Zaur Ustacın uşaqlar üçün “Uşaq Boğçası” adlı yeni ktabı işiq üzü görüb. Kitab maraqlı tərtibatı, mövzu əhəmiyyətliliyi baxımından müasir tələbləri tam ödəyir. Rəyçiləri; AR Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, Akif Nurağa oğlu Abbasov və Pedaqogika üzrə elmlər doktoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kamal Həsən oğlu Camalov, Ön sözün müəllifi və redaktor: yazıçı-jurnalist, tədqiqatçı, Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvü Ayətxan Ziyad (İsgəndərov) olan Kitab məktəbə hazırlaşan kiçik yaşlı uşaqlar, məktəbəhazırlıq qrupları və birinci sinif şagirdləri üçün nəzərdə tutulub. Oxumağı bacaran uşaqlar müstəqil, digər yaş qrupundan olanlar isə öyrədənlərin köməyi ilə bəhrələnə bilər.
Kitabdan faydalanmaq istəyənlər bu ling-keçiddən istifadə edə bilərlər:
Görkəmli mütəfəkkir-pedaqoq Mirzə Əbdürrəhim Talıbov yazır ki: Mənşə, rəng, cins və digər mənsubiyyətlərdən asılı olmayaraq, hər xalqın, hər millətin elə oğul və qızları olmuşdur ki, öz təfəkkür, bilik və ilham mənbələrindən qidalanaraq, əbədiyyətə qovuşan əsərlər yaradıb, ümumbəşər xəzinəsinə vermişlər. Bunlara alimlər, mütəfəkkirlər və sənətkarlar ordusu deyərlər. Bütün bəşəriyyətin borcu budur ki, bunların bizə bəxş etdiyi abidələri və əbədi mirası həvəslə öyrənib, hər kəs öz gücü və qavraya bildiyi qədər onlardan pay götürsün. Bu elm və ədəb xəzinəsindən payı çox olanın səadəti də çox olar. Bəli, belə əbədiyyətə qovuşan və ümumbəşər xəzinəsinə çevrilən əsərlərdən biri də pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Akif Nurağa oğlu Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyidir (Bakı: Mütərcim, 2010, 320 səh.). Əminliklə deyə bilərik ki, Nizaminin, Sədi Şirazinin, Marağalı Əvhədinin, Nəsirəddin Tusinin və digərlərinin əsərləri ilə çağdaş dövrümüz arasında neçə yüzilliklər varsa, Akif Abbasovun müdrik fikirlər, hekayələr, sual və tapşırıqlarla zənginləşdirdiyi “Milli əxlaq və ailə etikası” adlı dərsliyi də gələcək yüzillikər içərisində həmişə vərəqlənəcək, əldən-ələ keçəcək əsərlərdən olacaqdır.
Çağdaş dövrümüzün ən iqtidarlı alimi, görkəmli pedaqoq və yazıçılarından olan Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyi dörd bölmədən (fəsildən) ibarətdir. “Milli əxlaq və ailə etikasının ümumi məsələləri” adlı I bölmədə Akif müəllim əxlaqın yaranması və inkişafından, Azərbaycan şifahı xalq ədəbiyyatındakı milli-mənəvi dəyərlərdən, “Avesta”da, islam dinində və “Kitabi-Dədə Qorqud” dastanında əxlaqi təlimin mahiyyətindən, həmçinin Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, Şah İsmayıl Xətayinin, Məhəmməd Füzulinin, Azərbaycan maarifçilərinin yaradıcılığındakı ailə münasibəti məsələlərinin incə və həssas məqamlarından söz açmış, tədqiq-təhlil süzgəcindən keçirmişdir. Müqəddəs kitablardakı tərbiyəedici imkanlardan, həmçinin Zərdüşt peyğəmbər (ə), Məhəmməd Peyğəmbər (ə), Həzrəti Əli (ə), övliya bildiklərimiz Abdullah bin Mübarək, Əbdül Qadir Gilani, Əbu Səid Xərraz, Cüneyd Bağdad, Sirri Sədəqi və başqa bu kimi böyük zatlardan bəhs edən professor ailə münasibətlərində mənəvi xarakter(lər) müəyyənləşdirmişdir.
Bu bir faktdır ki, əsrlər keçmiş, bəşəriyyət tarixində köklü dəyişikliklər, yeni dəyişikliklər olmuşdur. Ancaq Akif Abbasovun sözləri ilə desək əxlaq nə qədər inkişaf etmiş olsa da, forma və məzmun dəyişsə də yenə də ötən əsrlərdə ailə haqqında deyilən tərbiyəvi fikirlərin dəyəri heç də azalmamışdır. Bu gün də ailəyə bağlılıq, qadının sədaqəti, kişi qeyrəti, qadın isməti, ailənin şərəfini qorumaq və s. milli dəyərlər arasında xüsusi yer tutur. Xalq pedaqogikasına geniş yer ayıran Akif Abbasov bu kimi ibrətamiz misallar gətirir: “Arvadın isməti-ərin izzəti”, “Varını itirən az şey itirər, namusunu itirən çox şey”, “Ailə xoşbəxtliyin açarıdır”, “Ağıllı gəlinin ailədə üzü ağ olar”, “Ağıllı gəlin ər evində həm yarıyar, həm qarıyar”, “Ailədə yanılmaq yamanlıq gətirər”, “Ailnin üzüağlığı namusdur”, “Ailəyə xor baxan aləmə də xor baxar”, “Ailənin sirri, sözü ailədə qalar”, “Arvadı tənbəl olan kişinin işi əngəl olar” və s. Professor haqlı olaraq qeyd edir ki, xalq təfəkkürünün ən gözəl, bariz nümunələrinin toplandığı folklor insanları mənəvi baxımdan saflaşdırır, bir şəxsiyyət kimi kamilləşdirir, yetkinləşdirir. Belə nümunələr ailə və məktəb uşaqlarının, yeniyetmə və gənclərin tərbiyəsində istifadə olunmalıdır.
Professor Akif Abbasov “Avesta” və islam dinindəki ailəyə ciddi münasibətlərin formalaşdırılması məsələlərini də xüsusi diqqət mərkəzində saxlamışdır. Hər iki əsərdən nümunələr gətirərək göstərir ki, ailə tərbiyəsi prosesində bihudə yerə tələbkarlığı azaltmaq, ehtiyac duyulmadan tərbiyə olunana acıyaraq rəhmdillik, yersiz mərhəmət göstərmək, güzəştə getmək, sərt tədbir görmək lazım gəldiyi halda bağışlamaq uşağın əxlaqını pozar, onu ərköyün, sözeşitməz edər.
Görkəmli alim, professor Akif Abbasov “Kitabi-Dədə Qorqud”da ailə tərbiyəsi nümunələrini də ətraflı və maraqlı şəkildə tədqiq-təhlil süzgəcindən keçirmişdir. Belə ki, Oğuzlarda övlada valideyn məhəbbətini; oğlan və qızlara ad qoyma mərasiminin necə və hansı şəkildə təşkil olunmasını; qadına münasibəti; ailə şərəfini; ömür-gün yoldaşlarını necə seçmələrini; ailədə uşaqlar arasında qarşılıqlı münasibətlərin necə tənzimlənməsini; ailələrdə uşağa(lara) tələbatın həllinin necə tapmasını təsvir etmişdir. Müəllif yazır ki, Oğuzlarda ailənin şərəfini qorumaq ailənin bütün üzvlərinin müqəddəs borcu, vəzifəsi hesab edilmişdir. Bu gün də türk dünyasında, Azərbaycan xalqında bu hiss son dərəcə güclüdür. Ailənin namusunun, qız-gəlinin ismətinin qorunması üçün cavanlarımız, ailənin başçıları, qadınlarımız tarixən hər cür məhrumiyyətlərə, əzab və işgəncələrə sinə gərmiş, mübarizə aparmışlar.
Bildiyimiz kimi, Dədə Qorqud 54 öyüd söyləmişdir. Bu 54 öyüdün 16-sı ancaq ailə və ailə tərbiyəsi ilə bağlı öyüdlər sayılır ki, Akif müəllim də bu kimi öyüdləri anlaşıqlı və sadə dildə təhlil obyektinə çevirmişdir. Akif müəllim dərs vəsaitinin “Kitabi-Dədə Qorqud”da tərbiyə məsələləri” adlı yarımbölməsində övlada olan ata sevgisini, ana məhəbbətini, ailədə uşaqlar arasındakı qarşılıqlı münasibətləri boylardan gətirdiyi faktlarla, misallarla təsvir edir və bütün bunları ailə etikasının rəmzi hesab edir. Belə ki, Baybörənin oğlu Beyrəyin “ölüm” xəbərini eşitməsi və atanın ağlamaqdan gözlərinin tutulması, 16 illik ayrılıqdan sonra oğluna qovuşması, oğlu olduğuna əmin olması üçün, oğlunun (Beyrəyin) çəçələ barmağını qanadıb dəsmala silib gözlərinə çəkməsini, gözləri açılarsa, gözlərinə yenidən nur gələrsə oğlu olacağına inanacağını; Dirsə xanın xainlər tərəfindən aldadılaraq oğlu Buğacı ölümcül yaralaması, ananın dağ çiçəyi və ana südü ilə oğlunun yarasına məlhəm qoyub sağaltması; Beyrəyin bacılarının hər gedib-gələndən Beyrəyi sormalarını, ələmə-yasa batmalarını və s. Akif Abbasov psixoloji baxışdan entuziast bir sənətkar kimi xarakterizə edir.
Demokratik fikirlər müəllifi Akif Abbasov Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində Məhin Banunun Şirinə poetik dillə dediyi öyüd dolu sözləri eyni ruh, eyni görüşlə nəsr dilinə çevirərək mənəvi gözəllik ölçüləri ilə oxucusuna belə çatdırır: “Sən (Şirin – K.C.) bütün gözəllərin sultanısan, sənin bircə nazın yüz şahlığa dəyər; xoşbəxtlik sənin ardınca kölgətək gəzir. Gözəlsən, camalın yer üzünə nur saçır, fəqət, sənin bəzəyin ismətdir, nəzakətdir, hüsnün ismətinin pənahındadır” [Bax: səh.50]. Bu bölmənin təhlili bir daha göstərir ki, Akif müəlllimin dili diqqətəlayiqdir. Akif müəllim dilin hissi cəhətinə, təsirli olmasına çox əhəmiyyət verir. Professorun dili bir şeir qədər ahəngdar və ifadəlidir, lirik bir parça təsiri bağışlayır.
“Əxlaqın əsas kateqoriyaları” adlanan (vicdan, şərəf və ləyaqət, namus, ismət, həya, məsuliyyət, şərəf və ləyaqət, xeyirxahlıq və yaxşılıq və s.) ikinci bölmədə Akif müəllimin mövqeyi çox böyükdür. “Əxlaqın əsas kateqoriyaları” adlı bölmədə müasirlik biz oxucuları hər şeydən daha çox maraqlandırır. Çünki ədəbiyyatlardan gətirdiyi yüksək bədii mövqeni misallarla, məsəllərlə qiymətləndirdiyi kimi, onun ictimai-tərbiyəvi rolunu da yüksəkdə tutur. Vicdan nədir? sualına “Vicdan şəxsiyyətin öz davranışına görə mənəvi məsuliyyəti anlamasının bir formasıdır” – cavab verən Akif Abbasov etibarlı mənbələrdən, müxtəlif şair və yazıçılardan da maraqlı misallar gətirir. Yazır ki, vicdanlı insan pislik toxumu səpməkdən uzaq olur. Belə insanlar çalışırlar ki, həyatda fəal mövqe tutsunlar. Təhsil alan, işləyən insanlara qayğı ilə yanaşsınlar. Tək özlərinin yox, ətrafdakı insanların da sevincinə, kədərinə şərik olsun, xeyirxahlıq, qayğıkeşlik göstərsin. Belələri çalışırlar ki, sonradan peşmançılıq çəkməsinlər. Vicdan bəzi xüsusiyyətlərə malikdir: ideala can atmaq; şəxsi qiymət; hərəkət və davranışın ideala uyğun olması, yaxud olmaması nəticəsində meydana gələn mənəvi hiss və s. Professor vicdanın oyaq olması, adama düzgün yol göstərməsi üçün özünəhesabatı vacib amil hesab edir. Əgər insan günü başa çatandan sonra – ötən saatları necə keçirdim, ondan səmərəli istifadə edə bildimmi? Məktəbdə, işdə üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdimmi, yoxsa günümü birtəhər ötüşdürdümmü? Kiminsə xətrinə dəydimmi? Bu və ya digər hadisə baş verərkən mənəvi borcuma əməl etdimmi? Kiminsə bədxahına çevrilmədim ki? bu və ya bu kimi başqa suallarına cavab axtarırsa deməli vicdanı qarşısında da cavab verir. Həyanı vicdanın barometri hesab edən Akif müəllim gənc ailələrdən vicdanı, abırı, həyanı itirən insanlardan kənar olmağı tövsiyə edir. Yazır ki, belələrindən hər cür pislik, mərdiməzarlıq, alçaqlıq gözləmək olar. İnsan taleyi ilə oynamaq həmin şəxslər üçün heç nədir. Belə ünsürlər cəmiyyət qarşısında, vətən, xalq qarşısında məsuliyyət daşımaq istəmirlər. Vicdanını itirənlər yalnız özlərini düşünür, öz firavanlığı, mənafeləri üçün çalışırlar.
Akif Abbasov “Milli əxlaq və ailə etikası” dərsliyində şərəf və ləyaqət, namus, ismət, həya, məsuliyyət, xeyirxahlıq və yaxşılıq və s. söhbət açarkən belə anlayışların qədim tarixə kökləndiyini misallar və izahlarla açıqlayır. Yazır ki, feodalizm dövründən başlayaraq bəy, ağa, zadəgan, xan, hersoq, qraf, baron və knyaz kimi ti-tulların sahibləri şərəf, namus və ləyaqət baxımından öz şəxsiyyətlərini digər insanlardan üstün hesab etmiş, bu məfhumlara böyük dəyər vermiş, bəy, ağa, qraf, knyaz adlarına ləkə gətirməkdən çəkinmişlər. Professor “O olmasın, bu olsun” bədii filmindən misal gətirir: Rüstəm bəy qumarda uduzur. Daha pulu olmadığı üçün ayağa qalxaraq uduzduqlarını qaytaracağına masa ətrafdakıları inandırmaq üçün tituluna and içir: “Uduzduğum pulları yarım saatdan sonra gətirərəm. Mən bəy kimi namusuma and içirəm” – deyir. Şərəf, namus və ləyaqət hissi bəzi bəy, ağa, xanlarda lovğalıq, xudpəsəndlik, şöhrətpərstlik, heç kimi bəyənməmək, harınlıq da yaradırdı. Ancaq bəy, ağa, xanların bir çoxu, sözün həqiqi mənasında, şərəf, namus, ləyaqət nümunəsini göstərir, özlərini ağayana – əsl insan kimi aparmışlar. Bu mənada, Akif müəllim İsmayıl Şıxlının “Dəli Kür” romanındakı Cahandar ağanı oxuculara xatırladır. Təbii ki, bu fikirlərdən heç də belə anlaşılmasın ki, şərəf, namus, ləyaqət ancaq bəy, ağa, zadəgan, xan, hersoq, qraf, baron və knyaz kimi titulların sahiblərinə aid edilməlidir. Xeyir, heç də elə deyil. Bu gün cəmiyyətin ayrı-ayrı üzvləri şərəf, ləyaqət və namusu var-dövlətdən, titul və rütbədən, vəzifədən də uca tuturlar. Akif Abbasovun atalar sözü və zərbi-məsəllərdən, həmçinin görkəmli mütəfəkkirlərdən gətirdiyi misal və məsəllər də təqdirəlayiqdir. Bunlardan bir neçəsinə nəzər salaq: “Varını itirən az şey itirər, namusunu itirən-çox şey”; “Namusu itə atdılar, it yemədi”; “Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun (X.Şirvani)”; “Sizə yaxşılıq edildiyi vaxt siz də yaxşılıq edin (Məhəmməd peyğəmbər)”; “Bacardığın qədər yaxşılıq toxumu ək ki, yaxşı bəhrə götürəsən (Hümam Təbrizi)”; “Mənəvi borc insanlar arasında münasibətlərdən yüksəkdə durur (İ.Kant)”; “Çalış öz dövrənə həmişə əxlaq, namus və qeyrət hasarı çək (M.Əvhədi)”; “Kişinin qeyrəti olmasa, məsləki də olmaz (Keykavus)”; “Namuslu adamlar üçün namus, alim üçün alimlikdən daha əzizdir (J.J.Russo)”.
Akif Abbasov “Milli əxlaq və ailə etikası” adlı dərsliyində maraq dolu suallar da yaratmışdır. İnsan nə üçün yaşayır? Həyatın mənası varmı, varsa – nədədir? Hansı həyat tərzinə üstünlük verilməlidir? Yaşamağa dəyərmi? Xoşbəxtlik var-dövlətdir, yoxsa…? Belə maraq dolu suallara Akif müəllim özü də cavab verir. Drəslikdə qeyd edildiyi kimi, bəziləri güman edirlər ki, insan dünyaya gəldi, yaşadı, öldü – bu dövr, bu müddət onun həyatıdır. Əslində isə bu belə deyil. İnsanın mənalı, məzmunlu, cəmiyyət və ailəsi, bəşəriyyət üçün gördüyü işlər, onlar üçün yaşayıb fəaliyyət göstərdiyi faydalı, məhsuldar ömrü onun əsl həyatıdır. Mənasız sərf etdiyi, sadəcə yeyib-yatdığı, ailəsinin gözündən oğurlayıb çəkdiyi kef, necə deyərlər, “papağını günə yandırdığı”, insanlığa fəlakətlər gətirdiyi günlər, adamların iztirabına, göz yaşlarına, kədərinə, bəxtəvərliyinə, əzab-əziyyətinə, işgəncəsinə səbəb olduğu anlar onun ömrünə yazılmır, yazılsa da, qara qara hərflərlə yazılır.
Akif müəllim cəmiyyət və ailəsi üçün gördüyü işlərdən, onlar üçün yaşayıb fəaliyyət göstərən Azərbaycan xalqının iftixarları sayılan Rahib Məmmədovdan, Mübariz İbrahimov kimi igid, qorxmaz cəsurlardan da bəhs edir. Bir zamanlar Biləsuvarda böyüyüb boya-başa çatan Mübariz İbrahimovu tanıyanlar zənnimizcə onlarla idi. Ordu sıralarında vətəni xidmətini yerinə yetirən zaman nə qədər üzdəniraq erməni əsgərlərini, zabitlərini, generallarını və sursatlarını məhv etmişdisə ermənistanda matəm elan olunmuşdur (2010-cu ilin iyun ayı). Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Mübariz İbrahimovun valideynlərinə də Azərbaycan xalqının məhəbbəti sonsuzdur. Böyük Vətən Müharibəsində igidlik göstərən Mehdi Hüseynzadə, Gəray Əsədov, Həzi Aslanov, Qafur Məmmədov və digərlərin adını çəkiriksə II Qarabağ uğrunda gedən döyüşlərdə Qarabağı mənfur düşmənlərdən qanı bahasına geri alan minlərlə şəhidlərin və qazilərin adını çəkmək olar. Professorun qeyd etdiyi kimi, ana torpağı öz canları-qanları bahasına qoruyan şəhidlər və qazilər hər bir ailənin övladlarına örnəkdir, nümunədir. İnsan ömrü çox da uzun deyil, ona görə də bu həyatı mənalı yaşamağa çalışmaq lazımdır. A.Barbüsün dediyi kimi: Ölmək yox, yaşamamaq dəhşətdir.
Tədqiqatçı-alim Akif Abbasov “Ailə etikası” adlı üçüncü bölmədə “Oğlan və qızların qarşılıqlı münasibətlərinin əsasları”, “Sevənlərin davranış mədəniyyəti”, “Ni-kah”, “Ailə üzvlərinin hüquq və vəzifələri”, “Ailənin mənəvi əsasları”, “Ailənin psixoloji iqlimi”, “Ailə bayramları”, “Ailə büdcəsi” və s. məsələlərdən bəhs edir. Ailə – insanların qarşılıqlı əlaqə, fəaliyyət və münasibətlərinin ən qədim təsisatı, unikal hadisə və təzahürüdür – deyən professor ailəni ictimai-tarixi hadisə adlandırır. Həmçinin, ailənin bir sıra funksiyalarına (reproduktiv, təsərrüfat-iqtisadi, ünsiyyət, tərbiyə, ailənin asudə vaxtının və istirahətinin təşkili, bərpaedici və s.) da aydınlıq gətirmiş və təhlil süzgəcindən keçirmişdir.
Professor “Milli əxlaq və ailə etikası” dərsliyinin “Ailə və uşaqlar” adlı dördüncü bölməsində də (“Gənc ailədə uşaq” səh.287; “Ailədə uşaqların tərbiyəsi. Ata və ana ilk tərbiyəçilərdir” səh.295; “Ailədə tərbiyənin prinsip və metodlarından istifadə” səh.308) ailədə tərbiyənin prinsip (Uşaqların yaş, cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması; Tərbiyədə fərdi yanaşma prinsipi; Hörmət və tələbkarlıq prinsipi; Tərbiyə olunanın müsbət cəhətlərinə istinadən qüsurların aradan qaldırılması (nikbinlik) prinsipi; Uşağın diqqətini mənfi nümunələrə yönəltməklə davranış normalarından kənaraçıxma hallarının qarşısını almaq prinsipi; Tərbiyəvi təsirlərdə vahidliyin gözlənilməsi prinsipi; Sistematiklik və ardıcıllıq prinsipi) və metodlardan (alışdırma, öyüd-nəsihət, söhbət, rəğbətləndirmə və cəzalandırma, şəxsi nümunə və s.) necə istifadə etməyin yollarına aydınlıq gətirmiş və həmçinin, aydın, səlis, rəvan sözlər və cümlələrlə şərh və izah etmişdir.
Əbəs yerə demirik ki, aydın zəka sahibi Akif müəllim “Milli əxlaq və ailə etikası” adlı dərsliyində ailə münasibəti məsələlərini səlis, rəvan dillə və sadə, aydın cümlələrlə şərh və izah etmişdir. Bir çox dərsliklərə nəzər salan zaman görürük ki, çox müəlliflər hər hansı bir mövzunu tədqiq və təhlil etməyə çalışarkən (Məsələn, deyək ki, Ailə tərbiyəsi; Ailəyə pedaqoji kömək; Ailənin psixoloji iqlimi; Ailə bayramları; Sinif rəhbərinin ailə ilə işi və s.) daha çox aşağıdakı şəkildə yazırlar: Valideynlər Konvensiyanın uşağın yaşamaq hüququ haqqında müddəalarını bilməlidir(lər); Ailə ənənələrin varisliyini təmin etməlidir(lər); Sağlam ailələrdə valideynlər və uşaqlar gündəlik təbii münasibətlərə bağlı olmalıdır(lar); valideynlər öz uşaqlarının xarakter və xüsusiyyətlərini bilməlidir(lər) və s. və i. Göründüyü kimi, dır, dir, lar, lər. Ancaq professor Akif Abbasov istiqamətvericiliklə yanaşı hər bir mövzuda fikirləri aydın işıqlandırmış, portret rəssamı kimi əlvan rənglərlə, boyalarla canlandırmış, oxucusunu fikirlər, anlayışlar aləminə səfərbər etmişdir. Bu da təbii ki, hər bir oxucuda xeyirxah əməllər sahibi olmaq əzmini, emosionallığı, mənəvi tələbatları daha da qüvvətləndirir.
Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyindəki fikir və görüşlərə yekun vurarkən aşağıdakı nticələrə gəlirik:
1. Pedaqogika elminin inkişafında yorulmaq bilmədən axtarışlar aparan cəfakeş tədqiqatçı Akif Abbasov Azərbaycan ailəsində milli əxlaqımızı və onun tələblərini əsas götürərək qarşılıqlı münasibətlərin qurulmasını pedaqoji-psixoloji məqamlarla araşdırmışdır;
2. Pedaqoji və psixoloji biliklərin azmanı Akif Abbasov Azərbaycan şifahı xalq ədəbiyyatı, “Avesta”, islam dini və “Kitabi-Dədə Qorqud” dastanlarındakı şəxsiyyətin keyfiyyətlərinin inkişafı qayğısına qalmağı vacib tələb kimi irəli sürmüş və işıqlandırmışdır;
3. Tarixi həqiqətləri zərrə-zərrə üzə çıxarmış Akif Abbasov Nizami Gəncəvinin, Sədi Şirazinin, Marağalı Əvhədinin, Nəsirəddin Tusinin, Məhəmməd Füzulinin, A.Bakıxanovun, M.F.Axundovun və b. mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırış və ailədə əxlaqi keyfiyyətlərin təbliği ilə bağlı mövqelərini müəyyənləşdirmişdir;
4. Pedaqoji elmin yorulmaz təbliğatçısı Akif müəllim Azərbaycan ailəsində pedaqoji-psixoloji, milli-mənəvi xüsusiyyətlər, adət və ənənələr, valideyn-oğlan münasibətləri, oğlanlarla qızların dostluğuna münasibəti, sevənlərin davranış mədəniyyəti, nikah, geyim və gözəlliyin vəhdətindəki qanunauyğunluqları müəyyənləşdirmiş, təhlil etmişdir;
5. Alicənab duyğular və nəcib hisslər carçısı Akif Abbasov Azərbaycan ailəsində oğlan və qızların sosializasiyasının xüsusiyyətlərini müəyyənləşdirmiş və çağdaş mərhələdə sosializasiya anlayışının mahiyyəti və məzmununun nədən ibarət olduğuna aydınlıq gətirmışdır;
6. Milli ruh və milli düşüncə sahibi Akif Abbasov qızların oğlanlarla ünsiyyəti, yaşlılarla qarşılıqlı münasibətlərinin pedaqoji-psixoloji məsələlərini araşdırmış, ailə ixtilaflarının səbəblərini aydınlaşdırmış və təhlilini vermişdir;
7. Sözündə qəti, işində mübariz, qərarında prinsipial olan professor Akif Abbasov dərslikdə gender – insanın cəmiyyətdə davranışını müəyyən edən sosial cins və bu davranışın necə qəbul edilməsinin vəzifələrini, funksiyalarını və rolların konsepsiyasını müəyyən etmişdir;
8. Saysız-hesabsız əsərlər müəllifi Akif Abbasov ümumtəhsil məktəblərində valideynlərin, xüsusilə gənc valideynlərin hamılıqla pedaqoji-psixoloji sərvət və biliklərə yiyələnmələri üçün səmərəli tədbirlər həyata keçirməyin metod və yollarını müəyyənləşdirmişdir.
VƏTƏNPƏRVƏRLİK VƏ YA VƏTƏNDAŞLIQ TƏRBİYƏSİ İLƏ BAĞLI ZƏNGİN PEDAQOJİ FİKİRLƏR MEHDİ MİLAXLI YARADICILIĞINDA
Qarşımda bir şeir kitabı var. Kitabın adı “Bir kağızdı, bir qələmdi, bir də mən…” (Bakı: “Xan” nəşriyyatı, 2018, 346 səh.). Kitabın müəllifi pedaqoq-şair Mehdi Milaxlıdır. Mehdi müəllimlə şəxsən tanışlığım yoxdur. “Şərq qapısı”, “Arazın səsi”, “Haqqın səsi” qəzetlərində, eləcə də Facebook səhifəsində paylaşdığı şeirlərini oxumaqla tanımışam və qiyabi tanışlığımız da buradan başlayıb. Dediyim kimi, şairi qiyabi tanısam da şeirlərindəki vətənə, yurda sevgi, dosta, xalqa və ana dilinə məhəbbət, yurd həsrəti, təbiətə vurğunluq, saf sevgiyə bağlılıq, vicdanın səsi, prinsipiallıq, cəsarət, düşmənə nifrət, alov dolu qəzəb onun mənəvi, şəxsi keyfiyyətlərini açıq-aydın nişan verir.
Mehdi Milaxlının kitabı.
Şairin həyat fəlsəfəsi, amalı onun şeirlərindəki surətlərin hərəkətverici qüvvəsidir. Hər bir oxucu tanış olduğu misraların çoxunda vətənə sevgi və qayğıkeşlik, yoldaşa, dosta insani münasibət görür. Mehdi Milaxlı bəzən bu sevgini sezdirmədən, bəzən isə həssaslıqla bəyan edir.
Tanrım, özün qoru türk balaların,
Toxunulmaz eylə türk qalaların…
İgid Türkməneli, mərdanə dayan,
Səngərdi dağ-daşın, hər yalçın qayan.
Mehdi Milaxlı şeirlərində oxucusuna insanlara yaxşılıq etmək fikrini haqlı olaraq tez-tez təlqin edir. Şairin şeirlərindəki ümumi şüar belədir: “İnsan gərək hər dəqiqə insanlara lazım olduğunu hiss etsin”. Mehdi Milaxlının həyat yolu haqqında tanış-bilişlərdən, dostlardan hal-əhval tutmuşam. Ümumi fikir belə olub: Mehdi müəllim istər şeir yaradıcılığında, istərsə də şəxsi münasibətlərində həm şagirdlərinə, həm də insanlara qayğı ilə yanaşır, qayğıkeşlik göstərir. Təbii ki, bu belə də olmalıdır. Çünki şair ilk öncə müəllimdir. Müəllim uşaqları, məktəbliləri, gəncləri ata kimi sevməli, müəllim kimi fəaliyyət göstərməlidir. Deyilir ki, Mehdi Milaxlı tək öz çevrəsinə yox, çətinliyə düşən hər kəsə yardım etməyə çalışır. İnsanlara lazım olduğuna görə də fərəh hissi keçirir. Halal adamdır, öz əqlinin və əlinin zəhmətinə qane olan adamdır. Deməli, şair olduğu kimi görünən, göründüyü kimi olan ali varlıqdır. Bu isə öz növbəsində insanların da ona lazım olduğunu göstərir. Bu kimi keyfiyyətləri şair özü də “Tanı məni” şeirində belə ifadə edir:
Mən elə üzdəyəm, gör, tanı məni,
Dərindən axtarma, dibdən arama.
Tanıtmaz şairlik ad-sanı məni,
Gəlib özümü gör, cibdən arama.
…Əgər xoşlamasan, yavaşca çıx get,
Nə geriyə boylan, nə yana çevril.
Son dəfə sağollaş, əlimi sıx get,
Bil ki, asudəsən hər yana çevril.
“Deyiləm” adlı şeirində isə şair halal əməyin faydalarından danışır. Deyir ki, halal qazanc qəlbi nurlandırırsa, haram qazanc da qəlbi zülmətli edir. Halal adam xalq içində də öz məğrurluğu, alicənablığı ilə hörmət və nüfuz sahibi olur. Haramxor adam isə heç bir şeydən zövq ala bilmədiyi kimi şirin yuxuya da arzu-tamarzı qalır.
Hələ dadmamışam yad tikəsini,
Heç nədə gözüm yox, uman deyiləm,
Haram cana sığmaz, bir tikəsini
Əllərim götürsə, yuman deyiləm.
Halal göz doyurar, ürək isidər,
Haram yuxuda da incidər, didər.
Əllərim qabarar, axıdaram tər,
Ərlər də görər ki, yalan deyiləm.
Mehdi Milaxlı “Oğlum Orxana məktub”, “Oğluma nəsihət”, “Oğlum Pənaha öyüd” və s. şeirləri ilə öz timsalında xitabən gəncliyə əxlaqi məna kəsb edən doğruçuluq, səmimilik, qayğıkeşlik, təmənnasızlıq, xeyirxahlıq, yaxşılıq, düzlük, həqiqət aşiqliyi, dəyanət və ehtiram, vədəyə əməl etmək və s. kimi ali keyfiyyətlər aşılamışdır.
Böyük rus tənqidçisi V.Belinski “Ədəbi düşüncələr” adlı məqaləsində yazırdı: “Xəlqi şair sözün fəlsəfi mənasında həqiqi bir hadisədir. Onun şairlik istedadı çox böyük olmasa da, o, həmişə möhkəm bir özülə, öz xalqının təbiətinə istinad edir və xalqın ona diqqət yetirməsində, həmin xalqın özünü dərk etməsində ifadə olunur. İstedadlı, lakin milli zəmindən məhrum bir şair isə həmişə az və ya çox dərəcədə müvəqqəti və kiçik bir hadisədir. Bu elə bir ağacdır ki, əvvəlcə gur qol-budaq atıb göyərir, sonra isə kökü torpağın dərinliklərinə işləmədiyindən tezliklə quruyur. Buna görə də şairdə xəlqilik çox zaman dərinlik və çoxnövlülük mənasında olmasa da, lakin həmişə orijinallıq mənasında bir növ dahilikdir”.
Belinskinin bu ölməz fikirlərini şair-pedaqoq Mehdi Milaxlının yaradıcılığına şamil etmək tamamilə doğru olardı.
Şair öz xalqının keçmişi ilə maraqlanır, onun böyük ədəbi və tarixi simalarını öyrənir, təhlil süzgəcindən keçirir, təbliğ və tərənnüm edir. Mehdi Milaxlının zəngin pedaqoji irsi, təlim-tərbiyə, pedaqoji-psixoloji görüşləri, eləcə də vətəndaşlıq tərbiyəsi və s. ilə bağlı fikirlərini sistemləşdirməyə zəruri ehtiyac vardır. Çünki onun pedaqoji irsi böyüyən nəslin təlim-tərbiyəsində mühüm rol oynayır.
Çoxşaxəli və zəngin yaradıcılıq diapazonuna malik olan Mehdi Milaxlının gənclərin vətəndaşlıq tərbiyəsi ilə bağlı yaradıcılığı, həmçinin xidmətləri əvəz olunmazdır. Şeir yaradıcılığını bəzəyən vətənpərvərlik və ya vətəndaşlıq tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlərdir. Şair vətənlə bağlı şeirlərində oxucusuna Vətənə, torpağa bağlı olmağı, gərəkli olmağı, əsl vətəndaş olmağı təlqin edir. Şairin böyük ilhamından və istedadından doğulmuş “Naxçıvan”, “Şuşam”, “Xocalım”, “Vətən bizim anamız, biz onun əsgəriyik”, “Əlincə qalasına dair bayatılar”, “Əlincə qalası” və sair şeirlər Azərbaycan gerçəkliyini mənalı və münasib şəkildə əks etdirən şeirlərdir.
Odlar diyarının yanar parçası,
Elə ilk görüşdən qəlbimi aldı.
Gəzibmi hüsnündə rəssam fırçası?
Təbiət bu yerdə sirdi, sualdı.
…Baba yadigarı Əshabi-Kəhfdir,
Xaraba Gilandır, Gəmiqayadır.
İndi oğullar var, bu daş yaddaşda
Yatmış xatirəni bir-bir oyadır.
Vətəndaşlıq – ən zəruri vəzifə və mənəvi keyfiyyətdir. Vətəndaş dərin siyasi, fəlsəfi mənalar daşısa da, yeniyetmələrin, gənclərin dərk edə biləcəyi, həyat idealına çevirəcəyi bir anlayışdır. Bütün dinlərdə və səmavi kitablarda vətən kəlməsi tez-tez səslənir, onu əziz və müqəddəs tutmağın zəruri olması göstərilir. Dünyanı və insanlığı dərindən və hərtərəfli dərk edənlər və gələcəyi görənlər peyğəmbərlərdir. İlahiyyatşünaslıqda və ya islamşünaslıqda doğulub boya-başa çatılan yerə, yəni vətənə məhəbbət və onu qorumağın müqəddəsliyi qeyd olunur və göstərilir: uşağa doğma olan iki şey var: onun biri anadırsa, ikincisi vətəndir. Uşaq böyüdükcə dərk etməyə başlayır ki, vətən torpağı daha qədimdir, anaların da doğma torpağı olub. Şəriət kitablarında ananı, torpağı, haqqı, ədaləti qoruyanlara əsil vətəndaşlar deyilir. Bir sözlə, ailəsinə, xalqına, ölkəsinə namuslu vətəndaş olmaq tərbiyəsini yeniyetmələr ailədən almağa başlayırlar. Deməli, vətən ailədən başlanır. Şairin 2014-cü idə qələmə aldığı bir şeirində oxuyuruq:
Yaşam üçün ömrünü şum edən bu xalq,
Səngər qazıb, qala qurub, daş ucaldıb.
Qeyrət üçün yağı üstə gedən bu xalq,
Düşmənlərdən bac alaraq baş ucaldıb.
Göz üstündə qoruyuruq, saxlayırıq,
Hər qarışı bir tarixdir, kaşanədir.
Sevə-sevə əzizləyib yoxlayırıq
Çünki bizə ululardan nişanədir.
Mehdi Milaxlı vətən tarixinin nəsillərdən nəsillərə ötürülməsinə və ya öyrənilməsinə meyl və maraq yaratmaq, vətən sevgisini artırmaq cəhətdən əhəmiyyətli hesab edir. Həmçinin, gənclərin dünyagörüşünün təkmilləşdirilməsində elmi, siyasi, tarixi, ictimai, ideoloji və s. dünyagörüşlərin geniş və dərin olmasını da vacib faktor sayır. Eləcə də şeirlərinin hər bir misrasında vətəndaş tərbiyəsinin yetişməsində təmizliyi, halallığı, düzlüyü, səxavəti, sədaqəti, dəyanəti, iradəni, əzmkarlığı və s. aşılayır, nümayiş etdirir.
Şair Mehdi Milaxlı vətənəpərvər şeirlərində ustalıq göstərərək Azərbaycanın zəngin təbiətini də məhəbbətlə təsvir edir. Təbiəti təsvir Mehdi Milaxlı lirikasının ayrılmaz keyfiyyətidir.
Şəruru gəzərkən ürək sevindi.
Belə eşitdim mən elin ağzından,
Arpaçay şıltaqlıq etməyir indi,
Saralar qurtulub selin ağzından.
…Qocaman ağacın pöhrəsi kimi,
Yollar şaxələnib, yollar dəyişib.
Günəşin gülümsər çöhrəsi kimi
Bu günəşli diyar nə gözəlləşib.
Şair əsrarəngiz yerləri tükənməz bir sevgi hissi ilə, iftixarla tərənnüm edir, onun hər guşəsinə nəzər salıb fərəhlənir. Bu, sadəcə olaraq, gözəllikdən zövq alıb nəşələnən bir adamın fərəhi, şadlığı deyildir. Batabat, Əlincə qalası, Əshabi-Kəhf, Gəmiqaya və s. ona görə əzizdir ki, onların gözəlliyi insana, cəmiyyətə fayda verir. Odur ki, şair bu yerlərin hər müvəffəqiyyətini eşidəndə coşur, vətənin bərəkətli torpaqlarına alqışlar oxuyur.
Göründüyü kimi, yeni həyatı göstərmək, onun əzəmətini nümayiş etdirmək üçün Mehdi Milaxlı tez-tez tarixə qayıdır, keçmişi yada salır, yeni ilə köhnəni müqayisə edir. Bu şairin şeirlərində istifadə etdiyi üsullardan biridir. Bununla o, canlı real mənzərələr yaradır, yazdıqlarının inandırıcılıq qüvvəsini artırır. Şair oxucusuna demək istəyir ki, keçmişin qədrini bilməyən, sabahını çətin müdafiə edər.
Görkəmli tədqiqatçı alim, akademik Kamal Talabzadə yazırdı ki, ideya, fikir sə-nətin bütün növləri üçün əsasdır. Fikirsiz sənət olmayıb, indi də mövcud deyil. Lakin fikri, ideyanı necə, hansı şəkildə təqdim etmək sənətkar üçün mühüm amildir. Şeirlə deyilən fikir dərhal hissə, ürəyə keçmirsə, yalnız sənin beynini hərəkətə gətirirsə, o, şeir deyildir. Bu mənada, Mehdi müəllim təkcə öz beynini yox, ürəyini də, hisslərini də birlikdə, onları bir-birindən ayırmadan dinləməyi bacaran şairdir.
Ahəngi könlümə yatsa yaxşıdır,
Məntiqi ağlıma batsa, yaxşıdır,
Mənası ellərə çatsa yaxşıdır,
Yüz ölçüb, bir biçib, düz yaradıram,
Ürəyimə yatan söz yaradıram.
Mehdi Milaxlının şeirlərində fikirlə, mətləblə hiss, duyğu, təəssürat, həyəcan dalğalarını bir-birindən ayırmaq çətindir, onlar elə qarışıb ayrılmaz olurlar ki, birinin harada başladığını, digərinin harada qurtardığını təyin edə bilmirsən; başqa sözlə, bu şeirdə beyinlə ürək bir ahəng təşkil edir, buna görə də əsil sənət əsəri – həm beynə, həm ürəyə nüfuz edən sənət əsəri yaranır. Elə bu səbəbdən də Mehdi Milaxlının şeirlərində ritm, ahəng, vəzn, qafiyə, təkrirlər çox mühüm yer tutur, bunlar şairin fikir və hisslərinin birləşmiş vahid ahəngi kimi səslənir, təbii təsir bağışlayır, musiqi qədər ahəngdar poeziyaya çevrilir. Bu da onu göstərir ki, şair sənətin zirvələrinə doğru yürüşünü davam etdirir.
Mehdi Milaxlının şeirlərindəki fikirlərə, mətləblərə fikir və görüşlərimizi qısa da olsa çatdırdıq. Bunula yanaşı, şairdən bir təvəqqemiz də vardır. Təvəqqemiz də ondan ibarətdir ki, şair rəvan, axıcı rutm, ahəng, vəzn və qafiyəsindən yararlanaraq balaca növcavanlarımız, körpələrimiz üçün şeirlərinin sayını biraz da artırsın. Çünki bu gün uşaq ədəbiyyatının, uşaq antologiyasının buna zəruri ehtiyacı vardır.
Ülvi amallar uğrunda mücadilə aparan, gənclərdə milli-mənəvi dəyərlərin aşılanmasına biganə qalmayan, müqəddəs bir məqsədə, öz xalqına həm müəllimlik fəaliyyəti ilə və həm də şeir yaradıcılığı ilə layiqincə xidmət edən Mehdi Milaxlıya uğur dolu müvəffəqiyyətlər arzulayırıq.