Etiket arxivi: Səkinə Əliyeva

Zaur Ustac – Zəmanənin Tomrisi

ZƏMANƏNİN TOMRİSİ
(Səkinə xanım Əliyevanın 100-illiyinə)
(poema)

Tarix bəzən
silah səsi ilə yazılmır,
bəzən bir qadının
titrəməyən səsi ilə yazılır.

1989-un qışı – 19 yanvar 1990-cı il
Naxçıvanı dünyaya tanıtdı.
Bu işi Səkinə xanım –
Zəmanənin Tomrisi gördü…
Kişilər qorxudan qaçıb gizlənəndə
O tribunaya qalxdı,
Yardım istədi…

Ayağında imperiya cəkmələri,
daş divarların içində,
adını tarix bilmirdi hələ –
amma zaman onu tanıyırdı.

Səkinə.
Sadə bir ad,
çətin bir yük.

O, kresloda oturmamışdı,
o, milləti üçün tribunada idi.

Moskva təhdid edirdi,
Bakı tərəddüd edirdi,
imperiyanın ağır dəmir əlləri
Naxçıvanın boğazını sıxırdı.

Deputatlar qorxunu
sükut kimi geyinmişdilər.
50 faiz + 1
bir millətin taleyi qədər ağır idi.

Və o dedi:
— Sessiya olacaq!

Bu nida cümləsi
Naxçıvandakı tanklardan zəhimli idi.

Bu cümlə
SSRİ xəritəsində
ilk çatlaq oldu.

Kərki yanırdı,
qan axırdı,
sərhədlər ağlayırdı,
amma o,
geri çəkilmədi.

Əksinə:
— “Dəmiri isti-isti döyərlər” — deyib,
irəli getdi…

Qars müqaviləsi
tozlu arxivdən çıxıb
canlı sənədə çevrildi.

Türkiyəyə uzanan səs
bir yardım deyil,
bir hüquq idi.

BMT-yə yazılan müraciət
bir kağız yox,
bir fəryad idi.

“SSRİ qoşunları çıxsın!”
— deyəndə
imperiyanın qulağı kar oldu,
amma tarix eşitdi.

Və televiziya ekranında
ilk dəfə
“Azadlıq” nidası səsləndi.

Bir neçə saat sonra
Bakıda
qan yağdı.

20 Yanvar
Naxçıvan qərarının
haqlılığını möhürlədi.

Tarix dedi:
— O qadın gecikmədi.

Sonra
onu kənara çəkdilər,
səssizliyə sürgün etdilər.
Adını demədilər,
şəkillərini gizlətdilər.

Amma
Tomris də
bir vaxt tarixdən
silinmək istənmişdi.

Zamanın Tomrisi
qılınc tutmadı,
amma iradə tutdu.

Ordusu yox idi,
amma xalqı vardı.

Səngəri yox idi,
amma vicdanı vardı.

2010-da
bir qadın köçdü bu dünyadan
ancaq, bir yol,
bir ad qaldı əbədi…

Bu gün
Naxçıvanın dağları
onu tanıyır,
Araz onu xatırlayır,
sərhəd daşları
ona salam verir.

Çünki bəzən
bir ölkəni, bir xalqı
bir qadın xilas edir.

Bəzən
bir imperiyanı
bir cümlə dağıdır.

Və bəzən
zəmanənin Tomrisi
zamanın özündən
cəsur olur.
15.04.2025. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Səkinə Əliyeva (1925)

TARİXDƏ BU GÜN

Bu gün Naxçıvanın SSRİ-dən ayrılması ilə bağlı Muxtar Respublika Ali Sovetinin qəbul etdiyi qərardan 35 il keçir. 19 yanvar 1990-cı ildə qəbul edilən bu qərarla o vaxtkı Naxçıvan MSSR özünü rəsmən müstəqil elan edərək, Sovet imperiyasından ayrılan ilk respublika oldu.

Bu tarixi qərarın qəbulunda Naxçıvan Ali Soveti (indiki Ali Məclis) Rəyasət Heyətinin o vaxtkı rəhbəri Səkinə Əliyevanın əvəzsiz rolu olub. Moskva və Bakı rəhbərliklərinin təhdidlərinə baxmayaraq, Səkinə Əliyeva Naxçıvan Ali Sovetinin fövqəladə sessiyasını çağırır və çətinliklə də olsa bu qərarın qəbuluna nail olur.

O dövrdə belə bir qərarın qəbul edilməsi üçün Naxçıvan Ali Soveti deputatlarının 50 faiz + 1 iştirakı mütləq idi. Lakin imperiyaya sadiq deputatlar bu sessiyanın əleyhinə çıxır, təbliğat aparırdılar. Səkinə Əliyevanın qətiyyəti və cəsarəti sayəsində sessiya baş tutur. Gərgin keçən yığıncaqda tarixi qərar qəbul olunur və ilk dəfə Naxçıvan Televiziyasında elan edilir. Bu qərar Naxçıvanı beynəlxalq arenada tanıtdı və onun qadın rəhbəri Səkinə Əliyevanı məşhurlaşdırdı.

Fövqəladə sessiyadan bir neçə saat sonra Sovet ordusu Bakıda 20 Yanvar faciəsini törətdi. Bu hadisə həmin qərarın necə vaxtında və doğru qəbul edildiyini bir daha sübut etdi.

QƏARARIN SƏBƏBİ VƏ MƏZMUNU

1980-ci illərin sonunda SSRİ-də etnik münaqişələr və separatçı hərəkatlar baş qaldırmağa başlamışdı. Azərbaycan bu münaqişələrdən ən çox əziyyət çəkən regionlardan biri idi. Dağlıq Qarabağda ermənilər Azərbaycanın ərazilərinə iddia edir, SSRİ isə bu münaqişəyə lazımi reaksiya vermirdi. Bundan həvəslənən ermənilər sovet ordusunun dəstəyi ilə artıq Naxçıvana da hücum edirdilər. Nəticədə dinc sakinlər qətlə yetirilirdi.

1990-cı ilin yanvarında sovet ordusunun dəstəyi ilə Naxçıvanın Kərki kəndi işğal edildi. Bu hadisə Naxçıvan əhalisinin Sovet rejiminə qarşı nifrətini daha da artırdı. SSRİ-dən ayrılmaq fikri məhz bu hadisələrlə formalaşdı. Səkinə Əliyeva xalqın istəyinə arxalanaraq bu tarixi qərarın qəbul olunmasına nail oldu.

Qərarda SSRİ Konstitusiyasının 81-ci maddəsinə və Qars müqaviləsinə istinad edilərək, Naxçıvanın suverenliyi və ərazi bütövlüyünün qorunmadığı vurğulanırdı. Sənəddə aşağıdakı tələblər irəli sürülürdü:

Qars müqaviləsinə uyğun olaraq Naxçıvanın ərazi bütövlüyünü qorumaq üçün Türkiyəyə müraciət edilsin.
Yaranmış vəziyyətlə bağlı BMT, İran və digər dövlətlərə kömək üçün müraciət olunsun.
SSRİ qoşunları Naxçıvan ərazisindən çıxarılsın.
SSRİ rəhbərliyindən Naxçıvana edilən təcavüzə son qoyulması tələb edilsin.
Bu qərar dünyada böyük əks-səda yaratdı. Qars müqaviləsinin yenidən gündəmə gətirilməsi Naxçıvanın işğaldan qorunmasında mühüm rol oynadı. Tarixi qərar həm də Sovet imperiyasının dağılmasına təkan verdi.

SƏKİNƏ ƏLİYEVANIN SONRAKI TALEYİ

Səkinə Əliyeva 15 aprel 1925-ci ildə Naxçıvanda anadan olub. 1963-cü ildən 1990-cı ilə qədər Naxçıvan MSSR Ali Sovetinə rəhbərlik edib. 1990-cı ilin yanvarında qəbul edilən məlum qərar onu Sovet rəhbərliyinin hədəfinə çevirdi. Qısa müddət sonra o, vəzifəsindən uzaqlaşdırıldı və siyasətdən çəkildi. O, 2010-cu ildə, 85 yaşında Bakıda dünyasını dəyişib.

Səkinə Əliyevanın adı Naxçıvan və Azərbaycanın tarixində cəsarət və liderlik simvolu kimi xatırlanır. Onun qəhrəmanlığı nə vaxtsa tarix dərsliklərində də yer alacaq və gənc nəsillərə örnək kimi tədris ediləcək.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I