Zərif bəndlər: Sözün və dostluğun Naxçıvan görüşü

Zərif bəndlər: Sözün və dostluğun Naxçıvan görüşü

Azərbaycan ədəbiyyatının inkişafında ədəbi məclislərin, yaradıcılıq birliklərinin və söz adamlarının görüşlərinin xüsusi yeri vardır. Belə görüşlər təkcə poeziya və nəsrin müzakirə olunduğu məkan deyil, həm də qəlblərin yaxınlaşdığı, dostluqların möhkəmləndiyi, yeni yaradıcılıq körpülərinin qurulduğu mənəvi ocaqlardır. 2026-cı ilin 13-14 iyun tarixlərində Naxçıvanda keçirilən növbəti ədəbi görüş də məhz bu baxımdan yadda qalan tədbirlərdən biri oldu.
Şair-publisist Aysel Nəsirzadənin rəhbərliyi altında fəaliyyət göstərən “Zərif Kölgələr” Yaradıcılıq Klubu və şair-publisist Təranə Arifqızının rəhbərliyi altında fəaliyyət göstərən “Zərif Qadınlar” Ədəbi Qrupunun bir qrup üzvü qədim diyar Naxçıvanda bir araya gələrək zəngin proqramla müşayiət olunan ədəbi görüşlər keçirdilər.
Tədbirin rəsmi hissəsi iyunun 13-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında baş tutdu. Kitabxananın rəhbəri Tamella xanım Əsgərovanın dəstəyi və diqqəti sayəsində yüksək səviyyədə təşkil olunan görüş səmimi və yaradıcı atmosferdə keçdi.
Tədbir Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, tanınmış şair Asim Yadigarın xeyir-duası ilə açıq elan olundu. Onun ədəbiyyatın cəmiyyət həyatındakı rolu, milli-mənəvi dəyərlərin qorunmasında söz adamlarının məsuliyyəti barədə fikirləri iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
“Zərif Qadınlar” Ədəbi Qrupunun rəhbəri Təranə Arifqızı iki yaradıcı birliyin bundan sonra da görüşlərinin vacibliyini qeyd edərək, gələcəkdə də istər paytaxt Bakıda, istərsə də digər bölgələrimizdə təşkil olunmasının əhəmiyyətini vurğuladı.
Görüşdə Naxçıvan ədəbi mühitinin yaradıcı insanlarını bir arada birləşdirən “Sehirli misralar” Ədəbi Qrupunun rəhbəri İman Naminin ətrafında cəm olan qələm sahibləri, ziyalılar, oxucular və poeziyasevərlər iştirak edirdilər. Bakıdan təşrif buyuran yeddi yazar xanım öz yaradıcılıqları, ədəbi baxışları və yeni əsərləri haqqında çıxışlar etdilər.
Çıxış edənlər arasında “Zərif Kölgələr” Yaradıcılıq Klubunun rəhbəri, “Zərif Kölgələr” saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aysel Nəsirzadə yaradıcılıq fəaliyyətindən və rəhbərlik etdiyi ədəbi mühitin gördüyü işlərdən bəhs etdi.
Professor, şair, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəsmiyyə Sabir öz çıxışında ədəbiyyatın mənəvi missiyasından danışdı və yeni nəsil yazarların fəaliyyətini yüksək qiymətləndirdi.
Şair, yazıçı, publisist, “Balaca Yazarlar Birliyi”nin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aysel Fikrət yaradıcılıq təcrübəsini bölüşərək uşaqların və gənclərin ədəbiyyata cəlb olunmasının vacibliyini vurğuladı.
Publisist, şairə və tərcüməçi Zeynəb Cəmaləddin bədii yaradıcılığın müxtəlif istiqamətləri haqqında maraqlı fikirlər səsləndirdi.
AYB və AJB üzvü, Prezident mükafatçısı, “Qoşma” Ədəbi Məclisinin poeziya şöbəsinin rəhbəri Əzizə Ağahüseynqızı çıxışında milli poeziyanın ənənələri və çağdaş ədəbi proseslər barədə düşüncələrini bölüşdü.
Şair-publisist, pedaqoq, iki kitab müəllifi Şəlalə Şəfəq və şair-yazıçı, AYB üzvü, müəllim Sevil Gül Nur da öz duyğu və düşüncələrini dilə gətirərək, şeirlərini səsləndirərək tədbirə xüsusi rəng qatdılar.
Naxçıvandan olan bir sıra yazarların Ümbülbanu Həsənova, Rəqsanə Tapdıqlı, Aytəkin Səfərəliyeva, Gülay Tahirli və digərlərinnin çıxışları da maraqla qarşılandı. Poeziya nümunələri, ədəbi mülahizələr və qarşılıqlı fikir mübadiləsi tədbiri əsl söz bayramına çevirdi.
Görüşün əsas təşkilatçılarından biri olaraq mən də tədbirin sonunda çıxış edərək iştirakçılara, qonaqlara və tədbirin keçirilməsinə bizə dəstək göstərən hər kəsə minnətdarlığımı bildirdim. Belə görüşlərin bölgələr arasında ədəbi əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayaraq gəlləcək görüşlərimizin daha sıx və yüksək səviyyədə keçməsini dilədim.
İki günlük səfər təkcə kitabxana divarları arasında qalmadı. Qonaqlar Naxçıvanın müqəddəs ziyarətgahlarından olan Əshabü-Kəhfi ziyarət etdilər, şəhərin tarixi və mədəni abidələri ilə yaxından tanış oldular. Qədim Naxçıvanın zəngin tarixi, mədəni irsi və əsrarəngiz təbiəti qonaqlarda silinməz təəssüratlar yaratdı.
Səfər çərçivəsində təşkil olunan “Şeir saatı” görüşü isə yazarların bir-birinə daha da yaxınlaşmasına səbəb oldu. Şeirlər oxundu, yeni yaradıcılıq nümunələri müzakirə edildi, poeziyanın insan ruhuna təsiri haqqında maraqlı söhbətlər aparıldı.
Naxçıvan mətbəxinin zəngin təamları ilə bəzədilmiş süfrə ətrafında davam edən səmimi söhbətlər zamanı gələcək layihələr, yeni ədəbi əməkdaşlıqlar və birgə tədbirlər barədə planlar quruldu. Bu görüş bir daha sübut etdi ki, söz adamlarını birləşdirən ən böyük qüvvə yaradıcılıq sevgisi, dostluq və mənəvi bağlılıqdır.
Naxçıvanda keçirilən bu görüş Azərbaycan ədəbi mühitində qadın yazarların fəallığının, yaradıcılıq potensialının və milli ədəbiyyatın inkişafına verdikləri töhfələrin növbəti parlaq nümunəsi kimi yadda qaldı. “Zərif Kölgələr” və “Zərif Qadınlar”ın Naxçıvanda qurduğu bu söz körpüsü gələcəkdə daha böyük ədəbi layihələrin başlanğıcı olacaq, yaddaşlarda isə zərif bəndlərlə yazılmış gözəl bir xatirə kimi yaşayacaq.
Könül oxşarlığı ilə biri-birinə bağlanan bu zərif bəndlərin qopmaması diləyi ilə.


Müəllif: Sevinc Azadlı

Şair-publisist

Sevinc Azadlının digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bəzən insanın həyatında elə anlar olur ki…

39 GÖZƏL DƏQİQƏ
(esse)
Bəzən insanın həyatında elə anlar olur ki, onların müddəti çox qısa olsa da, yaddaşda illərlə yaşayır. Həmin anlar nə böyük mərasimlər, nə də xüsusi planlaşdırılmış görüşlərlə bağlı olur. Onlar adi bir günün içində, gözlənilmədən, ard-arda baş verən hadisələrin yaratdığı mənəvi zənginlikdən doğur. Mənim üçün belə günlərdən biri 9 fevral 2024-cü il oldu. Cəmi otuz doqquz dəqiqə davam edən həmin zaman kəsiyi mənə kitabın, mütaliənin, sözün və insan münasibətlərinin nə qədər böyük dəyər olduğunu bir daha göstərdi.
Səhər saat düz 9:00-da Bakı şəhərinin mənim üçün ən doğma və yaşamalı guşələrindən birində yerləşən mənzilimin qapısını bağlayıb küçəyə çıxdım. Hava sanki şəhərin adi günlərindən fərqlənmirdi. Küçələr öz axarında idi, insanlar gündəlik qayğıları ilə məşğul olurdular. Lakin mən bilmirdim ki, qarşıdakı otuz doqquz dəqiqə mənim yaddaşıma xüsusi bir gün kimi həkk olunacaq.
Yolum prospekt üzərində yerləşən Azərbaycan Texniki Universitetinin tinindən keçirdi. Burada yazıçı Kəramət Böyükçölün yeni fəaliyyətə başlayan “Kerazon” kitab mağazasının yanından ötüb keçdim. Kitab mağazalarının açılması həmişə məndə xoş hisslər oyadır. Çünki kitab satılan məkanlar mənim üçün sadəcə ticarət obyekti deyil, mənəvi nəfəs yerləridir.
Təxminən doqquzuncu dəqiqədə artıq demək olar ki, hər gün qəzet və jurnal aldığım, vaxtilə Yunus Oğuzun “Cığır” romanını da əldə etdiyim “Ensiklopediya”nın qarşısındakı köşkün önündə idim. Köşkün qarşısında iki gənc oğlan dayanmışdı. Onlardan biri növbə gözləyir, digəri isə aldığı bir ədəd siqareti köşkün pəncərəsinə zəncirlənmiş alışqanla yandırmağa çalışırdı.
Elə həmin vaxt səliqəli geyinmiş, mehriban çöhrəli bir dayı ilə köşkün qarşısına eyni anda çatdıq. Üzündəki ifadə və davranışındakı səmimiyyət mənə xoş təsir bağışladı. Bir addım geri çəkilib nəzakətlə:
— Buyurun, — dedim.
Dayı dərhal irəli keçərək satıcıya müraciət etdi:
— Bir “Ədalət”, iki “525″.
Əslində mən də məhz “525-ci qəzet” almaq üçün köşkdə ayaq saxlamışdım. Dayının sifarişini eşidəndə istər-istəməz ətrafa boylandım. Çünki içimdə müəyyən bir təxmin yaranmışdı. Həqiqətən də yaxınlıqda dayanmış avtomobilin ön oturacağında Aqil müəllim oturub nəsə oxuyurdu. Bu mənzərə mənim zənnimi təsdiqlədi.
Bilirdim ki, köşklərə hər qəzetdən cəmi bir-iki nüsxə verilir. Ani olaraq “525” arzusunun boşa çıxdığını anlayıb gecikmədən:
— Mənə də bir “Təzadlar” verin, — dedim.
Təbii ki, dayı da bu sözləri eşitdi. Bir anlıq yenə baxışlarımız qarşılaşdı. Sanki hər ikimiz kitabın, qəzetin və sözün dəyərini anlayan insanların səssiz anlaşmasını yaşayırdıq. Sonra hərəmiz öz yolumuza davam etdik.
Maraqlıdır ki, dayı avtomobilə əyləşdikdən sonra Milli Məclis istiqamətinə deyil, “Ensiklopediya”nın yanından dönərək Azərbaycan Nəşriyyatına tərəf getdi.
Mən isə əlimdə yenicə işıq üzü görmüş “Sevgi dolu şeirlər” kitabımın və “Yazarlar” jurnalının fevral sayının hərəsindən üç nüsxə olmaqla yoluma davam etdim. Hüseyn Cavidin heykəlinin yanındakı yeraltı keçiddən keçərək Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına tərəf addımlayırdım.
Otuz üçüncü dəqiqənin tamamında artıq kitabxanada idim. Özümlə gətirdiyim yeni nəşrləri qəbul şöbəsinin əməkdaşına təqdim etdim. Xanım təhvil-təslim aktını hazırlayana qədər bir neçə dəqiqə gözləməli oldum.
Bu qısa müddətdə kitabxananın həyatı gözlərimin önündə canlandı. Bir neçə gənc oxucu yaxınlaşaraq götürdükləri kitabları qaytarır, yenilərini seçirdi. Onlardan biri Rövşən Abdullaoğlunun “Abaddon” kitabını qaytarıb “Əli və Nino” əsərini istədi.
Kitabxana əməkdaşının:
— “Əli və Nino”nun müəllifi kimdir? — sualına verilən cavabları dinləyərkən istər-istəməz söhbətin iştirakçısına çevrildim.
Qeyri-ixtiyari olaraq gənc xanımdan Makulunun “Səttarxan” romanını oxuyub-oxumadığını soruşdum.
— Xeyr, oxumamışam, — dedi.
Mən də ona:
— “Əli və Nino”dan sonra mütləq “Səttarxan”ı da oxuyun, — tövsiyə etdim.
Bu zaman həm mənim təhvil-təslim aktım hazır oldu, həm də gənc xanımın sifariş etdiyi kitab gətirildi. O öndə, mən isə arxasınca kitabxanadan çıxdıq.
Kitabxananın qarşısında dayanarkən onun filologiya fakültəsinin tələbəsi olduğunu düşündüm və soruşdum:
— Yəqin ki, tələbəsiniz?
— Bəli, Tibb Universitetinin birinci kurs tələbəsiyəm, — deyə cavab verdi.
Bu cavab məni xoş mənada təəccübləndirdi. Çünki mütaliəyə maraq göstərən gənclərin yalnız humanitar sahələrdən deyil, bütün ixtisaslardan olması sevindirici haldır.
Mən yenə eyni tövsiyəni təkrarladım:
— “Əli və Nino”dan sonra Makulunun “Səttarxan”ını mütləq oxuyun.
Sonra sağollaşdıq.
Mən Mərkəz Parka daxil oldum. Parkın sakitliyi, səhərin təravəti və yaşıl mənzərələr insanı düşüncələrə qərq edirdi. Elə bu vaxt təxminən iyirmi-iyirmi beş yaşlarında bir xanım qəfil yaxınlaşdı.
— Mən sizi tanıyıram. Sizinlə bir şəkil çəkdirmək olar? — dedi.
Bu gözlənilməz müraciət qarşısında təbəssümlə:
— Əlbəttə olar, — cavab verdim.
Şəkil çəkdirəndən sonra marağıma hakim ola bilmədim.
— Məni haradan tanıyırsınız? — soruşdum.
Xanım bildirdi ki, yaxınlıqdakı orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Həm dördüncü siniflərə, həm də gələn il birinci sinfə başlayacaq şagirdlərə dərs deyir. Mənim şeirlərimi uşaqlara sevə-sevə öyrətdiyini söylədi.
Bu sözləri eşidəndə kövrəldim.
Bir şair, bir müəllif üçün bundan böyük mükafat varmı? Yazdığın misraların uşaqların yaddaşında yaşaması, onların dilində səslənməsi, müəllimlərin həmin şeirləri sevə-sevə tədris etməsi söz adamının əldə edə biləcəyi ən qiymətli mənəvi qazancdır.
Həmin an danışmağa söz tapmadım. Sadəcə təşəkkür edib sağollaşdım.
Parkın içi ilə “Beşmərtəbə” istiqamətində addımlayırdım. Birdən gözüm saatıma sataşdı.
Saat 9:39-u göstərirdi.
Dayandım.
Bu otuz doqquz dəqiqə ərzində kitab mağazası, qəzet köşkü, kitabxana, gənc oxucular, tələbə qız, müəllimə xanım, kitablar, jurnallar, yeni nəşrlər və sözə olan sevgi bir-birinə qarışaraq mənə qəribə bir xoşbəxtlik hissi yaşatmışdı.
Öz-özümə dedim:
— İlahi, bu nə gözəl otuz doqquz dəqiqə…
Bəzən insanın ömrünün ən dəyərli hissələri saatlarla, günlərlə deyil, cəmi bir neçə dəqiqə ilə ölçülür. Əgər həmin dəqiqələr kitabın, mütaliənin, müəllif əməyinin və insan sevgisinin işığı ilə doludursa, onlar adi zaman parçası olmaqdan çıxır, ömrün yaddaş kitabına çevrilir.
23.04.2024. Bakı

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Biətin mübarək, andın mübarək!

ÜLYAHƏZRƏT
Könül sarayımın sultanı sənsən,
Qəlbimdə qurduğun taxtın mübarək!
Ruhum təbəəliyi özü üstənib,
Biətin mübarək, andın mübarək!
* * *
Zaman neçə kərə dayandı, durdu,
Bircə təbəssümün min dünya qurdu,
Baxışın isitdi viranə yurdu,
Ocağın mübarək, odun mübarək!
* * *
Sözdən ilmə – ilmə toxunub tacın,
Nəyim var, nəyim yox qoy olsun bacın,
Bu yolda qurbanlıq özü Ustacın
Məqamın mübarək, adın mübarək!
18.03.2020. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…

ŞEHÇİÇƏYİM

Tacısan dünyamda sən çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…
Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…

Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…

Bir kərə, bir anlıq olsa da, vüsal
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

MİLLİ QURTULUŞ GÜNÜ KONTEKSTİNDƏ AZƏRBAYCAN ƏDƏBİYYATININ İDEYA DÜNYASI

        MİLLİ QURTULUŞ GÜNÜ KONTEKSTİNDƏ AZƏRBAYCAN ƏDƏBİYYATININ İDEYA DÜNYASI

  Hər bir xalqın tarixi yalnız siyasi hadisələrdən deyil, həm də onun mənəvi yaddaşını yaşadan ədəbiyyatdan ibarətdir. Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi, milli-mənəvi dəyərləri və azadlıq uğrunda mübarizə yolu bədii söz sənətində öz əksini tapmışdır. Xalqın keçdiyi tarixi mərhələlər, üzləşdiyi sınaqlar və əldə etdiyi uğurlar Azərbaycan ədəbiyyatının əsas mövzularından olmuşdur. Bu baxımdan, 15 İyun – Milli Qurtuluş Günü yalnız siyasi tariximizin deyil, həm də milli-mədəni inkişafımızın mühüm mərhələlərindən biri kimi qiymətləndirilir. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi ilə yanaşı, milli-mənəvi dəyərlərin inkişafı üçün də yeni imkanlar yaratmışdır. Ədəbiyyat isə bu dəyərlərin daşıyıcısı və gələcək nəsillərə ötürülməsinin ən mühüm vasitələrindən biridir. Azərbaycan ədəbiyyatının ideya dünyasında vətən sevgisi, dövlətçilik, milli birlik, azadlıq, istiqlal və mənəvi bütövlük kimi anlayışlar mühüm yer tutur. Bu ideyalar əsrlər boyu formalaşaraq xalqımızın milli şüurunun ayrılmaz hissəsinə çevrilmişdir. Xalqların tarixində elə günlər vardır ki, həmin günlər yalnız müəyyən bir tarixi hadisənin xatirəsi kimi deyil, bütöv bir millətin taleyində dönüş nöqtəsi, dövlətçiliyinin xilası və gələcək inkişafının başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan xalqının müasir tarixində belə mühüm günlərdən biri 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın mürəkkəb ictimai-siyasi proseslər fonunda dövlətçilik ənənələrini qoruyub saxlaması, milli birliyini təmin etməsi və gələcək inkişaf yolunu müəyyənləşdirməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Milli Qurtuluş Günü yalnız siyasi sabitliyin bərpası və dövlət müstəqilliyinin qorunması ilə məhdudlaşmır; o, həm də xalqın milli-mənəvi dəyərlərinin, tarixi yaddaşının və mədəni irsinin qorunmasının simvolu kimi çıxış edir. Tarix göstərir ki, hər bir xalqın varlığını və milli kimliyini qoruyan əsas amillərdən biri onun mənəvi sərvətləridir. Bu mənəvi sərvətlər sırasında ədəbiyyat xüsusi yer tutur. Ədəbiyyat xalqın tarixi taleyini, milli ideallarını, azadlıq arzularını, dövlətçilik düşüncəsini və mənəvi dəyərlərini yaşadan ən güclü vasitələrdən biridir. Xalqın keçdiyi tarixi yol, qarşılaşdığı çətinliklər, qazandığı qələbələr və gələcəyə dair ümidləri bədii sözün gücü ilə nəsildən-nəslə ötürülür. Buna görə də Azərbaycan ədəbiyyatı yalnız estetik düşüncənin məhsulu deyil, eyni zamanda milli yaddaşın, vətənpərvərlik duyğularının və dövlətçilik təfəkkürünün formalaşdığı mühüm mənəvi məktəbdir. Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf tarixi göstərir ki, milli varlığın qorunması, vətən sevgisi, azadlıq ideyaları və dövlətçilik düşüncəsi onun aparıcı mövzularından olmuşdur. Hələ klassik dövrdən başlayaraq Azərbaycan söz ustaları xalqın mənəvi bütövlüyünü, dövlət idarəçiliyinin əhəmiyyətini və milli həmrəyliyin vacibliyini öz əsərlərində əks etdirmişlər. Nizami Gəncəvinin humanist dövlətçilik konsepsiyası, Məhəmməd Füzulinin mənəvi kamillik ideyaları, Mirzə Fətəli Axundzadənin maarifçilik düşüncəsi, Cəlil Məmmədquluzadənin milli oyanış çağırışları, Hüseyn Cavidin azadlıq və türk birliyi idealları, Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürkün istiqlal ruhlu yaradıcılığı Azərbaycan ədəbiyyatında milli ideya sisteminin formalaşmasının mühüm mərhələlərini təşkil etmişdir. Ədəbiyyatın əsas missiyalarından biri xalqın keçmişini yaşatmaqla yanaşı, onun gələcəyini də müəyyən mənada istiqamətləndirməkdir. Məhz buna görə də müxtəlif tarixi dövrlərdə Azərbaycan yazıçı və şairləri xalqın üzləşdiyi ictimai-siyasi problemlərə münasibət bildirmiş, milli maraqları müdafiə etmiş, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğinə xidmət göstərmişlər. Onların əsərlərində Azərbaycan torpağına bağlılıq, milli kimlik, ana dili sevgisi, istiqlal arzusu və dövlətçilik ənənələri bədii fikrin əsas istiqamətlərindən biri olmuşdur. XX əsrin sonlarında Azərbaycan xalqının üzləşdiyi mürəkkəb ictimai-siyasi vəziyyət, dövlət müstəqilliyinin təhlükə altında qalması və ölkədə hökm sürən qeyri-sabitlik xalqın taleyində ciddi sınaq mərhələsi yaratmışdı. Belə bir dövrdə əldə olunan Milli Qurtuluş Azərbaycan dövlətçiliyinin xilası olmaqla yanaşı, milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına da yeni imkanlar açdı. Müstəqillik dövrünün Azərbaycan ədəbiyyatı məhz bu yeni reallıqlar fonunda formalaşaraq dövlətçilik, milli birlik, vətənpərvərlik və tarixi yaddaş mövzularını daha geniş şəkildə əhatə etməyə başladı.

          Bu gün Milli Qurtuluş Gününün mahiyyətinə nəzər salarkən onun yalnız siyasi aspektlərini deyil, həm də mənəvi və mədəni tərəflərini qiymətləndirmək vacibdir. Çünki dövlətçiliyin möhkəmləndirilməsi yalnız siyasi institutların fəaliyyəti ilə deyil, eyni zamanda milli şüurun, mənəvi dəyərlərin və tarixi yaddaşın qorunması ilə mümkün olur. Bu baxımdan Azərbaycan ədəbiyyatı Milli Qurtuluş ideyasının mənəvi dayaqlarından biri kimi çıxış edir. Ədəbiyyat xalqın azadlıq uğrunda mübarizə əzmini, dövlətçilik iradəsini və milli birlik duyğusunu formalaşdıran, qoruyan və gələcək nəsillərə ötürən mühüm vasitədir. Məhz buna görə də Milli Qurtuluş Günü kontekstində Azərbaycan ədəbiyyatının ideya dünyasının araşdırılması yalnız ədəbi proseslərin deyil, bütövlükdə xalqın milli-mənəvi inkişaf tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərində formalaşmış dövlətçilik, vətənpərvərlik, azadlıq və milli birlik ideyaları Milli Qurtuluş fəlsəfəsinin mənəvi əsaslarını təşkil edir və bu gün də öz aktuallığını qorumaqdadır. Azərbaycan ədəbiyyatının tarixi dövlətçilik düşüncəsinin formalaşması və inkişafı ilə sıx bağlıdır. Hələ XII əsrdə Nizami Gəncəvinin əsərlərində ədalətli hökmdar, qüdrətli dövlət və xalqın rifahı kimi ideyalar öz əksini tapmışdır. Nizaminin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “İsgəndərnamə” kimi əsərlərində dövlət idarəçiliyinin mənəvi əsasları geniş şəkildə işlənmişdir. Məhəmməd Füzulinin yaradıcılığında isə insanın mənəvi kamilliyi, cəmiyyətin əxlaqi dəyərləri və xalqın mənəvi bütövlüyü ön plana çəkilir. Bu ideyalar sonrakı dövrlərdə milli özünüdərkin formalaşmasına mühüm təsir göstərmişdir. XIX əsrdə Mirzə Fətəli Axundzadə Azərbaycan xalqının tərəqqisi və milli dirçəlişi üçün maarifçilik ideyalarını ön plana çəkmişdir. Onun əsərlərində cəmiyyətin inkişafı, milli şüurun formalaşdırılması və müasir dövlət quruculuğu məsələləri mühüm yer tutur. Azərbaycan ədəbiyyatında milli birlik və azadlıq ideyaları xüsusilə XX əsrdə daha qabarıq şəkildə ifadə olunmuşdur. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əhməd Cavad, Məhəmməd Hadi kimi sənətkarlar öz yaradıcılıqlarında xalqın milli taleyini, istiqlal arzusunu və azadlıq mübarizəsini əks etdirmişlər. Əhməd Cavadın şeirlərində vətən sevgisi və istiqlal ruhu xüsusi yer tutur. Hüseyn Cavid isə türk dünyasının birliyi, mənəvi azadlıq və milli yüksəliş ideyalarını bədii şəkildə ifadə etmişdir. Sovet dövründə milli ideyaların açıq şəkildə ifadəsi məhdudlaşdırılsa da, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz və digər şairlər öz yaradıcılıqlarında milli kimlik məsələlərini yaşatmağa nail olmuşlar. Onların əsərlərində Azərbaycan torpağına bağlılıq, milli mənsubiyyət və azadlıq arzusu aparıcı mövzulardan biri olmuşdur. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin üzləşdiyi ciddi təhlükələrin aradan qaldırılması ölkədə sabitliyin və inkişafın əsasını qoydu. Milli Qurtuluş Günü dövlət müstəqilliyinin qorunması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qurtuluşdan sonrakı dövrdə Azərbaycan ədəbiyyatı yeni mövzu və ideyalarla zənginləşdi. Qarabağ həqiqətləri, vətənpərvərlik, dövlətçilik, milli həmrəylik və tarixi yaddaş müasir ədəbiyyatın əsas istiqamətlərinə çevrildi. Yazıçılar və şairlər xalqın keçdiyi mürəkkəb tarixi yolu bədii şəkildə əks etdirməyə başladılar. Bu dövrdə yaranan əsərlərdə müstəqillik uğrunda mübarizə, torpaq sevgisi, milli birlik və dövlətə bağlılıq kimi ideyalar aparıcı mövqe tutdu. Ədəbiyyat bir daha sübut etdi ki, xalqın mənəvi gücü onun dövlətçilik iradəsinin əsas dayaqlarından biridir. Milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi ədəbiyyatın ən mühüm missiyalarından biridir. Azərbaycan ədəbiyyatı əsrlər boyu xalqımızın tarixi taleyini, qəhrəmanlıq səhifələrini və mənəvi dəyərlərini yaşatmışdır. Milli Qurtuluş Günü kontekstində ədəbiyyatın rolu daha aydın görünür. Çünki dövlətçiliyin möhkəmləndirilməsi yalnız siyasi və iqtisadi uğurlarla deyil, həm də milli-mənəvi dəyərlərin qorunması ilə mümkündür. Bu baxımdan, ədəbiyyat xalqın mənəvi qalası, milli ruhun daşıyıcısı və tarixi yaddaşın qoruyucusu kimi çıxış edir. Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli-mənəvi inkişafın da mühüm mərhələsidir. Azərbaycan ədəbiyyatının ideya dünyasında dövlətçilik, vətənpərvərlik, milli birlik, azadlıq və mənəvi bütövlük anlayışları əsrlər boyu yaşadılmış və gələcək nəsillərə ötürülmüşdür. Nizami Gəncəvidən başlayaraq müasir dövrümüzə qədər Azərbaycan ədəbiyyatı xalqın milli varlığını, dövlətçilik düşüncəsini və azadlıq ideallarını qoruyub saxlamışdır. Bu gün də ədəbiyyatımız milli kimliyimizin, tarixi yaddaşımızın və mənəvi dəyərlərimizin yaşadılmasında mühüm rol oynayır. Milli Qurtuluş Gününün mahiyyəti də məhz bu ideyaların qorunması və inkişaf etdirilməsi ilə daha dolğun şəkildə dərk edilir. Azərbaycan ədəbiyyatının ideya dünyası ilə Milli Qurtuluş Gününün mənəvi mahiyyəti arasında dərin və ayrılmaz bir bağlılıq mövcuddur. Bu bağlılıq xalqımızın keçmişini, bu gününü və gələcəyini birləşdirən möhkəm mənəvi körpü rolunu oynayır. Milli Qurtuluş Günü Azərbaycan xalqının müasir tarixində yalnız siyasi sabitliyin bərpasını ifadə edən hadisə deyil, həm də milli dövlətçilik təfəkkürünün yenidən möhkəmlənməsini, xalqın öz tarixi taleyinə sahib çıxmasını və milli-mənəvi dəyərlərə dönüşünü simvolizə edən mühüm mərhələdir. Bu günün mahiyyəti dövlətçiliyin qorunması ilə yanaşı, milli birlik, vətənpərvərlik, mənəvi bütövlük və tarixi yaddaş kimi fundamental dəyərlərin cəmiyyət həyatında yenidən prioritet mövqeyə yüksəlməsində özünü göstərir. Məhz bu səbəbdən Milli Qurtuluş Gününün əhəmiyyəti yalnız siyasi hadisələrin çərçivəsində deyil, həm də xalqın mənəvi-mədəni inkişafının tərkib hissəsi kimi dəyərləndirilməlidir. Azərbaycan ədəbiyyatı əsrlər boyu xalqın mənəvi varlığının, milli kimliyinin və dövlətçilik ənənələrinin qorunub saxlanılmasında əvəzsiz rol oynamışdır. Bu ədəbiyyatın ideya dünyasına nəzər saldıqda aydın görünür ki, müxtəlif dövrlərdə yaşamış söz ustaları yalnız bədii yaradıcılıqla məşğul olmamış, eyni zamanda milli düşüncənin formalaşmasına, xalqın tarixi yaddaşının yaşadılmasına və dövlətçilik ideyalarının inkişafına xidmət etmişlər. Onların yaratdıqları əsərlər milli ruhun, vətən sevgisinin, azadlıq arzularının və istiqlal məfkurəsinin bədii salnaməsi kimi çıxış etmişdir. Azərbaycan ədəbiyyatında dövlətçilik ideyalarının kökləri dərin tarixi ənənələrə söykənir. Nizami Gəncəvinin ədalətli idarəçilik konsepsiyası, Füzulinin mənəvi kamillik fəlsəfəsi, Axundzadənin maarifçilik ideyaları, Cəlil Məmmədquluzadənin milli oyanış çağırışları, Hüseyn Cavidin azadlıq və türk birliyi düşüncələri, Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürkün istiqlal ruhlu yaradıcılığı xalqın dövlətçilik şüurunun formalaşmasında mühüm rol oynamışdır. Bu əsərlərdə ifadə olunan ideyalar müxtəlif tarixi dövrlərdə dəyişən ictimai-siyasi şəraitə baxmayaraq, öz aktuallığını qoruyub saxlamış və xalqın milli varlığının əsas dayaqlarından birinə çevrilmişdir. Milli Qurtuluş Günü kontekstində Azərbaycan ədəbiyyatına nəzər saldıqda aydın olur ki, ədəbiyyat xalqın tarixi sınaqlardan çıxaraq öz dövlətçiliyini qorumaq iradəsini ifadə edən ən mühüm mənəvi platformalardan biri olmuşdur. Xüsusilə XX əsrin sonlarında müstəqillik uğrunda mübarizə, Qarabağ problemi, torpaq itkisi və dövlətçiliyin üzləşdiyi təhlükələr yazıçı və şairlərin yaradıcılığında geniş əks olunmuşdur. Onların əsərlərində xalqın ağrıları, ümidləri, gələcəyə inamı və milli birliyə çağırışlar ön plana çəkilmişdir. Bu baxımdan Azərbaycan ədəbiyyatı yalnız hadisələri təsvir edən deyil, həm də cəmiyyətin milli özünüdərk prosesinə təsir göstərən güclü ideoloji və mənəvi amil kimi çıxış etmişdir. Qurtuluşdan sonrakı dövrdə ölkədə əldə olunan ictimai-siyasi sabitlik, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli inkişaf strategiyasının həyata keçirilməsi ədəbiyyatın da inkişafına yeni imkanlar yaratmışdır. Müasir Azərbaycan ədəbiyyatında dövlətçilik, milli birlik, vətənpərvərlik, şəhidlik, Qarabağ həqiqətləri və tarixi yaddaş mövzularının daha geniş yer tutması bu prosesin nəticəsidir. Ədəbiyyat müstəqil dövlət quruculuğu ideyalarının təbliği, milli dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm funksiyanı yerinə yetirməyə davam edir. Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfər də göstərdi ki, əsrlər boyu ədəbiyyatda yaşadılan vətən sevgisi, torpaq məhəbbəti və milli birlik ideyaları sadəcə bədii düşüncə nümunələri deyil, xalqın mənəvi gücünü formalaşdıran mühüm amillərdir. Bu ideyalar müxtəlif dövrlərdə şairlərin, yazıçıların və mütəfəkkirlərin əsərlərində yaşadılmış, nəticədə xalqın milli şüurunun ayrılmaz hissəsinə çevrilmişdir. Bu mənada Milli Qurtuluş Günündən Zəfər Gününə uzanan yolun mənəvi təməllərindən biri də məhz Azərbaycan ədəbiyyatının əsrlərlə formalaşdırdığı milli ideya sistemidir.

          Bu gün qloballaşma proseslərinin sürətləndiyi, milli kimliklərin müxtəlif çağırışlarla üzləşdiyi bir dövrdə Azərbaycan ədəbiyyatının qarşısında duran əsas vəzifələrdən biri də milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması və dövlətçilik ideyalarının gələcək nəsillərə çatdırılmasıdır. Ədəbiyyat yalnız keçmişin deyil, həm də gələcəyin mənəvi xəritəsini müəyyənləşdirən güclü vasitə olaraq qalır. Buna görə də Azərbaycan ədəbiyyatının ideya dünyasının öyrənilməsi və təbliği dövlətçilik şüurunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Milli Qurtuluş Günü ilə Azərbaycan ədəbiyyatının ideya dünyası arasında mövcud olan əlaqə təsadüfi deyil, tarixi inkişafın məntiqindən doğan qanunauyğun bir bağlılıqdır. Ədəbiyyat xalqın milli varlığını, dövlətçilik iradəsini və azadlıq idealını yaşadan mənəvi güc mənbəyi kimi çıxış etmiş, Milli Qurtuluş isə həmin ideyaların real siyasi və tarixi müstəvidə təcəssümünə şərait yaratmışdır. Bu gün də Azərbaycan ədəbiyyatı xalqımızın milli-mənəvi sərvətlərini qoruyaraq dövlətçilik düşüncəsinin inkişafına xidmət edir və gələcək nəsillərə milli kimlik, vətən sevgisi və azadlıq ruhu aşılayan mühüm mənəvi məktəb olaraq öz missiyasını davam etdirir.

Müəllif: Həcər Atakişiyeva

“Yazarlar” jurnalının redaktoru, Yaradıcılıq Komissiyasının sədri, ədəbiyyatşünas-tənqidçi

Atakişiyeva Həcər Aslan qızı

Həcər Atakişiyevanın yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səyavuş Mustafayev – Qəzəl

QADASI

Gözlərin verdi mənə gör necə zillət, qadası,
Əğyara baxdı, mənə etmədi diqqət, qadası.

Kipriyin oxdu, qaşın yay, bunu vəsf etmək üçün
Yoxdu məndə, nə edim, böylə məharət, qadası.

Rəqibə gözlərinin məftun olduğun bilirəm,
Görmədim bunca kədər, bunca zəlalət, qadası.

Hüsnünə aşina olmaq mənə qismət olmadı,
Qalmışam səndən uzaq, vəslinə həsrət, qadası

Gecələr sübhə kimi qəm mənə sirdaşlıq edir,
Ələnən saçlarıma qardı dəlalət, qadası

Sənin hər zülmünə dözdü bu canım, nazlı pəri,
Nə qədər cövr eləsən, yoxdu şikayət, qadası

İstədim eşqimizi hər kəsə ayan eləyim,
Olmadı məndə inan, zərrə cəsarət, qadası.

Sus, Səyavuş, ey gözüm, baxma gözü qarələrə,
Hər kəlamın olacaq bil ki qəbahət, qadası…

21.05.25 Ulan-Ude

Müəllif: Səyavuş Mustafayev

Səyavuş Mustafayevin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir ömürlük ayrılıq

***

…Gəlmə daha yanıma,
Kasıb, köhnə komama.
Bəyənmərsən sən məni,
Bəlkə üstüm-başım da
Toz-torpaq içindədi.

Gəlmə daha yanıma,
Gəlmə, uçmuş yuvama.
Dur, belə tez sevinmə…
Quşlar belə lov salıb
Uçuq, sökük damıma.

Gəlmə daha yanıma,
Quşları çağırsan da
Belə tez gələn deyil.
Bəlkə elə bu lov da
Ayrılıq xəbəridi.

Gəlmə daha yanıma,
Ağu var ümmanıma.
Üstüm-başım pintidi…
Haçan “gəlirəm” dedin,
Ürəyim də təntidi.

Gəlmə daha yanıma,
Qapımın ağzı yovşan,
Dibində qanqal bitib,
Səndən ötən bu illər
Canıma yaman yetib.

Gəlmə daha yanıma,
İndi gəlmə, insafsız.
Könlüm küskün, dilim lal,
Qorxuram bir baxışın
Hey sala məni haldan.

Gəlmə daha yanıma,
Yol yaxınkən qayıt get.
Amandı… Gəlmə daha,
Səbrimi də daraltma,
Onsuz da bədgümanam.

Daha nə var ummağa,
Kül qonub o ocağa,
Bir zaman səs-küy gələn
Bu viran daxmaya da
Sükut ev yiyəsidi…

Ürəyim daşa dönüb,
Ümidim başa dönüb,
Sənin deyən sabahlar
Sazaqlı qışa dönüb,
Bircə ömürdə sönüb.

Dərdim mənə yar olub,
Həsrətim divar olub,
Sənin üçün etdiyim
Ən gözəl arzular da
Boyatdı, qubar olub.

Sən Allah, dönmə geri,
Heç məni tanıma da.
Daha küskün deyiləm,
Bir ömürlük ayrılıq
Çəkib sərhəd, biləsən.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Taleh Xəlilov yazır

ÖN SÖZ

Təhsil sisteminin inkişafı, təlim prosesinin həyatla əlaqələndirilməsi və şagirdlərdə praktik bacarıqların formalaşdırılması müasir pedaqogikanın qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu baxımdan “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” adlı metodik vəsait aktual mövzuya həsr olunmuş, elmi-nəzəri və praktik əhəmiyyətə malik dəyərli tədqiqat işi kimi diqqəti cəlb edir.

Müasir dövrdə təhsil yalnız nəzəri biliklərin mənimsədilməsi ilə məhdudlaşmır. Tədris olunan biliklərin gündəlik həyatla, istehsalatla, iqtisadiyyatla və cəmiyyətin müxtəlif sahələri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Kimya fənni isə təbiət elmləri içərisində elə bir mövqeyə malikdir ki, onun kənd təsərrüfatı, sənaye, ekologiya, tibb və digər sahələrlə qarşılıqlı əlaqəsi olduqca genişdir. Təqdim olunan vəsaitdə məhz bu əlaqələrin VII sinif kimya kursunun məzmunu əsasında şagirdlərə necə çatdırılması yolları sistemli şəkildə araşdırılmışdır.

Əsərin məzmunu ilə tanışlıq göstərir ki, müəllif mövzunu hərtərəfli öyrənmiş, müasir pedaqoji yanaşmaları, təlim metodlarını və fənlərarası inteqrasiya prinsiplərini nəzərə alaraq tədqiqat aparmışdır. Kitabın birinci fəslində VII sinif kimya dərslərinin kənd təsərrüfatı ilə əlaqələndirilməsinin nəzəri əsasları geniş şəkildə şərh edilmişdir. Kimyəvi elementlərin kənd təsərrüfatında rolu, onların bitki və heyvan orqanizmlərindəki funksiyaları, məhsuldarlığın artırılmasında əhəmiyyəti elmi faktlar əsasında izah olunmuşdur. Vəsaitdə hidrogen, oksigen və su kimi mühüm maddələrin təbiətdə dövranı, onların kənd təsərrüfatı proseslərində iştirakı xüsusi diqqət mərkəzində saxlanılmışdır. Müəllif bu mövzuların tədrisində şagirdlərin yalnız nəzəri biliklər əldə etməsini deyil, həm də müşahidə aparmaq, nəticə çıxarmaq və əldə etdikləri məlumatları praktik fəaliyyətlərində tətbiq etmək bacarıqlarının formalaşdırılmasını əsas məqsəd kimi müəyyənləşdirmişdir.

Əsərdə kənd təsərrüfatının kimyalaşması mövzusunun tədrisinə ayrıca yer ayrılması xüsusi əhəmiyyət daşıyır. Mineral gübrələrin, kimyəvi vasitələrin, torpağın münbitliyinin qorunması üsullarının, bitki qidalanmasının və məhsuldarlığın artırılması yollarının kimya fənni ilə əlaqəli şəkildə izah olunması şagirdlərdə həm elmi dünyagörüşün, həm də praktik təfəkkürün formalaşmasına xidmət edir. Bu yanaşma kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsi barədə ilkin təsəvvürlərin yaradılmasına da imkan verir.

Kitabın əsas üstünlüklərindən biri praktik yönümlülüyüdür. Müəllif kimya dərslərində laboratoriya və praktik işlərin təşkilinə, eksperimentlərin aparılmasına, müşahidələrin həyata keçirilməsinə və onların nəticələrinin təhlilinə geniş yer vermişdir. Təklif olunan təcrübələr və tapşırıqlar şagirdlərin fəallığını artırmaqla yanaşı, onların müstəqil düşünmə, araşdırma aparma və problemlərin həlli bacarıqlarının inkişafına da müsbət təsir göstərir.

Vəsaitdə layihə və tədqiqat işlərinin təşkili metodikasının təqdim olunması müasir təhsil tələbləri baxımından xüsusilə dəyərlidir. Müəllif şagirdlərin yaradıcı potensialının üzə çıxarılması, onların tədqiqatçılıq fəaliyyətinə cəlb olunması və əldə etdikləri bilikləri real həyat şəraitində tətbiq edə bilmələri üçün zəruri metodik istiqamətlər müəyyənləşdirmişdir. Bu isə tədris prosesinin səmərəliliyini artıran mühüm amillərdən biridir.

Əsərin dili aydın, elmi və anlaşıqlıdır. Mövzuların təqdimatında ardıcıllıq gözlənilmiş, materialların sistemli şəkildə qruplaşdırılması təmin edilmişdir. Müəllif həm nəzəri məsələlərin izahına, həm də onların praktik tətbiqinə eyni dərəcədə diqqət yetirmiş, metodik tövsiyələri konkret nümunələr və təlim situasiyaları ilə zənginləşdirmişdir. Bu xüsusiyyətlər vəsaitin istifadə imkanlarını genişləndirir və onun pedaqoji dəyərini artırır. Kitabda əks olunan fikirlər və metodik yanaşmalar yalnız kimya müəllimləri üçün deyil, həmçinin metodistlər, təhsil tədqiqatçıları, magistrantlar, doktorantlar və pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr üçün də faydalı elmi mənbə hesab oluna bilər. Təqdim olunan materiallar ümumtəhsil məktəblərində təlim prosesinin təkmilləşdirilməsinə, fənlərarası inteqrasiyanın gücləndirilməsinə və şagirdlərin praktik fəaliyyətə hazırlanmasına mühüm töhfə verir.

Ümumilikdə, “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” adlı metodik vəsait elmi-nəzəri səviyyəsi, metodik dəyəri, aktuallığı və praktik əhəmiyyəti ilə seçilən sanballı bir əsərdir. Müəllif qarşıya qoyduğu məqsədə nail olmuş, kimya tədrisinin həyatla və kənd təsərrüfatı ilə əlaqələndirilməsi istiqamətində mühüm elmi-metodik nəticələr əldə etmişdir. Əminliklə qeyd etmək olar ki, bu vəsait təhsil ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq, müəllimlərin peşəkar fəaliyyətində faydalı mənbələrdən birinə çevriləcək və tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verəcəkdir.

Bu səbəbdən “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” adlı metodik vəsaitin nəşrə tövsiyə olunması məqsədəuyğundur.

Taleh Xəlilov

Naxçıvan Dövlət Universitetinin

“Pedaqogika və psixologiya” kafedrasının müdiri,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Zaur Ustacın sevgi şeirləri

BİR SEVGİ – ÜÇ ŞEİR

(Zaur Ustacın sevgi şeirləri)

    Müasir Azərbaycan poeziyasında sevgi mövzusu daim aktual olmuş, şairlər bu əbədi duyğunu müxtəlif bədii çalarlarla ifadə etmişlər. Zaur Ustac bu mövzuda seçilən özünəməxsus  nümunələrin yaradıcısı kimi tanınan şairlərimizdən biridir. Onun bu mövzuda çoxlu sayda şeirləri var. Bu gün biz onlardan sadəcə üçünün üzərində dayanacağıq.

    Zaur Ustacın “Şehçiçəyim” şeiri müasir Azərbaycan poeziyasında klassik məhəbbət lirikasının ənənələrini yaşadan, eyni zamanda fərdi duyğuların səmimi və poetik ifadəsi ilə seçilən əsərlərdən biridir. Şeir öz məzmunu, obrazlar sistemi və bədii ifadə vasitələri baxımından oxucunu romantik hisslərin dərin qatlarına aparır, sevginin ülvi mahiyyətini poetik dillə təqdim edir.
     “Şehçiçəyim” adının özü əsərin ideya yükünü müəyyənləşdirən əsas açarlardan biridir. Şeh təbiətdə təmizlik, saflıq, təravət və həyat rəmzi kimi qəbul olunur. Müəllif sevgilisini məhz “Şehçiçəyim” adlandırmaqla onu adi gözəllik ölçülərindən kənara çıxarır, təbiətin ən saf və zərif varlığı kimi təqdim edir. Şeirin ilk misralarından başlayaraq bu poetik yanaşma diqqəti cəlb edir:
“Tacısan dünyamda sən çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…”

Burada sevilən obrazı bütün çiçəklərin tacı, yəni ən ali və ən gözəl nümunəsi kimi təqdim edilir. “Köksündən bal süzən” ifadəsi isə onun mənəvi zənginliyini, sevgi və mərhəmət dolu təbiətini simvolizə edir.
     Şeirin əsas xüsusiyyətlərindən biri müəllifin məhəbbəti sadəcə hiss kimi deyil, insanı öz iradəsindən çıxaran, onun düşüncələrini və həyatını dəyişdirən güclü bir mənəvi qüvvə kimi təqdim etməsidir. Bu məqam xüsusilə ikinci misrada özünü göstərir:
“Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…”

Burada sevgi bir növ sehr kimi təqdim olunur. Sevgilinin ləçəkləri nur saçır, onun cazibəsi isə aşiqin ağlını başından alır. Klassik Şərq poeziyasında tez-tez rast gəlinən bu motiv Zaur Ustacın qələmində müasir poetik çalarlarla yenidən səslənir.
    Şeirin ikinci bəndində müəllif özünün seçimini və sevgiyə sədaqətini vurğulayır:
“Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…”

Bu misralarda şair özünü sərrafa bənzədir. Sərraf qiymətli daşları tanıyan və seçən insandır. Müəllif də həyatında çox gözəlliklər görsə də, onların içərisindən ən qiymətlisini – “dürr”, yəni inci dəyərində olan Şehçiçəyini seçdiyini bildirir. Bu məqam sevginin təsadüfi deyil, şüurlu və dəyər əsaslı seçim olduğunu göstərir.
     Əsərin ən təsirli hissəsi son bənddə özünü göstərir. Burada aşiqin vüsal arzusu, həsrətin ağrısı və sevgi uğrunda hər cür fədakarlığa hazır olması poetik şəkildə ifadə olunur:
“Bir kərə, bir anlıq olsa da, vüsal,
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…”

Bu misralarda sevginin dramatik tərəfi ön plana çıxır. Aşiq üçün xəyal belə təsəlli vermir, o, gerçək vüsal arzulayır. Hətta bu yolun sonu ölüm olsa belə, sevgidən vaz keçmək istəmir. Burada klassik Azərbaycan və ümumən Şərq məhəbbət poeziyasının fədakarlıq və sədaqət motivləri müasir duyğularla qovuşur.
     Dil və üslub baxımından “Şehçiçəyim” sadə, axıcı və musiqili quruluşa malikdir. Şair xalq şeiri ənənələrindən, klassik poetik obrazlardan və zəngin təşbehlərdən məharətlə istifadə etmişdir. “Bal süzən”, “nur ləçəklər”, “dürr”, “pərvanə”, “sərraf” kimi ifadələr şeirin bədii dəyərini artırır və oxucunun təsəvvüründə canlı poetik mənzərə yaradır.
      “Şehçiçəyim” məhəbbətin saflığını, seçilmiş insanın mənəvi gözəlliyini və aşiq qəlbinin sədaqətini tərənnüm edən uğurlu lirik nümunədir. Zaur Ustac bu əsərində sevginin həm işıqlı, həm də ağrılı tərəflərini incə poetik çalarlarla təqdim etmiş, oxucunu duyğuların zəngin dünyasına dəvət etmişdir. Şeir bir daha göstərir ki, həqiqi məhəbbət zaman və məkan sərhədlərini aşan, insan ruhunu ucaldan və ona yaşamaq gücü verən ən böyük mənəvi dəyərlərdən biridir.

     Müəllifin müraciət etdiyimiz iknci şeiri “Ülyahəzrət” adlanır.  “Ülyahəzrət”  şeiri də sevginin sadəcə hiss deyil, bütöv bir mənəvi hakimiyyət, könül səltənəti kimi təqdim edildiyi poetik nümunələrdən biridir. Şeir həm klassik Şərq poeziyasının eşq-fəlsəfi ənənələrini, həm də çağdaş lirikanın səmimiyyətini özündə birləşdirir.
       Əsərin adından başlayaraq müəllif oxucunu xüsusi bir poetik mühitə daxil edir. “Ülyahəzrət” müraciəti adətən hökmdarlara, ali məqama sahib şəxslərə ünvanlanır. Lakin şeirdə bu titul siyasi və ya dünyəvi hakimiyyət sahibinə deyil, sevgiliyə verilir. Beləliklə, şair sevginin hökmranlığını, könül üzərindəki mütləq hakimiyyətini ön plana çıxarır.
      Şeirin ilk bəndində bu fikir aydın şəkildə ifadə olunur:
“Könül sarayımın sultanı sənsən,
Q
əlbimdə qurduğun taxtın mübarək!”
Burada “könül sarayı”, “sultan”, “taxt” kimi obrazlar klassik poeziyanın zəngin məcaz sistemini xatırladır. Şair qəlbini bir dövlətə, sevgilisini isə həmin dövlətin hökmdarına bənzədir. Maraqlıdır ki, bu hakimiyyət zorla deyil, könüllü şəkildə qəbul edilir:
“Ruhum təbəəliyi özü üstənib,
Bi
ətin mübarək, andın mübarək!”
“Təbəəlik”, “biət”, “and” sözləri siyasi və dini leksikadan gəlsə da, burada məhəbbətin mənəvi terminlərinə çevrilir. Şair öz ruhunun sevgiliyə könüllü şəkildə bağlandığını bildirir. Bu bağlılıq əsarət deyil, ali səadət kimi təqdim olunur.
      İkinci bənddə zaman və məkan anlayışları sevgilinin varlığı ilə yeni məna qazanır:
“Zaman neçə kərə dayandı, durdu,
Birc
ə təbəssümün min dünya qurdu…”
Bu misralarda hiperbola sənətindən ustalıqla istifadə olunmuşdur. Bir təbəssümün “min dünya qurması” sevgilinin mənəvi gücünü göstərir. Şair üçün artıq zamanın axarı, dünyanın ölçüsü adi məntiqə tabe deyil. Eşqin yaratdığı duyğu reallığın sərhədlərini aşır.
Bəndin davamında isə sevgili həyatverici qüvvə kimi təqdim olunur:
“Baxışın isitdi viranə yurdu,
Oca
ğın mübarək, odun mübarək!”
“Viranə yurd” ifadəsi yalnız fiziki məkanı deyil, şairin daxili aləmini də simvolizə edir. Sevgilinin baxışı bu viranəliyi isidən, ona yenidən həyat verən müqəddəs bir ocaqdır. Burada od həm məhəbbətin hərarətini, həm də dirçəldici gücünü ifadə edir.
     Şeirin son bəndi sənət və fədakarlıq motivləri ilə diqqəti cəlb edir:
“Sözdən ilmə-ilmə toxunub tacın,
N
əyim var, nəyim yox qoy olsun bacın…”
Şair sevgilinin tacının sözlərdən toxunduğunu deyir. Bu, həm poetik yaradıcılığa işarədir, həm də sevgilinin böyüklüyünün şair sözü ilə əbədiləşdirildiyini göstərir. Burada söz sadəcə ifadə vasitəsi deyil, dəyər yaradan sənət materialıdır.
      Bəndin kulminasiya nöqtəsi isə aşağıdakı misralardır:
“Bu yolda qurbanlıq özü Ustacın,
M
əqamın mübarək, adın mübarək!”
Şair özünü eşq yolunda qurban verməyə hazır olduğunu bildirir. Bu, klassik aşiqlərin fədakarlıq ənənəsinin müasir ifadəsidir. Burada müəllif təxəllüsünü mətnə daxil etməklə həm öz poetik imzasını qoyur, həm də hisslərinin səmimiliyini vurğulayır.
    “Ülyahəzrət” şeirinin əsas məziyyətlərindən biri onun dilinin sadəliyi ilə obrazlarının zənginliyinin vəhdət təşkil etməsidir. Şeirdə mürəkkəb fəlsəfi fikirlər yoxdur, lakin hər misra dərin emosional yük daşıyır. “Sultan”, “taxt”, “biət”, “ocaq”, “tac”, “məqam” kimi anlayışlar bir-biri ilə əlaqələnərək bütöv poetik sistem yaradır.
      Şeir oxucuda həm klassik poeziyanın nəfəsini hiss etdirir, həm də müasir insanın sevgi etirafı kimi səslənir. Bu baxımdan “Ülyahəzrət” təkcə sevgi şeiri deyil, həm də könüllü sədaqətin, mənəvi bağlılığın və ülvi hisslərin poetik tərənnümüdür.

       Onun “Ağçiçəyim” şeiri  müraciət etdiyimiz üçüncü şeirdir.
     “Ağçiçəyim” ilk baxışda təbiət təsviri təsiri bağışlasa da, əslində burada həyatın ən çətin anlarında belə ümidin, gözəlliyin və saflığın yaşaması ideyası ön plana çəkilir.  Ümumiyyətlə Zaur Ustacın bütün çiçəkləri obrazlaşdırılımış, həyatda  prototipləri olan real şəxslər (şəxsdir). Şair qışın sərt hökm sürdüyü bir məqamda gözlənilmədən çiçək görür:
“Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ yorğanında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!”

Bu misralarda “ömür bağı” insan həyatının poetik modelidir. Qış isə yalnız təbiət hadisəsi deyil; çətinliklərin, durğunluğun, ümidsizliyin rəmzidir. Belə bir vaxtda ağ çiçəyin görünməsi həyatın yenilənməsi, ruhun oyanışı və gələcəyə inam kimi mənalandırılır. Şair çiçəklə salamlaşır, ona “günaydın” deyir. Bu müraciət tərzi əsərə xüsusi səmimiyyət və canlılıq gətirir.
     Şeirin ikinci bəndində ağ rəngin poetik gücü diqqəti cəlb edir:
“Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara…”

Burada ağ çiçək saflığın, mənəvi təmizliyin və ilahi gözəlliyin simvoluna çevrilir. Şairin müqayisəsi son dərəcə təsirlidir: qarın özü belə çiçəyin yanında qara görünür. Oxucu hiss edir ki, söhbət yalnız bir çiçəkdən deyil, insan həyatında qarşılaşılan ən saf duyğulardan, bəlkə də sevgidən, ümiddən və ya mənəvi kamillikdən gedir.
     Şeirin üçüncü bəndi müəllifin daxili təvazökarlığını nümayiş etdirir:
“Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam borcumdur yoxlayım səni…”

Bu misralarda lirik qəhrəman özünü gözəlliyin qarşısında məsuliyyət daşıyan bir bağban kimi təqdim edir. O, çiçəyi sahiblənmək və ya ona hökm etmək istəmir. Əksinə, onu qorumağı, yaşatmağı öz vəzifəsi hesab edir. Bu yanaşma insanın təbiətə, gözəlliyə və müqəddəs dəyərlərə münasibətinin poetik ifadəsidir.
      “Ağçiçəyim” şeirinin əsas üstünlüklərindən biri onun sadə və anlaşıqlı dilidir. Şair mürəkkəb poetik konstruksiyalara müraciət etmədən dərin fəlsəfi məzmun yarada bilir. Təbiət mənzərəsi ilə insan ruhunun vəziyyəti arasında qurulan paralellər əsərin emosional təsir gücünü artırır. Məhz buna görə şeir həm klassik poeziya ənənələrinə bağlıdır, həm də müasir oxucunun duyğularına yaxın gəlir.
        Ədəbiyyatşünaslar  və tənqidçilər  Zaur Ustac yaradıcılığı haqqında yazılarında da onun səmimiliyini xüsusilə vurğulayırlar. “Ağçiçəyim” şeiri müəllifin sevgi, təbiət və mənəvi saflıq mövzularına həssas münasibətinin uğurlu nümunələrindən biri kimi dəyərləndirilir.

      Bu üç şeiri nəzərdən keçirdikdə şairin olduqca səmimi bir dillə öz nakam sevgisindən söhbət açdığının şahidi oluruq.
 Günnur Ağayeva

Ədəbiyyatşünas-tənqidçi

Tuncay Şəhrili yazır

11 “B” sinfinin müəllimlərinə sonsuz minnətdarlıq
       Bakı şəhəri, Yasamal rayonu, Milli Qəhrəman Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 11 “B” sinfi üçün bu gün təkcə bir tədris ilinin deyil, bütöv bir məktəb həyatının yekunlaşdığı, sevinc və kövrək duyğuların bir-birinə qarışdığı əlamətdar gündür. Bu gün biz məzunlar olaraq keçdiyimiz on bir illik təhsil yoluna nəzər salır, bu yolda bizə elm öyrədən, tərbiyə verən, yol göstərən bütün müəllimlərimizə dərin hörmət və minnətdarlığımızı ifadə edirik.

         Məktəb  rəhbərliyimizə, xüsusilə də təlim-tərbiyə işləri üzrə direktor müavinimiz, bizə 5-ci sinifdən etibarən Rəqəmsal Bacarıqlar və STEAM fənlərini tədris edən Çinarə Kazımova müəlliməyə, həmçinin STEAM müəllimimiz Nəzakət Əhmədbəyli müəlliməyə dərin təşəkkürümüzü bildiririk. Onlar müasir texnologiyalar, innovativ düşüncə və yaradıcı yanaşma bacarıqlarımızın inkişafında böyük rol oynadılar. Verdikləri bilik və dəstək sayəsində biz gələcəyin dünyasına hazırlaşmağın vacibliyini dərk etdik, yeni ideyalar yaratmağı və texnologiyalardan səmərəli istifadə etməyi öyrəndik.

       Sinif rəhbərimiz Məcidova Aytən müəlliməyə xüsusi təşəkkürümüzü bildiririk. Aytən müəllimə bizim üçün sadəcə sinif rəhbəri deyil, hər zaman qayğımıza qalan, uğurlarımıza sevinən, çətin anlarımızda yanımızda olan doğma bir insan olmuşdur. O, bizi bir sinif kimi birləşdirmiş, dostluğun, qarşılıqlı hörmətin və məsuliyyətin vacibliyini öyrətmişdir. Məktəb illərimizin ən gözəl xatirələrində Aytən müəllimənin əməyi, qayğısı və səmimiyyəti xüsusi yer tutur.
       Azərbaycan dili müəlliməmiz Kərimova Bəyim müəllimə bizə ana dilimizin zənginliyini, sözün qüdrətini və milli-mənəvi dəyərlərimizi sevdirib. Onun sayəsində dilimizi daha dərindən öyrənmiş, fikirlərimizi düzgün və səlis ifadə etməyi bacarmışıq.
Riyaziyyat müəllimlərimiz Hacıyeva Mahur müəllimə və Mustafayeva Günay müəllimə bizə məntiqi düşünməyi, qarşıya çıxan problemlərə düzgün həll yolları tapmağı öyrədiblər. Onların səbrli və məsuliyyətli yanaşması bizə riyaziyyatın həyatın ayrılmaz hissəsi olduğunu göstərib.
       İngilis dili müəllimələrimiz Qurbanova Hökümə müəllimə, Əliyeva Təranə müəllimə və Əliyeva Mətanət müəllimə bizə dünya ilə ünsiyyət qurmağın açarını təqdim etdilər. Onların zəhməti nəticəsində xarici dil biliklərimiz inkişaf etdi və yeni imkanların qapıları üzümüzə açıldı.
       Rus dili müəllimələrimiz Qasımova Aygün müəllimə, Əfəndiyeva Fidan müəllimə, Xaver Süleymanova müəllimə və Firəngiz Kərimova müəllimə bizə bu dili sevdirərək müxtəlif mədəniyyətləri daha yaxından tanımaq imkanı yaratdılar.
      Coğrafiya müəlliməmiz Şiriyeva Könül müəllimə bizi dünyanın müxtəlif guşələrinə apararaq təbiətin, ölkələrin və xalqların rəngarəngliyi ilə tanış etdi. Onun dərsləri sayəsində dünyaya baxışımız daha da genişləndi.
     Biologiya müəlliməmiz Məmmədova Şərqiyə müəllimə canlı aləmin sirlərini öyrədərək təbiətə və həyata daha böyük maraq formalaşdırdı. Onun dərsləri bizə insanın və təbiətin bir-biri ilə ayrılmaz bağlılığını anlatdı.
     Həyat bilgisi müəllimələrimiz Əhmədova Sevda müəllimə və Tağıyeva Pərvanə müəllimə bizə yalnız bilik deyil, həm də düzgün həyat prinsipləri aşıladılar. Onların tövsiyələri gələcək həyat yolumuzda bizə bələdçi olacaq.
      Kimya müəllimələrimiz Əhmədova Sevda müəllimə və Abdullayeva Xatirə müəllimə maddələrin sirli dünyasını sevdirərək elmin maraqlı tərəflərini bizə tanıtdılar. Onların əməyi sayəsində müşahidə etməyi və araşdırma aparmağı öyrəndik.
        Fiziki tərbiyə müəllimlərimiz Allahverdiyeva Nərgiz müəllimə, Mustafayev Sahib müəllim və Şirinov Rövşən müəllim bizə sağlam həyat tərzinin əhəmiyyətini aşıladılar. Onların rəhbərliyi ilə həm fiziki hazırlığımız, həm də komandada işləmək bacarığımız inkişaf etdi.
      Təsviri incəsənət müəlliməmiz İsayeva İradə müəllimə gözəlliyi görməyi və yaradıcılığı qiymətləndirməyi öyrətdi. Onun dərsləri estetik zövqümüzün formalaşmasına mühüm töhfə verdi.
      Tarix müəllimələrimiz Məmmədova Nailə müəllimə və Paşayeva Günel müəllimə keçmişimizi öyrədərək vətənimizin tarixini sevməyi, tarixi hadisələrdən nəticə çıxarmağı öyrətdilər. Onların dərsləri milli kimliyimizin daha dərindən dərk edilməsinə xidmət etdi.
       Fizika müəllimələrimiz Osmanova Mahirə müəllimə və Əsədullayev Yusif müəllim bizə kainatın qanunlarını, elm və texnologiyanın əsaslarını öyrətdilər. Onların sayəsində ətrafımızda baş verən hadisələrə daha elmi yanaşmağı bacardıq.
     İnformatika müəllimələrimiz Kərimova Şəms müəllimə, Həsənova Mehriban müəllimə və Aysel Fətəliyeva müəllimə müasir informasiya texnologiyalarından istifadə etməyi öyrədərək bizi rəqəmsal dünyanın imkanları ilə tanış etdilər.
       Musiqi müəlliməmiz Paşayeva Nuranə müəllimə musiqinin insan ruhuna təsirini hiss etdirdi, incəsənətə sevgimizi artırdı və mənəvi dünyamızın zənginləşməsinə töhfə verdi.
       Gənclərin Çağırışaqədərki Hazırlığı müəllimimiz Quliyev Pəhləvan müəllim bizə vətənpərvərlik hisslərini, intizamı və məsuliyyəti aşıladı. Onun dərsləri Vətənə sevgi və xidmət anlayışını daha dərindən dərk etməyimizə kömək etdi. Onun bizə aşıldığı bu sevginin nəticəsində mən hərbçi olmaq qərarına gəldim.
       Əziz müəllimlərimiz! Bu gün əldə etdiyimiz hər uğurun arxasında sizin zəhmətiniz, biliyiniz, səbriniz və fədakarlığınız dayanır. Siz bizə yalnız dərs keçmədiniz, həm də insan olmağı, məqsədlərimizə doğru inamla addımlamağı öyrətdiniz. Məktəb illəri başa çatsa da, verdiyiniz biliklər, dəyərlər və xatirələr ömrümüz boyu bizimlə olacaq.
        11 “B” sinfi adından hər birinizə dərin ehtiram və sonsuz təşəkkürümüzü bildiririk. Yolunuz daim işıqlı, ömrünüz sağlam və uğurlu olsun. Bizim qəlbimizdə hər zaman əziz müəllimlərimiz kimi yaşayacaqsınız.
Məzun günümüz mübarək, əziz müəllimlərimiz!
Hörmətlə, Tuncay ŞƏHRİLİ
20 nömrəli məktəb-liseyin  11 “B” sinifdən məzun
11.06.2026. Bakı şəhəri.

"…yazarlar, ancaq yazarlar…"