Etiket arxivi: Nigar Səttar-zadə

Nigar Səttarzadə – Yaxşılığın cəzası

Yaxşılığın cəzas

(hekayə)

Nənəm sağlığında həmişə mənə gözəl məsləhətlər verərdi. Vaxtilə bir çox sözlərinin mahiyyətinə vara bilməsəm də, nəsihətlərini qulağıma sırğa edərdim.
– Mənə qulaq as, bala. Bu sözlərimi heç vaxt ağlından çıxartma. Heç kimə malını, pulunu, hətta hisslərini əmanət etmə. Yoxsa əlinlə verdiyini ayağınla gəzərsən.
Düşünürəm ki, dilimizi zənginləşdirən atalar sözləri, zərbi-məsəllər boşuna yaranmayıb. İnsan xislətindəndi bilmirəm, amma hər şeyin qiymətini itirəndən sonra dərk edirik.
Nənəmin bu sözlərini də orta məktəbi bitirənədək dərk etmədim. Bəzi şeyləri yaşayaraq təcrübə etməli imişəm. Ağılsız başımın cəzasını ayaqlarım çəkməli imiş.
Sözü çox uzatmayım. Mənim riyaziyyatla heç vaxt aram olmayıb. Heç öyrənməyə də çalışmamışam. Ona görə də nənəmin bu sözlərini on dörd yaşında, uşaq ağlımla qulaq ardına vurmuşdum. Nə malımın qədrini bilirdim, nə də cibimə hər həftə qoyulan məktəb xərcinin.
Ancaq bu müddət ərzində anamla atamın evdə borc söhbəti elədiyini eşidirdim. Dövlətinə sadiq bir qulluqçu olan atamın demək olar ki, hər gün birinin adını çəkib onlara borc verdiyini dediyini xatırlayıram. Bəzən bunları anamın da ağzından eşidirdim. Bəzən hətta dalaşırdılar da. Ancaq haradan bilərdim ki, borc kiməsə yaxşılıq etmək ikən, özünə pislik etməkdir?
Aylar, illər ötdükcə evdə vəziyyətimiz getdikcə ağırlaşmağa başladı. Eniş aldığım məktəb xərcliyinin azalması ilə başladı. Sonra hər yay tətilində getdiyimiz rayon gəzintilərimiz kəsildi. Məktəbə yeni çanta, ayaqqabı, geyimlər almaq çətinləşdi. O il ilk dəfə sinif otağına köhnə ağ köynək və qara ətəyimlə, keçən ilki məktəb çantası ilə daxil oldum. Mənim üçün çox da asan deyildi, ancaq deyəsən sinif yoldaşlarım üçün bu gözlənilməz idi. Bir hissəsi hətta dişlərini göstərərək gülməkdən belə çəkinmədi. O gündən sonra dost bildiyim hər kəslə arama aşılması imkansız məsafələr girdi.
Məktəblə ev arasında gərginlik cəhətdən çox fərq yox idi. Səkkizinci sinifə daxil olmuşdum. Dərs yüküm çox artmışdı. Bir yandan uşaqların kobudluğu, bir yandan da evdə səngimək bilməyən söz-söhbət məni çox sıxırdı. İki yerdə də rahatlıq tapa bilmirdim. Gedəcək başqa heç yerim də yox idi. Hər zaman məsləhətlərini dinlədiyim nənəm də bizdən uzaqda idi. Atama bir qəpiyə dəyməyən qohumlarına borc verdiyi üçün bərk acığı tutmuşdu. Başını götürüb rayonda müəllimə işləyən rəfiqəsinin yanına getmişdi. Mən on birinci sinfi bitirən ili ölüm xəbəri atama həmin rəfiqəsi tərəfindən verilmişdi.
“Əl tutmaq, Əlidən qalıb.” – deyən atam bu illər ərzində çox qocalmışdı. İllərlə bir kağıza imza atmağının cəzasını əvvəl işini, evini, sonra da yoldaşını, anasını itirməklə ağır ödəmişdi. Həqiqətən də ağılsız başın cəzasını ayaqlar çəkmişdi.
Lakin itkilərimiz ayaqlarımızın, bədənimizin ağrısından daha artıq idi. Təsəvvür edin, bir səhər oyanıb görürsünüz ki, sizi nəvazişi ilə yuxudan oyadan ananız evdə yoxdur. Əvvəlcə çörəyə getdiyini fikirləşirsiz. Sonra gecikməyini məhəllədə göy-göyərti satan dedi-qoduçu xalanın uzun çəkən söhbətinə yozursuz. Saat artıq 09:35-dir. Məktəbdə birinci dərs bitmək üzrədir. Sənsə evdən çıxa bilmirsən. Elə bilirsən ki, getsən ev tək tənha qalacaq. Elə bilirsən ki, çıxıb getsən anan bir də geri qayıtmayacaq.
Evdəki ölüm səssizliyini pozmaq üçün televizoru işə salırsan. Ekspertlər orada hansısa aktual məsələni müzakirə edir. Sənin beynində isə tək bir şey var. Ömür boyu tənha qalmaq təhlükəsi ilə qarşı-qarşıyasan. Bu dəhşətin hər variantını axşam düşənə kimi beynində yazıb yaşayırsan. Ta ki atan gəlib səni göz yaşları içində, qaranlıq otağında tapana kimi…
O cəhənnəmi yaşayanda çox yox, bir yaş böyümüşdüm. On beş yaşım təzəcə tamam olmuşdu. Anam, atama bir parça məktub qoyub həyatımızdan çıxmışdı. Yaşadığımız bütün itkilərin günahını atamda görürdü.
O gündən sonra atam yaşayan bir ölüyə çevrilmişdi. Mən sinifdə gizlicə bir məktub yazıb nənəmə göndərmişdim. Oğlu ilə danışmasa da, bəlkə mənimlə danışardı.
Anamdan sonra ikimizə böyük görünən evimizi dəyər-dəyməzinə satmışdıq. Atam evin puluna bütün borclarını ödəyib, yerdə qalan az miqdar pulla da başımızı soxacaq bir daxma almışdı.
Mən hər gün səhər məktəbə gedir, dərsdən sonra da evin yanındakı dərzidə həm sənət öyrənir, həm də çörək pulumu qazanırdım. İş çox olmayanda Zemfira xala kitab oxumağıma da bir söz demirdi. Həm işləyib həm də oxumaq mənim üçün çox çətin idi. Bütün bunlara anamın vəzifələri də əlavə olunmuşdu. Səhər çıxıb axşam gəldiyimə görə gündəlik yemək bişirmək, təmizlik işlərini gecə həll etməli olurdum. Əvvəllər yeməyi ya ötürür, ya tez, bişməmiş sobanın üstündən götürürdüm. Gah duzsuz, gah da əksinə o qədər duzlu çıxırdı ki, heç yeyə bilmirdik. Ancaq atam heç vaxt narazılıq bildirməzdi. Əksinə həmişə yanımda olmağa çalışırdı. Mən onun dəstəyi ilə gücümü toplayırdım, o isə gün keçdikcə gözümün qabağında şam kimi əriyib yox olurdu.
Gündəlik qayğılarla boğuşmaqdan bir neçə gün öncə nənəmə göndərdiyim məktubu unutmuşdum. Ancaq məktubun sonuna əlaqə nömrəsi kimi divar qonşumuzun ev telefonunu yazmışdım. Nənəm məktubu oxuyandan sonra iki dəfə həmin nömrəyə zəng edib, bizi xəbər alıb. Nənəm qonşu qadından bizim o evdən köçdüyümüzü, əslində məktubda yazılandan da çətin günlər yaşadığımızı eşidəndə dəli olub. Həmin gün də bu küskünlüyə son verib Bakıya yola düşüb. Əvvəlcə gəlib nömrəsini verdiyim Lətafət xala ilə görüşüb, sonra bir yerdə atamın təzə iş yerinə gəlib çıxıblar. Beləcə ana-bala qovuşublar.
Bir gün, soyuq, şaxtalı havada gəlib çatanda nənəmi evdə tapdım. O gün bizim üçün uzun zaman sonra ilk dəfə bayram oldu. Əvvəlcə nənəmlə qucaqlaşıb bir xeyli ağlaşıb ürəyimizi boşaltdıq. Sonra neçə vaxtdır həsrət qaldığımız isti şorbanı içdik. Nənəmin yeməkləri çox dadlı idi. Həm də ki evə gələndə isti yemək tapmağım məni keçmiş gözəl günlərə qaytarmışdı. Analı günlərə…
Bəli, həmin gün dərk etdim ki, neçə yaşın olursa olsun insan ana qucağına ehtiyac duyur. Bunu atamın gözlərinə baxanda da görə bilirdim. Və qadınlar, analar, hər yaşda nəvazişli, sevgi dolu, bir az küskün, bir az kədərli olurlar. Nənəmin görüşmədiyimiz zamanda üzündə, əllərində artmış qırışları, ağ düşmüş saçları mənə bunları hiss etdirirdi. Ən dadlı yeməkləri analarımız bişirir, ən təmiz paltarları analarımız yuyur, evi ən gözəl gül qoxuları ilə analarımız təmin edir.
Bu deyim də çox doğrudur. Bir xanım kişini vəzir də edər, səfil də.
Anam, atamı əvvəl vəzir edib, sonra gedişi ilə səfil etmişdi. Bəlkə də sadəcə ona zərər verəcəyini düşünmüş, amma məni də ona ən çox ehtiyacım olduğu yaşda tərk etmişdi. Sırf bu səbəbdən onu bağışlamır, axtarmırdım.
Nənəm o gündən sonra iki ay bizdə qaldı. Bu iki ayda mənə bir qadının bilməli olduğu hər şeyi öyrətdi. Ondan sonra artıq yeməklərim ləziz, paltarlarım təmiz olurdu. Bunlarla yanaşı təhsilimlə ciddi məşğul olur, ədəb-ərkan qaydaları öyrətməyə çalışırdı.
Bu günlərdə bizim daxma şənlənmiş, bir yuva olmuşdu. Atam dövlət işindən çıxarıldığı üçün, səhərdən axşama qədər atasından öyrəndiyi maşın təmirində işləyirdi. Arada dost tanışdan maşın tapanda gizlicə taksi də sürürdü. Yetər ki evimizə bir tikə çörək alıb gətirsin.
Nənəm rayona rəfiqəsi ağır xəstələnib yatağa düşdüyü üçün getməli oldu. Vəfalı qadın idi nənəm. Getməsə ağlı onun yanında qalacaqdı, getsə bizim. Ona görə getməyinə etiraz etmədik. Vəziyyətin biz sandığımızdan daha fərqli olduğunu isə çox sonra başa düşdük.
Əslində xəstə olan rəfiqəsi deyil, nənəm özü imiş. Xəstəliyini eşidib, gələcək günləri təxmin edib, bizdən uzaqlaşıb. Biz isə bir daha heç görməyəcəyimiz anamızı sevgi ilə, gülə-gülə yola salmışdıq o gün.
İndi düşünürəm ki, bəlkə də elə belə olmağı nənəm üçün daha xoşdur. Çünki heç kim vida edəcəyi insanı göz yaşları içində xatırlamaq istəməz. Bütün ayrılıqlar kədər gətirir, ancaq insana qalan, dərdinə dərman olan sevdiklərinin xoş xatirələri olur.
Yazıq nənəm iki il min bir əziyyət çəkib, yenə də yaşamağa çalışıb. Onun hekayəsini atamla, nənəmi son mənzilə yola salmaq üçün rayona gedəndə rəfiqəsindən dinlədik. Qadın, göz yaşları içində nənəmin xərçənglə necə mübarizə apardığı haqqında danışdı. O halda belə tək dərdinin biz olduğunu çox kədərli bir şəkildə öyrəndik. Məgər nənəm hər ay xəstə halına baxmayaraq anamı axtarır, ona məktublar yazırmış. Məktublar ünvanına çatmadığı üçün geri qayıdırmış. Firuzə xala da həmin məktubları poçtdan götürüb nənəmdən gizlədirmiş.
Vəfatından sonra Firuzə xala o məktubları gətirib mənə verdi. Onlar mənə, nənəmin əl yazmaları olduğu üçün çox doğma gəldi. Ölənə qədər o məktubları anamdan mənə qalan tək xatirə – taxta sandıqçanın içində saxlayacaqdım.
Ömrünün son dəmlərində atamla açıq-açıq, səmimi bir söhbətimiz oldu. Mən artıq BDU-nun jurnalistika fakültəsinin tələbəsi idim. Bir araşdırma tapşırığı verilmişdi. Mövzu belə idi: “Yaxşılıq sonradan qazanılan bir hissdir yoxsa, yaxşı və ya pis insan olaraq doğuluruq?”
Bu sual haqqında çox fikirləşdim. Belə bir suala elə-belə cavab vermək düzgün olmazdı. Nənəmin dediyi kimi edib, güzgünü birinci öz içimə tutdum.
Mən nə qədər yaxşı və ya pis bir insanam? Ümumiyyətlə, hansı xüsusiyyətlər insanı pis və ya yaxşı elan edir?
Qarşıma atamı qoyub onunla bir yeridiyimiz on doqquz illik ömür yolumuzu fikirləşdim. Mənə həm hər şeyin ən gözəlini bağışlayan, həm də quyunun ən dibini görmüş, özünü o quyuya həbs etmiş adamı düşündüm. Yadıma hansısa bir kitabdan oxuduğum bir cümlə düşdü.
“Heç bir yaxşılıq cəzasız qalmaz.”
Atam məhz bu cümlənin canlı nümunəsi idi. Səmimi söhbətimiz zamanı mənim üçün həmişə sirr olan sualı soruşdum:
– Ata, niyə bu qədər yaxşılığının qarşılığı budur səncə? Uğrunda yeri gəlsə anamla dalaşdığın o insanların biri də bizi xatırlamır. Ancaq bəzən elə bilirəm əlində olsa yenə kiməsə yaxşılıq edərsən.
– Düzdür, qızım. Çünki yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir. Bilirəm sizə çox əziyyət vermişəm. Çox sıldırımlı, dağlı-daşlı yollardan keçmişik. Özümdən soruşmuşam ki, axı niyə? Niyə mənə bu həyatı rəva bildilər? Sonra o vaxtlar hansı hisləri keçirdiyimi yadıma salıb dinclik tapmışam. Mən, Allahın əmri ilə, mənə açılan heç bir əli geri qaytarmamışam. İndi bilməsən də, böyüyəndə biləcəksən. O biri dünyaya, yağ-bal içində, səfa sürüb yaşayıb günahla gedəcəyimə, əzab əziyyətlə yaşayıb kişi kimi getməyi üstün tutdum. Allah mənim bu dünyada mükafatımı səninlə verib, inşallah orada da yaxşı əməllərimə görə verəcək. Bil ki, nə vaxt dara düşsən ilahi bir güc səni o çətinlikdən xilas edəcək. Çünki mən səndən savayı heç kimi gözü yaşlı qoymamışam, gözəl qızım. Mənə haqqını halal et. Bir də heç vaxt yaxşılıq etməkdən əl çəkmə. Balıq bilməsə də, xaliq bilər.
Atam bu söhbətimizdən üç gün sonra həyata əbədi gözlərini yumdu. Mənə isə ondan geriyə sadəcə xeyir-duası, anamdan geriyə sandıqçası, nənəmdən isə əxlaqı, məni həyata hazırlayan sözləri, nəsihətləri və oxuduğum hər an göz yaşlarımı sel edən məktublar qaldı.
Atamın gedişindən sonra bir daha başa düşdüm ki, insanı insan edən bu dünyadakı yaxşı əməlləri, ondan geriyə qalan ən böyük miras isə ləkəsiz adıdır.
23.02.2024

Nigar Settar-zade

“Bir ömrün masalı”
Kitabı Türkiyədən sifarişlə əldə edə olar.

NİGAR SƏTTAR-ZADƏNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tanınmış yazıçı Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” kitabı müzakirə olunub

8 yanvar 2025-ci il tarixində Bakı şəhəri Məmməd Rahim küçəsində yerləşən “Novella” kitab evində tanınmış yazıçı Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” kitabı müzakirə olunub.  Müzakirədə yazıçı – tənqidci “Ədəbi ovqat” jurnalının baş redaktoru Vaqif Osmanov, folklor institutunun əməkdaşı yazıçı – şair Mahir Cavadlı, “Xəzan” jurnalının baş redaktoru, yazıçı – publisist Əli bəy Azəri, “Yazarlar” jurnalının baş redaktoru şair – publisist Zaur Ustac və “Novella” kitab evinin rəhbəri Səbinə xanım iştirak ediblər. Qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib.

Nigar xanım öz minnətdarlığını belə ifadə edib: “Bu gün çox dəyərli ədəbiyyat ustadları ilə Zaur bəyin vasitəsi ilə görüşümüz baş tutdu. “Novella” kitab evində baş tutan görüşdə Əli bəy Azəri, Mahir Cavadlı, Vaqif Osmanlı bəylə ünsiyyətdə olmaq imkanı əldə etmiş oldum. Mənimlə təcrübələrinizi bölüşdüyünüz üçün minnətdaram.

Bütün səmimiyyəti ilə qulluğumuzda duran “Novella” kitab evinin əməkdaşı dəyərli Səbinə xanıma da xüsusi təşəkkür edirəm.

Eyni zamanda bu gün, Zaur bəyin doğum günüdür. Sizi ürəkdən təbrik edir və daim uğurlar arzu edirəm.”

“YAZARLAR” kollektivi adından Nigar xanımı təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq!

08.01.2025. Bakı şəhəri.

Məlumatı hazırladı: Günnur Ağayeva

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Axıdılmış qanın izi ilə” romanı haqqında – Əli Rzazadənin qeydləri

Etiraf edək ki, çağdaş ədəbiyyat nümayəndələrimizin çox az qismi milli məfkurə tariximizə istinad edirlər. Mənə elə gəlir ki, çox da uzaq olmayan keçmişimizdə baş verən və əksəriyyətimizin şahidi olduğumuz hadisələri əks etdirən ədəbiyyat nümunələri çox azdır. Təkcə romançılıqda yox, hekayəçilikdə də, poeziyada da, dramaturgiyada da. Fikrimi təsdiqləyərsiniz ki, misal üçün 1990-cı il 20 yanvar hadisəsi ilə bağlı filmlər çəkilib, ssenarilər yazılıb, şeirlər qələmə alınıb, mahnılar bəstələnib, lakin bu  faciənin mövzusu bədii ədəbiyyatda kifayət qədər yer almayıb. Ola bilsin filmin gücünü, onun tamaşaçı auditoriyasının daha geniş olmasını nəzərə alaraq, bədii ədəbiyyatdan çox filmə üstünlük verilib.

Lakin unutmaq olmaz ki, ədəbiyyatın təsiri fərqlidir. Ədəbiyyat  xalıqn milli yaddaşıdır.  Düşünürəm ki, ədəbiyyatçıların 20 yanvar hadisəsi,  ümumiyyətlə, oxşar faciələrimizə mütəmadi müraciət etmələri vacibdir və bu, milli kimliyimizi qoruyub saxlamaq istiqamətində hər birimizin müqəddəs borcudur. 

Sevindirici haldır ki, yeni nəsil ədəbiyat nümayəndələri, gənc yazarlar arasında  qeyd etdiyim mövzuya laqeyid münasibət sərgiləməyənlər də var. Gənc yazar Nigar Səttar-zadənin qələmə aldırğı “Axıdılmış qanın izi ilə” romanı məhz 20 yanvar faciəsindən bəhs edir. Baxmayaraq ki, Nigarın yaşı, ona  hadisələrin canlı şahidi olmasına imkan vermir, lakin onun araşdırması, şahid ifadələrini diqqətlə tədqiq etməsi, hadisə şahidləri ilə bir başa ünsiyyəti, faciənin bədii ədəbiyyatda əks etdirilməsi istiqamətində uğurlu bir əsərin yaranmasına gətirib çıxardıb.

Nigar Səttarzadə qələmi ilə bu günlə tarix arasında hakim kəsilmiş sərhədləri kənara itələməyi bacarır, qloballaşan dünyanın axıtdığı güclü selə qoşulub gedən müasir insanı seldən ayıraraq, arabir geriyə,  Vətən tarixinə nəzər salmağa vadar edir. 

Nigar Səttarzadənin özünə məxsus yazı üslubu var. Onun romanını oxuyanda, oxucuya elə gəlir ki, əlindəki kitabı oxumur, dinləyir. Müəllif oxucu ilə oxucunun gündəlik istifadə etdiyi ifadələrlə danışır. O, danışarkən bəzən həyəcanlanır, hadisənin dəhşətlərini kövrələrək ifadə edir, bəzən də oxucuya qorxmamağı aşılayır, ona təsəlli verir, hətta oxucunun qulağına  pıçıldayır.  

Əsərdə diqqətimi çəkən digər bir məqam isə müəllifin döyüş silahlarının təyinatı, taktiki-texniki xüsusiyyətləri haqqında məlumatların mükəmməl şəkildə təqdim olunmasıdır. 20 yanvar faciəsində qətlama səbəb olan rus-sovet qoşununun istifadə etdiyi silahları, onların texniki xüsusiyyətlərini oxucuya aydın şəkildə təqdim etmək üçün müəllifin ciddi araşdıma apardığı açıq aşkar hiss olnur.   

Mənə elə gəlir ki, Nigar Səttarzadənin qələmə aldığı “Axıdılmış qanın izi ilə” romanı müasir Azərbaycan romançılığında  son  dövrdə yaranan tarixi romanlar içərisində ən yaddaqalan ədəbi hadisəsi hesab edilməlidir.

Müəllifə uğurlar diləyir, yeni-yeni ədəbi nümunələr ərsəyə gətirməsini arzulayıram.

www.Leqal.Az

Müəllif: Əli Rzazadə

“Bir ömrün masalı” kitabından alıntı

“Bir ömrün masalı” kitabından alıntı

“Yine seçeneklerimizle ilgili konuya dönersek, bence hayatta hep tek seçeneğimiz olsaydı bir şeyləri istememek gibi şansımız olmazdı. Çünkü bilmediğimiz bir şeyi isteyemeyiz değil mi? Sence o zaman her şey daha kolay olmaz mıydı?”
“Doğru, bilmediğimiz bir şeyi isteyemeyiz ama seçenekler hayatımıza renk katıyor. Monoton bir hayatın olduğunu varsayalım. Ki, şu an bile sıradan bir hayatın var. Bunu kabul edelim, işten eve evden işe giden bireyler olarak hep bir arayış içindeyiz. Dışarıda ne aradığını bilmeyen sayısız insanlar var. Bu insanların hepsi sıkıntılarından kurtulmak için farklı bir yol buluyor. Mesela sen rahatlamak için en iyi bildiğin şeyi yapıp kendini denize vuruyorsun fakat bunun dışında sana aktardığım bir seçeneğin daha var. Araba koleksiyonun. Böylece kafanı dağıtmak için yeni bir imkân doğuyor. İstediğin zaman istediğini seçebiliyorsun. Özgürsün…”

Nigar Settar-zade

“Bir ömrün masalı”
Kitabı Türkiyədən sifarişlə əldə edə olar.

NİGAR SƏTTAR-ZADƏNİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru