qane?
Bilmirəm!..
17 mart 2018

LÖVHƏ
Ağaclar köksü göy uca dağ kimi,
Bəyaz çiçəklər də ağ göyərçindir.
Çör-çöplü yuvalar lap yumağ kimi,
Gülən tumurcuğun yuxusu çindir.
* * *
Qızılı göldürmü qızıl lalələr?!
Yel-yel ləpələnir yamac boyunca.
Qol-boyun sarınıb tifil nanələr,
Küləklər uğunur könlü doyunca.
* * *
Quşlar yığnaq qurub bir dar koğuşda,
Hər damcı yeddi göy qatından gəlir.
Əynini isladıb bu yaz yağışda,
Qoxusu daşından, otudan gəlir.
* * *
Qalxıb dan yerindən yol gəlir bahar,
Gözündə durulur bulud dolu su.
Titrək nəfəsini bu torpaq duyar,
Ilıq təbəssümü günəş dolusu.
11 mart 2018

YAĞIŞ DAMCILARI
Yenə yağış yağır, damcı-damcı zər,
Yenə yağış yağır, damcı təzə-tər.
Buludlar alnından axır axın tər,
Sellənib bir çılğın təşnəyə dönür.
* * *
Damcılar buludun odu, közüdür,
Damcılar səmanın gülən gözüdür,
Damcılar yağışın elə özüdür,
Sədası şipşirin nəğməyə dönür.
* * *
Damcılar dupduru saf çeşmə kimi,
Damcılar ətirli gül, qönçə kimi,
Damcılar naz satır bir işvə kimi,
Elə cilvələnir, qəmzəyə dönür.
* * *
Damcılar toxunub, ilmə-ilmədir,
Damcılar söz-sözdür, kəlmə-kəlmədir.
Damcılar boy atır, pöhrə-pöhrədir,
Çətiri ucada zirvəyə dönür.
* * *
Su damır, bir bulud çatından gəlir,
Yer üstə göylərin altından gəlir,
Səmanın yeddinci qatından gəlir,
Gəlir, xoş gəlişi müjdəyə dönür.
* * *
Damcılar, damcılar, ləçək damcılar,
Hərəsi bir arzu, dilək damcılar.
Göz yaşlarınımı mələk damcılar?!
Könüldə bir ülvi səcdəyə dönür.
* * *
Damcılar yağışın öz yaraşığı,
Paklıq mehrabında bir eşq işığı.
Torpağın göylərlə qəlb barışığı
Dinir dua-dua, qibləyə dönür.
11 sentyabr 2019

ƏBƏDİ BAHAR
Bir zülmət içindən çıxıb günəşə,
Özümlə gətirdim dünyama səni.
Telinə taxdığım bircə bənövşə
Əbədi bağladı yazına məni.
22 avqust 2018

ÖZÜNÜ MƏNDƏN QOPARMA
Dilinə sözün yasağın,
Qəlbinə kilid dodağın,
Çəkilib əlin, ayağın,
Bu yolun nədir niyyəti?
* * *
Aç mənə o lal sirrini,
O zəhər, o bal sirrini.
Bəxtə ver vüsal sirrini,
Dur öldür diri həsrəti.
* * *
Göyümdən danı aparma,
Sevdiyim anı aparma.
Özünü məndən qoparma,
Bu tale Tanrı qisməti.
10 mart 2018

İSTƏMİRƏM
Mən ağladıqca
Sən də süzülürsən gözlərimdən.
İçim dolu sən imiş.
Qorxuram,
ayaqlarınla getdiyin kimi,
göz yaşlarınla da tərk edəsən könlümü
damcı-damcı.
Daha ağlamaq istəmirəm.
Qəlbimi
sənsizliyə bağlamaq istəmirəm.
21 iyul 2018

SEVGİDƏN ÖTRÜ
Həsrətə sevginin işığı düşdü,
Ümidin ovcunda gəldin könlümə.
Yollar ayrıcında sükut görüşdü,
Bir anın özü də ömürmüş demə.
* * *
Tutub əlimizdən apardı bizi,
Bu tale karvanı azmaya barı.
Öpdük döngə-döngə məhəlləmizi,
Qaçdıq küçəmizdən dünyaya sarı.
* * *
Kəsdik nəfəsini bəd şübhələrin,
Çıxdıq dar içindən genişə yol-yol.
Uymadıq felinə çox “bəlkə”lərin,
Keçdik ay altından günəşə yol-yol
Əbədi qalacaq sevgidən ötrü.
Avqust, 2018

Müəllif: Zaur ƏRMUĞAN

ZAUR ƏRMUĞANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİNLƏ “SƏMİMİ SÖHBƏT” – TƏRANƏ MƏMMƏD

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Şahnaz Şahinlə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

“SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, şair, publisist Şahnaz Şahindir.
Babayeva Şahnaz Feyzulla qızı 20 mart 1956-cı ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub.
Azərbaycan Tibb institutunun pediatriya fakültəsini bitirib. Uzun illər həkim,kənd xəstəxanasında baş həkim, kənd tibb məntəqəsində müdir və Sabirabad İcra hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Şahnaz Şahin 7 kitab müəllifidir, Prezident və Beynəlxalq Rəsul Rza mükafatları laureatıdır.

Şahnaz xanım,“Səmimi söhbət”in ənənəvi birinci sualı belədir: Şahnaz Şahin kimdir?
Şahnaz Şahin min ildi çöllü biyabana atılmış və hələ də axtardığını tapa bilməyən və bəzən də nə gəzdiyini bilməyən dəvrişdir. Şahnaz xanım məsləkinin əsgəri, sevda köləsidir… və ilaxır…
Nə qəribə cavab oldu . Onda deyin, sizinçün yaşamaq nədir?
Yaşamaq yanmaqdır- deyirdi Bəxtiyar Vahabzadə. Mən bu xətti çoxdan yaxıb keçən odun özüyəm.
Özünüzü ilk cümlələrdən od adlandırırsızsa, demək həyatı çox sevirsiniz.Dünyaya yenidən gəlmək istərdiniz?
Dünyadan getmək olmasaydı dünyaya yenidən gəlmək istəyi yəqin ki, olmazdı. Bu istəyimi haçansa şeirə gətirmişəm,“Təkrar gələcəyəm mən bu dünyaya,Təkrar sənin üçün doğulacağam…”- deyə. Deməli hətta buna əminəm. Həyat çox şirindir, nə qədər acı çəksə də həyat eşqi insanı tərk etmir…
Ən çox sevdiyiniz rəng hansıdır?
Bütün rənglərin qarışığını sevirəm. Qaranı isə qırmızı, ya da ağ ilə… ayrıca qaranı sevmirəm.
Sizcə qövsi-qüzehdə qara rəng niyə yoxdur?
Qövsi-qüzehdə qara niyə yoxdur… Baxın, bu çox maraqlı oldu. Bəlkə Tanrı da bu rəngi sevmir elə! Ona görədir bəlkə… bəlkə başqa elmi səbəbi var, amma biz indi elmi müzakirə aparmırıq axı. Məncə qara hüzn, kədər, qəm ehtiva edir, Yaradan isə insanı xoşbəxt görmək
istəyir…

Sizcə qadın olmaq asandır?
Qadın yaranmaq başqa, qadın olmaqsa bir başqadır. İkinci çətindir. İndiki zəmanədə daha çətindir. Bunun çoxlu nədənləri var. Qadın zərif və zəif göründüyü qədər də güclü məxluqdur. Qadın seli daşqını ram edə bilən dağ, dağları yuyub apara bilən seldir! Qadını olduğu kimi görən və qəbul edən azdır. Niyə? Çünki onu zəif görmək istəyənlər çoxdur… Fəqət daş qayadan nə apara bilər ki! Məncə qadını vaxtında və düzgün dəyərləndirsələr yaxşı olar.
Hansı insanlarla ünsiyyət qura bilmirsiniz?
Hər hansı bir insanla ünsiyyət qurmaq mənimçün çətin deyil. Amma bəzən onu özüm istəmirəm. Azaçıq həmsöhbət olmaq yetir ki, davam ya da tamam deyim… Enerji axını çox söz deyir mənə.
Sizin son kitabınız Sabirabad şəhidlərinə həsr edilib.Şəhidlərdən yazmaq nə deməkdir?
Şəhidlər haqda yazmaq elə özü də bir cürə şəhid olmaqdır. Mən bu hissləri yaşadım. Allah yerlərini cənnətdə qərar versin şəhidlərin… Şəkillərinə də baxanda özümə gələ bilmirəm.
Şahnaz xanım, siz həkimsiniz. Deyə bilərsinizmi insan orqanizminə dərmandan da yaxşı məlhəm ola bilərmi?
Həkimlik çox şərəfli peşədir, həkim olmaq isə ayrı aləmdir. Sənətin dəlisi olmaq, ona gəlir mənbəyi kimi yanaşmamaq gərəkdir. Bu haqda çox danışmaq olar. Konkret suala cavab verim. Deyim ki, dərman türklərin ilac dediyi bizim isə əlac saydığımız hansısa kimyəvi və təbii qarışıq əslində məlhəm deyil.Sevgi varsa, xəstəni bu böyük hisslə sarırsansa, bax məlhəm odur…
Demək, Şahnaz Şahin sevginin varlığına inanır?
Bax elə indicə sevgidən danışdım. Əlbətə ki, sevgi var. Olmasa yaradan bu boyda kainatı niyə yaradırdı?! Bizim ən böyük qazançımız elə sevgidir. Varsa qalibsən!..
Sizin şeirlər adi deyil. Bu qeyri-adilik sizi tək qoymur ki?
Təşəkkürlər, əzizim… Yaralı yerimə toxundunuz lap. Qeyri-adiliyim, hamı kimi olmamağım da bir dərddi. Əlbəttə ki,təklənirəm, bəs nə bilirsiniz.., elə bilirsiniz rahatca qəbul edəcəklər?! Yox, əlbəttə. Bir az da geniş götürsək. Tək şəbəkələrdən getmir söhbət. Mən özümə qarşı qısqanclığı lap gənc yaşlarda görmüşəm. Adamlar vardı, nə geysəm ondan alıb geyməyə çalışır,saçlarını mənim saçım kimi kəsdirirdilər… Deməli, əvvəl özüm, sonra da sözüm mənim hüdudlarımı müəyyənləşdirirdi…
Bilirəm ki, siz bir çox jurnalistlərə müsahibə vermisiniz. Bir çox mötəbər Mətbuat orqanlarında şeirləriniz, yazılarınız çap edilib. “Səmimi söhbət”ə heç yerdə demədiyiniz nəyi demək istəyərdiniz?
O qədər söz deyə bilərəm… Siz istiqaməti müəyyənləşdirin mən danışım.
Məsələn, ən çox sevdiyiniz musiqi haqda danışaqmı?
Musiqi həyatımın ayrılmaz hissəsidir. Musiqinin sərhədləri yoxdur məncə. Mən Şopendən tutmuş digər xalqların da musiqisi daxil, başda Azərbaycanın əvəzolunmaz bəstəkar və xalq musiqisini sevirəm. Son vaxtlar Fərid Fərjadı çox dinləyirəm. Deyim ki, musiqi özü də tam ovqata bağlı məsələdir. Hansı andasa, hansı düyün nöqtəsindəsə fərqli musiqi dinləmək olur. Amma xətt ki var, bax o dəyişmir.
Bildiyimə görə sizin şeirlərə musiqi bəstələnib.
Bəli. Mənim sözlərimə Nailə və Hikmət Mirməmmədlilər silsilə mahnılar yazmışdılar.
“Qovuşmaz yolumuz”, “Sevən ürəkdi”, “Hər ürək sevə bilməz”. “Susduq” və başqaları.
Şahnaz Şahin poeziyası əsasən kimin üçündür?
Şahnaz Şahin poeziyası onu duyub hiss edən, oxuyub düşündürə bilən hər bir oxucu üçündür.. Mən yazıram, daha doğrusu, Tanrıdan öyrəndiklərimi öyrədirəm. Səhv etmirəmsə, Hz Məhəmməd deyirdi ki, şairlər yer üzünün elçiləridir. Söz üçün Allah evinə gedirəm, sözün nazını çəkə-çəkə, öpüb oxşaya-oxşaya dəhdən inci tapan kimi tapıb gətirirəm. Bir çox şeir həsr etmişəm sözə. Sözün başına dönüm. Anamdı, atamdı söz.
Hər sətirə ürəyimi qoymuşam,
Məndən sonra şeir balam yaşasın.
Arı kimi çiçəklərdən yığmışam,
Məndən sonra şeir balam yaşasın.
Uçuqlayıb dodaqlarım söz üstə,
Nə istəyib, demişəm ki, göz üstə.
Ayaqyalın oynayıram köz üstə,
Məndən sonra şeir balam yaşasın.
Pəri kimi o nazlanır önümdə,
Toxunuram zəri qalır əlimdə.
Ölməmişdən ölmək keçir könlümdən,
Məndən sonra şeir balam yaşasın.

Şairlər ünsiyəti sevsələr də adətən tənha olurlar.Heç tənhalıq hiss etmisiniz?
Şair kütlə deyil. Əbədi tənhadır.
Onda belə çıxır ki,şair olmaq o qədər də asan deyil?
Yaxşı şeir yazmaq asanlaşdıqca şair olmaq bir az da çətinləşir
Yadınızdadırsa “Bağışla” adlı bir şerinizin sehrinə düşüb onu rus dilinə tərcümə etdim. O şeiri öz ifanızda dinlədikdən sonra sevdim. Səsinizdə hər kəsə xas olmayan bir güc, bir zəhm və eyni zamanda titrək bir incəlik var. Səs insanın daxilndən gəlir.

Daxilnizdə görünməyən bir təlatümmü var yoxsa həzin bir sakitlik?
Səsin yaranması fiziki proses olsa da Yaradan barmaq izlərimiz, fərqli DNT quruluşu kimi səsə də fərdi xüsusiyyətlər verib. Səs uşaq ana bətnində olarkən formalaşmağa başlayır. Mənim valideynlərimin güclü səsi olub. Atam, biz ona baba demişik, Quran əhli olub. Allahın Kitabını gözəl avazla oxuyub. Onu bir yol dinləyənlər unuda bilməyiblər. Bunu mənə həsrət yanğısıyla çox etiraf edib yaşlı insanlar. Anam da gözəl səsə malik olub. Bayatılarımızı əzbərdən mahnı üstə oxuyardı. Uşaqlarıma da laylanı bayatıyla çalıb. Mənə də onlardan keçib bu səs. Tələbə vaxtı çox istədilər ki, institutun ansambılında iştirak edim, istəmədim. Ancaq dostların xahişiylə oxuyurdum. Təsəvvür edin. Kirayə evdə, ya qızların tələbə yataqxanasında mən oxuyanda bilməyənlər televizoru yandırırdılar. Bu mənim heç kimə demədiyim həqiqətlərdəndir…
Zeynəb Xanlarova, Rübabə Muradovanın mahnılarını, yalan olmasın, özlərindən yaxşı oxuyurdum.
Düz dediniz, səsi həm də insanın daxili aləmi zənginləşdirir. İçimdə o saydıqlarınızın hamısı var, ən çoxda təlatüm. Səs həm də təsir vasitəsidir bir növ. Səsin müəmmalı sehri var...
Yüksək vəzifələrdə çalışmısınız . Bu haqda nə deyə bilərsiniz?
Vəzifə adamı ya ucaldır ya qocaldır. O da gərək boyuna biçilə, yaraşa sənə. İçi xıltlı adamlar götürüb yuxarılara yazırdılar və ən əcaibi buydu ki, şairliyimin də haqqında öz üfunətli fikirlərini tökürdülər kağıza.
Şahnaz xanım, müəyyən bir həyat yolu keçmiş insan kimi bu gün hansı arzularla, hansı istəklərlə yaşayırsıız?
Təranə xanım, insan yaşadıqca mükəmməlləşməlidir. Çünki yaşadıqları, başı çəkənlər onu daha dolğun düşünməyə, səbirli qərarlar verməyə yol açır. Arzulardan isə, məşhur mahnıda deyildiyi kimi, yeni arzular doğur. Belə bir söz var, arzularına bax, gör həyata keçən istəklərin çoxdu, yoxsa qalan? Bax ikinci sənin yaşının göstəricisidir. Məni soruşursunuzsa, hələ məni yaşadan istəklərim çox, görməli işlərim isə çox çoxdur…
Söhbətimizin nə dərəcədə səmimi alındığını əlbəttə ki, oxuclar deyəcəklər. Bu gün qonağım olduğunuz üçün sizə təşəkkür edirəm və sonda qonağın əliboş gəlmədiyini bilərək bir kiçik şeirinizi istərdim.
Bir yağış yağar dünyaya
ilin-günün xəstə vaxtı,
üşüdər damarlarını çarəsizliyin…
Havaya baxıb
dodağını büzərsən,
…bezərsən…
və hər gün çarəsizliyini
bir cür bəzərsən…
Göy üzünü çətirtək
tutarsan başına,
Söz-söz tökülər
gözündən çəkdiklərin.
Hardasa unutduğun
ləpirlərin gəlib
düşər ayaqlarına…
…Nağılmı ömrün,
ömürmü nağıl imiş, sonda bilərsən…

Sanki bir həzin, düçündürücü nəğmə dinlədim. Təşəkkür edirəm, Şahnaz xanım.
Mən təşəkkür edirəm. Səmimi adamlarla birlikdə olun, sevin, yenə sevin…
Bax beləcə daha bir səmimi söhbət başa çatdı. Hamınıza bizimlə bərabər olduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, “SƏMİMİ SÖHBƏT” rubrikamız davam edəcək. Təki ömür möhlət versin.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ŞAHNAZ ŞAHİNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YADİGAR TƏVƏKGÜL ZİYADAR MÜKAFATINA LAYİQ GÖRÜLÜB

DİPLOMU DOĞRULAMA LİNGİ:>>> LAUREATLAR

Təqdimat SEDET ART  Bakuda olacaq  

Xanım Yadigar Təvəkgül “Bircə bəndlik darıxmaq” adlı kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Diplom sabah yəni 09. 08.2021-ci il tarixində kitabın təqdimatı zamanı laureata təqdim olunacaq. Tədbir 14:00 da “Sedet” art studiyada keçiriləcəkdir. Bu sətirləri oxuyan hər kəs dəvətlidir. Giriş sərbəst.

Təqdimat SEDET ART.  Bakuda olacaq.  


YADİGAR TƏVƏKGÜLÜN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YADİGAR TƏVƏKGÜL YENİ KİTABINI TƏQDİM EDƏCƏK – 9 AVQUST

YADİGAR TƏVƏKGÜL

“Ədəbiyyat – insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir.
Şeir -qəlbin dildə deyə bilmədiyi duyğuları sozlə ifadə edən poetik əsərdir. Və şeir Ruhun söz qidası ədəbiyyat isə bu qidanı özündə cəm edən söz mətbəxidir.
Bu böyük söz məktəbindən mənim də payıma bir zərrə düşüb.
Zərrələr birləşərək kitab olub ömrümə
Gəlin həmin kitabı müzakirə edək”

Sumqayitfakt.Az xəbər verir ki, bunu Yadigar Təvəkgül “facebook” səhifəsində “Bircə bəndlik darıxmaq” adlı kitabının təqdimatını keçirəcəyini bildirərkən yazıb.

Qeyd edək ki, təqdimat 9 avqust 2021-ci il, saat 14:00-da “28-may metro stansiyası”nın yaxınlığında yerləşən “Səməd Vurğun” bağı ilə üzbə – üz olan “Sedet art” Rəsm studiyasında keçiriləcək.
“Bircə bəndlik darıxmaq” adlı kitab müəllifin sayca 3-cü kitabıdır.

Bütün ədəbiyyatsevərlər, sözə qiymət verən hər kəs dəvətlidir.

Müəllif: Vüsal AĞA

Sumqayitfakt.Az

VÜSAL AĞANIN DİGƏR YAZILARI

YADİGAR TƏVƏKGÜLÜN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU DƏFƏ “ERMƏNİ” TƏXRİBATÇILARI 22 İYUNDA QƏTİ HÜCUMA KEÇDİLƏR – VİKİPEDİYA QALMAQALLARI

 NMW03  KOD ADLI “ERMƏNİ” AGENTİ DÖYÜŞÇÜLƏR, ŞƏHİDLƏR VƏ İŞĞALLA BAĞLI MƏQALƏLƏRİ VİKİPEDİYADAN SİLMƏKLƏ MƏŞĞULDUR.

Zaman-zaman belə hallarla rastlaşsaq da bu hadisənin qeyri-adiliyi ondadır ki, bu dəfə Vikipediyanın Azərbaycan seqmentində baş verib. Belə ki,  tanınmış şair Zaur Ustac haqqında Azərbaycan dilində olan məqalə silinib. Zaur Ustac “Yazarlar.az”a bu barədə açıqlamasında belə dedi: – “İlk öncə onu bildirim ki, mən özüm də elə Zaur Ustac adı ilə vikipediya istifadəçisiyəm. Adətən oxuduğum mətnlərdə rastlaşdığım kobud səhvləri redaktə edirəm. Hardasa 2015-ci ildən ənənəvi olaraq Azərbaycanın Milli Qəhrəmanı  şəhid Mübariz İbrahimovun doğum və anım günlərində mənim haqqımda olan “Zaur Ustac” məqaləsinə və Mübariz İbrahimov haqqında olan kitabın – “Oriyentir Ulduzu” məqaləsinə kiçik müdaxilələr olurdu. Bu müdaxilələrin qarşısı vaxtında Vikipediyanın Azərbaycan seqmentində fəqliyyət göstərən idarəçilər tərəfindən alınırdı. Bu dəfə vəziyyət bir az fərqli oldu. Mübariz İbrahimovun anım günlərində (17-18 iyun) müxtəlif sosial şəbəkələrdə onunla bağlı, “Oriyentir Ulduzu” kitabından müəyyən parçalar paylaşdıqdan sonra artıq ötən illərdən öyrəşdiyimiz ənənəvi  hücumlar başladı. Üstəgəl mediyada gündəm olmuş “Səringül və Təyyarə bacıları” (bu qəbirlər mənim dogma xalalarıma məxsusdur) haqqında məlumatları  da sürəkli paylaşmağım yəqin bu məsələni biraz da körükləmiş olmalı ki, ya ermənilər, ya da onların təəssübkeşləri qəti hücuma keçərək “Zaur Ustac” məqaləsi ilə bağlılığı olan “Yusifcanlı kənd orta məktəbi”,  “Yusifcanlı kəndi” məqaləsindən tarix (işğalla bağlı) bölümünü, Yusifcanlı kəndindən olan əfsanəvi döyüşçü   – Səringül və Təyyarə bacılarının dogma əmisioğlu Qəhrəmanov Eldarın qızı Kəmalə Qəhrəmanova haqqında olan  “Kəmalə Qəhrəmanova” məqaləsini heç bir əsas göstərilmədən sildilər. Bu azmış kimi digər bağlılığı olan   “Oriyentir Ulduzu” ,  “Ziyadar Mükafatı” və  “Səringül və Təyyarə bacıları” adlı məqalələri silinməyə namizəd məqalələr kateqoriyasına aid etdilər. Hansı məsələ bunlara necə od qoyubsa, bütün bunlarla ürəkləri soymayıb uzun illərdir (2015 –ci ildən belə mövsümü müdaxilələri nəzərə almasaq, kiçik redaktələrlə stabil) mövcudluğunu sürdürən, hər cümləsi mötəbər mənbələrə  istinad  edən, müddətsiz mühafizə altında olan “Zaur Ustac” məqaləsini də siliblər. Bu məsələ bax belə baş verib. Qeyd edim ki, Vikipediyanın Azərbaycan seqmentində fəqliyyət göstərən idarəçilər tərəfindən məsələ araşdırılır. Yəqin ki, tezliklə öz həllini tapacaq.”

Xatırladaq ki, AJB üzvü, tanınmış şair-publisist Zaur Ustac  ədəbi yaradıcılığının 30 illiyi münasibəti ilə ”Qızıl Qələm” media mükafatı (2018), il ərzində hərbivətənpərvərlik mövzularında şeirləri ilə  müxtəlif KİVdə müntəzəm  çıxışına görə “İlin Vətənpərvər Şairi” media mükafatı (2019), AVMVİB-nin üzvü kimi isə  “Müharibə veteranı”,  “Milli Ordu -100”  və   “AVMVİB-25 il” medalları ilə təltif olunmuşdur.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİ BƏY AZƏRİNİN “QƏMLİBEL ƏFSANƏSİ” ADLI KİTABI İRANDA ƏSKİ ƏLİFBA İLƏ ÇAP OLUNUB

Əli bəy Azərinin kitabı.
Əli Bəy Azərinin “Qəmlibel əfsanəsi” (غملی بئل افسانعسی) adlı povestlər kitabı İran İslam Respublikasında əski əlifba ilə çap olunub. Kitaba “Qəmlibel əfsanəsi”, “Şəhərli qızın dəli sevgisi” və “Çay məcrasını dəyişmədi” povestləri daxil edilib.
Xatırladaq ki, “Çay məcrasını dəyişmədi” povesti dövlət mükafatına layiq görülüb.
Kitab az tirajla çap olunub, Cənubi Azərbaycan kitabxanalarına və kitab sərgilərinə paylanacaq. Az qismi də Azərbaycan Respublikasının mərkəzi kitabxanalarına veriləcək. Əli bəy Azəri kitabın xarici ölkədə nəşr olunması ilə bağlı öz təşəkkürlərini bildirib:
– “Arada vasitəçi olanlara, kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə, xüsusən də təbrizli qardaşımız şair Xosrov Barışana təşəkkürümü bildirirəm.”

Biz də YAZARLAR olaraq, bu xeyirli əmələ vəsilə olan şəxslərə öz adımızdan minnətdarlığımızı bildirir, müəllifi təbrik edirik. Uğurlarınız bol olsun, Əli bəy AZƏRİ !!!

ƏLİ BƏY AZƏRİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – LİMONSUZ ÇAY

Akif ABBASOV

                                   LİMONSUZ ÇAY

                                          (hekayə)

         Vilayət həyat yoldaşını da götürüb Masallı İstisuyuna getmişdi. Sanatoriya xoşagələn idi.  Meşədə salınmışdı. Daşdan tikili çoxmərtəbəli binası da, iki nəfərlik, üç nəfərlik, ailəli taxta evlər də vardı. El içində bu evlərə, evçiklərə “domik” deyirlər. Biz elə taxta ev deyək. Həə, həmin taxta evlərin kondisioneri də, hamamı da var.  Bir sözlə,  isti su qəbul edib, gündə üç dəfə yeməyini yeyirsən, meşədə taxta evlərdə istirahət edirsən, sağalırsan özünçün.

         İstisu da istisudur ha. Vanna qəbul edirsən, bütün dərd-azarını götürür. Hələ vannadan əvvəl səni yaxşıca masaj edirlər. Amma vannadan sonra gərək özünü soyuğa verməyəsən. Yayda özünü gözləmək bir az çətindir. İstisuyun istisi bir yandan, Günəşin qızmar istisi də o yandan. İndi gəl özünü gözlə. Tər səni yuyub aparır. Məcburiyyət qarşısında qalıb palını-paltarını yüngül edirsən ki nəfəs ala biləsən, istidən yanıb-yaxılmayasan.

Bir də görürsən qəfil  xəfif külək əsir. Sərin meh bədəninə işləyir. Əlqərəz, əlac bircə ona qalır ki, nə vəchlə olursa-olsun özünü qoruyasan, soyuğa vermək olmaz özünü, olmaz!!!

Vilayət hiss edirdi ki, belinin ağrıları azalıb, yüngülləşib, yavaş-yavaş özünə gəlir. Üzünü həyat yoldaşına tutaraq:

-Ay Güləndəm, bir-iki dəfə İstisuya gəlib-getsək, quş kimi yüngül olarıq, bütün ağrı-acımız canımızdan çıxar.

Güləndan da onun sözlərinə şərik çıxaraq:

-Doğru sözə nə deyim, ay Vilayət. Düzdür. Mən də İstisuyun möcüzəsini canımda hiss edirəm.

Vilayət ayaq saxladı:

-Vanna qəbul edəndən  sonra məxməri çayın özgə ləzzəti var. Gəl, çay içək, sonra gedək dincələk, hava istidir, günün altında gəzib-dolaşmayaq.

-Nə deyirəm ki.

Əyləşdilər. Vilayət səsləndi:

-Ay oğul, bir çaynik çay gətir.

Stəkanlar, qənd qabı, dalınca da çaynik gəldi.  Çayçı Vilayətlə Güləndama çay süzdü, getmək istəyəndə, Vilayət onu saxladı:

-Ay oğul, gör nəyi unutmusan.

Oğlan key-key baxdı. Gözlərini döydü.

Vilayət özü dedi:

-Lumu gətirmək yadından çıxıb.  

Çayçı başını qaşıdı, irişərək:

-Əmi, lumu yol gəlir, – dedi.

Vilayət Güləndama baxdı, yəni bu nə danışır?

-Oğul, lumu yol gəlir nədir? Deyirəm, lumu da gətir.

-Əmican, limonumuz qurtarıb, gediblər gətirməyə.

Çayçı getdi. Vilayət öz-özünə:

-Cənub zonası olasan, limonun bol yerində lumusuz çay içəsən. Bu da bunlardan göründü.

Çayı içib qurtardılar. Limon gəlib çıxmadı. Vilayətin gözü stəkan-nəlbəkilər yığılmış stolun baş tərəfində vurulmuş bildirişə sataşdı: “Çayın çayniki – 2 manat”.

Durub getmək vaxtı idi. Vilayət əlini cibinə saldı. 1 manat çıxarıb stolun üzərinə  qoydu, qəndqabını da pulun üstünə. Qəndqabının altından manatlığın ucu görünürdü.

 Vilayət çayçını çağırdı:

-Ay bala, gəl çayın pulunu al.

Oğlan əlində məcməyi cəld yaxınlaşdı. Vilayətlə Güləndam ayağa qalxdılar. Çayçı pulun bir manat olduğunu görüb:

-Əmi, bizdə çay iki manatdır.

Vilayət özünü sındırmadan:

-Hə, oğul, o biri manat yol gəlir, – deyib Güləndamın qoluna girdi. Meşəyə sarı getməyə başladılar. Onların  “domiki” meşədə idi.

 Bakı şəhəri, 01 mart 2021-ci il

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru