GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
YER CƏZA YERİDİR! Ey insan, unutma; Almanı xatırla, Adəmi xatırla, Həvvanı xatırla! * * * Ey insan, unutma; Əzanı xatırla, Qəzanı xatırla, Cəzanı xatırla! * * * Ey insan, unutma; Yer cəza yeridir! Yer cəza yeridir! Yer cəza yeridir! 14.09.2020. Bakı.
HERMAFRODİT Məchulsa, cinsi bir kəsin, Bəlkə, hermafroditdi… Adı yoxsa, bir nakəsin, Bəlkə, hermafroditdi… * * * Qışdı ya payız bilinmir, Qovun ya qarpız bilinmir, Oğlandı ya qız bilinmir, Bəlkə, hermafroditdi… * * * Adamdı, oyux bilinmir, Bordaxdı, burux bilinmir, Atdı ya ulax bilinmir, Bəlkə, hermafroditdi… * * * Şalğamdı, pazı bilinmir, Çoxu çox, azı bilinmir, Ördəyi, qazı bilinmir, Bəlkə, hermafroditdi… * * * Nə sudadı, nə quruda, Nə lildədi, nə duruda, Çatmayıb, qalıb boruda, Bəlkə, hermafroditdi… * * * Bilinmir hara malıdı, Ayağında at nalıdı, Qabağında it yalıdı, Bəlkə, hermafroditdi… * * * Halından halıdı Ustac; Dərdi böyük, dərdə möhtac, Nişanı var, ləçəkli tac, Bəlkə, hermafroditdi… 14.09.2020. Bakı.
– Salam, Şəlalə xanım! Necəsiniz? Bu rubrikamızda qonaqlar “MƏN KİMƏM?” sualını cavablandırırlar. Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Buyurun.
– Salam! Çox sağ olun. Təşəkkür edirəm. Maraqlı layihədir. Mən Şəlalə Camal 8 fevral 1993- cü ildə Bakı şəhərində dünyaya göz açmışam. Əslən Kəlbəcərliyəm. Uşaq yaşlarımdan yaradıcılığa meyilli olmuşam. Orta təhsilimi Bakı Şəhəri N.Nərimanov Rayonu Rafiq Nəsirəddinov adına 39 saylı tam orta məktəbdə almışam. Yazılarım məktəb qəzetlərində dərc olunardı. 2010 – cu ildən etibarən müstəqil qəzetlərdə fəailiyyət göstərməyə başladım. “Gün” qəzeti daha sonra isə “Həftə-Nedelya” qəzetində fəaliyyətimi davam etdirdim. Günün aktual mövzularını, o cümlədən Mədəniyyət və İncəsənət sahəsini işıqlandırdım. Foto – reportajlar hazırladım, tanınmış simalardan müsahibələr aldım. ADMİU – nun 90 illiyinə həsr olunmuş “ Kövrək duyğular “ kitabında da yazılarım dərc olundu. 2011 – ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissor sənəti” fakültəsinə qəbul oldum. Bu müddətdə “Həftə – Nedelya” qəzetində əsaslı işçi idim. Jurnalistikaya, yazıçılığa olan həvəsim təkcə qəzetdə deyil, həmçinin televiziya və radioda da baş tutdu. Paralel olaraq həmin ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC – də təcrübə keçərək ştatdankənar təcrübəçi kimi çalışmağa başladım. İxtisasca rejissor olduğum üçün, universiteti bitirdiyim il AzTV QSC – də Səsyazma sexində ilkin olaraq səs operatoru, qeyri – xətti səs montajçısı kimi çalışmağa başladım. Eyni zamanda Beynəlxalq Radioda müəllif olaraq materiallar hazırlayıb səsləndirdim. İşim daha çox komputerlə olduğu üçün komputer elmlərinə dərindən yiyələnmək üçün 2015 – ci ildə Azərbaycan Texnologiya Universitetində “ İnformasiya Texnologiyaları və Sistemlər Mühəndisliyi” ixtisasına daxil olaraq 2020 – ci ildə təhsilimi bitirdim. 2020 – ci ildə Azərbayacan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsinə daxil oldum. Həmin ildən “Psixologiya məktəbinə” – də paralel olaraq qəbul oldum və psixoloji bilik və bacarıqlarımı təkmilləşdirdim. Hazırda sözügedən universitetin və məktəbin məzunu, Beynəlxalq Radionun xarici dillərdə yayımlanan verilişlərinin rejissoruyam. İxtisasımı artırmaq, təkmilləşdirmək üçün müxtəlif dövlət qrumlarında, o cümlədən yerli və xarici seminarlarda müntəzəm olaraq təlim keçərək diplomlarla, sertifikatlarla qiymətləndirilmişəm. Bununla bərabər 525 – ci qəzet, Ədalət qəzetində və bir sıra mətbu orqanlarda da yazılarım dərc olunur. Qeyd edim ki, Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) üzvüyəm. Aşağıdakı təltiflərim var: Mükafatlar; “İlin yazarı” (2014), “ İlin Mədəniyyət Jurnalisti” (2014), “Qızıl Qələm” mükafatı laureatı (2016). Şəhadətnamə; Asan Xidmət və Təhsil Nazirliyi – Məktəblinin dostu ( master ). Sertifikatlar; Teleradio Akademiyası – Televiziya rejissorluğu və aparıcı – müxbir, Sivas Cumhuriyyet Universiteti – Mediya yapımcılığı, Nişantaşı Universiteti – Tv proqramı, Nirvana Akademi – Yaşam koçluğu eğitimi, GTC company – Psixologiya, Psixoloqların Həmrəylik Formu və s. Daim öz üzərimdə işləyir, cəmiyyətimiz və dövlətimiz üçün faydalı olmağa çalışıram. Bu qədər. Layihədə mənə də yer verdiyinizə görə bir daha təşəkkür edirəm. Çox sağ olun.
Dar günündə vətənin, Qeyrətini çəkənimiz İrəlidə tank belində, Düşmənə od verənimiz.
Fəxrimizsən, baş tacımız Qürurumuz, and yerimiz. Qorxmaza dayaq olan, Şəhid Rəsulzadə Təbrizimiz.
Adın gəzir hər yerdə Qorxu bürüyüb yad eli də. Duruşuna bizləri də, Həsrət qoyan Təbrizimiz.
Geyinəcəkdin bəy paltarın, Süzəcəkdin öz toyunda. İndi bulud arxasından, Süzüb gedən Təbrizimiz.
Bayraq olduz, enmədiniz. Şəhid olduz gəlmədiniz Azan olduz dinmədiniz, Vətən deyib ötən Təbrizimiz.
Bəli… Barəsində danışacağımız igid Qax rayonunun Cəlayir kəndinin mərd oğlu Şəhid Rəsulzadə Təbriz Əfrayim oğludur… Hardan yazaq, nədən başlayaq bilmirik.Hər insanın özəlliyi onu xüsusi, fərqli edir.Təbriz də, həmin o “Fərqli”lərdən idi… Dildə yox ha, həmin özəlliyi əməli ilə sübut edənlərdən idi.Şübhəsiz ki, bunu bütün xalq gördü… Bu cümlələr, tamamilə, pafosdan uzaq şəkildə yazılır. Bəlkə də çoxunuza tanış gəlir bu ifadə- “Elə bil, şəhidlik üçün seçilib gəlmişdi dünyaya.” Əxlaqi keyfiyyətləri, müsbət aurası, savadlı, bilikli, cəsur, intellektual olmağı ilə bütün kollektivin rəğbətini qazanmışdı Təbriz… Hə…O da əvvəlcədən hiss etmişdi , şəhid olacağını.Hətta qardaşına yazdığı mesajların birində bayrağa bükülü tabutda gələcəyini söyləmişdi… Cənab baş leytenant Təbriz Rəsulzadə anasızlığı yaşamışdı.Onu daha yaxşı tanıyanlar qeyd edir ki, anasının yoxluğundan sonra şəhidimiz daha da özünə və vətəninə qapanmışdı.Sanki, anasızlığın ağrısını öz peşəsini sevməklə, silahını, torpağını qorumaqla yadırğamaq istəyirdi. Sərvi boylu, sevgi çələngi yarımçıq qalan, nakam taleli qardaşımız idi Təbriz… Cəlayir kəndinin girişində, Şəhid Qorxmaz Əlizadə ilə bir fotosu var, adam hər gördükcə qürurundan sığmır özünə.O bayraqların əhatəsində özləri də, özləri ilə fəxr edir, əminəm… Qardaşının balaca balası Fatiməni doyunca bağrına basmadan, hələ lap gözəl günlər görmədən özünü torpağa yetirdi Təbriz. İndi kiçik Fatimə əmisinin şəkilləri ilə bəzədilmiş stola yaxınlaşıb, Təbrizin üz cizgilərini yadda saxlamağa çalışır.Axı, onun əmisi Şəhiddir, qəhrəman şəhiddir… Rəsulzadəyə bir bacıdan daha artıq olan Məryəm xanım, şəhidimizin əzizi, Fatiməmizin anası Dünya xanım hələ də Təbriz kimi oğulun yoxluğunu qəbul edə bilmirlər… Təbrizin cəbhədəki cəsur davranışlarından çoxları danışır.Hətta sevinirlər ki, məhz Təbriz kimi igidlə ünsiyyətdə olublar, bir çörəyi paylaşıblar, eyni qabdan su içiblər… Bir Türkçülük aşiqi, vətən sevdalısı idi Təbriz.Bozqurd işarəsi onun ən sevimli simvolu idi… Müharibə zamanı, bir çoxları kimi arxa cəbhədə olduğunu desə də, ən ön sıralarda düşmənlə üz-üzə vuruşurdu el oğlumuz… Heç gözünü qırpmadan, canını düşünmədən odun, alovun içinə atılmışdı… Aramızdan tez getdi, amma hamımızdan şərəfli bir yol seçdi özünə… Gəlin, şəhidimizin həyat yoluna nəzər salaq… Təbriz, Qax rayon Cəlayir kənd tam orta məktəbinin 9-cu sinfini 2008-ci ildə bitirmiş, həmin il Cəmşid Naxçıvanski adına Azərbaycan Ali hərbi litseyinə daxil olmuşdur.2001-ci ildə həmin litseyi bitirmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur.2015-ci ildə isə hərbi məktəbi başa vurub, hərbi fəaliyyətinə başlamışdır. Azərbaycan ordusunun baş leytenantı olan Təbriz Rəsulzadə 2020-ci il, sentyabr ayının 27-də Vətən müharibəsi zamanı müxtəlif istiqamətdə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur…
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Unutma, unutdurma… Ömür karvanı tez keçir, amma yaxşı insanlar hər dövrdə anılır!
OĞLUMLA SÖHBƏT -O səs nədi elə, Ana? -Oğul balam, yağış yağır. göydən yerə buludların toxuduğu naxış yağır. * * * Bu yağışla nur çiləsin taleyinə kaş ki, Tanrı! Sən xoşbəxt ol, mən də olum, ay ömrümün xoş nağılı! * * * -Bəs, o işıq nədi elə? -O da aydı işıq saçır. günəş batır, ayla ulduz gecələrə qapı açır. * * * Qoy, o işıq amalına, həyatına saçsın, balam! Uzaq olsun hər an səndən. şər, iftira, böhtan, yalan! * * * Bəs, o nəyin qoxusudu? -Pəncərəndə açan güldü, qoxusunu yayıb evə, gül də, sənə baxıb güldü… * * * Daha bəsdi, yataq oğlum, gül-çiçəkdən təmiz, balam! Gəl, bağrıma basım səni, doğma balam, əziz balam! * * * Niyyətlərim, arzularım sənə doğru, sənə bağlı! Bəlkə, sənə nağıl deyim, ay ömrümün xoş nağılı?! * * * Biri vardı, biri yoxdu… varım-yoxum sənə qurban! Hansın deyim, Məlikməmməd, Göyçək Fatma, yoxsa Cırtdan? * * * Yum gözünü, layla çalsın anan sənə həzin-həzin! Yaşayıram, üz-gözümə toxunduqca, tər nəfəsin. * * * Misralarım avazımla cingildəsin qulağında. Gül də açdı, ay da doğdu, yağış yağdı otağında… * * * Mahnı kimi, nağıl kimi ömrün olsun, noğul balam! Sən yat, çəkim mən keşiyin oğul balam, oğul balam! 25.08.2010.
DUYĞUNUN GƏLİNCİYİ Köhnə gəlincikləri Duyğu yığdı yanına. Əvvəlcə, əl gəzdirdi Onların paltarına. * * * Yuyub, qurutdu sonra, Düymələrini tikdi. Ayaqqabısın silib Üstünə boya çəkdi. * * * Saçlarını daradı, Üz-gözünü bəzədi. Sonra, kənardan baxıb Dedi: -Sanki, təzədi! 18.06.2015.
ƏLİSANIN KİTABLARI (Oğlumun “Kitab bayramına”) Əlisa kitabları Yığdı çantaya bir-bir. Bir az keçdikdən sonra Gördü ki, hay-küy gəlir. * * * Astaca qulağını Dirədi çantasına. Eşitdi hay- küy düşüb Onların arasına. * * * Dilləndi Ana-dili: -Mən Ananın dilliyəm, Bal-şəkər, şirin-noğul. Yazılıbdı sinəmə Şeir, tapmaca, nağıl. * * * Ataların sözünü Mən sizə yetirirəm. İşim, sifət, feillə Cümləni bitirirəm. * * * Dindi Texnologiya: -Uşaqlar görcək məni Açılır qaş-qabağı. Qayçı, yapışqan ilə Sevirlər oynamağı. * * * Rəngbərəng kağızları Doğrayıb, kəsib, burur. Plastilin xəmirdən Hərə bir dünya qürur. * * * Dilləndi İnformatika: -Kompyuter əsridi Bizim indiki zaman. Bunun üçün də məni Uşaqlar sevir yaman! * * * Sistem, blok, monitor, Qrafik, alqoritm. Yeni dərs üsuluyla Tutmuşam mən də ritm. * * * Dindi Həyat bilgisi: -Mənim vərəqlərimdə Bilirsiniz, nələr var? Canlı, cansız təbiət, Heyvanlar, bitkilər var. * * * Planet, yer kürəsi, Dənizlər, okeanlar. Yol qaydasın öyrənir, Məni tam oxuyanlar. * * * Dilləndi bu an Şahmat: -Uşaqların sevdiyi Ən gözəl kitab-Şahmat. Topla atəş açılır, Şahə qalxır köhlən at! * * * Fillə, vəzir yanında, Piyada öndə durur Bu oyunun qalibi, Şahı mat edən olur. * * * -Dindi İngilis dili: Beynəlmiləl ad alıb, Dünya belə danışır. Bu dil ilə ölkələr Tam qaynayıb, qarışır. * * * I am speak English, Salam verin:- Hello! Hay! Vell come, nise to meet you! Sağ olun! Sii of! Good bay! * * * Təsviri incəsənət dilləndi öz yerindən: -Uşaqlar qoymur məni, Əllərindən heç yerə. Quaş, pastel, boyayla Rəngləyib silə-silə. * * * Gördükləri nə varsa, Çəkirlər min həvəslə. Yaman maraqlanırlar Bu kitabla, bu dərslə. * * * Dilləndi Riyaziyyat: -Elmlərin şahıyam, Biliklərin açarı. Uşaqlar yaman sevir, Həndəsi fiqurları. * * * Vurma, çıxma, toplama Həll edirlər maraqla. Məntiq, misal, məsələ Gəl, bir məni varaqla! * * * Dindi bu an musiqi: -Çalğı alətlərini Uşaqlara danışdım. Azərbaycan himnini Əzbərlətdim, soruşdum. * * * Gah notdan, gah ritmdən, Gah muğamdan söz saldım. Şirin nəğmələrimlə Könüllərə iz saldım! * * * Dinləyib hamısını, Əlisa gülümsündü. Fikrə gedib bir qədər, Sonra astaca dindi: * * * -Dalaşmayın kitablar, Hamınızı sevirəm! Anam söyləyib mənə, Bunu çoxdan bilirəm. * * * Elm, savad kitaba Yazılan sözdən keçir. İşıqlı gələcəyə Gedən yol sizdən keçir! 20.05.2015.
ANAM NAĞIL DANIŞIR Biri vardı, biri yox… nağılların sayı çox. Atamın mərd elindən, anamın bal dilindən Dinləyib şirin-şirin. çox sevmişəm hər birin. * * * Yatmağa gedən kimi, hər axşam dönə-dönə, Anam başımın üstə nağıl danışır mənə. * * * Göyçək Fatmayla Cırtdan, cəsur Ağ atlı oğlan, Turp, Qoğal, Məlikməmməd, Tıq-tıq xanım və Əhməd, divlə, Qırmızıpapaq gəlirlər bizə qonaq. * * * Dərə keçir, düz aşır, yorulmadan danışır… Nağıl sona yetişir, göydən üç alma düşür. Anam söyləyir mənə: -Ay oğul, qurban sənə, payını saxlayıram, yat, dur sonra yeyərsən! * * * … Sabaha heç nə qalmır. Almaların hamısın anam yeyir, deyəsən? 16.06.2015.
TƏNBƏL RAFAEL Yaman səliqəsizdi Bizim Rafael yaman. Otağı qarış-quruş Olur baxsan, nə zaman. * * * Kitab divanın üstə, Döşəmədə dəftəri. Qələm, şəkil, saatlar… Bərbad gündə rəfləri. * * * Dəsmalı yerdə gəzir, Qırışdı paltarları. Heç narahat etməyir Onu, evin bu halı. * * * Elə ki, lazım olur Ona otaqdan nəsə. Axtarıb tapa bilmir, Hamı yığılır səsə: * * * -Kömək eləyin tapım, Dərsə yetişməyəcəm! Söz verirəm, otağı Gəlib təmizləyəcəm! * * * Elə ki, evə gəlir Hər şey çıxır yadından Tutacaq öz sözünü Nə vaxt, bu tənbəl oğlan?! 22.06.2015.
SEVGİSİZ YAŞASAM Yaxşılar fərqlənməz, pislər olmasa, Heç yağış yağarmı, bulud dolmasa? Əgər bu dünyada izim qalmasa, Yəqin ki, varlığım daşa dönərdi! * * * Axı, kim yamanlıq görüb dilimdən, Heç vaxt ayrılmaram doğma elimdən. Nə vaxtsa qələmim düşsə əlimdən, Hər kəlməm gözümdə yaşa dönərdi! * * * Tənhalıq adamın qəddini bükər, Dərd-qəm sınıq qəlbi min səmtə çəkər. Bircə an sevgisiz yaşasam əgər, Ömrüm bir şaxtalı qışa dönərdi!
SƏNDƏN XATİRƏDİR SƏNSİZLİK MƏNƏ Bilmirəm sən niyə xəbərsiz getdin, Qoydun ürəyimdə neçə iz,-getdin. Son dəfə üzümə baxmayıb,düz getdin, Döndünmü zülmətdə dumana-çənə – Səndən xatirədir sənsizlik mənə! * * * Əllərim arxanca uzalı qaldı, Həsrətim kölgənə qısılıb qaldı. Eşqim göz yaşımdan asılb qaldı, Ürəyim gör necə sızlayır yenə – Səndən xatirədir sənsizlik mənə! * * * Adını qəlbimdən de, necə silim, Keçir dərd içində hər ayım, ilim. Hələ də sabaha çatmayır əlim, Üzümü tutmuşam hər ötən günə – Səndən xatirədir sənsizlik mənə! * * * Elə zənn etmə ki, dönmüşəm yada, Ülvi bir sevgini vermərəm bada. Əllərim əlinə toxunmasa da, Adını anıram hey dönə-dönə – Səndən xatirədir sənsizlik mənə!
İNDİ MƏNSİZ NECƏSƏN… Bu ayrılıq ürəyinə yatdımı, Ahım-naləm görən sənə çatdımı? İşıq saçan bəxt ulduzun batdımı, Zülmətəmi çevrilmisən gecə sən – Söylə görüm, indi mənsiz necəsən? * * * Bilə-bilə saf eşqimi tapdadın, Gedib döndün girovuna sən yadın. De, başında çatladımı inadın, Bir vədələr sığınmışdın gücə sən – Söylə görüm indi mənsiz necəsən? * * * Bəxtinləmi de vermişdin səs-səsə, Mat qalmışdım belə gizli həvəsə… Bir ayağın qaçaq idi nədənsə, Barı qaçıb qoşuldunmu köçə sən – Söylə görüm, indi mənsiz necəsən? * * * Daha mənə deyiləsi sözün yox, Ürəyində bircə qalam közün yox. Danışmağa bəhanən yox, üzün yox, İstəmirəm ta qarşımdan keçəsən – Baxıb deyəm, indi mənsiz necəsən?
ƏHSƏN HÜNƏRİNİZƏ (Qazilərimizə həsr edirəm) Vətənin ən ağır günlərində siz, Şəhid olmağa da hazır idiniz. Düşmən çökən kimi qarşınızda diz, Nur saçdı odunuz-közünüz sizin! * * * Vətən dünya boyda ürəkdi-candı, Torpaq qorunanda yurddu-məkandı. Deyəndə, “Qarabağ Azərbaycandı”! Yayıldı hər yana sözünüz sizin! * * * Heç vaxt qeyb olmasın gözdə nurunuz, Zəfər sevinciniz bəhrə-barınız. Qoy, qaysaq bağlasın yaralarınız, Gülsün zaman-zaman üzünüz sizin! * * * Haqq yolunda hər əzaba dözdünüz, Yağıların bənd-bərəsin kəsdiniz. “Dəmir yumruq”la düşməni əzdiniz, Dil açdı hər yanda iziniz sizin!
20 YANVAR ŞƏHİDLƏRİ Qarlı-zülmət bir gecədə nur saçdılar, Yağılarla ərən kimi savaşdılar. Azadlığa gedən yoldan söz açdılar – 20 Yanvar şəhidləri! * * * Paytaxt Bakı dönəndə qan dənizinə, Bələd olduq imperiyanın iç üzünə. Çevrildilər bəxtimizin gündüzünə – 20 Yanvar şəhidləri! * * * Nalə qalxdı asimana, üzüldü can, Hər tərəfə yağış kimi çiləndi qan. Ulu xalqın yaddaşında təzə ünvan – 20 Yanvar şəhidləri! * * * Namərd düşmən düşsə də qara niyyətə, Məğlub oldu el gücünə, əzəmətə. Alnı açıq üz tutdu əbədiyyətə – 20 Yanvar şəhidləri! * * * Biz bu dərdi daşısaq da aya-ilə, Matəm rəngi ta yaraşmır qərənfilə. Nəğmə kimi düşübdülər dildən-dilə – 20 Yanvar şəhidləri!
DANIŞIR MƏNİMLƏ KÖHNƏ ŞƏKİLLƏR Nə gün-günə bənzər, nə də il-ilə, Hər çiskin çevrilmir yağışa, selə. Kövrək xatirələr gələndə dilə Elə bil geriyə qayıdır illər – Danışır mənimlə köhnə şəkillər! * * * Uşaqlıq çağımdan söz açır şəklim, Cavanlığım kimi nur saçır şəklim. Gah gözə görünür, gah qaçır şəklim, Yaxamdan yapışıb dartanda əllər – Danışır mənimlə köhnə şəkillər! * * * Hər biri saralıb solan varaqdı, Sükuta qərq olan səsdi-soraqdı. Piltəsi közərən şamdı-çıraqdı, Titrəyir yarpaqtək əsdikcə yellər – Danışır mənimlə köhnə şəkillər! * * * Yaddaşım çatsa da hərdən dadıma, Kim çəkibsə, düşmür adı yadıma. İsinəndə közərtimə-oduma, Qəlbimdə gizlicə titrəyir tellər – Danışır mənimlə köhnə şəkillər! * * * Seymuru sızladan alovdu-közdü, Üstünü qar örtmüş cığırdı-izdi. Dumanlı-çiskinli pərişan üzdü, Dəyişə bilməyir səmtini sellər – Danışır mənimlə köhnə şəkillər!
VƏFASIZ QIZLARI SEVMƏYƏ DƏYMƏZ Tərsinə fırlanır dünyanın oxu, Bir ümid dalınca yollanır çoxu. Atalar əzəldən deyibdir axı, Dönük üzlü bəxti ha axtar, ha gəz – Vəfasız qızları sevməyə dəyməz! * * * Bəzisi tez çıxır haqqın yolundan, Büdrəsən yapışmaz sənin qolundan. Yansan da xəbəri olmur halından, Halal süd əmmişə heç varmı əvəz – Vəfasız qızları sevməyə dəyməz! * * * Etdiyin səhvləri gəl, azca bələ, Kim bilir qabaqda nələr var hələ. Yüz yol öz-özünü danlasan belə, Gecikmiş etiraf solğun bir həvəs – Vəfasız qızları sevməyə dəyməz! * * * Adam var, astarı üzündən baha, Hər vaxt beləsindən uzaq qaç daha. Odunu-közünü saxla sabaha, Bil ki, ülvi sevgi qəddini əyməz – Vəfasız qızları sevməyə dəyməz! * * * Seymur az görməyib işin tərsini, Bir addım atanda düşün ger(i)sini. Nə vaxtsa həyatadan alsan dərsini, Baxıb görəcəksən ya gec, ya da tez – Vəfasız qızları sevməyə dəyməz!
DOĞMA YURDUM-MƏSKƏNİM Ana Vətən, şan-şöhrətin yayılıbdır hər yana, Əzəl gündən sığınmışam sənin doğma qoynuna. Qollarımı gеniş açıb qoy, sarılım boynuna, Sənsən mənim yer üzündə qanad açan yelkənim – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim! * * * Hər ürəkdə məhəbbətin, bir əbədi izin var, Odlu qəlbin, isti qoynun, al günəşli izin var. Varlığından soraq verən, neçə-neçə sözün var, Yenilməyən əzəmətim, varlığımsan sən mənim – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim! * * * Zaman-zaman gözlərini qamaşdırdın yadların, Tükənməyən xəzinədir, həm sərvətin, həm varın! Göz oxşayır qarlı qışın, gül-çiçəkli baharın, Həm yamyaşıl yarpağımsan, həm də göyərən dənim – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim! * * * Sabahından söhbət açır, dalğalanan bayrağın, Nə gözəldir ürək açan, qəlb oxşayan növrağın! Zəfərindən soraq verir xoş müjdəli hər çağın, Seymur deyir, qoy daşına-torpağına mən dönüm – Azərbaycan, od-ocağım, ulu yurdum, məskənim!
YAŞIM ÖTÜB Hanı sevgin, hanı əhdin, ilqarın? Hanı sənin yenilməyən vüqarın? Hanı ürəyində qalan qubarın? Yaşım ötüb deyə üz döndərirsən. * * * Əvvəl mənlə əhdi-peyman bağladın, Ayrılsan da ürəyində ağladın. Heyif sənə bu yaşımda bağlandım, Yaşım ötüb deyə üz döndərirsən. * * * Kaş geri dönəydi sənli günlərim, Mənimlə saralıb, soldu güllərim. Salam ver, havada qaldı əllərim, Yaşım ötüb deyə üz döndərirsən. * * * Hanı andın, sənki məni sevirdin?! Səni sevdiyimi yaxşı bilirdin. İndisə olmusan, sən mənə düşmən, Yaşım ötüb deyə üz döndərirsən. * * * Tanrım salar səni min bir oyuna, Baxmaz baharına, baxmaz yayına. Lənət gəlsin bu cür sevgi payına, Yaşım ötüb deyə üz döndərirsən. * * * Məndən ayrılmağın olacaq gizli, Ürəyimdə sevgim varsa təmizdi. Allahın qarğışı tutacaq bizi Yaşım ötüb deyə üz döndərirsən.
UNUDUM GƏRƏK (Nüsrət Kəsəmənlinin şeirindən ilhamlanaraq) Mənə “ ayrılırıq”, “unut” deyirsən, Sənli günlərimi yox edim gərək. Sən mənim özümsən bunu bilirsən, Unutsam özümü unudum gərək. * * * Hər gecə yuxuma gizli gəlirsən, Döyünən qəlbimin sevgisi sənsən. Sən mənim yuxumun şəhzadəsisən, Unutsam yuxumu unudum gərək. * * * Allahdan arzumdur geri dönəsən, Xoşbəxt anlarını birgə böləsən. Heyif ki, sən mənə unut deyirsən, Unutsam dünyamı unudum gərək. * * * Sevgin məni şair etdi biləsən, İstəyirəm göz yaşımı siləsən. Axı niyə mənə unut deyirsən? Unutsam hər şeyi unudum gərək.
YUXU Hər gecə yuxuma gizli gəlirsən, Bu ki, həqiqətdir, yuxu deyilsən. Gizlincə durursan bir qıraqda sən Bəlkə də özünsən bildirməyirsən. * * * Oyatma sən məni yuxudayam mən, Dünyanın ən şirin yuxusundayam. Yuxuda görürəm bir sən, bir də mən, Sevgi körpüsünün ortasındayam.
GEDİRƏM Yoluma bax gizli-gizli köks ötür, Ürəyində qubar bağla, gedirəm. Gəlib ürəyimi təkcə sən götür, Yasıma gələrək ağla, gedirəm. * * * Ürəyim çırpınır quş qəlbi kimi, Artıq günəş belə üşüdür məni. Xətrimə dəymisən, neynirəm qəmi? Yasıma gələrək ağla, gedirəm. * * * Məktubları saxla, qoy yadigar olsun, Sevgilim deyirsən, qoy xitab olsun, Qəlbin başqasına qoy mehtab olsun, Yasıma gələrək ağla, gedirəm. * * * Başım gicəllənir, görmürəm heç nə, Yanımdan beləcə ötəri keçmə. Sevgi şərabından sən hələ içmə,. Yasıma gələrək ağla, gedirəm. * * * Yenə səni xoşbəxt görmək istərəm, Uşaq kimi coşub-çağla gedirəm, Məni heç düşünmə, amma bircə gün Yasıma gələrək ağla, gedirəm.
HEÇ OLDU Mən aşiqdim, bir cavana vuruldum, Könlün alım deyə ona qul oldum. Ürəyimdə sevinc əkdim, qəm bitdi, Nalə çəkdim iztirabım heç odu.
NİYƏ MƏNDƏN KÜSMÜSƏN? Leylidən, Məcnundan söylədin mənə, Sevirəm deyərək yanaşdın mənə. Gizli-gizli girdin sevən qəlbimə, Söylə indi nədir məndən küsmüsən? * * * Hündür zirvələri tən yaratmışam, Qara saçlarımda dən yaratmışam, Bu sevda yolunda “Sən” yaratmışam, Söylə indi nədir məndən küsmüsən? * * * Həyatda qəlbimi sənə vermişəm, Tək sənə inanıb, səni sevmişəm. Tanrıdan tək səni istəmişəm mən, Söylə indi nədir məndən küsmüsən? * * * Sabahdır, ağladım bütün gecəni, Düşündüm eləcə olub keçəni. Sevənlər də günahlardan keçəndi, Söylə indi nədir məndən küsmüsən? * * * İncisəm də səndən küsən deyiləm, Özümü doğrayıb, kəsən deyiləm. Sünbülün mən idim, süsən deyiləm, Söylə indi nədir məndən küsmüsən? * * * Dərdimi, qəmimi sənlə bölərəm, İnan bu həyatda sənsiz ölərəm. Həyatın mənası səni bilərəm, Söylə indi nədir məndən küsmüsən? * * * Qəribə bir eşqə düçar olmuşam, Qıfıllı qəlbinə açar olmuşam. Günəştək istilik saçar olmuşam, Söylə indi nədir məndən küsmüsən? * * * Küsməyinin səbəbi olmalıdır, Bu sevən gözlərim kor baxmalıdır. Bu ömrüm ömrünə yar olmalıdır, Söylə indi nədir məndən küsmüsən? * * * Ərşə çəkildi yuxu gözlərimdən, Taqət düşdü bu duran dizlərimdən. İncimisən de hansı sözlərimdən? Söylə indi nədir məndən küsmüsən? * * * Böyük tarixim var səninlə birgə, Hörmətim, sevgim var səninlə birgə. Həyatda böyüdüm səninlə birgə, Söylə indi nədir məndən küsmüsən? * * * Ürəyimi aldın, qaytar demədim, Sevgimi yad qızda axtar demədim. Mən sənə, “Axtaran tapar” demədim, Söylə indi nədir məndən küsmüsən? * * * Sənin sevgin məni Leyli eylədi, Qəməri təqvimi Hicri eylədi. Əsli də Kərəmi yanar eylədi, Söylə indi nədir məndən küsmüsən? * * * Hər şeyin səbəbi olmalıdır, bil, Ağlasam gəl yenə gözlərimi sil. Məcnunun sevdası itəcək deyil, Söylə indi nədir məndən küsmüsən? * * * Şəlaləyəm, üzüm güldü səninlə, Qəlbindəyəm, qəlbin səsini dinlə. Sənsiz ömrüm hədər oldu qəminlə, Söylə indi nədir məndən küsmüsən?
GÖZƏL Gözə gələrsən, gözəlim, Gözlərin gözəldi sənin. Gözəllərdən seçilirsən, Sənə baxır bu gözlərim.
APARIR MƏNİ Bu necə sevgidir üzür qəlbimi, Ağlayıram hər gün düşünüb səni, Bacarmıram ürəyimlə deyəsən, Sevgim uçuruma aparır məni. * * * Şirin candan keçərəm, bil, səninçün, Dözərəm hər əzaba səninçün. Son qoyaram bu həyata səninçün, Sevgim uçuruma aparır məni.
ƏZƏLİ, YA ƏBƏDİDİR? Bu sevgidə ikimiz də günahkarıq, Yaşamaqçün səbəbimiz de nədir? Yaşamağa ikimiz də inadkarıq, De sevgin əzəli, ya əbədidir? * * * Heç biri,.. demək ki, bir variant var, Sevgiylə oynamaq, tez atmaq da var. Sevməyəndə qəlbi oyuncaq etmək, Sevənlərdə sevgi yaratmaq da var. * * * Hardan girdin ürəyimə bilmədim, Həyatımda sən olandan gülmədim. Mən sənin sevgini oyun bilmədim, De sevgin əzəli, ya əbədidir? * * * Yaratmaq eşqilə yaşayıb yazdım, Səni sevib tez də yolumu azdım. İstədim məktubda bir sual yazım, De sevgin əzəli, ya əbədidir? * * * Eşqindən şamların başına dönüb, Pərvanə olmuşam, səni düşünüb. Sual verəcəyəm, qəlbinə düşüb, De sevgin əzəli, ya əbədidir? * * * Bu həyatdan köçsəm, bil, üzülmərəm, Ürəyimi qəm oduyla üzmərəm. Gözlərimə kədər yaşı düzmərəm, De sevgin əzəli, ya əbədidir? * * * Ayları qatmışam artıq illərə, Səs-sədam düşübdü indi ellərə. Pərişan – pərişan düşüb çöllərə, De sevgin əzəli, ya əbədidir?
GİZLİ Sən getdin, “Əlvida” deyərək mənə, Getdiyin yollara baxıram gizli. Daha gücüm çatmır bir də sevməyə, Getdiyin yollara baxıram gizli. * * * Qarşında diz çöküb ağlamayacam, Ölsən yasını da saxlamayacam. Alışdım, bird aha odlanmayacam, Getdiyin yollara baxıram gizli. * * * Ayrılıq, amma ki, sevmişəm düzü, Əlvida olmuşdu sənin son sözün. Nədən sevmədinsə yaşardı gözün? Getdiyin yollara baxıram gizli. * * * Hərdən yuxularıma girəndə mənim, Qəlbimi odlara yaxıram gizli. Ağrıdı həmişə yandı bu qəlbim, Getdiyin yollara baxıram gizli. * * * Ayrılmayaq, yalvarmışdım Allaha, Qələm də mürəkkəb axıtmır daha. Saxta məhəbbəti satmışdın baha, Getdiyin yollara baxıram gizli.
CAN DİLƏ Sevgi üçün candan keçib can dilə, Xəstə oldum, bağlanıbdır can dilə. Şirin sözün ilan çıxardar qından, Gərək bu dil cana yetsin, can dilə.
DE NİYƏ? Nə oldu ki, ayrılırıq biz indi? Ağlamağa tab gətirmir göz indi Danış bilim, de mənə bir söz indi, Aramızdan yel də əsmir de niyə? * * * Ayrılırıq, dözə bilmirəm buna, Sevgimi sən indi yetirdin sona Qəlbimi vermərəm yad bir oğlana Aramızdan yel də əsmir de niyə? * * * Qəlbim quş qəlbitək indi döyünür, Sevənlərə baxıb hər kəs öynür, Məhəbbətim kəmmi gəldi sevəndə? Aramızdan yel də əsmir de niyə? * * * Darıxdığım zaman təsəllim olmur, Ağlayıram amma gözlərim dolmur, Əllərim əlinə dəyməyib donur, Aramızdan yel də əsmir de niyə?
QOCALMA SEVGİLİM Mən səni sevmişəm ömrüm uzunu, Həyatda sevgi də, nifrət də olar, Dəyişərəm ölsəm alın yazımı, Qocalma, sevgilim, qocalma, nolar. * * * Gözünə nur gəlsin, qoluna qüvvət, Dilinə söz gəlsin, dizinə taqət. Heç zaman ölməyər sevgiyə hörmət, Qocalma, sevgilim, qocalma, nolar. * * * Heyif deyilmi ki, cavan qalasan, Bil ki, istəyirəm qocalmaysan. Hətta istəyirəm mənlə olasan, Qocalma, sevgilim, qocalma, nolar. * * * Qocalsan saçına vaxtsız düşər dən, Qəlbində olmasın nə kədər, nə qəm, Uşaqlıq sevgimsən, deyirdim hərdən, Qocalma, sevgilim, qocalma, nolar. * * * Mən uşaq, sən isə yetkin bir gəncdin, Mənim ürəyimi kədərlə sancdın. Bəlkə də mənimçün adi inancdın, Qocalma, sevgilim, qocalma, nolar. * * * Səni gördüm, sanki dünyam dəyişdi, Ürəyimdə bil hisslərim dəyişdi. Aradan vaxt keçdi, zaman dəyişdi, Qocalma, sevgilim, qocalma nə olar. * * * Sevgi əzabından uzaq olacam, Kədər yuvasında boş qalacağam. Dizinə baş qoyub çox yatacağam, Qocalma, sevgilim, qocalma nolar. * * * Ürək dəftərindən adımı silmə, Zəmanə tez keçir, bil, ilmə-ilmə. Qocalıq nə şeydi sən hələ bilmə, Qocalma, sevgilim, qocalma nolar. * * * Mən bir dilənçiyəm, sənə əl açıb, Sevgimi geriyə istəsəm olar? Xatırımdə ancaq məhəbbət qalar, Qocalma, sevgilim, qocalma nolar. * * * Unutma, tənhalıq yıxar evini, Hələki cavanlıq yaşadır səni. Mən hələ görmədim eşqin məhvini, Qocalma, sevgilim, qocalma nolar. * * * Sən məni atmısan, unutma ey yar, Sevgiyə dönüklər sayılar əğyar, Həyat gözlərində görünəcək dar, Qocalma, sevgilim, qocalma nolar. * * * Cavansan, çalış ki, xoş yaşayasan, Qocalıq barədə düşünmə hələ, Nə badə bir daha qocalmaysan Qocalma, sevgilim, qocalma nolar. * * * Qoy nəzər dəyməsin gözəlliyinə, Sən hələ cavansan, qal həmişə belə. Qocalıq kəlməsin gətirmə dilə, Qocalma, sevgilim qocalma nolar.
FIRLANIR DÜNYA Canlı dediyimin gəlir yuxusu, Təkcə oyaq qalan hava, torpaq,su. Əbədi olan var,Allah duyğusu Fırlanır dünya. * * * Göylər ulduzların can otağıdır, Günəş kainatın boyunbağıdır. Fələyin baş qatan oyuncağıdır Fırlanır dünya. * * * Ölümün himnini mələklər yazır, Doğulan hansıdır,ölən hansıdır. Bu dağlar,dərələr köç qapısıdır Fırlanır dünya. * * * Qara nədi,sarı nədi,göy nədi, Arzularım budaq üstə göynədi. Bu həqiqət lap qədimdən köhnədi Fırlanır dünya. * * * Bir ruhun adamı zamana tanış, Hələ yollardadır bir aldadılmış. Bir üzündə bahar,bir üzündə qış Fırlanır dünya. * * * Ehey,səninləyəm piyada qalan, Torpağa səpdiyin bir ovuc yalan. Büdrəyib, yıxılan, qovan, qovulan Fırlanır dünya.
MƏN O QATARDAYAM Bu loğman misallı ulu təbiət, Elə qurulub ki, başdan, binadan. Təsvirə gəlməyən odur həqiqət, Varlıqlar bəxş edir bircə damladan. * * * Buludlar qışqıran, yeriyən dəniz Qaranlıqla işıq bir, birinə tən. İşıqdan xəlq olur min fikir, min söz, Nə varsa torpağa gəlir göylərdən. * * * Açmır qollarını duyğuya şərik, Nə solduran payız,nə çiçəkli yaz. Görə bilmədikcə adiləşirik Qələmə gəlməyən idraka sığmaz. * * * Küləklər əsdikcə tufan qoparır, Ümmana çevrilir axdıqca sular. Başqa qiyafədə geri qaytarır, Ölüm məkanına aparan yollar. * * * Külli kainatı bizə oxudan Təbiət özüdür,borcluyuq ona. Baxıb şükr edirəm,durub yuxudan, Yeni səhərlərin doğulmasına… * * * Hər şey yuxu kimi ötüb keçdisə, Bəs nədən həsrətin yanağı solmur. Açıb ürəyini kövrələn səsə, Təzədən sevgiyə qayıtmaq olmur. * * * De,qəmgin gözlərin nə deyir mələk, Kölgən çinar kimi bitib yollarda. Buradan bir qatar ötüb,keçəcək Mən o qatardayam, mən o qatarda.
ADSIZ QALAN ADAM HEY Sən çəkdiyin üzümdəki hər qırış, Həyat,ölüm arasında qara xətt. O xəttlər ki,qəlb üşüdən qarlı qış, Bir iz salıb ürəyimə hələ vəd. * * * Boz səhralar gözümdən su içələr, Tufan kimi daşı daşa döyürdüm. A vaysınıb boyun bükən sərçələr, Yolu yığıb ilmə,ilmə əyirdim. * * * Bu zəmidən yalan keçib adı yox, Dənsiz qalan bu kuləşi günə sər. Bu ocağın istisi yox,odu yox Qara tüstü göy üzündə bitən şər. * * * Bu çınardan əllərini daha üz, Son salamı namə kimi gətirdim. Dilimin ucunda gəzdirdiyim söz, Səni də yollarda salıb itirdim. * * * Söz qarımış,tükəndisə söz daha Unutduğun öz zilindir,öz bəmin. Yüz illərdir mən qovduğum günaha, Tanış gəlir o duruşun,görkəmin. * * * İtirə-itirə öldüyüm yetər, Atsız qalan,adsız qalan adam hey. Fəryad edib,şivən çəkib,quş ötər, Dədəm Qorqud qopuzunu çalan hey.
ƏBƏDİ İŞIQDIR SÖZÜN BƏZƏYİ Yağış səpələməz bulud dolmasa, Sirli mənalardır yaşadan bizi. Sevgi də dogulmaz işıq olmasa, İşıqda görürük bir-birimizi. * * * Hər şey təbiətin bir təkrarıdır, Doğan səhərləri düşün bir anlıq. Zülmət gecələrin öz oxşarıdır, Ürəkdə tutqunluq, gözdə qaranlıq. * * * Sevgi pıçıldayan ay isığıdır, Günəş qonaq gəlib dur aç qapını. Sevdiyim,gecənin hıçqırığıdır, Unudaq bir qəmin əzablarını. * * * Sevdiyim,işıqla qoşa şəkil çək Götür ümidimi apar bir yana. İşığı sevirəm elə sənin tək, Gəl-gəl nur ələyim baxışlarına. * * * Əbədi işıqdır sözün bəzəyi, İşığa toxusun qoy ömrümüzü. Qaranlıq olsa da həya örpəyi, İşıqda görürük bir-birimizi.
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.