Zakir dərsi danışıb qurtardı. Sonra Cavanşir müəllimin və yoldaşlarının suallarına cavab verdi. Müəllim:
-Sağ ol, Zakir! Həmişə olduğu kimi, bu gün də dərsə hazırlıqlı gəlmisən. Əla qiymət alırsan.
Zakir özündən razı halda keçib əyləşdi. Müəllim sinfə göz gəzdirib Şəfiqəni çağırdı:
-Şəfiqə, sən gəl.
Şəfiqə ayağa qalxıb yazı taxtasına doğru addımladı. Müəllim:
-Danış görək.
Şəfiqə dərsin mövzusunu elan etdi. Cavanşir müəllim qarşısındakı qəzeti gözdən keçirməyə başladı. O, qaşlarını çatıb diqqətlə hansısa məqaləni oxuyurdu.
Cavanşir müəllimin qəribə xasiyyəti vardı. Qarşısında qəzet görən kimi gözlərini ona dikirdi. Şagirdlər müəllimin ölkədəki, xaricdəki xəbərlərə, baş verən hadisələrə aludəçiliyini bildiklərindən köşkdən təzə qəzet alıb stolun üstünə salardılar.
Şəfiqə yazı taxtasının qarşısında, Cavanşir müəllim qəzet oxumaqda idi. Dərsin mövzusu bir yana qalmışdı, Şəfiqə yoldaşlarına oradan-buradan, olub keçənlərdən, bir sözlə, ağlına nə gəldi danışırdı. Uşaqlar özlərini gülməkdən güclə saxlayırdılar.
Şəfiqə susdu. Dayanıb gözlədi. Sinifdə kimsə öskürdü, kimsə asqırdı. Cavanşir müəllim başını qaldırdı. Bir Şəfiqəyə baxdı, bir də şagirdlərə. Şagirdlər onun nə deyəcəyini, Şəfiqəyə hansı qiyməti yazacağını gözlətirdilər. Cavanşir müəllim aram-aram:
-Şəfiqə, danışdın? – deyə soruşdu.
Şəfiqə tez dilləndi:
-Bəli, müəllim, danışdım.
Cavanşir müəllim:
-Şəfiqə, – dedi.
Şəfiqə cavab verdi:
-Bəli, müəllim!
Cavanşir müəllim:
-Şəfiqə, indi də dərsi danış…
Şəfiqə dayanıb durdu. Sən demə, Cavanşir müəllim qəzetə baxsa da, fikri Şəfiqədə imiş!
Əbülfəz Qədirli neçə illərin kolxoz sədri idi. İşinin öhdəsindən yaxşı gəlirdi. Rəhbərlik etdiyi kolxoz planı da, öhdəliyi də vaxtında artıqlaması ilə yerinə yetirirdi. Odur ki, rayonda hörmətini şaxlar, kənddə sözünün üstünə söz deyən tapılmırdı.
Əbülfəz neçə gün idi ki, Kənd Təsərrüfatı Nazirliyindən cavab gözləyirdi. Məktub yazmışdı ki, kolxoza bir injiner lazımdır. Hələ ki, xəbər-ətər yox idi.
Əbülfəz telefonu götürüb nazirliyi yığdı. Zəng etdiyi məsul şəxsin telefonu məşğul idi. Dəstəyi yerinə təzəcə qoymuşdu ki, katibədən xəbər gəldi:
– Əbülfəz müəllim, sizi gözləyən var. Bakıdandır.
Əbülfəz Qədirli özünü tarazlayıb dik oturdu:
-Buyurub gəlsin.
Orta boylu cavab oğlan idi. Yayın cırhacırında kostyum geyib qalstuk taxmışdı.
Əbülfəz öz-özünə: “Mərifətli, qanacaqlı oğlana oxşayır. Bilir ki, kolxoz sədrinin yanına necə getmək lazımdır. Daha bəziləri kimi yaxası açıq qısa qol köynəkdə, cinsi şalvarda yox.
Oğlan qovluğundan bir kağız çıxarıb irəli gəldi. Əbülfəz Qədirli məktubu alıb gözdən keçirdi. Nazirin əmri idi Əbülfəz oxudu: “Maarif Səlim oğlu Nəzərli “Şərəf” kolxozuna mühəndis təyin edilsin”.
Əbülfəz qaşlarını çatdı. Başını qaldırıb Maarif Nəzərliyə baxdı. Maarif kolxoz sədrinin ona “Xoş gəldin”, deməsini, oturmaq üçün yer göstərməsini istəyirdi. Bunun əvəzində Əbülfəz Qədirli nazirliyin məktubunu geri qaytararaq:
-Ay bala, ay oğul, əziyyət çəkib gəlmisən, – dedi.
Maarif Nəzərli qulaqlarına inanmadı. Özü-özünə: “Bu kişi nə danışır?“ – dedi.
Əbülfəz Qədirli sözünə davam etdi:
-Məndə mühəndis yeri yoxdur. Mən injiner istəmişəm. Gedə bilərsən.
Maarif key-key kolxoz sədrinin üzünə baxıb özünü çölə atdı. O, kolxozda mühəndis yerinin olmamasına az qala inanmışdı. Tər onu basmışdı. Boyun-boğazının tərini silib fikrə getdi:
-Necə yəni mühəndis yeri yoxdur. İnjiner yeri ki var…
Kolxoz sədrinin sadəlövhlüyünə gülməyi tutdu. Nazirliyin məktubu əlində təzədən kolxoz sədrinin otağına girdi.
Aptekdə olanda Arizə məsləhət gördülər ki, boranı tumu onun xəstəliyinin ən yaşı dərmanı ola bilər. O, həkim yazan həbləri alıb aptekdən çıxdı.
İndi binanın həyətində əyləşmişdilər. Sakinlər öz təşəbbüsləri ilə binanın qarşısında park salmışdılar. Necə il əvvəl buralarda yır-yığış etmiş, ağaclar, güllər əkmişdilər. Bir neçə “Besedka” da düzəltmişdilər. Rayon bələdiyyəsinə müraciət etmişdilər. Onlar da dəstək durub abadlıq işləri görmüş, uşaqlar üçün yellənçək də quraşdırmışdılar. Əlqərəz, daş-kəsəkli yer dönüb olmuşdu park. Parka asfalt da döşənmişdi. Qonşu binaların sakinləri də gəlib bu parkda gəzişir, dincəlir, təmiz hava alırdılar.
Əyləşib söhbət edirdilər. Əlibala da gəlib onlara qoşuldu. Əlibala qonşu idi. Anası, bacısı ilə bu binada yaşayırdı. Elmlər Akademiyasının yaxınlığındakı binaların birində atadanqalma bir mənzilləri vardı. Bina plana düşdüyündən, sökülüb yenidən tikiləndən sonra təzə tikilidə mənzil almış, oraya köçmüşdülər. Buradakı mənzili isə kirayəyə vermişdilər. Əlibala arada yolunu buradan salır, qonşularla qaynayıb-qarışır, parkda oturub söhbət edir, çay içirdi. Ay tamam olanda da gəlib kirayə haqqını alırdı.
Əlibala qonşularla salamlaşıb hal-əhval tutdu. Ariz fikir verib gördü ki, o, boranı tumu çırtlayır. Tez üzünü ona tutdu:
-Əli, boranı tumunu haradan alırsan?
Əlibala elə bildi ki, Ariz ona söz atır, sataşır, burada, onların yanında tum çırtlamasını ona irad tutur. Odur ki, əlini saxladı. Çırtlamadı.
Əlibalanın dinmədiyini görən Ariz bir də dilləndi:
-Əli, deyəsən eşitmədin.
Əlibala pərt olmuşdu. qonşuların yanında Arizin onu dolaması kefinə soğan doğramışdı. Ağzını doldurmuşdu ki, onun cavabını versin, Ariz onu qabaqladı. Ciddi:
-Boranı tumu mənə də lazımdır. Aptekçi məsləhət gördü. Xəstəliyimə görə. Bayaq bir yerdə gördüm, nə isə xoşuma gəlmədi. Yaxşı qovurulmamışdı.
Arizin həqiqətən boranı tumu lazım olduğunu, onu doğrudan dolamadığını başa düşən Əlibalanın eyni açıldı:
-Bizim qonşuluqda, anam-bacım olsun, bir qadın var. Ondan alıram.
Ariz:
-Pul versəm, mənimçin də alarsan? – deyə xəbər aldı.
Əlibalanın dayanıb baxdığını görüb:
-Qulluq olmasın. Xahişdir.
Əlibala:
-Alaram, niyə almıram?! – dedi.
Arız çıxarıb ona 10 manat pul verdi:
-Elə 10 manatlıq olsun.
Əlibala pulu alıb:
-Problem yoxdur, – dedi. -Sabah çatdıraram
Bir müddət keçdi. Ariz Əlibalanın aldığı boranı tumunu çırtlayıb qurtarmışdı. Gözləri yolda idi ki, bir də gördü, budur, Əlibala gəlir. Elə həyətdəcə onun qabağını kəsdi. Əl verib səmimi görüşdü:
-Ay qardaş, harada qalmısan? Boranı tumum qurtarıb, qalmışam belə: baxa-baxa. Allah köməyin olsun, mənim də köməyimə çatır.
Ariz 50 manatlığı ona uzatdı:
-Al bu pulu, yenə qardaşın üçün 10 manatlıq boranı tumu al. Bax, yenə deyirəm. Buyruq deyil ha. Dost xahişidir.
-Yox, gözləyə bilmərəm. Tələsirəm. Eybi yox, alaram, gətirəndə pulunu verərsən, – deyib yola düzəldi.
Ariz əlində 50 manatlıq baxa-baxa qaldı.
İki gün sonra Əlibala göründü. Ariz incik:
-Məni tumsuz qoydun. Xırdan olmadı, pul xırdalamağımı da gözləmədin.
Əlibala heç nə olmayıbmış kimi:
-Eybi yox, pulunu ver, alıb uzağı sabah çatdıraram sənə.
Ariz nə vaxtdan ayırıb pencəyinin döş cibinə qoyduğu şax onluğu ona uzatdı.
Əlibala pulu alıb əlini plaşının yan cibinə atdı. Çıxarıb boranı olan bükülünü ona verdi, sonra dönüb getdi.
Ariz onun dalınca baxa-baxa: “Mən bu Əlibalanı sadəlövh, bir az avamtəhər, tez inanan bir adam kimi tanıyırdım, – dedi. -O səfər əslində cibimdə xırda pul, onluq da vardı. Fikirləşdim ki, görüm Əlibalanı hərifləyə bilərəm. Demə, bu dostum qazdan ayıq imiş. Pulunu almamış boranı tumunu mənə vermədi. Alaram adı ilə pulu alıb, sonra verdi tumu. Gör ha. Fikirləşib ki, birdən tumu mənə verər, pulunu ala bilməz. Bu da ona sərf eləmir axı. Oyunun olsun, Əlibala, sən demə, sən məndən də tədbirli imişsən. Afərin sənə”.
Osman “Bravo” marketdə alış-veriş edirdi. Alış-veriş deyəndə aldığı çox şey də deyildi: dondurma idi, şəkər tozu, bir də şüşə qabda “Sirab” mineral su.
“Sirab”ın gözəgəlimli şüşəsi vardı. İçərisindəki su olardı 250-300 qram. Amma qiyməti kəllə çarxa çıxırdı: 1 manat 60 qəpik. Bu qiymətə də su olar? Sonra deyirlər benzinin qiymətini qaldırırlar. Bu bir damcı suya verilən pula iki litr benzin almaq olardı. Deməli, əslində su yox, onun şüşəsini satırdılar o qiymətə. Suyu içib sonra şüşəsini qolun getdikcə atacaqdın çölə-bayıra, zibil yeşiyinə.
Evə qonaq gələcəkdi. Ona görə Osman abırlı bazarlıq edirdi ki, qonağını yaxşı qarşılasın. İki şüşə “Sirab” suyuna 3 manat 20 qəpik ödəməli idi.
Kassanı boş görüb yaxınlaşdı. Götürdüklərini çıxarıb kassirə göstərmək istəyirdi ki, bir nəfər qadın Osmanı itələyib özünü piştaxtaya çatdırdı:
-Növbə mənimdir, ay qardaş…
Osman üzrxahlıq elədi:
-Bağışla, ay xanım. Kassanı boş görüb yaxınlaşdım, mən nə bilim növbə sizindir.
– Piştaxtanın üstündəki ərzaqları görmürsünüz. Mənimdir. Dedim iki dənə də limon götürüm… Mən ayrılmışam, siz yaxınlaşmısınız. İndi dünya qəribə olub. Hamı dəyişib. Fürsətdən istifadə edir…
Osman qalmışdı mat-məəttəl.
-Ay xanım, ay bacı. İndi dünya dağılmadı ki. Dediniz, mən də çəkildim. Aldıqlarınızın pulunu ödəyib sakitcə gedin.
-Yox bir. Gedəndə sizdən icazə alacaqdım.
Qadın dil boğaza qoymurdu. Osman hiss elədi ki, da artıq əsəbiləşir:
-Ovcumun içini iyləmişdim ki, növbə sizindir.
Kassir əvvəlcə limonları götürdü:
-Xanım, bunları çəkdirməmisiniz?
-Çəkdirmək niyə? Biri neçiyədir? 30 qəpiyə, 40 qəpiyə?
-Xeyr, limon bizdə çəki ilədir. Xahiş edirəm, aparıb çəkdirin, mən bilim ki dəyəri nə qədər olacaq. Kassaya vurmalıyam.
Qadın deyinə-deyinə uzaqlaşdı. O, gedib-gəlincə kassir Osmanın götürdüklərini hesablayıb pulunu aldı. Osman yola düzəldi. Gedə-gedə ucadan səsləndi:
– Kiminsə deməyi ilə, deyinməyi ilə deyil ha. Bu dünyanın işini bilmək olmaz. Allah düzəltsin adamın işini. Çox danışdı, çox deyindi. Mən sakitcə dayandım, amma axırda növbədə ondan əvvələ düşdüm.
Rüfət Buzovnada dostları ilə yeyib-içib, indi dayanmışdı Zuğulba yarımstansiyası ilə üzbəüz avtobus dayanacağında. 171 nömrəli avtobusu gözləyirdi.
Əzizağa dostlarını Buzovnadakı bağına qonaq çağırmışdı. Gəlib kabab çəkmiş, həyətin mer-meyvəsindən dərib yemiş, doyunca spirtli içki içmişdilər.
Rüfətin qəribə xasiyyəti vardı. Arağı pivə ilə qarışdırıb içərdi. Dostları hay deyirdilər belə eləmə. Ya araq iç, ya pivə. İkisinin sərxoşluğa yaman olur. Əvvəl, yəni içəndə bilmirsən, sonra səni götürür, gəl görəsən. Kimə deyirsən? Rüfət bu xasiyyətindən əl götürmürdü.
Əzizağa yaxşı süfrə açmışdı. Əvvəlcə samovar çayı gətirildi. Cürbəcür bahalı şokolad və karamellər, çərəzlər, mürəbbələr, limon süfrəni bəzəyirdi. Kəklikotulu, mixəkli, zəfəranlı, nanəli çayniklər düzülmüşdü stol boyu. Xalis, təbii Astara çayından dəmlənmiş çay da vardı.
Manqal tüstülənməkdə, kabablar bişməkdə idi. Lülə, tikə kababından savayı, nərə balığından tikələr də şişlərə keçirilib düzülmüşdi manqalın üstünə. Əlqərəz yaxşı bir qonaqlıq alınmışdı. Bahalı araqlar, viski, çaxır, pivə…Hansından istəyirsən iç…
Məclis sona yetəndə ayıq sürücü çağırdılar. Toğrul, Tural, Tofiq qalxdılar. Rüfət yerindən tərpənmədi. Gözü içkilərdə qalmışdı.
-Siz gedin, mən özüm gələcəyəm, – deyə əlini yellədi. Bildirdi ki, onun hələ getmək fikri yoxdur. Əzizağa ilə söhbətləri var.
Dostlar çıxıb getdilər. Rüfət qədəhini araqla doldurub Əzizağaya:
-Sağ ol, brat, sənin, ailənin sağlığına, – deyib arağı başınaa çəkdi. Pivə ilə arağın acılığını görürdü. Üstündən də bir dilim qarpız yedi.
Açığı, Əzizağa çox yorulmuşdu. Əslində istəyirdi ki, Rüfət də o birilərinə qoşulub getsin. Amma o getmədi. İndi Əzizağa oturub onun nə zaman ayağa qalxacağını gözləyirdi. Rüfət rabitəsiz danışır, gah Əzizağanı tərifləyir, gah gedən dostlarının qeybətini edirdi.
Nəhayət, Rüfət ayağa qalxdı. Ləngər vururdu. Əzizağa oğlu Muradı çağırdı:
-Əmini dayanacağa qədər apar.
Murad maşını işə saldı. Rüfət Əzizağanı qucaqlayıb öpdü. “Di, salamat qal”, – deyib maşına əyləşdi. Avtodayanacağa çatanda düşdü. Murad dedi:
-Rüfət əmi, hava istidir, maşında əyləşin, avtobus gələndə düşüb minərsiniz, – deyə təklif etsə də, Rüfət qulaq asmadı. Əksinə Murada dedi ki, gözləməsin, getsin. Murad onun təkidlərindən sonra çar-naçar evlərinə döndü.
171 nömrəli avtobus “Koroğlu” metro stansiyasına gedirdi. Rüfət orada düşüb metronun “Nərimanov” stansiyasına gedəcəkdi. İşin tərsliyindən 171 nömrəli avtobus yenicə gəlib getmişdi. Rüfət gözləməkdə idi. Bu zaman bir minik maşını qarşısında dayandı.
Ayaq üstə Rüfəti yuxu basırdı. Sürücü hara getdiyini dedi. Rüfət də tez maşına əyləşdi. Rüfət sevincək olmuşdu: “Mersedes lap yerinə düşdü. Rahat gedəcəyəm. Avtobusda basa-bas olur. Çox vaxt əyləşməyə yer tapılmır. Cavanlar da dəyişiblər. Əvvəlki yeniyetmələrə bənzəmirlər. Durub yaşlılara yer vermirlər. Eybi yox, axır onlar da yaşa dolarlar. Onda günahlarını anlayarlar”.
Mersedes tərpəndi. Rüfət içəridəkilərlə salamlaşdı. Bir nəfər arxa oturacaqda, bir nəfər də sürücünün yanında əyləşmişdi. Kondisioner işləyirdi. Rüfət başını atıb yatdı.
Az keçdi, çox keçdi. Bilmirik. Maşın mənzil başına çatmışdı. O biri iki nəfər düşüb getmişdi. Rüfəti oyatmaq problemə dönmüşdü. Oyanmaq bilmirdi ki. Spirtli içkinin iyi maşının salonunu başına götürmüşdü. Nəhayət, Rüfət özünə gəldi. Maşından düşüb ətrafa boylandı. “Bura haradır?” Heç tanış gəlmirr.
Rüfət Sürücüyə müraciətlə:
-Qardaş, harada saxlamısan bu maşını? – deyə soruşdu. -Tapa bilmirəm haradayam.
Sürücü təəccüblə ona baxdı:
-Elə bil birinci dəfədir gəlirsən. Necə yəni haradır? Həmişə harada saxlayırıq, oradır da. Taksi dayanacağıdır. O da o biri taksilər.
Rüfət boylanmaqda davam edərək xəbər aldı:
-Metro hansı tərəfdədir?
Sürücü çiyinlərini çəkdi:
-Nə metro?
Onu gülmək tutmuşdu:
-Mən biləni, buraya metro yüz il sonra da çəkilməz.
Rüfət elə bildi ki, sürücü onu dolayır, ona görə özündən çıxdı:
-Al, manatını, özüm taparam.
Sürücü manatı onun üstünə atdı:
-200-250 kilometr yol gəlmisən, bir manat verirsən?
Bu dəfə Rüfət çiyinlərini çəkdi:
-200-250 kilometr haradan çıxdı? Vur-tut 30 kilometr yol gəlmisən. Adan dolayırsan?
Sürücü qəribə müştərinin danışığına, özünü aparmasına mat-məəttəl qalmışdı:
-A kişi, sənin ağlın üstündə deyil deyəsən. Boz araqdan vurmusan doyunca, ağlın başından çıxıb. Ona görə də ağlına gələni danışırsan.
Rüfət özündən çıxdı:
-Nə qədər istəyirsən, 2 manat? Lap ağ eləmisiniz. Əvvəllər metroya gəlmək üçün 4 nəfər götürüb adambaşına 1 manat alardınız …
Sürücü ilə Rüfətin mübahisəsini görüb bir neçə sürücü də onlara yaxınlaşmışdı. Bu mübahisənin nə ilə qurtaracağını gözləyirdilər:
-Ay kişi, nə metro, metro salmısan? Sən hara gedirdin?
Rüfət anlatdı:
-Buzovnadan metronun “Koroğlu” stansiyasına…
Sürücülərdən birisi dilləndi:
-Ay kişi, bura bilirsən haradır?
Rüfət:
-Hara? – deyə soruşdu.
Dedilər:
-Kürdəmirdir.
Rütəti gətirən sürücü:
-Bəli, Kürdəmidir. Əlin cibində olsun. 15 manat verəcəksən.
Rüfət lap cin atına mindi:
-Nə Kürdəmir? Mənim Kürdəmirdə nə işim?
Sürücü:
-Necə yəni nə işim?! – dedi. -Təqsir özündədir, məndə deyil. Maşını saxladım. Soruşdun ki, hara gedirsən? Dedim Kürdəmirə. Sən də tez oturdun. Oturan kimi də yatdın. Qırx ilin yuxusuzu kimi…
Rüfət sanki yatmışdı, ayıldı. Başını yelləyərəık dedi:
-Mən metronun “Koroğlu” stansiyası bilib əyləşmişəm.
Sürücü ona məsləhər gördü:
-Bu taksilərdən Bakıya gedəni var. Nə qədər gec deyil, əyləş, səni aparsınlar.
Sürücü Bunu deyib əlini qabağa uzatdı:
-Amma əvvəlcə mənim 15 manatımı ver.
Rüfət baxa-baxa qaldı. Əzizağanın qonaqlığı ona baha başa gəlmişdi.
“LİMONKA” (hekayə) Doqquzmərtəbəli binanın qarşısında boş sahə vardı. Bina istifadəyə veriləndə sakinlərini hərəsi qarşıdakı boş ərazinin bir hissəsini tutub özü üçün bağça düzəltmişdi. Necə gəldi, kim nədən bacarırsa, kustar üsulla bağçasının ətrafına çəpər çəkib, qonşu¬sundan ayırmışdı. Təbii ki, dəmir parçasından, taxta-tuxtadan qapı da düzəltmişdilər ki, uşaqlar, heyvan bağçaya dadanmasın, onu tərg etməsinlər. Bir neçə ildə ağaclar yaşıllaşmışdı. Meyvə gətirənləri də vardı. Səfərin 15-20 metrlik rezin borusu vardı, bağ-bağçasını rahatca sulayırdı, həmin rezin boru qonşu Şahinin də dadına çatırdı. Səfərin sağ tərəfindəki bağça Asəfin idi. O da rezin borudan istifadə edə bilirdi. Amma gərək növbə gözləyəydi. Şakir isə lap növbə gözləməli olsa da, rezin boru onun bağçasına gedib çıxa bilmirdi. Çox da uzun deyildi. Odur ki, Səfərlə Şakir qərara aldılar ki, rezin borunu ikiyə bölsünlər. Asəf dayanıb baxırdı. Səfər borunu tut¬muşdu, Şakir əlində qayçı rezin borunu kəsməyə hazırlaşırdı. Bunu gərən Şahin qırğı kimi irəli şığıdı: – Nə edirsən? Qoymaram. Şakir əl saxladı: – Sənə nə? Rezin boru Səfərindir, o da etiraz etmir. Şahin dilləndi: – Rezin boru bölünsə, onda mən bağçamı sulaya bilməyəcə¬yəm. Çatmayacaq. Qoymaram. Şakir onu itələdi: – Əl çək. Mənim bağçam susuz qalmalıdır? Bu vaxta qədər sən sulamısan, bundan belə növbə mənimdir. Şakir qayçını qaldırıb borunu kəsmək istəyəndə Şahin onun əllərindən yapışdı: – Məni itələyirsən? Qonşuluqda ayıb deyil? Başının salamat qalmasını istəyirsənsə, əl saxla. Şakir də özündən çıxdı: – Ayıb sənə olsun ki, yuyulmamış qaşıq kimi özünü ortaya atmısan. Onun əlində aciz qalan Şahin Asifin də, Səfərin də dinmə¬diyini görüb: – Axmağın biri axmaq, – deyib aralanmaq istəyəndə Şakir qabağa yeriyib ona bir sillə çəkdi. Şahinin gözlərindən elə bil od töküldü. Bir anlığa dayanıb Şakirə baxdı, bir söz deməyib evə yollandı. Baş vermiş qanıqaraçılıq hər ikisinə bərk təsir etmişdi. Şənbə günü idi. Şənbə və bazar günləri Şahinin bizneslə məşğul olan oğlu atasına dəyməyə gələrdi. Elektrik mallarının qıt vaxtları idi. İş adamı Şura hökumətinin yıxıldığı vaxtlarda duyuq düşüb xeyli elektrik çayniki, ütü, soyuducu, paltaryuyan maşın, televizor və s. almışdı. Bir qismini atasıgildə saxlayırdı. İndi baha qiymətə satırdı. Kefi yaxşı idi. Şahin bu dəfə özü oğlugilə getməyə hazırlaşırdı. İstəmirdı ki, həyətdəki qanıqaraçılıqdan oğlu xəbər tutsun. Odur ki, Azərin marketinə gedib iki ədəd limon götürdü və avtobus dayanacağına sarı yollandı. Qarşısına qonşu Asəf çıxdı: – Qonşu, xoş gördük. O gün gördün də, Şakiri? Ə, bu insanlar nə pis sifət olurlar? Şahin bikef: – Siz də susub durdunuz? – Qonşu, başa düş, biz qarışa bilməzdik. Hara belə? – Muradgilə gedirəm. Asəf onun əlindəki limonlara baxa-baxa dedi: – Qonşu, bilirəm, Muradgilə niyə gedirsən. Gəl daşı tök ətəyindən. Getmə. Şahin təəccübləndi: – Burada nə var ki? Gedim həm oğlumu görüm, həm də bir az nəvələrlə oynayım. Asəf onun əlindəki limonları alıb özünü də çəkə-çəkə binanın qarşısına gətirdi: – Mən ölüm, bu gün getmə. – Niyə axı? – Bir qonşu kimi, səni istəyən adam kimi deyirəm sənə. Mənim xətrimə getmə. Şahin çar-naçar razı oldu. Asəf limonları qaytardı, onu liftə ötürdü. Şahin mənzilinə qalxdı. Asəfə də bu lazım idi. Həyətdə qabağına çıxanlara izah etməyə başladı: – O günkü əhvalatdan yəqin ki, xəbəriniz var. Şahinlə Şakir həyətdə bir-birlərini sürüyürdülər. Şakir Şahinə bir yumruq ilişdirdi. İndi Şahini güclə evinə qaytardım. Əlində iki dənə “limonka” vardı. Şakirin evini partlatmağa gedirdi. Ətrafdakılar dilləndilər: – Elə bu çatmırdı. Bu xəbər dərhal evləri, mənzilləri dolaşdı: “Şakir Şahinə bir yumruq vurub. Şahin də möhkəmcə hirslənib. Haradansa iki dənə “limonka” tapıb ki, Şakirin evini partlatsın. Şakirin yaşadığı mənzil birinci blokda idi. Xəbər polisə də çatdı. Blokun mahafizəsi təşkil olundu. Elə həyətdəcə Şahin sorğu-suala tutuldu. Cinayət tərkibli əməl tapılmadığından fikir vermədilər. Başa düşdülər ki, bu, bir zarafatmış. Şakir Asəfi tapıb ona ağzından çıxanı dedi: – Bu nə işdir başıma gətirirsən? Evdə Muradın ayın-oyunları, satlıq malları var. Yaxşı ki, gəlib evi axtarmadılar. Onu ilişdirərdilər. Mən də el içində biabır olardım. Limona “limonka” deyib, aləmi vurmusan bir-birinə. Asəf nəsə demək istədı, Şahin imkan vermədi. Başladı dil-ağız eləməyə. Yalvarıcı tərzdə xahiş etdi: – Sən Allah soruşan, maraqlanan olsa, sözün düzünü de. De ki, zarafat etmisən. De ki, limon idi, “limonka” yox. Lənkəran limonu, Astara limonu, lap elə Türkiyə limonu idi. Çayla içilən limon. Təki “limonka” olmasın. Yaxşı? Asəf başı ilə razılığını verdi. Bu əhvalatı kimisi zarafat kimi başa düşdü, bəziləri isə ciddi qəbul etdi. Bir neçə il keçdi. Bir gün Asəf həyətdə gəzişirdi. Bir də onda eşitdi ki, söhbət “limonka” əhvalatından düşüb. Cəfərağa yanındakıları “limonka”nın varlığına inandırmaq istəyirdi: – Ay millət, inanırsınız, bu dinc, sakit həyətimizə qan düşəcəkdi, böyük bədbəxtlik baş verəcəkdi. Şahini deyirəm. Əlindəki qumbaranı gözlərimlə gördüm. Fikirləşdim əlindən xəta çıxar. Tez qumbaraları əlindən aldım. Kimsə onun bu hərəkətini təqdir etdi: – Allah köməyində dursun, xeyirxah iş görmüsən. Birisi öləcəkdi, o birini də tutub aparıb damlayacaqdılar. Asəf Cəfərağaya yaxınlaşıb: – Qumbaraları əlindən sən aldın? – deyə soruşdu. – Doğrudan sən aldın? Cəfərağa dedi: – Başın üçün. Asəf başqa sual verdi: – Gördüklərin həqiqətən qumbaralar idi? Ətrafdakılar maraq dolu baxışlarını Cəfərağanın sifətinə dikmişdilər. Onun nə deyəcəyini gözləyirdilər. Cəfərağa özünə inamlı: – Əlbəttə, – dedi. –Elə şey olar? Mən boyda kişi yalan-palan deyəcəyəm?! Asəf əl çəkmək fikrində deyildi: – Qonşu, bəlkə qumbara yox, “limonka” idi? Cəfərağa inamsız olduğundan geri çəkildi: – Hə, deyəsən “limonka” idi. Asəf hücumu davam etdirdi: – Bəlkə heç “limonka” deyilmiş, limon idi. Çayla içilən. İki ədəd limon. Lənkəran limonu?! Azərin marketindən ev üçün alınmış limonlar idi, hə? Cəfərağa Asəfin qələbə çalması ilə razılaşmayaraq etirazını bildirdi: – Yox, nə danışırsan, qumbara idi, nə “limonka”, nə limon?! Asəf soruşdu: – Özün gördün? – Gördün nədir?! Əlindən alıb təhlükəni sovuşdurdum. Onun bu sözlərindən yararlanan Asəf zərbəni düz hədəfə vurdu: – Bəs neylədin o qumbaraları? Sual cavabsız qaldı. Cəfərağa duruxdu, çaşıb qaldı. Doğrudan da, əgər qumbaraları Şahinin əlindən almağa nail olmuşdusa, bəs onları neyləmişdi, hara qoymuşdu, kimə vermişdi? Həmin əhvalatdan daha beş il keçdi. Asəf həyətdə gəzişirdi. Bir də gördü ki, Şahin ona sarı gəlir. Özü də kefi sazdır. Yaxınlaşan kimi Asəfi qucaqlayıb öpdü. Asəf çiyinlərini çəkdi: “Gün hayandan doğub? Neçə illər idi ki, qonşusu burnu əyri gəzir, ona ağızucu salam verirdi. – Ay qonşu, Allah səni min budaq eləsin. Canın sağ olsun! Allah uşaqlarını saxlasın. O vaxtlar sən məni böyük bir xətadan qur¬tar¬dın. İndi oturub fikirləşirəm: “Sən “limonka”ları əlimdən alma¬say¬dın, mən onları atıb Şakirin mənzilini yerlə-yeksən edəcəkdim. Neçə mənzilə də ziyan dəyəcəkdi. Kim bilir Şakirlə birlikdə neçə adamın ölümünə bais olacaqdım. Məni də aparıb güllələyəcəkdilər. güllələməsələr də, sümüklərim həbsxanada çürüyəcəkdi. Ailəm də əzab-əziyyət çəkəcəkdi. Asəf başını qaldırıb baxdı. Onunu bir zarafat kimi uydurduğu bu əhvalata Şahinin özü də neçə illər sonra inanmışdı.
YENİ “PEDAQOGİKA” DƏRSLİYİ NƏŞR OLUNDU “Mütərcim” nəşriyyatı pedaqogika elmləri doktorları, professorlar Akif Abbasov və Hikmət Əlizadənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün yazdıqları “Pedaqogika” dərsliyini nəşr etdi (Bakı: Mütərcim, 2024, 400 səh.). Dərsliyin elmi redaktoru pedaqogika elmləri doktoru, professor Fərahim Sadıqov; rəyçiləri pedaqogika elmləri doktorları, professorlar Hümeyir Əhmədov, İntiqam Cəbrayılov və Həsən Bayramovdur. Dərslik 4 bölmə və 28 fəsildən ibarətdir. Dərslikdə pedaqogikanın ümumi məsələləri, pedaqogikanın ümumi məsələləri, məktəbin və pedaqoji fikrin inkişaf tarixi, Azərbaycanda pedaqoji fikrin inkişafı, şəxsiyyətin inkişafı və tərbiyəsi, pedaqoji prosesdə müəllim və onun vəzifələri, təhsil sistemi, təhsil qanunu, və təhsilin inkişafı strategiyası, didaktika, təlim prosesi, təhsilin məzmunu, təlimin prinsipləri, metodları və təşkili formaları, şagird nailiyyətlərinin qiymətləndirilməsi kimi məsələlər öz əksini tapmışdır. Haqqında danışılan məsələlər prof. H.Ə. Əlizadə tərəfindən işlənmişdir. Professor A.N. Abbasovun qələmə aldığı məsələlər bunlardır: tərbiyənin nəzəri məsələləri, tərbiyənin mənşəyi, mahiyyəti, məqsəd və vəzifələri, tərbiyənin prinsipləri, metodları və tərkib hissələri (mənəvi tərbiyə, əmək tərbiyəsi, fiziki tərbiyə, estetik tərbiyə, hüquq tərbiyəsi, iqtisadi tərbiyə və ekoloji tərbiyə); məktəblilərlə sinifdənxaric və məktəbdənkənar iş, məktəb, ailə və ictimaiyyətin əlbir işi, məktəbşünaslıq. Dünyada məktəb və pedaqoji fikrin inkişafı tarixinə qısa ekskursun ardınca Azərbaycan pedaqogikasının çoxəsrlik formalaşma prosesinə, ən yeni dövrdə təlim və tərbiyənin inkişaf strategiyasına, məzmun məsələlərinə, tədris texnologiyalarına diqqət yetirilir. Tədris resursu kimi çoxəsrlik ali təhsilin bakalavriat səviyyəsi üçün nəzərdə titulsa da, təhsil ixtisasları və ixtisaslaşdırmaları üzrə magistrantlar və doktorantlara, pedaqoji kadrlara, eləcə də kütləvi oxucuya gərəkli ola bilər.
“Mütərcim” nəşriyyatı Həsən Cabbarın yeni şeirlər kitabına həyat vermişdir.
Vətənimizin gözəl təbiəti, əmək adamları, dostluq və saf məhəbbət hissləri kitabda toplanmış şeirlərin əsas mövzusunu təşkil edir. Şairin şeirlərində bir kövrəklik, zəriflik hiss olunur.
Kitabın redaktoru yazıçı, tərcüməçi, pedaqogika elmləri doktoru, professor Akif Abbasovdur.
Həsən Cabbarla (Həsən Xanoğlan oğlu Cabbarovla) mən Şirvan (keçmiş Əli Bayramlı) şəhər Nəriman Nərimanov adına 2 nömrəli orta məktəbində bir sinifdə təhsil almış, 1967-ci ildə orta təhsilimizi başa vurub ali məktəblərə üz tutmuşuq. Həsən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin (hazırda ADPU), mən isə, M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsinin məzunu olaraq əmək fəaliyyətinə başlamışıq. İlk pedaqoji fəaliyyətimiz Sabirabad rayonunun Şıxsalahlı kənd otda məktəbində olmuşdur. Həsən Cabbar burada Azərbaycan dili və ədəbiyyat müəllimi, mən isə ingilis dili müəllimi kimi işləmişik. 1975-ci ildə yollarımız ayrılmış, o, həmin məktəbdə qalaraq çalışmış, mən isə, müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunduğumdan Bakıya gəlmişəm.
Dostluğumuz isə davam etmiş, hazırda da tez-tez görüşürük.
Həsən Cabbar kimdir?
Həsən Cabbar hazırda təqaüddədir. Yaxşı ədəbiyyat müəllimi, sədaqətli dost və yoldaş, şagirdlərinin sevimlisi olmuşdur. Hələ orta məktəbdə oxuyarkən bədii yaradıcılıqla məşğul olmuş, tələbəlik illərində, müəllim işlədiyi vaxtlarda yenə də qələmə sarılaraq, gözəl şerlər yazmaqda davam etmişdir. Şeirləri ilk əvvəllər Əli Bayramlı (Şirvan) şəhərində çıxan “İşıq” qəzetində, daha sonralar “Azərbaycan” jurnalında, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Azərbaycan pioneri” (hazırda “Savalan”) və b. qəzetlərdə dərc olunmuşdur. 1999-cu ildə onun “Sənə həsrət qalacağam” şeirlər kitabı “Mütərcim” nəşriyyatı tərəfindən çapdan çıxmışdır.
Mən ingilis və rus dillərindən bir sıra pyeslər (Q.Qrin “Canlılar yaşayan otaq”, “ Mar Bayciyev “Duel”, Georgi Xuqayev “Andro və Sandro”, Touşan Esenova “Ali təhsilli arvad”) tərcümə etmişəm, onların hər biri ayrıca kitab şəklində nəşr olunmuşdur. Həmin pyeslərdə şeirlər də öz əksini tapmışdır. Onları dilimizə Həsən Cabbar çevirmişdir.
Tərcüməçilik də bədii yaradıcılıqda bir istiqamətdir. Həsən Cabbar bu sahədə də qələmini sınamışdır.
O, gənclik illərində çox yazıb-yaradardı. İndi nə isə tənbəlləşib, çox az hallarda yazır.. Səmimi şeirləri var.
O zamanlar “Vətən”, “Xatirə”, “Aparma”, “Sənə həsrət qalacam”, “Qoyma məni qocalmağa”, “Babam”, Qaya” və başqa şeirləri şeirləri dilimizin əzbəri idi. Dostlar (Fəxrəddin Rəhimov, Malik Qədimov, Rafiq Rəsulov, Vaqif Qarayev) bir yerə, bir məclisə yığılanda Həsənin şeirləri səslənərdi. Rafiq Rəsulov, mərhum Malik Qədimov onun şeirlərini avazla, yüksək sənətkarlıqla deyərdilər.
Həsən Cabbar son dərəcə sakit, təvazökar, abırlı, həm də nikbin insandır. Özünü öyməyi xoşlamır, öz şeir deməz, dostları onun şeirlərini səsləndirəndə isə, sıxılır.
Abırlı, təvazökar, sadə, dostcanlı insanlara eşq olsun!!!
Həsən Cabbarın şeirləri məzmun baxımından rəngarəngdir. Vətənpərvərlik (“Vətən”, “Qız Qalası”); təbiət mənzərəsi, vəlövhələri (“Ləpələr”, “Son payız”, “Durna”, “Qış”, “Qaya”, “Yol ver, baba” və s.); valideyn-övlad münasibətləri, ata-anaya, baba-nənəyə hörmət, bağlılıq (“Babam” və s.); sevgi, məhəbbət (“Xatirə”, “Gizlət baxışlarını”, “Apardın”, “Gəlin köçəndə”, “Unudacaqsan”, “Darıxmışam”, “Gələrəm”, “Görüş yerimiz” və s.) səpgili şeirləri sevə-sevə oxunur.
Həsən Cabbar sözdən ötrü gəzmir, mənalandırmağı, yeni fikir söyləməyi bacarır. Doğmalarını sevib-əzizləməklə yanaşı, xahiş edir ki, ona qayğını bir az da artırsınlar, onu qocalmağa qoymasınlar. Şairlər kövrək olurlar axı. Oxuyuru q:
Aylar, günlər ildən getdi,
Durna köçü göldən getdi.
Cavanlığım əldən getdi,
Qoyma məni qocalmağa.
Əslində onu qocalmağa qoyan yoxdur. Şair xəyalıdır. İstəyir təkcə fiziki baxımdan deyil, eyni zamanda mənəvi cəhətdən də, ruhən də cavanlığını uzun müddət saxlasın. Ailəyə lazım olmaq üçün, bədii yaradıcılıqda uzun müddət qalmaq üçün, dostlarla, yoldaşlarla birgə gəzib-dolanmaq üçün:
Bir bulaqdım, dedim coşam,
Qoymadılar aşıb-daşam.
Bəlkə bir də cavanlaşam,
Qoyma məni qocalmağa.
“Babam” şeirində çox gözəl bənzətmə ilə rastlaşırıq. Artıq müəyyən yaş həddinə çatmış babada yaşamaq, fəaliyyət göstərmək, sevib-sevilmək arzusu qüvvətlidir. Cavanlaşmaq istəyir, yenə də arzusundadır ki, qəşəng, alyanaq qızlar oğrun-oğrun onun ardınca boylansınlar. İstəkdir də, nə deyəsən? Bu arzuların qanadında elə bilir ki, doğrudan da cavanlaşıb. Üzünü ağbirçək həyat yoldaşına tutaraq:
Sən demə gözəllər çoxmuş hər yerdə,
Tələsdim, ay qarı, səni sevəndə, – deyir.
Bu misralar nikbin əhval-ruhiyyə aşılayır. Təbii ki, baba demək istəmir ki, o zaman evlənməsəydim, ay qarı, indi bu cavan, yarlı-yaraşıqlı, nazlı-qəmzəli qızlardan birini alardım. Yox, bunu nəzərdə tutmur. Bir zarafatdır da. Şair xəyal dünyasındadır.
“Xatirə” şeiri maraq doğurur. Sanki kiminsə, bəlkə də şairin cavanlıq sevgisini yada salır. Bu kim isə sevgisinə qovuşmayıb. Arada ötüb-keçən günləri yada Salı, qəhərlənir, o illərdən təsəlli alır:
Biz oynardıq, uşaq qəlbin nə dərdi,?!
Qonum-qonşu açıq-aydın görərdi.
Qızlar səni mənə “gəlin” verərdi.
Yada düşür nələr, nələr, Xatirə,
Nə şirinmiş xatirələr, Xatirə?
“Sənə həsrət qalacağam” şeiri də uğurludur. Həsrət insanlara əzab verir, sevgililər bir-birindən aralı düşür. Həmişə olduğu kimi, hərə öz iş-gücündədir. Həyat davam edir. İşə gedən – işə, dərsə gedən – dərsə gedir. Yenə günəş doğur, həm də batır, yenə göy üzünü ulduzlar bəzəyir, yenə ulduz axır, sevənlər çoxalır, dünya daha da gözəlləşir. Fəqət birisinin işləri, necə deyərlər, düz gətirmir, sevgisi cavabsız qalıb. Şeirdəki kimi:
Yenə günəş doğacaq,
Yenə ulduz axacaq.
Bu dünyada mən ancaq
Sənə həsrət qalacam.
Sevənlər çoxalacaq,
Sevəcək, ucalacaq.
Dünya gözəl olacaq.
Sənə həsrət qalacam.
Həsən Cabbarın uğurlu şeirlərindən biri də “Vətən” adlanır. Şair Vətəni özünəməxsus tərzə səciyyələndirir.
Dağlarında bulaq olsam,
Ağacında yarpaq olsam,
Bir nəğməli dodaq olsam,
Mən – Vətənəm!
Biz Həsən Cabbarın “Qaya” adlanan şeirlər kitabını yüksək dəyərləndirir, ona uğurlar diləyirik. Arzumuz budur ki, bədii yaradıcılıqdan qalmasın. Tez-tez oxucuları ilə görüşsün.
Hünər sahibinin olan yoldaşı, Çatar məqsədinə hər addım başı. “Kəlilə və Dimnə”dən
Rasimlə Emilin Moskvada – Çerkizov bazarında alverləri yaxşı gedirdi. Gətirdikləri malları xırıd eləmişdilər, amma hələ satılmalı xeyli mal vardı. Onlar rayonun Həsənbəyli kəndində yaşayırdılar. Emilin qardaşının toyu olmalı idi. Odur ki, Emil yoldaşlarından əvvəl Saatlıya qayıtmalıydı. Emilin xeyli yükü vardı. Toy bazarlığı, gəlinə, bəyə pal-paltar, gəlinlik paltarı, ayaqqabılar, kostyum, cürbəcür konfetlər… Aldığı şeylərin bir qismini Rasimin boynuna qoymuşdu ki, onları kəndə o çatdırsın. Öz əli ağır idi. Həm dost, həm alver yoldaşı idilər. Bir-birlərinə ərkləri çatırdı. Gəzə-gəzə Kurs vağzalına gəldilər. Bir neçə gün əvvəldən Moskva-Bakı qatarına bilet almaq istəyirdilər. Amma bura gəlməyin xeyri yox idi. Onsuz da nə zaman müraciət edirdin «Bilet yoxdur» deyirdilər. Qabaqcadan bilet satan bir neçə kassa vardı. Növbənin nisbətən az olduğu bir kassanın qarşısında durdular. -Rasim, əzizim, məni pis vəziyyətdə qoyma. Birdən buralarda ilişib-qalarsan. Bir qardaşım var. İstəyirəm toyu urvatlı olsun. Malları vaxtında çatdırarsan. Xasiyyətini bildiyimdən belə deyirəm. Əhli-kef adamsan. Rasim özünü incik kimi göstərərək:
– Emil, birdən-ikiyə səni yarıtmamışam? – deyə soruşdu. -Başqa cür hərəkət etsəm, kənd içinə necə çıxaram?! Öyrənmisən sözün çürüyünü çıxarmağa. Dedin, qurtardı getdi. Emil arxayın olduğunu bildirmək və onun könlünü almaq üçün dedi: -Bax belə. Daha narahatçılığım ötüb keçdi… Deyirəm, növbəni görürsən də. Nə zaman gəlirsən – belədir. Görək bilet olacaq? Mən şənbə gününə alacağam. Belə yaxşıdır. Bir-iki gün sonra siz də çıxarsınız. Rasim dostluqda və yoldaşlıqda ona nə qədər bağlı olduğunu göstərmək üçün dedi: -İstəyirsən mən də səninlə gedim. Emil narahat oldu: -Əsla… Yoxsa malları Fərəclə Fəxrəddinə tapşırmaq fikrindəsən? Nəbadə! Bir gör nə qədər xeyrimiz var. Rasim onun nigarançılığını sovuşdurmaq üçün dedi: -Yaxşı. Necə istəyirsən… O, alışqanını əlində oynadırdı. Alışqana işarə ilə: -Növbəmizin çatmağına hələ var, gedim bir siqaret çəkim, – dedi. Emil üz-gözünü turşutdu: -Get, amma bu zəhrimarı tərgitmək barədə də fikirləş. Rasim ona acıq vermək üçün: -Heç ağlına belə gətirmə, – dedi və vağzal binasını tərk etdi. Rasim lap ağ eləmişdi. Qaldıqları otaqda da, qatarda da, küçədə də, bir sözlə, hər yerdə siqaret çəkirdi. Emilin siqaret iyindən xoşu gəlməsə də, dözürdü. Onun xətrinə dəymək istəmirdi. Yoldaşlıqları tuturdu. Birlikdə alver edirdilər. Gətirdikləri malı əridir, buradan aldıqları pal-paltarı, məişət əşyalarını, ayaqqabıları rayonda, kənddə baha qiymətə satırdılar. Kefləri kök idi. Rusiyət kasıb-kusubun dadına çatırdı. Bazarlar azərbaycanlılarla dolu idi. Burada qazandıqları pullarla çoxları kişi olmuşdu. Həmin pulları gətirir, Bakıda, rayonlarda, kəndlərdə şadlıq evləri, xüsusi evlər tikdirir, bahalı maşınlar alır, qohum-əqrəbaya, bacı-qardaşa əl tutur, ailələrini dolandırırdılar. Bir çoxları burada köç salmışdılar. Arvad-uşaqları da yanlarında idi. Neçə illər idi Moskvada, Rusiyətin başqa-başqa ərazilərində bizneslə məşğul idilər. Hətta aralarında bazar, şirkət sahibi olanlar vardı. Emilin xalası oğlunun gəlirinin sayı-hesabı yox idi. Gün ərzində onun ticarət qurduğu yerə maşınlarla mal daşınırdı. Özünün danışdığına görə, Moskvada möhkəm qar düşən ili səhər ertə iş yerinə gələndə görüb ki, şaxtanın təsirindən pivə şüşələrinin əksəriyyəti partlayıb. Bu fəlakətdən ona 30 min dollar ziyan dəymişdi. Lakin bu, xalaoğlunu iflasa uğratmadı. Çünki mal dövriyyəsi, alış-verişi yüksək səviyyədə idı. Rasim siqaretini çəkib qayıtdı. Emil: -Gedim mən də bir az hava alım, – deyib növbəni Rasimə təhvil verdi. Rasim onun yerini tutdu və Emilə dedi: -Ciyərim yanır, yadımdan çıxdı. Mənimçin mineral su al. Yarımlitrlik olsa, bəsdir. Emil heyrətlə soruşdu: -Sən nə qədər su içirsən? –Bayaq yarımlitrliyi boşaltdın. Belə getsə, Moskva çayını qurudarsan. Susuzluğa tabın yoxmuş. Bilsən ki, bizim içdiyimiz suların 3 milyard yaşı var? İndi bilmirəm, bundan sonra su içməzsən! Rasim təəccübünü gizlətmədi: -Doğru deyirsən? Emil and içirmiş kimi: -Özümdən uydurmuram. Kitabdan oxumuşam. dedi. Rasim inamla bildirdi: -Amma bu suların lap 3 milyard yox, 30 milyard yaşı olsa da, camaat onu içəcək, mən də içəcəyəm. Təbiət bizi belə yaradıb, sussuz yaşaya bilmərik. Emil çox şeydən xəbərdar olduğunu bildirmək üçün dedi: -Rasim, əzizim, dünyanın yetmiş faizi su ilə örtülüb, fəqət suyun yalnız və yalnız bir faizi icmək üçün yararlıdır. -Emil nəfəsini dərib, – Ona görə suyu tərg eləmə, qənaətlə iç, -deyə dostuna məsləhət gördü. – O biri adamlara çatmaz. Rasim əlimi gicgahına apardı: -Nəzərə alarıq. Emil söhbətinə davam etdi: -Bəs sənin xəbərin var ki, qurbağa suda-quruda yaşaya-yaşaya ömrü boyu su içmir? Emil cavabında dedi: -Qurbağanı bilmirəm, amma deyirlər susuzluğa dözməkdə dəvənin tayı-bərabəri yoxdur. Rasim tez dilləndi: -Amma, Emil, siçan dəvədən daha çox susuz qala bilir. Bunlar öz yerində, mənim nə qurbağa, nə dəvə nə də siçan olmaq fikrim var, nə də onlarla yarışa girmək istəyirəm. Su gətirmirsənsə, beş dəqiqə burada dayan, mən özüm bu məsələni yoluna qoyum. Emil məcbur olub razılaşdı. Əlini yelləyərək: -Yaxşı, yaxşı. Gətirərəm. Getsən, bir də Allah bilir nə zaman gələrsən, – dedi. Az sonra Emil qayıtdı. Rasim şüşənin qapağını açıb suyu başına çəkdi. O, suyu içə-içə ətrafı gözdən keçirir, hansısa təsadüfə bel bağlayırdı. Zənni heç zaman onu aldatmamışdı. İndi də ürəyinə dammışdı. Kimsə onlara kömək əlini uzadacaqdı. İkinci mərtəbədən pilləkənlərlə bir qız düşürdü. O, Rasimin diqqətini cəlb etdi. Uzun qıçlı, yaraşıqlı bir qız idi. Donunun ətəkləri topuğunu döyəcləyirdi. Qaraçı, yaxud da hindli idi. Geyimi qəribə və alabəzək idi. Dünya gözəli olmasa da, dünyanı gözəlləşdirə biləcək bir yaranış idi. Rasim bir də onda ayıldı ki, ağzı açıla qalıb. Rasim onu gözdən qoymadı. Ağ bənizli bu qız növbəyə yaxınlaşdı, lakin növbəyə durmadı. Yanağında qara xalı vardı. Kassaya çatıb astaca qapısını tıqqıldatdı: -Maşa! Maşacan! Qapı açıldı və o, içəri keçdi. Kassanın pəncərəsi qarşısında xeyli adam vardı. Rasim növbədən aralanıb ağır addımlarla kassanın qapısına sarı gəldi. Qız Rasimdə maraq oyatmışdı. Bilmək istəyirdi ki, görsün o kimdir. Qapı azacıq aralı idi. Rasim sakitcə və oğrun-oğrun göz gəzdirdi. Maşa deyilən qadının qarşısında üç pasport vardı. Həmin pasportları ona xallı gözəl vermişdi. Maşa onlara baxırdı. Rasim gözdən iti idi. Pasport sahiblərinin soyadlarını, atalarının adlarını oxuyub çatdıra bilməyəcəyini başa düşüb, təkcə adlarını yadda saxlamağa çalışdı. Gördü ki, birinin pasportunda Samir, digərində Baxış, üçüncüsündə Kamil yazılıb. Rasim yerinə qayıtdı. Bu qız nə qaraçı, nə də hindistanlı idi. O, ya azərbaycanlı, ya da Qafqaz millətlərinin birinin nümayəndəsi idi. Emil hava qəbul edib gəldi. Rasimin narahat halda gəzişdiyini görüb: -Brat, nə olub? – deyə onun halını soruşdu. –Yenə özündə-sözündə deyilsən. Rasim: -Biz istəyən tarixə Bakıya bilet olmadığını bilə-bilə bayaqdan növbəyə dayanmışıq, – deyib əli ilə kassanı göstərdi. -Maşanın mərhəmətinə sığınmışıq. Emil təəccüblə ona baxdı: -Maşa kimdir? Rasimin kassir qadını nəzərdə tutduğunu başa düşüb: -Vallah, Allahın bəlasısan. İki daşın arasında adını da öyrənmisən… Rasım alnını qırışdıraraq: -Burada Maşalıq bir iş yoxdur, dedi. -Əslində ondan asılıyıq. Amma onun adını başqa adamdan öyrəndim, bizə də kömək etsə, o edəcək. Emil sevindi: -O adam kimdir? Haradadır? Emilə baxanda Rasim diribaş idi, rusca sərbəst danışırdı, utancaq deyildi, ünsiyyət yaratmağı bacarırdı. Odur ki, hərdən Emilə və başqa alver yoldaşlarına sataşaraq: -Mən olmasan, sizi bit-birə yeyər, – deyərdi. Rasim kassanın qapısını Emilə göstərərək əminliklə dedi: -Bizə çarə kassanın qapısındandır, kassanın növbəyə durduğumuz pəncərəsindən yox. Emil key-key onun üzünə baxdı: -Qapısından niyə? Biletlər kassanın gözlüyündən satılır. Rasim onun sadəlövhlüyünə gülərək: -Sənin kimi avamlar üçün, bəli, -dedi. -Mən isə bileti kassanın qapısından alacağam. Emil inanmadı: -Hünərin var kassanın qapısına yaxınlaş, gör bu camaat nə həngamə qoparar. Rasim dilləndi: -Mən niyə? Kassanın qapısına yaxınlaşan yaxınlaşacaq! Hələ ortada heç nə yox idi, Rasim asıb-kəsirdi. Xallı gözəl bəlkə Rasimi heç yaxına qoymayacaqdı. O qız Rasimin varlığından belə xəbərsiz idi. Rasim isə ona arxayın olub söz verirdi. O, yenə kassanın qapısını göstərərək arxayıncasına dedi: -Bax o qapıdan bir ceyran çıxacaq. Bizə təkcə o, kömək edə bilər. Əlbəttə, əgər istəsə. Emil soruşdu: -Tanışındır? Rasim özünü çəkdi: -Yox, amma tanış olacağam. Emildə yaranmış ümid qığılcımları söndü: -Sən həmişə nağıl danışırsan. Fərziyyələrlə iş görməyə alışmısan. -Alınmır? Emil etiraf etməyə məcbur oldu: -Doğrusu, çox vaxt istədiyinə nail olursan. Rasim sinəsini qabağa verdi: -Daha sənə na lazımdır?! –Sonra onu inandırmaq üçün dedi. -Əslində o qızla əlli faiz tanışam. Bizim tərəflərdəndir. Emil tez soruşdu: -Saatlıdandır? Rasim bir anlığa onu intizarda saxladı. Sonra ağır-ağır dilləndi: -Saatlıdan olduğunu bilmirəm, amma, məncə, Azərbaycandandır. Emil razılaşmadığını bildirdi: -Burada məntiq görmürəm. Tanımadığın adam heç sənə bilet alar? Rasim dişini ağartdı: -Toruma düşsə, alar. Emil zarafata saldı: -Sənin torun yoxdur axı. Rasim özünə inamla dedi: -O, kassirin yanından çıxana kimi toxuyacağam o toru. Bax, çıxdı. Emilin ağzı açıla qaldı: -Nə gözəl xanımdır, ay Rasim?! Maraldır ki… Rasim razılaşmadı: -Yox, Ceyrandır. Başladılar zarafata. Emil Rasimi acıqlandırmaq üçün: -Bəlkə də keçidir. Rasim tutuldu. Emilin atmacası onun xoşuna gəlməmişdi. Hətta az qala ondan inciyəcəkdi. Bir təhər sözünü ələ alıb acıqla dedi: -Bəsdir, sarsaqlama. Nahaq söz dediyinə görə Allah ağzını əyər. Bir hələ onun boy-buxununa, sinəsinə, dodaqlarına, yerişinə bax! Adam ölər onunçun. Lap parnoaktrisa Tori Blekə oxşayır. Emil birdən-birə dostunun nə üçün belə döndüyünün, o xallı gözələ görə hətta onunla ağızlaşmaqdan belə çəkinmədiyini görüb zarafata saldı: -Yox bir Sanni Leoniyə. Sanni Kanadalı olsa da, Hindistan əsillidir. Ailəsi Hindistandan Kanadaya, oradan da Amerikaya köçüb. Sanni Kanadada anadan olub. Qaraşındır. Bu xanım Sanniyə daha çox oxşayır. Bura bax, mənim biletimi al, ondan sonra öl onunçun. Rasim ah çəkdi: -Onu görəndə bilet də yadımdan çıxır, sənin qardaşının toyu da, lap elə sən özün də. Ona görə Məcnun Leylinin dərdindən baş götürüb bizim o Kürovdağa qaçıb, orada məskən salıb. Emil zarafata saldı: -Yox bir Mişovdağda. Rasim ciddi: -Doğru sözümdür, Emil, – dedi, -hələ mənim ağlımı bu xallı gözəl qədər başımdan alan olmayıb. Satılmalı olan mallarımız da gözümə görünmür. Emil qorxuya düşdü: “Bu zalım oğlunu burada qoyub gedirəm, birdən mayanı batırar. Malları ya oğurladar, ya da dəyərinə-dəyməzinə satar ha?!” -Rasim, daha ağ eləmə! -Narahat olma. İndi isə, məni bağışla, o xallı gözəli izləməliyəm. Yadında saxla, bizə bileti alsa, o qız alacaq. Sən burada dayanıb növbəni gözlə. Mən də qızla tanış olub, biletləri onun boynuna qoyum. Artıq üç azərbaycanlı üçün bilet sifariş verib. Rasim Emildən aralanıb qızın dalınca düşdü.