HƏSRƏT OÇAĞI Yandırmışam həsrətimin ocağın, Gözünə bir hicran daşı qoymuşam. Yağışı qorxudub göz yaşlarımla, Buludları pərən salıb qovmuşam. * * * Ürəyimin buz bağlayan yerindən, Bir tikə ət qoparmışam didmişəm. Qovurmuşam od üstündə eşqimi, Sənin üçün aş qarası etmişəm. * * * Məzə acan şərab da var süfrəmdə, Buz badəni düz qəlbimə bükmüşəm. Bir sərcəni öldürmüşəm səninçün, Göz yaşını şərabına tökmüşəm. * * * Ürəyində neçə tufan qopsada, Bir qəh-qəhə boğazımda qəhərdi . Mənim üçün həyat eşqin badəsi, Dünya özü qəlbim boyda şəhərdi.
VAXTINDA De hardan alım mən o dəli eşqi, Sevgi məhəbbətin kasıb vaxtında. Mənin qismətimə düşən sevdanı, Fələk edam edib, asıb vaxtında. * * * Fələk barışmadı əzəldən mənlə, Oynadı saçımda boylanan dənlə, Ömür yollarıma ələnən çənlə , Fələyin kor yeli əsib vaxtında . * * * Qismətim əzəldən məni sevmədi, Dərdimi ağrımı görə bilmədi, Həsrətdən savayı heç nə vermədi, Eşqimi bağrına basıb vaxtında. * * * Nə bəxtdən yaradım, nə də həyatdan, Keçdi ömür yolum alovdan-oddan, Görünür ilk gündən çıxarıb yaddan, Allah əlacımı kəsib vaxtında.
FƏRYAD Bu yalqız həsrətim fəryad qoparıb, Titrəmə salıbdı canıma mənim. Elə bir xəstəlik heç kimdə yoxdur, Axı hardan düşüb qanıma mənim. * * * Damarımda yalquzaqtək dolanıb, Ulayır içimdə sükutu pozur. Xatirəmi dolaq kimi dolayır, Bəzən də içimdə yolunu azır. * * * Hərdən elə nalə çəkir qəfildən, Özüm də özümdən hürküb qaçıram. Bəzən külək olub səfil gəzirəm, Bəzən yer üzündən qəfil uçuram. * * * Yenə baş qaldırıb bayquş həsrətim, Eyləyir qəlbimi hey oyum oyum. Nə qədər özüylə can aparmayıb, Aparım yanına yağ çorək qoyum.
ŞEİR YAZANDA Yazam, yamac ətirli. Payızam, yağışları çətirli. Yayam. Qışam. Belə yaranmışam. Dörd fəsli yaşayıram bir anda, şeir yazanda. 3 may 2019
İŞIQ DA, ZÜLMƏT DƏ… Vaxtın da quş kimi qanadları var, Güzəştə getməyən iradları var. Zamanın qəribə təzadları var, İşıq da, zülmət də əkiz doğulub. * * * Talelər bir quru tükdən asılı, Çiyninə aldığı yükdən asılı, Pöhrələr rişədən, kökdən asılı, İşıq da, zülmət də əkiz doğulub. * * * Yalanı, gerçəyi özəyindədir, Nəyi var, nəyi yox, öz əlindədir, Kainat bir cəzbin üzərindədir, İşıq da, zülmət də əkiz doğulub. * * * Dünyanın sirrini bilməyib kimsə, Ha tut bu dünyanı, ağla, gülümsə. Əzəli yaranış, sonu ölümsə, İşıq da, zülmət də əkiz doğulub. Payız, 2016
VAXTI YOXDUR Yer fırlanır, göy fırlanır, Dünya, başın gicəlibdir. Bu sərsəri karuseldə İnsanlıq da kiçilibdir. * * * Çox çıxmışıq cızıqdan biz, Sonu nədir qurğumuzun? Vallah, bizə baş qoşmağa Vaxtı yoxdur Tanrımızın! 18 avqust 2018
HAQQA QƏBİR QAZDIRANLAR Çox göz yumub yalanlara Düzü düzdən azdıranlar. Meydan verər talanlara Pisi yaxşı yazdıranlar. * * * Fəndgir dinər ikibaşlı, Əlsiz qalar gözü yaşlı. Bilməz neylər başı daşlı, Yazıq yuxu yozduranlar. * * * Haqqın özü hesab çəkər, Haqq ucalar, nahaq çökər. Ərmuğan, bil, boyun bükər Haqqa qəbir qazdıranlar. 10 mart 2018
DE SÖZÜNÜ Büdrəsən də, qalx ayağa, Vurma yerə tez dizini. Dünya budur, həyat belə, İpəyindən seç bezini. * * * Biçiləni biçir dünya, İçiləni içir dünya, Keçilməzi keçir dünya, Kim doyurdar, kim, gözünü?! * * * Sinəni heç oyma nahaq, Ürəyinə qıyma nahaq. Vədəsinə uyma nahaq, Çox bozardıb tərs üzünü. * * * Dərd ümmandır, dərd dəryadır, Dərdsiz dünya nə dünyadır?! Barsız ömür boş səhradır, Əməlində gör özünü. * * * Pay gözləmə boğçasından, Vəfa umma axçasından, Pisi ayır yaxşısından, Əyrisindən seç düzünü. * * * Sual sorğu, nida cavab, Talelərin işi xarab. Bir gün varsa orda hesab, Doğru yolda tap izini. * * * Dünya bizdən bac alıbdır, Demə daha qocalıbdır. Qocaldıqca ucalıbdır, Gəz dağını, gəz düzünü. * * * Zaur, dünya baş aldadır, Verdiyini geri alır, Sonda tək bir məzar qalır, Vaxt var, yaşa, de sözünü. 3 fevral 2018
VARMI Oradan buraya gəldik, Ərsəyə-araya gəldik. Haradan hayana gəldik, Bu halda can tabı varmı? * * * Beş günü qaradır yerin, Hər yeri yaradır yerin. Gəlmişəm, buradır yerim, Daha bir əzabı varmı? * * * Dəryaya qərq olub dürrü, Gizlinə bürünüb sirri. Ha dolan bu küllü-ərzi, Suala cavabı varmı? * * * Vaxtımız ələkdən keçir, Qəbrimiz bələkdən keçir, İşimiz mələkdən keçir, Yenə bir hesabı varmı? * * * Əzəldən sonraya yol var, Adəmdən Tanrıya yol var, Dünyadan dünyaya yol var, Günah var, savabı varmı? 10 mart 2018
ALLAH, BURDAN DEVİR MƏNİ Hər ahım bir anı üzür, Nəfəs-nəfəs əriyirəm. Dərddən təzə dərd doğulur, Dərdi dərdə dirəyirəm. * * * Didilirəm didim-didim, Uduluram udum-udum. Can yormuşam addım-addım, Günlərimi sürüyürəm. * * * Dərd məhbəsdir, qəlb əsiri, Bitməz vaxtın kəm-kəsiri. Neyləyir dərd mən yesiri?! Ayaq üstə çürüyürəm. * * * Soruşmayın, bu nə haldır? Bu nə vaydır, nə məlaldır? Könlüm dolu, dilim laldır, Kilidlənib kiriyirəm. * * * Dərd bezdirib daha canı, Dərdi məndən qovan hanı? Ahlarımla bu dünyanı Mən özümə bürüyürəm. * * * Həyat, ölüm… yollar haça! Dərd çıxarmı, görən, puça?! Dərd çölündən qaça-qaça, Dərd içinə yeriyirəm. * * * Dərdmi belə sevir məni?! Dərd acgözdür, yeyir məni! Allah, burdan devir məni, Bax, yoluna yüyürürəm. 16 yanvar 2018
DARLIQ Ayaqlarım ilişib Yer kürəsi tələsinə. Təpiklərimlə döyəcləyirəm divarlarını dünyanın. Nə qaça bilirəm, Nə uça bilirəm bu darlıqdan. 30 yanvar 2018
YAŞAYASAN BU YAYI Söyüd çətirli, Çiyələk ətirli, Tut qoxulu, Oyaq-oyaq, yuxulu-yuxulu yay gəlir köhnə taxta məhəccərli, yaşıl sarmaşıqlı eyvana. Oturasan yay kölgəsində Dərdi bir yolluq olmayan kimi, Könlü qəhər-qəhər dolmayan kimi. Üzügülər, Gözügülər arzuların da dünyayla şirin-şirin zarafatlaşa çin çiçəklər işıq pəncərəsindən budaq-budaq, yarpaq-yarpaq daşa-daşa. Nə bir tələsi, qurğusu, Nə əzabları, Nə də can yoran sual-sorğusu ola həyatın. Ömür kimi, gün kimi dola həyatın. Yaşayasan bu yayı. 11 iyun 2018
BİLMİRƏM Ömür var-gəl edir vaxtın qapısı ağzında. Qapıdan içəridə bir həyat, çölündə ayrısı. Nəyi nəyə bağlayıb, nəyi nədən ayırır bu tale?! Olanına, olmazına Olummu, olmayımmı qane? Bilmirəm!.. 17 mart 2018
LÖVHƏ Ağaclar köksü göy uca dağ kimi, Bəyaz çiçəklər də ağ göyərçindir. Çör-çöplü yuvalar lap yumağ kimi, Gülən tumurcuğun yuxusu çindir. * * * Qızılı göldürmü qızıl lalələr?! Yel-yel ləpələnir yamac boyunca. Qol-boyun sarınıb tifil nanələr, Küləklər uğunur könlü doyunca. * * * Quşlar yığnaq qurub bir dar koğuşda, Hər damcı yeddi göy qatından gəlir. Əynini isladıb bu yaz yağışda, Qoxusu daşından, otudan gəlir. * * * Qalxıb dan yerindən yol gəlir bahar, Gözündə durulur bulud dolu su. Titrək nəfəsini bu torpaq duyar, Ilıq təbəssümü günəş dolusu. 11 mart 2018
YAĞIŞ DAMCILARI Yenə yağış yağır, damcı-damcı zər, Yenə yağış yağır, damcı təzə-tər. Buludlar alnından axır axın tər, Sellənib bir çılğın təşnəyə dönür. * * * Damcılar buludun odu, közüdür, Damcılar səmanın gülən gözüdür, Damcılar yağışın elə özüdür, Sədası şipşirin nəğməyə dönür. * * * Damcılar dupduru saf çeşmə kimi, Damcılar ətirli gül, qönçə kimi, Damcılar naz satır bir işvə kimi, Elə cilvələnir, qəmzəyə dönür. * * * Damcılar toxunub, ilmə-ilmədir, Damcılar söz-sözdür, kəlmə-kəlmədir. Damcılar boy atır, pöhrə-pöhrədir, Çətiri ucada zirvəyə dönür. * * * Su damır, bir bulud çatından gəlir, Yer üstə göylərin altından gəlir, Səmanın yeddinci qatından gəlir, Gəlir, xoş gəlişi müjdəyə dönür. * * * Damcılar, damcılar, ləçək damcılar, Hərəsi bir arzu, dilək damcılar. Göz yaşlarınımı mələk damcılar?! Könüldə bir ülvi səcdəyə dönür. * * * Damcılar yağışın öz yaraşığı, Paklıq mehrabında bir eşq işığı. Torpağın göylərlə qəlb barışığı Dinir dua-dua, qibləyə dönür. 11 sentyabr 2019
ƏBƏDİ BAHAR Bir zülmət içindən çıxıb günəşə, Özümlə gətirdim dünyama səni. Telinə taxdığım bircə bənövşə Əbədi bağladı yazına məni. 22 avqust 2018
ÖZÜNÜ MƏNDƏN QOPARMA Dilinə sözün yasağın, Qəlbinə kilid dodağın, Çəkilib əlin, ayağın, Bu yolun nədir niyyəti? * * * Aç mənə o lal sirrini, O zəhər, o bal sirrini. Bəxtə ver vüsal sirrini, Dur öldür diri həsrəti. * * * Göyümdən danı aparma, Sevdiyim anı aparma. Özünü məndən qoparma, Bu tale Tanrı qisməti. 10 mart 2018
İSTƏMİRƏM Mən ağladıqca Sən də süzülürsən gözlərimdən. İçim dolu sən imiş. Qorxuram, ayaqlarınla getdiyin kimi, göz yaşlarınla da tərk edəsən könlümü damcı-damcı. Daha ağlamaq istəmirəm. Qəlbimi sənsizliyə bağlamaq istəmirəm. 21 iyul 2018
SEVGİDƏN ÖTRÜ Həsrətə sevginin işığı düşdü, Ümidin ovcunda gəldin könlümə. Yollar ayrıcında sükut görüşdü, Bir anın özü də ömürmüş demə. * * * Tutub əlimizdən apardı bizi, Bu tale karvanı azmaya barı. Öpdük döngə-döngə məhəlləmizi, Qaçdıq küçəmizdən dünyaya sarı. * * * Kəsdik nəfəsini bəd şübhələrin, Çıxdıq dar içindən genişə yol-yol. Uymadıq felinə çox “bəlkə”lərin, Keçdik ay altından günəşə yol-yol Əbədi qalacaq sevgidən ötrü. Avqust, 2018
Bakı şəhərində yerləşən Azərkitab kitab təbliğatı mərkəzində Naibə Yusif yeni nəşr olunmuş “Gülün yarpıza dönsün” kitabına görə “Ziyadar” mükafatı ilə təltif olunub. Diplomu yazarlar adından “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac müəllifə təqdim edib.
Xanım Yadigar Təvəkgül “Bircə bəndlik darıxmaq” adlı kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Diplom və digər qiymətli hədiyyələr 09. 08.2021-ci il 14:00 da “Sedet” art studiyada keçirilən kitabın təqdimatı zamanı laureata təqdim olunub. Tədbirdən fotolar:
Xanım Yadigar Təvəkgül “Bircə bəndlik darıxmaq” adlı kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Diplom sabah yəni 09. 08.2021-ci il tarixində kitabın təqdimatı zamanı laureata təqdim olunacaq. Tədbir 14:00 da “Sedet” art studiyada keçiriləcəkdir. Bu sətirləri oxuyan hər kəs dəvətlidir. Giriş sərbəst.
Salam olsun! Siz bu yazını oxuduğunuz zaman indiyə qədər çap olunmuş “Yazarlar” jurnalının istənilən nömrəsini sifariş etməklə əldə edə bilərsiniz. Əlaqə vasitələri:
Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyev 3 oktyabr 2019-cu ildə Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Qarabağ münaqişəsindən bəhs edən zaman bildirmişdir ki, “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
“QARABAĞ AZƏRBAYCANDIR!” (esse) Vətən insanın sadəcə doğulduğu yer deyil. Vətən onun ruhudur, yaddaşıdır, keçmişi və gələcəyidir. İnsan bəzən özünü itirəndə də vətənini itirmir. Çünki vətən insanın içində yaşayır – ana laylasında, ata nəsihətində, baba ocağında, torpaq qoxusunda, şəhid qanında, bayraq rəngində yaşayır. Bu mənada Azərbaycan təkcə coğrafi məkan deyil; minilliklərin yaddaşını daşıyan böyük bir mənəvi xəzinədir. Onun ayrılmaz parçası olan Qarabağ isə xalqımızın ruhunun, qürurunun, mübarizə əzminin və milli kimliyinin canlı simvoludur. “Qarabağ Azərbaycandır!” ifadəsi təkcə siyasi bəyanat və ya tarixi həqiqətin ifadəsi deyil. Bu fikir xalqın yaddaşına yazılmış müqəddəs anddır. Bu sözlər illərlə həsrət çəkən insanların ürəyində közərən ümidin səsidir. Bu nida Vətən sevgisinin ən ali məqamıdır. Qarabağ Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, milli kimliyinin ayrılmaz hissəsidir. Ağdamın ağrısı, Şuşanın nisgili, Xocalının yarası, Xankəndinin həsrəti, Laçının yolu, Kəlbəcərin dağı, Ağdərənin nəfəsi, Zəngilanın torpağı, Qubadlının izi, Füzulinin nisgili, Cəbrayılın xatirəsi xalqın ortaq yaddaşında yaşayır. Qarabağ sadəcə xəritədə görünən bir ərazi deyil. Qarabağ insanın ruhunda yaşayan Vətəndir. Yurd həsrəti tamamilə fərqli bir anlayışdır. Onu yaşamadan dərk etmək, anlamaq sözün əsl mənasında çətindir. Sanki hər gecə yuxuda kimsə insanı əlindən tutub tarixin yolları ilə aparır: bura Ağdərədir, bura Kəlbəcərdir, bura Laçındır, bura Göyçədir, bura Borçalıdır, bura Dərbənddir, bura İrəvandır, bura Zəngəzurdur, bura Təbrizdir… Hər addımda keçmiş danışır, tarix nəfəs alır, yaddaş dirilir. Sonra yol Qarabağa çıxır. Şuşaya çıxır. Qalaya qalxır. “Yeddiqatın” dolanbaclarında insan anlayır ki, Vətən sadəcə torpaq deyil. Vətən ruhdur. Vətən kimlikdir. Yurd yuvadır. Yurd şair demişkən, “əcdadımızın mədfənidir”: Vətən – əcdadımızın mədfənidir, Vətən – övladımızın məskənidir. Vətənin sevməyən insan olmaz, Olsa, ol şəxsdə vicdan olmaz. (Abbas Səhhət – “Vətən”) Azərbaycan xalqı tarix boyu çox çətin sınaqlardan keçib. Müharibələr, işğallar, ayrılıqlar, ağrılar xalqın taleyindən keçib. Qarabağ dərdi də uzun illər xalqımızın qəlbində sağalmayan yara kimi yaşadı. Yurd-yuvasından didərgin düşən insanlar illərlə doğma ocaqlarının həsrətini çəkdi. Uşaqlıq xatirələrimiz yarımçıq qaldı. Dağlar sahibsiz, yollar nisgilli, evlər qərib oldu. Amma xalq ruhdan düşmədi. Çünki Azərbaycan insanı yaxşı bilirdi ki, Vətən unudulmaz. Torpaq unudulmaz. Haqq gecikə bilər, amma itmir. Vətən sevgisi insanın daxilində böyüyən ən müqəddəs hisslərdən biridir. Bu sevgi insana güc verir, iradə verir, mübarizə ruhu verir. Qarabağ uğrunda aparılan mübarizə də sadəcə torpaq savaşı deyil. Bu mübarizə milli ləyaqətin, tarixi ədalətin, mənəvi dəyərlərin qorunması uğrunda mübarizədir! Şükür olsun Böyük Allaha hər gün yuxularımızda, xəyallarımızda getdiyimiz yolları, gəzdiyimiz yurd yerlərini bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında Azərbaycan Əsgəri canı, qanı bahasına addım-addım, qarış-qarış geri alır. Hər gün sözün əsl mənasında bir daha böyük əminliklə şahidi oluruq ki, “QARABAĞ AZƏRBAYCANDIR!”. İndi bu nida Azərbaycan Əsgərinin başlıca silahına çevrilib. Bu yolda verdiyimiz şəhidlərimiz Azərbaycan Əsgərinin mübarizə əzmini, qələbəylə, Böyük Zəfərə inamını daha da artırır. Necə deyərlər, – “Bir ölür, min diriliriz!” Şəhidlik anlayışı Azərbaycan xalqının mənəviyyatında xüsusi yer tutur. Vətən uğrunda canını fəda edən insanlar sadəcə döyüşçü deyil, xalqın əbədi yaddaşına çevrilən müqəddəs adlardır. Bu torpaqlar uğrunda şəhid olmaq hər kəsə nəsib olmur. Şəhidlər Vətənin daşına, torpağına, havasına qarışaraq xalqın ruhunda əbədi yaşayırlar. Qarabağ həm də milli birliyin rəmzidir. Çətin zamanlarda xalqın bir yumruq kimi birləşməsi, ortaq məqsəd ətrafında sıx dayanması Azərbaycanın ən böyük gücünü göstərir. Bu birlik göstərir ki, vətən sevgisi insanları birləşdirən ən güclü bağdır. Bu torpaqlar sadəcə coğrafi məkan deyil. Bu torpaqlar tarixdir. Yaddaşdır. Mədəniyyətdir. Nizaminin sözü, Üzeyirin musiqisi, Vaqifin nəfəsi, Xurşidbanu Natəvanın nisgili, şəhidlərin qanı, anaların duasıdır. Azərbaycanın hər daşı, hər qayası bir tarix danışır. Qarabağ isə həmin tarixin qəlbidir. Çünki Qarabağ Azərbaycanın mənəvi dayağıdır. Qarabağ milli ruhun yaşadığı yerdir. Bu gün Qarabağ deyəndə insanın gözündə sadəcə dağlar, yollar, şəhərlər canlanmır. İnsan qürur görür. Əzmkarlıq görür. Qayıdış görür. Dirçəliş görür. “Qarabağ Azərbaycandır!” — bu ifadə təkcə bir cümlə deyil. Bu xalqın yaddaşıdır. Bu millətin iradəsidir. Bu torpağın haqq səsidir. Qarabağ Azərbaycandır! Dünən də belə idi. Bu gün də belədir. Sabah da belə olacaq. Çünki Vətən sevgisi zaman keçdikcə azalmır. Böyüyür. Dərinləşir. İnsanla birlikdə yaşayır. Qarabağ Azərbaycandır! Azərbaycanın qürurudur. Azərbaycanın ruhudur. Azərbaycanın özüdür. 20.10.2020. Ağdam.