
Əvvəli burada: Müqəddəs Zəfər – 9-cu hekayə
məlumat yazılır
Son
Müəllif: Xəlil Mirzə,
Şair-publisist, AYB-nin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Əvvəli burada: Müqəddəs Zəfər – 9-cu hekayə
məlumat yazılır
Son
Müəllif: Xəlil Mirzə,
Şair-publisist, AYB-nin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Əvvəli burada: Müqəddəs Zəfər – 8-ci hekayə
BAĞIŞLA MƏNİ, ROMEO!
(Müqəddəs Zəfər: 9-cu hekayə)
Günəşin şüaları hələ görünməsə də, artıq hava işıqlaşmağa başlamışdı. Bomboz buludlar səmada hökmranlıq edir, günəşlə yer arasında soyuq sədd yaratmağa çalışırdı. Meşə qalın, duman qatı, hava çiskin idi. Görmə məsafəsi 4-5 metrdən artıq olmazdı. Bu, gizli hərəkət etmək üçün əlverişli olsa da, düşmənin hərəkətini izləməyə çətinlik törədirdi. Çevik və düzgün qərar qəbul etmək, tapşırığı yerinə yetirmək lazım idi. Belə məqamda onun səhv etməyi böyük faciə ilə nəticələnər, düşmən üçün itirilmiş mövqeləri geri qaytarmaq imkanı yarada bilərdi. O, nəyin bahasına olursa-olsun, düşmən tərəfdə çaşqınlıq yaratmalı, əks-hücum cəhdinin qarşısını almalı idi. Cəmisi bir saat vaxtı vardı. Bircə saat dözməli, düşmənin hərəkətinə mane olmalı idi. Bir saat ərzində ölmək belə olmazdı… Köməyə gəlməkdə olan döyüşçülərimizi elə burada qarşılamalı idi… Dumanın istiqamətini müəyyənləşdirməyə çalışdı. Bu çox vacib idi. Adətən duman dağlardan dərələr istiqamətində hərəkət edir. Belə olduqda dumanın hərəkət istiqamətinin əksinə getməklə yüksəkliyə qalxacaqdı. Kol-kos o qədər çox idi ki, sanki duman onlara hopub hərəkət etmirdi. Bu zaman kompasın köməyindən istifadə etmək qərarına gəldi. Çıxarıb baxdı, işləmirdi. Bir qədər əvvəl uçuruma yuvarlanarkən yoğun bir ağaca çırpılmışdı, kompası sınmışdı. İndi o, lazımsız dəmir parçasından başqa bir şey deyildi. Kompası ehmalca kolluğa atdı. Gecə olsaydı ulduzların düzülüşündən istifadə edib ona lazım olan cənub-qərb istiqamətini müəyyənləşdirərdi. O, gecələr daha yaxşı hərəkət edə bilirdi. Ağlına bir fikir gəldi- ağaca dırmanmaq. Lap çılğın uşaq çağlarında olduğu kimi, oğlanlara qoşulub meşəyə getdiyi vaxtlar höcətləşib ən hündür ağaca dırmandığı kimi. Əslində bu çox təhlükəli idi. Ancaq indi bunu yeganə çıxış yolu kimi dəyərləndirdi. Ətrafa göz gəzdirib daha yoğun və hündür hesab elədiyi ağaca yaxınlaşdı, başını qaldırıb yuxarı baxdı. Ağac o qədər də hündür deyildi. Neyləmək olar, bu meşədəki ağaclar bir-birinə çox sıx şəkildə bitsələr də, kol-kosla əhatə olunsalar da, hündür deyildilər. Bəlkə belə olmağı daha yaxşı idi. “Hə, Cüllüt, göstər hünərini!”- öz-özünə pıçıldadı. 16 kiloluq “Mübariz” snayper tüfəngini çiyninə aşırıb dırmanmağa başladı. Ağacın ən uca budağının nazik gövdəsi yellənib cırıldayanda dayandı, əyilib aşağıya boylandı. 5-6 metr hündürlükdə olardı. Daha yuxarı qalxmaq olmazdı, budaq sına bilərdi. Diqqətlə ətrafa boylandı. Bu hündürlükdə sanki duman bir qədər seyrək idi. Dağlıq əraziləri, dərələrdən, yamaclardan keçib ilan kimi qıvrılan əyri-dolam torpaq yolları gördü. Tüfəngin optik cihazını çıxarıb onunla da baxdı. Sonra mobil telefonunu video rejiminə qoydu və həmin ərazilərin video-çəkilişini edib cəld yerə endi. Çəkdiyi kadra diqqətlə baxıb ayağa qalxdı. Tələsmək lazım idi.
30 dəqiqədən sonra o, artıq hündür bir təpənin üstündə, kolların arasında mövqelənmişdi. Uzaqdan, cənub tərəfdən 3 ədəd PDM əyri-dolam yollarda toz qopara-qopara ona tərəf gəlirdi. Rabitə cihazını çantadan çıxarıb “əlaqə” düyməsini basdı:
-Mən “Cüllüt”əm, məni eşidirsiz? “Romeo”, mən “Cüllüt”əm. Məni eşidirsiz?
Xışıltı çox idi, səslər bir-birinə qarışımışdı. Başqa dalğa tezliyinə keçdi. Üçüncü cəhddən sonra Kapitan Binnətlinin tanış səsini eşitdi:
-Salam, “Cüllüt”, mən “Romeo”yam, səni eşidirəm.
-Salam. Tülkülər tələyə doğru gəlirlər, 3-ü birdən. Xoruz paylarını hazırlamışam, yola xalça da sərmişəm.
-Çox gözəl. Layiq olduqları təmtəraqla qarşıla, uğurlar.
-Baş üstə.
Araya bir neçə saniyəlik sükut çökdü. Sonra yenə komandirin səsi eşidildi:
-Gözəlim… ehtiyatlı ol,- komandirin səsində həyəcan hiss olundu,- özünü qoru, bacım…
-Narahat olmayın, mənim Romeom. Mənə də Cüllüt deyərlər.
-Yaxşı… yaxşı… sənin eyvanına musiqiçilərlə gəlirəm, şən konsert olacaq. Gözlə. Rabitəyə son.
-Görüşənədək, mənim Romeom.
Bir dəqiqədən də az müddət ərzində davam edən bu dialoqdan hər şey bəlli oldu. Cəmisi 15-20 dəqiqədən sonra bu yerlərin sakitliyi pozulacaqdı.
Başını qaldırıb səmaya baxdı. Bir neçə saniyə, cəmisi 5-6 saniyə beləcə hərəkətsiz dayandı. Həmişə mühüm tapşırığın icrasına başlamazdan bir az əvvəl belə edirdi. Bu, artıq vərdişə çevrilmişdi. Bunu komandirləri də, döyüşçü yoldaşları da yaxşı bilirdilər. Hətta bu vərdişinə görə tənbeh də almışdı. Yüngülcə, sözarası danlamışdı onu tağım komandiri. Onunla heç kim kəskin danışmırdı, heç kim xətrinə dəymirdi. O, hərbi hissənin sevimli Cüllütü idi… “Cüllüt” kod adını o özü seçmişdi. Daha doğrusu, uşaq vaxtlarından kənddə onu bu adla çağırırdılar. Niyəsini özü də dəqiq bilmirdi. Bəlkə, həmişə saçını arxadan yox, başının tən ortasından hörərək sarı bant bağladığına görə, ya da çəlimsiz və çılğın olduğuna görə?! Bəlkə, öz adına uyğun, yəni, Cülyettaya uyğun səsləndiyinə görə?! Bilmirdi. Ancaq ilk dəfə döyüş tapşırığına yollananda bölük komandiri Roman Binnətli ona kod adı seçmək istəyəndə özü təklif vermişdi: “Cənab kapitan, mənə uşaq vaxtı Cüllüt deyirdilər”.
-Cüllüt? Olsun. Onda rabitə əlaqəsinə girəndə məni Romeo deyə çağır. Mən yalnız Cülyetta üçün, daha doğrusu Cüllüt üçün Romeo olacam. Cüllüt və Romeo- necə səslənir? Qoy bu bizim cəbhəsayağı versiyamız olsun.
Hər ikisi qəhqəhə ilə gülmüşdülər.
Cülyetta əslən Qusar şəhərinin 12 kilometrliyində yerləşən dağ kəndindən idi. Kənd üç tərəfdən meşə massivi ilə əhatə olunmuşdu. Uşaqlıq həyatı şən, qayğısız keçirdi. Çəlimsiz, sarışın və dəcəl bir qız idi. Hərçənd, yaşına görə boyu balaca deyildi. Ailədə isə dörd qız uşağı böyüyürdü. Cülyetta ailənin üçüncü qızı idi. Atası sürücü, anası isə evdar qadın idi. Onun 9 yaşı olanda Qusara, Olimpiya İdman Kompleksinin yaxınlığında yerləşən balaca bir həyət evinə köçdülər. Kənddəki evlərinə yay aylarında gedirdilər. Atası Heybət kişi isə kəndlə əlaqəsini heç vaxt kəsmirdi. Qaraqabaq adam idi. Anası Nariya İdman kompleksində işə düzəlmişdi, xadimə işləyirdi. Bunun üçün Heybəti günlərlə dilə tutmalı olmuşdu. Çünki güzaranları ürəkaçan deyildi, Nariyanın işləməyinə ehtiyac var idi. Anasının işə düzəlməsindən ən çox faydalanan Cülyetta idi. O, hər gün dərsdən sonra anasına kömək etmək adı ilə Kompleksə gedir, üzgüçülüklə, atıcılıqla, güləşlə məşğul olurdu… Cülyettanın böyük bacısı atasının təkidi ilə onun qohumuna ərə getmiş, iki ildən sonra boşanaraq bir oğlan uşağı ilə ata evinə qayıtmışdı. İkinci bacısı Nəzrin orta məktəbi qurtarıb, atasının qadağasına baxmayaraq, Bakı Hərbi Kollecinə daxil olmuşdu. Cülyetta da bacısı Nəzrinin yolu ilə getmək istəyirdi. Ancaq 15 yaşı tamam olar-olmaz atası onu məcburən bacısı oğluna nişanladı. Toy günü o, Bakıya, Nəzrinin yanına qaçdı. Atası elə həmin gün ailəsini tərk edib kəndə qayıtdı və üç aydan sonra başqa qadınla evləndi.
Cülyetta Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olundu, snayper kurslarına yazıldı. Onun cəbhəyə gedən yolu belə başladı. Arıq, çəlimsiz qızcığaz tezliklə snayper atıcılığı üzrə peşəkar mütəxəssisə çevrildi.
…Qabaqda gələn PDM-nın Cüllütün basdırdığı minaya düşməsi nəticəsində yaranan səs qayalara çırpılaraq vahiməli əks-səda yaratdı. Arxadan gələn texnikalar dərhal geri dönməyə cəhd göstərdilər. Yolun darlığı buna ciddi əngəl törədirdi. Düşmən əsgərləri yerə tökülüşərək qayalıqlarda mövqelənməyə başladılar. Yanı üstə çevrilərək alovlanan birinci maşından düşən yaralı əsgərlər dəli kimi o tərəf-bu tərəfə qaçırdılar. Kimisi yana-yana özünü qayadan aşağı tullayır, kimisi torpağa sürtünərək paltarını söndürməyə cəhd edir, kimisi də taqətsiz halda zarıldayırdı. Maşının içərisində ard-arda partlayışlar baş verirdi. Maşın parça-parça olub ətrafa səpələnirdi. Qəlpələr hər tərəfə yayılırdı, bu da əlavə əsgər itkisinə səbəb olurdu. Bu partlayışlar ikinci maşını da zədələdi. Cüllüt qayalara dırmanmaq istəyənləri bir-bir məhv edirdi. Ən sonda gələn maşın arxaya doğru hərəkət edərək döngədə gözdən itdi. 5-6 dəqiqədən sonra qayalıqlarda kölgələr görünməyə başladı. Düşmən əsgərləri Cüllütü mühasirəyə almağa cəhd edirdilər. Əgər onlar daha yüksək yerdə mövqelənə bilsəydilər, Cüllüt açıq hədəfə çevriləcəkdi. Buna imkan vermək olmazdı. O, gizləndiyi yerdən çıxıb cəld qayaların arası ilə yüksəkliyə doğru dırmanmağa başladı. Güllələr vıyıltı ilə başının üstündən, yanlarından ötüb keçirdi. Nəhayət, əlverişli bir yer tapıb gizlənə bildi. Səmada 2 ədəd “İtiqovan” PUA göründü. Düşmən mövqelərinə ard-arda bir neçə raket zərbəsi endirildi. Üçüncü maşın da, düşmənin xeyli sayda canlı qüvvəsi də məhv edildi. PUA-lar dövrə vurub gözdən itdilər. Bir neçə dəqiqəlik sükutdan sonra yenə aramsız güllə yağışı başladı. Düşmən əsgərləri lap yaxınlıqda idilər. Cüllütün güllələri tükənmək üzrə idi, tək-tək rejimdə atəş açırdı. O, axırıncı darağı silaha quraşdırıb aşağıya baxdı. Sıldırım qayalar və 10-12 metr aşağıda böyürtkən kolları görünürdü. Rabitə cihazından çağırış səsi eşidildi:
-Cülyetta, mən Romeoyam. Məni eşidirsən? Cavab ver, Cülyetta!- Poman indi açıq mətnlə danışırdı.
“İndi yox, danışmağa vaxt yoxdur”,- Cülyetta sanki öz-özünə, astadan pıçıldadı.
-Cülyetta, biz yaxındayıq. Geri çəkil, özünü qoru. Eşidirsən? Cülyetta, xahiş edirəm, cavab ver…
Atışma davam edirdi, cəmisi üç gülləsi qalmışdı. Roman çağırmaqda davam edirdi. Qarşı tərəfdəki qayanın arxasından iki nəfər çıxdı. Biri zabit idi. Aralarında 25 metr məsafə olardı. Zabit silahını ona tuşlayıb dişlərini ağartdı və:
-Silaxı at yera, allarini qaldır,- deyə komanda verdi.
Roman dayanmadan çağırırdı:
-Gözəl bacım, qurban olum, geri çəkil. Eşidirsən? Dərhal geri çəkil, biz artıq yaxındayıq. Cülyetta!..
-Bağışla məni, Romeo! Səni sevdiyimi deməyə vaxtım qalmadı…
Tətiyi çəkdi, zabit qıvrılaraq eybəcər səs çıxardı, yerə sərildi. Hələ iki gülləsi qalırdı. Ancaq… sinəsi alışıb yandı, gözlərinə qaranlıq çökməyə başladı. Başını qaldırıb səmaya boylandı, döyüş əvvəlində olduğu kimi, həmişəki adəti üzrə. Amansız boz dumanın köynəyini cırmağa imkan tapmış günəş şüaları onun al rəngli sinəsini, çıyınlərindəki qoşa ulduzları yalayıb par-par parıldadırdı. Tüfəngini bərk-bərk sinəsinə sıxmışdı, arxası üstə uçurdu, bayaq gördüyü kolluğa sari. Səma sürətlə qaralırdı. Yumulmaqda olan gözləri son dəfə səmada nəyi isə axtarırdı, kimi isə görməyə çalışırdı. Gördü… Bütün gücünü toplayıb yenidən pıçıldadı:
-Bağışla məni, Romeo… əzizim…
03.08.26.
Ardı burada: Müqəddəs Zəfər – povest – son
Müəllif: Xəlil Mirzə,
Şair-publisist, AYB-nin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Əvvəli burada: Müqəddəs Zəfər: 7-ci hekayə
O QIZ MƏNİM HƏKİMİMDIR
(Müqəddəs Zəfər: 8-ci hekayə)
Müharibənin on dördüncu günü idi. Cəbhə xətti get-gedə yaşayış məntəqələrindən uzaqlaşır, atəş səsləri sanki eşidilməz olurdu. Bir gün əvvəl Moskvada Rusiyanın xarici işlər naziri S.Lavrovun təkidi və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin atəşkəs barədə razılığa gəldikləri elan olunmuşdu. Buna baxmayaraq, Ermənistan Silahlı Qüvvələri tərəfindən bu razılaşma kobudcasıına pozulmuşdu. Düşmən tərəf uzaqvuran toplar və raketlərlə nəinki döyüş mövqelərimizi, həmçinin yaşayış məntəqələrimizi də aramsız olaraq atəşə tuturdu. Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələri hədəfə çevrilmişdi. . Mərmi və raketlərin vıyıltıları, hər partlayışdan sonra yaratdıqları rezonans aydınca hiss olunur, dinc sakinlərdə dəhşətli vahimə yaradırdı. Cəbhənin bütün istiqamətlərində ağır döyüşlər gedirdi. Bu gün ərzində düşmənin xeyli sayda canlı qüvvəsi; 13 ədəd tankı, 4 ədəd P21 “Qrad” yaylım atəşli reakiv sistemi, 6 ədəd B20 və B30 topu, 3 ədəd 2F3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 zastava zenit qurğusu, 2 ədəd radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri, daha bir zirehli tank bölməsi və 1 ədəd F300 zenit raket sistemi məhv edilmişdi. Günorta radələrində Ermənistan ordusuna məxsus və Xocalıda yerləşən ən bahalı radiolokasiya sistemi də məhv edildi. Düşmən tərəf Ağdərə-Tərtər və Füzuli- Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərdi. Bütün cəhdlərin qarşısı alındı, düşmən yenə xeyli itki verərək geri çəkilməyə məcbur edildi.
Günəş bugünlük xidmətini başa vurub dağların arxasına çəkilməkdə idi. İndi o, sobada qızardılmış dəmir kürəni xatırladırdı, ancaq hərarəti azalmaqda idi. Hərbi hospitalın həkimi leytenant Mehman Qurbanlı kürəyində daşıdığı yaralı əsgəri təpənin arxasında gizlətdikləri pikap maşınının arxa oturacağına uzadıb nəbzini yoxladı, çox zəif idi. Onun ardınca xərəkdə başqa bir yaralını gətirən gizir Cavid Saraclı və əsgər Taleh Xıdırov da yaxınlaşmaqda idilər. Həkim cəld kuzovun arxa bortunu açdı. Köməkləşib yaralını xərəkqarışıq kuzova qoydular.
-Cənab leytenant, deyəsən qardaşımız şəhid oldu,- deyə gizir kövrəldi.
-Özünü ələ al qardaş, qərar verməyə tələsmə.
Həkim ikinci yaralının da nəbzini yoxladı, – yaxasını açın,- deyə göstəriş verdi. Cəld çantasını açıb tibbi ləvazimat olan bağlamanı çıxartdı, iynə və flakon götürdü. Şüşənin başını sındırıb dərman çəkdi. Skalpellə yaralının kitelinin sağ qolunu kəsdi, rezin “jqut”la qolunu dirsəkdən yuxarı hissədən sıxıb hərəkət etdirib, damarına iynə vurdu. Bir qədər gözləyib nəbzini bir də yoxladı. Sonra əllərini çarpazlayıb ritmlə sinəsindən basmağa başladı. Bir, iki, üç… yenə… yenə…
-Hə, qardaşım, aç gözlərini.
Bir, iki, üç… yenə… yenə… süni nəfəs verdi. Bir, iki, üç… yaralının sinəsində hərəkət hiss olundu.
-Həkim… həkim… qardaşımız nəfəs alır. Sizə qurban olum, həkim!
-Gizir, özünü ələ al. Birinci yaralını da hazırlayın, ona da iynə vuracam.
Rabitə cihazından çağırış səsi gəldi:
-“Külək”, “Külək”, mən “Səma”yam. Məni eşidirsiz?
Əsgər Xıdırov çantasından cihazı çıxarıb həkimə tərəf uzatdı. Həkim cihazı alıb cavab düyməsini basdı:
-“Səma”, mən “Küləyəm”, sizi eşidirəm.
-Sizə tərəf təcili tibbi yardım maşını gəlir, qarşılayın. Ehtiyatlı olun, təhlükəsiz marşrut seçin, yaralıları o maşına yerləşdirb geri dönün, yenə yaralananlar var, əsgərlər onları sizə tərəf gətirirlər. Köməyə tələsin…- pauza,- təəssüf ki, şəhidlərimiz də var… iki nəfər…
-Aydın oldu, icraya başlayırıq.
-Uğurlar olsun, qardaş. Rabitəyə son.
Mehman rabitə cihazını Talehə qaytarıb göstəriş verdi:
-Get, qardaş, qarşıla. Ehtiyatlı ol, gəldiyimiz marşrutla hərəkət edin. Cavid, sən qal, işimiz çoxdur, sarğıları dəyişməliyik.
Təcili tibbi yardım maşını toz qopara-qopara onlara yaxınlaşdı, üç-dörd metrlik məsafədə dayandı. İlk olaraq Taleh, ardınca ağxalatlı iki nəfər maşından düşdü. Onlardan biri:
-Gülnar, sən burada neynirsən?- Mehman təəccüb dolu gözlərini gənc qıza zillədi.
-Salam, Mehman həkim. Mən, Gülnar Çərkəzli, həkim-cərraham. Vətənimdə müharibə gedirsə, mən harada olmalıyam?- Gülnar suala sualla cavab verdi.
-Gülnar, qurban olum, axı buralar çox təhlükəlidir.
-Bilirəm. Mənim canım səninkindən artıq deyil ki? Heç onlardan artıq deyiləm,- yaralıları göstərdi.
Mehman söz güləşdirməyin əbəs olduğunu dərhal anladı. Gülnarın xasiyyətinə yaxşı bələd idi.
Onlar cəmisi bir ay əvvəl nişanlanmışdılar, Gülnar Bakıdakı klinikalardan birinə təyinat alandan bir neçə gün sonra, ancaq qeyri-rəsmi, öz aralarında. Sentyabrın 27-də Mehman öz ad gününə Gülnarı da dəvət edəcəkdi. Valideynləri ilə tanış edəcək, evlənmək istədiklərini bildirəcəkdi. Həmin gün müharibə başladı… Mehman artıq ikinci il idi ki, hərbi hospitalda işləyirdi, Gülnar isə iki həftəyə yaxın.
Yaralıları dərhal təcili tibbi yardım maşınına keçirdilər. Gülnar onları süni tənəffüz aparatına qoşdu. Sevgililərin görüşü cəmisi 7-8 dəqiqə, gərgin iş şəraitində baş verdi. Ayrılarkən Gülnar Mehmanın əlini bərk-bərk sıxdı:
-Gözlərimi yolda qoyma, igidim.
Gülnar müharibənin ikinci günü işlədiyi klinikanın rəhbərliyinə müraciət etmiş, könüllü olaraq cəbhə xəttinə yaxın fəaliyyət göstərən səyyar hərbi hospitala gəlmişdi. Ötən bu müddət ərzində bir dəfə də olsun rastlaşmamışdılar. Mehman demək olar ki, mobil telefondan istifadə etmirdi. Onun daim qaynar nöqtələrdə olması buna imkan vermirdi. Onsuz da o yerlərdə dalğa olmurdu. Valideynlərini də qabaqcadan xəbərdar etmişdi. İndi, Gülnarla görüşündən bir həftə sonra çadır yataqxanada saxladığı mobil telefonunu götürüb anasına zəng etmək qərarına gəldi. Telefonunun enerjisi tükənmişdi. Hospitala getdi, həkimlər otağında enerji yığmaq üçün telefonunu şəbəkəyə qoşdu. Ekran açıldı. Yuxarı sağ küncdə yaşıl rəngdə işarə göründü. Sonra ard-arda buraxılmış zənglərin tatixini göstərən mesajlar bir-birini əvəz etdi. O, şəhadət barmağıni ekranın üzərində aşağı-yuxarı sürükləməyə başladı. Çoxlu sayda zəng gəlmişdi- atasından, anasından, Gülnardan, kiçik qardaşından, bacılarından, dostlardan, qohumlardan… Anasına zəng elədi, hal-əhval tutdu, ona təskinlik verdi. Sonra atasına, digər doğmalarına, dostların bir neçəsinə zəng elədi. Daha sonra Gülnarla görüşmək, odun-alovun caynağından qopardığı yaralıları yoluxmaq qərarına gəldi. Gülnarın əməliyyatda olduğunu söylədilər. Onda ilk olaraq ağır vəziyyətdə Gülnargillə hospitala yola saldığı əsgəri axtarıb tapdı. Adı və soyadı yaxşı yadında idi: Kamil Dəmirov. Kamil demək olar ki, başdan- ayağa sarğıda idi. Ancaq Mehmanı dərhal tanıdı. Aram-aram, kəsik-kəsik danışırdı:
-Orda… dağların arasında… gözümü… gözümü açanda… huşum özümə gə…gələndə ilk… ilk gördüyüm adam… sən idin… Burda isə… üç gün… yenidən huşsuz… qalanda… o… o qız… onu gördüm. Üç gün başım…ın üstündə… məni o əməliyyat… o əməliyyat…
Gülnar qapıda göründü, gözləri yuxusuzluqdan qızarmışdı, çox yorğun görünürdü. Mehman onu görcək dərhal ayağa qalxdı, baxışları toqquşdu.
-Gülnar, sən çox yorgun görünürsən.
Gülnar Mehmana sari bir neçə addım atdı. Üz-üzə, göz-gözə dayandılar.
-Sən də. Nə vaxt gəlmisən?
-Bir az əvvəl, yaralı gətirmişəm, müayinə otağındadır. Vəziyyəti pis deyil, ilk yardımı mən çatana qədər əsgər yoldaşları eləmişdilər. Güllə yarası alıb, sol çiynindən.
-Hə, şükür Allaha ki, yaxşıdır. Əməliyyata ehtiyac var?
-Yarasını tez-tez təmizləmək lazım gələcək.
-Olsun, gedib baxaram.
-Sənə dincəlmək lazımdır. Baş həkim özü baxdı, razı qaldı.
-Yaxşı, lap yaxşı. Nə vaxt gedirsən?
Mehman sanki günahkarcasına başını aşağı əydi:
-Tez qayıtmalıyam, əzizim. Füzuli istiqamətində ağır döyüşlər gedir. Orada mənə ehtiyac var.
– Odur… o qız… o mənim həkimimdir…
Hər ikisi dönüb Kamilə baxdılar, gülümsədilər.
Ordumuzun tam qələbəsi ilə başa çatmış Vətən Müharibəsinin 39-cu günü Mehmanın həyatında silinməz iz buraxdı. Qubadlı rayonunun Başarat, Qarakişilər və Qaracallı kəndləri uğrunda gedən döyüşlərdə yaralanmış döyüşçü yoldaşlarını hospitala çatdırmaq tapşırığı almışdılar. Həmişəki kimi maşını təhlükəsiz yerdə saxlayıb ön xəttə tələsirdilər. Birdən onu hansı bir qüvvə isə göyə qaldırdı. Sonra nə baş verdiyini anlaya bilmədi. Gözlərini açanda özünü işıqlı bir otaqda gördü. Gülnar yanında, stulda oturub yorğun, qızarmış gözlərini ona zilləyib sanki donmuşdu. Sonradan bildi ki, minaya düşüb, hər iki ayağını dizdən yuxarı itirib.
Bir il keçdi. Mehman çarpayıda uzanıb xəyala dalmışdı. Gülnara necə anlatsın ürəyindən keçənləri? O qızın bədbəxtliyinə niyə bais olsun?.. Palatanın qapısı açıldı, Gülnar göründü. Bu gün hərbi paltarda idi, çiynindəki qoşa ulduzlar mundirinə xüsusi yaraşıq verirdi. Adsız barmağında bir il əvvəl Mehmanın bağışladığı zümrüd qaşlı nazik üzük parlayırdı. Elə həmin əlində, barmağında üzük olan əlində sari, çəhrayı və narıncı güllərdən düzəldilmiş buket var idi. İlahi, o, necə də gözəl, necə də məsum idi.
-Sabahın xeyir olsun, cənab baş leytenant. Doğum günün mutlu olsun, bəy! Hələ yataqdasan? Qalx görüm. Qalx, protezlərini geyin. Sonra… gedirik mənim otağıma, hərbi parad mundirini geyinirsən, təbii ki, mənim köməyimnən, və… Və gedirik sizə…
-Gülnar, əzizim, bəlkə lazım deyil?! Mən… mən indi, belə vəziyyətdə sənin nəyinə lazımam? Gülnar…
-Qalx görüm, qalx! Bu gün 2021-ci ilin sentyabr ayının 27-si, müqəddəs şəhidlərimizin anım günüdür. Unutmamısan? Həm də… həm də bu gün- sənin 27 yaşının tamamında biz evlənmək barədə qərar verdiyimizi valideynlərimizə bildirməliyik.
-Gülnar… Anım gününü təbii ki, unutmamışam. Bu günü unutmaq olarmı? Ancaq… Mən əliləm, mənim həyatım dayanıb. Evlənmək barədə isə… heç bir qərar yoxdur, olmayıb, olmayacaq…
-Dəli! Dəlinin biri, dəli! İstəyirsən mən də ayaqlarımı kəsdirim? Sənin vəziyyətinə mən düşsəydim məndən imtina edəcəkdin? Hə?.. Biz bu barədə neçə dəfə danışmışıq? Mən sənin ürəyini sevmişəm, mən sənin kişi qeyrətini sevmişəm…
Gülnar gül buketini masanın üstünə atıb çarpayının kənarında oturdu, əlləri ilə üzünü bağlayıb hönkürməyə başladı. Mehman nə edəcəyini bilmirdi, qərarsız vəziyyətdə yerində eşələnirdi.
-Gülnar… Gülnar… Mənə kömək edərsən? Protezlərimi ver də… zəhmət olmasa…
Gülnar göz yaşlarını silib diqqətlə ona baxdı.
-Protezlərini? Hə… protezlərini… verim də. Nə etmək istəyirsən ki?
-Necə yəni nə? Hazırlaşaq gedək də. Əvvəlcə Şəhidlər Xiyabanına, sonra… sonra istəsən bizə gedərik. Anam neçə gündür hazırlıq görür.
Gülnar özünü toparlayıb qalxdı, üst-başını qaydaya saldı. Mehmana kömək edib protezlərini geyindirdi. Mehman qalxıb onunla yanaşı dayandı.
-Bax ha, boyumuz da uyğun gəlir.
-Mənim dəli igidim, indi sən qətiyyən əlilə oxşamırsan.
-Sənin inamlı yardımın sayəsində, əzizim. Bu aylar ərzində sən mənə ayaq üstə durmağı, yeriməyi öyrətmisən. Hamısı sənin sayəndədir.
-Yaxşı görək, şişirtmə.
-Akka canı.
Hər ikisi ürəkdən güldü, ana nəvazişinə sevinən uşaqlar kimi.
Mehman masanın üstündən telefonunu götürüb anasına videozəng açdı.
Duud… duud… duud…
-Ana, sabahın xeyir. Necəsən, anacan?
Ekranda Familə ananın nurlu siması göründü.
-Sabahın xeyirə açılsın, mənim igid balam. Ana qurban olsun sənin…- sözünün ardını gətirə bilmədi, qəhərləndi. Bir neçə saniyədən sonra özünü toparlayıb davam elədi,- Gözəl balam, şəkər balam, igid balam. Atanla hazırlaşırıq sənin yanına gəlməyə. Həkimindən icazə alıb evə gətrimək istəyirik, axşam qonaqlarımız olacaq. Sənin ad gününə gələcəklər. Sevdiyin xörəkləri bişirmişəm, hamısını…
-Ana, dəqiq bilirsən ki, mənim ad günüm bu gündür?- Yana çönüb Gülnara göz vurdu.- Bəlkə, noyabrın 10-dur?! Hə, anacan, bəlkə səhv salırsız günləri?
-Oğul, qurban olum, bu boyda səhv olar? Bu gündür.
-Mən bu gün ad günü keçirməyəcəm, bu gün şəhidlərimizin anım günüdür.
-Başına dönüm, indi anladım səni. Olsun noyabrın 10-u. Atan da yanımdadır, o da razılıq edir.
Balaşirin kişi ekranda göründü, oğluna əl edib salam verdi.
-Sabahın xeyir, oğul. Söhbətinizi eşidirdim, düzgün qərardır. Səninlə qürur duyuram oğul, olsun sən deyən kimi- noyabrın 10-u. Qonaqları özüm başa salaram. İndi biz gəlirik sənin yanına, oradan da birlikdə gedərik Şəhidlər Xiyabanına. Gör anan nə deyir.
Familə ana yenidən ekranda göründü, bu dəfə Balaşirin kişi ilə yanaşı dayanmışdı.
-Mehman, İgid balam, gəlirəm səni bağrıma basmağa.
-Zəhmət çəkməyin, ana. Özüm gələcəm, uzağı bir saata… yox, yarım saata, Şəhidlər Xiyabanına. Siz də ora gəlin. Özü də… ana, tək gəlmirəm ey, sizi gələcək gəlininizlə tanış edəcəm. Əgər, etiraz eləmirsizsə.
-Nə etiraz, ay bala. Gətir, qurban olum, gətir. Bilmək olar kimdir o gözəl bala?
-Ana! Canım ana! O qız… o qız mənim həkimimdir.
-Başına dönüm ay oğul, Gülnar həkimi deyirsən?
-Hardan bildin, ay ana?
-Ana ürəyi həssas olur, oğul. Yanındadır? Yanındadırsa, ver danışım onunla.
30.07.26.
Ardı burada: Müqəddəs Zəfər – 9-cu hekayə
Müəllif: Xəlil Mirzə,
Şair-publisist, AYB-nin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

QAYTARAR
Bəzən gördüklərim salar heyrətə
Tülkü aslan olar düşsə xəlvətə
Qəlbinin qapısın açsan həsrətə
Alar sevincini qəhər qaytarar
Yığma hər günahı, yükü boynuna
Bu fani dünyanın qatıl oynuna
Alar yuxumuzu gecə qoynuna
Saxlayar əzizlər səhər qaytarar
Mərhəmət hissini odunda saxla
Şərəf, ləyaqəti adında saxla
Tək bir həqiqəti yadında saxla
İlana bal versən zəhər qaytarar
Müəllif: Şəfəq Vilayətqızı
Oxuyun >> Gözündə tük var

TARİXİN DAŞ YADDAŞI
Sözün və qələmin gücünə inanan insanlar hər zaman cəmiyyətin mənəvi aynası olublar. Bu günlərdə qələm dostum, ruhunun saflığına və insanlığına heyran olduğum dəyərli yazıçı Pünhan Şükür mənə yenicə işıq üzü görmüş, müəllif imzası ilə bəzədilmiş kitabını hədiyyə etdi. İllərin əməyini, göz nurunu özündə birləşdirən bu kitab “Qanun” nəşriyyatında olduqca yüksək zövqlə, nəfis və zərif bir tərtibatla çap olunub. Oxucunu ilk baxışdan özünə cəlb edən bu dəyərli töhfənin redaktoru və ön sözünün müəllifi isə tariximizin qaranlıq səhifələrinə işıq tutan tanınmış tarixçi-tədqiqatçı, elmi işçi, şair-publisist Nazim Tapdıqoğludur. Onun kitaba yazdığı müqəddimə əsərin elmi və bədii çəkisini daha da artırıb.Bu kitab sadəcə bir bədii təxəyyülün məhsulu deyil; o, canlı tarixin özüdür. Səhifələri vərəklədikcə tarixi sənədlərin, tozlu arxiv materiallarının dilə gəldiyinin şahidi oluruq.
Müəllif Qafqazın ən qədim, aborigen xalqlarının keçdiyi çətin və keşməkeşli yolları xronoloji dəqiqliklə izləyib. Əsərdə bu coğrafiyanın ən məzlum və qədim etnoslarından biri olan Udilərin zaman-zaman hansı haqsızlıqlara, şər-böhtan kampaniyalarına məruz qaldığını ağrılı bir dillə oxuyuruq. Tarixin yaddaşı silinmir, silinə də bilməz. Bu günə qədər Udilərlə bağlı çoxlu sayda elmi və bədii əsərlər yazılsa da, bu mövzu hələ də açılmamış qıfılları, gizlinləri özündə saxlamaqdadır.
Udilərin keçmişini və bu gününü təqdim etmək üçün təkcə istedad deyil, həm də cəsarətli və köklü bir araşdırma tələb olunurdu. Çünki bu xalqın tarixini vərəqləyən hər bir tədqiqatçı istər-istəməz kütləvi ölümlərin, günahsız qırğınların, göylərə ucalan fəryad səslərinin, acı deportasiyaların və qanlı soyqırımların şahidinə çevrilir. Biz Azərbaycan türkləri kimi, Udi xalqının da başına zaman-zaman nələr gətirilməyib, hansı müsibətlər yaşadılmayıb? Bu gün dünyada ümumi sayları cəmi 13 min nəfər civarında olan bu kiçik, lakin mənəviyyatı böyük xalq bəşəriyyətin ən qiymətli etnik incilərindəndir. Hazırda bu millətin 4 mindən çox nümayəndəsi Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələ rayonunun Nic kəndində dinc və əmin-amanlıq şəraitində yaşamaqdadır. Bu, Azərbaycanın multikultural dəyərlərinin və tolerantlığının ən bariz nümunəsidir.
Pünhan Şükür öz dərin araşdırmaları və bədii istedadı ilə oxucunu ilk sətirlərdən ovsunlamağı, onu hadisələrin axarına salmağı bacarır. Onun qələmə aldığı, mənəvi dəyərlərimizin rəmzinə çevrilən “Xudavəng əfsanəsi” povesti son illər ədəbiyyatımızın bu mövzuya həsr edilmiş ən nadir və parlaq incilərindəndir. Müəllif ən mürəkkəb tarixi faktları, qanlı faciələri və udi xalqının mədəni irsini olduqca sadə, axıcı və oxunaqlı bir üslubda təqdim edib. Kitabı əlimdən yerə qoya bilmirəm, çünki hər bir cümlə məni tarixin dərinliklərinə aparır və bu qədim xalqın taleyinə şərik edir.
Qafqaz Albaniyasının qədim tarixi sakinləri, bu torpağın əzəli və əbədi sahibləri olan Udilər Azərbaycanın etnik xəritəsinin ən qədim və köklü tayfalarındandır. Əsrin dərinliklərinə boylandıqca görürük ki, Udilərin mənəvi keçmişində təkcə xristianlıq deyil, həm də bu torpaqların qədim inancı olan Atəşpərəstliyin (Zərdüştlüyün) silinməz izləri mövcuddur. Tarix boyu bu kiçik, lakin məğrur xalq bir neçə böyük imperiyanın qanlı işğallarına, assimilyasiya siyasətinə məruz qalsa da, öz milli kimliyini, ana dilini, adət-ənənələrini və daxili inancını göz bəbəyi kimi qoruyub saxlamağı bacarmışdır. Alban kilsəsinin ayrılmaz və ən mühüm tərkib hissəsi olan Udi kilsələri, bu gün bəşər sivilizasiyasında xristian dünyasının ən qədim ibadətgahlarından biri kimi qəbul olunur. Bu abidələr keçmişdən gələcəyə uzanan daşlaşmış bir yaddaş bəyannaməsidir.

Pünhan Şükür bu tarixi fonun içərisində oxucuya sadəcə faktlar təqdim etmir, o, insan talelərinin dili ilə danışır. Müəllif əsərdə yaratdığı Komrat (Comərd) obrazı vasitəsilə təkcə mənsub olduğu Udi xalqının xarakterik cizgilərini deyil, ümumən saf yaşam tərzi, mərdliyi və daxili bütövlüyü ilə seçilən bir insanın mükəmməl portretini çəkir. Comərdin qəlbi ləzgi qızı Əsmərin sevgisi ilə döyünür. Lakin bu ülvi məhəbbətin qarşısında dövrün və cəmiyyətin amansız dini divarları ucalır. Kilsə rahiblərinin katolik və ya ciddi dini fərqliliklər zəminində qarşıya qoyduğu sərt şərtlər, bu iki gəncin rəsmi şəkildə ailə qurmasına mane olur. İnamla sevgi arasında qalan insan dramı əsərin bədii təsir gücünü daha da artırır. Maraqlıdır ki, müəllif bu maneələrə rəğmən, xalqların daxili qohumluq və humanizm tellərini də ustalıqla qabardır; oxucu öyrənir ki, artıq Komratın bacısı Asya ilə Əsmərin qardaşı Süleyman evlidir. Bu detal, süni şəkildə yaradılan dini və etnik sədlərin saf insan münasibətləri qarşısında necə aciz qaldığını göstərən incə bir mesajdır.
Əsərin ən təsirli və kulminasiya nöqtələrindən biri “İlk ziyarət” bölümüdür. Bu hissədə Azərbaycan Alban-Udi xristian dini icması rəhbərinin olduqca cəsarətli və məntiqli nitqi oxucunun diqqətini cəlb edir. Bu nitq, əslində, saxta və qondarma tarix uydurmaqla məşğul olan, XIII əsrə aid abidəmiz — Alban-Udi mədəniyyətinin incisi olan Xudavəng Monastır kompleksini özününküləşdirməyə çalışan bədnam erməni tarixçilərinə və siyasətçilərinə qarşı ucaldılmış haqq səsidir. Kitab sübut edir ki, zaman dəyişsə də, tarixi həqiqət dəyişmir. Qəbələnin Nic kəndindəki müqəddəs Məryəm Ana kilsəsində, Oğuz rayonundakı Yelisey, Şəkinin Kiş və Zaqatalanın Armatay kəndlərində olduğu kimi, Xudavəng məbəd kompleksində də Udilərə məxsus qədim dini bayramların və ayinlərin keçirilməsi bu gün də eyni coşqu ilə davam edir. Bu varislik, abidələrin həqiqi sahibinin kim olduğunu dünyaya hayqıran ən böyük sübutdur.
Bu dəyərli araşdırma və bədii əsər münasibətilə qələm dostum Pünhan Şükürü ürəkdən təbrik edirəm. Qafqazın və doğma Azərbaycanımızın qədim yaddaşını yaşadan, tarixin qaranlıq qalmış səhifələrinə işıq tutan “Xudavəng əfsanəsi” povesti oxucusuna sadəcə keçmişi tanıtmır, həm də milli varlığımıza və multikultural dəyərlərimizə olan bağlılığımızı gücləndirir. Müəllifə bu çətin və şərəfli yaradıcılıq yolunda yeni-yeni uğurlar, tükənməz ilham və uca sənət zirvələri arzulayıram. İnanıram ki, oxucusunu ovsunlayan bu kitab geniş kütlələrin stolüstü əsərinə çevriləcək və tariximizin haqq səsini gələcək nəsillərə uğurla çatdıracaqdır. Qələminiz hər zaman iti, sözünüz kəsərli olsun.

Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü

Sözün, ədalətin və elmin işığında yaşayan ömür
Fəxri hüquq doktoru Arif Nəcəfbəylinin xatirəsinə
Bəzi insanlar həyatdan köçəndən sonra da getmirlər. Onlar yazdıqları ilə, gördükləri işlərlə, öyrətdikləri ilə, ən başlıcası isə insanların yaddaşında yaratdıqları izlə yaşamaqda davam edirlər. Belə insanların ömrünü yalnız doğum və vəfat tarixləri arasında qalan illərlə ölçmək mümkün deyil. Onların həqiqi ömrü xatirələrdə, əsərlərdə, yetişdirdikləri insanlarda davam edir.
Arif Nəcəfbəylinin ömür yoluna nəzər salanda belə bir mənzərə yaranır. O, hüquqşünas və vəkil kimi öz peşəsinə sədaqətlə xidmət etmiş, hüquqi düşüncəsini yazıları ilə ifadə etmiş, ədəbiyyata və elmə xüsusi münasibət bəsləmiş, insanlarla ünsiyyətdə isə səmimiyyəti,və sadəliyi ilə seçilmişdir.
Onun şəxsiyyətində hüquqşünasın prinsipiallığı ilə ziyalının həssaslığı, söz adamının duyğusu ilə həyatsevər insanın nikbinliyi bir araya gəlirdi.
Vəkil olmaqdan daha böyük bir məsuliyyət
Vəkillik sadəcə bir peşə deyil. Bu sənət insan taleləri ilə işləməyi, haqqı müdafiə etməyi, bəzən ümidsizliyin içində qalan insana dayaq olmağı tələb edir. Bunun üçün yalnız hüquqi bilik kifayət etmir. Vicdan, prinsipiallıq, səbir və insanı anlamaq bacarığı da lazımdır.
Arif Nəcəfbəyli bu peşənin məsuliyyətini dərindən dərk edən hüquqşünaslardan idi. Hüququn aliliyinə, ədalət prinsipinə və insan hüquqlarına münasibəti onun peşə fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur.
O, hüquqi məsələlərə yalnız qanun maddələrinin çərçivəsində baxmırdı. Qanunun arxasında insan taleyinin dayandığını anlayırdı. Bəlkə də , məhz buna görə onun vəkillik fəaliyyəti ilə yanaşı, hüquqi mövzulara dair yazıları da xüsusi əhəmiyyət daşıyır.
“Vəkilin qeydləri” – peşə yolunun yazıya çevrilmiş yaddaşı
Məhkəmədə icraçı, Sumqayıt şəhər Komitəsində inzibati orqanlar üzrə təlimatçı, Naxçıvan Muxtar Respublikasında Culfa rayon Məhkəməsinin sədri, vəkillik fəaliyyəti kimi vəzifələrdə çalışıb.
1996-1998-ci illərdə İstanbulda olarkən Vəkillik sahəsində biliyinə görə ona Vəkilin Məhkəmədə geyim forması və döş nişanı təqdim olunub.
O, Azərbaycan Respublikası Rəyasət Heyətinin 16 may 1996-cı il tarixli qərarı ilə “Fəxri hüquq doktoru”, bir qədər sonra “Əmək veteranı” adlarına layiq görülüb.
A.Nəcəfbəylinin “Xatirələr işığında” kitabından müxtəlif qəzetlərdə dərc edilən yazılar maraqla oxunur.
Arif Nəcəfbəylinin yaradıcılıq irsindən danışarkən “Vəkilin qeydləri” kitabını xüsusi qeyd etmək lazımdır.
Kitabın adı özü çox şey deyir. “Qeyd” bəzən, sadəcə , bir fikrin kağıza köçürülməsi kimi görünür. Amma vəkilin qeydləri adi qeydlər deyil. Onların arxasında illərin təcrübəsi, müşahidələri, insan taleləri, hüquqi düşüncələr və həyatın müxtəlif üzləri dayanır.
“Vəkilin qeydləri”ni bu mənada bir hüquqşünasın peşə yaddaşı kimi dəyərləndirmək olar. Burada hüquq yalnız nəzəri anlayış deyil, həyatın içində yaşayan, insan talelərinə toxunan bir gerçəklikdir.
Arif Nəcəfbəylinin hüquqşünas kimi əsas üstünlüklərindən biri də hüquqi düşüncə ilə həyat təcrübəsini birləşdirməsi idi. O, hüquqa yalnız maddələr və normalar toplusu kimi baxmır, onun insan və cəmiyyət üçün mənasını önə çəkirdi.
Bu baxımdan “Vəkilin qeydləri” yalnız hüquqşünaslar üçün deyil, hüququn insan həyatındakı yerini anlamaq istəyən oxucu üçün də maraqlı bir irsdir.
Qələmi də hüquqa xidmət edirdi
Arif Nəcəfbəyli yalnız məhkəmə zallarında danışan vəkil deyildi. O, qələmi ilə də hüquqi düşüncəyə xidmət edirdi.
Hüquqi və elmi-publisistik mövzulara müraciət etməsi onun daim düşünən, araşdıran və öyrənən bir ziyalı olduğunu göstərirdi. Yazılarında hüququn müxtəlif məsələlərinə, qanunvericiliyin tətbiqinə, vəkil peşəsinin məsuliyyətinə və hüquqi mədəniyyətin əhəmiyyətinə toxunurdu.
Onun üçün bilik heç vaxt tamamlanmış bir mərhələ deyildi. Öyrənmək, araşdırmaq, düşünmək və bildiklərini bölüşmək həyatının mühüm prinsiplərindən idi.
Bəlkə də , elə buna görə elmə və elm adamlarına xüsusi hörmətlə yanaşırdı. Elm öyrənən insanlara münasibətində bunu aydın görmək mümkün idi. O, biliyi insanın öz üzərində qurduğu ən böyük mənəvi sərvətlərdən biri hesab edirdi.
Mənim Arif dayım…
Arif Nəcəfbəyli haqqında yazarkən onu yalnız hüquqşünas kimi təqdim etmək mənim üçün kifayət deyil. Çünki mənim yaddaşımda o, hər şeydən əvvəl Arif dayımdır.
Xatırlayıram ki, mən 7–8-ci sinifdə oxuyarkən bizə gələndə müxtəlif mövzularda inşa yazmağı tapşırardı. O gedənədək mən də verilən mövzu haqqında düşünərək yazı hazırlayardım. Sonda yazdıqlarımı yoxlayar, münasibətini bildirərdi.
O zaman bunun mənasını indiki kimi dərindən düşünmürdüm. İndi isə anlayıram ki, onun bu davranışı ,sadəcə ,mənə inşa yazdırmaq deyildi. O, mənə düşünməyi, fikrimi yazılı ifadə etməyi, sözə diqqətlə yanaşmağı öyrədirdi.
Bəlkə də , onun içindəki ziyalı müəllim kimi də özünü göstərirdi.Onun universitet auditoriyasında həyata hazırladığı nə qədər tələbəsi var idi.
Bir uşağın yazdığı inşanı oxumaq, onun fikrinə münasibət bildirmək, səhvini göstərmək, yaxşı cəhətini qiymətləndirmək – bunların hamısında insana və onun inkişafına verilən dəyər vardı.
İllər keçəndən sonra həmin kiçik epizodların əslində böyük bir tərbiyə məktəbi olduğunu daha yaxşı anlayırsan.İnanıram ki , filologiya üzrə fəlsəfə doktoru adını qazanmağımda, 20 il Azərbaycan dili dərsliklərinin müəllifi kimi tanınmağımda o böyük insanın rolu danılmazdır.
Heç təsadüfi deyil ki , çap olunan monoqrafiyamın əvvəlində əsəri təhsilim üçün əziyyəti olan anama və dayıma həsr etdiyimi qeyd etmişəm.
Ədəbiyyat onun başqa dünyası idi
Arif dayım ədəbiyyatı çox gözəl bilirdi. Sözə, şeirə, klassik irsə xüsusi marağı vardı. Qəzəllər yazırdı.
Hüquqşünasın qələmindən qəzəl çıxması ilk baxışda iki ayrı dünyanın – hüququn və poeziyanın bir araya gəlməsi kimi görünə bilər. Əslində isə , bu iki dünyanın ortaq nöqtəsi var: söz.
Hüquqşünas üçün söz məsuliyyətdir , şair üçün isə söz duyğudur. Arif Nəcəfbəylinin şəxsiyyətində bu iki münasibət bir-birini tamamlayırdı.
O, hüququn dəqiq dilini bildiyi kimi, ədəbiyyatın incə dilini də sevirdi. Bəlkə də , buna görə söhbətlərində yalnız hüquqdan deyil, ədəbiyyatdan, həyatdan, insanlardan danışmaq mümkün idi.
Hüquqşünas obrazı çox vaxt insanların gözündə ciddi, rəsmi, hətta bir qədər məsafəli görünür. Amma onun xarakterində bu ciddiyyət həyatsevərliklə tamamlanırdı.
O, zarafatı sevirdi, insanlarla rahat ünsiyyət qururdu, səmimi münasibət yaradırdı. Onunla bağlı xatirələrdə yalnız vəkil, hüquqşünas və müəllif obrazının deyil, gülərüz, ünsiyyətcil və xoş söhbətli insanın da qalması təsadüfi deyil.
Bəlkə də , insanı yaddaşlarda yaşadan ən böyük xüsusiyyətlərdən biri məhz budur – onun yanında özünü necə hiss etdiyin.
Arif Nəcəfbəylinin ədəbiyyata sevgisi hələ məktəb illərindən özünü göstərirdi. Universitetin hüquq fakültəsinə qəbul imtahanında ona “Leyli və Məcnun” poeması ilə bağlı sual düşür. Müəllim poemadan bir parça söyləməsini istəyir. Arif Nəcəfbəyli isə soruşur: “Hansı hissəsindən?” Müəllim hissələrin adını dedikcə, o, həmin parçaları əzbər söyləyir. Abituriyentin, demək olar ki, bütün poemanı əzbər bilməsi müəllimi heyrətə salır. Bu qeyri-adi bilik universitet rəhbərliyinin də diqqətini çəkir və sonradan Arif Nəcəfbəylinin oxuduğu məktəbə və valideynlərinə təşəkkür məktubu göndərilir. Bu hadisə onun ədəbiyyata sonsuz sevgisinin və zəngin mütaliəsinin yaddaqalan nümunələrindən biri idi.
Elm sevgisi ailə ənənəsinə çevriləndə
Arif Nəcəfbəylinin elmə münasibəti onun xarakterinin mühüm cəhətlərindən biri idi. Elm öyrənən insanlara böyük hörmətlə yanaşırdı. Bilik axtarışını, öyrənməyi və özünü inkişaf etdirməyi yüksək qiymətləndirirdi.
Bu mənəvi dəyərin ailədə də öz davamını tapması xüsusilə diqqətçəkəndir. Onun qızı Leylanın da elm yolunu seçməsi , ali məktəbdə müəllim kimi fəaliyyəti təsadüfi görünmür. İnsan övladına yalnız sözlə deyil, öz həyat nümunəsi ilə də təsir edir. Elmə hörmət edən, kitaba və biliyə dəyər verən bir atanın övladının da elm yolunu seçməsi həmin mənəvi mirasın davamıdır. Bəzən valideynin övladına verdiyi ən böyük sərvət nə ev, nə də maddi imkan olur. Ən böyük miras düşüncə tərzidir – kitaba sevgi, elmə hörmət, zəhmətə inam və daim öyrənmək arzusu.
Arif Nəcəfbəylinin ailəsinə qoyduğu mənəvi mirasın mühüm hissəsi də məhz budur.
İnsan gedir, izi qalır
İllər keçir. İnsanlar dəyişir. Zaman öz axarı ilə davam edir. Amma bəzi adlar yaddaşdan silinmir.Arif Nəcəfbəyli də belə insanlardandır.
Onu hüquqşünas kimi tanıyanlar onun peşəkarlığını, kitabını oxuyanlar düşüncələrini, məqalələri ilə tanış olanlar hüquqi baxışlarını, ailəsi və yaxınları isə səmimiyyətini, nikbinliyini və insanlara münasibətini xatırlayırlar.
Mən isə onu həm bütün bunlarla, həm də uşaqlıq illərimin yaddaşında qalan o sadə səhnə ilə xatırlayıram: mənə inşa mövzusu verən, sonra yazımı oxuyub fikrini bildirən Arif dayımı…
O vaxt ,bəlkə də , bilmirdim ki, bir gün həmin xatirə mənim üçün bu qədər qiymətli olacaq.
İndi düşünürəm ki, insanın böyüklüyü bəzən ən adi görünən davranışlarında üzə çıxır. Bir uşağın yazısını oxumaqda, onun fikrinə qiymət verməkdə, elm öyrənən insana hörmət etməkdə, ədəbiyyatı sevməkdə, sözə dəyər verməkdə…
Arif Nəcəfbəylinin ömrü hüquqla başladı, sözlə zənginləşdi, ədəbiyyat və elmlə genişləndi, insanlara münasibəti ilə mənəvi məna qazandı.Bu gün onun haqqında yazarkən bir daha anlayıram: insan ömrünün ən böyük davamı özündən sonra qoyduğu yaxşı addır.
Arif Nəcəfbəylinin adı da belə bir izlə yaşayır – hüquqa sədaqətin, sözə hörmətin, elmə ehtiramın və insana bağlılığın izi ilə.
Bəlkə də , ən gözəl xatirə budur: insanın arxasınca yalnız “yaxşı vəkil idi” deyil, “yaxşı insan idi” deyilməsi.
Arif dayım haqqında mənim yaddaşımda qalan ən böyük həqiqət də elə budur.
Filologiya üzrə fəlsəfə doktoru
Xanım Qasımova

TOMRİS ÖDÜLLÜ XANIMLAR
(Nəşr olunmuş yeni kitabimın təqdimatı)
Bu günlərdə nəşr olunmuş yeni kitabım əslində milli kimliklə ədəbiyyatın qovuşduğu bir mövzu ilə sıx bağlı olan, eyni halda həcm baxımından kiçik, məna baxımından isə böyük və möhtəşəm olan bir təqdimat kitabından ibarətdir…
Ümumi məlumatlar:
Kitabın adı: “Tomris ödüllü xanımlar” (Cəlilabad ədəbi mühitinin “Tomris” ödülünə layiq görülmüş altı tanınmış xanım nümayəndəsinin təqdimatı)
Müəllif: İlqar İsmayılzadə
Naşir: “Həməşəra” mətbu orqanı, Cəlilabad
Çap: “Qazi” Çap Mərkəzi
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60×90 1/16
Səhifə sayı: 56 səhifə.
Kitab barədə:
Son 15 il ərzində ədəbiyyat və türk milli kimliyi sahəsində layiqli fəaliyyət göstərən Turan Yazarlar Birliyinin başqanı, Turan sevdalısı, Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin başqanı, Turan Xalq şairi, “Turan Ödülü”, “Həməşəra” Fəxri Diplomu, “Məhəmməd Füzuli” Fəxri Ödülü, “Ustad Niftalı Göyçəli” Ödülü, “Ziyadar” Mükafatı və “Əsrin yazarı” medalı laureatı, ədəbiyyatşünas, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəli (Niftalı Dədə) tərəfindən təsis edilmiş və xanımlara aid olan “Tomris” fəxri ödülü bu il Cəlilabad ədəbi mühitində yazıb-yaradan 6 tanınmış və istedadlı xanıma təqdim edilmişdir. Onlar aşağıdakılardan ibarətdir:
Diləklər:
Bu təqdimat kitabının Türk dünyasının ilk xanım hökmdarı olmuş Tomris xatunun, eyni halda ədəbi mühitimizdə öz istedadı və xüsusi bacarığı ilə yanaşı, həyatda öz qətiyyəti, haqsevərliyi, yüksək mədəniyyəti və səmimiyyəti ilə tanınan və xüsusi hörmətə layiq görülən dəyərlilərimiz: Ustad Şəhla xanım Rəvan, Hicran xanım Fuad Əhmədli, Sevinc xanım Şirvanlı, Pərvanə xanım İsgəndərqızı, Atlaz xanım Rzayi və Aydan xanım Nizamiqızının oxuculara və xüsusilə də ədəbiyyatsevərlər və gənc nəsilə daha yaxından tanıtdırılması, eyni halda adları ilə birgə həm də TYB tərəfindən layiq görüldükləri “Tomris” ödülünün əbədiləşdirilməsinə layiqli xidmət göstərəcəyini arzulayıram!
Təşəkkür və minnətdarlıq!
Kitabın nəşrində dəstəyi olmuş dəyərli insanlara, həmçinin, onun çapında xüsusi səmimiyyət və peşəkarlıq göstərmiş “Qazi” Çap Mərkəzinin direktoru Yasər müəllim İsmayılova və Çap Mərkəzinin əməkdaşı Nurəddin müəllim Hüseynova dərin təşəkkürümü bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür diləyirəm!
02.09.2026
İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

65-İN QƏTLİ
Tortun üstündəki 65 rəqəmi məni çaşdırdı.
Bir müddət ona baxdım. Elə bil rəqəm deyildi. İki nəfər yan-yana dayanmışdı — altı və beş. Məni tanıyırdılar, mən isə onları yox.
Eynən yuxu kimi… İstədim soruşum:
— Kimin ad günüdür?
Qızımın səsinə ayıldım:
— Ata, tortu kəs.
Əlimi bıçağa uzatdım.
O anda otaqdakı səslər qəribə şəkildə kəsildi. Gülüşlər uzaqlaşdı. Qaşıqlar susdu. Şamların alovu belə tərpənmədən mənə baxmağa başladı.
Bir anlıq özümü ad günü süfrəsinin arxasında yox, hadisə yerində hiss etdim.
Qurban qarşımda idi.
65.
Heç müqavimət göstərmirdi.
Əvvəl bıçağı 6-nın ortasından keçirdim.
Krem iki yana yayıldı.
Sonra 5-i yortdum.
Bir dəfə.
Bir də, bir də…
Sonra daha xırda hissələrə böldüm.
65-i doğram-doğram elədim.
Bıçağın üstü kremə bulaşmışdı. Qırmızı mürəbbə kənara axırdı. Süfrənin ağ örtüyünün üstünə bir damcı düşəndə mənə qan kimi göründü.
Qızım dedi:
— Ata, bu tikəni mənə ver.
Mən isə donub qalmışdım.
Ortada artıq 65 yox idi.
Boşqabların içində onun parçaları vardı.
Birinə altı düşmüşdü.
Birinə beşin yarısı.
Birinin üstündə rəqəmdən yalnız balaca ağ krem izi qalmışdı.
Düşündüm:
İndi sübutları da yeyəcəklər.
Hamı sakitcə cinayət yerini tərk edirdi.
Kimsə çay içirdi.
Kimsə tortun çox dadlı olduğunu deyirdi.
Kimsə ikinci tikəni istəyirdi.
Mən isə əlimdə bıçaq dayanmışdım.
Elə həmin anda qapı açıldı.
Heç kim içəri girmədi.
Amma mən özümü məhkəmə zalında hiss edirdim.
Müttəhimlər kürsüsündə oturmuşdum.
Hakim yox idi.
Onun yerində böyük bir saat asılmışdı.
Saniyə əqrəbi hər dəfə tərpənəndə zalda çəkic səsi eşidilirdi.
Tak.
Tak.
Tak.
Prokuror qarşıma yeridi.
Üzü yox idi.
Onun sifətinin yerində köhnə şəkillərim vardı.
Soruşdu:
— 65-i niyə öldürdünüz?
Dedim:
— Mən öldürmədim. Tort idi.
— Onda niyə parçaladınız?
Cavab vermədim.
Prokuror masanın üstünə bir-bir sübutlar düzməyə başladı.
Uşaqlığım.
İlk məktəb çantam.
Atamın səsi.
Anamın əlləri.
Bir zamanlar sevdiyim qadının gözləri.
Getmək istəyib getmədiyim yerlər.
Deyə bilmədiyim sözlər.
Gecikdirdiyim görüşlər.
“Sabah edərəm” dediyim bütün sabahlar.
Sonra məndən soruşdu:
— Bunları da siz doğramısınız?
— Yox.
— Bəs kim?
Başımı qaldırıb divardakı saata baxdım.
Saat günahsız adam kimi susurdu.
Onda başa düşdüm:
Mən 65-i öldürməmişdim.
Əslində məni hadisə yerinə 65 özü çağırmışdı.
Mən artıq bezdim bu və ayağa qalxdım:
— Cəzanı deyin, — dedim. — Görəsən neçə il verəcəksiniz?
Zal susdu.
Saatın saniyə əqrəbi bir dəfə də tərpəndi.
Tak.
Sonra haradansa bir səs gəldi:
— Heç kim bilmir.
— Beş il?
Sükut.
— On?
Sükut.
— İyirmi?
Yenə sükut.
— Bəlkə bir gün?
Bu dəfə saat da susdu.
Və mən ilk dəfə anladım ki, insanın aldığı ən qəribə hökm elə budur:
Cəzanın müddəti əvvəlcədən deyilmir.
Səni həyata buraxırlar.
Neçə il qalacağını demədən.
Qapı açıldı.
Mən yenidən evdə idim.
Hamı tort yeyirdi.
Bıçaq stolun üstündəydi.
Boşqabımda isə balaca bir tikə qalmışdı.
Üstündə kremdən yarımçıq bir rəqəm görünürdü.
Bilə bilmədim altı idi, yoxsa beş.
Çəngəli götürmədim.
Bir müddət ona baxdım.
Sonra düşündüm:
Bəlkə mən bu gün 65-i doğramadım.
Bəlkə ömrümü iki yerə böldüm:
yaşadığım ömür
və
hələ mənə verilməmiş ömür.
Birincisinin ifadəsi artıq alınıb.
İkincisi isə hələ istintaqdadır.
Mən müttəhiməm.
Mən şahidəm.
Mən zərərçəkənəm.
Bəlkə də hakim də özüməm.
Bir şeyi dəqiq bilirəm:
Bu gündən sonra hər səhər mənə verilən əlavə günə adi gün kimi baxmaq istəmirəm.
Çünki 65-in qətlindən sonra əsas sual artıq
“Mənə neçə il verəcəklər?”

Müəllif: Sehran Allahverdi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.
Müəllif: Zaur USTAC
I>>>> Rənglərin Şahzadəsi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

BİRDƏFƏLİK ÖLÜM
(hekayə)
Uşaqlıqda ölməkdən qorxardım. Əslində ölməkdən çox dəfn olunmaq qorxusu vardı canımda. Ona görə də arzu eləyirdim – ölsəm birdəfəlik ölüm.
Ölüb-dirilən adamlar haqqında nağıllarda çox oxumuşdum…
Düzdü, öləndən sonra dirilmək yaxşı şey olsa da, adamlar ölüb-dirilənlərə, lap elə paxıllıqdan “xortdan” deyirdilər. Xortdan olmaq qorxusundan mən də birdəfəlik ölüm arzulayırdım özümə.
Amma dəfn… məndən ötrü əsl əzab idi.
Uzaq qohumlarımdan biri sətəlcəmdən ölmüşdü. İslam adətiylə həmin günü də aparıb qoy-muşdular qəbir evinə. Gecə böyük qardaşı yuxu görür. Ölü ağlaya-ağlaya deyir:
–Niyə mənə işıqlı dünyadan elədin, qardaş?!
Səhər yuxudan oyanan kimi beş-altı nəfərlə gedib qəbri açırlar. Kəfənin baş tərəfini qan içində görüb, böyük qardaş içini çəkə-çəkə ağlayır:
–Yazıq ölməyibmiş, demə! Burnundan qan açı-
lıb… dirilibmiş.
Eşitdiyimə görə, xristianlar dəfn məsələsində biz müsəlmanlardan daha uzaqgörəndi. Hətta ölüyə bir neçə gün dirilərlə ünsiyyət sükutu da verirlər. Sonra da aparıb tabutda dəfn eləyirlər. Bu da Əzrayılın əlindən canını qurtara bilənə işıqlı dünyaya çıxmaq imkanı deməkdir.
Müsəlman isə…
Qəbri qazırlar, ləhəd deyilən dar yer açırlar dibində. Mərhumu da sağ çiyni üstə qoyurlar ləhədə. Üstünə çəkil ağacından kəsdikləri qısa ağacları düzürlər, qamış döşəyirlər, yarım ton da torpaq… get… yaşa!
Bundan sonra ayıl, görüm, kimdən ötrü ayılırsan!
Bax, uşaqlıqda məni qorxuya salan da həmin bu ləhəd idi. Gecələr ölüb torpağın altına qoyulacağımı gözümün qabağına gətirəndə az qalırdı ürəyim partlasın. Tez yorğanı çəkirdim başıma.
Amma indi dəfn olunmaqdan, ləhəddən-məhəddən zərrə qədər də qorxmuram.
İndi mən… ölməkdən qorxuram!
Yolu yumrulansın Əzrayılın!
09-11.08.2026
Müəllif: Qəşəm İsabəyli,
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında