Kateqoriya arxivləri: www.USTAC.az

CƏVAHİR TANRIVERDİ – ŞEİRLƏR

Cəvahir Tanrıverdi – şair, pedaqoq.

SÖZ İNCİSİ – LƏL-CƏVAHİRAT

QAZAXDADIR

Yenə ayaq basam o doğma elə,
Könlümü titrədən söz Qazaxdadır.
Xəyalım toxunur torpağa, yerə,
O isti ocağın, döz, Qazaxdadır.

Ürəyin qocalmaz bu yerdə sənin,
Sazın sədaları öldürər qəmi.
Şeirə çevrilər gözünün nəmi,
Sözü alışdıran köz Qazaxdadır.

Tarixin türk yurdu, qıpçaqlar eli,
Tarixdən söz salar Damcılı yeri.
Könül ülfətindən yaranan şeir,
Qələmin çəkdiyi naz Qazaxdadır.

Elmin yolu haqdır bu yerlər üçün,
Cehizi təhsildir köçən gəlinçün.
Tanrı ilham verib bu ellər üçün,
Hər sözə qafiyə söz Qazaxdadır.
Aprel, 2019.

* * *

BU TORPAQ SƏNİNDİR!

Bu torpaq sənindir, burda babanın
Zəhmətlə tökdüyü alın təri var.
Burda şir ürəkli nər oğulların
Şanlı döyüşlərdə axan qanı var.

Bu torpaq sənindir, burda ananın
Laylasından doğan həyat ritmi var.
Süfrəyə qoyduğu nazı-neməti,
İsti çörəyinin sevgi ətri var.

Bu torpaq sənindir, burda övladın
Daşı daş üstünə qoymağı gərək.
Babalarımızdan qalan mirası
Göz bəbəyi kimi qorumaq gərək.

Torpaq qürurundur, torpaq mənliyin,
Namusun, qeyrətin, heysiyyətindir.
Başını dik saxla, fəxrlə söylə:
“Bu torpaq mənimdir, bu el mənimdir!”

* * *

ÜÇRƏNGLİ BAYRAĞIM, ZƏFƏR BİZİMDİR!

Üçrəngli bayrağım, zəfər bizimdir!
Dalğalan, bələnsin dünya rənginə.
Hər ocaq başında yer alıb bu gün
Vətəni salmısan öz ahənginə.

Ey qürur mənbəyim, ey uca bayraq,
Qarabağ yolunu gözləyir sənin.
Dalğalandıqca sən yad gözü qorxar,
Bu torpaq zəfərlə süsləyir səni.

Xəzərdən Şuşaya, Kəlbəcərədək
Bu vətən bayraqdan bir don geyinsin.
Səndəki ulduzdan, Aydan nur alıb
Göydəki Ay , ulduz nura bələnsin.

Səni sancmaq üçün bu gün Şuşada
Ərənlər döyüşdə yarışa girib.
Dalğalan, dalğalan sən Qarabağda!
Sevin, ulu torpaq, bayrağın gəlir.

Gör necə bayrağı basıb köksünə
Bir körpə uşaq da qəlbinə sıxıb.
Bir həkim, müəllim şanlı əsgər tək
Bayrağı fərəhlə göyə qaldırıb.

Bayraq dalğalanır, qanadlanırıq
Yaşıl çəmənindən mavi səmaya.
Döyünən ürəkdir bayraqda al rəng,
Köksündə yer açıb ulduza, Aya.

Bu xalqın nəfəsi yaşadar səni,
Qırılmaz əzmlə ucalan bayraq!
Yaşa, bu torpağın köksündə yaşa,
Üstünə kimliyim yazılan bayraq!

Ey uca bayrağım, Qarabağda dur,
Qoy kölgən Xəzərin üstünə düşsün.
Sənin əzəmətin, sənin vüqarın
Bütün yer üzündə aydın görünsün!

Bayrağım, torpağım- and yerim mənim,
Şərəflə, fərəhlə yaşa hər zaman!
Bayrağın köksündə vuran ürəyim,
Şanım-şöhrətimsən, Can Azərbaycan!
2 oktyabr, 2020.

* * *

ADIN – TURAN

-Ey türk qızı, adın nədir,

Türk soyunun gözəli?

-Ey türk oğlu, adın nədir,

İgidliyin əzəli?

Eşidirsən diləyatmaz,

qəlbəyatmaz ad bəzən.

Avropasayağı sözlə övladına ad bəzə.

İzabella qoyur ana ad qızına filmdən,

Bir atanın diləuymaz ad səslənir dilindən.

Nə mənşəyi məlum olur,

Nə mənasın qanırsan.

Ey türk, söylə,

Adın nədir? Sən belə adlanırsan?

Mənsə susub dayanıram,

İçimdən hayqırır səs:

Ey türk qızı, sənin adın –

Bəy qadını Bəyimdir.

Sənin adın baxışından, duruşundan

Xanımlığı sezilən

Xan qadını Xanımdır,

Sənin adın Xatındır.

Sənin adın zəriflikdir, incəlikdir – İncidir.

Məğrurluğun, gözəlliyin,

Dəyanətin incidir.

Sənin adın Sevil, Sevinc,

Nurlandıran Şəfəqdir.

Səslənəndə güllər açıb göz oxşayan Çiçəkdir.

Sənin adın Burlaxatun,

Sənin adın Ayxatun.

Bu dünyaya həyat verən

Sənin Turan adındır.

Sənin adın türkçülüyün,

Yaddaşındır, yadındır.

Ey türk oğlu,

Böyük bəysən –

Sən qəhrəman Babəksən.

Sən igidsən, sən qorxmazsan,

Alp ərənsən – Alpərsən.

Sənin adın böyük qurddur –

Yol göstərən Aqşindir.

Qüdrətilə el içində

Ad qazanan Elçindir.

Qədim türkün yurd saldığı

Turan eli – Elturan.

Bir dünya yaranışıdır

Sənin adında duran.

Sən bu yurdun o tayında, bu tayında yanansan.

İki könül arzusunu birləşdirən Arazsan.

Rusun, farsın söz aldığı

Bir kitabdır türk dili.

Adından da, dadından da

Bəhrələnib yaddelli.

Rusların “geroy” dediyi

Sənin Gəray adındır.

Övladına ad qoyduğu Teymur –

Sənin adındır.

Sənin adında səslənir necə böyük mənalar :

Dəmir kimi möhkəmliyin,

Şahin tək ucalığın,

Dəniz kimi coşğunluğun,

Qoç kimi qoçaqlığın.

Aliliyin, məğrurluğun

Müdrikliyə yol alan

Sənin aqil düşüncəndir

Yüksəklən qocalığın.

Türkün sözündən qor alıb

Dünyanın söz ocağı.

Sevgi dolu beşik olub

Ulu türkün qucağı.

Adına dön, oduna dön,

Bozqurda dön, türk oğlu.

Ruhunda salınsın gərək

Şanlı ulu türk yolu.

Müəllif: Cəvahir TANRIVERDİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

“YAZARLAR” JURNALI PDF:

“YAZARLAR” JURNALININ BÜTÜN SAYLARI BURADA PDF:

Salam olsun! Siz bu yazını oxuduğunuz zaman indiyə qədər çap olunmuş “Yazarlar” jurnalının istənilən nömrəsini sifariş etməklə əldə edə bilərsiniz. Əlaqə vasitələri:

Mob (WhatsApp): 070-390-39-93
Mob: 070-500-63-36 WhatsApp: 070-356-71-26

Eyni zamanda yazılarınızı dərc olunmaq üçün “Yazarlar” jurnalına göndərə bilərsiniz. Əlaqə vasitələri:

E-mail: zauryazar@mail.ru və ya Mob (WhatsApp): 070-390-39-93

YAZARLAR.AZ

===============================================

“YAZARLAR” JURNALININ BÜTÜN SAYLARI BURADA PDF:

2021:

EHTİYAT VARİANT>>>>“YAZARLAR” JURNALI PDF

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vətəni Məcnuntək sevən Oğulların Leylalarına… – Xəyalə Zərrabqızı

Azər – Songülün Qəhrəmanı

Vətəni Məcnuntək sevən Oğulların Leylalarına…

… Azərin Songülünə…

Ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, qanıyla Tarix yazan, adını tarixə çevirən 26 yaşlı Vətən müharibəsi qəhrəmanı şəhid Azər Nazim oğlu Yusiflinin yarımçıq ömrünün yarısını həsr etdiyi dillərə dastan olan sevgisinə Elegiya…

 “Bir gün Süleyman peyğəmbər yol gedərkən belində torpaq daşıyan bir qarışqaya rast gəlir. Torpağı hara daşıdığını soruşur qarışqadan… Qarışqa cavab verir: mən birinin eşqinə tutulmuşam. O mənə deyir ki, əgər sevgində doğrusansa, onda bu təpənin torpağını qarşıdakı təpəyə daşı. Süleyman peyğəmbər gülür: Axı, sənin ömrün yetməz bir təpənin torpağını o birinə daşıyasan. Təpəni yerindən eləməyə bir qarışqa ömrü bəs eləməz. Qarışqa cavab verir: Bilirəm, ömrüm yetməz. Amma onu da bilirəm ki, ömrüm bir eşqin cəfasını çəkməkdə keçəcək.”

Nə qutsal bir eşq… Nə fədakar bir ömür, İlahi… Bütün ömrünü bir eşqin cəfasına həsr etmək… Bunun adı nə sevgi, nə də fədakarlıq deyil. Bu duyğuların adı yoxdu dilimizdə… Bir ömrün buna yetməyəcəyini bilə – bilə ağır olduğu qədər də müqəddəs yükü daşımaq… və sevgisinə, sevdiyinə ilahi sədaqət… İzaholunmaz bağlılıqdı… Mənim qəhrəmanlarım – Azərlə Songülün yaşadığı ilahi məhəbbət, bağlılıq kimi…

Azər… Yusifli Azər Nazim oğlu… Vətən Müharibəsi Qəhrəmanı…

Azər – ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, son damla qanına kimi düşmən hücumuna mərdliklə sinə gərən, qanıyla tarix yazan, adını tarixə yazan, azad etdiyi 26 ərazidə şanlı Azərbaycan bayrağını ucaldan 26 yaşlı Cəsur Qəhrəman…

Azər – Songülün Qəhrəmanı… Ona həyatının bütün ilklərini yaşadan Böyük Sevginin Adı…

Azər – toy mağarı qurulmamış, xonçası bəzənməmiş, şaxı qalxmamış, xınası islanmamış, sevdalısı gözü yaşlı, arzuları yarı yolda, taleyi yarımçıq qalmış, Vətənin azadlığını bütün arzularından uca tutan, şəhadətiylə ürəklərdə Ucalan Qəhrəman…

Azər –  yarımçıq ömrünün tən yarısını  həsr etdiyi böyük sevgisini Vətən boyda ürəyində özüylə əbədiyyətə aparan Azadlıq sevdalı Şəhid…

Bu dünyaya gələn hər bir insanın son mənzili olur. İnsanların yaşamına, ömür yoluna nəzər saldıqca bəzən adama elə gəlir ki, sanki hamı bir-birinin yaşamını təkrarlayır… Amma Azər Yusifli  gənc yaşında bənzərsiz bir ömür yaşadı və mən düşünürəm ki, onun ömrü bu məmləkətdə nəsil-nəsil insanlardan ötrü bir örnək, əvəzsiz bir nümunə olacaq – namus, qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi…

Bu dünyada insanlar bir-birinə oxşadığı kimi talelər, sevgilər də bəzən bir – birinə bənzəyir. Amma Azərlə Songülün bağlılığı heç kimi təkrarlamayan bir bərabərlik, bir ilahi sevgiydi,  ki, elə sonu da bənzərsiz oldu…

Nakam ömrü bənzərsiz olan Azərin taleyi, o böyük ürəyində daşıdığı ülvi sevgisi də bənzərsizliyi ilə ürəklərdə iz saldı, ürəklərə Azərin yoxluğu böyüklükdə dağ oldu… Nişanlısı –  ömrün gənc çağında gül kimi açılmaq yerinə bənövşətək boynunu bükən Songül xanım  Azərin yoxluğuna hələ də heç cür inana bilmir. Yazır ki: “Azər! Sən “istiqamət Zəngilan, istiqamət Zəngilan” – deyərək gülə – gülə getdiyin Zəngilanın mən adını belə çəkə bilmirəm. Bilmirəm ki, gedə bilərəmmi o torpaqlara nə vaxtsa? Nə üçün gedərəm… Bəlkə də bir ümid aparar – Səni taparam deyə… Son nəfəsini verdiyin yerdə qoxlayam torpağı, arayam, axtaram Səni gözüm qanlı yaşlarla…” Songül xanımın Azərli xatirələrini hönkürtüsüz dinləmək, yazdığı gündəliyini sakit tonla oxumaq olmur. Qəhər bir tikə yavan çörək kimi boğazımda düyünləyir, udquna bilmirəm.

Vətən savaşının bitdiyi, Ermənistan tərəfin kapitulyasiyaya – təslimolma aktına əyilməyə məcbur olduğu gün, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı gün, Azərin – Azərlərin müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixdə Songül xanım Azərə yazır: “Bu gün Sənin qanınla yazdığın tarixdir, Azərim! Zəfərin mübarək! Sənin bəylik paltarın ucaltdığın bayrağın oldu… mənim borcum isə son nəfəsiməcən Sənin adına, sevginə – Sənin ucalığına layiq yaşamaq… Əgər bunun adı yaşamaqdırsa… Mən Sənin qəlbində getdim, Sən mənim qəlbimdə yaşayırsan. İndi ölən kimdi, yaşayan kimdi, Sevdiyim?! Əbədi həyatda qovuşacağıq, Azərim!”

Songülü dinlədikcə, gündəliyini oxuduqca  bir daha ürəkdən inanıram ki, bu Vətənin  bayrağını ucaldan Azər Yusifli kimi mərd, qeyrətli oğullardırsa, bu xalqın başını ucaldan İlhamın Fərizəsi, Mehdinin Mələyi, Azərin Songülü kimi qar kimi tərtəmiz, namuslu, ləyaqətli, şərəf mücəssəməsi olan, sevgisinə, Sevdiyinə son nəfəsinəcən sadiq qalan sədaqətli qızlarımızdır… Və bu xalqın hərb meydanında dünyaya meydan oxuyan Azərləri cəsarət, qeyrət məktəbidirsə, Songülləri əhdinə vəfa örnəyi, ülviyyət rəmzi,  sədaqət simvoludur. Belə övladlar yetirən xalqı heç nə məğlub edə bilməz…

Nakam eşqi, ayrılığı, lap elə bədbəxtliyin özünü də ünvanladığın Eşqin – aşiqinin xatirinə əzizləyib oxşamaq, Dərdi Alın yazısı kimi sinəyə çəkməyi bacarmaq da bir cür böyüklükdü.

Mən Səni Sənin özün qədər duyuram, hiss edirəm, anlayıram, Songülüm… Heç kəsi nigaran qoymamaq üçün o məsum çöhrənə qondurduğun təbəssümün altındakı üzündə özünə “qum şırımı” kimi iz açan kədəri, gözlərində gizlətdiyin nisgili, başını hər qaldırıb işıqlı dünyaya baxanda göylərə bülənd olan ahını… hamısını duyuram.

Əzabdı bu dünya başdan, binadan,

Yalandı baharın çiçəyi, gülü.

Sənin məzarının üstə gəlirəm,

Ürəyi qubarlı, boynu bükülü. 

Qaldıra bilmirəm kirpiklərimi,

Durub göy üzünə boylanım, baxım.

Bir zaman qartal tək uçardın orda,

İndi o səmaya ucalır ahım…

Mən Sənin təkcə Azərli xatirələrini, danışdıqlarını, gündəliyinə yazdıqlarını yox, yazmadıqlarını da “oxuyuram” – hiss edirəm…  Və hərdən mənə elə gəlirdi ki, bu cümlələrin arxasında “Ürəyimin içində diş ağrısı kimisən, Azər” deyə pıçıldayırsan…

Gedənlər özləri ilə bərabər hər şeyimizi apardı, Songül! –  ruhumuzu, üzümüzün gülüşünü, ağzımızın dadını… hər şeyimizi…

Ruhumuzu apardılar – hər şeyə dözən, səbir eliyən quruca canımız qaldı… Canımızı dişimizə tutub yaşamağı öyrəndik…

Üzümüzün gülüşünü apardılar – Guya ki güldük… yıxılmadığımızı, ayaqda olduğumuzu göstərmək üçün güldük… İçimiz ağlayırdı əslində…

Gözümüzün işığını apardılar – İşıqsız qaldıq. Qaranlıqda qoydular bizi, qaramatdan xilas olmağa səndələyə – səndələyə yol axtardıq…

Dilimizin sözünü apardılar – Bu boyda insan dənizinin içində ruhumuz tənhalaşdı, bir kəlmə kəsə bilmədik bir Allah bəndəsiylə… 

Hənirtimizi apardılar – canımıza titrətmə düşdü. Ağrı içimizdə ocaq qaladı, yandıq, külümüz çıxdı. Amma o ocağın isinmədik istisinə, kor olduq tüstüsünə…

Ağzımızın dadını apardılar – bu dünyanın aşını, daşını, şəkərini, zəhərini yedik, şirinin – acının, heç nəyin fərqini, dadını bilmədik.

 Biz səninlə hələ görüşməmişik. Səni görməmişəm, əllərinə toxunmamışam, Songül bacım! Amma o pak ruhunu, nisgilli ürəyinin içindəkiləri vərəq – vərəq oxumuşam. Və elə bir ilahi doğmalıq hiss etmişəm ki, görmədiyim gözlərindəki həsrəti, buz bağlamış əllərindəki həniri duymuşam. Elə məhrəm olmusan ki, içimə.

Bu dünyada tək canına bütöv bir sevgi yükünün altına çiyinlərini təslim etmək, bu yüklə sevməyi bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…

Bu dünyada təkbaşına Biz olmağı bacarmaq və o “Biz”i qorumaq – Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaq, Azəri ürəyində, ruhunda, sevgində yaşatmaq deməkdi…

Mən Sənin bu müqəddəsliyin, təmizliyin, paklığın, sədaqətin, nurlu üzün və böyük ürəyin qarşısında baş əyirəm,Songülüm!

Doğum günündü bu gün Sənin… Gündəliyində yazırsan ki, “Hər il 00:01-də aldığım təbriki bu il ala bilmədim. Mən Sənsiz qeyd etdiyim ad günlərimi xatırlamıram ki, Azər… Bu ad günün tam fərqli olacaq, – demişdin. Bu qədər fərqli olacağını düşünmürdüm. Şahdağa gedəcəyik, demişdin… Ordakı bütün qarlar, buzlar mənim ürəyimə doldu, sevdiyim… Telefon alacam sənə, demişdin… Telefon nəyimə lazım, mən bir ömür Sənin səsinə həsrət qaldım… Mən səndən sonra heç böyümədim… Mən də oktyabrın 21-də Səninlə getdim bu dünyadan, Sən cismən, mən isə ruhən yoxam bu həyatda… Səndən sonra nə yaşaya bildim, nə də ki ölə… Qaldığım arafın adını belə bilmirəm, Sevdiyim…” – Doğum günündə Sənin Azərə yazdığın bu cümlələr sətir-sətir iliklərimə qədər üşütdü ruhumu… Dünyam dağıldı… parça-parça oldum, Songülüm… Doğum günündə adamı təbrik etmək üçün nəsə arzular deyərlər… Mən ömrü boyu sözlə işləyən adam Sənə demək üçün bir kəlmə söz tapa bilmədim, Songülüm… Bütün günü bir yanıqlı nəğməm içimdə qovruldu:

Tutalım ki, mən aşığam…

Axı necə saz çalım…

Mizrab qırıq, tellər sınıq…

Barmaqlar qan içində…

Qarşınızda danışmağa sözlərimiz də acizdir… Bu gün bütün qəlbimlə anlayıram ki, şəhid olan təkcə bayrağa büküb torpağa əmanət etdiyimiz Azər deyil, o Azərin bizə əmanət etdiyi sevdalısı da şəhiddi… Şəhidlik məqamı təkcə Vətən yolunda canından keçmək deyil… Şəhidlik həm də torpağa əmanət etdiyin yarınla bərabər, xoşbəxtliyini, arzularını, bütün işıqlı gələcəyini Vətənin qaranlıqdan xilas olması üçün fəda edə bilməkdi… Vətəni Məcnuntək sevən Oğulların Leylalarının qarşısında son nəfəsimizədək minnətdarıq… Udduğumuz hava üçün, gəzdiyimiz torpaq üçün, başını sığalladığımız körpələrimiz üçün Sizə minnətdarıq… Haqqınızı halal edin, məmləkəti işığa çıxarmaq üçün ömrünü qaranlığa qərq edən Leylalar… Haqqınızı heç zaman ödəyə bilməyəcəyik, Azərin Songülü… Azərin qoxusuna doya bilmədiyi Gülü!…

4 yanvar 2021-ci il…

*****

*****

Bildim qəmini sənin ki, çoxdu,

Qəm çəkməyə bir hərif yoxdu…

Gəldim olam qəmin hərifi

Gəl təcrübə eylə mən zəifi…

“Leyli və Məcnun” poemasındakı bu misralar həm o talehsiz Məcnuna, həm ömrü külə dönmüş Leyliyə, həm də elə Füzulinin özünə aiddi. Füzuli bu dünyanın yiyəsiz qəminə yiyə durmağa, öz xoşuna “qəmin hərifi” olmağa gəlmişdi…

Bu qəmlər ki, mənim vardır, bəyirin başına qoysan,

Keçər kafər cəhənnəmdən, gülər əhli – əzab oynar…

-yazır Füzuli. “Bəyir” – dəvəyə deyirlər. “İncil”də də, “Tövrat”da da belə bir məqam var: “Dəvə iynənin gözündən keçərsə əgər, günah əhli, kafirlər yalnız o zaman bağışlanar.” Uşaq vaxtı Füzulini oxuyanda o böyüklükdə beytin mahiyyətini anlamamışdım. Sonra təsadüfən İncildə qarşılaşanda elə bil məni ildırım vurdu: Füzulinin Qəm yükü nə qədər böyükmüş, İlahi, deyə pıçıldadım öz – özümə. O qədər böyük ki, onu bəyirin – dəvənin belinə qoyanda bəyiri iynənin gözündən keçirəcək, kafiri cəhənnəmdən çıxaracaq…

Qəm yükü bu dünyanın ən ağır, həm də ən müqəddəs yüküdü…

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Heç görmüsünüzmü qanmazın, hissizin, duyğusuz – duyarsızın birinə Allah dərd verə? Görə bilməzsiniz… Çünki Dərd o qədər müqəddəs şeydir ki, Allah onu da qanana – seçdiyi bəndəsinə  –  dərd qədri bilənə verir. Verir, sonra o dərdin Adamın üzündə necə şəkilləndiyinə, bəndəsinin o Dərdi sevdiyi yar təkin əzizlədiyinə – canının parçası kimi sahib çıxdığına Allah özü də məəttəl qalır…

         … Mənim kəşf elədiyim, ruhunu oxuduğum, kədərini sətir-sətir içimə çəkdiyim, acısını bütün varlığımla hiss elədiyim, öz dünyamda müqəddəsləşdirdiyim Songül xanım məhz Allahın belə seçdiyi bəndəsidi – Seçilmişlərdəndi, zərif çiyinlərini səssiz-səmirsiz qəm yükünə təslim edənlərdəndi…

Hamı kimi yaşamağa, hamı kimi olmağa nə var ki?! Hamının görmədiyini görməkdi Songül olmaq…Yaşadığın, nəfəs aldığın halda əslində yaşamamaqdı, sevdalısının bayraq örpənmiş torpağına hopmaq, ruhən köçməkdi bu həyatdan Songül olmaq… Adamların var olanları sevməyə təpəri yox ikən, bəxtinə yazılan yazını – Azərini yoxluğunda belə sayğıyla yaşatmağı bacarmaqdı Songül olmaq… Bütün ömrünü Azərin anası Yeganə xanımın çöhrəsində bircə kərə də olsa təbəssüm yaratmağa həsr eləməkdi, ömrünü Şəhid yarına fəda eləməkdi Songül olmaq…

Bu ömrü yaşamaq həm də əzabdır və Songül bu taledən qaçmağa çalışır, əslində. Amma nə qədər qaçırsa, yenə də Ona doğru gedir. Qaça bilmədiyi tale o böyük ürək, mənəviyyat sahibini ömrünü  həsr elədiyi ən böyük Həqiqətlə üzləşdiyi yerə gətirib çıxarır. Ölüm bu dünyanın ən böyük həqiqətidi… Songülün nakam ömrü beləcə başlayır. Bu ömür ona dünyanı hamının gördüyü kimi görməyə imkan vermir. Daha duyarlı olmaq daha çox əzabla yaşamaq deməkdir.

Barışmaq nə qədər çətin olsa da, bu, Songülün taleyidi. Bu ömrün səfası, rahatlığı, dincliyi yoxdu, bu ömür başdan başa cəfadı, hər anı, hər dəqiqəsi dərddi, əzabdı, taleylə vuruşdu, döyüşdü, uzun bir yolda ağır-ağır addımlayan qəm karvanıdı…

“Mən bütün həyatımı, xəyallarımı  Səninlə və Sənə görə qurmuşdum, Azər… Gedişinlə hər şeyimi apardın. Bir saat sonra, bir gün sonra nə edəcəyimi bilməyəcək qədər çarəsizəm. Kaş  məni Allaha tapşırdığın kimi, özümə də nə edəcəyimi tapşırıb gedərdin. Sözündən çıxmazdım ki… Sənsiz hər şeyimi itirmiş limansız gəmi kimi dənizin ortasında qalmışam…

Həyatım dediyin insanı itirəndə… itirdiyin təkcə O olmur… Bütün ümidlərini, arzularını, xəyallarını, gələcəyini itirir insan… Əlində yerlə bir olmuş, çiliklənmiş dünya, sıfırlanmış həyat qalır… Sonra uzun-uzun düşünürsən, heç bir çarə və ümid işartısı tapa bilmirsən yenidən qurmağa o dünyanı… Bir gün başqa bir aləmdə qaldığımız yerdən davam edəcəyimiz ümidiylə… həyata tutunmağa çalışırsan…

Azər… sirdaşım, can yoldaşım… Üzümü güldürən, acımı dindirən İnsan… Səadəti yarım qalan yarım…Qəhrəmanım… İnsan ən sevdiyi ilə imtahan olunarmış… Səninlə dünya bir nağıl, yuxu idi… Amma biz yuxuda olsaq da, dünya nağıl dünyası deyil ki… imtahan dünyasıdı və sən mənim ən ağır imtahanım oldun…

          Həyatımda olduğun hər gün mənim üçün bayram idi… Mən bayramları yox, səni görəcəyim günü həvəslə gözləyirdim. Zaman keçdikcə içimdəki yara daha da dərinləşir…

Sən Vətəni həyatındakı hər şeydən uca tutdun… Təsəllim odur ki, Xocalıdakı körpələrin qisasını aldığın üçün ruhun rahatdır, Qəhrəman Şəhidim… Yarım qalan ömrünüz, canınız, qanınız bahasına da olsa, Vətənimizin ərazi bütövlüyünü bərpa etdiniz… Şükürlər olsun ki, Azərbaycanın qan yaddaşı silindi… amma mənim, minlərlə məni kimi taleyi yarım qalan insanın qan yaddaşı yazıldı…

 İndi mənim həyata tutunacaq ən böyük səbəbim bütün acılarımla sığındığım Rəbbim və Sənin ürəklərdə, könüllərdə ən böyük ucalıqda, zirvədə olmağındır…

Bundan sonra mənim yaşayacağım (?!) ömrüm Sənin yolun qədər çətin olsa da, Sənin adını daşıyacağı üçün şərəflidir…”

Bu sətirlər Vətənə Məcnuntək sevdalanan Azərin Songülünün gündəliyindən idi… Özümü qanandan əli kitablı olsam da, indi anlayıram ki, biz bugünəcən bütün duyğuların sadəcə təsvirini oxumuşuq… Songülün yazısında mən yaşanılan duyğuların ağrısı və yaşanılmamış ömrün acısını duydum. Sadəcə kədəri içində çəkən yox, bütün varlığıyla kədəri içinə çəkəndi Songül…

Bu qədər dərdin qabağında İnsan nə qədər böyük ürəyə sahib olar ki, hər gələn bəlanı sinəyə çəkib Tanrıya şükür etməyi bacara!

Oxuduqca Songülün hər sətrində Rəbbinə sığındığını, Allahın hər kəramətinə şükranlıq etdiyini gördüm, onu bir daha ürəkdən alqışladım.

Azərin adına, ucalığına layiq olan bu dəyanətli xanımın, mətin olduğu qədər də şükür eləməyi bacarmaq kimi ilahi bir keyfiyyətə sahib olduğunu gördüm. Şükrə yüksələn insan ilahi firavanlıq qazanır, elə Tanrı qatında sevgili yarının ucaldığı şəhidlik məqamı qədər ali mərtəbəyə ucalır.

Ruhundakı dinmək bilməyən ağrılarını kağıza köçürür Songül… İstisinə isinə bilmədiyi, tüstüsünə kor olduğu, ruhunu darmadağın edən nakam sevgisindən, o sevgini doya – doya yaşamağa qoymayıb araya qəfil hicran salan zamansız ölümdən… yazır. Yazır ki, bəlkə ürəyi boşala… Yazır ki, bir az səbbi alına… Yazır ki, unuda yaşadıqlarını… Amma “unutmağı öyrənmək” istədiyi halda əksinə yazdıqca bütün yaşananları daha da unudulmaz edir, əbədiləşdirir, xatirəyə – Sözə  çevirir.

Songülün elə sevgilisi Azər kimi bənzərsizliyi ondadır ki, o, cavan ömrünü gültək solduran, onu bənövşətək boynubükük qoyan vaxtsız Ölümü “qarğımır, daş-qalaq eləmir”, onu alnına yazılan yazı kimi qarşılayır…  Sadəcə bir gün əbədiyyətdə qovuşacağı ümidilə təqvimdəki günləri yarpaq-yarpaq  ömründən qoparır…

Baharı xəzan olan Gəlin… Arzuları üşüyən Gəlin… Nəfəsi buz bağlayan Gəlin… Bəyaz Gəlinlik paltarı qırmızı bel bağına həsrət qalan Gəlin… Xınası islanmamış Gəlin… Xonçası açılmamış Gəlin… Hələ cehiziylə evini bəzəməyə, yuvasını yapmağa macal tapmayan Gəlin… 

Qara paltarlı Gəlin… Yollara dikilən gözləri nəmli, hicran yükü daşıyan yorğun çiyinli, köksü param-parça, ürəyi qəmli Gəlin… Gözlərinə baxa bilmədiyim Gəlin… Adını çəkməyə nitqimin lal olduğu Gəlin…

Nə qutsal bir eşq…

Sevdiyinin adı, əmanəti kimi qoruduğun o uca alnından öpürəm! Bacarsan, bizi bağışla… Beşik yırğalaya bilmədiyin üçün bizi bağışla, sevginizin meyvəsi kimi pöhrələyəcək Sevgi adlı bir Nur parçasına Ana ola bilmədiyin üçün bizi bağışla! Bayramlarını qızıl gülə qərq edən oğlanın gənc ömrünü xarıbülbülün ömrünə fəda etdiyi üçün bizi bağışla! Üşüyən əllərin, heç gəlməyəcək baharın üçün bizi bağışla! Biz özümüzü bağışlaya bilməyəcəyik amma… 

8 mart 2021-ci il



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“XƏZAN” JURNALI PDF:

“XƏZAN” JURNALININ BÜTÜN SAYLARI BURADA PDF:

Salam olsun! Siz bu yazını oxuduğunuz zaman “Xəzan” jurnalının son və əgər arxivdə qalıbsa, istənilən ötən illərdə çap olunmuş nömrələrini sifariş etməklə əldə edə bilərsiniz. Əlaqə vasitələri:

Mob: 070-575-03-99 və ya E-mail: xezan23@mail.ru 

Eyni zamanda yazılarınızı dərc olunmaq üçün “Xəzan” jurnalına göndərə bilərsiniz. Əlaqə vasitələri:

E-mail: xezan23@mail.ru  və ya 5750399a@mail.ru 

YAZARLAR.AZ

“XƏZAN” JURNALININ BÜTÜN SAYLARI BURADA PDF:

2021:

2020 :

2019 :

2018 :

2017 :

2016 :

EHTİYAT VARİANT:>>>>“XƏZAN” JURNALI PDF:


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

“YAZARLAR” JURNALININ MART SAYI İŞIQ ÜZÜ GÖRÜB – YAZARLAR

YAZARLAR JURNALININ MART SAYI

JURNALIN BU SAYI DƏDƏ ƏLƏSGƏRƏ HƏSR OLUNUB

BU  SAYDA YER  ALAN  YAZARLAR:

Azərbaycan Respublikası Prezidentinin  

                Sərəncamı      – 3

Zaur Ustac -6.                            Adil Cəfakeş – 18

Mövlud Ağamməd  -20             Təvəkkül Goruslu – 22

 Mayıl Dostu –  24                   Sona Abbasəliqızı  – 28

 Tuncay Şəhrili-31                      Təranə Arifqızı – 33

Jurnal sosial-ictimai yönümlü “TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!” layihəsi çərçivəsində ödənişsiz əsaslarla nəşr olunur. Qiyməti: Pulsuz

 ∑ = 36 səh.                Çapa imzalanıb: 05.03.2021.

YAZARLAR JURNALININ MART NÖMRƏSİ

YAZARLAR JURNALININ MART SAYI PDF:

Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ZAUR USTACIN ŞEİRLƏRİNDƏ UŞAQ OBRAZLARI – AYƏTXAN ZİYAD – İSGƏNDƏROV

Zaur Ustacın kitabı.

ZAUR USTACIN ŞEİRLƏRİNDƏ

UŞAQ OBRAZLARI

(“Sətirlərdə uşaq obrazları” bölümü

(“Gülüzənin şeirləri” kitabından) tədqiqat müstəvisində)

  Elmi rəhbər:

Ramazan Qafarlı,

filologiya üzrə elmlər doktoru, professor

GİRİŞ: Uşaq ömrü öz dəcəlliyi, ərköyünlüyü, yaşının kiçik illərində bizi “əsəbiləşdirdiyi” məqamları ilə zaman ötdükscə şirinləşib əz əziz xatirəyə çevrilib yaddaşlara həkk olan bir dünyadır. Artıq baba, nənə olduğumuz illərdə övladımızın körpə yaşlarında “başımıza açdığı oyunlara”indiki günlərimizdə bir az bal-şəkər şirinliyi, bir az da məzə qatıb danışıb-gülür, həzz alır, xoşlanırıq.

Məsələn, qəfil yadımıza düşə bilər ki… Oğlumla dostlaşmış iki sərçə vardı, hansı ki adına “Babəkin sərçələri” deyirdik. Oğlum eyvana çıxdımı, sərçələr əvvəlcə onun çiyinlərinə qonar, sonra qollarının üstü ilə yeriyə-yeriyə gəlib ovcundakı çörək qırıntılarından birini götürüb “pırr” edib havaya qalxardılar. Bu hal Babəkin ovcundakı çörək qırıntıları qurtarana qədər davam edərdi.

Yaxşı dil açmadığı vaxtlardı. Bir də görürdün gözləri sevincdən parıldaya-parıldaya nəyi isə göstərirdi: “Bax, çənbərənin yanında çepin üstündə mətənək donub”. Pəncərənin yanındakı çöpün üstünə kəpənək qonduğunu bizə belə başa salırdı.

Yaxud, ilk dəfə işıqforun işığının yanıb-sönməsini görəndən sonra nəinki işıqforun, evdəki lampaların da yanıb-sönməsi onun üçün “danq” kəlməsilə ifadə olunurdu. Deyək ki demək istəyirdi ki, “lampanı yandırın”. Bu fikrini belə ifadə edirdi: “danq”. “Lampanı söndürün” tələbi də onun üçün “danq” idi.

Olurdu ki, mənzilin girişindəki lampa unudulub söndürülməyib. Mənzilin girişində qoyulmuş şkafın sol qapısını açıb ustufca divara çırpırdı. Və qürurla bizə baxırdı: “danq”. Yəni ki, gördüz, işığı söndürdüm.

O illərdən 40 ilə qədər zaman ötüb. İndi nəvələrimdə bunabənzər şirinlikləri müşahidə edəndə, 40 il  əvvəl oğlumda gördüklərimiz yada düşür və bu xatiratları xatırlayıb ürək dolusu həzz alırıq.

ARAŞDIRMA: Z.Ustacın yeni təqdimatda və yeni tərtibatda işıq üzü görən “Gülüzənin şeirləri”ndəki “Sətirlərdə uşaq obrazları” bölümünə [4. s.83-96]daxil edilən şeirlər də beləcə real həyat hadisələrindən qələmə alınan əsərlər, bu əsərlərin qəhrəmanları isə özlüyündə müxtəlif xarakter bilməcələrilə yaddaşlara hopası təxminən bir-birinin eyni olan oxşar təbiətli azyaşlılardır. Biri sadəlövh, digəri çoxbilmiş, üçüncüsü yox yerdən dava qoparan, sonrakı nəfsinə yiyəlik etməyi bacarmayan… Fakt olanı isə budur ki, onların hər biri həyatdan bizlərə tanışdır, adını xatırlaya bilmədiyimiz haçanca “qarşılaşdığımız” uşaqlardan biridir.

Məsələn, Etibarla Ehtiram bir-birini başa düşən, bir-birilə hesablaşan uşaqlardır. Hansı işi necə yerinə yetirmək lazımdırsa, hər ikisi eyni düşüncədə olur. Belə ki, qaranquşların hansı səbəbdən görünmədiklərindən anlaqsız olan uşaqlar havaların soyumasından, qarlı-şaxtalı günlərdə quşların ac qala, yaxud xəstələnə biləcəklərindən narahatdırlar. Odur elan yazıb divara yağışdırırlar ki, kim qaranquşların yerini bilirsə, onlara desin:

Etibarla Ehtiram

Yazdılar belə elan:

“Qaranquşlar itibdir,

Varmı xəbəri olan?”           

(“Etibar və Ehtiram”)

Şeiri oxuyan hər hansı azyaşlı elə o andaca özünə sual edir ki, görəsən quşlar niyə qəfil yoxa çıxıblar? Təbii ki, uşaq (burada, Etibarla Ehtiram) sualı cavablandırmaq imkanında olsaydılar, qaranquşları elan vasitəsilə axtarmaq məcburiyətində qalmazdılar. Sualın cavabı müəllim, yaxud valideyn tərəfindən aydınlaşdırılır. Məlum olur ki, quşların başında heç bir qəzavü-qədər yoxdur, onlar itməyiblər, sadəcə havalar soyuduğundan uçub isti ölkələrə gediblər, qaranquşların təbiəti belədir, onlar bu xislətdədirlər.

Belə olan halda “o hansı quşdur ki, yaşadığı yeri heç vaxt tərk etmir” sualı meydana çıxa bilir. Sualın cavablandırılması məktəbliyə əlavə bilgi vermək şansı yaradır. Azyaşlı müəlliminin, yaxud valideynin köməyilə öyrənir ki, sən demə havalar soyuyanda yaşadığı yeri tərk etməyən quş da varmış və bu quşun adı sərçədir

Müəllif Etibar və Ehtiram obrazlarını yaratmaqla eyni zamanda bəzi dəcəl uşaqlara onu da başa salmaq istəyir ki, quşları sevmək, onlara qarşı qayğıkeş olmaq lazımdır.

Balaca qəhrəmanlar öz saflıqları, səmimiyyətləri ilə bir-birlərinə bənzər olduqları kimi, fərqlilikləri də var. Məhz bu və bunabənzər xarakterə malik olmaqlarıdır əsəri oxucuya sevdirən, gündəmdə qalmasına yardımçı olan, yoruculuq, usanmaq kimi bir haldan oxucunun yaxasını qurtaran. Bu isə xüsusilə uşaq ədəbiyyatı üçün vacib şərtlərdəndir.

Məsələn,

Jalə, Damla və Şəbnəm

Yola getmirdi heç vaxt.

Bir gün Yağmur dillənib,

Hamısını qoydu mat.         

(“Jalə, Damla, Şəbnəm və Yağmur”)

Yaxud, Zümrüdlə Zamin  heç vəhclə yola getmirlər. Problem isə Zümrüdün hərisliyindədir, gözü hər gördüyündən kirə istəyir. Hər dəfə də onların mübahisəsini n üstünə su səpmək, yoluna qoymaq Zəhranın öhdəsinə düşür:

Zanbağı görən kimi,

Zümrüd  dedi Zaminə,

Paxıl deyilsən əgər,

Zanbağını ver mənə.

Zəhra  qarışdı  işə,

Sonra dedi, bu qədər

Tənbəl deyilsən əgər,

Zəhmət çək, özün becər!             

(“Zümrüd, Zamin və Zəhra”)

Mirzə İbrahimovun “Sənət, sənətkar və zəmanə” məqaləsində yazdığı kimi.  obraz real həyat hadisələrinə əsasən yaranır, “həmişə təbiətin, varlığın, canlı insanın bədii inikasıdır, onun əsas, tipik xüsusiyyətlərini saxlamaqla həm mənasını, həm də formasını doğru əks etdirir” [3. s.74]. Bu fikri bir qədər başqa tərzdə ifadə edən Xalid Əlimirzəyevə görə, “Yazıçının şəxsiyyəti, əqli mühakimələri və mənəvi dünyası onun yaratdığı obrazların, xarakterlərin ruhuna, varlığına hopur. Bu obrazlar ictimai varlığı, həyat həqiqətini əks etdirməklə bərabər, həm də sənətkarın zəkasının, dünyagörüşünün, ictimai ideal və amalının, vətəndaşlıq mövqeyinin, milli bəşəri duyğularının süzgəcindən keçərək formalaşır, onun dühasının, bədii təxəllüyünün işığında canlanır, həyata vəsiqə alır” [1. s.17].

Bölümə uşaq obrazlarına aidliyi yetən 28 şeir daxil edilib. Ancaq bu o demək deyil ki, “Sətirlərdə uşaq obrazları”nın qəhrəmanları cəmi 28 nəfərdir, xeyr. Elə şeir var onda iki, bəzən üç obrazla qarşılaşırıq. X.Əlimirzə­yevin yazdığı kimi, yazıçı şəxsiyyətinin, əqli mühakimə­sinin və mənəvi dünyasının məhsulu olan bu ədəbi qəhrəmanlar arasında təbiət etibarı ilə bir-birinin oxşarı olub bir-birilə yola gedənlər də var, xaraktercə bir-birindən fərqli olanlar da. Ancaq başlıca məziyyət bundadır ki, bu “İnsan xarakterlərinə, ehtiraslarına, fikir və arzularına biz hər şeydən qabaq həyatda rast gəlirik” [3. s.76].

Məsələn, “Vahid” şeiri I Qarabağ müharibəsində  şəhadət zirvəsinə ucalmış Vahid Abbasovun xatirəsinə həsr olunub.  Cəmi dörd misradan ibarət şeirdə müəllif qətiyyətli, sözünün sahibi, vətənpərvər bir Azərbaycan övladının obrazını yaratmağa müvəffəq olub. Azərbaycanlı xarakterinə sahib kişi obrazı,

Vahid getdi əsgərə,

Həmişə dedi: – “Oldu!”

Postunu tərk etmədi,

Vətənçün şəhid oldu.

Əsərdə ““Vahid” adı hansı hərflə başlayır”, “V” hərfi ilə başlayan daha hansı insan adı bilirsiniz”, “Əsgər niyə həmişə “Oldu!” deyə cavab verməlidir”, “Vahid Abbasov kimdir, kimlərlə döyüşdə və hansı cəbhədə şəhid olub”, “Şəhid olmaq nə deməkdir və kimlərə “şəhid” deyilir”, “Vətən uğrunda şəhid olan hansı Milli Qəhrəmanlarımızı tanıyırsınız” sualları qoyulmaqla şagirddə düşünmək qabiliyyəti formalaşdırmaq və onun əlavə bilgi əldə etməsi üçün tələbat doğuran şərait yaradılmış olur.

Yetişməkdə olan nəsildə vətənpərvərlik duyğuları aşılayan başqa bir şeir isə “Ömər və Əsmər” adlanır.  Şeirdə vətənpərlik və vətəndaşlıq duyğularının Ömərin qanında-canında olduğu diqqətə çatdırılır:

Söhbət edirdi,

Ömərlə Əsmər.

Ömər dedi ki,

Olacaq əsgər!

Yetişməkdə olan nəsildə vətənsevərlik duyğularının aşılanmasını qarşıya məqsəd qoyan müəllif yeniyetməyə aşağıdakı sualları ünvanlayıb: “Səncə əsgər olmaq nə deməkdir”, “Sən  böyüyəndə kim olacaqsan?”

Azyaşlıya bu kimi duyğuların ruhən hakim kəsilməsi üçün əsgərlərin orduda istifadə etdiyi və uşaqlara da oyunlardan, cizgi filimlərindən, filimlərdən tanış olan  “tapança”,  “tank” kimi vasitələrdən  bəhrələnilir.

Natiq tutdu Tofiqi,

Əlində tapançası.

Tofiq təslim olmuşdu,

Yer yox idi qaçası.                  

(“Natiq  və Tofiq”)

Yaxud,

Tuncay topu tulladı,

Tutu, topu tut görək!

Top-top mənə yaraşmaz,

Mən tankçı olum gərək!        

(“Tuncay”)

“Sətirlərdə uşaq obrazları” bölümünə daxil edilən şeirlər üç yarımsərlövhə altında qruplaşdırılıb: 1 – “Bir ad bir şeir”; 2 –  “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər; 3 – “Tam və bitkin şeirlər”.

“Bir ad bir şeir” yarımbaşlığı altında 16 şeir (“Tuncay”, “Nağı”, “Yusif”, “Leyla”, “Raul”, “Rəna”, “Malik”, “Qaşay”…), “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər”də 9 şeir (“Natiq və Tofiq”, “Rahib və Əkbər”, “Fuad və Fərid”, “Jalə, Damla, Şəbnəm və Yağmur”…), “Tam və bitkin şeirlər”də isə 3 şeir (“Ağıllı Gülər”, “Oyanın, bahar gəlib”, “Balaca reklamçı”) daxil edilmişdir.

“Bir ad bir şeir” və “İki və daha artıq şəxs adına ünvanlanan şeirlər” bölgülərinə uşaq adlarına yazılan şeirlər daxil edilib. Həmin adın daşıyıcısı olan uşağın hansı təbiətdə olması, orta təhsilini başa çatdırandan sonra həyatda kim olacağı haqda düşüncələri gündəmə gətirilir. Şeirlərin sonluğunda hərflər və adlarla əlaqəli suallar, yaxud tapşırıqlar da verilir ki, bütün bunlar azyaşlının dünyagörüşünün genişlənməsinə, iti düşünmə qabiliyyətinin formalaşmasına xidmət edən xüsusatlardır.

 “Bir ad bir şeir” yarımbaşlığı altında qruplaşdırılan şeirlər əsasən dörd misradan ibarət olub birbəndlik şeirlərdir. Məsələn, “Uğur”, “Jalə”, yaxud “Zahir”. Adları çəkilən uşaqların hər biri özünəməxsus təbiətə malikdir. Müəllifin qarşıya qoyduğu məqsəd də elə budur: qəhrəmanının hansı isə bir cəhəti, yaxud məşğuliyyəti ilə oxucusunu tanış etmək.

Məsələn, “Uğur” mühəndis, “Jalə” jurnalist olmaq arzusundadır. Uğur bu arzusunu göylərlə bölüşür, Jalə isə babası ilə:

Uğur baxıb göylərə,

Dedi, usta olacam!

Uca bir qüllə tikib,

Ulduzlara çatacam!

“Jalə” şeirində isə oxuyuruq:

Jalə aldı jurnalı,

Baba, ver baxacağam!

Böyüyəndə istəsəm,

Jurnalist olacağam!

Zahir isə, öz kəlmələri ilə ifadə etsək, gəmiçi olmaq arzusundadır:

Zahir düzəltdi,

Balaca gəmi.

Dedi: – Bu gəmi,

Mən də gəmiçi.      

Tədris prosesi zamanı məktəbliyə “Uğur böyüyəndə usta, yaxud mühəndis, Jalə jurnalist, Zahir gəmiçi olmaq arzusundadır, sən böyüyəndə kim olmaq, yaxud hansı sənətə yiyələnmək istəyirsən” suallarını ünvanlamaqla (şair Uğur, Jalə və Zahir obrazlarını şeiriyyət müstəvisinə gətirməklə) azyaşlı oxucusuna demək istəyir ki, heç də hamının ali təhsil alması vacib deyil, həyatda başqa peşələr, sənətlər də var.

Təqdim olunan şeirin mövzusuna uyğun sualların tərtib edilməsi məktəblinin dünyagörüşünün genişlənmə­sinə diqqət çəkən vacib cəhətlərdən biridir. Məqamı ikən xatırlamaq yerinə düşər ki, XX əsri 60-70-ci illərində ümumtəhsil məktəblərində əlavə məşğələ saatları təşkil olunardı ki, bu proqram çərçivəsində məktəblilər əlavə biliklərə yiyələnmək imkanı əldə edərdilər. “Ülkər” adlandırılan şeirdə bu anlayışı şeir mövzusu seçməklə müəllifin nəyə işarə etdiyi, Ülkər və Günəş adlarının haradan götürüldüyü, “Jalə, Damla, Şəbnəm və Yağmur” şeirində “mat qoymaq nə deməkdir” sorğusunun qoyulması, “Hümmət”dən bəhs edən şeirdə “hümmət” istilahının hansı məna daşıdığı, Azərbaycanda hansı zaman kəsiyində “Hümmət” adında təşkilat olduğu və bu təşkilatın hansı məqsədlərə xidmət göstərdiyi  (və s.) şagirdin əlavə bilgi əldə etməsinə, nəticə etibarı ilə dünyagörüşünü genişləndirməyə yönəlmiş imkanlardır.

Hümmətin beş yaşı var,

Hazırcavab uşaqdır.

Həvəsi var yazmağa,

Oxumaqda qoçaqdır.

Şeirin sonunda məktəbliyə “Hümmət” kəlməsinə uyarlığı yetən suallar ünvanlanıb. Bu sualların cavablandırılması sayəsində şagird öyrənir ki, “Hümmət” sözü “cəhd”, “səy”, “qeyrət”, “əl-ələ verib çalışmaq”, “təşəbbüs” mənalarını verir. “Hümmət etmək” kömək etmək, yardım etmək, əlindən tutmaq anlamlarında işlənir. “Hümmət” sözü vasitəsilə şagird başqa informasiya da əldə etmək imkanı qazanır. Məlum olur ki, 1904-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun dostları tərəfindən “Hümmət” Sosial-Demokrat Müsəlman Təşkilatı yaradılıb. Təşkilatın rəhbəri əvvəlcə M.Ə.Rəsulzadə olub, sonra Nəriman Nərimanov. Bundan əlavə, təşkilatın “Hümmət” adında qəzeti də çıxıb. İlk nömrəsi 1904-cü ilin oktyabrında nəşr olunub. Qəzetin cəmi 6 nömrəsi işıq üzü görüb. Qəzet 1905-ci lin fevralında bağlanıb…

Ədəbiyyatşünasların ümumi qənaətinə görə, qafiyə şeirin gözəlliyini artıran, poetik nümunəyə musiqilik, oynaqlıq, rövnəqlik gətirən vasitə, Rafiq Yusifoğluya görə, hər hansı fikri ifadə edən misraların bədii, emosional təsirini artıran, poetik əsəri zənginləşdirən bədii ünsürdür. “Qafiyə şeirin məzmununun açılmasını, bədii-məntiqi və obrazlılığın güclənməsini şərtləndirir” [2. s.222]. Bu məzmunda “Ağıllı Gülər” şeirində “sərçəcik”, “cik-cik”  təkrar səsləri diqqət çəkir. Müəllif “sərçəcik” (4 dəfə) və “cik-cik” (4 dəfə) epiforalarından istifadə etməklə şeiri emosional tələffüz axarına salmış, təkrar yox, təkrir sayəsində yaranan ritm, intonasiya və bunların ahəngindən formalaşan ümumi ahəng təqdim olunan əsərə poetiklik bəxş etmiş, oxucunun (burada məktəblinin) yaddaşına asanlıqla “yazılmasına” yardımçı olmuşdur.

Bizim balaca Gülər,

Həm ağlayar, həm gülər.

Günlərin bir günündə,

Soyuq  qış səhərində,

Gülər çölə çıxanda,

Əl-üzünü yuyanda

Gördü kiçik sərçəcik.

Sərçə edirdi “cik-cik”.

Gördü üşüyür sərçə,

Bayırda qalıb təkcə.

Gülər istədi getsin,

Gedib çörək gətirsin.

Elə bu an sərçəcik,

Yenə elədi:

“Cik-cik”.

Gülər tez evə qaçıb,

Anadan çörək alıb

Gəlib eyvana, ovdu.

Yanına su da qoydu.                                                

Yenidən  edib cik-cik,

Ora qondu sərçəcik.

Əvvəl çörəyi yedi,

Sonra da suyu içdi.

Bir dəfə sağa baxdı,

Bir dəfə sola baxdı.

Təşəkkür etdi:

“Cik-cik”

Uçub getdi sərçəcik.

***

Nəticə: Z.Ustacın uşaq şeirləri haqda son olaraq bu qənaətə gəlmək olar ki, nədən, yaxud kimdən yazmasından asılı olmayaraq təqdim etdikləri yeni görünür, diqqətə çatdırılanlar təbiidir, səmimidir, ürəyəyatımlıdır, obrazlar elə xarakterizə olunur ki, onlar haqqında deyilənlərin həqiqət olduğuna şəkk-şübhən qalmır. Bunun bir səbəbi əgər yazıçının intellektidən irəli gəlirsə, digər səbəbi müəllifin ixtisas, peşə yönümü ilə izah oluna bilər. Axı Zaur Ustac müəllimdir, uşaq dünyasına hamıdan çox bələdliyi yetən bir ixtisas sahibi.

Ədəbiyyat siyahısı:

1. Əlimirzəyev Xalid. Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları. Bakı-“Elm və təhsil” 2011, 416 səh.

2. Hacıyev Abbas. Ədəbiyyatşünaslığın əsasları. Bakı-2009, 370 səh.

3. İbrahimov Mirzə. Ədəbi qeydlər. Bakı-Azərbaycan Dövlət nəşriyyatı-1970, 300 səh.

4. Ustac Zaur. Gülüzənin şeirləri. Bakı-2021, 114 səh.

Ayətxan Ziyad – yazıçı-jurnalist, tədqiqatçı.

Ayətxan Ziyad (İsgəndərov)

Azərbaycan Yazıçılar

və Jurnalistlər birliklərinin üzvü,

yazıçı-jurnalist, tədqiqatçı.

Dərc  olunub:

1.yazyarat.com 27 yanvar 2021.

https://yazyarat.com/yazi/tədqiqat-zaur-ustacin şeirlerinde-uşsü – problemleri;

2.İlk xəbər. 27 yanvar 2021.

https://ilkxəbər.orq/news/php?id=51389;

2. Müstəqil.Az 27.01.2021.

3. FEDAİ.AZ

https://fedai.az/?p=27097&embed=true#?secret=fB3mkL3sWi

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TALEH XƏLİLOV – GƏNC TƏDQİQATÇININ İLK ƏSƏRİ

Oğuzhan Uzarın kitabı.

GƏNC TƏDQİQATÇININ İLK ƏSƏRİ

Özünəməxsus sənət yolu keçmiş Hüseyn Cavid əsərlərində daim həyati problemləri, insan talelərini, milli və bəşəri məsələləri əks etdirmişdir. O, əsərlərində xalqa və vətənə olan sədaqət hisslərini ifadə etmişdir. Cavid ziddiyyətli bir zamanda daha çox Şərq tarixinə müraciət etmiş və yeni milli obrazlar yaratmışdır.

Maarifpərvər ziyalı hər zaman yaradıcılığında milli, tarixi, pedaqoji və siyasi dəyərləri sistemli şəkildə əks etdirmişdir. Mütəfəkkirin həyat və yaradıcılığının hələ sağlığından öyrənilməsinə baxmayaraq, onun məfkurəsi, ictimai-siyasi və pedaqoji ideyaları günümüz üçün aktuallığını itirməmişdir. Onun yaradıcılığının milli müstəqillik kontekstində daim araşdırılmasına və yeni-yeni tədqiqat əsərlərinin yazılmasına ehtiyac yaranmışdır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin doktorantı Oğuzhan Uzarın türk dilində yazdığı “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyası da çox aktualdır.

Oğuzhan Uzar “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyasında mündəricat üzrə nəzərdə tutulmuş türkçülük, turançılıq, siyasət və hüquq anlayışlarını, onların mahiyyətini, məzmununu və prinsiplərini metodiki baxımdan düzgün təhlil etmişdir.

Elmi redaktoru hüquq üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Behbudov, rəyçiləri isə fəlsəfə üzrə elmlər doktoru, professor Qərib Allahverdiyev və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Abbas Əhmədov olan monoqrafiya Naxçıvan şəhərində “Əcəmi” nəşriyyatında çap olunmuşdur.

Giriş, iki fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan 97 səhifəlik monoqrafiya elmi-pedaqoji baxımından düzgün işlənmişdir.

Monoqrafiyanın “Hüseyn Cavidin siyasi-hüquqi ideyalarının formalaşması” adlı  I fəslində XIX əsrin sonu XX əsrin əvvəllərində siyasi-hüquqi ideologiyanın istiqamətlərinin xarekteristikası öyrənilmiş, Hüseyn Cavidin siyasi-hüquqi görüşlərinin formalaşmasına təsir göstərən mühüm faktorlar araşdırılmış və Hüseyn Cavidin siyasi-hüquqi görüşlərinin formalaşmasına təsir göstərən mütəfəkkirlərin fikirləri tədqiqə cəlb olunmuşdur.

Monoqrafiyanın II fəsli “Hüseyn Cavidin siyasi idealı, dövlət və dövlətin formaları haqqında ideyaların təkamülü” adlanır. Bu fəsildə isə Hüseyn Cavidin siyasi-hüquqi baxışlarının formalaşmasının ilkin dövrü tədqiq edilmiş, Hüseyn Cavidin siyasi-hüquqi baxışlarının formalaşmasının ideya mənbələri araşdırılmış Hüseyn Cavidin siyasi-hüquqi ideyalarının inkişaf istiqamətləri tədqiq olunmuş, Hüseyn Cavid və yaradıcılığına siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin rolu öyrənilmişdir.

Monoqrafiyanın “Nəticə” hissəsində tədqiqata yekun vurulmuş, məqsəd və vəzifələrin yerinə yetirilməsi haqqında ümumiləşdirici məlumatlar verilmiş və tədqiqatın əsas yekunları müddəalar şəklində sadalanmışdır.

“İstifadə edilmiş ədəbiyyat” hissəsində isə monoqrafiyanın yazılmasında istifadə olunmuş mənbələr göstərilmişdir. Müəllifin problemlə bağlı elmi ədəbiyyatla, və dövrü mətbuat kolleksiyaları ilə tanışlığı da xüsusi qeyd olunmalıdır.

Oğuzhan Uzar “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyasında bəhs etdiyi məsələni diqqətlə öyrənmiş və təhlil etmişdir. Müəllifin problemə baxışı, yanaşması, tədqiqi tam sistemli və yenidir.

      TALEH XƏLİLOV

Naxçıvan Dövlət Universitetinin dosenti,

       pedaqogika üzrə fəlsəfə doktoru


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ŞAİRİN PLAN DƏFTƏRİ

Zaur Ustac, 1989, Ağdam. Fotoqraf: Tahir.

Xüsusi Proqramlı Yusifcanlı İbtidai Məktəbinin planı (Yanvar – 1993, Ağdam rayonu, Yusifcanlı kəndi.) PLAN PDF:


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

UŞAQ ƏDƏBİYYATININ BİLİCİLƏRİ – FOTO

Füzuli Əsgərli, Ayətxan Ziyad (İsgəndərov), Zahid Xəlil.

Uşaq ədəbiyyatı biliciləri: Sağdan, ədəbiyyatşünas-tənqidçi Füzuli Əsgərli, yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad (İsgəndərov), uşaq yazıçısı, ədəbiyyatşünas, professor Zahid Xəlil.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİN – ÇƏRÇİVƏ

Şahnaz Şahin – yazar.

ÇƏRÇİVƏ

Esse

    Əvvəlcə sözün hərfi mənasını deyim, çərçivə fars sözü olub, “çəhar çübe”, yəni dörd ağac deməkdir. Dilimizdə bu sözlə bağlı çoxlu sayda ifadələr işlənir, çərçivəli, çərçivəyə salmaq, çərçivəyə sığmamaq, çərçivədən çıxmaq və s. Çərçivənin məişət mənası da var ki, bu gün mən ondan danışmayacam, sterotiplər, ondan qaçış barədə düşünəcəyik.

  Bir vaxt fantastik nəhəng hesab etdiyimiz dünya indi “ovcumuzun içindədi”. Dünyanın o başında baş verənlər uzağı bir neçə saata, dəqiqəyə bizə gəlib çatır, məlumat almaq üçün uzman internet şəbəkəsi var, real səyahət etmək imkanın yoxdursa virtual dolana bilərsən dünyanı. Xalqlar, din və inanclar, adət və ənənələr və s öyrənmək də su içimi. Amma bu dediklərim nəinki bir ölkədə, hətta ölkəiçi fərqli qaydalarda tənzimlənir. Amma bir məsələ var ki, bu və ya başqa formada demək olar hər yerdə nəzərə alınır, bu da ÇƏRÇİVƏdir!

      İndi dünyanı dolanan “koronavirus” bəlası yoluxmanın qarşısını almaq, insanların həyatını qorumaq üçün bir çox ölkələri həm daxili, həm də ölkələrarası çərçivələr yaratmağa məcbur etdi. Sərhədlər bağlandı, gediş-gəliş kəsildi, insanlara küçəyə çıxarkən maska taxıb əlcək geyinmək, sosial məsafə saxlamaq məcburi sayıldı,  hətta müyyən müddət evdən çıxmamaq qadağası, tibbi-gigiyenik qaydalara ciddi əməl edilməsi belə qanunla müəyyənləşdi. Düzdür bu müvəqqətidir, keçicidir, amma Çərçivədir, məcburi qəlibdir deyə ruhun etirazına səbəb olur.  Axı bir çox şeylərin qədrini insan onu itirəndə anlayır…

    Azərbaycanda çərçivə deyəndə ağıla ilk gələn cəmiyyət arasında ədəb-ərkən qaydaları, müxtəlif olar-olmazlar, hətta qadağalar olur. Yəni insan istər istəməz özü üçün bir çərçivə yonmağa, bütövlükdə münasibət qaydalarını tənzimləməyə məcburdu. Deməli çərçivə həm də insanın daim can atdığı azadlığın da nisbi olmasını göstərir bir növ.. Yadıma lap aşağı siniflərdə müəllimin uşaqlara verdiyi bir tapşırıq düşdü, uşaqlar heç kəsin olmadığı bir məkan tapıb orda bu tapşırığı etməliydi. Sabahı gün nəticələr soruşulanda tək bircə məktəbli utana-utana tapşırığı yerinə yetirmədiyini bildirmiş, buna səbəb kimi isə hər yerdə Tanrının onu gördüyünü göstərmişdi!..

   Deməli əlahəzrət azadlıq heç özü də azad deyilmiş, azad buraxanda anarxiya yaradırmış, problemlərə yol açırmış…

    İnsan təbiət mənzərəsinə elə təbiətin içindən baxırsa bir, pəncərədən baxırsa başqa səhnə görəcək., bu ikincisi çərçivədi. Rəssamın kətan üzərinə köçürdüyü bütöv yox, yarımdı, yəni çərçivədə gördüyüdü. Sözünü, deyəcəklərini həmişə ölçüb biçənlər çərçivədə olanlardır, əlbəttə yaxşı mənada! Olduğu kimi görünmək, ya da göründüyü kimi olmaq da çərçivədən çıxmaq deyil. Amma sındırılası, məhv ediləsi o qədər çərçivələr var ki!

      Amma çərçivə də var çərçivə.. Əgər çərçivə həm də nizam-intizamdısa, münasibətlərdə əndazə gözləməkdisə, kimisə incitməkdən, həsəddən, paxıllıqdan, pislik etməkdən çəkinməkdisə, bunun nəyi pisdi ki… Xəstə adama təyin edilən pəhriz də, ürəyi xəstə olana fiziki hərəkətin məhdudlaşdırılması da çərçivədi, amma bezdirici, yorucu… Necə ki, mənim film qəhrəmanım da bir gün bezərək ona təyin edilmiş çərçivələri qırıb tökdü, xəstə ürəyilə başqa cür rəftar etməyə qərar verdi, bütün “olmaz”ları “olar”a çevirmək üçün son addımı atdı…

       …İnsan yaranışdan azadlığa, dincliyə təşnədi, açıq səmada uçan, istədiyi yerdə yuva quran quşlara, çiçəkdən çiçəyə qonan arılara, zəhmətkeş qarışqalara həsəd aparıb həmişə. Amma o quşların da, arıların da, qarışqaların da, elə yüzlərlə, minlərlə digər yaradılmışların da əminəm ki, həyatı hansısa bir ilahi çərçivəyə sığır…

   Dünyaya gəlişimizlə gedişimiz arasındakı məsafə bircə andır ki, bunu söz adamları bir sözlük, rəssamlar bir fırçalıq, riyazıyyatçılar bir rəqəmlik, bəstəkarlar isə bircə notluq məsafə adlandırırlar.  Olum və ölüm fəlsəfəsi bəlli olandan ta bu günə kimi düşündürür insanı. Yaşının, düşüncəsinin bir həddinə çatanda insan da  hələ dünyaya gəlməzdən öncə ilahi qəlibə, çərçiyəyə salındığını və bundan kənara çıxa bilməyəcəyini anlayır…

 Bundan əlavə hər insanın öz çərçivələri də var ki, bunu digərlərinə qarşı istifadə edir. M.Fizuliyə görə hər kəsdə bir ölçü var və bu ölçüyə görə yanlış və doğru tərəflər ortaya çıxar.

 Ruhən azad olan insan çərçivələrə də çığmır, bir yol tapıb onları qırmağa, sındırıb atmağa çalışır…

…Bizi dünyanın o dar çərçivəsindən çıxarır,

Dəli xallardakı hönkürtüyüə dalmaqla Segah…(B.Vahabzadə)

Asılıb divardan gözəl bir şəkil,

Bahar mənzərəsi,

qalın bir meşə…

Gözəldir,

Çox gözəl, ancaq elə bil,

Çərçivə içində inləyir meşə…

…Kim istər getdiyi yollar, cığırlar,

Dayansın sərt üzlü çərçivələrdə…(B.V)

     Son həmişə hüznlüdür, acıdır, hər kəs sonu bilir, amma onun gəlməyini istəmir. Son bitməkdir, tükənməkdir, əgər bu ömrə aidsə daha ağrılıdır demək!..

Ona görə də əvvəlcə öz içimizdə qurduğumuz sərhədləri açmalı, gedəcəyimiz yolu məchul bir sonsuzluğadək çəkib uzatmağı bacarmalıyıq. O zaman bizim üçün süni yaradılan çərçivələrdən çıxmaq çətin olmayacaq…

Hə, bir də var şəkil çərçivəsi, siz çalışın çərçivə olmayın, nə özünüzə, nə də başqalarına, çərçivədən genişliyə açılan bütöv şəkil olun…

 Burda küləkdi,

Orda qar yağır.

Sürüşür dağlar,

Bu qürub çağı.

Biçilmiş zəmi,

Atılmış sevda.

Qurumuş ot var

Gör neçə adda…

Mavi buludlar,

Quş kimidilər.

Kağız gəmilər

Daş kimidilər.

Huşumdu daha

Cismimə yedək.

Gedək, Şahinim,

Dur yığış gedək…


Müəllif: Şahnaz ŞAHİN 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru