Vaxt gəldi, vədə yetişdi. Eldar hərbi xidmət yaşına çatdı. O zaman Avtomobil İstismarı Kollecində təhsil alsa da Eldar təhsilini yarımçıq dayandırıb silaha sarılmağı üstün tutdu.
Eldar bir gün hərbi geyimdə anasının qarşısında durub dedi:
-Ana, Vətən məni səsləyir. Mən də bir oğul kimi Vətənin keşiyində durmalıyam.
…… ananın gözləri doldu. Bəlkə də canından çox sevdiyi balasından ayrılacağını düşünüb kövrəldi, bəlkə də oğlunu hərbi libasda görüb qürurlandı. Onu bilmirəm.
Ananın bulud gözləri Eldarın gözündən yayınmadı:
-Ana, niyə kədərləndin? Sən daha da qürurlu olmalısan, çünki sən bu gündən əsgər anasısan. Əsgər anası məğrurluğu, əzəməti, vüqarı ilə hər kəsə örnək olmalıdır.
Eldar anasının gözlərini sildi.
Ana:
-Oğul, gözlərimin dolması kədərdən deyil, elə qürurlandığımdandır. Hər bir Vətən oğlunun borcu Vətənə layiqincə xidmət etməkdir. Mənim xeyir-duam daim səninlədir. Səngərdə məğrur dayan! Çünki, bütün xalqımız sənin kimi igidlərə güvənərək rahat yaşaya bilir. Sən də çalış bu güvəni heç bir zaman sarsıtma!
Eldar anasının xeyir-duasını aldıqdan sonra döyüş bölgəsinə yola düşdü. İlk gündən kəşfiyyat bölüyündə xidmət edən Eldar qısa zamanda əsgər yoldaşlarının, eləcə də komandir heyətinin dərin hörmətini qazandı. Çünki o verilən tapşırıqları vaxtından əvvəl yerinə yetirməklə yanaşı, cəsarəti, təpəri, səbri və təmkini ilə silahdaşlarından seçilirdi.
Komandir Sübhan Abdulrəhmanlının da Eldara xüsusi rəğbəti, inamı və güvəni vardı. Eldar hər kəsdən cılız görünsə də diribaşlığı və qorxmazlığı ilə bir çoxlarına örnək idi. Odur ki:
-Eldar sən mənim körpə balam – əsgərimsən. Vətənə layiqincə və sevərək xidmət edirsən. Mənim sənə güvənim sonsuzdu. Amma yenə də ehtiyatlı ol, özünü qabağa atma…
Eldar dilləndi:
– Komandir, mənə olan güvəninizi sarsıtmamaq üçün sizə və Vətənə layiqli bir əsgər kimi xidmətimə davam edəcəyəm, təki siz hər tapşırığa məni göndərin. İnanın ki, düşmənin içinə girsəm belə yenə də əliboş qayıtmayacağam, – deyir.
Beləcə günlər bir-birini əvəz edir.
Bir gün komandir mühüm xəbəri demək üçün əsgərlərə “düzlən!” əmri verir. Hər kəs öz sırasını tutduqdan sonra, uca səslə…
-Azərbaycan ordusunun şanlı əsgərləri, bildiyiniz kimi xain düşmən yenə də öz mənfur əməllərindən əl çəkmir. Atəşkəsi pozur, dinc əhaliyə qarşı təxribatlar törədir. Artıq gözünüz aydın, Ali Baş Komandan əks hücum əməliyyatına başlanması əmrini verdi. İgid əsgərlərim, döyüşə hazır olun! Qarabağ torpağı bizi gözləyir.
Bu xəbəri eşidən əsgərlər sevincdən atılıb-düşür, bir-birini qucaqlayırdılar. Axı onlar döyüş əmrini çoxdan gözləyirdilər. Mənfur düşməndən Xocalı faciəsinin, Ballıqaya, Ağdaban, Qaradağlı qırğınının qisasını almaq, Qarabağı düşmən tapdağından xilas etmək üçün səbirsizlənirdilər.
Nəhayət, 27 sentyabr günü dan yeri ağarar-ağarmaz ordumuz düşmən üzərinə yeridi. Müharibənin ilk günündən Eldar döyüşlərə qatıldı. Azərbaycanın igid əsgərləri xain düşməni məğlub edib, torpaqlarımızı azad etdikcə qürur hissi insana qol-qanad verirdi. Ordumuz kənd və qəsəbələri azad etdikcə, mənfur və hiyləgər düşmən silahlarını ataraq geri çəkilir, əsgərlərimiz qarşısında nə qədər aciz olduqlarını sanki yenicə dərk edirdilər.
Döyüş şiddətləndikcə ölü və yaralıların da sayı artırdı. Düşmənin itkisi isə dəfələrlə çox idi. Əsgərlərimiz xeyli sayda ağır texnikanı qənimət olaraq ələ keçirmişdi. Belə bir vəziyyətdə namərd gülləsi Eldarı yaxaladı. Silahdaşları nə qədər təkid etsə də Eldar hospitala getməkdən imtina etdi. “Əsgər yarasını torpaq sağaldar” deyib döyüşünə davam elədi. Eldar onu da dedi ki, Vətənin bizə ehtiyacı olan zaman onu kiminsə ümidinə buraxmaq olmaz, sonu ölüm olsa belə son damla qanımıza qədər qorumalıyıq. Bu yolda öldü var, döndü yoxdu! – deyib, haydı, irəli, səsini bir qədər də ucaltdı. Döyüş yoldaşları Eldar üçün narahat olsalar da, Eldarın bu hərəkəti onları qürurlandırdı.
Artıq demək olar ki, Cəbrayılın bütün ərazisi işğalçılardan təmizlənmiş, digər istiqamətlərdə də ordumuz strateji yüksəklikləri ələ keçirmişdi. Eldarın daxil olduğu dəstə isə Füzuli şəhərinə doğru irəliləməkdə idi. Amma düşmənin ən güclü müdafiə olunan səngərlərindən biri məhz həmin istiqamətdə qurulmuşdu. Qızğın döyüş gedirdi. Tankın, topun səsi qulaq batırırdı. Əsgərlərin sıraları seyrəlsə də düşmənin leşləri ayaqlar altında qalaqlanmışdı. Şəhidlərin qisasını almaq üçün hər kəs irəli atılır, sanki öldürmək, ölmək uğrunda mübarizə gedirdi. Eldar da komandiri ilə çiyin-çiyinə əzmlə vuruşur, səngərdən-səngərə atılırdı. Namərd gülləsi Eldarı yaxalamasaydı hələ neçə-neçə döyüşlərdən zəfərlə çıxacaqdı. Şəhidlərin qanını almaq, hansısa bir zirvəyə bayraq taxmaq üçün fürsət gözləyirdi. Axı həm də hərbi xidmətə yola düşəndə anasına söz vermişdi. Söz vermişdi ki, Qələbə bayrağını dalğalandırmadan geri dönməyəcək. O gün oktyabrın 6-sı günü idi. Şəhidlik şərbətini içmək Eldara həmin gün qismət oldu. Beləcə o, ruh olub göylərə çəkildi – Tanrı dərgahına sarı…
Eldar qısa və mənalı həyat yolu keçdi. Və nə yaxşı ki, bu qısa zamanda qanı ilə – qızıl hərflərlə adını tarixə yazmağı bacardı. Gələcək nəsillər üçün ibrət, örnək ola bildi Eldar.
Salam olsun, çox dəyərli oxucum! Bu kiçik yazımı dünyanı dərk eləməyə başladığım məkanı vəsf etməklə başlamaq istəyirəm ki, bu məsələnin söhbətimizə birbaşa dəxli var. 39°58″23″ şm. e. 47°03″08″ ş. u. nöqtəsi mənim üçün dünyanın mərkəzi olmaqla yanaşı, həm də dünyaya açılan bir pəncərə olub.
Elə bir pəncərə ki, elm deyiləndə ağlıma gələn iki şəxsdən biri evimdən üzü günbatana baxanda sağ qonşum Rafiq Əliyev (bu şəxsi hələ məktəbə getməzdən əvvəl anamdan eşitdiyim “dünyanın ən gənc alimi” kəlməsi ilə tanımışam), ikincisi isə sol qonşum Xudu Məmmədov (bu şəxsi isə özüm artıq məktəbə gedəndən sonra ötən əsrin səksəninci illərində buraxılmış “Azərbaycan” adlı kitabdan şəklini görüb tanımışam) olub. Ədəbiyyat kəlməsi eşidəndə “Marallarım”la dünyaya meydan oxuyan Əbdürrəhim bəy Haqverdiyevi, “Karvan yolu” ilə qəlbimə yol tapıb, “Cıdır düzü” ilə ruhuma hakim olmuş Bayram Bayramovu xatırlamamaq mümkün deyil. Musiqi, mədəniyyət və incəsənt sahəsində isə ad çəkməyə ehtiyac duymuram. Ağayana, bir az dikbaş və inadkar mərd oğullar vətəni Qarabağdadır bu məkan… Qarabağ Azərbaycandır, Azərbaycan isə bizim dünyamız. Bizlərə “Azərbaycan” adlı dünya bəxş etmiş, onu öz qələmi və şirin dili ilə dünyada tanıtmış bir dahi şəxs də var Səməd Vurğun… Azərbaycanı bizə və dünyaya tanıdan bu şəxsi bizlərə və cümlə-cahana tanıdan daha bir görkəmli şəxsiyyət, elm, ədəbiyyat fədaisi də var… O böyük insan dəyərli alimimiz, el ağsaqqalı Qurban Bayramovdur.
May ayının 30-u Qurban müəllimin ad günüdür! Bu il həm də onun 75 illik yubiley ilidir. Tam səmimi olaraq etiraf edirəm ki, 75 illiyi münasibəti ilə onun haqqında yazı yazmaq fikrim əvvəldən olmayıb. Özünə də demişdim ki, Allah qoysa, “hazırlaşım, 80-də belə bir məzmunlu yazı yazacam, Allah hər ikimizə ömür versin…” Bu məqsədlə də “Yazarlar” jurnalının may-2021 sayında (“YAZARLAR” – MAY 2021 SAYI) rəhmətlik Qələndər Xaçınçaylının düz bir il əvvəldən yazıb hazır qoyduğu yazı ilə təbrik etmişdim Qurban müəllimi.
YAZARLAR JURNALININ MAY -2021 BURAXILIŞI.
Ancaq iş elə gətirdi ki, yubiley tədbirləri çərçivəsində əvvəlcə onun nəşrə hazırladığımız “Vurğun poeziyası”, sonra isə “Lirik qəhrəman və zaman” kitablarını hərf-hərf diqqətlə oxumalı oldum. İşin gedişi ilə bağlı iki məqama diqqətinizi çəkmək istəyirəm. Əvvəllər də çox yerdə qeyd etmişəm, demişəm. İş-yazı masamın arxasına adətən sizlərin gecə dediyi, mənim isə yeni günün ilk anları kimi qəbul etdiyim vaxtda əyləşir və gün doğana qədər işləyirəm. Kitabların biri 100 səhifə, ikincisi isə 200 səhifə həcmində olmasına rəğmən, işləməyə də eyni vaxtlarda bağlamağıma baxmayaraq, hər ikisinin son sətirlərini sübh azanının sədaları altında oxuyub yekunlaşdırdım. Birinci gün birinci kitabda bunu təsadüf kimi qəbul etməyə çalışsam da, ikinci gün həcmcə iki dəfə birinci ktabdan çox olan kitab da eyni vəziyyətdə bitəndə bunun təsadüf olmadığını qəbul etdim. Söz əhli, sadiq qələm adamları bu fikrimi yəqin ki, qəbul edərlər… Bir yandan Səməd Vurğun fəğanı, bir yanda onu bizlərə anlatmağa çalışan Qurban Bayramovun diktəsi, digər yandan olduqca yaxından canlı eşidilən azan, quşların səsi, qəribə oyanış, sübh abu-havası… Bütün bunların təsirindən, bir az da soyuq sübh mehinin rolu olmuş olacaq ki, adam özü-özündən üşənir, qolunda tükləri elektriklənir, başında “vız duran” təkəm-seyrək saçlarında Lev Tolstoyun sığalını hiss edirsən… Özü şəxsən canlı-canlı deyir, yaz bala, yaz, bu adam Allah adamıdır… Allahın sevimli bəndəsidir… Yaz… Oxu…
Onu qeyd edim ki, Qurban Bayramovun hələ ötən əsrin 70-80-ci illərində kiril əlifbası ilə nəşr olunmuş, dahi Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığından bəhs edən “Vurğun poeziyası” (1976),
QURBAN BAYRAMOVUN KİTABI.
“Lirik qəhrəman və zaman” (1986)
QURBAN BAYRAMOVUN KİTABI.
kitabları yubiley tədbirləri çərçivəsində latın qrafikalı müasir Azərbaycan əlifbası ilə çap edilib. Bu kitabların elektron variantı bütün oxucular üçün əlçatandır. Bunun üçün müxtəlif axtarış sistemlərində (məsələn, bu, “Google” ola bilər) kitabların və müəllifin adını yazaraq axtarış vermək kifayətdir.
Ədəbiyyatşünas alim, tənqidçi Qurban Bayramov “Vurğun poeziyası” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb.
QURBAN BAYRAMOV N: 075 23.05.2021. – BAKI.
Sonda bu yazının ilk sözündən bura qədər yazdığım kəlmələri bir-bir yenə ruhumun süzgəcindən keçirərək bu qənatə gəlirəm ki, vallah, dost-doğru həqiqət elə bundan ibarətdir; Qarabağ Azərbaycandır, Azərbaycansa bizim dünyamız… Bu dünyanı bizlərə hərf-hərf, söz-söz anlatmağa çalışan, anlada bilmədiklərini gördükdə isə bəlkə gələcəkdə kimsə anlayar düşüncəsi ilə adını ədəbiyyat qoyub tarix yazan kişilərə Allah qəni-qəni rəhmət eləsin… Cabir Novruza rəhmət oxumadan bu yazını sonlandırmaq böyük qəbahət olardı:
Sağlığında qiymət verin insanlara, Yaxşılara sağ olanda yaxşı deyin, Sağlığında yaman deyin yamanlara…
Ruhu şad olsun böyük şairimizin…
Bütün bu sadaladıqlarımı bizə xatırladan, ilmə-ilmə ruhumuza hopduran Qurban müəllim, ad gününüz mübarək olsun! Bu yazını, başda Rəşad Məcid olmaqla, qələmli və qələmsiz yazan bütün yazarlarımızın adından yazmağı özümə borc bildim. Bilirəm ki, hamısı Sizi çox sevir… Bu şad gününüzə sevinir… 80 illikdə də yazmağı söz vermişəm, o, öz yerində…
Allah Sizə uzun və sağlıqlı bir ömür nəsib etsin, Qurban müəllim! Yazın, yaradın, biz də oxuyub öyrənək…
Oslo Azərbaycan Evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təşkilatçılığı ilə Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbi nin nümunəvi şagirdi Altay Baqeridən Azərbaycana məktub var. Məktubu və fotonu olduğu kimi sizlərə təqdim edirik. Bayramınız mübarək, soydaşlar! Dünyanının harasında yaşayırıqsa, yaşayaq hamımızın bir Vətəni var! Azərbaycan!
And olsun doqquz iqlimli torpağa, Araz boyu ayrılığa, Kür selinə, Savalandan Şahdağa əl eyləyən mübarizlər elinə, dünya boyda əsarətdə Əlincə böyüklükdə azadlığa!Bu Vətən cənnətin öz bənzərində… Bir daşına dünya dəyməz, Qiymətini yadlar bilməz!
And olsun Şərqdə ilk Demokratik Respublika quran Xalqın böyüklüyünə, ruhumuzu dirçəldən, tarix səsli himnə, Cümhuriyyət əsgərinin əbədi millət qeyrətinə, ilk şəhadətinə! Milli ruhun odu sönməz, Bir kərə yüksələn bayraq, bir daha enməz!
And olsun Gəlin qayasına, Xocalıdan ərşə qalxan ah- naləyə, üzərində donmuş uşaq, qırmızı- bəyaz qara, qara rəngə, baş əyməyən, satılmayan, tikə- tikə doğrandıqca bütövləşən, qızıl rəngli qiymətləşən, damcı – damcı göyə düşən sahibsiz kölgələrə, naməlum qəhrəmanlara! Bu xalq torpaq verməz,Şəhidlər ölməz, Vətən bölünməz!
And olsun zabit yoldaşlarını qoruyan, düşmənin polkovnik, generalını boğan əsgərin əllərinə, yenə yoldaşlarından ötrü cismini qumbara üstə, ruhunu göylərə atan əsgərin üç rəngli əzəmətinə, iki yüzü yox edən birin öz- özünə heyrətinə, el- obaya özü təskinlik verən şəhid atasının yerdən- göyə qeyrətinə, vətən- oğul sevgisinə- iki aləmə bəyaz saçdan körpü salmış şəhid anasının gözlərində hər damlası vətən boyda, ümman- ümman qüruruna! Səkkizguşəli ulduzlar heç zaman sönməz, Şəhid ruhlu bayrağımız, ləkə götürməz!
Abbasqulu ağa Bakıxanov Azərbaycan ədəbiyyatında, ümumiyyətlə söz sənəti və ictimai fikir tarixində özünəməxsus yeri olan dahi şəxslərdən biridir. Uşaq və yeniyetmələrin onun “Nəsihətlər” və ya “Nəsihətnamə” adlanan kiçik həcmli kitabını oxumasında böyük fayda var. Ruhu şad olsun, millətinin gələcəyini düşünən ziyadar bir yazar olub…
QISA ARAYIŞ:
Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtı ilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub. 1819-cu ildə Abbasqulu ağa general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub. Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir. Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini “Təhzibül-əxlaq” əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib. Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş “Gülüstani-İrəm” əsəridir. Bu əsərlə o eyni zamanda Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” faktlarla olduqca zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, “Avesta”dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, Rus alimlərinin əsərlərindən istifadə etmişdir. Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilir, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar yer alır. “Gülüstani-İrəm” əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakülərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, “Gülüstan” adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edir. Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Qüdsi təxəllüsü ilə şeirlər yazıb. Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub. Allah rəhmət eləsin… Amin…