Rizvan Hacıyev – Yarımçıq hörük

Yarımçıq hörük

(hekayə)

O, həmişə elə geyinərdi ki, yaxasına asılacaq medal mütləq görünsün. Son vaxtlar medalların sancaqla taxıldığını bilsə də, əvvəllər medalın sancaqla, yoxsa vintlə bərkidiləcəyini öncədən hesablayar, geyimini onun yaxada necə dayanacağına uyğun seçərdi. Uzun saçlarını yarıya qədər hörər, açıq rəngli kolqotka isə heç vaxt geyinməzdi. Onu görəndə adamın ağlına ilk gələn fikir bu olurdu:
“Yenə hansısa səhnədən çıxıb gəlib, hələ də roldadır…”
Yubkası üst geyimindən həmişə uzun olardı. Yaşıl rəngdən başqa hər çalarda yubkası vardı. Ayaqqabı seçəndə qotazlardan xoşu gəlmədiyini desə də, ayaqqabıları əksərən elə qotazlı olardı. Al-qırmızı dodaq boyası çantasından əskik olmazdı, amma onu yalnız axşamlar, xalq arasına çıxanda çəkərdi. Addımları adətən sürətli olsa da, dodaqlarına boya çəkilən günlərdə küçələrin bağrına sancılan həzin addımlarla yeriyərdi.
Güləndə yanaqlarında yaranan çökəkləri göstərmək üçün əvvəlcə yerə baxar, sonra başını qaldırar, çöhrəsinə qonmuş o xoş ifadəni baxışları ilə ətrafdakılara paylayardı.
Uzun barmaqlarında həmişə gümüşü üzüklər olardı. Çeçələ barmağı digərlərindən bir qədər qısa olsa da, ilk baxışdan fərq sezilməzdi. Əli üşüyəndə ilk sızlayan baş barmağı olardı. İctimai nəqliyyatda həmişə öz yerini tutar, əlini heç vaxt cibinə salmazdı. Bəlkə də buna görə ciblərinin ağzı tikili paltarlar seçərdi. Boynundan zərif zəncirlə işləməyən qədimi bir saat asardı. Hərdən o saatı barmaqları ilə sığallayaraq sanki zamanın nəbzini yoxlayardı. Sağ çiyninə aşırdığı çantadan isə darağın sapı həmişə görünərdi.
Göz yaşları axanda heç kim ayırd edə bilməzdi ki, sevincdir, yoxsa kədər. Hər iki halda bəbəklərində dərin bir hüzn kölgəsi dolaşardı. Danışarkən sağ əli sola, sol əli sağa elə hərəkət edərdi ki, bədən dilini ondan öyrənmək olardı. Gözünü gözə toxundursa da, kipriklərinin rəqsi heç bir emosiyanın ritminə tabe olmazdı.
Ülfət qədər nazik dodaqları incə belindən daha çox diqqət çəkirdi. Mənim üçün bütün bunlar keçici bir ovqat yaratsa da, ondakı qadınlıq başlanğıcı həmişə özünü göstərirdi. Tanışımın “Qadınların hamısı aktrisadır” deməsi, mənim dərhal “Elə kişilər də…” cavabımı doğururdu. Bu dialoq mənə Asif Atanın məşhur deyiminin yaddaşımda dəyişdirdiyim formasını xatırladırdı:
“Sovet ailəsi bir dam altında iki gəda biri erkək, biri xanım.”
Maraqlısı o idi ki, bu xanımı heç vaxt kiminləsə qoşa görə bilmirdim. Sovet dövründə hamı hansısa cütün parçası idi. İndi isə onda o ənənəvi ailə mənzərəsini görmürdüm. Nə də onu sərbəstliyin simvolu adlandırmaq olardı. O, görünməz, amma sərt bir nizamın içində təkbaşına hərəkət edirdi.
Kim onun haqqında məndən nəsə eşitmişdisə, söz düşən kimi onu soruşurdu. İnsanların onu məndən soruşması boynuma məsuliyyət qoydu ona görə də daha dərindən maraqlanmalı idim. Mən isə qəribə bir qısqanclıqla cavab verirdim. Sanki onu hamıdan qorumaq, bu gizli “rolun” yeganə şahidi olmaq istəyirdim.
Artıq uzaqdan müşahidə yetərli deyildi. Onun dünyasına daxil olmaq üçün onun dilində danışmalı idim. Mən də geyimimdə onunla səsləşən, amma məni də fərqləndirən bir obraz yaratdım. Pencəyimin yaxasındakı köhnə gümüşü sancaq onun medalına bir “parol” idi. Ciblərimi açıq buraxıb əllərimi gizlətməyim, onun tikili ciblərinə sakit bir üsyan idi. Öz sərbəstliyimlə onun nizamını sınağa çəkirdim.
Bir gün onun avtobusdan düşüb uça-uça getməsi məni heyrətləndirdi. Yeniyetmə kimi fırlanması, sol əli ilə tutduğu çantası, palıd rəngli ayaqqabısı, bənövşəyi kəlağayısı… Amma ən çox saçı diqqətimi çəkdi. Hörükləri yenə yarımçıq idi. İçimdə qəribə bir məğrurluq oyandı.
O anda avtobusun pəncərəsindən sıraya daxil olan bir avtomobilə baxdım. Sükan arxasında oturan qadın bir vaxtlar bu yarımçıq taleni tərk edib gedən idi. İndi isə uşağını tək böyüdən fədakar ana kimi öz həyatını yaşayırdı. O da dayanacağa baxdı. Baxışlarında tanış bir həsrət vardı bəlkə də bir zamanlar arzuladığı ailə tablosunun kölgəsi.
Bir anlıq göz-gözə gəldik. O getdi. Mən avtobusda qaldım. Hər ikimiz keçmişin modelindən uzaqlaşmışdıq.
Mən isə yarımçıq bir hörüyün şahidi olmaq arzusu ilə avtobusdan düşdüm və ona yaxınlaşdım.
Gəl saçlarını hörüm…
Qadın yavaşca döndü. Yaxamdakı gümüşü sancağa, boynumdakı şarfa baxdı. Yanağındakı məşhur çökəklər yenə göründü. Çantasından darağı çıxarıb mənə uzatdı və baxışlarındakı hüznü bir cümləyə sığdırdı:⁷
Hörmək asandır… əsas odur ki, düyünləri çözə biləsən.
Zaman öz dairəsində fırlanır, amma heç nəyi dəyişmir. Gərdiş eyni nənniləri eyni ritmlə yelləyir. Hər uzanan saç hörük taleyi yaşamır. Və hər paslanmış saatın əqrəbləri yenidən yerimir.
Bir hündürboylu tanışım deyirdi ki, hündür qadınlardan xoşu gəlmir, uzun saçlar isə yalnız hörükdə gözəl görünür. Mənə isə elə gəlirdi ki, o qadın kimin üzünə baxırsa baxsın, baxışlarında bir sual gizlidir.
Görəsən, qarşısındakı insan onun yarımçıq hörüyünü sona qədər hörə bilərmi?
26.02.2026
(100 illik Türkoloji Qurultay günü yazılıb)

Müəllif: Hacıyev Rizvan

Hacıyev Rizvanın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İki bayramın görüşü

İki bayramın görüşü
Bəzən zaman sadəcə axmır danışır. Elə anlar olur ki, təqvim susur, amma mənalar dillənir. Bu il Novruzla Ramazanın bir araya gəlməsi də məhz belə bir səssiz, amma dərin söhbətdir: torpağın nəfəsi ilə ruhun səsi eyni anda eşidilir. Novruz gələndə torpaq danışır. Quru budaqlarda həyatın pıçıltısı eşidilir, külək belə ümid qoxuyur. Bu, sadəcə baharın gəlişi deyil bu, yaddaşın oyanışıdır. İnsan öz kökünə, öz mənəvi başlanğıcına qayıdır. Ocaqlar yanır, amma əslində isinənsə ürəklər olur.
Torpaq oyananda insan da oyanır; bahar təkcə fəsil deyil, ruhun özünü xatırlamasıdır.
Ramazan isə səssiz bir dərinlikdir. O, səs-küylə gəlmir qəlbə enir. Gün ərzində aclıqla sınanan bədən deyil, əslində insanın nəfsidir. Bu ayda insan öz içində gizlənən həqiqətlə üz-üzə qalır. Paylaşmaq, bağışlamaq, səbr etmək bunlar sadəcə əməllər deyil, ruhun təmizlənmə yoludur.
İnsan ac qalanda bədən zəifləyir, amma ruh güclənir; çünki doymaq yalnız süfrə ilə deyil, vicdanladır.
Bu iki bayramın qovuşması bir rəmzdir. Novruz bizə deyir: Yenidən başla. Ramazan isə pıçıldayır: Özünü tap. Biri torpağı dirildir, digəri qəlbi. Biri həyatın başlanğıcıdır, digəri mənanın dərinliyi.Bəlkə də həyatın ən böyük sirri məhz buradadır insan həm torpaq kimi yenilənməli, həm də ruh kimi saflaşmalıdır.Bu günlərdə yanan tonqallar təkcə qışın soyuğunu yox, içimizdə qalan köhnə ağrıları da yandırmalıdır. Açılan süfrələr isə təkcə qarnı deyil, ürəyi doyurmalıdır. Çünki insanın ən böyük ehtiyacı yemək deyil anlaşılmaq, paylaşmaq və sevilməkdir.
Bayram süfrəsi bolluqla deyil, bölüşməklə zəngin olur.
Novruzun alovu ilə Ramazanın nuru birləşəndə, insan öz içində yeni bir işıq tapır. Bu işıq nə gözlə görünür, nə də sözlə tam anlatmaq olur o, sadəcə hiss edilir. Və bəlkə də bayramın ən böyük möcüzəsi budur: insan bir anlıq özünü xatırlayır… kim olduğunu, niyə yaşadığını və nə üçün sevməli olduğunu.
Çünki bayram zamanın içində bir fasilə deyil, insanın içində bir başlanğıcdır.

Müəllif: Gülər Nizamiqızı

GÜLƏR NİZAMİQIZININ YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aqillər yurdunun pir övladıyam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

21 Mart – Poeziya Günüdür

21 Mart – Poeziya Günüdür

21 mart yalnız təbiətin oyanışı, torpağın nəfəs alması, baharın gəlişi ilə yadda qalan bir tarix deyil. Bu gün həm də insan ruhunun ən incə, ən saf və ən dərin ifadə forması olan poeziyanın bayramıdır. Təbiətdə baş verən dirçəliş necə ki, həyatın yenilənməsini simvolizə edirsə, poeziya da insanın daxili aləminin yenidən doğuluşunu, hisslərin oyanışını ifadə edir. Bu gün söz sadəcə ünsiyyət vasitəsi olmur — söz nəfəsə çevrilir, yaddaşa çevrilir, zamanın içindən keçərək gələcəyə uzanan bir körpü olur.

Poeziya insanın danışa bilmədiyi anlarda danışan, susa bilmədiyi anlarda isə sükuta çevrilən bir həqiqətdir. Bu baxımdan poeziya nə qədər ifadəli olsa da, bir o qədər də izahı çətin olan bir fenomendir. “Poeziya nədir?” sualı əsrlər boyu verilmiş, lakin heç vaxt tam və qəti cavablandırılmamışdır. Çünki poeziya tərifə sığmayan bir hissdir. O, nə yalnız ədəbiyyatdır, nə də sadəcə sənət. Poeziya insanın daxili aləminin ritmi, varlığın görünməyən tərəfinin səsidir.

Tarixi baxımdan poeziya insanla yaşıddır. İlk duyğu ilə, ilk qorxu ilə, ilk sevgi ilə birlikdə yaranmışdır. İnsan hiss etməyə başladığı andan poeziya doğulmuşdur. Hələ yazı mövcud olmamışdan əvvəl poeziya var idi — çünki o, kağızda deyil, qəlbdə başlayır. Bu səbəbdən poeziya yalnız yazılı mətn deyil, həm də insanın varlığının ayrılmaz bir hissəsidir.

Ədəbiyyat tarixində poeziya həmişə aparıcı mövqedə dayanmışdır. Bunun əsas səbəbi onun insanın ən saf halını ifadə etməsidir. Poeziya yalan danışmır, maska taxmır. O, olduğu kimidir və insanı da olduğu kimi göstərir. Bu, poeziyanın ən böyük gücüdür: səmimiyyət. Şeir oxuyan insan təkcə sözləri deyil, həm də o sözlərin arxasındakı hissləri yaşayır, onları öz daxilində yenidən yaradır.

Elmi baxımdan poeziya yalnız bədii ifadə vasitəsi deyil. O, insan beyninin və duyğularının harmoniyasını təşkil edən mürəkkəb bir sistemdir. Ritm, söz və məna birləşərək insan psixologiyasına təsir göstərir. Poeziya yaddaşı gücləndirir, hissləri dərinləşdirir və düşüncə üfüqlərini genişləndirir. Bu baxımdan poeziya yalnız estetik zövq mənbəyi deyil, həm də idrak vasitəsidir. O, insanın həm emosional, həm də intellektual inkişafına xidmət edir.

Din və mənəviyyat baxımından da sözün xüsusi yeri vardır. Yaradılışın başlanğıcı sözlə əlaqələndirilir, vəhy sözlə gəlir, dua sözlə edilir. Poeziya isə bu sözün ən incə, ən saf formasıdır. O, insanı Yaradanla yaxınlaşdıran bir körpüyə çevrilir. Çünki poeziyada səmimiyyət, daxili təmizlik və ruhun səsi var. Bu xüsusiyyətlər poeziyanı yalnız estetik deyil, həm də mənəvi dəyərə çevirir.

Poeziya eyni zamanda insanın özünü tanıma yoludur. O, insanı öz iç dünyasına aparır, orada gizlənən suallarla üzləşdirir və cavabları hiss etdirməklə göstərir. Bəzən bir misra bir ömrü izah edir, bəzən isə bir ömür bir misraya sığır. Bu, poeziyanın möcüzəsidir — az sözlə çox şey demək, görünməyəni hiss etdirmək.

Poeziya zamanı dayandırmaq gücünə malikdir. O, keçmişi bu günə gətirir, bu günü isə gələcəyə ötürür. Şairlər sadəcə yazmır — onlar zamanı qoruyur, yaddaşı yaşadır, hissləri gələcəyə çatdırır. Hər bir şeir bir dövrün izidir, hər bir misra bir taleyin səsidir. Bu baxımdan poeziya həm də cəmiyyətin güzgüsüdür. O, dövrün ağrılarını, sevincini, ümidini və arzularını özündə əks etdirir.

21 mart – Poeziya Günü bizə bir həqiqəti xatırladır: insan sözlə yaşayır, sözlə iz qoyur və sözlə yadda qalır. Poeziya isə bu sözün ən uca formasıdır. İnsan danışanda söz yaranır, insan hiss edəndə isə poeziya doğulur. Bu gün poeziyanı qeyd etmək sadəcə şeir oxumaq deyil. Bu gün insanın öz ruhuna qayıtması, hiss etməyi yenidən xatırlamasıdır.

Müasir dünyada texnologiyanın sürətlə inkişaf etdiyi, informasiyanın artdığı bir dövrdə poeziyanın rolu daha da önəmli olur. Çünki poeziya insanı mexanikləşməkdən qoruyur, onu hiss edən varlıq kimi saxlayır. O, insanı öz daxilinə yönəldir, sükutun içində danışmağı öyrədir. Poeziya insanın ruhunu qoruyan bir sığınacaqdır.

Nəticə etibarilə demək olar ki, poeziya yazılan bir şey deyil — poeziya yaşanan bir həqiqətdir. O, insanın içindən gəlir, hisslərdən doğulur və yenidən insanın içində yaşayır. 21 mart yalnız təbiətin deyil, həm də insan ruhunun oyanış günüdür. Bu gün poeziyanın bayramıdır — sözün nəfəsə, hissin sənətə, insanın isə özünə çevrildiyi gündür.

Müəllif: Gülər Nizamiqızı

GÜLƏR NİZAMİQIZININ YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sona Abbasəliqızı – Könlü oyaqlardan xəbər al məni

21 Mart Poeziya Günü

Bu gün sözün nəfəs aldığı, duyğuların sətirlərə çevrildiyi gündür Poeziya Günü.
Poeziya insanın içində gizlənən səslərin dilə gəlməsidir. Bəzən bir misrada bir ömür yaşayır, bəzən bir kəlmə ilə qəlbin ən dərin qatlarına toxunur. Şeir nə zamana, nə sərhədə sığır o, ruhun azadlıq formasıdır.
Bu gün qələm tutanların, sözə sığınanların, duyğunu qoruyanların günüdür. Hər kəsin içində bir şair var kimisi yazır, kimisi susaraq yaşayır.
Poeziya gününüz mübarək. Sözünüz heç vaxt tükənməsin.

QƏLƏMİM ALTDA

Haqq başım üstündən baxır göz kimi,
Ümid ürək açır şirin söz kimi.
Misralar içimdə yanır köz kimi,
Vərəqlər od tutur qələmim altda.

Bezib bu dünyanın ab-havasından,
Atıram özümü söz qayasından.
Səsimin, sözümün əlifbasından,
Vərəqlər od tutur qələmim altda

Ağrı çöllərini adlayıb keçir,
Möhnətin dizini qatlayıb keçir,
Əcəlin bağrını odlayıb keçir,
Vərəqlər od tutur qələmim altda

Sona, sinəmdəki duyğular kövrək,
Açır yaxasını söz çiçək-çiçək.
Şam kimi sinəmdə alışır ürək,
Vərəqlər od tutur qələmim altda.

KÖVRƏK MİSRALARIM

Hökmünə “mərhəba” ulu nəqqaşın,
Yaddaşı olmuşdu özü yaddaşın.
Xətrinə dəymədi payızın, qışın,
Kövrək misralarım,kövrək sözlərim.

Safdı ilhamımın ilki, əzəli,
Duyğum heç görmədi payız xəzəli.
Sevgiylə oxşadı min bir gözəli,
Kövrək misralarım, kövrək sözlərim.

Kövrək bir dünyadır şair ürəyi,
Bahar ətirlidir arzu, diləyi.
Daim əziz tutdu halal çörəyi,
Kövrək misralarım, kövrək sözlərim.

Üzü haqqa sarı erəyim qaçır,
Könüllərin şahı müşküllər açir..
Qəlbimə, ruhuma nur, işıq saçan,
Kövrək misralarım, kövrək sözlərim.

XƏBƏR AL MƏNİ

Möhnət qəfəsinə düşübdü bülbül,
Misralar içində inildəyir gül.
İrfan həsrətiylə alışan könül,
Könlü oyaqlardan xəbər al məni.

Sözün zirvəsindən yollara boylan,
Güllü qafiyənin başına dolan.
Misra həsrətiylə gözləri dolan,
Bəyaz vərəqlərdən xəbər al məni.

Belə qəribsəyib kövrəlmə, könülüm,
Alışıb ocağım,üşüməz külüm.
Haqqın şairinə neyləyər ölüm?-
İsti ocaqlardan xəbər al məni.

Sona, xəyal qonub zirvə daşına,
Hopub söz həniri ocaq daşına.
Cığırlar hörmətlə çıxar qarşına,
Qosqoca dağlardan xəbər al məni.

MƏNİ SORUŞUN

Söz hikmət nurutək dolaşır qanda,
Anlasın məclis də, məclis quran da.
Ellər bağçasında məclis quranda,
Mənalı çağlardan məni soruşun.

Hikmətli kəlməsi nur, işıq saçan,
Sənət eşqi ilə yaşadı bir can.
Hər vaxt gəlişinə qolunu açan,
Doğma qucaqlardan məni soruşun.

Sözün yamacına könlünü sərdi,
Səbriylə ovutdu kədəri, dərdi.
Hər çiçək üzündən bir misra dərdi,
Güllü yaylaqlardan meni sorusun.

Adını əzizlə, xətrini istə,
Ürək baş qoyubdu el qəmi üstə.
“Kərəmi”, “Dübeyti”, “Dilqəmi” üstə,
Gəzən barmaqlardan məni soruşun.

Sona, söz yaratdım tər güllər kimi,
Yazdım varaqlara mən bu ərkimi,
Öpəndə misramı təbərrik kimi,
Şirin dodaqlardan məni soruşun.

DÜNYANIN DƏRDİNDƏN KEÇİB GEDİRƏM

Üfürmə bu sönmüş ocaq közünü,
Səbrimlə kor etdim dərdin gözünü.
Gördüm insanların min bir üzünü,
Dünyanın dərdindən keçib gedirəm.

Butun ayrılıqlar sona çataçaq,
Çəkdiyim ahlarda dünya batacaq.
Onsuz da sönəcək bir gün hər ocaq,
Dunyanın dərdindən keçib gedirəm.

Gözündən tanıdım mərdi, namərdi,
Fələk qəm xalçası önümə sərdi.
Bu ömrün axırı qəza-qədərdi,
Dünyanın dərdindən keçib gedirəm.

Donub qulağımda zamanın səsi,
Boğmuşam içində neçə həvəsi.
Dərddir başdan-başa həyat səhnəsi,
Dünyanın dərdindən keçib gedirəm.

Dərdin sarayını tarimar etdim,
Nəfsimlə hər zaman intihar etdim.
Sonayam, könlümün kamına yetdim,
Dünyanın dərdindən keçib gedirəm.

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Бошқача тус олар бу йилги Наврўз

Fotoda: Südabə Mətanətli (Məmmədova)

НАВРЎЗ!

1.
Боғларда баҳорнинг нафаси эсар,
Олам жаннатидан завқланади кўз.
Қалбларда шодиёна шукуҳи кезар,
Бошқача тус олар бу йилги Наврўз.

Яна учиб келар оппоқ лайлаклар,
Қалдирғоч айвонга ин қўяр қайта.
Бирма-бир ушалар барча тилаклар,
Ёш-қари қувонар шукрона айта.

Офтобни эркалар зангори осмон,
Булутни савалар силкитиб чақмоқ.
Ёмғир майсаларга тутқазаркан жон,
Ғафлатдан уйғотар момоқалдироқ.

Қишнинг қирқ ямоқли оқиш яктаги,
Идраб чок-чокидан кетар ситилиб.
Яшил рангга кирар қирлар этаги,
Кўпчийди пурсилдоқ ерлар етилиб.

Деҳқон шошилади қўлида кетмон,
Шудгор даласидан умидлари мўл.
Чумолилар қишдан чиқдик деб омон,
Ризқини термоққа излашади йўл.

Чуғурчуқлар шохдан шохга қўнишар,
Занжирдай тизилиб келар турналар.
Соғинганлар дийдор завқин туйишар,
Унут бўлар барча араз, гиналар.

2
Ўзгача касб этар бу йилги Наврўз,
Жонажон юртимда ажиб тароват.
Табиат кўркини қилмоқда кўз-кўз,
Беминнат кўрсатиб меҳр-саховат.

Келажак дарахти гулга кирмоқда,
Чаманзор айлади юртни ободлик.
Истиқлол ниҳоли мева бермоқда,
Инсонлар юзида табассум, шодлик.
3
Янги йил, янги кун, янгича ҳаёт,
Шу кундан бошланар борлиқ аслида.
Кексалар тилайди ёшларга сабот,
Коинот жонланар баҳор фаслида.

Кишини кун сайин ортар ҳаваси,
Бодроқдай бодраган боғларда Наврўз!
Борлиқни забт этар уйғониш саси,
Лолага бурканган тоғларда Наврўз!

Кўнгилни кўтарар гавжум сайллар,
Кўпкари от чопган қирларда Наврўз!
Миллий қадриятни қайтарди йиллар,
Юртим , деб яшаган дилларда Наврўз!

Шоирлар мадҳ этар, қўшиқчи куйлар,
Раққоса ноз ила айлайди хиром.
Бор бўлсин ўзбекча баҳорий тўйлар,
Бор бўлсин, муҳаббат, баҳор ва илҳом!

Müəllif: Зуҳра Бегим

Zuhra Begim <<<< >>>> Зуҳра Бегим

Mustafa Müseyiboğlu adına kitabxana

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəfəq Nasir yazır

BAHARDA DOĞULAN VƏTƏN QIZI
ŞAHNAZ ŞAHİN, bilmirəm, bu yazı özəl gününlə bağlı sənə təbrik sözüm olacaq, və ya görüşmədiyimiz son 1 ayda bölüşmək istəyimdən yaranan ehtiyacımın ifadəsi. Bəlkə də axır bir neçə həftədə ictimai həyatda, ədəbi mühitdə baş verən hadisələri düşüncəmin işığında müzakirə müstəvisinə çıxarmaq məqsədilə fikirimi sənə ünvanlamaqdır. Sözün bu yerində özümə etiraz edirəm: müzakirəni sosial şəbəkədə açmağa nə hacət, bunlar qalsın Allahın iznilə baş tutacaq növbəti görüşümüzə…

Yaradana şükr edirəm, nə yaxşı ki, ortaq rəfiqəmiz, tələbə yoldaşım, istedadlı jurnalist, rəhmətlik Vəsilə Usubova vaxtilə bizi tanış etdi. Bu tanışlıq aramızda həmişəlik Söz körpüsü oldu. Anlaşdıq, dərk etdik bir-birimizi. İki ədəbiyyat adamı olaraq bir-birimizin mənəvi, yaradıcı aləminə yaxınlığımız dostluğumuza xoş rənglər qatdı…

Şahnaz xanım, düşünürəm ki, səni ədəbi mühitə, sosial mediaya geniş təqdim etməyə lüzum yoxdur. Nədən ki, bir şair olaraq çağdaş poeziyamızın istedadlı nümayəndəsi, ədəbi, ictimai həyatda gərəkli və ciddi, aktual mövzularda dəyərli esselər müəllifi kimi özünü təqdim-təsdiq etmiş Ədəbiyyat adamısan. Burada məqsədim yaradıcılığını xarakterizə etmək, əsərlərinin ideya-mənəvi dəyərlərindən söz açmaq deyil, amma bu istiqamətdə bəzi məqamlara toxunmağı vacib sanıram.

Hamımız bu Vətənin övladlarıyıq, amma çoxlarından fərqli olduğun üçün sənə ağızdolusu Vətən qızı deyirəm. Çünki, yaradıcılığınla Vətənə, xalqına xidmət edən, millətin ağrı-acılarına yanaraq onları dilə gətirən, el-oba təəssübü çəkən, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igdlərimizin, şəhid oğullarımızın taleyinə, həyat salnaməsinə işıq salan, qələbə sevincimizi, zəfərimizi qızıl qələminlə vəsv edən Söz xiridarı kimi dəyərli vətəndaşsan. Bunları görməzlikdən gələ bilərəmmi, Şahnaz Şahin…

İndiki məqamda yadıma düşən, oxuduqca coşduğum, xoş təəssürat içrə duyğulandığım bəzi kitablarını xatırlayıram. “Xocalının Sərvəri”, “Sabiradad Şəhidləri”, “Zəfər nəğmələri”, “Şuşa haqqı” əsərlərinlə sən də Vətənin keşiyində dayanan mübariz, dəyanətli bir əsgərsən…
Zatən münasibətimizin davamlı olacağına inanıram. Xoş halımıza ki, bazar söhbətlərindən çox-çox uzağıq. Hər görüşümüzdə yazılarımız haqqında, ümumən ədəbiyyatımıza xidmət edən əsrlərlə bağlı fikir mübadiləsi aparır, hansısa bir bədii mətni müzakirə edirik. Düz sözə etina edirik. Lütfən, kimsə bu fikrimi özümüzdən razılıq kimi anlamasın…

Doğum gününlə bağlı bu yığcam fikirləri qeyd etməklə istədim biləsən, bütün uğurlarına (bilirəm ki, ölkəmizdən kənarda da yaradıcılığına verilən dəyəri, haqqın olan dəyəri qazanmısan) özün qədər sevinirəm. Səni təbrik edirəm, Şahnaz. Bir də demək istəyirəm ki, baharda doğulan rəfiqələrimin arasında sən də özəlliyinlə seçilirsən. Novruzun mübarək qədəmləri ilə birgə doğulmağın da Tanrının həyatına bəxş etdiyi bir naxışdır. Əzizim, ruhunun yaşı gülümsər çöhrəndə daim şəfəq saçsın. Yeni yaşın mübarək, Şahin Çahin! Sənə sağlam həyat içrə davamlı yaradıcılıq uğurları arzulayıram.
Hörmətlə, Şəfəq Nasir

ŞAHNAZ ŞAHİNİN YAZILARI

Şəfəq Nasiirin digər yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Xalqımızın ilk Xalq şairi Səməd Vurğun – 120”

Səməd Vurğun – 120

21 mart 2026-cı il tarixində Milli Kitabxana tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, tanınmış dramaturq və ictimai xadim, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə “Xalqımızın ilk Xalq şairi Səməd Vurğun – 120” adlı virtual sərgi və “Azərbaycanın Xalq şairi Səməd Vurğun” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Xalq_sairi_Semed_Vurgun/index.htm linkindən istifadə etməklə tanış ola bilərsiniz.

Elektron məlumat bazası ilə https://anl.az/el/emb/S.Vurgun/index.html linkindən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı: https://www.millikitabxana.az/news/semed-vurgun-120

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vəkilov Səməd Yusif oğlu

Vəkilov Səməd Yusif oğlu

21 mart Azərbaycan sovet poeziyasının parlaq günəşi, poeziyanın bayraqdarı, drammaturq, ilk xalq şairi fəxri adını alan Səməd Vurğunun (Vəkilov Səməd Yusif oğlu) dünyaya gəlməyindən 120 il keçir. Ədibin poeziyasında o dərəcədə axıcılıq, nəğmə var ki, çox eşitmədiyimiz şeiri uzaqdan səslənəndə, ya şeirindən bir parça oxunanda dərhal Səməd Vurğunun olduğu bilinir. Cəfər Cabbarlı 20 martda, Səməd Vurğun 21 martda dünyaya gəliblər, hər ikisi bahar oğludur, ona görə də yaradıcılıqlarında bahar nəfəsi, bahar şəfəqləri duyulur. Ədibin şəklinə baxın. 50 yaşında dünyadan köç edib. Şəkildə sanki 80 yaşlı ahıl bir kişidir. Çünki o 50 illik ömründə neçə ömür yaşayıb, yaradıcılıqla, gəzməklə, xalqla daha çox ünsiyyətdə olmaqla. İki ömür qədər həyatı görüb. Xalqla çox ünsiyyətdə olurdu, ova gedirdi. Ovda bir dəfə ovçu tanışına ceyranı vurmağa qoymayıb, atəş açan anda tüfəngin lüləsini “dayan” deyib yuxarı qaldırıb. Məşhur “Ceyran” şeiri də ondan sonra yazılıb. “Azərbaycan” şeiri isə mən deyərdim ki, şairin manifestidir. Atam Nəbi Xəzrinin də ustadı olub, onu gənc vaxtlarında, 20 yaşında “Söz” şeirini oxuyandan sonra təkidlə hələ kitabı çap olunmamış Yazıçılar İttifaqına üzv keçirib. Anam danışardı ki, Səməd Vurğun 1956-cı ildə dünyasını dəyişəndə Nəbini ilk dəfə hönkürərək ağlayan gördüm, dedi ki, mənəvi atamız getdi. Ruhu şad olsun ustadın, Allah rəhmət eləsin.

Mənbə: Arzu Babayev

SƏMƏD VURĞUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

NƏBİ XƏZRİNİN ŞEİRLƏRİ

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"