Tortun üstündəki 65 rəqəmi məni çaşdırdı. Bir müddət ona baxdım. Elə bil rəqəm deyildi. İki nəfər yan-yana dayanmışdı — altı və beş. Məni tanıyırdılar, mən isə onları yox. Eynən yuxu kimi… İstədim soruşum: — Kimin ad günüdür? Qızımın səsinə ayıldım: — Ata, tortu kəs. Əlimi bıçağa uzatdım. O anda otaqdakı səslər qəribə şəkildə kəsildi. Gülüşlər uzaqlaşdı. Qaşıqlar susdu. Şamların alovu belə tərpənmədən mənə baxmağa başladı. Bir anlıq özümü ad günü süfrəsinin arxasında yox, hadisə yerində hiss etdim. Qurban qarşımda idi. 65. Heç müqavimət göstərmirdi. Əvvəl bıçağı 6-nın ortasından keçirdim. Krem iki yana yayıldı. Sonra 5-i yortdum. Bir dəfə. Bir də, bir də… Sonra daha xırda hissələrə böldüm. 65-i doğram-doğram elədim. Bıçağın üstü kremə bulaşmışdı. Qırmızı mürəbbə kənara axırdı. Süfrənin ağ örtüyünün üstünə bir damcı düşəndə mənə qan kimi göründü. Qızım dedi: — Ata, bu tikəni mənə ver. Mən isə donub qalmışdım. Ortada artıq 65 yox idi. Boşqabların içində onun parçaları vardı. Birinə altı düşmüşdü. Birinə beşin yarısı. Birinin üstündə rəqəmdən yalnız balaca ağ krem izi qalmışdı. Düşündüm: İndi sübutları da yeyəcəklər. Hamı sakitcə cinayət yerini tərk edirdi. Kimsə çay içirdi. Kimsə tortun çox dadlı olduğunu deyirdi. Kimsə ikinci tikəni istəyirdi. Mən isə əlimdə bıçaq dayanmışdım. Elə həmin anda qapı açıldı. Heç kim içəri girmədi. Amma mən özümü məhkəmə zalında hiss edirdim. Müttəhimlər kürsüsündə oturmuşdum. Hakim yox idi. Onun yerində böyük bir saat asılmışdı. Saniyə əqrəbi hər dəfə tərpənəndə zalda çəkic səsi eşidilirdi. Tak. Tak. Tak. Prokuror qarşıma yeridi. Üzü yox idi. Onun sifətinin yerində köhnə şəkillərim vardı. Soruşdu: — 65-i niyə öldürdünüz? Dedim: — Mən öldürmədim. Tort idi. — Onda niyə parçaladınız? Cavab vermədim. Prokuror masanın üstünə bir-bir sübutlar düzməyə başladı. Uşaqlığım. İlk məktəb çantam. Atamın səsi. Anamın əlləri. Bir zamanlar sevdiyim qadının gözləri. Getmək istəyib getmədiyim yerlər. Deyə bilmədiyim sözlər. Gecikdirdiyim görüşlər. “Sabah edərəm” dediyim bütün sabahlar. Sonra məndən soruşdu: — Bunları da siz doğramısınız? — Yox. — Bəs kim? Başımı qaldırıb divardakı saata baxdım. Saat günahsız adam kimi susurdu. Onda başa düşdüm: Mən 65-i öldürməmişdim. Əslində məni hadisə yerinə 65 özü çağırmışdı. Mən artıq bezdim bu və ayağa qalxdım: — Cəzanı deyin, — dedim. — Görəsən neçə il verəcəksiniz? Zal susdu. Saatın saniyə əqrəbi bir dəfə də tərpəndi. Tak. Sonra haradansa bir səs gəldi: — Heç kim bilmir. — Beş il? Sükut. — On? Sükut. — İyirmi? Yenə sükut. — Bəlkə bir gün? Bu dəfə saat da susdu. Və mən ilk dəfə anladım ki, insanın aldığı ən qəribə hökm elə budur: Cəzanın müddəti əvvəlcədən deyilmir. Səni həyata buraxırlar. Neçə il qalacağını demədən. Qapı açıldı. Mən yenidən evdə idim. Hamı tort yeyirdi. Bıçaq stolun üstündəydi. Boşqabımda isə balaca bir tikə qalmışdı. Üstündə kremdən yarımçıq bir rəqəm görünürdü. Bilə bilmədim altı idi, yoxsa beş. Çəngəli götürmədim. Bir müddət ona baxdım. Sonra düşündüm: Bəlkə mən bu gün 65-i doğramadım. Bəlkə ömrümü iki yerə böldüm: yaşadığım ömür və hələ mənə verilməmiş ömür. Birincisinin ifadəsi artıq alınıb. İkincisi isə hələ istintaqdadır. Mən müttəhiməm. Mən şahidəm. Mən zərərçəkənəm. Bəlkə də hakim də özüməm. Bir şeyi dəqiq bilirəm: Bu gündən sonra hər səhər mənə verilən əlavə günə adi gün kimi baxmaq istəmirəm. Çünki 65-in qətlindən sonra əsas sual artıq “Mənə neçə il verəcəklər?”
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
BİRDƏFƏLİK ÖLÜM (hekayə) Uşaqlıqda ölməkdən qorxardım. Əslində ölməkdən çox dəfn olunmaq qorxusu vardı canımda. Ona görə də arzu eləyirdim – ölsəm birdəfəlik ölüm. Ölüb-dirilən adamlar haqqında nağıllarda çox oxumuşdum… Düzdü, öləndən sonra dirilmək yaxşı şey olsa da, adamlar ölüb-dirilənlərə, lap elə paxıllıqdan “xortdan” deyirdilər. Xortdan olmaq qorxusundan mən də birdəfəlik ölüm arzulayırdım özümə. Amma dəfn… məndən ötrü əsl əzab idi. Uzaq qohumlarımdan biri sətəlcəmdən ölmüşdü. İslam adətiylə həmin günü də aparıb qoy-muşdular qəbir evinə. Gecə böyük qardaşı yuxu görür. Ölü ağlaya-ağlaya deyir: –Niyə mənə işıqlı dünyadan elədin, qardaş?! Səhər yuxudan oyanan kimi beş-altı nəfərlə gedib qəbri açırlar. Kəfənin baş tərəfini qan içində görüb, böyük qardaş içini çəkə-çəkə ağlayır: –Yazıq ölməyibmiş, demə! Burnundan qan açı- lıb… dirilibmiş. Eşitdiyimə görə, xristianlar dəfn məsələsində biz müsəlmanlardan daha uzaqgörəndi. Hətta ölüyə bir neçə gün dirilərlə ünsiyyət sükutu da verirlər. Sonra da aparıb tabutda dəfn eləyirlər. Bu da Əzrayılın əlindən canını qurtara bilənə işıqlı dünyaya çıxmaq imkanı deməkdir. Müsəlman isə… Qəbri qazırlar, ləhəd deyilən dar yer açırlar dibində. Mərhumu da sağ çiyni üstə qoyurlar ləhədə. Üstünə çəkil ağacından kəsdikləri qısa ağacları düzürlər, qamış döşəyirlər, yarım ton da torpaq… get… yaşa! Bundan sonra ayıl, görüm, kimdən ötrü ayılırsan! Bax, uşaqlıqda məni qorxuya salan da həmin bu ləhəd idi. Gecələr ölüb torpağın altına qoyulacağımı gözümün qabağına gətirəndə az qalırdı ürəyim partlasın. Tez yorğanı çəkirdim başıma. Amma indi dəfn olunmaqdan, ləhəddən-məhəddən zərrə qədər də qorxmuram. İndi mən… ölməkdən qorxuram! Yolu yumrulansın Əzrayılın!
ÖZ DİLİNDƏ Məncə Fizuli öz dilində yazib. Hüseyn Cavid də. Hadi də. Səməd də o cümlədən. O xətti sonra Bayatli Odər, Çingiz Əlioğlu davam etdirdi. Vaqif Səmədoğlu ” Bir axsam taksidən düsdüm payiza” şedevrini də öz dilində yazıb, nəinki adi dilimizdə. Müşfiq hissiyatla yazib. Azərbaycanca yox. Fridrex Nitşe, Artur Rembo da öz milli dillərində yazmayıblar. Vladimir Mayakovski də rusca yazmayib bir misra da olsun belə. Nitşenin ” Zərdüşt belə deyirdi” şedevri təpədəndirnaga söz yaradıcılıgıdir ilk növbədə. Volfhanq Hote ölməz ” Faust” unu Faustun dilində kagız üzərinə köcürub. Əsər, almanca deyil. O vaxtdan alman ədəbiyyati, almanlar keciblər Hötenin dilinə. Zəif şairlər həmışə milli dildə yazarlar. Güclülər, həqiqətən şairlər isə məhz öz dillərində. Öz uçan boşqabinızı tapin, mən kimi, sonra başlayın yaradıcılıq səyahətlərinə. Milli dildə yazmaq, plaqiatdir. Poeziya deyildir iynənin ucu qədər. P.S.Müasirlərimizdən misal üçün Şəhriya Del Qerani, məncə öz dilində yazanlardandı. Səlim də. Rasim Qaraca da. Əliaga Vahid və davamçılari isə əruzca şeir deyiblər. Nizami, Xaqani də heç farsca yox, daha çox öz dillərində, əlyazmalari dilində şeir qoşublar.
Ədəbiyyat İnstitutu Çingiz Aytmatovun 100 illiyinə həsr edilən nəşr hazırlayacaq
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 100 illik yubileyinə həsr olunmuş yeni layihənin həyata keçirilməsi planlaşdırılır.
Bu barədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli açıqlamasında bildirib.
Onun sözlərinə görə, yubiley çərçivəsində “Çingiz Aytmatov və Azərbaycan məktublarda” adlı birgə nəşrin tərtibatı nəzərdə tutulur. Layihənin əsas məqsədi görkəmli yazıçının Azərbaycanla ədəbi, elmi və mənəvi əlaqələrini arxiv sənədləri, məktublaşmalar və digər yazılı mənbələr əsasında üzə çıxarmaq, bu zəngin irsi elmi və ictimai dövriyyəyə daxil etməkdir. Nəşrdə Çingiz Aytmatovun Azərbaycan ədəbiyyat və elm xadimləri ilə münasibətlərini, qarşılıqlı yaradıcılıq və fikir mübadiləsini əks etdirən məktubların, arxiv materiallarının və sənədlərin toplanaraq sistemləşdirilməsi nəzərdə tutulur. Mehman Həsənli qeyd edib ki, belə bir nəşrin hazırlanması dünyaşöhrətli yazıçının Azərbaycanla çoxşaxəli əlaqələrinin daha geniş şəkildə tədqiqinə, iki qardaş xalqın ədəbi-mədəni münasibətlərinin yeni arxiv materialları əsasında öyrənilməsinə mühüm töhfə verə bilər.
Layihənin həyata keçirilməsi nəticəsində Çingiz Aytmatovun Azərbaycan ədəbi-mədəni mühiti ilə əlaqələrinin yeni fakt və sənədlər əsasında təqdim olunması, həmçinin yazıçının yaradıcılıq irsinin müasir elmi araşdırmalarda daha geniş təbliği gözlənilir.
“Yazarlar” olaraq böyük Türk yazarı Çingiz Aytmatovu rəhmətlə anır, Mehman Həsənlini və Ədəbiyyat institutunun digər əməkdaşlarını bu münasibətlə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
“Səmimi sətirlər çələngi” layihəsi barədə düşüncələrim Son zamanlar Odlar Yurdu Azərbaycanın poeziya paytaxtı olan doğma Cəlilabadın ədəbi mühitinin öz sayğısı və səmimiyyəti ilə tanınan və hörmətə layiq görülən xanım nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, “Tomris” və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair Atlaz xanım Rzayi diqqət, səmimiyyət və sayğını tərənnüm edən bir layihə ilə önə çıxdı. “Səmimi sətirlər çələngi” adlanan bu layihə ilk mərhələdə layihəyə qatılmış əzizlərimizin bir neçəsinin baxışları əsasında “Cəlilabad ədəbi mühitinin öz ziyalısına təşəkkürü” başlığı altında və 25.07.2026 tarixində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ədalət və Həqiqət” qəzetinin təsisçisi və baş redaktoru, yazıçı-publisist Cəmil müəllim Dadaşovun təsisçisi və baş redaktoru olduğu “Turaztv.az” portalında, ardınca isə 26.07.2026 tarixində çağdaş Azərbaycan ədəbiyyatının fədakar nümayəndəsi, AVMVİB, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı, “Həməşəra” Fəxri Diplomu, “Hüseyn Cavid” və “Turan Ödülü” laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, naşir, şair-publisist, Zaur Ustac müəllim tərəfindən təsisçisi və baş redaktoru olduğu “Yazarlar.az” portalında yayımlandı… Bundan sonra ölkənin müxtəlif rayon və şəhərlərindən bu ədəbi-ictimai layihəyə qoşulanların sayı çoxaldı və beləliklə də 15.08.2026 tarixindən 30.08.2026 tarixinədək günlər ərzində yazılan fikirlərin “Həməşəra” mətbu orqanının rəsmi Facebook səhifəsində yayımlanmasına qərar verildi. Atlaz xanım tərəfindən 22.07.2026-30.08.2026 tarixində həyata keçən bu ədəbi-ictimai layihənin əsas məqsədi ilk öncə Cəlilabad, daha sonra isə ətraf rayonlar və paytaxt Bakı şəhərində yaşayan qələm əhli, ədiblər, şairlər, yazıçılar və ziyalıların şəxsimlə bağlı baxışlarını toplayıb yayımlamaqla indiyədək gördüyüm balaca xidmətləri dəyərləndirməkdən ibarət olsa da əslində bu layihə çərçivəsində cəmiyyətdə, xüsusilə də ədəbi mühitimizdə bir sıra gözəlliklərə imza atılmış oldu. Burada onları ixtisarla sadalamaq istərdim:
Cəmiyyət arasında “dəyərləndirmə mədəniyyəti”nin təbliğ edilməsi;
Ədəbi mühitin nümayəndələri arasında səfa-səmimiyyət tellərinin möhkəmlənməsi;
Görülən yaxşı işlərə qarşı biganəlik yanaşmasının dolayısı ilə rədd edilməsi… Bütün bunlar sonda mənə və şəxsimə deyil, əslində cəmiyyət və xüsusilə də ədəbi mühitimizin xeyrinə tamamlanmış oldu. Bu layihənin “Həməşəra” mətbu orqanı tərəfindən işıqlandırılmasında əsas hədəf də Atlaz xanımın zəhmətini dəyərləndirməklə yanaşı, əsasən yuxarıda sadalanmış faydaların önəmindən ibarət idi. Unutmamalıyıq ki, dəyərləndirmə heç də məddahlıq, yaltaqlıq və mübaliğə (şişirmə) deyil. Kiminsə barəsində ədalət və səmimiyyət çərçivəsində səmimi söz deyən və ya yazan insan hökmən bunun üçün kimdənsə sifariş və ya göstəriş almayıb. Dəyərləndirmə bir mədəniyyətdir. Dəyərləndirmə həyatda yaxşılar və yaxşılıqların təbliği və yaşadılması deməkdir. Həm də həyatda başqalarını dəyərləndirməyi bacaranlar ilk öncə özləri həyatda dəyərli olan insanlardır. Bu layihə ilə bağlı 25.07.2026 tarixli yazıb paylaşdığım statusda qeyd etdiyim kimi, səmimi olaraq etiraf edirəm ki, mənim ədəbi mühitimizin əziz və dəyərli nümayəndələrinin barəmdə belə bir addım atacaqlarından əsla xəbərim olmayıb. Sadəcə sonra öyrəndim ki, bu iş ədəbi mühitimizin öz səmimiyyəti və dəyərləri ilə tanınan dəyərlimiz Atlaz xanım Rzayinin təşəbbüsü və digər əzizlərimizin lütfkarlığı ilə həyata keçib. Digər tərəfdən, ümumiyyətlə, mən özümün deyil, əsasən səmimi, sayğılı və dəyərli olan əzizlərimizin təqdimatı və təbliğini üstün tutmuş və tuturam. Çünki belə insanlara səmimi və təmənnasız bir xidmətçi olmağı ən böyük şərəf və fəxarət sayıram! Bu müddət ərzində bir neçə dəfə paylaşımları saxlamaq qərarına gəldim. Lakin layihə çərçivəsində fikir bildirmiş digər əzizlərimizin xətrinə dəyməsin deyə onu davam etdirmək məcburiyyətində qaldım… Haqqımda yazılan bütün sözləri bir-bir diqqətlə oxuyub düşündüm və deyilənlərdən nəticə çıxarmağa çalışdım. Bəzən də bu yazılara sanki vəfatımdan sonra deyilən və yazılan fikirlər kimi yanaşıb gah sevindim, gah da kövrəldim… Bu qədər əziz insanın qəlbində olduğuma, onlara təmənnasız və səmimiyyətlə xidmət göstərdiyimə görə bu səviyyədə sayğı və sevgiyə layiq görülməyimə görə fəxarət hissi keçirib qürurlandım, lakin bütün gözəlliklərin və bütün uğurların əslində Ulu Tanrıdan olduğunu da unutmadım… Hər bir halda bu layihəni bir səmimiyyət güzgüsü kimi dəyərləndirməyi özümə borc bilib, bu işdə əməyi olan hər kəsə və barəmdə özləri kimi səmimi və gözəl sözlər yazmış əzizlərimə: dəyərli qələm əhlinə, ədəbi mühitimizin ləyaqətli ağsaqqallarına, ədəbiyyat sahəsinin dəyərli xanımları və bəylərinə, həmçinin, cəmiyyətdə müəllim, ziyalı, idmançı, siyasətçi, dövlət məmuru, rəssam, incəsənət xadimi, jurnalist, kitabxanaçı, tərbiyəçi, din xadimi və hətta, təqaüdçü və evdar, həmçinin, “Həməşəra” mətbu orqanının sadə izləyicisi kimi tanınan bütün dəyərli insanlara, bu layihəni ilk dəfə işıqlandırmış Cəmil müəllimə və Zaur Ustac müəllimə, xüsusilə də layihənin müəllifi və icraçısı, dəyərlimiz və səmimimiz bədii qiraətçi və yazıçı-şair Atlaz xanım Rzayiyə öz səmimi minnətdarlığımı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları diləyirəm!
31.08.2026
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
Evim dediğim yer evim değilmiş. Elimde neredeyse boş bir valizi tuttuğumda daha iyi anladım bunu. İçimdeki kuru otları yeşerten bir yaz akşamı girmiştim az önce ardıma bakmadan çıktığım eve. Halaylar, şarkılar, danslar… Bütün pembe hayallerimi katlayıp bir bir bohçalamıştım İhsan’la mutlu olabilmek için.
Mahdum ayaklarıma dolanıyor yine. Nasıl da anlıyor üzgün olduğumu. Bir kedi olmasaydı muhakkak insan olurdu. Üzüldüğümde başımı omzuna yasladığım, mutlu olduğumda birlikte şımardığım… Ne garip bir hayvan gerçekten. Bu evlilikten bana kalan tek güzel şey sanırım Mahdum. İhsan, işten gelirken kucağında Mahdum’la eve girmişti bir gün. Önce istemem, diye yaygara koparmıştım evde. Bakamam buna İhsan, neden anlamıyorsun? diye dişli bir kavgaya tutuşmuştum. İhsan sonunda pes edip sabah aldığım yere bırakırım demişti ama bu seferde ufacık bir kediyi dışarı bırakmaya gönlüm razı olmamıştı. İhsan’ın neden Mahdum’u getirdiğini biliyordum aslında. Kucağımda bir çocuğum yoktu. Diğer evli arkadaşlarının evleri gibi odada neşe saçan bir evladımız olmuyordu. Üzülmeyeyim diye böyle yaptığını çok iyi biliyordum. Sonraları Mahdum benim her şeyim oldu. Sabahları gelip yanıma yatması, evde ayaklarıma dolanması, şımarması bana bir çocuk yokluğu hissettirmiyordu. İhsan için ise pek öyle olmadı bu durum. Önceleri tatlı kedime karşı duyduğu sevgi, güneş gören buz gibi eriyip gitmişti zamanla. Eriyip giden sadece kedime duyduğu sevgi değildi aslında. Bana da eskisi gibi bakmadığını anlayabiliyordum. Aramızdaki soğukluk kırık bir türkü gibi uzadıkça uzamaya devam etti. Mahdum da bazen İhsan’a yanaşmaya çalışırdı. Benden bulduğu sevgiyi ondan da bekliyordu demek ama bir kedi nereden bilsin kendisine nankör diyen insanın asıl nankör olduğunu. İlk zamanlar evi neşelendiren, İhsan’ı da beni de güldüren Mahdum, işte benim gibi mutsuzluktan payını almıştı. Evde sürekli çıkan nedensiz ve ardı kesilmeyen kavgalar sıklaşmıştı. İhsan her fırsatta ‘’Nankörlük etme. Seni senelerdir idare ediyorum. Çocuk desen veremedin. Temizlik desen doğru düzgün yapmazsın. Kafanı kediyle bozmuşsun. Nereden alıp geldim bunu. Tekmeyi basmak lazım ikinize de…’’ gibi sözlerini yineliyordu. Öyle mantıklı sebepler buluyordu ki kendine, bazen hiç suçu olmadığı halde Mahdum’un bile suçlu olduğunu düşünüyordum. İnsanın yaşadığı yerle arasında bir çatlak oluşmaya başladığında önce mantıklı düşünmeyi kaybediyor anlaşılan.
Mahdum bu seferde kucağıma çıkıyor. Gözlerini baygın baygın dikiyor yüzüme. Anlamıştır belki de maziye daldığımı. Anlamasa ne olurdu ki? Zaten ne zaman üzgün olsam, durgun olsam gelir kucağıma yatar ben yanındayım, der gibi bakardı. Bir çocuk gibi sarıp sarmalardım ben de onu. Adının anlamı da biraz buradan geliyor. ‘’Evlat’’ demek aslında Mahdum. Benim evladım olmuştu çünkü. Aynı şu anda olduğu gibi bu banka gelip oturmadan önce, yani birkaç saat önceki tartışmada yine gelip kucağıma oturmuştu. Üzülme anne, der gibi bakmıştı suratıma. Başını ayaklarının arasına alıyor ara sıra kaldırıp bana bakıyordu ben hıçkırdıkça. Hiç kimsem yoktu gözyaşımı silecek ama Mahdum başkaydı. Tüylerinin arasında beni dinlendiriyor, derdimi alıp götürüyor gibiydi. Gözyaşımı sildiğine de emindim. Tek dostumdu o benim.
Bugün son kavgamızı etmiştik İhsan’la. Çocuğumuz olmuyordu ve ben her şeye rağmen evlat gördüğüm kedimin varlığı ile mutluydum. Ama bu mutluluk İhsan’ın mutsuzluğunun rengine karışıyor, nefretinin siyahına karışan sevinç rengim boğulup kayboluyordu. Ben mutsuzsam sen de mutsuz ol, diyordu bakışlarıyla İhsan. Evladım, diye Mahdum’a sarıldıkça bakışlarındaki küçümsemeyi yakalıyordum. Anne olamadın da bir hayvana anacılık oynuyorsun, diyordu bu bakışlar. Hava kaçıran balon gibi sönmeye başlıyordu tüm sevincim o an. İşte son kavgamızda İhsan, bunları bir bir hatta yanına daha da keskin cümleler ekleyerek söylemişti bana. Mahdum’a bir tekme savururken, ‘’Ya bu kedi gider bu evden ya ikiniz!’’… Bir gülümsemeyi çok gören sevgili kocam, çoktandır hâl diliyle anlattığını bir çırpıda çok kolay ve duygusuz söyleyivermişti. Ya Mahdum ya ben, diyordu aslında. Çocuğumuz olmuyor diye ben mutsuzum, sen de mutsuz olmalısın. Ben mutsuzken yüzünün gülmesine tahammül edemiyorum, demenin başka yoluydu bu. Hiçbir cevap vermeden çıkmıştım evden. Çantama attığım göstermelik birkaç eşya ve yanımda Mahdum. ‘’Savunmasız ve suçsuz bir canlıya merhamet etmeyen sen, hiçbir zaman baba olamazsın. Olsan bile iyi bir baba olamazsın İhsan! Babalık, insanlık şefkat gerektiren bir şeydir. Vicdanın olduğu kadar insan olursun. Seni hayvanlardan ayıran aklınsa diğer insanlardan ayıran merhametindir! Anla bunu anla.’’ Sözlerim cılız çıkmıştı. Belki de içimden söylemiştim, hatırlamıyordum. Bunları yalnızca Mahdum için söylemiyordum, kendim için de… Bana sözleriyle hiç merhamet etmemişti İhsan. Gözlerimde biraz sevinçten ışık görse onu söndürmek için elinden ne gelirse yapardı.
Tren istasyona yaklaşıyor. İhsan’ın tüm mutsuzluğunu, küçümseyen bakışlarını, hakaretlerini, hiçbir şeyi beğenmeyen memnuniyetsizliğini ve evdeki tek neşem Mahdum’u sığdıramayışını ardımda bırakıp gidiyordum. Bir meçhule… Mahdum ve ben.
Not: İlknur Hanım’ın sarı ve sevimli kedisi Mahdum’a ithafen.
İnsanın ömrünü yalnız keçdiyi vəzifələrin, qazandığı elmi adların, yazdığı kitabların və tutduğu mövqelərin ardıcıllığı ilə ölçmək mümkün deyil. Bütün bunlar, əlbəttə, bir ömrün görünən tərəfləridir. Lakin şəxsiyyətin əsl dəyəri onun yaratdığı mənəvi mühitdə, yetişdirdiyi insanlarda, elmə və cəmiyyətə verdiyi töhfələrdə, ən başlıcası isə arxada qoyduğu intellektual və mənəvi izdə üzə çıxır. Bu mənada professor, pedaqogika elmləri doktoru Hikmət Əlizadənin həyat və fəaliyyət yolu yalnız uğurlu bir alim-pedaqoqun peşəkar bioqrafiyası deyil, elmə, təhsilə, insana və cəmiyyətə münasibətin bütöv bir ifadəsidir.
Hikmət Əlizadənin şəxsiyyətini səciyyələndirən başlıca xüsusiyyətlərdən biri onun alimliyi ilə müəllimliyinin, peşəkarlığı ilə mənəvi mövqeyinin, elmi fəaliyyəti ilə ictimai məsuliyyətinin bir-birindən ayrılmamasıdır. Onun həyat yoluna nəzər saldıqda aydın görünür ki, müxtəlif mərhələlərdə tutduğu vəzifələrdən daha çox, həmin vəzifələrə gətirdiyi münasibət və dəyərlər sistemi ön plana çıxır. Müəllimlik onun üçün yalnız peşə deyil, insan yetişdirmək missiyasıdır; alimlik yalnız elmi əsər yazmaq deyil, həqiqəti axtarmaq və onu cəmiyyətin intellektual inkişafına xidmət edən dəyərə çevirməkdir; ictimai fəaliyyət isə şəxsi nüfuzun deyil, elm və təhsil qarşısında məsuliyyətin ifadəsidir.
Müəllimlikdən başlayan yol
Hikmət Əlizadənin pedaqoji fəaliyyətə 1978-ci ilin sentyabrında 9 saylı internat məktəbində müəllim kimi başlaması onun sonrakı elmi-pedaqoji fəaliyyətinin mahiyyətini anlamaq baxımından mühüm faktdır. Çünki böyük pedaqoqların həyatında müəllimlik çox zaman sonradan gələn elmi fəaliyyətin başlanğıc nöqtəsi deyil, bütün fəaliyyətin mənəvi özəyinə çevrilir.
Məktəb auditoriyası ilə ilk təmas, uşağın və yeniyetmənin dünyasına daxil olmaq, onun düşüncəsini, davranışını, mənəvi aləmini anlamağa çalışmaq pedaqoqun nəzəri biliklərinə həyati məzmun qazandırır. Müəllim burada yalnız dərs deyən insan deyil. O, şagirdin dünyanı dərk etməsinə yardım edən, onun suallarına cavab axtaran, bəzən isə cavabdan daha vacib olan düzgün sual verməyi öyrədən şəxsdir. Bu baxımdan Hikmət Əlizadənin pedaqoji yolunun məktəbdən başlaması onun sonrakı elmi yaradıcılığının da daxili məntiqini müəyyənləşdirən amillərdən biri kimi qiymətləndirilə bilər.
Müəllimlik insana bir həqiqəti öyrədir: təhsil yalnız biliklərin ötürülməsi prosesi deyil. Təhsil insanın şəxsiyyət kimi formalaşmasıdır. Buna görə də müəllim həqiqətin öyrədicisi, mənəvi-tərbiyəvi istiqamətverici və cəmiyyətin intellektual-mədəni irsinin daşıyıcısıdır. O, yalnız mövcud bilikləri ötürən deyil, həm də insanın dünyagörüşünün formalaşmasına, onun mənəvi dəyərlər sisteminin zənginləşməsinə təsir göstərən mühüm şəxsiyyətdir.
Hikmət Əlizadənin fəaliyyətində də müəllimliklə alimlik arasında məhz belə bir bağlılıq müşahidə olunur. Onun üçün pedaqogika abstrakt nəzəriyyələr toplusundan daha çox, insanı və cəmiyyəti anlamaq vasitəsidir. Bu baxımdan onun elmi yaradıcılığında insan amilinin, şəxsiyyətin inkişafının, təhsilin sosial və psixoloji tərəflərinin xüsusi yer tutması təsadüfi deyil.
Elmi-pedaqoji yüksəliş və BDU mərhələsi
1984-cü ildən Bakı Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasında fəaliyyət göstərən Hikmət Əlizadənin peşəkar inkişaf yolu assistentlikdən baş müəllimliyə, dosentlikdən professorluğa qədər davam etmişdir. Bu yol yalnız akademik pillələrin ardıcıl keçilməsi kimi başa düşülməməlidir. Hər bir elmi adın və vəzifənin arxasında uzunmüddətli araşdırma, pedaqoji təcrübə, elmi axtarış və məsuliyyət dayanır.
Universitet müəllimi məktəb müəllimindən fərqli olaraq artıq yalnız hazır bilikləri çatdırmır; o, biliklərin necə yarandığını, elmi problemin necə qoyulduğunu, tədqiqatın hansı metodlarla aparıldığını, elmi düşüncənin hansı prinsiplərə əsaslandığını da tələbəyə göstərməlidir. Professor səviyyəsində bu məsuliyyət daha da artır. Professorun fəaliyyəti birbaşa olaraq elmi mühitin formalaşmasına, yeni nəslin intellektual istiqamətləndirilməsinə və elmi məktəbin davamlılığına təsir göstərir.
Hikmət Əlizadənin uzun illər Bakı Dövlət Universitetində pedaqogika və psixologiya sahəsində fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun elmi-pedaqoji fəaliyyətinin davamlılığı bir tərəfdən pedaqogika və psixologiya elmlərinin inkişafına xidmət edirsə, digər tərəfdən bu sahənin gələcək mütəxəssislərinin hazırlanması prosesinə təsir göstərir.
Alimin ömrünün böyük hissəsini universitet mühitinə həsr etməsi həm də bir düşüncə tərzinin göstəricisidir. Universitet yalnız dərs keçirilən məkan deyil; burada elmi müzakirə, fikir mübadiləsi, polemika, axtarış və intellektual əmək mühiti formalaşır. Belə mühitdə çalışan alim öz elmi fəaliyyəti ilə yanaşı, elmi mədəniyyətin də daşıyıcısına çevrilir.
Alimlik: bilikdən düşüncəyə doğru
Hikmət Əlizadənin elmi irsi onun fəaliyyətinin miqyasını göstərən mühüm göstəricilərdən biridir. 100-dən artıq elmi əsərin, o cümlədən kitabların, dərs vəsaitlərinin, monoqrafiyaların, proqramların və metodik tövsiyələrin müəllifi və həmmüəllifi olması onun elmi yaradıcılığının sistemli və çoxşaxəli xarakterini göstərir.
Lakin elmi irsin dəyəri yalnız kəmiyyət göstəriciləri ilə müəyyənləşmir. Əsl məsələ alimin hansı suallara cavab axtarması, hansı problemləri gündəmə gətirməsi və həmin problemlərə hansı elmi baxış bucağından yanaşmasıdır. Hikmət Əlizadənin yaradıcılığının diqqətçəkən tərəfi də pedaqogika və psixologiyanı insan və cəmiyyət məsələləri ilə əlaqəli şəkildə nəzərdən keçirməsidir.
Onun əsərlərində təhsil, şəxsiyyət, psixologiya, sosial mühit və pedaqoji proses arasında qarşılıqlı əlaqələrin araşdırılması diqqəti cəlb edir. Bu yanaşma müasir təhsil düşüncəsi baxımından xüsusilə əhəmiyyətlidir. Çünki müasir pedaqogika artıq yalnız “nəyi öyrətmək?” sualı ilə kifayətlənmir. Buraya “kimə öyrətmək?”, “necə öyrətmək?”, “öyrənən insanın psixoloji xüsusiyyətləri hansılardır?”, “təhsil insanın şəxsiyyət kimi inkişafına necə təsir edir?” kimi suallar da əlavə olunur.
Beləliklə, pedaqogika psixologiyadan, psixologiya isə sosial mühitdən ayrı düşünülə bilməz. İnsan cəmiyyətin içində formalaşır və onun təhsil təcrübəsi də həmin sosial mühitdən kənarda baş vermir. Hikmət Əlizadənin elmi yaradıcılığının mühüm cəhətlərindən biri məhz bu mürəkkəb əlaqələri elmi-pedaqoji müstəvidə nəzərdən keçirməsidir.
Əbdül Əlizadə ilə elmi əməkdaşlıq
Hikmət Əlizadənin elmi yaradıcılığında Əbdül Əlizadə ilə birgə aparılan tədqiqatların ayrıca yeri vardır. Birgə müəllifliklə hazırlanmış çoxcildli elmi əsərlər və monoqrafiyalar Azərbaycan psixologiya və pedaqogika elmi üçün mühüm tədqiqat nümunələri kimi diqqəti cəlb edir.
2008-ci ildə ADPU-nun nəşriyyatında çap olunmuş “Əsrin meqameylləri: psixoloji problemləri” əsərinin üç cildi bu əməkdaşlığın miqyasını göstərən nümunələrdəndir. Birinci cildin 479, ikinci cildin 598, üçüncü cildin isə 501 səhifə həcmində olması yalnız əsərin fiziki həcmini deyil, araşdırılan problemlərin genişliyini də nümayiş etdirir.
Bu əsərlər üzərində dayanarkən bir mühüm məqamı qeyd etmək lazımdır: elmi əməkdaşlıq yalnız müəllif adlarının bir əsərin üzərində birləşməsi deyil. Həqiqi elmi əməkdaşlıq fərqli düşüncələrin, təcrübələrin və tədqiqat imkanlarının bir məqsəd ətrafında birləşməsidir. Bu baxımdan Hikmət Əlizadənin Əbdül Əlizadə ilə birgə yaradıcılığı elmi dialoq və intellektual əməkdaşlıq mədəniyyətinin nümunəsi kimi də qiymətləndirilə bilər.
Eyni fikri “Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş” monoqrafiyası haqqında da söyləmək mümkündür. Əsərin adında yer alan “yeni pedaqoji təfəkkür” anlayışı təsadüfi deyil. Təhsil dəyişdikcə pedaqoji düşüncə də dəyişməlidir. Yeni insanı köhnə pedaqoji qəliblərlə izah etmək mümkün olmadığı kimi, yeni sosial reallıqları da ənənəvi yanaşmalarla tam şəkildə izah etmək çətindir.
Bu mənada psixopedaqogik yanaşma pedaqoji prosesin insanın psixoloji xüsusiyyətləri ilə vəhdətdə nəzərdən keçirilməsini zəruri edir. Təhsilalanı yalnız “şagird” və ya “tələbə” statusu ilə deyil, özünəməxsus psixoloji dünyası, fərdi imkanları, maraqları və sosial təcrübəsi olan şəxsiyyət kimi qəbul etmək müasir pedaqoji düşüncənin əsas istiqamətlərindəndir.
Təhsil və cəmiyyət münasibətləri
Hikmət Əlizadənin elmi fəaliyyətində təhsilin sosial mahiyyətinə diqqət də xüsusi əhəmiyyət daşıyır. Q. Abbasova və R. Mahmudova ilə birgə müəllifi olduğu “Təhsilin sosial-pedaqoji məsələləri” dərs vəsaiti bu baxımdan diqqətəlayiqdir.
Təhsil heç vaxt yalnız məktəb, universitet və ya auditoriya daxilində baş verən hadisə olmayıb. Təhsil cəmiyyətin sosial strukturundan, ailə münasibətlərindən, mədəni mühitdən, iqtisadi reallıqlardan, mənəvi dəyərlərdən və insan münasibətlərindən təsirlənir. Eyni zamanda təhsil özü də cəmiyyətin gələcək simasını müəyyənləşdirən ən güclü vasitələrdən biridir.
Bu qarşılıqlı münasibət pedaqogikanın sosial məsuliyyətini meydana çıxarır. Müəllim yalnız şagirdə dərs keçmir; o, gələcək cəmiyyətin insanını formalaşdırır. Universitet professoru yalnız mütəxəssis hazırlamır; o, müəyyən mənada həmin mütəxəssisin dünyagörüşünün, elmi etikasının və peşə mədəniyyətinin formalaşmasına təsir edir.
Hikmət Əlizadənin pedaqoji fəaliyyətinə bu prizmadan baxdıqda onun elmi yaradıcılığı ilə müəllimlik missiyasının eyni məntiqə söykəndiyini görmək mümkündür: insanın inkişafı və bu inkişafın cəmiyyətin tərəqqisinə çevrilməsi.
Şəxsiyyət və ədalət
Hər bir alim haqqında danışarkən onun elmi əsərlərini sadalamaq asandır. Lakin şəxsiyyət haqqında danışmaq daha çətindir. Çünki şəxsiyyət yalnız bioqrafik faktlardan ibarət deyil. Onun əsl portreti insanlarla münasibətdə, prinsipial qərarlarda, çətin məqamlardakı davranışda və mənəvi mövqedə görünür.
Hikmət Əlizadəsi tanıyanların onu şəxsiyyət kimi böyük nüfuz sahibi və ədalət nümunəsi kimi səciyyələndirməsi bu baxımdan xüsusi məna daşıyır. Nüfuz və vəzifə eyni anlayış deyil. Vəzifə insana müəyyən səlahiyyət verə bilər, lakin nüfuz yalnız etimadla qazanılır. İnsanların bir alimə, müəllimə və rəhbərə hörmət etməsi onun tutduğu vəzifədən daha çox, həmin vəzifəni necə icra etməsindən asılıdır.
Ədalət də burada mühüm meyara çevrilir. Pedaqoji mühitdə ədalət yalnız qiymətləndirmənin obyektivliyi demək deyil. Ədalət hər bir insana onun şəxsiyyətinə hörmətlə yanaşmaq, fikir müxtəlifliyinə dözümlü olmaq, haqqı haqsızdan ayırmaq, şəxsi münasibətlə peşəkar mövqeni qarışdırmamaqdır.
Alim şəxsiyyətinin nüfuzu da məhz belə mənəvi prinsiplər üzərində qurulur. Elmi adlar insanın cəmiyyətdəki yerini müəyyənləşdirə bilər, amma onun insan kimi dəyərini müəyyən edən elmi titul deyil. Əsl dəyər biliklə davranışın, peşəkarlıqla vicdanın, prinsipiallıqla insansevərliyin vəhdətindən yaranır.
Bu baxımdan Hikmət Əlizadənin portretində alimlik və şəxsiyyət anlayışlarının yanaşı çəkilməsi təsadüfi deyil. Çünki onun fəaliyyətini yalnız elmi nəticələrlə məhdudlaşdırmaq həmin portretin ən mühüm tərəflərindən birini – insan faktorunu kölgədə qoyardı.
Müəllim şəxsiyyəti və mənəvi məsuliyyət
Müəllimlik sənətinin ən böyük üstünlüyü onun insan həyatına birbaşa təsir etməsidir. Müəllimin dediyi bir söz, verdiyi bir istiqamət, göstərdiyi bir münasibət illər sonra belə tələbənin və ya şagirdin yaddaşında qala bilər. Bu səbəbdən müəllim öz sözünün və davranışının məsuliyyətini dərk etməlidir.
Professor Hikmət Əlizadənin uzunmüddətli pedaqoji fəaliyyəti bu missiyanın müxtəlif mərhələlərini əhatə edir. Məktəb müəllimliyindən universitet auditoriyasına, assistentlikdən professorluğa qədər uzanan yol əslində bir missiyanın davamıdır: insan yetişdirmək.
Bu missiyanın mahiyyəti yalnız informasiya ötürməkdən ibarət deyil. Müəllim tələbəsinə düşünməyi, sual verməyi, mübahisə etməyi, sübuta əsaslanmağı, elmi və mənəvi məsuliyyət daşımağı öyrətməlidir. Əgər təhsil insanı yalnız müəyyən biliklərlə təmin edir, lakin onda müstəqil düşüncə və məsuliyyət hissi formalaşdırmırsa, həmin təhsilin məqsədi tam reallaşmış hesab edilə bilməz.
Bu baxımdan professorun auditoriyadakı fəaliyyəti ilə elmi əsərləri arasında da müəyyən bir vəhdət yaranır. Kitab və monoqrafiya elmi fikri geniş oxucu və mütəxəssis çevrəsinə çatdırırsa, müəllim həmin fikrin canlı ünsiyyət vasitəsilə yeni nəslə ötürülməsini təmin edir.
İctimai xadim kimi alim
Hikmət Əlizadənin fəaliyyətinin mühüm istiqamətlərindən biri də onun ictimai fəaliyyətidir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri kimi fəaliyyəti alimin elmi və pedaqoji təcrübəsinin ictimai müstəviyə çıxması baxımndan əhəmiyyətlidir.
Müasir dövrdə alim yalnız kabinetdə və ya auditoriyada qalan mütəxəssis ola bilməz. Elm və təhsil cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olduğundan alimlərin ictimai proseslərdə mövqeyi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə təhsil sahəsində çalışan alim üçün ictimai məsuliyyət daha böyükdür. Çünki təhsillə bağlı qərarlar yalnız bu günün deyil, gələcək nəsillərin də intellektual və mənəvi inkişafına təsir göstərir.
İctimai Şurada rəhbər kimi fəaliyyət göstərmək də məhz belə bir məsuliyyət tələb edir. Burada elmi biliklə yanaşı, dinləmək bacarığı, müxtəlif mövqeləri nəzərə almaq, obyektiv yanaşmaq, problemlərin mahiyyətini düzgün müəyyənləşdirmək və ictimai marağı ön plana çəkmək vacibdir.
Bu məqamda Hikmət Əlizadənin alim, pedaqoq və ictimai xadim kimi fəaliyyətləri bir nöqtədə birləşir: məsuliyyət. Alim elmi həqiqət qarşısında, müəllim tələbə qarşısında, ictimai xadim isə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Bu üç məsuliyyət bir şəxsiyyətdə birləşdikdə onun fəaliyyətinin ictimai əhəmiyyəti daha da artır.
Elmi irsin əsas dəyəri: insan
Hikmət Əlizadənin elmi-pedaqoji fəaliyyətinə ümumi nəzər saldıqda müxtəlif mövzuların və problemlərin arxasında bir əsas ideyanın dayandığını görmək mümkündür: insanı anlamaq və onun inkişafına xidmət etmək.
Pedaqogikanın mərkəzində insan dayanır. Psixologiyanın əsas tədqiqat obyekti də insandır. Təhsilin sosial mahiyyəti də nəticə etibarilə insanın cəmiyyət daxilində formalaşması ilə bağlıdır. Deməli, bu elmlərin müxtəlif istiqamətləri bir nöqtədə – şəxsiyyət anlayışında qovuşur.
Bu baxımdan Hikmət Əlizadənin elmi irsini yalnız ayrı-ayrı əsərlərin məcmusu kimi deyil, insanın təhsil və sosial mühit daxilində inkişafını anlamağa yönəlmiş elmi axtarışların bütöv sistemi kimi nəzərdən keçirmək mümkündür.
Əsərlərin müxtəlifliyi də bunu göstərir. Monoqrafiya elmi problemin dərinliklərinə getmək imkanı yaradır, dərs vəsaiti elmi bilikləri tədris prosesinə gətirir, metodik tövsiyə həmin biliklərin praktik tətbiqinə kömək edir, proqram isə təhsilin sistemli təşkilinə xidmət edir. Beləliklə, elmi fəaliyyət yalnız nəzəri nəticə ilə məhdudlaşmır; nəzəriyyədən tədrisə, tədrisdən praktikaya doğru hərəkət edir.
Elmi əməkdaşlıq və elmi mədəniyyət
Alimin yaradıcılığında həmmüəlliflik faktları da onun elmi fəaliyyətinin mühüm xüsusiyyətlərindən biridir. Elmi fikir heç vaxt tamamilə təcrid olunmuş şəkildə inkişaf etmir. Müxtəlif baxışların qarşılaşması, fikir mübadiləsi, elmi polemika və əməkdaşlıq elmin inkişafının təbii şərtləridir.
Hikmət Əlizadənin müxtəlif alim və tədqiqatçılarla birgə əsərlər hazırlaması onun elmi fəaliyyətində kollektiv düşüncə mədəniyyətinin də yer aldığını göstərir. Bu isə pedaqogika və psixologiya kimi insanı çoxşaxəli şəkildə araşdıran elmlər üçün xüsusilə əhəmiyyətlidir.
Bir insanı yalnız bir elm sahəsinin sərhədləri daxilində izah etmək çox zaman mümkün olmur. Şəxsiyyətin formalaşmasında psixoloji amillərlə yanaşı, ailə, məktəb, sosial mühit, mədəniyyət və digər amillər də rol oynayır. Bu səbəbdən elmi əməkdaşlıq yalnız metodoloji üstünlük deyil, həm də obyektin mürəkkəbliyindən doğan zərurətdir.
Bir ömrün dörd siması
Hikmət Əlizadənin həyat və fəaliyyətinə bütöv şəkildə nəzər saldıqda onun portretində dörd əsas simanın bir-birinə qovuşduğunu görürük: alim, pedaqoq, şəxsiyyət və ictimai xadim.
Alim kimi o, elmi problemlərin araşdırılmasına, pedaqogika və psixologiya sahəsində elmi düşüncənin inkişafına töhfə verib.
Pedaqoq kimi o, ömrünün böyük hissəsini müəllimliyə və universitet təhsilinə həsr edib, müxtəlif nəsillərin yetişməsində iştirak edib.
Şəxsiyyət kimi onun obrazında nüfuz, prinsipiallıq və ədalət kimi mənəvi keyfiyətlər ön plana çıxır.
İctimai xadim kimi isə elmi və pedaqoji təcrübəsini daha geniş ictimai müstəvidə təhsil məsələlərinin müzakirəsinə və həllinə yönəldir.
Bu dörd cəhəti bir-birindən ayırmaq əslində mümkün deyil. Çünki onun alimliyi pedaqoji təcrübəsindən, pedaqoqluğu şəxsiyyətindən, ictimai fəaliyyəti isə həm alimliyindən, həm də pedaqoji mövqeyindən qidalanır.
Zamanın dəyişdirdiyi təhsil, dəyişməyən müəllim missiyası
1978-ci ildən bu günə qədər təhsil dünyasında çox şey dəyişib. Cəmiyyət dəyişib, texnologiyalar dəyişib, təlim metodları dəyişib, müəllim və tələbə münasibətlərinin formaları yenilənib. Lakin müəllimlik missiyasının əsas mahiyyəti dəyişməyib: insanı biliyə, düşüncəyə və mənəvi kamilliyə istiqamətləndirmək.
Hikmət Əlizadənin peşəkar yolunun uzunluğu da bu baxımdan xüsusi məna daşıyır. O, müxtəlif dövrlərin təhsil reallıqlarını görmüş, pedaqoji fəaliyyətin dəyişən şərtləri içərisində öz elmi və peşəkar mövqeyini qoruyub saxlamışdır.
Bəlkə də müəllim şəxsiyyətinin əsas üstünlüyü elə bundadır: zamanın dəyişməsinə baxmayaraq, onun əsas dəyərləri dəyişmir. Elmə hörmət, tələbəyə münasibət, ədalət hissi, məsuliyyət və insan yetişdirmək arzusu müəllimlik missiyasının dəyişməyən sütunlarıdır.
Nəticə: Elmə xidmət edən ömür
Hikmət Əlizadənin həyat yoluna nəzər salarkən qarşıya ilk növbədə uzun və zəngin bir elmi-pedaqoji fəaliyyət mənzərəsi çıxır. 1978-ci ildə müəllimlikdən başlayan yol 1984-cü ildən Bakı Dövlət Universitetində davam edib, assistentlikdən professorluğa qədər yüksəlib, elmi yaradıcılıq və ictimai fəaliyyətlə daha da genişlənib.
Lakin bu yolu yalnız tarixlər, vəzifələr və elmi titullarla ifadə etmək onun mahiyyətini tam əks etdirməz. Çünki bu bioqrafiyanın əsas xətti vəzifə dəyişiklikləri deyil, elmə və təhsilə sədaqətin davamlılığıdır.
100-dən artıq elmi əsər, kitablar, dərs vəsaitləri, monoqrafiyalar, proqramlar və metodik tövsiyələr bir alimin elmi məhsuldarlığını göstərir. Lakin onun ən böyük əsəri, bəlkə də, yalnız kitab səhifələrində axtarılmamalıdır. Alimin əsl irsi onun yetişdirdiyi tələbələrdə, formalaşdırdığı elmi düşüncədə, təhsilə gətirdiyi baxışlarda və insanlarla münasibətində yaşamağa davam edir.
Hikmət Əlizadənin portretində alimliklə müəllimlik, müəllimliklə şəxsiyyət, şəxsiyyətlə ictimai məsuliyyət bir-birini tamamlayır. Bu vəhdət onun fəaliyyətinə bütövlük qazandırır.
Əsl alim yalnız bilik toplayan və onu yazıya çevirən insan deyil. O, biliyin məsuliyyətini daşıyır. Əsl müəllim yalnız öyrədən deyil, öyrətdiyi insanın gələcəyinə cavabdeh olan şəxsdir. Əsl ictimai xadim yalnız mövqe tutan deyil, tutduğu mövqeyin arxasında mənəvi və peşəkar məsuliyyət daşıyan insandır. Əsl şəxsiyyət isə bütün bunları bir araya gətirə bilən, elmi nüfuzunu mənəvi nüfuzla tamamlayan insandır.
Hikmət Əlizadənin ömür yolu bu mənada yalnız bir professorun, bir pedaqoqun və bir alimin bioqrafiyası deyil. Bu, elmə inamın, müəllimlik məsuliyyətinin, ədalətə sədaqətin və cəmiyyətə xidmət düşüncəsinin bir insan ömründə necə birləşə bildiyini göstərən həyat salnaməsidir. Və bəlkə də bir alim haqqında deyilə biləcək ən qiymətli söz budur: onun adı yalnız yazdığı əsərlərin üz qabığında deyil, insanların yaddaşında, yetişdirdiyi nəslin düşüncəsində və xidmət etdiyi elmin gələcəyində yaşayır.
Əziz Hikmət müəllim!
Bu gün Sizin doğum gününüzdür. 70 illik ömür yolunuza nəzər salarkən qarşımızda yalnız zəngin elmi yaradıcılıq yolu keçmiş bir pedaqoq-alimin deyil, ömrünü elmə, təhsilə və insan yetişdirməyə həsr etmiş böyük bir şəxsiyyətin obrazı canlanır.
1978-ci ildə müəllim kimi başladığınız yol bu gün də davam edir. O yolun üzərində illərin təcrübəsi, yüzlərlə tələbənin yaddaşı, elmi əsərlərinizin izi, həmkarlarınızın hörməti və Sizi tanıyan insanların etimadı var. Bu yolun ən qiymətli cəhəti isə qazandığınız adların deyil, insanlara qazandırdığınız dəyərlərin çoxluğudur.
Sizə yeni yaşınızda ilk növbədə möhkəm cansağlığı, könül rahatlığı və ailənizlə birlikdə uzun, mənalı və işıqlı ömür arzulayırıq. Arzu edirik ki, elmə xidmət etməkdən aldığınız mənəvi zövq heç zaman azalmasın, yeni ideyalarınız, tədqiqatlarınız və yaradıcılıq enerjiniz daim olsun.
Arzu edirik ki, illər Sizin üçün yalnız yaşın göstəricisi deyil, daha böyük elmi və mənəvi müdrikliyin başlanğıcı olsun. Qəlbinizdə müəllimlik həvəsi, düşüncənizdə alim axtarışı, sözünüzdə ədalət və insanlara münasibətinizdə həmişəki səmimiyyət yaşasın.
Sizə elə bir ömür arzulayırıq ki, yazılmamış əsərləriniz yazılanlardan, qarşıda duran elmi ideyalarınız geridə qalanlardan çox olsun. Çünki elm adamının ən gözəl yaşı onun hələ deməyə sözü, yazmağa fikri və yetişdirməyə insanları olduğu yaşdır.
Qoy bundan sonrakı illəriniz də elmə xidmət etdiyiniz, tələbələrinizin uğurlarından sevindiyiniz, həmkarlarınızın hörmətini hiss etdiyiniz, doğmalarınızın sevgisi ilə əhatə olunduğunuz illər olsun. Və ən böyük arzumuz budur: Sizin adınız yalnız elmi əsərlərdə deyil, yetişdirdiyiniz insanların uğurlarında, onların yaddaşında və Azərbaycan pedaqoji fikrinin gələcəyində yaşasın.
70 yaşınız mübarək olsun, Hikmət müəllim!
Qoy bundan sonrakı ömrünüz də keçdiyiniz yol qədər mənalı, yaratdığınız əsərlər qədər zəngin, şəxsiyyətiniz qədər işıqlı olsun.
“TƏXƏYYÜLÜN SƏNƏT DÜNYASI” – RƏNG, MUSİQİ VƏ YARADICILIĞIN VƏHDƏTİ 30.08.2026-cı il tarixində Türk Dünyası Rəsm Qalereyasında “Təxəyyül Art Group”un təşkilatçılığı və Azərbaycan Xalçaçıları İctimai Birliyinin dəstəyi ilə sənətin müxtəlif istiqamətlərini bir araya gətirən möhtəşəm genişmiqyaslı yaradıcılıq tədbiri keçirilib. Sənətsevərləri, rəssamları, mədəniyyət və incəsənət xadimlərini bir araya gətirən tədbir özündə rəngkarlıq, musiqi, rəqs və milli geyim sənətini birləşdirərək fərqli sənət istiqamətləri arasında yaradıcı dialoq yaradıb. Tədbir “Təxəyyül Art Group”un yaradıcılıq fəaliyyətinin, həyata keçirdiyi layihələrin və sənətə verdiyi töhfələrin təqdimatı baxımından da xüsusi əhəmiyyət daşıyıb. Sənət dünyasına açılan tədbirin açılışında Türk Dünyası Rəsm Qalereyasının direktoru Məzahir Rüstəmov, “Təxəyyül Art Group”un rəhbəri, xalçaçı-rəssam Natiq Nəcəfzadə, “Təxəyyül Art Group”un rəhbər müavini, rəssam-qrafik dizayner Vüsalə Yunusova çıxış edib, sənətin cəmiyyətdə birləşdirici rolu, yaradıcı insanların qarşılıqlı əməkdaşlığının əhəmiyyəti və Azərbaycan incəsənətinin təbliği istiqamətində həyata keçirilən layihələrin vacibliyi vurğulanıb. Tədbir çərçivəsində “Təxəyyül Art Group”un keçdiyi yaradıcılıq yolu, təşkil etdiyi sərgilər və həyata keçirdiyi layihələri əks etdirən xüsusi videoçarx nümayiş olunub. Tədbirin fəxri qonaqları sırasında Azərbaycan incəsənətinin tanınmış nümayəndələri yer alıb. Xalq rəssamı, professor Arif Əziz, Alaş mükafatı laureatı Əkbər Qoşalı, Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri professor Tarek M. Aboul Fotouh, AZMİU-nun dosenti Gülağa Ələsgərov, miniatür rəssamı Pəri Miniatür, İncəsənət Gimnaziyasının müəllimləri, rəssamlar İlqar Əkbərov, Qənirə Əsgərova, Günay Əsgərova tədbirdə çıxış edərək sənətin inkişafı, yaradıcılıq təşəbbüsləri və mədəni əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüblər. “Təxəyyülün izi” – hər fırçada bir imza kollektiv rəsmin ərsəyə gələrək tədbirin ən yaddaqalan məqamlarından biri olub. Böyük kətan üzərində keçirilən performansda fəxri qonaqlar, rəssamlar və tədbir iştirakçıları birlikdə rəsm çəkərək öz yaradıcılıq izlərini qoyublar. Performansın başlanğıcını Xalq rəssamı, professor Arif Əziz verib. Onun kətan üzərinə vurduğu ilk fırça toxunuşu sonradan digər iştirakçıların yaradıcılıq izləri ilə tamamlanaraq kollektiv sənət əsərinə çevrilib. “Təxəyyülün izi” performansı fərqli sənət düşüncələrinin bir kətan üzərində birləşməsini və sənətin insanları vahid yaradıcılıq ideyası ətrafında bir araya gətirmək gücünü nümayiş etdirib. Musiqi, rəqs və rənglərin harmoniyası tədbirin bədii proqramının rəngarəngliyi ilə də seçilib. Beynəlxalq mükafat laureatı, Xalq artisti Fidan Hacıyevanın tələbəsi, vokal ifaçısı Aynur Yunusova və Vüsalə Yunusovanın piano ifasında Azərbaycan bəstəkarı Niyazinin “Arzu” romansı səsləndirilib. Zəhra Alıyeva “Şuşanın dağları” rəqs nömrəsini təqdim edib. İncəsənət Gimnaziyasının müəllimi, rəssam Günay Əsgərova isə “Məhəbbət çırağı” musiqi nömrəsi ilə çıxış edib. Tədbirdə müasir təqdimatda milli geyim sənətinə də xüsusi yer ayrılıb. Modelyer rəssam Vüsalə Əsədovanın “Azərbaycan bayrağı” adlı geyimi milli və müasir üslubun sintezini, Azərbaycan bayrağının rənglərinin estetik ifadəsini və sənətlə modanın vəhdətini Cəmilə Əsgərova model olaraq nümayiş etdirib. Eləcə də modelyer İlahə Sadıqovanın “Bakı” və “Şuşa” adlı milli geyim nümunələri də təqdim olunub. Daha sonra qrup müavini rəssam-dizayner Vüsalə Yunusova özünün “Meksika rəqsi” adlı əsərini Məzahir Rüstəmova hədiyyə edib. Tədbirin sonunda qonaqlar sərgidə nümayiş olunan sənət əsərləri ilə tanış olub, rəssamlarla ünsiyyət qurub, əsərlər haqqında fikir mübadiləsi aparıblar. Sənətsevərlər üçün bu hissə rəssamlarla birbaşa ünsiyyət qurmaq, onların yaradıcılıq dünyası ilə yaxından tanış olmaq baxımından xüsusi maraq doğurub. Tədbir fotoqraf Nofəl Ümid və videooperator Sərvər Kamranlının xatirə olaraq yaddaqalan çəkilişkəri ilə yekunlaşıb. “Təxəyyül Art Group” yaradıcılığın yeni ünvanı “Təxəyyülün Sənət Dünyası” yalnız sərgi deyil, sərhədləri aşa bilən müxtəlif sənət sahələrinin bir platformada görüşdüyü yaradıcı bir mədəniyyət layihəsi kimi yadda qalıb. Tədbir bir daha göstərib ki, sənət yalnız kətan üzərində deyil, musiqidə, rəqsdə, geyimdə, söz və insan münasibətlərində də öz ifadəsini tapır. “Təxəyyül Art Group”un əsas məqsədi də məhz bu yaradıcılıq müxtəlifliyini bir araya gətirmək, rəssamların və digər sənət sahələrinin nümayəndələrinin əməkdaşlığı üçün yeni imkanlar yaratmaq və Azərbaycan incəsənətini daha geniş auditoriyaya təqdim etməkdir.
“Təxəyyül Art Group” — sənət, dostluq və gözəl xatirələrin bir ünvanı!