Kateqoriya arxivləri: www.USTAC.az

Süleyman Abdulla – Şeirlər

MƏNƏ ÜMİD OLMA

Qum dənəsi sayırdım, ayrılıqlar dağ imiş,
Çat-çat yerə səpirəm gözlərimdən dən səni.
Xoşbəxtliyin ilk şərti sevib-unutmaq imiş,
Tanrı məni unutdu, unuduram mən səni;
Əgər unuda bilsəm…

Xatirələr dərd verir, hər il bahar qabağı,
Bu il də sağ çıxmışam ən sərt qışın qarından.
Bir də məst olarammı yenə bu axşam çağı,
Bənövşə nəfəsindən, nərgiz baxışlarından?!
Ah, yenə uda bilsəm…

Od deyirlər od deyil, atəşmi?- o da deyil,
Hansı diləklə çıxsam sonu qəmdir bu yaza.
O can evi dediyin eşq dolu oda deyil,
Nə bilim ey, yanğımı söyləsəmmi Araza?!
Söndürər su da…
bilsəm…

Gözlərimdir səpilən sən gedən yola sarı,
Ürəyimdir çəkilən yol, gərək varam sənə.
Bayaq səsi gəlirdi, keçdi üzüyuxarı,
Poçtalyon qayıdanda məktub yazaram sənə;
Qələmi tuta bilsəm…

SƏNİ

Nə mən,- get,- deyirəm,
nə sən qalansan,
Suç olar yolundan saxlamaq səni.
Sən iş adamısan, mən söz adamı,
Çətindi piyada haxlamaq səni.

Nolar, xislətini bir az tez dəyiş,
Əvvəl sadə görün, sonra qəliz şiş.
Yoxsa, başımıza açarsan ey, iş,
Mümkünmü başından bağlamaq səni?!

Kimini var bilib, kimini yox san,
Boynuna çıxarsan hər cini,- yoxsan.
Bərkit təməlini-himini, yoxsa,
Aşırar dibindən laxlamaq səni.

Sözdən işi keçər sal daşın bəzən,
Açar sirr olanı yaddaşın bəzən.
Səsini gizləyər göz yaşın bəzən,
Tutar için-için ağlamaq səni.

VƏTƏNSƏN

Hamıdan küssəm də səndən küsmərəm,
Kim ne deyir-desin əziz Vətənsən.
Mən şirin deyirəm, amma acısan,
Lap zəhər olsan da ləziz Vətənsən.

Başının üstündən getsin şər, getsin,
Bu dərd də ötəcək, sinə gər, getsin.
Ağzını əydirib gedənlər, getsin,
Qalana qayğıdan xəsis Vətənsən.

Yalanla-dolanla başımızı qat,
Gözümüz dağ-dağdı,qəlbimiz çat-çat.
Öz doğma balana milli qazamat,
Yadlara macəra-təsis Vətənsən.

Yaramız qövr etdi, bağladı lap sim,
Nə eyham anladın, canım, nə də him.
Eh, səni taladı kim oğlu kim, kim,
Nə bilim, nəyin var, nəsiz Vətənsən.

XİFFƏT

Yenə bir say artdı yaşım bu payız,
Deyiləsi sözüm qaldı baharda.
Ürəksizdim yol yığanda heybəmə,
Həsrət dolu gözüm qaldı baharda.

Göz gördüyü qorxulardır tamaşa,
Ağ yuxumda göy gəbədir, yer xalı.
Mən nə ömrə güvənmirəm, nə yaşa,
Axıb gedir zaman sular misalı.

Heç çıxmadı uğuruna mən uman,
Hirs-hikkəni dişlərində tutub sıx.
Yolayrıcı…
ümidsizlik…
nagüman,
Gah sənindi, gah da mənim,- ayrılıq.

Aha qatıb cəkdim bu gün adını,
Yol qurtarır, tükənir can,- bilirəm.
Axır vaxtlar itiklərin dadını,
Ürəyimin ağrısından bilirəm.

Olanların xiffətini xəfif çək,
Sınan yerdən istəklərdir pas tutan.
Xatirələr səpələnir xəzəltək,
Unudulmuş yaddan çıxıb, unudan…

Gözlərindən nur istədim yaymağa,
İnanmazdım kirpiyindən yaş sıza.
Həvəsmi var sayılmağa-saymağa,
Bir say yenə düşdü yaşım payıza.

ÇIXIŞ NÖQTƏSİ

Fəqət, ağır imiş vaxtın qəm yükü,
Zaman saxlancını yelə çıxarır.
Çoxunun bəxtinə düşən ağ tükü,
Bizim saçımızda telə çıxarır.

Gəlir əməlimiz xoşuna,- deyil!
Vallah, bu gurultu boşuna deyil,
Aşkar bəlamızı qoşuna deyil,
Gizli dərdimizi selə çıxarır.

Bilmədim tərsinə bu dəyişik nə,
Orda ət nə gəzir, burda pişik nə?!
Biz kimin nəyinə neyləmişik, nə,
Öcü canımızdan belə çıxarır.

Oynayır özünə, çalır özünə,
And olsun, içdiyi qalır özünə.
Fərəhi, sevinci alır özünə,
Qadanı-qovğanı elə çıxarır.

Altı təzək çıxır, üstü hər bəzək,
İftira bəzəkdir, böhtan- şər bəzək.
Bütün fitnələrə vurub bər-bəzək,
Hər sözün sonunu felə çıxarır.

ƏLLƏRİNDƏN

Pırpız saçlarında qarışar sığal,
Şəbnəm ətri gələr nəm əllərindən.
Həyat vəfasızdır, ömür-gün cığal,
Çıxar həm canından, həm əllərindən.

Dağlar öz başına sarıyar cuna,
Göydə bulud gülər, şimşək uğunar.
Düşər ayaqların dərd bolluğuna,
Sevinc azıb gedər kəm əllərindən.

Havada asılan nisgildir duman,
Aynımaz kədərdən xoşbəxtlik uman.
Gedəndə qüssədir ardınca cuman,
Gələndə zinhardır qəm əllərindən.

Bu geniş dünyada imkan olur dar.
Uşaq fərəhinin ahıl dərdi var.
Üzü payızadır yarpaq mahnılar,
Xəzəllər tökülər dəm əllərindən.

Sonda hali olmaz kimsə halından,
“Gəl” deyən bir gün də dəyər dalından.
Gözün doymasa da dünya malından,
Toplanar-çıxılar cəm əllərindən.

YAXŞISI

O, yaxın sayılan yollar uzaqmış,
Ömrümdü ölçdüyüm yelə,- yaxşısı.
Dost deyib aranı soyutdum bu qış,
Ürək qızınmaqmış elə yaxşısı.

Bənövşə dərdləri unutduq bir yaz,
Nərgizli ətəkdə qılınmaz namaz.
Damlada batmağı dərya anlamaz,
Özünü atmaqmış selə yaxşısı.

Ən gözəl mələk də olarmış iblis,
Bir gün Günəş haqdır, bir gün duman-sis.
Uymaq düz deyilmiş…
olan oldu pis,-
Fitnəyə, fəsada, felə,- yaxşısı.

Bir az mən qəribəm, bir az yol naşı,
Arxamca atılan himin xır daşı.
Qılınc qurşamaq yox, dost, uzaqbaşı,
Sığal çəkmək imiş telə yaxşısı.

SIXINTI

Köhnə xatirələr huşumdan çıxır,
Varsa, təzələri tər göndər mənə.
Başıma bəlaydı əvvəlki dərdlər,
Bir az yüngül eylə dərdi-sər mənə.

Quru diləklərin çıxıb qaxacı,
Danış, şirindillim,
acı,- bax, acı..
Əsalıq gətirib əzgil ağacı,
Qalıbsa, dəyməyən meyvə dər mənə.

Gah belə yalanmış, gah elə “gah”lar,
Nə giley köməkdir, daha, nə ahlar.
Xeyiri unudub qara sabahlar,
Tapa bilərsənmi, bəyaz şər mənə.

Gecdi, çətin vara canım sağlığa,
Qəlbim qəmə dözməz, sinəm dağlığa.
Mən də bir ev idim yıxılmaqlığa,
Tale də göz yumur baxsa hər mənə.

Özüldüm, divardım, tavan-dam özüm,
Bir həyat yaşadım məzar tam, özüm.
Bilməsən, getməyə taparam özüm,
Bilirsən, dönməyə yol göstər mənə.

HƏYAT DƏRSİ-1

Bilirsənmi, necə olur üzülmək,
Ağrısını,- dərd içində üzməyin?..
Necə olur nifrət ilə süzülmək,
Acısını,- ağı-ağı süzməyin;
Yox, bilməzsən…
Yox, bilməzsən…
Bilməzsən!…

Həsrətidir burda hamı sevginin,
Diləklərdir gözlərdəki nəm ilə…
Necə olur dadı-tamı sevginin,
Dan yerində qarışanda qəm ilə;
Yox, bilməzsən…
Yox, bilməzsən…
Bilməzsən…

Əlin çatmaz çıxarasan bıçağı,
Hansı dosta nişangahmış kürəyin.
Qan gölüdü sol çiyninin alt sağı,
Necə vurur ağzındakı ürəyin;
Yox, bilməzsən…
Yox, bilməzsən…
Bilməzsən…

Yox, bilməzsən necə olur yıxılmaq,
Yaxınların badalağı nə sərtmiş.
Necə olur güvəncindən sıxılmaq,
Heyrət etmək…
kim namərdmiş, kim mərdmiş;
Yox, bilməzsən…
Yox, bilməzsən…
Yox, ey, yox…

Heç bilməzsən, hər sabah bir gecədir,
Nə cür olur gözlərində şəkk ölmək…
Boylanarsan, unamazsan necədir,
Milyonların arasında tək ölmək;
Yox, bilməzsən…
Heç bilməzsən…
Yox…heç…heç….

BİLİNƏR

Kəlmə-kəlmə, misra-misra sönürük,
Ocağımız…
…ta yananda bilinər.
Kim əkəcək bizə qədir ağacı,
Kimsə bizi sayan anda bilinər.

Nə yol bəlli, nə yolçunun insafı,
Qopub düşər ürəklərin ən safı.
Bir ümidlə uzadarıq biz lafı,
Boş olduğu say ananda bilinər.

Doğma eldə yad tutulmaq nə imiş,
Göz önündə unudulmaq nə imiş,
Buz nəfəsdə qor udulmaq nə imiş,
Atəş sönüb su yananda bilinər.

Batıb qaldıq acılı söz içində,
Bacarırsan, əzaba döz içində.
Ürək var ki, ağrıyar öz içində,
Bir də qəfil dayananda bilinər.

ƏBƏDİ SUAL

Mən ki, yolçusuydum zamansızlığın,
Əzrayıl gəlmişdi vədəli,- nəydi?!
Anladım, sonudur yetim-yesirin,
Düşmüşdü əvvələ dədəli, nəydi?!

Yoldu toz olanım, uğuru daşlı,
Keçirdim bir ömrü cəngli-savaşlı.
Çaşıb mat olmuşdum ağıllı-başlı,
Həyatın əlində nə dəli,- nəydi?

Gerçək gördüyümdə nağıl da vardı,
Əynimə gen dünya başıma dardı.
Ağlayan canımı gülüb alardı,
Kəsmişdi üstümü hədəli,- nəydi?!

Sevildim haralı, sevdim haralı,
Bitişib gəzirdim dərdə, aralı.
Uçunan ürəyim quşdu yaralı,
Sinəmdə çırpınan zədəli, nəydi?

Əyilib gəzən qəm öz kölgəmdı şıq,
Qorxudan udduğum qandı bir qaşıq.
Gələndə yumulu, gedəndə açıq,
Ovcumda bir ömrün bədəli nəydi?

QÜRUB VAXTININ KƏDƏRİ

Təkcə günəşin yox, bu gün, hər şeyin,
Səmanın, torpağın qürub çağıydı.
Mənim ürəyimi üzən kədər, kin,
Sənin gözlərini,- ağlamağıydı.

Nəfəs can atırdı havasızlığa,
Boğulub-batmağa səbəb var elə.
Çətin ki, toranın qoynuna sığa,
Axır günbatana buludlar elə.

Yaman qüssəliydi ayazıyan çən,
Gəlirdi göylərin qəmi tən yerə.
Çarmıx aparırdı kimsə xəyalən,
Adamın ürəyi çəkilən yerə.

Üzü axşamadır yolların üstü,
Çöldə böcəklərin cır səsi itdi.
Uzaqda əridi bir baca tüstü,
Qərib bir komanın kölgəsi itdi.

Göy daha dalğındı, yer daha üzgün,
Fələyin saydığı say bu deyildi.
Az qala ölürdüm qüssədən bu gün,
Mənim doğulduğum ay bu deyildi.

Bir bəla qalmadı başımdan qıraq,
Çoxdan qırılmışdı sazaqda xətir.
Bayırda günəşdi, evdə çilçıraq,
Sönürdü şüalar üfüqdə bir-bir.

AĞRI

Sonuncu naləni hayqırmaq olmur,
Nəfəs də çatmayır sonuncu aha.
Nə sinə o sinə, nə hava odur,
Nə də o inamdır uca Allaha.

Saxta qürurun da süni dərdi var,
Özündən şübhəli o Mən kölgədir.
Dodaqdan uzağa uçmaz dualar,
Açıq ovcumuza düşən kölgədir.

Yada nökər olduq, özünə ağa,-
Sıyrıla bilmədik bir paslı qından.
Sevgimiz yetmədi torpaq olmağa,
Eşqimiz az imiş üz qarasından.

Çoxdandır doğranıb səs tellərimiz,
Quruyan hulqumun havası nəmdir.
Qaralan çuxuru sönmüş gözük biz,
Ciyərli oğlanlar dığdır, vərəmdir.

Vecsiz təsəllidir,”canın sağ olsun”
Ruhun əsirdisə, canın sağ olmur.
Sonuncu fəryadı çəkib qurtulmaq,
Sonuncu naləni hayqırmaq olmur.

ƏFSUSLAR OLSUN

Dünyaya gəlmişdik yaşamaq üçün,
Əcəl alıb-getdi, yaman aldandıq.
Adımız səhv düşdü bəxt yazılan gün,
Oldu ürəklərə daman,- aldandıq.

Yoxdu ki,unudaq ağılı, huşu,
Allaha bənzətdik Tanrı vurmuşu.
Boş-boş nağıl imiş padşahlıq quşu,
Vermədi zalımlar aman, aldandıq.

Çox gözəl aldılar kefin köpünü,
Yanan saxlamadı geri körpünü.
Qarğalar dənlədi mədəd çöpünü,
Batanda tapmadıq saman, aldandıq.

Daha çınqı çıxmaz, daşa çax qovu,
Hovlatdı can deyən başımız tovu.
Təzəcə dadırdıq xəyal-plovu,
Bişməmiş qapdılar haman, aldandıq.

Nə bilək, nə cürə maldı azadlıq,
Təptəzə andıra qaldı azadlıq.
Ümid edirdik ki, kaldı azadlıq,
Heç vaxt yetişmədi zaman, aldandıq.

Daha cırılmağa yoxdu yaxan, kəs,
Ağlamaz halına ağa, ya xan, kəs!
Falı da “mələtdi” falabaxan kəs,
Rəml atdı, qam tutdu şaman, aldandıq.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

DAHA ÇOX XƏBƏR – ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

LALƏ İSMAYIL – YALVARIM

Lalə İsmayıl – şair.

YALVARIM

Kədər yağıb göz-qaşına,
Üz çevirib sirdaşına,
Yenə çıxıb dağ başına
Enərmi düzə, yalvarım?!
* * *
Nazı kəsir nəfəsimi,
Gözdə qoyur həvəsimi,
Bir dinləyə haqq səsimi,
Baxmayır sözə, yalvarım.
* * *
Qoymayır inadın yerə,
Salıb məni dərdə-sərə.
İstəyirəm bircə kərə
Gələk göz-gözə, yalvarım.
* * *
Gecəm, günüm olub haram,
Sızıldayır könül yaram.
Zalım balasında param
Düşmüşəm dizə, yalvarım.
* * *
Öyrənib fələk felini,
Yamsılayır dağ selini.
Talan edib mən dəlini
Salmasın közə, yalvarım.
* * *
Yarım qalmasın arzumuz,
Barışsın bəxt ulduzumuz,
Qoşa yazılsın yazımlz
Gül açsın təzə, yalvarım.
* * *
Sədəfli saz dilə gəlsin,
Çal, Lalənin bağrın dəlsin,
Yarım gülə-gülə desin,
“Dur gedək bizə “, yalvarım.
20.06.2017.

Lalə İsmayıl, Ülviyyə xanım və Südabə İrəvanlı.

Müəllif: Lalə İSMAYIL

LALƏ İSMAYILIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ARAZ ŞƏHRİLİ – QƏDİM ROMA NOVRUZDAN NİYƏ İMTİNA ETDİ?

Qədim Roma.

NOVRUZ SİRLƏRİ: QƏDİM ROMA NOVRUZDAN NİYƏ İMTİNA ETDİ? – BÖYÜK YAZIDAN KİÇİK BİR HİSSƏ

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından

Roma mifologiyasına görə, Marsın müqəddəs heyvanları canavar, at, öküz və ağacdələndir. Romalıların təqvimində birinci ay sayılan mart Marsın şərəfinə adlandırılmışdır. Yeri gəlmişkən, qədim pars dilində kişiyə “martiya”, orta pars dilində isə “mart” deyilirdi. Türk və İran xalqları kimi, qədim romalılar da “qışın qovulmasını” və yeni ilin başlanmasını mart ayında bayram edirdilər.

Haşiyə. Qədim romalılar Marsı məhsuldarlıq və müharibə ilahı hesab edirdilər. Rəvayətlərə əsasən, Mars Romanın qurucusu Romulun və onun qardaşı Remin atasıdır. Marsın həyat yoldaşının adı Nerio və ya Nerionis idi. Zənnimizcə, Nerio–Nerionis adının Narəs-Nevruz–Navrez–Novruz sözünə bənzəməsi heç də təsadüfün nəticəsi deyildir. Bəzən Marsı yunan mifologiyasındakı müharibə ilahı Areslə, Nerionisi isə Roma əsatirlərindəki ilahlar Venera və Minerva ilə eyniləşdirirlər.

QEYD: Herodotun «Tarix» əsərində və digər qədim yunan mənbələrində Ares (Mars) ilahının sakalarla (skiflərlə) bağlı olduğu dönə-dönə qeyd edililmişdir. Herodotun yazdığına görə, skiflər yalnız Aresə qurban kəsirdilər. Qədim türklərin iki böyük peyğəmbərindən birinin adı Ərəsdir (Ares). Y.V. Çəmənzəminlinin «Qızlar bulağı» romanında bu məsələlərə toxunulmuşdur.Beləliklə, e.ə. 46-cı ildə astronom Sozigenin təklifini bəyənən Roma imperatoru Qay Yuli Sezar (e.ə. 100–44) yeni il bayramını yanvar ayına keçirmişdir. Görünür, bunu etmək üçün onun tutarlı bir əsası var idi. Qeyd etmək lazımdır ki, e.ə. 53-cü ildən etibarən Roma imperiyası ilə Parfiya imperiyası arasında şiddətli qarşıdurma dövrü başlanmışdı. Bəlkə də Roma konsulu Mark Lisini Krassın (e.ə. 115–53) 7 legionunun darmadağın edildiyi Hərran (Karr) döyüşünün acı nəticələri romalıların parfiyalılar ilə eyni dəyərləri bölüşmək istəməmələrinə və beləliklə, yaz bayramından da imtina etmələrinə səbəb olmuşdur.

Haşiyə. E.ə. 53-cü ildə istedadlı sərkərdə Surxanın rəhbərlik etdiyi 11.000 nəfərdən az Parfiya süvarisi indiki Türkiyənin qədim Hərran (Karr) şəhərinin yaxınlığında baş vermiş döyüşdə Roma konsulu Mark Lisini Krassın təxminən 50.000 nəfərlik güclü birləşməsini ağır məğlubiyyətə uğratmışdır. Bu parlaq qələbənin əsas sirri parfiyalıların döyüş taktikasında idi. Onlar yalandan geri çəkilərək düşməni özlərinin zəif olduğuna inandırmış, bununla da yağını irəli atılmağa təhrik edib, sıralarının, ən əsası isə artıq işlənib hazırlanmış planlarının pozulmasına nail olmuş, sonra qəfil geri dönərək ildırım sürətli hücumla onu darmadağın etmişdilər. Amma mümkündür ki, yeni ilin mart ayından dekabr ayına keçirilmısi barədə qərar Sezarın öz iradəsi ilə çıxarılmışdır. Belə ki, e.ə. 49–45-ci illərdə Roma imperiyasında Qay Yuli Sezarın və Qney Pompeyin (e.ə. 106–48) tərəfdarları arasında vətəndaş müharibəsi baş vermiş, onun gedişində parfiyalılar fəal surətdə Pompeyi dəstəkləmişdilər. Bunun qisasını almaq istəyən Sezar Parfiya üzərinə növbəti hərbi yürüş planlaşdırsa da, e.ə. 44-cü ildə onun qətlə yetirilməsi yeni müharibənin qarşısını almışdır. Simvolikdir ki, sui-qəsdçilər Sezarı məhz onun ləğv etdirdiyi bayramın qeyd olunduğu mart ayında (15 mart) öldürmüşlər.

Qeyd. Qədim Roma əfsanələrində Romulun alban kimi təqdim edilməsi və hadisələrin Alba-Longada (Alban ölkəsində) baş verməsi ilk romalıların əksəriyyətinin Şimali Azərbaycandan – Qafqaz Albaniyasından olduğuna dəlalət edə bilər.* Əsrlər ötdükcə bu azsaylı qaçqın qrupu yerli əhali arasında assimilyasiyaya uğramış, onların keçmiş vətənləri haqqında xatirələri isə tədricən miflərə çevrilərək həqiqi tarixlərinin üstünə qalın pərdə çəkmişdir. Romanın məşhur patrisi nəsilləri – Geganilər, Julilər (Julius), Quinktilər, Kuriatilər, Kloelilər, Servililər alban əsilli idilər. Julilər nəsli Sezar (Kaesar) adı ilə tanınırdı. Bu nəslin sonuncu nümayəndəsi Roma imperatoru Qay Yuli Sezar olmuşdur.Dillərini və dinlərini unutmuş albanlar Roma cəmiyyətinin ən imtiyazlı zadəgan qruplarından biri olan “ekvitlər” (süvarilər) adı altında mövqelərini uzun müddət qoruyub saxlamış, e.ə. II əsrin 20-ci illərindən sonra isə Romanın həm də maliyyə aristokratiyasına çevrilmişdilər. Eramızın I əsrindən etibarən Roma ordusunun komanda heyəti, əsasən, “ekvitlər”dən təşkil olunurdu. İmperator Makrin (217–218) onlardan idi. Makrin devrildikdən və qətlə yetirildikdən sonra onun oğlu Diadumenias Parfiyaya qaçmağa çalışmışdı.

P.S. Qədim romalılarla bağlı aparılmış son genetik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, onların əksəriyyəti, təxminən, 3.000 il əvvəl Romaya Xəzər dənizinin qərb sahillərindən köçmüşdür.

Bu barədə tam məlumatı Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.


Müəllif: Araz ŞƏHRİLİ


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

ZAUR USTAC – VURĞUN VƏTƏNDİ – VURĞUNA

Səməd VURĞUN

Baharla birgə qədəm qoydu Azərbaycan torpağına, baharı gətirdi Azərbaycana… Səməd kimi doğuldu, Vurğun kimi böyüdü, Vəkillik etdi Azərbaycana… Yeni gündə gəldi dünyaya, yenilik gətirdi Azərbaycana, Azərbaycan ədəbiyyatına… Bu gün dahi söz adamının, böyük el sənətkarı Azərbaycan durduqca yaşayacaq, hər Azərbaycan kəlməsi deyiləndə, eşidiləndə, yazılanda yenidən doğulacaq, Azərbaycanın özü kimi qədim, dağları qədər vüqarlı, həmişəcavan, həmişəyaşar Səməd Vurğunnun anadan olduğu gündür. Doğum günündə böyük ustadı rəhmətlə anırıq. Ruhu şad olsun. Amin.

VURĞUN VƏTƏNDİ…
(Vurğuna)

Vurğunam, Vurğunun vurğunluğuna,
Vətən varlığıydı, Vətən varıydı…
Vətəndə vətənsiz Vurğunluğuyla,
Vətənin varlığın vurğulayırdı….
* * *
Varam, Vurğunumun vurğunluğuna,
Varıynan varmışdı varılmayana,
Vətənin vəkili Vəkiloğluna,
Vətən vüqariydı, Vətən varıydı….
* * *
“Vurğunam”, Vətənin varı varımdı,
Vecsizlər vulqarlıq vurğulayırdı,
Vurğunsa, Vətənə Vətən verirdi,
Vətən Vurğunuydu, Vurğun Vətəndi….

24.04.2016 . Bakı.

Müəllif: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMƏD VURĞUN HAQQINDA

Səməd Vurğun – Səməd Yusif oğlu Vəkilov.

SƏMƏD VURĞUN HAQQINDA

Səməd VURĞUN Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olmuşdur. Vəkilağalılar, sonralar isə Vəkilovlar adlanan nəslin 300 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılardan çox cürətli hərbiçilər, maarifçilər, həkimlər, şairlər yetişmişdir. Onlar çar Rusiyası dövründə Qazaxda, Tiflisdə, başqa yerlərdə yaşamış və işləmişlər. Şairin atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşamışdır. O, çox səxavətli olduğundan öz var-dövlətini əlində saxlaya bilməmiş, yoxsullaşmışdır.Balaca Səmədin uşaqlığı çox acınacaqlı olmuşdur. 6 yaşı olanda anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın əri-şairin babası Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan şair idi. Görkəmli Azərbaycan şairi, Qarabağ xanı İbrahim xanın vəziri Molla Pənah Vaqif (1719-1797) də bu nəslə mənsub olmuşdur.Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ilk təhsilini kənd məktəbində almışdır.1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova (Köçərli) şairin yaxın qohumu idi.Səməd Vəkilov gəncliyində o hər şeylə maraqlanan, həssas, şıltaq, bədəncə zəif, bununla yanaşı çox cürətli, möhkəm iradəli, hazırcavab idi. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərməyə başlamışdı. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, A.S.Puşkinin, Y.M.Lermontovun və türk yazıçılarından Tofiq Fikrətin, Namiq Kamalın, Məhməd Əminin əsərləri ilə də tanış olur. Səsi olduğundan gözəl oxuyur, məharətlə şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı Xanqızı Vəkilova qayğı göstərir.Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qazetində çıxırdı.Şairin ilk çap əsəri olan «Cavanlara xitab» şeiri 1925-ci ildə Tiflisdə çıxan «Yeni fikir» qazetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün «Vürğün» təxəllüsünü götürür. O, özü sonralar belə yazırdı:

Aşiqəm insana və təbiətə,
Əlim qələm tutub yazandan bəri…

1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fəkültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur.Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş «Şairin andı» adlı ilk kitabında toplanmışdır.1930-1940-cı illər-Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin «Könül dəftəri» və 1935-ci ildə «Şeirlər» adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, poeziyamızın dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, ədəbiyyatımızı, dramaturgiyamızı yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış «Azərbaycan» şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə doğma Azərbaycanın qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyi öz əksini tapmışdır:Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş vermişdir. O, Abdulla Şaiqin baldızı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurmuşdur.O, çox qayğıkeş və mehriban ata idi. Həyat yoldaşı Xavər xanım uşaqların şıltaqlığından şikayətlənəndə, Səməd Vurğun demişdi ki, mən özüm ana, ata qayğısından məhrum olmuşam, qoy uşaqlarım sərbəst böyüsünlər. Şairin Xavər xanıma və uşaqlarına həsr etdiyi şeirlər bu münasibətin gözəl ifadəsidir:

Yusifin, Vaqifin görüm var olsun,
Aybəniz hamıdan bəxtiyar olsun.
Yüz il də Vurğuna Xavər yar olsun,
Ən əziz sirdaşım, köməyim sənsən .

Səməd Vurğun 1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, A. S. Puşkinin «Yevgeni Onegin» mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir:

Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şeirinin şah əsərini
Çevirdim ilk dəfə türkün dilinə.

Bu mənzum romanın tərcüməsinə görə şairə Puşkin komitəsinin «A. S. Puşkin medalı» təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin «Pələng dərisi geymiş pəhvəlan» əsərinin bir hissəsisini böyük ustalıqla tərcümə etmiş, bunun üçün Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin, Cambulun bir çox şeirlərini dilimizə tərcümə etmişdir.1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – «Vaqif»i yazır. «Vaqif» dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etmişdir. «Vaqif» dramına görə Səməd Vurğun 1941-ci ildə «Stalin mükafatı laureatı» adına layiq görülmüşdü.1937-1938-ci illərin məlum hadisələri – qanlı represiyalar Səməd Vurğunu da «unutmamışdı». Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə «onun məsələsinə» baxılmış, böyük şair «olum və ya ölüm» dilemması qarşısında qalmalı olmuşdur. Şairi «lazımi idarələrə» tez-tez çağırırdılar. Lakin Səməd Vurğun mənəvi iztirab keçirsə də, əyilməz iradəsi, cürəti, məntiqi və təsirli danışıqları ilə əleyhdarlarının planlarını pozmuşdu.Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun «Leyli və Məcnun» poemasını məharətlə dilimizə çevirmişdir.1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan «Xanlar»ı yazmışdır. Həmin il onun «Azad ilham» kitabı nəşr edilir.1941-ci ildə Səməd Vurğun Nizaminin «Xosrov və Şirin» poemasının motivləri əsasında «Fərhad və Şirin» mənzum dramını yazır. Muharibə dövründə yazılmış bu dramda böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə «Stalin mükafatı layuratı» adına layiq görülür.Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tütür. Müharibənin başlandığı gün Səməd Vurğunun yazdığı:

Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən.

– misraları şairin Xalq və Vətən qarşısında andı idi. Bu misralar təkcə şairin deyil, bütün Azərbaycan poeziyasının müharibə dövründəki yaradıcılıq proqramına, yaradıcılıq devizinə çevrilmişdi.Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən «Bakının dastanı»nı yazmışdı.Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı «Ukrayna partizanlarına» şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdır.1943-cü ildə Amerikada keçirdiyi müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı «Ananın öyüdü» şeiri çox yüksək qiymətləndirilmiş və bütün dünya ədəbiyyatında bu mövzüda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbiçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşin səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Fizuli adına Ziyalılar evi yaranmışdır.1945-ci ildə yazdığı fəlsəfi dram olan «İnsan»da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun məqalələrinin birində yazırdı: «Mən «İnsan» adlı beş pərdəli mənzum dram üzərində işləyirəm. «İnsan» mənim dördüncü mənzum dramımdır. Əsər üzərində böyük bir zövqlə işləyirəm, çünki tarixi mövzuda yazılmış əvvəlki üç pyesimdən fərqli olaraq mən birinci dəfə öz müasirlərimin surətinə müraciət etmişəm, onların gələcək nəslini təsvir etmək əzmindəyəm.»Şairin «İnsan» əsərində yaratdığı «Qardaşlıq şəhəri»ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır. Müəllifin həmin pyesdə qoyduğu «Qalib gələcəkmi cahanda kamal?» dərin bəşəri, fəlsəfi, ritorik sual bu gün də və gələcək zamanlar üçün də aktual olaraq qalır.Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin başçısı Səməd Vurğun təyin edilir. İlk günnən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR-i arasında mədəni körpü yaradılması işində fəal iştirak edir.Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun «Vaqif» dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Qacarın obrazında Hitlerə məxsus cizgilər vermişdir.1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra şair «Zəncinin arzuları» poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur «Avropa xatirələri» adı ilə çap etdirmişdir.1951-ci ildə şair «Bolqar-sovet dostluğu cəmiyyəti»nin xəttilə Bolqarıstanda olmuşdur.O dövrün xarici mətbuatında Səməd Vurğunun xaricdə çıxışları, keçirilən görüşlərdə məzmunlu, məntiqli söhbətləri haqqında yazılar dərc edilmiş, yaradıcılığından nümunələr çap edilmişdir. Böyük rus yazıçısı və şairi Konstantin Simonovun yazdığı «Dostum Səməd Vurğunun Londonda ziyafətdə nitqi» şeiri çox yayılmış, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdi.Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca «Muğan» (1948), «Aygün» (1950-51) və «Zamanın bayraqdarı» (1952) poemalarını qələmə almışdır.Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, yenə 1953-cü illərdə haqsız hücumlara, təziqlərə məruz qalır. «Aygün» poeması tənqid edilir şairin Moskvada çap edilmiş «Şairin hüquqları» məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Söz yayılır ki, Vurğun tutulub. Bu düz olmasa da, 1953-cü ilin sentyabr ayında həbs edilməsi üçün order yazılması həqiqət idi. Lakin 1953-cü ilin yayında SSRİ və Respublika rəhbərliyində edilən dəyişikliklər nəticəsində bu tədbir baş tutmur… (1956-cı ilin yanvar ayında o zamanki, respublika rəhbəri M.C.Bağırovun və dəstəsinin məhkəməsində, onların «Azərbaycanın sevıimli şairi görkəmli sovet yazıçılarından biri Səməd Vurğunu aradan götürmək cəhdləri» ifşa edilmiş, bu məqsədlə topladıqları böhtan dolu iki qovluq material, o cümlədən həbsi üçün order əşyayi-dəlil gətirilmişdir.)1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. Səməd Vurğunu Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edirlər. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmdov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu. 1954-cü ildə Sovet yazıçıların ikinci ümumittifaq qurultayında «Sovet poeziyası haqqında» məruzə ona tapşırılmışdı. Bu, o dövrdə xalqımız üçün olduqca iftixaredici bir hadisə idi.1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanasında müayinə edirlər. Şair xəstəxanada olduğu müddətdə tezliklə sağalmaq və fəal həyata qayıdmaq arzusu ilə yaşayır. Yataqda yazdığı kiçik şeir onun böyük iradəsini və mətanətini göstərir:

Vaxtsız əcəl, məndən uzaq dolan, dur
Qürbət eldə can vermərəm ölümə!
Qılıncını məndən uzaq dolandır
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə.

Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir…1956-cı ilin mart ayında Səməd Vurğunun 50 yaşı tamam olur. Xalqımız şairin yubileyinin keçirilməsinə hazırlaşır. Azərbaycanın rəhbərliyi tərəfindən «Azərbaycanın xalq şairi» adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq 

görülür. May ayının 12-də opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. Amansız ölüm şairin həyat eşqilə çırpınan ürəyini, yaradıcılıq atəşi ilə odlanan qəlbini əbədi susdurur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. O günlər bütün Azərbaycan matəm içərisində idi. Üç gün xalqımız şairlə vidalaşmağa gəlir, izdihamlı insan axının arda-arası kəsilmirdi. Şair may ayının 30-da Bakıda Fəxri xiyabanda dəfn edilir.Matəm günlərində şairin ailəsinin adına ölkəmizin bütün guşələrindən baş sağlığı teleqramları gəlirdi. Ürək ağrısı ilə yazılmış belə teleqramların birində: «Təsəlliniz o olmalıdır ki, Səməd Vurğunun öldüyü gündən onun yeni həyatı – şair ölümsüzlüyü başlanır» – sözləri yazılmışdı. Bu həqiqət idi…Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilmişdir. Bundan başqa Azərbaycan Rus Dram Teatrı, Dənizkənarı parkdakı yay kino-teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva küçələrindən biri, Kiyev şəhərində kitabxana, Düşənbə şəhərində 57 saylı məktəb və Bolqarıstanda texnikum şairin adını daşıyır.Respublikamızın bütün rayonlarında Səməd Vurğun adına onlarla məktəb, mədəniyyət evi, küçə, park vardır. Vaxtilə respublikada bir çox kolxoz və sovxozlar da şairin adını daşıyırdılar. Şəhər və kəndlərdə şairin heykəlləri, büstləri qoyulmuşdur. Müxtəlif yerlərdə şairə həsr olunmuş güşələr və kiçik muzeylər yaranmışdır. Bunların içərisində Qax şəhərində müəllim Məmməd Aşurovun öz həyətində inşa etdiyi evdə yaratdığı «Səməd Vurğun muzeyi» xüsusi yer tutur.1975-ci ildə Bakıda «Sovet ədəbiyyatı günləri»ndə ölkənin ədəbi ictimayətinin iştirakı ilə «Səməd Vurğunun ev-muzeyi»nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyinin filialı – «Səməd Vurğunun poeziya evi» yaradılmışdır.

DAĞLAR

Binələri çadır- çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!

Maral gəzər asta – asta,
Enib gələr çeşmə üstə.
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar?

Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı;
Dolaylarda bahar çağı:
Bir doyunca gəzim, dağlar!

Qayaları baş – başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!

Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada;
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar

1943

ŞAİR, NƏ TEZ QOCALDIN SƏN!

Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!

1953

Allah rəhmət eləsin… Ruhu şad olsun…

Təqdim etdi: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏRGİZ MİRZƏYEVA – BAHAR

Nərgiz Mirzəyeva – məktəbli, şair.

    Bahar

İçimdə bir xoş duyğu var,

Xoş ümidlə gələn bahar.

Hər mövsümün öz yeri var,

Yerin bir başqadır, bahar,

Xoş təbəssüm saçan bahar,

Üzümüzə gülən bahar.

Quşlar yenə nəğmə deyir,

Bir ümidsən insanlara.

Xoş nəfəsin həyat verir,

Güllü-çiçəkli bağlara,

Uca zirvəli dağlara,

Bərəkətsən torpaqlara.

Gətirdin bayramı yurda, yuvaya,

Bayram gözəlliyin yayır hər yana

Günlər təzələnir sevinir hamı,

Tonqallar qalanır şənlənir hamı,

Gözəl yaraşırsan bizim vətənə.

Gözəllik verirsən Azərbaycana.

Qəlbimdə xoş arzular,

Quşlar verib səs-səsə,

Uçurlar diyar-diyar

Novruz gəlir yaz ilə,

Ürəklər dilə gəlir:

Nə yaxşı ki, bahar var.

Çaylar əriyib-daşır,

Bərəkət aşır-daşır.

Küsülülər barışır,

Xoş niyyətlər dolaşır.

Arzularım Çin oldu

Qarabağım alındı

Xarıbülbül sevindi,

Bülbüllər nəğmə dedi,

Vətənim başdan-başa

Gözəlliyə büründü.

Müəllif: Nərgiz Mirzəyeva (297 nömrəli məktəbin şagirdi)

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİLƏ NƏZƏR – BAYRAM ALQIŞI

Adilə Nəzər – alim, şair, yazar.

BAYRAM ALQIŞI
Mən alqış deyirəm, gəlin qol qoyaq,
Vəsfi Vətən olsun sözlərimizin.
Tanrı müjdələsin, xoş xəbər duyaq,
Qüvvəsi qayıtsın dizlərimizin.
* * *
Oğullar dağlarda ovuna yatsın..
Başını ad-sana, şöhrətə qatsın.
Könlündən keçənə əlləri çatsın,
Oynasın telləri sazlarımızın.
* * *
Hamı desin-gülsün, hamı şənlənsin,
Açılsın çiçəklər, güllər dillənsin.
Ana-ataların gözü nəmlənsin,
Qoy bəxti açılsın qızlarımızın.
* * *
Arzular göyərsin bu yaz qabağı,
Yansın Novruz şamı, bayram çırağı.
Geriyə qaytardıq can Qarabağı,
Süzülsün sevinci gözlərimizin.


Müəllif: Adilə NƏZƏR

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

MAYIL DOSTU – BAHAR GƏLİR

Mayıl Dostu – şair, alim, pedaqoq.

BAHAR GƏLİR
Ürək coşur, gəlir dilə,
Salam deyir təzə ilə,
Sevinc qonur hər könülə,
Oyan könül,bahar gəlir.
* * *
Şəkərbura, qoğal bisir,
Səməni uzanır, şişir,
Novruzgülü daşı deşir,
Oyan könül,bahar gəlir.
* * *
Şən uşaqlar tonqal çatır,
Səsdən, küydən qulaq batır,
Tək – tək soyuq damcı atır,
Oyan könül,bahar gəlir.
* * *
Hər tərəfə rəng çəkilir,
Çöl daranır,yer əkilir,
Göydən yerə nur tökülür,
Oyan könül,bahar gəlir.
* * *
Çəmən,çiçək,hər yan gülür,
Üzlərdən fərəh tökülür,
Elə bil dünya yekəlir,
Oyan könül,bahar gəlir.
Müəllif: Mayıl Dostu


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ŞAHİN MUSAOĞLUNUN YARADICILIĞINA HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

“Keçmiş zabit olmur. Ehtiyatda olan zabit var, istefada olan zabit var. Zabit dediyin savaş adamı… onlar döyüşə bir bütöv tam olaraq girərlər.
Həm ruhları ilə həm xatirələri ilə həm də arzuları ilə təkcə “Vətən naminə”, təki “Vətən sağ olsun” deyə savaşarlar…” Şahin Musaoğlu

Şahin Musaoğludan yuxarıdakı sitatı əbəs yerə gətirmədim. Azərbaycan Ordusunun qurulmasında, möhkəmlənməsində Şahin Musaoğlunun əməyi, zəhməti, xidmətləri danılmazdır. O, çox nadir şəxslərdəndir ki, ordumuzun bütün mənsublarının, qazilərimizin, orduda xidmət keçənlərin doğmalarının bir sözlə cümlə vətənpərvər vətəndaşlarımızın qəlbində öz adı ilə, öz sözü ilə, öz bəstəsi ilə eyni dərəcədə rəğbətlə yüksələn uca taxt qurmuşdur. Ən çətin məqamlarda onun “İGİD ƏSGƏR MÖHKƏM DAYAN” nidası əsgərlərimizə necə dayaq olubsa, “HAY VER MƏNƏ CƏNAB LEYTENANT”ı da zabitlərimizə təpər, onların yolunu gözləyənlərə bir təsəlli olub.

Əsgərə dayaqdır, zabitə ilham,

Onun sayəsində belə gümraham!!!

Ali Hərbi Məktəbdə gələcəyin zabitləri ilə keçirilmiş bu tədbir olduqca təqdirəlayiq və vacib hadisədir. Görüşdə məktəbin komanda və müdavim heyəti ilə yanaşı ölkəmizin tanınmış incəsənət xadimləri də iştirak edib. İştirakçılar Şahin Musaoğlunun özünün və sənətçilərin ifasında əsərlərini dinləyib, maraqlı xatirələrlə tanış olublar. Sonda Şahin Musaoğluna fəxri fərman təqdim olunub və xatirə şəkilləri çəkilib.

ŞAHİN MUSAOĞLU HAQQINDA :

Şahin Musaoğlu — (Şahin Əbilov) Azərbaycan Yazıçılar Birliyinin üzvüdür,AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri,İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü,MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laueratıdır. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü.

Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Bu kənddə orta məktəb təhsili alan Şahinin sonrakı taleyi isə qısa fasilələrlə Bakı şəhəri ilə bağlanıb.1980-86-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb institutunda (indiki ATU) təhsili alan Ş.Musaoğlu müalicə-profilaktika fakültəsini bitirərək həkim kimi fəaliyyətə başlayır. İlk təyinatı isə Biləsuvar rayonuna olur. 4 il burada həkim kimi çalışdıqdan sonra paytaxta dönür. 1990-cı ildə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında işə düzələn Ş.Musaoğlu o zaman çox da geniş yayılmayan bir sahə — USM üzrə öz həkimlik ixtisasını artırmağa başlayır. Müasir texnoloji biliklərə əsaslanan tibbin bu modern sahəsində əldə etdiyi təcrübəsi sonradan onu bu işin ən yaxşı mütəxəssislərindən birinə çevirir.

Ş.Musaoğlunun Bakıdakı həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradır.1992-ci ildə, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur “Əsgər marşı”ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı-“İgid Əsgər, Möhkəm Dayan! “ ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra Şahin növbəti savaş türkülərini yazır. 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunmuş “Qərib Karvan” , Milli Ordunun ilk batalyonu haqda yazılan “Birinci Batalyon” , “Cənab Leytenant” və.s bu kimi bir-birinin ardınca Şahinin bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırır. Ş.Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirir. Sözləri böyük şairimiz Bəxtiyar Vahabzadəyə məxsus “Bay yurdum” , həmişəyaşar istiqlal nəğməkarı Əhməd Cavadın sözlərinə yazdığı “Bismillah”, yaşadığımız dünyanın ən böyük söz adamlarından biri olan Ramiz Rövşənin şeri əsasında bəstələdiyi “Yalquzaq” poeziyamıza Bozqurd harayı gətirmiş Rüstəm Behrudinin məşhur “Salam Dar ağacı” şeirinin sözlərinə bəstələdiyi eyni adlı mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verir.

KİTABLARI: 

1.”İgid Əsgər Möhkəm Dayan” ,

2. “Yaşamaq gözəldir,Yaşatmaq sonsuz” ,

3. “Ağ Ümid” ,

4. “Cəng əsgəri – ييجيت سولدير الوقوف ثابتة”.

və onlarla bədii ,elmi məqalələrin müəllifi olan Ş.Musaoğlunun yaradıcılıq işi nəticəsində üç audio kasset- “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır” və “Bozqurd harayı” (sonuncu Almaniyada istehsal olunub) həmçinin “Öncə Vətəndir”, “İgid əsgər möhkəm dayan”,”Cənab Leytenant”, “Şahin Musaoğlunun müəllif mahnıları” adlı kompakt diskləri dinləyicilərinin ixtiyarına verilib.

Indiyədək bəstələdiyi 30-dan çox mahnının əksər sözlərinin də müəllifi olan Ş. Musaoğlunun şeirləri müxtəlif şeir toplularında və mətbuat orqanlarında, o cümlədən xarici ölkələrin (İran,Türkiyə,Küveyt,Rusiya) populyar dərgi,qəzet və internet saytlarında işıq üzü görüb.

Hal hazırda Medservis özəl tibb mərkəzinin poliklinika müdiri və MedEra Hospital klinikasının dioqnostika şöbəsinin müdiri vəzifəsində çalışır.

Ailəlidir, iki oğlu var.

Şahin Musaoğlunun əsərləri və bəstələri 

  1. “İgid Əsgər Möhkəm Dayan”
  2. “Çağırır Vətən”
  3. “Vətən Əmanəti”
  4. “Öncə Vətəndir”
  5. “İstiqlal marşı”
  6. “And İçirik”
  7. “Cənab Leytenant”
  8. “Ağ Ümid”
  9. “Birinci Batalyon”
  10. “Səma Şahinləri”
  11. “Səfərbərlik Marşı”
  12. “Yurd həsrəti”
  13. “Azadlıq yanğısı”
  14. “Qəlbin Payızı”
  15. “Bismillah”
  16. “Yalquzaq”
  17. “Torpaq”
  18. “Salam,dar ağacı”
  19. “Yollar Yordumu Səni”
  20. “Bay Yurdum”
  21. “Türkün bayrağına”
  22. “Veteran marşı”
  23. “Çağırışçı marşı”
  24. “Elegiya”
  25. “Tanrımı apardı,özünmü getdin?”
  26. “Daha Ayrılmarıq”
  27. “Rəqqas insan”

Şahin Musaoğlunun esseləri 

  1. On altı ilin savaş hekayəsi 
  2. Bir əsrlik yaşam marşı və ya 100-cü doğum gününə iki ay qalmış susan ürəyin hekayəsi.
  3. Adları əbədi yaşayacaqdır” və ya “Yalnız Tanrı bilir
  4. Herkes ona “Bey” derdi
  5. Nizami Gencevi
  6. Adsız Qəhrəmanlar 
  7. Əmir Teymurun qılıncı.

TƏDBİRDƏN FOTOLAR:


Təqdim etdi:
 Zaur USTAC


ŞAHİN MUSAOĞLUNUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏFAİL TAĞIZADƏ – UZUNDƏRƏ ŞEİRİ

Ağdam Çörək Muzeyi…

İki gün öncə bir qrup Ağdama səfər etmişdi, bu gün də bir qrup gedir. Bir gün biz də həmin Uzundərədən keçib Ağdama həmişəlik gedəcəyik. Tarixlər yatan Uzundərədən…


UZUNDƏRƏ
Ağdamda Uzundərə deyilən bir yer var. “Uzundərə” oyun havası da həmin yerin adıyla bağlıdır. İşğal altında olan Uzundərədə ermənilər tez-tez hərbi təlimlər keçirirlər.

Bu nə toydu, Uzundərə-
tar-qavalın qırıq-qırıq,
çadırların cırıq-cırıq,
qəlblər ölü, sınıq-sınıq.
Havana tanklar oynayır,
toyunda mərmi partlayır,
bu nə toydu, Uzundərə?
Dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.


Gəlinlər getməz bu yolu,
gül bitirməz sağı-solu,
kim qaldırar burda qolu,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.

Nələr çəkər başın hələ,
bu dərd sığmaz göyə, yerə,
oynayırıq sənsiz yenə:
bir hava çal, “Uzundərə”
çal, kəsik qolum oynasın,
yox olan yolum oynasın,
boş qalan solum oynasın,
qoy durub ölüm oynasın.
Ürəksiz oğlun oynasın
ağrıları kürəyində,
qovruluram ürəyimdə,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.


Yolun hara-Şuşayamı,
sağın-solun şiş qayamı,
yaylağa köçlər daşıyan
karvanlar düşdü “hay”amı?
Mərmi dolu maşın gedir
faytonlar gedən yolları,
içində ölüm aparır,
toyların fəryad qoparır,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.

Ağdam – Uzundərə…

dərd ağlayar beləsinə,
sel yeriyər dərəsinə,
əlim çatmır bərəsinə,
qaralı-ağlı dərəmin,
sinəsi dağlı dərəmin,
yolları bağlı dərəmin


sevinci sönüb gedib,
gülüşü dönüb gedib,
durnası çönüb gedib,
qolları bağlı dərəmin


nə vaxtdı bağlıdı qolu,
sinəsi dərdlərlə dolu,
qoynuna aldığı yolu
mənsiz ağlayan dərəmin…
09.12.2012.

Rəfail Tağızadə – ictimai-siyasi xadim, şair.


Müəllif: Rəfail Tağızadə



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru