FIRLANIR DÜNYA Canlı dediyimin gəlir yuxusu, Təkcə oyaq qalan hava, torpaq,su. Əbədi olan var,Allah duyğusu Fırlanır dünya. * * * Göylər ulduzların can otağıdır, Günəş kainatın boyunbağıdır. Fələyin baş qatan oyuncağıdır Fırlanır dünya. * * * Ölümün himnini mələklər yazır, Doğulan hansıdır,ölən hansıdır. Bu dağlar,dərələr köç qapısıdır Fırlanır dünya. * * * Qara nədi,sarı nədi,göy nədi, Arzularım budaq üstə göynədi. Bu həqiqət lap qədimdən köhnədi Fırlanır dünya. * * * Bir ruhun adamı zamana tanış, Hələ yollardadır bir aldadılmış. Bir üzündə bahar,bir üzündə qış Fırlanır dünya. * * * Ehey,səninləyəm piyada qalan, Torpağa səpdiyin bir ovuc yalan. Büdrəyib, yıxılan, qovan, qovulan Fırlanır dünya.
MƏN O QATARDAYAM Bu loğman misallı ulu təbiət, Elə qurulub ki, başdan, binadan. Təsvirə gəlməyən odur həqiqət, Varlıqlar bəxş edir bircə damladan. * * * Buludlar qışqıran, yeriyən dəniz Qaranlıqla işıq bir, birinə tən. İşıqdan xəlq olur min fikir, min söz, Nə varsa torpağa gəlir göylərdən. * * * Açmır qollarını duyğuya şərik, Nə solduran payız,nə çiçəkli yaz. Görə bilmədikcə adiləşirik Qələmə gəlməyən idraka sığmaz. * * * Küləklər əsdikcə tufan qoparır, Ümmana çevrilir axdıqca sular. Başqa qiyafədə geri qaytarır, Ölüm məkanına aparan yollar. * * * Külli kainatı bizə oxudan Təbiət özüdür,borcluyuq ona. Baxıb şükr edirəm,durub yuxudan, Yeni səhərlərin doğulmasına… * * * Hər şey yuxu kimi ötüb keçdisə, Bəs nədən həsrətin yanağı solmur. Açıb ürəyini kövrələn səsə, Təzədən sevgiyə qayıtmaq olmur. * * * De,qəmgin gözlərin nə deyir mələk, Kölgən çinar kimi bitib yollarda. Buradan bir qatar ötüb,keçəcək Mən o qatardayam, mən o qatarda.
ADSIZ QALAN ADAM HEY Sən çəkdiyin üzümdəki hər qırış, Həyat,ölüm arasında qara xətt. O xəttlər ki,qəlb üşüdən qarlı qış, Bir iz salıb ürəyimə hələ vəd. * * * Boz səhralar gözümdən su içələr, Tufan kimi daşı daşa döyürdüm. A vaysınıb boyun bükən sərçələr, Yolu yığıb ilmə,ilmə əyirdim. * * * Bu zəmidən yalan keçib adı yox, Dənsiz qalan bu kuləşi günə sər. Bu ocağın istisi yox,odu yox Qara tüstü göy üzündə bitən şər. * * * Bu çınardan əllərini daha üz, Son salamı namə kimi gətirdim. Dilimin ucunda gəzdirdiyim söz, Səni də yollarda salıb itirdim. * * * Söz qarımış,tükəndisə söz daha Unutduğun öz zilindir,öz bəmin. Yüz illərdir mən qovduğum günaha, Tanış gəlir o duruşun,görkəmin. * * * İtirə-itirə öldüyüm yetər, Atsız qalan,adsız qalan adam hey. Fəryad edib,şivən çəkib,quş ötər, Dədəm Qorqud qopuzunu çalan hey.
ƏBƏDİ İŞIQDIR SÖZÜN BƏZƏYİ Yağış səpələməz bulud dolmasa, Sirli mənalardır yaşadan bizi. Sevgi də dogulmaz işıq olmasa, İşıqda görürük bir-birimizi. * * * Hər şey təbiətin bir təkrarıdır, Doğan səhərləri düşün bir anlıq. Zülmət gecələrin öz oxşarıdır, Ürəkdə tutqunluq, gözdə qaranlıq. * * * Sevgi pıçıldayan ay isığıdır, Günəş qonaq gəlib dur aç qapını. Sevdiyim,gecənin hıçqırığıdır, Unudaq bir qəmin əzablarını. * * * Sevdiyim,işıqla qoşa şəkil çək Götür ümidimi apar bir yana. İşığı sevirəm elə sənin tək, Gəl-gəl nur ələyim baxışlarına. * * * Əbədi işıqdır sözün bəzəyi, İşığa toxusun qoy ömrümüzü. Qaranlıq olsa da həya örpəyi, İşıqda görürük bir-birimizi.
Növbəti erməni məkrinə (fitnəsinə) – erməniləşdirmə faktına münasibət və yaxud, Ağdamda – Beşikdağ məbədinin əfsanəsi…
Əslində reallıq nədir?
Qarabağ qədim zamanlarda əsasən türklər və Qafqaz qəbilələrindən təşkil olunmuş qədim Azərbaycan dövləti olan – Qafqaz Albaniyasının tərkib hissəsi olmuşdur. Yuxarı Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Şuşa, Düzən Qarabağın Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, həmçinin Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri, numizmatik dəlillər Qarabağın qədim maddi mədəniyyətini, etno-mədəni vəziyyətini, əhalinin sosial-iqtisadi səviyyəsini, məişət şəraitini, ümumiyyətlə, Azərbaycanın bu bölgəsinin iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirir.
Albaniyada erkən orta əsrdə (IV əsrdə) xristianlıq dini qəbul edildikdən sonra Azərbaycanın tarixi torpaqları olan Qarabağ ərazisində IV-VII əsrlər tikinti mədəniyyətini səciyyələndirən xristian arxitekturası tipində, memarlıq üslubunda tikililər – alban xristian dini abidələri yaradılmışdır.
Azərbaycanda Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti öz ilkin formasını qoruyaraq dövrümüzə çatmışdır. Bu abidələr içərisində Kəlbəcər rayonunda Xudavəng məbəd kompleksi (XIII əsr), Laçın rayonu Kosalar kəndindəki Ağoğlan məbədi (IX əsr), Xocavənd rayonu Sos kəndindəki Amaras monastrı (IV əsr) və Ağdərə (IV əsr) rayonlarındakı Müqəddəs Yelisey məbədləri, Ağdərə rayonu Vəng kəndində Qandzasar məbədi (XIV əsr), Qərbi Azərbaycan (Hazırda Ermənistan respublikasının yerləşdiyi ərazi) ərazisində Haqapat məbədi, Qoşavəng məbədi, Ağtala məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban məbəd memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir. Belə məbədlərdən biri də, Ağdamda Beşikdağ alban-türk məbədidir.
Ağdam bölgəsinin Şahbulaq ərazisindəki Beşikdağının zirvəsindəki el arasında Koroğlu qalası kimi tanınan, qədim Alban-türk məbədini erməniləşdiriblər… Bəli, uydurma əfsanə və yaxud, tarixin diqtə etdiyi reallıq… Bu yaxınlarda qəribə bir faktla qarşılaşdım. İnternet üzərindən azad olunmuş yuxarı Qarabağda aparılmış kosmik müşahidələri izləyərkən doğulub, böyüdüyüm Ağdam rayonunun Beşikdağ hövzəsində qəribə bir foto ilə qarşılaşdım. Bu fotoda, şərqdən qərbə baxanda Beşikdağın sol zirvəsində kilsə təsviri diqqətimi çəkdi. Bu nə kilsədi? Axı burada kilsə olmamalıdır… El arasında “Koroğlu qalası” adlandırılan bu abidə onillər boyu gözümüzün qabağında olubdur. Ahıl müdriklər danışardı ki, bu abidə yüzillər boyu burda mövcud olub… Əvvəlllər, yəni, ilkin dövrlərdə zərdüşt məbədi, sonar isə alban məbədi, Pənah xan dövründə isə gözətçi məntəqəsi olubdur… Hətta Pənah xan tərəfindən 1752-ci ildə Şuşa – Pənahabad qalası tikiləndən sonra da, İbrahim xanın xanlığının süqutuna qədər Şahbulaq qalası xanın qış iqamətgahı kimi və Beşikdağ gözətçi məntəqəsi həmişə fəaliyyətdə olubdur…
Beşik dağının şimal qutaracağında Xaçıncay tərəfə, Kəngərli kəndinə baxarında bir yaruslu 10-15 adam yerləşən böyük bir kaha da, “Koroğlu kahası” adlandırılırdı… Bu kahadan Beşik dağının içərisinə doğru bir adamın keçəcəyi lağım var… Deyilənə görə, bu lağm daha geniş bir kahaya keçiddir… Birinci kahada daşdan yonulma divan quruluşlu iri yataq yeri, təbii su yığılmaq üçün ovdan var ki, bu da, sübut edir ki, bü kaha xüsusi mühafizə dəstəsi üçün istifadə olunmuşdur. Deyirlər ki, məkrli ermənilər bu kahanın divarlarına da, xaç işarəsi çəkiblər….
İndi isə Beşik dağındakı bu abidə ermənilərin uydurduğu Tiqrnakert şəhərinin, üstündə də erməni xaçı olan “Erməni kilsəsi” kimi təqdim olunur… Beləliklə, ermənilər bu abidəni də rekonstruksiya edərək erməniləşdiriblər…
Belə bir erməni məkrinin, fitnəsinin mahiyyətini açmaq üçün tanıdığım mütəxəssislərlə – tarixçi, arxeoloq dostlarımla məsləhətləşmələr apardım, həqiqəti ortaya çıxarmaq üçün eksklüziv bir tədqiqat aparmaq qərarına gəldim ki, bu nəticələri sizlərlə bölüşürəm…
Beşik dağı haqqında qısa məlumat:
Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində aparılan arxeoloji tədqiqat işləri sübut edir ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Ağdamın Üçoğlantəpə deyilən yerdə aparılan arxeoloji tədqiqatlardan aydın olubdur ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, Eneolit dövründə (b.e.ə. VI–IV minilliyi əhatə edir, “mis dövrü” adlanır və daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilir) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar…
Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Yeni elmi araşdırmalarda “alban” etnik adını qədim türk “alp”(cəsur, igid) sözü ilə bağlayırlar.”Kitabi Dədə Qorqud”da bu etnosun “alpanlar” şəklində yazılışı, “alp” köklü toponimlərin Quzey Azərbaycanda, həmçinin vaxtilə Alban dövlətinə daxil olan Cənubi Dağıstan və Şərqi Gürcüstanda qalması yuxarıdakı ehtimalı daha da qüvvətləndirir…
Alban hökmdarlarından Oroysun adını “Kitabi Dədə Qorqud”dakı Uruz adı ilə müqayisə edirlər. Aran – Ağvan – Aquen – Ağoğlan – Ağdam (bu etnonimlərin kökündə “Ağ” sözünün durmasını təsadüf hesab etmək olmaz) adı da yalnız türk dillərində olması ilə izah olunur. Albanların Ay ilahəsinə daha çox sitayiş etmələri haqqında Strabonun verdiyi məlumat qədim türklərin “Ay Tenqri”sinə uyğun gəlir. Onlarla belə dəlillər əsasında “alban” etnik adı daşıyanlar türkdilli sayılırlar. Bəzi tədqiqatlara görə, burada yaşayan sakasenlər, onlarla qohum sayılan massagetlər, qarqarlar da türk mənşəli olmuşlar…
Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir. O da, ehtimal edilir ki, Albaniyanın siyasi konsolidasiyası artıq Əhəmənilər imperiyasının son illərində və Makedoniyalı İsgəndərin işğalları dövründə başa çatmış, eramızadan əvvəl IV əsrin sonlarında isə Qafqaz Albaniyası vahid mərkəzləşmiş dövlətə çevrilmişdir.
Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar ki, bunlardan biri də, yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı hövzəsi boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir. Bu barədə məşhur tarixçilərin, tədqiqatçıların əsərlərində yetərincə mühüm faktlar vardır və bu mənbələrdən aydın olur ki, türklər bu ərazilərin ən qədim, aborigen-aftoxton əhalisi olmuşlar…
Deməyim budur ki, Ağdam çoğrafi ərazisində tarixən ermənilərin olması və məskunlaşması absurddur!! Həmçinin, burada və Qarabağın dağ-yaylaq ərazisində olan xristian abidələri də, islamdan qabaq zərdüştizmi, sonrada xristianlığı qəbul edən aborigen türk tayfalarına mənsubdur, o cümlədən Beşik dağının zirvəsində olan abidə… Ağdam rayonu ərazisində çoxlu tarixi mədəniyyət və incəsənt abidələri var. Buradakı Üzərlik Təpə abidəsi, rayonun Xaçındarbənd kəndindəki Qutlu Sarı Musa oğlu günbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. kimi tarixi və memarlıq abidələri bunu aşkar sübut edir…
Bunlardan biri də, Beşik dağının zirvəsinə yerləşən, tikilmə tarixi IV-VII əsrə aid edilən, indi isə qirqorianlaşdırılan Alban-türk Beşikdağ Alban-türk məbədi xristian məbəd-abidəsidir. Mənbələrə görə, bu məbəd tamamən Alban memarlıq üslubunda Arşakilər sülaləsindən olan Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən, tamamilə Alban-Türk məbəd arxitekturasında inşa etdirilmişdir…
Onu da, bildirim ki, Erməni bənnalarından qabaq saxtakarlığı erməni tarixçiləri edir, böyük saxtakarlıqla bu qəbildən abidələrimizi erməniləşdirir, sonra da erməni bənnaları işə başlayırlar…
Bu abidə Şərqdən – Şirvanın, Şəkinin, yuxarıdan isə Qarabağın bütün yüksəkliklərdən görünür. Buna görə də, bu abidə əvvəl keşikçi qübbəsi kimi tikilibdir, necə ki, Şabrandakı “Çıraqqala” təkin… Buradan həm, yuxarı dağlarda yerləşən “Gəncəsər”qalasına (Xaçın knyazlığının mərkəzinə), həm də Şirvan zonasına od-ocaqla xəbərləşmə vasitəsi kimi istifadə edilibdir. Hətta, İbrahim xanın Şahbulaq qalasında məskunlaşan cağlarda da, artıq bu məbəd-abidə təmir edilərək keşikçi məntəqəsi kimi istifadə edilibdir… Bizim ehtimalımıza görə, indi Beşikdağı adlanan bu dağın əvvəlki adı Eşik (yəni son silsilə, ən eşikdə olan mənasında) və yaxud Keşik dağı olubdur. Sonralar uşaq nənnisinə-beşiyinə oxşadığına görə Beşik adını alıbdır… Belə ki, Beşikdağ sanki dağlıq və düzən Qarabağ arasında təbii sərhəd rolunu oynayır. Cənub-şərq tərəfdən ona Kür-Araz ovalığı, qərb tərəfdən isə Qarabağ yaylası birləşir… Yeri gəlmişkən, qeyd edim ki, 30 il işğal altına olan Beşikdağ məbədi və dağın aşağı ətrafında yerləşəm alban xristian qəbristanlığı haqqında vikipediya səhifələrində verilən məlumatlar olduqca yanlışdır və erməni mənbələrindən alınmışdır…
Azərbaycanın digər dağ məntəqələrində bu cürə abidələrin hamısı ilk öncə keşikçi məntəqəsi kimi tikilibdir. “Keşikçi dağı” ifadəsi – adını təsadüfi saymaq olmaz. Məsələn, Ağstafa rayonu ərazisində yerləşən Keşikçidağ abidələr kompleksi, Aveydağ, Tatlı, Yuxarı Əskipara məbədləri kimi ilk əvvəl keşikçi məntəqələri olmuş, sonralar funksiyalarını məbədlərə vermişdir…
Bir cəhəti də, qeyd etməyi vacib bilirəm! Bəzən kilsə ilə məbədi eyniləşdirirlər və fikrimizcə bu kökündən yanlışdır… Məbəd kilsə deyil və arxitekturası tamamən fərqlidir…. Məbəd Alban xristian türklərinə məxsus ibadətgahdır və Beşik dağının zirvəsində tikilən əvvəl gözətçi məntəqəsi olan abidə, sonralar genişləndirilərək, yenidən qurularaq Alban xristian türk məbədi olubdur… İslam dövründə isə xalq, birmənalı olaraq, bu tipli abidələrin bir qismini Koroğlu qalası kimi anladıblar. Belə bir rekonstruksiya və metaformoza hadisəsi Beşikdağı abidəsinin də başına gəlibdir…
Amma ən böyük məkri və qəddarlığı ermənilər ediblər. 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub. 2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar, Şahbulaqdan şimal-qərbdə dağın enişində yerləşən qədim xristian-türk alban qəbrlərini, Pənah xanın tikdirdiyi qalanı erməni abidəsi kimi dəyişdiriblər, muzey düzəldiblər, özlərindən Tiqranagert şəhəri uydurublar… Beşikdağ məbədinin də adını Vankasar monastrı qoyubkar… Yalan, məkr və saxtakarlıq, bax, budur!!
Bunu da, xatırladaq ki, hətta XIX əsrin əvvəllərinə qədər Qarabağ dağlarında yerləşən məbədlər hələ də, Alban məbədgahı kimi fəaliyyət göstərmiş, ermənilərin dabanyalama xisləti ilə uzun müddət saxtakarlıq işi aparılandan sonra Rusya çarlığının təsiri ilə 1836-cı ildə bu abidələr Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilmiş, Alban monastrına məxsus bütün mülk və əhali Erməni Qriqoryan Kilsəsinin tabe edilərək erməniləşdirilmiş, bütün Alban dini kitbları, əlyazmaları məhv edilmiş, məbədgahlar isə kilsələşdirilmişdir…
Bundan sonra Qarabağda Alban Patriarxı İsraelin başçılğı ilə qiyam başlayır. Qiyam yatırılır, Alban patriarxı İsrael isə ölkədən qovulur. Tezliklə patriarx İsrael vəfat edir və bundan sonra Erməni Arxiyepiskou Hovannes Qraf İvan Qudoviçə yazdığı məktubda Qarabağ və Gəncədəki Alban Məbədgahları klsələşdirilərək mülkləri və dindarlarının Eçmiədzinin tabeliyinə verilməsini xahiş edir və buna nail olur…
İndi bu məkri, Beşikdağdakı qədim abidəmizin də başına gətiriblər ki, sonralar əllərində dəstəvuz etsinlər ki, guya bu torpaqlar ermənilərə məxsusdur…
Bu qeydlərimlə bildirmək istəyirəm ki, Ağdamın Beşikdağındakı qədim abidələrimiz, həmçinin, ümumiyyətlə, Qarabağda erməni məkrinə məruz qalmış bütün qədim ibadətgahlar öz ilkin vəziyyətinə salınmalı, tarixi gerçəklik bərpa olunmalıdır… Bəli, bütün Qarabağda yerləşən tarixi məbədlər Qafqaz Albaniyası dövrünün nadir abidələrindəndir. Saxtakarlıqların qarşısı alınmalı, abidələr əvvəlki – ilkin vəziyyətlərinə gətirilməlidir. Tarixi abidələri saxtlaşdıraraq özününküləşdirmək – erməniləşdirmək cəhdlərinə birdəfəlik son qoyulmalı, tarixi varisiyimizə yiyə durmalıyıq!!
Vallahi, billahi, mən bu işə çox məətəl qalmışam, Müstəqilliyin illərlə arzusunda olmuşuq, niyə? Çünki, müstəqil dövlət heç kəsdən asılı olmayan, öz milli-mənəvi dəyərlərinə özü sahib çıxan, nə siyasətdə, nə iqtisadiyyatda heç kəsdən asılı olmayaraq qanun və qərarlar qəbul edən, öz dili, pulu, himni, gerbi, ordusu olan dövlətdir. Öz torpağına, vətəndaşına və dilinə sahiblik müstəqil dövləti şərtləndirən əsas xüsusiyyətlərdəndir. Şükür, biz müstəqilliyin çətin yollarında addımlayaraq bütün bunlara sahib oluruq, ərazimizə sahib çıxır, işğal olmuş torpağımızı geri alaraq qoruyur, bərpa edir, bayrağımızı yenidən əzəmətlə ucaldırıq. Və bu, bizim dövlətimizin bölgədəki müstəqilliyinin nüfuzunu get-gedə artırır və dünya dövlətləri artıq onunla hesablaşmağa başlayır. Bununla yanaşı, müstəqillik dönəmində ölkədə ana dilinin işləkliyi, istifadəsi ilə də bağlı da bir sıra qanun və sərəncamlar verilir. Doğrudur, müstəqillik əldə etdikdən sonra əcnəbi dildə yazılı reklamlar ölkəni daha çox başına alaraq, ana dilimizi obyekt adları və reklamlardan daha sürətlə sıxışdırnağa başladı. Amma inanırıq ki, görülən tədbirlər, xalqın ziyalılarının çoxsaylı müraciətlərindən sonra bu yöndə irəliyə doğru müsbət addımlar atılacaq və istər Bakı şəhəri, istərsə də regionlarda reklam və obyekt adları əcnəbi dillərin işğalından qısa müddətdə təmizlənəcək.
Bizim dilimiz çox zəngin və hər cür fikri – istər diplomatik, istər bədii və publisistik fikri ifadə etməyə qadir zərif və çoxşaxəli, əhatəli bir dildir.
Azərbaycan dili türk dilləri ailəsinə mənsub, ədəbi dil baxımından çox inkişaf etmiş, oz sabit fonetik, leksik və qrammatik qayda-qanunları möhkəmlənmiş, sabitləşmiş bir dildir. Vaxtilə hətta Azərbaycan türkcəsi nəinki türklərin, hətta Qafqazdilli xalqların da ortaq dili olub. Ruslar Qafqaza gəlməmişdən bu bölgənin xalqları həmin ortaq dildə danışırdılar. Bu haqda çoxlu faktlar var və onun fransız dilinin Avropadakı mövqeyi ilə müqayisəsi hamımıza məlumdur.
Əslində Azərbaycan türkcəsi türk dilləri içərisində kökünə daha çox bağlı olan, leksikası çox da dəyişikliyə uğramayan ən gözəl və ən mükəmməlidir, lakin biz bunu təbliğ edə bilirikmi? Anadolu türkləri müəyyən dönəmdə öz kökündən daha çox uzaqlaşıb, öz leksikasına daha çox əcnəbi sözlər daxil edib, nəinki biz. Əslində onlar bizdən çox söz götürə bilərlər, lakin etmirlər. Bunun da müxtəlif səbəbləri var. Bir tərəfdən Türkiyə 600 il imperiya olmuş dövlətdir deyə digər türk xalqlarına bir az böyük qardaş kimi baxır. Digər tərəfdən də biz sanki hər zaman kiçik qardaş olmağa öyrəncəliyik. Öz dilimizi təbliğ etməkdənsə, hansı dilinsə hegemonluğunu qəbul etməyi daha asan yol hesab edirik. Bu gün Güney Azərbaycanda olan türkçülük, dilinə sahib çıxma, onun uğruna dirəniş nə Quzey Azərbaycanda var, nə də Türkiyədə. Niyə mən bu barədə danışıram? Çünki hazırda yenidən gündəmə gələn mövzulardan biri də ortaq türk dilinin yaradılması məsələsidir ki, bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədlinin APA-ya müsahibəsində oxuyuruq:
“- Məşhur alimimiz Afad Qurbanov bu işlə (Ortaq türk dili -G.Ə) peşəkar məşğul olurdu. Bununla bağlı layihə də hazırladı. Ondan sonra müxtəlif alimlər bu işlə məşğul olub. Bu günə kimi iş gedir. Burada müəyyən əngəllər var. O xalq udacaq ki, iqtisadi cəhətdən güclüdür. Hesab edirəm ki, Anadolu türkcəsi bütün türkdilli xalqlar üçün ortaq dil ola bilər. Türkiyə iqtisadi cəhətdən bütün türk dövlətlərindən güclüdür. “Kayu” cizgi filmi evlərə girəndən sonra balaca uşaqlar da türkcə danışmağa başladı. Bu gün İranda yaşayan soydaşlarımız da bizə meyllənmirlər, onlar da Türkiyə türkcəsində danışırlar. Zaman yolumuzu ora aparır. Tarixi şərait özü göstərir ki, iqtisadi cəhətdən güclü dövlətlər irəlidədir. Digər türk dövlətlərindəki yeni nəsil Anadolu türkcəsində çox söz işlədir. Düşünürəm ki, ortaq dil məfhumu yaransa, bu, Türkiyə türkcəsi olacaq. Lakin bu prosesin yekunlaşması uzanır.”
Məncə, ortaq dil məsələsi çox ağır mövzudur: “Onun incəliklərini bilmədən “ortaq dil yaradaq”, “birləşək” şəklində şüarlar verməklə iş getməz. Bu, çox ciddi araşdırma, üzərində çox ciddi işləmə tələb edən böyük problemdir. Dərindən düşünməmiş belə bir mövqe tutmaq dilimizin məhvinə aparıb çıxara bilər. Dilini sevən, onun dəyərini, incəliklərini bilən heç bir dilçi, məncə, bu fikrə düşməz.
Niyə axı biz M.Ə.Sabir demiş:
Çırmanırıq keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa yay gəlməmiş, Söz veririk indi, bir ay gəlməmiş?…
Bu yerdə C. Məmmədquluzadənin sözləri yadıma düşdü, ortaq əlifbanın qəbulu ilə bağlı dediyi sözlər…mən xoruza horuz deyə bilərəm, amma xəstə ölür, son nəfəsidir xırıldayırı, necə xəstə hırıldayır demək olar axı?!
Axı nəyə görə Sovet dövründə ruslardan qoruyub inkişaf etdirdiyimiz dilimizi müstəqillik dövründə “özümüzünkülərdən” qorumaq müşkülə çevrilib?!. Hərəsi dilin başına bir oyun açır. Bilmirsən, bu qəsdən, bilərəkdən, planlı şəkildə görülən bir işdir, ya düşünülmədən, təsadüfən olan bir iş. İndi dili sanki elə dilçilərdən qorumaq lazım gəlir! Nəyə görə?
“Kayu” cizgi filmini evlərə salıb yuxarı başa keçirməkdənsə, balaca uşaqların öz ana dilinə sevgi yaradan cizgi filmlər çəkməyi, özümüzü, öz dilimizi təbliğ etməyi düşünmürük?! Bu yolla İranda yaşayan soydaşlarımızı da özümüzə meylləndirmək, təsir etmək əvəzinə onların da Türkiyə türkcəsində danışmasına rəvac veririk? “Kayu” cizgi filmini sıxışdıracaq, uşaqlarda maraq oyadacaq, kökümüzə soyumuza bağlayacaq, dilimizi, özümüzü sevdirəcək “Kitabi – Dədə Qorqud”un motivləri əsasında bir cizgi filmi çəkməyi, cənublu qardaşlarımıza da arxa olmağı niyə düşünmürük axı?! Kimdir bizə mane olan? Zamanın yolumuzu başqa yerə aparmasına deyil, bizimlə birləşməyə gətirməsi üçün iş görmək, çaba sərf etmək lazımdır. “Allahdan buyruq, ağzıma quyruq”la iş getməz! “Tarixi şərait özü göstərir ki, iqtisadi cəhətdən güclü dövlətlər irəlidədir”. Bizim iqtisadi qüdrətimizə nə gəlib? Niyə çalışmırıq ki, yeni nəsil Anadolu türkcəsində “anahatar”a meyl etməkdənsə, elə türklərdə də bizim işlətdiyimiz “açar” sözü işlənsin? Bizim müstəqil dövlətimiz var, Cənubda isə dilimizə sevgi çox artıb. Biz, Dərbənddən Həmədana, Bakıdan Kərkükə, Qarsa, İğdıra qədər Azərbaycan türkcəsinin inkişafına çalışmalıyıq. Şübhəsiz, bütün Türkiyəyə sevgimiz var və onlarla qaynayıb-qarışmada heç bir problemimiz yoxdur. Eləcə də Kərkük, Xorasan, ya Qaşqay türkləri ilə də.
Amma hər şey qarşılıqlı olmalıdır. Yoxsa, indidən hegemonluğu kiməsə verməklə razılaşıb oturmaq düzgün dil siyasəti deyil, məncə.
Azərbaycanlı kimliyi, Azərbaycan dili bizə doğmadır. Ancaq bunu Türk kimliyindən və dilindən kənarda təsəvvür etmirik, bərabərhüquqlu qardaşlar olaraq təsəvvür edirik. Eyni atanın oğulları kimi. Daha böyük-kiçik qardaş misalı ilə yox. Böyük qardaşdan ağzımız bərk yanıb axı…
Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət Hər ikisi Cümhuriyyət Azərbaycan-Türkiyə.
Bir ananın iki oğlu Bir ağacın iki qolu O da ulu, bu da ulu Azərbaycan-Türkiyə.
Yüz il bundan qabaq M.Ə.Sabir deyirdi:
“Osmanlıdan türkə tərcümə” – bunu bilməm Gerçək yazıyor gəncəli, yainki hənəkdir; Mümkün iki dil bir-birinə tərcümə, amma «Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!.
Sabir türkcə deyəndə Azərbaycan türkcəsini nəzərdə tuturdu. O zaman Osmanlı türkcəsi Azərbaycan türkcəsinə baxanda daha anlaşılmaz idi. Biz Azərbaycan türkcəsini daha da inkişaf etdirməliyik, bütün sahələrdə ön plana çıxartmalıyıq. Amma bu o demək deyil ki, Azərbaycan dilinin varlığını türk dili, mədəniyyəti, ədəbiyyatından kənarda təsəvvür edirik.
GÖRMƏYƏCƏKSƏN Darıxsan yanına gələ bilərəm, Ağlasan gizlində gülə bilərəm, Yatsan yuxuna da gələ bilərəm, Gəlsəm də sən məni görməyəcəksən. * * * Dindirsən çox şeyi deyə bilərəm, Deyərək xətrinə dəyə bilərəm. Bəlkə də qəddini əyə bilərəm, Əysəm də sən məni görməyəcəksən. * * * Gəlib əllərindən tuta bilərəm, Kədəri bir yolluq ata bilərəm. Səninlə arzuma çata bilərəm, Çatsam da sən məni görməyəcəksən. * * * Dayanıb gözünə baxa bilərəm, Baxaraq qəlbini yaxa bilərəm. Əyilsəm özüm də qalxa bilərəm, Qalxsam da sən məni görməyəcəksən. * * * Həyatı həmişə qəliz bilərəm, Sevgi hisslərini təmiz bilərəm. Mən səni gözümdə əziz bilərəm, Gəlsəm də sən məni görməyəcəksən.
BÜDRƏYİB KEÇİR Həyatın yolları keşməkeşlidir, Kimi asta gedir, kimi bərk gedir. Kimi keçə bilmir, dayanıb baxır, Kimi də keçəndə büdrəyib keçir. * * * Həyatı ikiyə bölən insanlar, İkini ikiyə bölə bilməyir. Yaşaya-yaşaya ölən insanlar, Ruhsuz bir bədəndə ölə bilməyir. * * * Həyatın bir üzü əgər ağ olsa, Mütləq digər üzü qara olacaq. İnsanlar əbədi yaşayacaqsa, Bil ki, ürəkləri yara olacaq. * * * Kimi bu yollara həsrətlə baxır, Kimi də qəlbini yandırıb yaxır. Kimisi yollarda əyilib qalxır, Kimi də keçəndə büdrəyib keçir. * * * Kimi uçuruma düşür ağlayır, Kimi ürəyini üzür ağlayır, Kimi həyatından bezir ağlayır, Kimi də keçəndə büdrəyib keçir. * * * Kimi başqasının əlindən tutur, Kimi keçmişini çox tez unudur. Kimi yıxılana söyəyir ki, dur, Kimi də keçəndə büdrəyib keçir. * * * Kimi bu yolların xəstəsi olub. Kimi mahnıların bəstəsi olub. Kimi bu yollarda canını qoyub, Kimi də keçəndə büdrəyib keçir. * * * Kimi ürəyində min diləyilə, Kimi başqasının köməyi ilə. Kimi öz gücünün əməyi ilə, Kimi də keçəndə büdrəyib keçir.
SƏNİ DƏ VƏFASIZ BİR ADAM SEVƏR Rüzgar olub niyə əsdin qəlbimə? Xışıltında ayrılıqdan söyləmə. Sən özünlə bir bu qədər öyünmə, Səni də vafasız bir adam sevər. * * * Bir daha mənimlə görüşə gəlmə, Ciddi ol həmişə, mənimlə gülmə. Məni aldatmısan, çox da sevinmə, Səni də vafasız bir adam sevər. * * * Tale yollarını palçıqlı edər, Nikbin ürəyində kədər gizlənər. Çox özünü öyüb döşünə döymə, Səni də vəfasız bir adam sevər. * * * Ayağın büdrəyər, düşərsən yerə, Duranda gözünə görünər dərə. Bundan sonra getsən hansı ellərə, Səni də vafasız bir adam sevər.
NİYƏ BİZ AYRILIRIQ Sanıram ki, bu son görüşümüzdü, Gözlərin gözümə baxmayır artıq. İlk görüşdən bir-birimizə bağlandıq, Söylə indi niyə biz ayrılırıq? * * * Gözlərini qaçırırsan, baxmırsan, Yox, bu sən deyilsən, qəlbi yaxmırsan. Gedirsən, geriyə heç qayıtmırsan, Söylə indi niyə biz ayrılırıq? * * * Əlimdən əlinin istisi getmir, Sənə olan eşqim tükənib bitmir. Gözlərin gözümün önündən getmir, Söylə indi niyə biz ayrılırıq?
AĞLAGÖZLƏRİM Vəfalı bildiyim vəfasız çıxıb, Durub oğrun-oğrun ağla, gözlərim. Sənin ürəyini uçurub, yıxıb, Üzünə baxaraq ağla, gözlərim. * * * Ürəyin yanacaq, qanın donacaq, Əlinin istisi tez soyuyacaq. Sevənlər həmişə xoşbəxt olacaq, Sevənlərə baxıb ağla, gözlərim.
OLSUN Məni sevsən cavabında hə desəm, Sonra bu sevgidən baş alıb getsəm. Səndən ayrılmağı özüm istəsəm, Yatdığım çarpayım məzarım olsun. * * * Əgər ki, sevgidə dürüst olmasam, Ayrılan günü mən alt-üst olmasam, Sevgi çiçəyitək təmiz solmasam, Dayandığım yerdə baş daşım olsun. * * * Bütün sevənlərə bir arzum olub, Sevib sevilənlər qoy xoşbəxt olsun. Yaman kövrəlirsən, gözlərin dolub, Xoşbəxtlik bizə də qoy nəsib olsun.
HEYİF Sənə söz deməyə çox utanıram, Onsuz da ayrıyıq, faydası nədir? Dərdimi deməyə adam tapmıram, Sənsiz bu həyatım puçdur, heç nədir. * * * Sənsiz qalmağımda səbəb özüməm, Kaş sənə yalandan deyəydim getmə. İndi sənsizliyə necə dözüm mən? Sevgilim nə olar gözümdən itmə. * * * Nə vaxt ki, əlimdən tutmaq istədin, Mən isə əlimi qaçırdım, heyif. Gözümə baxaraq sevirəm dedin. Gözümü gözündən qaçırdım heyif.
YUXULU KEÇİB Gəlsən də görüşə ayrılacağam, Daha bu həyatdan yorulacağam. Tutsan da qolumdan yıxılacağam, Ömrümün yarısı yıxılı keçib. * * * Öndə durmasam da arxadayam mən, Matəmdə, yasda, ağıdayam mən, Sən məni düşünə yuxudayam mən, Ömrümün yarısı yuxulu keçib.
GECİKDİ Bu ilk görüşümüz çox tələsirəm, Həyəcan tez gəldi, sevinc gecikdi, Həyəcandan titrəyirəm, əsirəm, Tələssəm də ümidlərim gecikdi. * * * Vurulmuşam qamətinə nə işdi? Sevənlərin məzarları behiştdi. Çox tələsdim görüşünə tez gəlim, Tələssəm də ümidlərim gecikdi. * * * Gül çöhrəni görcək qəlbim sevindi, O gülər üzünə dedim mənimdi. Sevinc gətirəndə yaman tələsdim, Tələssəm də ümidlərim gecikdi. * * * Ömür karvanıyla birgə gəlirdim, Geciksəydim, gedəcəkdim, bilirdim. Bu ilk görüşümüz, yaman tələsdim, Tələssəm də ümidlərim gecikdi. * * * Həyat yavaş-yavaş davam elədi, Hər kəs bu həyata nakamdı dedi. Gecikməmək üçün tez gəlmişdim mən, Tələssəm də ümidlərim gecikdi.
ATMASIN Mənəm öz bəxtində taleyi kəm qız, Bu gen dünyada mən qalmışam yalqız. Tanrıdan diləyim bil budur yalnız, Səni taleyimdən silib atmasın. * * * Bu həyat üzümə gülmədi bir an, Öz tale, bəxtimdən olmuşam viran. Tanrı həqiqəti etməsin yalan, Səni taleyimdən silib atmasın. * * * Tək arzum bu olub yaradanımdan, Səni əziz bildim mən öz canımdan. Bir gün üzüm dönsə də həyatımdan, Səni taleyimdən silib atmasın. * * * Səni sevdiyimi mən gizlətmirəm, Səndən qeyrisini mən gözlətmirəm. Allaha əl açıb yalvaran mənəm, Səni taleyimdən silib atmasın. * * * Getdiyin yolların torpağı olum, İstəsən gülünün yarpağı olum, Qumral saçlarının darağı olum Səni taleyimdən silib atmasın. * * * Gözlərin qaradı, dodağın baldı, Bu kasıb ömrümdə məhəbbət boldu, Tanrıya etdiyim duam bu oldu, Səni taleyimdən silib atmasın.
UNUTSAN ƏGƏR Sevgimlə gözünü kor eyləyərəm, Bəlkədə bu sözüm xətrinə dəyər. Səni el içində xar eləyərəm, Məni bu dünyada unutsan əgər. * * * Sənsiz bu dünyada solaram yəqin, Sənin də yanacaq gizlində qəlbin. Əqlini başından alacam bir gün, Məni bu dünyada unutsan əgər. * * * Qəlbini yandırıb yaxacam sənin, Dünyanı başına yıxacam sənin, Nifrəti gözünə sıxacam sənin Məni bu dünyada unutsan əgər. * * * Dünya qucağıdan atacaq səni, Sevgin başqasına satacaq səni, Alahın qarğışı tutacaq səni, Məni bu dünyada unutsan əgər. * * * Gecə yuxu nədir bilməyəcəksən, Yatsan yuxunda da dərd görəcəksən. Sən mənim eşqimlə əriyəcəksən, Məni bu dünyada unutsan əgər. * * * Beynində, qəlbində mən dolaşaram, Eşqindən dünyada mən alışaram, Sənə qarğış edib çox danışaram Məni bu dünyada unutsan əgər.
SEVGİMİ QƏLBİMDƏ YAŞADACAĞAM Dağdan coşub daşan bir şəlaləyəm, Mən böyük qüvvəyəm, çırağam, şəməm. Məcnunun eşqindən yanan Leyliyəm, Sevgimi qəlbimdə yaşadacağam. * * * Leylinin sevgisi yox olub daha, Məcnunun kamanı ox olub daha, Məhəbbət aşkarda çox olub daha, Sevgimi qəlbimdə yaşadacağam. * * * Məhəbbəti ələ salıb gülməyin, Nakam həyat sevgisiyçün ölməyin, Bu sevginin sonunu siz bilməyin, Sevgimi qəlbimdə yaşadacağam. * * * Məcnundan əbədi ayrılıb getdim, Ömür kitabına nələr qeyd etdim… Mən onu tükənməz eşqlə sevirdim, Sevgimi qəlbimdə yaşadacağam. * * * Məcnuntək səhrada səni axtarsam, Sənsə Leyli deyib başqasını tapsan. Başqası naminə məni unutsan, Sevgimi qəlbimdə yaşadacağam. * * * Al, qanlı bıçağı qəlbinə vur, sanc, Al qanlı bıçaqda minlərlə qazanc. Daha can verirəm, sən yenə qısqanc, Sevgimi qəlbimdə yaşadacağam. * * * Hanı uzun saçlım deyib ağlama, Hanı qonur gözlüm deyib ağlama. Hanı şirin sözlüm deyib ağlama, Sevgimi qəlbimdə yaşadacağam. * * * İsti nəfəsimçün çox da darıxma, Sevgi həvəsimçün pərişan olma. Sən mənim sevgimçün nigaran olma, Sevgimi qəlbimdə yaşadacağam.
İNDİ HARDA QALDIN? Bu sevgidən cəfa çəkdim bilmədən, Vaxt var idi bir sən idin, bir də mən. Tələsirdin görüşə tez gələsən, İndi harda qaldın, harda bir dənəm? * * * Çox gözlədim saçlarıma düşdü dən, Dünya gözlərimdə dəyişdi hərdən. Sevincim dəyişdi oldu kədər, qəm, İndi harda qaldın, harda bir dənəm? * * * Sən yoxsan, saçıma heç sığal dəymir, Heç kim heç kimə bir sağ ol demir. Sevginin saatı, vaxtı bilinmir, İndi harda qaldın, harda bir dənəm? * * * Eşqim, bir dənəm, bir sən, bir də mən, Dünya dəyişsə də mən dəyişmərəm. Eşqim, bir dənəm, gözlərimdə nəm, Yerini kimsəyə verə bilmərəm.
XOŞBƏXTİN XOŞBƏXTİ Səninlə bir ömür paylaşıram mən, Səninlə birlikdə yaşayıram mən, Xoşbəxtin xoşbəxti bəlkə də mənəm, Canımda bir can da daşıyıram mən. * * * Şirin röyayam mən, bir xəyalam mən, Bil sevinc də mənəm, kədər də mənəm. Xoşbəxtin xoşbəxti bəlkə də mənəm, Canımda bir can da daşıyıram mən. * * * Röyayam, mələyəm, iblis deyiləm, Sualla doluyam, qəliz deyiləm. Xoşbəxtin xoşbəxti bəlkə də mənəm, Canımda bir can da daşıyıram mən.
ALMARAM Əgər məndən sevə-sevə ayrılsan, Düz gedərəm, dönüb geri baxmaram. Nə vaxtsa üz-üzə gəlsək bir zaman, Üz çevirib salamını almaram. * * * Yaddaşına yaz ki, mən Şəlaləyəm, Heç kimi özümə tay eyləmərəm. Sevgi üçün qürurumu əymərəm, Üz çevirib salamını almaram. * * * Köksünə dağ basıb kül eyləyərəm, Tikanı, qanqalı gül eyləyərəm, Hər zaman sevinib, gül söyləyərəm, Üz çevirib salamını almaram. * * * Sevsəm öz sevgimə dönük çıxmaram, Dönük deyə xəyanətkar olmaram. Sağ olunu məcbur olub alsam da, Üz çevirib salamını almaram. * * * Sənsiz qalıb bu qəlbimi dağlaram, Gecə-gündüz zari-pünhan ağlaram. Qürur bir hissdir ki, o da məndə var, Üz çevirib salamını almaram. * * * Söylə, mən ki iblisi can deyiləm, Bu həyatda gizli cahan deyiləm. Qəlbində gizləndim, pünhan deyiləm, Üz çevirib salamını almaram. * * * İlahi qüvvəyəm, sevincəm, eşqəm, Üç günlük ndünyada əsla çəkmə qəm. Mən yanından düz keçəcəyəm hərdən, Üz çevirib salamını almaram.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
Bu gün – 23 yanvar – gözəl insan, səmimi dost, sevimli şair Ehtiram İlhamın doğum günüdür. Ad gününüz mübarək, Ehtiram müəllim!!! Uca Yaradandan Sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!
Tanınmış şair Ehtiram İlham 23 Yanvar 1969 – cu ildə vətənimizin dilbər guşələrindən biri olan, sazlı-sözü Oğuz yurdu Tovuzda dünyaya göz açıb. Bakı Dövlət Universitetinin filologiya üzrə məzunudur. Uzun müddət sevimli kanalımız AzTv-də müxtəlif redaksiyalarda çalışıb. Ailəlidir. Hal-hazırda Sumqayıtda yaşayır. Özündən əvvəlki, özündən sonrakı, öz nəslinin ədəbiyyat sahəsində olan nümayəndələrindən özünəməxsus yaradıcılıq üslubu və dəsti-xətti ilə seçilir.
Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır.
Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.
Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı.
Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz…
Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz!
Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür.
Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu:
Özün getdin yuxuya, Milyonları oyatdın…
Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər.
Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı…
Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib.
Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır.
“Xəzər deltasında göyqurşağı” adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir.
Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac!
11.01.2022. Bakı. Müəllif: Kənan HACI, Şair, yazıçı, tərcüməçi.
SƏN AXI HARDAN ÇIXDIN Yenə də qarşılaşdıq, bu hiss mənə tanışdı, Unudulmuş keçmişim dilə gəldi, danışdı. Xatirələr canlandı, sanki gözüm acışdı, Gözümdən bir damcı yaş düşdü yanağıma, San axı hardan çıxdın bir daha qabağıma? * * * Kədər dolu qəlbimi unutmuşdun nə yaxşı? Çox çalışıb mən səni unutmuşdum, nə yaxşı, Neçə il keçdi üstdən xatırlamırdım daha, Nə üçün sən od vurdun xatirə qalağıma? Sən axı hardan çıxdın, bir daha qabağıma?
SEVGİLİM Həsrət tilsimini qıraq, sevgilim, Gəl bir-birimizin olaq, sevgilim. Yolları al-əlvan boyayaq yenə, Vüsal şərbətindən dadaq, sevgilim. * * * Gəl çiyin-çiyinə hər gün dərdləşək, Gəl biz ömrümüzü birgə bölüşək. Gəl yenə danışaq ötən günlərdən, Gəl yenə sevgilim, yenə görüşək. * * * Ayrılıq alovun söndürək indi, Bil ki, bütün sevgim ancaq sənindi. Gəl xoşbəxt yaşayaq bu gündən belə, Bil ki, varım-yoxum sənə aiddi. * * * Gəl artıq, geriyə dönək, sevgilim, Gəl hər dərdimizi bölək, sevgilim. Əcəl vaxtı çatıbsa artıq bu gün, Gəl biz eyni anda ölək, sevgilim. * * * Mən səni sevirəm, dünyalar qədər, Əziyyət çəkirəm, çəkdiyim hədər. Taleyim qəm dolu, qismətim kədər, Daha buralardan gedək, sevgilim. * * * Ömrümü, günümü sənə vermişəm, Mən sənsiz ağlayıb, sənlə gülmüşəm. Dünyanın sevgisin səndə görmüşəm, Gəl sən də sev məni, belə sevgilim. * * * Gəl unutma məni bir ömür, gülüm, Yaralıdır qəlbim, dərdlidir könlüm. Uzaqdan da olsa gəlib gör məni, Nə olar sevgilim, unutma məni. * * * Mənim gözlərimdə dünya yaranar, Sevgi dünyasında sevən də olar. Mən səni sevirəm özümdən də çox, Sənə olan sevgim daim çoxalar.
MƏN SEVİRƏM, SƏNƏ NƏ? Baxışın aldı məni özümdən belə, Dönmərəm mən artıq sözümdən belə. Sənə çox baxaram bu gündən belə, Sən sevmirsən, mən sevirəm, sənə nə? * * * Dönüş yoxdu bu sevgidə aldandıq, Bu sevgi yolunda birlikdə yandıq. Bu bir yuxu idi, indi oyandıq, Sən sevmirsən, mən sevirəm, sənə nə? * * * Mən yanaram, sənin sevgin odunda, Daha tab gətirmir yanan odun da, Yanıram elə-hey sevgi yolunda, Sən sevmirsən, mən sevirəm, sənə nə? * * * İzin versən görüşərdik bir daha, Fikir vermə çəkilən dərdli aha, Yalvarıram sənə batma günaha Sən sevmirsən, mən sevirəm, sənə nə? * * * Gəl görüşək gözlər gülsün bir daha, Səni görüm, yalvarıram Allaha Mən ucuz sevgini alaram baha, Sən almırsan, mən alıram, sənə nə? * * * Mən gedirəm gülüm, qalma nigaran, Bil yanımda nə atam var, nə anam, Sənsiz keçən hər anıma yanaram, Sən yanmırsan mən yanıram sənə nə? * * * Qurunun oduna yaş da yanar, Sevən könül eşqsiz qalsa dayanar. Ürəyimdə sevgi hissi oyanar, Sən sevmirsən, mən sevirəm, sənə nə? * * * Həyat məni nə yaman aldadıbdı, Başım daşdan-daşa yaman dəyibdi. Ürək bir baxışçün yaman yanıbdı, Sən sevmirsən, mən sevirəm, sənə nə? * * * Məni ürəyindən çıxarsan da, bil, Daima sev gülüm, daima sevil. Amma ürəyində qalacaq nisgil, Sən sevmirsən, mən sevirəm, sənə nə? * * * Bilirəm ki, məhəbbəti satmısan, İndi artıq muradına çatmısan. Məni həsrət dəryasına atmısan, Sən sevmirsən, mən sevirəm, sənə nə?
BU MƏHƏBBƏTİM Deyirdin cavanam, xoş yaşayacam, Sevəcəm, sevərək xoşbəxt olacam, Mən nə biləydim ki, vaxtsız solacam, Çox tez qocalacaq bu məhəbbətim. * * * Həyatdan heç zaman zövq almamışam, Hələ çox gəncəm mən qocalmamışam, Sevmişəm, arzuma mən çatmamışam, Çox tez qocalacaq bu məhəbbətim. * * * Daha sevmərəm mən bu gündən sonra, Artıq çarə yoxdu, yaşananlara, Bilirəm, səbəbsiz yerə olsa da, Çox tez qocalacaq bu məhəbbətim. * * * Bir güzgüyə baxdım, bir də özümə, Bir an heyfisləndim bu gəncliyimə. Mən böyük sevgini tapmadım hələ, Çox tez qocalacaq bu məhəbbətim. * * * Kimlərsə unutdu öz keçmişini, Mənim unudası yoxdu keçmişim. Kimlərsə unutdu öz sevgisini Çox tez qocalacaq bu məhəbbətim. * * * Hərənin öz dərdi özünə yetər, Mənimsə bu dərdim dərddən də betər, Sevgi də, gənclik də, ömür də bitər, Çox tez qocalacaq bu məhəbbətim. * * * Yaş ötür… cavanlıq illərim gedir, İlahi, bu nədir? Bu necə dərddir? Hələ bu sevgidən pay götürmədim, Çox tez qocalacaq bu məhəbbətim.
GÖRÜNMÜR Məni mənlə tənha qoyub gedirsən, Məni indi atıb yenə gedirsən. Səni sevdiyimi bilib gedirsən, İndi sənin izin belə görünmür. * * * Səni sevdiyimi dedim mən sənə, Gedirsən, deyirəm “geri dönsənə”. Son dəfə üzümə baxıb gülsənə, İndi daha üzün belə görünmür. * * * Sevəndə vəfasız olma dedim mən, Heyif səni dəli kimi sevdim mən. Sən sevgimə layiq belə deyilsən, İndi sənin yerin belə görünmür. * * * Məni özümlə tənha buraxmısan, Məni yandırmısan, yaman yaxmısan. Tikdiyim sevda qalasın yıxmısan, İndi uçan parça belə görünmür. * * * Məni unutmaq çətindi, bilirsən, Bilirəm ki, sən də məni sevirsən. Sən nəfsinə qalib gələ bilirsən? İndi sənin nəfsin belə görünmür. * * * Yadındamı, verirdik biz baş-başa, Ayağımız dəydi indi bir daşa. Tanrı bizi yaratmışdı bir, qoşa, İndi bizdən əsər belə görünmür. * * * Nə sən varsan, nə mən varam, nə sevgi, Bizim sevgi olub indi bir itgi. Sanki sevmək çox böyük bir vergidi, Bu vergidə dilək belə görünmür. * * * Sən unutdun, canım deyib ayrıldın, Sanki bir yuxudu, indi oyandın. Sən aldatdın, mən də sənə inandım, İndi sevən ürək belə görünmür.
DE NƏDİR? Səni məndən ayıran, uzaq salan, Yerlə göy qədər məsafədirmi? Söylə bu günahı kimdə görüm mən? İldirmi, aydırmı, qərinədirmi?
QƏLBİNİ KƏDƏRİM, QƏMİM DAĞIDAR Məndən ayrılmısan, çox da sevinmə, Qəlbində həsrətin ocağın tikmə. Bağında sevginin ağacın əkmə, Qəlbini kədərim, qəmim dağıdar. * * * Mənəm-mənəm deyib döşünə döymə, Nə olar könlümün budağın əymə. Mən səni söysəm də, sən məni söymə, Qəlbini kədərim, qəmim dağıdar. * * * Ayağın büdrəyər, belin bükülər, Ayrılaq deyəndə dilin tökülər, Sevgi ucbatından qürur əyilər, Qəlbini kədərim, qəmim dağıdar. * * * Ağlayıb yanarsan, mənsiz qalarsan, Məni axtararsan, məni sorarsan. Ağlına əbədi bir şey yazarsan, Qəlbini kədərim, qəmim dağıdar. * * * Sən məni itirdin öz həyatından, Nə olar, əbədi çıx xəyalımdan, Bir ömür, əbədi çıxsam yadından, Qəlbini kədərim, qəmim dağıdar.