Onun yenicə işıq üzü görmüş “Üşüyən şeirlər,…” kitabındakı poetik duyğularını ələk-vələk eləməyə başlayandan az sonra məşhur rus ədəbi tənqidçisi V.Q.Belinskinin bir fikrini xatırladım. Onun yeni kitabında nəzmə çəkilən mətləblər Belinskinin fikirləşdiyi kimidir: “Poeziya həyatı bir imkan kimi yaradıcı surətdə yenidən yaratmaqdır”… O da yaradır. Bu yaradıcı insanın lirik düşüşüncələrini, həyata, ömrə, mənəvi dəyərlərə münasibətini cilalayan məqamlardan, bəlkə də birincisi doğulduğu, yetkinləşdiyi, fəaliyyətdə olduğu mühitdir. Şair, yazıçı, pedaqoq, dövlət idarəetmə orqanlarında müxtəlif vəzifələrdə işləyən Adilə xanım Aslanova Azərbaycanın ecazkar – Yaradanın ovqatının ən xoş vaxtında yaratdığı bir guşəsində – axarlı-baxarlı, qızılgül ətirli, qoca Qafqazla qol-boyun dayanan, müxtəlif etnoslara qucaq açan vüqarlı, məğrur, Adilə xanımın təbiriylə desək, “kiçik Paris”də – Zaqatalada dünyaya göz açıb. Onun Zaqatalası da bir obrazdır, “dağa söykənən şəhərdi, bir əzəmət heykəli”dir. Həmişə düşünmüşəm ki, Vətənimizin ən mərhəmətli, qayğıkeş, tolerant insanlarının yaşadığı ərazilərindən öndə gedəni Şimal-Qərb bölgəsidir. Orada yaşayanların insansevərliyi buna əyani sübutdur. Çoxları dünyanın cənnət yerlərini Alp dağlarının ətəklərində, Balkan yarımadasında axtarır. Zaqatalanı görənlərin gözündə Alp dağlarında gördükləri mənzərələr adiləşir. Zaqatala elit şəhərdi – insanları, təmizliyi, saf havası və suyu, həyatverici təbiəti, min nemət yetirən torpaq-bitki örtüyü ilə. Sadaladığım bu dəyərlər Adilə xanımın şəxsiyyətinin və poetik dünyasının mükəmməlliyində özünü bariz göstərir. O, duyğularını özününküləşdirməyi bacarır, sözlərdən özünəxas, təkrarsız nümunələr yaradır. Səmimilik hər misranın yükünü artırır, sözə can verir, sözsevərləri sözün sehrinə salır. Ayrı-ayrı şeirlərdən ayrıntılara diqqət edək:
Gecə tərin tökür nəm şüşəmizdə… Küçə ayağına dar olmadı ki?!. Məzar daşı kimi soyuq əllərim… Yuxular gecənin dəm qonağıdır… Ürək dönüb indi qəbir qazana… Ağlayan daşlardan yer atlaz olur…
Belə nümunələri çox seçmək mümkündür. Lirik düşüncələri orijinaldı. Hiss olunur ki, həmişə axtarışdadı. Uğurlu sözü tapanda ağuşuna alır, sevinir, özü olur, mənəvi övladıdır axı. “Üşüyən şeirlər,…”in redaktoru və ön sözün müəllifi qazi zabit, şair, esseist, publisist Rəfail Tağızadə yazır: “Adilə xanımın şeirlərində elə məqamlar var ki, ordan sakitcə keçə bilmirsən, şeir, fikir səni tutub saxlayır. Adilə Aslanova hansı mövzuya əl atırsa, orda özünəməxsus nümunə yarada bilir. Oxucu onun şeirlərindəki sadəlikdən həzz alır. Darıxmır, yorulmur”. Adilə Aslanovaya görə “Vətən çəhrayı bələkdən başlayr!”. Uğurlu bənzətmə, tapıntıdır. O, vətəndaşdı, vətənsevər söz adamıdı. Vətən dar gündə olanda kədərlənən, ona hayan olmağa çalışan, şad günündə uğuruna sevinən el, oba, yurd Vətən qızıdı. “Azərbaycan, Zəfər Günün mübarək”, “Azərbaycan əsgəri”, “Yaşayan şəhid”, “Xocalıya açılacaq bu sabah”, “Torpağım şəhid-şəhid”, “Şuşa” və digər şeirlərində onun bir gözü gülür, o birisi göz yaşı tökür. Sevinir ki,Vətən oğlu “qələbəylə ibrət verdi düşmənə”. Sevinir ki:
Öz halal torpağına Yad quş da səkə bilməz! Sən varsan, azadlıq var, Bu yurdun qeyrətini Heç vaxt yad çəkə bilməz! Sən mənim torpağımın Şanı, fəxri, hünəri, Azərbaycan əsgəri!
Kədərlənir ki:
Sağ qalan şəhidlərin, Ayaqları, qolları, Görən gözü asılıb Şəhid məzarlarından! Dil açmamış körpəmin, Müəmmalı baxışı, Gələcək sualları, Donub, asılı qalıb, Şəhid məzarlarından!
Həyat başdan-başa müəmmadı, sirdi, sehirdi, labirintdi. Bu burulğanların, keçilməzliklərin caynağında kimsə bu gününü alqışlayır, kimsə də qarğış atəşinə tutur. Bu təzadların içində yaşamaq, əlbbəttə, asan deyil. Kimi şükranlıqla yaşayır, kimi də ömrünə, gününə, ömür-gün yoldaşına lənət oxuyur. Adilə xanım lirik qəhrəmanı qadının hər halını duyur, anlayır. Çünki həyatın sınaqlarından halıdır, anadı, nənədi, ləyaqətli Türk xanımıdı. Ona görə də həmcisinin durumunu başa düşür, sözlə ifadə edir:
Yaxında qonşu qadın Ərini qarğıyırdı. Tənha qalan bir qərib – Dul gəlin ağlayırdı.
Küçədə “xoşbəxt” itlər Kimə gəldi hürürdü. Kif basmış boz ümidlər, Küçələrdə ölürdü.
Onun lirik qəhrəmanlarından çoxu qadındı – “solğun tellərinin boyası gedən, əyilə bilməyən, sına bilməyən, küskün taleyilə abır həyasına, soyuq kədərinə qısılan qadın, ötmüş qatarından sarsılan qadın”. Bu hissləri fenimizm kimi, qadın təəssübkeşliyi, gender bərabərliyi axtarışı kimi anlamayın. Adilə xanım daha geniş əhatəli, daha bəşəri düşünür. O, harda zorakılıq, zülm, ədalətsizlik varsa ordadır, hansı cinsin nümayəndəsinə qarşı qeyri-humanist münasibət görsə, sakit dayana bilməz. Söz adamı həm də haqq-ədalət tərəfdarı, zamanın, insanın nəbzini tuta bilən, dəqiq ölçən barometr olmalıdır. Adilə xanımın bir qanunu var: sözə könül verən kəs nə “yazırsa, yaxşı yazmalıdır”. O, “qüruru məhbəsdə həbs olan qadının” daxili dünyasındakı təlatümləri görür:
Adilə Aslanova söz adamı kimi qarşısına bir məqsəd qoyub – “ömrün çətin düyünlərini açmaq”. Ona görə də “qanqalı da tər bənövşə qoxuyan” ömrün “zəhərini də şərbət bilib içmək” cəsarətindədi. Həm də mərhəmətlidi, “körpü salır” ömrün “həsrətindən, acısından”. Ancaq o körpü “Sirat deyil, tez ol, yüyür, keç görüm” düşüncəsi ilə bəşər övladını qorumaq istəyindədi. Bu qayğının, yanğının, humanistliyin vəhdətində bir ömür boyu “mən” axtarır. O aliliyi, əzəməti, mükəmməliyi tapır və sözə çevirir. Uğurlu söz axtarışları zamanı həmişə özüylədöyüşdədir, hər an özünə hesabat verir:
Möhtəşəm olurmuş sevilən kədər, Varlığı təsəlli, yoxluğu əzab. Fəsillər dövr edib dəyişən qədər, Ürəyim ağlımla çəkir haqq-hesab.
Bəli, o təkcə sevincə aşiq olmur, kədərini də sevir, müqəddəsləşdirir. Dərin düşüncələr içində üzüağ ömrünü ələk-vələk edir, adilikdən uzaq sevgisinə, yəqin ki, özü də təəccüblənir:
Sevdirir insanı ruhu, nəşəsi, Mən öz kədərimi sevdim, İlahi.
Onun sevdiyi kədər işıqlıdır, doğmadır, həyatvericidir, həniri heç vaxt azalmır. İgid odur ki, kədərini də sevsin, özü də:
Dərdi qoyub cibinə, Xərcləməyə gedəsən. Gərək dərd sevəndə də, Ən gözəlin sevəsən…
Adilə xanımın sevgi hissləri də möhtəşəmdi. “Qara oğlan” şeiri ilə özəl həyatının acısını, şirinini, həsrətini, vüsalını, xoşbəxtliyini, səmimi, şirin xatirələrlə limhəlim dolu ömrünün anlarını qələmə alır. “Sarışın qızın poetik düşüncələri həm həzindi, həm də hay-haraylı. Oxuyanı düşünürük ki, lap bizim ömrümüzün müxtəlif ovqatlı anlarıdır. “Qaşın altdan baxıb, sevgilisinin ruhunu özüylə aparan, sarışın qızın qaranquş qəlbini söküb talayan, gözəllər dalınca dönüb axmayan” qara oğlandan nigaran sarışın qız o qara oğlanla birgə ömrünün qırx ilini arxada qoyub. Məmməd Arazın bir misrası yadıma düşdü: “Bu da belə bir ömürdü, yaşadım”. Adilə xanım da ərkyana: “məni qınamağa nə var ki, ömrüm, bilmirəm bu necə, necə ömürdü” pıçıldayır. O da, o qara oğlan da yaşadılar, bir ömrü çiçəkləndirdilər, bəhərləndirdilər, nəvələrlə varlandırdılar. “Etiraf” şeirinin lirik qəhrəmanları da həmin sarışın qızdı, həmin qara oğlan, sarıbənizin “sevdiyi, seçdiyi cavan oğlan”. Onlar bir isti ailə ocağının qurucularıdır.
Söz aldı, söz verdi dədə babamız, İsindi evimiz, güldü yuvamız, Bizləri yaşatdı üçcə balamız, Nəvələr dırmanır divara, oğlan!
Lap bir gün əcəl gəlsə, Qorxma! Yan-yörənə buraxma! Məni özünlə saxla! Səni mənsiz aparsa, Görəcəksən ordayam!
Adilə Aslanova lirik qəhrəmanının doğum gününəgöndərdiyi ən dəyərli hədiyyəsinə həsəd aparmamaq olmur: “qədəhinə şeir süzüm”. Şairin sözdən qiymətli bəxşişi olmaz ki?! Başqa bir hədiyyəsi “kriminal” olsa da çox orijinaldı: “hər şeirimdən bircə sətir oğurladım”. Belə unikal oğurluğu söz qədrini bilənlər edər. Bir də şairin poçtxanası çox oprativ işləyir, “sovqatımı göyərçinin ayağına bağladım”. Belə baratı hamı gözləyib – qanıqaynar vaxtı. Doğrudan da şair olanın ürəyi adi deyil. Belə qeyri-adiliklərdən ədəbiyyat yaratmaq isə qat-qat qeyri-adilikdir. Bunun üçün çırpınıb coşan, çarpışan ürək gərəkdir. Əbu Turxana gərə, ədəbiyyat – əbədiyyəti ana, anı əbədiyyətə çevirir. Adilə xanım da lirik qəhrəmanının doğum gününü əbədiyyətə çevirir. Lirik qəhrəmanına ən ümdə mənəvi varlıq – ümid də göndərir:
Süfrənizdə bir yeri boş qoyarsan, Üzbəüzə, səninlə tuş qoyarsan, Boşqabıma bir az da aş qoyarsan, Bir də gördün, gəldim özüm, bağışla.
O, məsuliyyətlidir, yazdığı hər misraya cavabdehdi, etiraf edir ki, şair olmaq asan deyil. Şair olmaq üçün gərək “tay olasan bənövşəyə”. Dürlü-dürlü fikirlər onun təxəyyül süzgəcindən keçib sız incilərinə çevrilir. Bununla belə özünə qarşı çox qəddardır: “Mənə şair deyirlər, deyiləm, Allah haqqı!” Adilə Aslanova inamlıdır:
Mən içib Arazın suyunu bir qurtuma, Ayaqyalın qaçacam, o mübarək yurduma!
O, əqidə sahibidir, amalı, məsləki birdi. Qəlbi yad hisslərin, üsyan yeridi. Bu qəlbin “qapısında gecələyir, şanı hörüb beçələyir, öldürmür ey çiçəkləyir ağrılar”. Ağrılar əlahəzrət sözün qidasıdır.
Sevdiyim! Gəl incimə, Hər nə istəyirsən, de, Bircə mənə “Ay” demə. Mən ona tay olmaq istəmirəm! Hər gecə bir şəkil alan Ay olmaq istəmirəm.
“Şagird dəftərində qalan şeirlər”, “Görüş yeri”, “Kəndçi qız”, “Şəkillər”, “Sənə şeir yazıram”, “Səndən nigaranam”, “Bu gecə” və digər bədii nümunələrdə lirika ilə nostalgiya bir-biri ilə elə ülfət yaradıb ki, bu iki şirin duyğunun dadından doymaq olmur, bu şirinliyə düşənlər ordan çıxmaq istəmir, körpələşir, xatirələr qucağında süd qoxulu körpəliyinə dönür. “Çit donlu, xəyalları aşıb-daşan tələbə, incə, sarıbəniz kəndçi qız”ın obrazı nəinki Adilə xanımın, artıq mənim də gözümün qarşısından çəkilmir, Adilə xanım onu mənə də doğmalaşdırıb. “Qoynunda qolları çarpaz, bükülü” qız uzaq-uzaq illərdən boylanır, bizi də o günlərə səsləyir. İndi o qız da, biz də sarışın qızın qarşısında lal-dinməz dayanıb suala dönürük. Belə saflığa baş əyməmək olmur. Adilə Aslanova başdan ayağa şeir adamdı:
Hardasa bir ulduz uçur, Qonur qərib şeirlərə. Yapışmışam ətəyindən, Görüm nə vaxt çırpır yerə…
“Nağıl bilək dünyanı” şeiri gerçəliklə xəyalların gerçək nağılıdı. Şair xanım arzularının, xəyallarının quşqonmaz sərhədlərini aşıb real dünyasına qayıtmaq üçün mücadilədədi. Narazıdır ki, “düşüncəmiz Cırtdan olub, kiçilib, nənəmizin arpa aşı bişmir, “siçan bəylər” xan evində kefdədi”. Acgöz məmurlar (divlər) “çevirib dünyamızı zindana, tələsirik işıq gələn tərəfə”. Ancaq işığın qarşısını kəsən Təpəgözlərə gücümüz çatmır. Elə bu an nəhayət Adilə xanımın mübariz təxəyyülü dadımaza çatır. Doğrudan da dünyanı, insanı mübariz ruh xilas edəcək:
Koroğlular qılınc beldə gələcək, Keçəl Həmzə yad atından enəcək, Div deyilən əməlində yenəcək, Qarşılayın!.. Atlarımız kişnədi.
Onun “şeirləri ürək kimidir” – həssas çırpıntıları, yaşantıları ilə, onun “şeirləri pətək kimidir” – sözə vurğunların zövqünü balladır. Onun şeirləri nazlıdı, kövrəkdi – bənövşə kimi, kükrəkdi – şəlalə kimi, hürkəkdi – həsrətdən bağrı yanan lalə kimi. Onun “sevgi dünyası bir tilsimdi, pünhandı – sevgi dünyası kimi, onun şeirləri “uşaq kimidir – sakitcə ağlayır”, qəhqəhə çəkib gülür. Onun şeirləri özünün özüylə haqq-divanıdır – “burda qırğını var ruhla ağılın”. Onun şeirləri “təpədən dırnağa özü kimidir – həmişə özü özünü varaqlayır”. “Qəlbində dil açmış sözləri qaldığından Simurğun qanadlarına qonub ruhunu göylərdə gəzmək, şeir heykəli qurmaq istəyir”. Şeir heykəli qurmaq istəyənlərə sözə dəyər verənlər ürəklərində əbədi və əzəmətli heykəl ucaldırlar. Ancaq Adilə xanım yenə “narazı”dı. Onu şair doğmadığı üçün anasını “qınayır”. Bəli, əsl şair odur ki, həqiqi şair olduğunu boynuna almır. Bu da söz adamının aliliyidir. “Niyə məni şair doğmadın, ana” şeiri Adilə xanımın həyat manifestidir, fəlsəfəsidir:
Niyə məni şair doğmadın, ana?! Şairlər bir az da kədərdən yazır. Mən də azdırardım qəm, kədərimi, Yaxına qoymazdım heç qədərimi. Iblisə, şeytana qəbir qazardım, Yolundan didərgin salardım, ana!
Məni niyə şair doğmadın, ana?! Şairlər dünyanın söz qılıncıdır. Qılınc götürərdim, sipər çəkərdim, Dünyanın qəlbinə ümid əkərdim, Pisliyi, nifrəti xeyrə yozardım, Sonra kürəyimə alardım, ana! Bəlkə də, lap şair olardım, ana!
Adilə Aslanovanın şeirləri Vətənin “boynuna taxılan göz muncuğudur”… Onun lirik dünyası gözəlliklər məskənidir – ilahi sözün sehrindən yaranıb… Onun “ümidi kainatı qucan sevgi qədərdi”… Özü də hələ böyüməkdədi – təzə doğulan şeirləriylə. Hələlik “yarımçıq şeir”inin şah misrası boydadı”. Şah misralar çoxaldıqca mənəvi anasını da böyüdəcək… “Kənddən gələn və kəndinə qayıdan (hər iki anlamda) sarışın qız “arxalı köpəkləri” lirik dili və duyğularıyla susdurmaqdadır… Onun “üşüyən şeirlər”inin istisində qızındım, yeni şeir-insan tapdım… 02.06.2024
BRİLYANT ATƏŞ ÖMRÜ – POEZİYASININ DİLİ İLƏ Bu düşüncələrimi bilgisayarın yaddaşına köçürməyə başladığım anda səsinə vurulduğum Nərminə Məmmədovanın həzin səsində telekanalların birində “Pıçıldaşın, ləpələr” mahnısı hisslərimə hakim oldu. Bunu yazının uğurlu olacağına əlamət bildim. Hər əlamətə inanmasam da, musiqinin ilahiliyi məni məndən alıb inandırdı. Mən həm də bu ədəbi təhlilimi dörd kitab müəllifi, pedaqoq, filoloq, şair Brilyant Atəşin “Nənəmin kəlağayısı” kitabındakı şeirlərin təbiiliyinə və səmimiliyinə inandığım üçün yazıram. Necə də uğurlu ad və təxəllüsdü. Brilyant və Atəş. Bunlar qol-boyun olub brilyant kimi qiymətli və saf, atəş kimi isti, müqəddəs poetik nümunələrin yaranmasına vəsilə olub. Onun şeirləri özü kimi səmimidi, duyğularını həzin-həzin ləpələrin ana dənizin qulaqlarına pıçıldadığı kimi pıçıldayır, daşların arasından işıqlı dünyaya can atan büllur bulaq kimi zümzümə edir. Elə ki, haqsızlıq görür, həqiqətə dil uzadanlara, haqqı nahaqqın ayağına yazmaq istəyənlərə rast gəlir, necə deyərlər, üzü dönür, mülayim Atəş, alov dilləri ərşə çıxan tonqala dönüb həqiqət işığından qorxan yarasalara, bayquşlara qənim olur. “Meydan sulayan qoçulara, yaltaqlara, xalqın qanını soran zalımlara, torpağı biznes edənlərə, qansızlara, vicdansızlara” meydan oxuyur – lap Ərəbzəngi kimi. Onun lirik duyğuları ləpə kimi mülayim, dalğa kimi haraylıdı.
Nə tökürsə qələm gözdən, vərəq çəkir köksünə, Sən yazdıqca bu dünyada hər şey gedir əksinə. Yazıq millət bu həyatda nə yatdı, nə diksinə, Balıq başdan iylənəndə yaltaq sular bulayır, Zalım xalqın qanın sorur, qoçu meydan sulayır.
Yazdıqları söz adamının ədəbi kimiliyidir, sözlə çəkilmiş avtoportretidir. Söz adamının kim olduğunu onun yazdıqları kimi dəqiq bildirən ikinci bir tanıtım testi tanımıram. Süni bəzək-düzək, saxta təbəssüm qəlp adamın içindəkiləri o an necə həndəvərindəkilərə faş edirsə, söz də elədir, sözə xəyanəti heç vaxt bağışlamır. Brilyant xanım həmişə, hər yerdə özüdür. İnsanlığı, diqqəti, sözə dəyəri, məsuliyyəti ilə. O, haqqı danmır, sözünü də. Söz onun mənəvi övladıdırsa, “dünyaya Haqla qoşa gəlibsə”, necə dansın, niyə dansın? Axı o, anadır. Övladına nəvazişini əsirgəməyib, mənəvi balasına da. “Daş kəsən, baş kəsən, savaş kəsən sözü ucuzlaşmağa, ucalıqdan enməyə qoymayanlar bircə söz sarıdan acdılar”.
Göylərin buludu gözümə dolub, Çoxu daldalanıb izimə dolub. Ən gözəl fikirlər sözümə dolub, Vərəqə tökülən ləlmi, incimi?
Brilyant xanımın yaradıcılığının bir özünəxas bir cəhətini də vurğulamaq yerinə düşər. O, çox yazarlardan fərqli olaraq şifahi xalq ədəbiyyatını, folkloru, klassik aşıq sənətini, ana dilimizi, kənd həyatını mükəmməl bilir. Onun təcnisləri, qıfılbəndləri, müxəmməsləri, dodaqdəyməzləri, divaniləri, deyişmələri mükəmməl klassik aşıq ədəbiyyatı nümunələri səviyyəsindədir. Cümşüd Əlinin qıfılbəndinə cavabı bunu təsdiqləyir:
Cümşüd Əli: Şair dostum, o nədir ki, cavab ver, Kökü göydə, budaqları sallanır. Nə bulaqdır, çeşməsindən süzülən, Gah acıdır, hərdən isə ballanır.
Brilyant Atəş: Şair qardaş, eşit deyim düzünü, O Günəşdir, budaqları sallanır. Məhəbbətdir, çeşməsindən içirsən, Gah acıdır, gah da eşqdən ballanır.
Və bir də:
İlahi, yazanda gözəl yazasan, Bəyaz qarı qışa, gülü yaza san. Atəşəm, diləyim, sən də yaz asan, Arzular birləşsin, gedək o yana.
Brilyant Atəşin lirik duyğularından tapdığım ləl və incilərlə onun kimliyini sözsevərlərə tanıtmaq istəyirəm. Belə tanıtım, məncə daha obyektiv, daha inandırıcı və əyani olar. Bilirəm ki, həssas oxucunu aldatmaq mümkün deyil. Heç vaxt aldatmaq fikrinə də düşməmişəm. “Düzlük ən yaxşı biclikdi” mənim də məsləkim, məramımdı.
Düzlükdən imarət qurasan gərək, Sözü məqamında vurasan gərək. Haqqın arxasında durasan gərək, Yoxsa ki, qəflətdə qalmaq kimidi
Keçək mətləbə… Brilyant Atəş kimdir? Qoy bunu onun misraları desin. “Mən dəryayam, sinəm doldu dalğadı”. “Mənbəyi qurumaz axar çayam mən”. Sinəsindəki şahə qalxan dalğalar, kövrək pıçıtılı ləpələr, axarlı yaşantılar onun könül çırpıntıları, ədalətsizliyə üsyanı, azadlıq himnləridi. Brilyant Atəşin ömür yolu: “Mən bir sönməz Atəş olub hər an zordan çıxmışam”. “İmana sığındım, Haqqı danmadım”. “Yaxşıya sarayam, zalıma goram”. “Haqqı bürmələyib nahaqqa satmaq, Zülməti nur üstə salmaq kimidi”. Bircə onu qeyd edim ki, Brilyant xanımın şeirlərində “Haqq” sözünün birinci hərfi həmişə böyük yazılır. Bu Haqqın Brilyant Atəş meyarıdı. Haqqa tapınmaq ucalıqdı. Brilyant Atəşin mücadilə yolu: “Keçmişi kök bilib sabaha çatmaq”. “Dilim Haqq danışar, heç vaxt kiriməz”. O, Babək, Nəsimi, Sabir, Cavid, Hadi yolunu əzbər bilir, bu yolu şagirdlərinə də öyrədib. O, özü bu yola laqeyd qala bilərmi? Axı müəllim işıq mənbəyidir, zülmətin düşmənidi. Şair xanım nə qədər çağdaş fikirli olsa da, bir o qədər milli ruhludu, keçmişə bağlıdı. Brilyant Atəşin həyat eşqi: “Qəfəsdə yaşamaq ölmək kimidi”. Bunu şərh eləməyə nə ehtiyac?! Brilyant Atəşin duası: “Bir Allah yetirsin yoxsulun payın, Naqisin, nankorun azaltsın sayın”… “Dünyamız qorxusuz ola”… O, bu xalqın xanımıdı, öyrədənidi, gənc nəslin zəkasını nurladandı, anadı, nənədi. Bilirik ki, anaların duaları müstəcəb olur. Amin deyək. Brilyant xanımın arzusu: “İgidi el öysün, özü öyməsin”. “Qəddimi yaş əysin, Allah əyməsin”. Bu məğrurluq, ucalıq, üzüağlıq, təvəzökarlıq yoludur. Bu yolu gedənlərin maddi “varı qurtarsa da, etibarı qalır”. El öyən igidlərimiz 44 günlük müharibədə düşmənin dizini qatlayıb “dəmir yumruq”la, dişiylə, dırnağıyla otuz ildən çox doğmalarının yolunu həsrətlə gözləyən torpaqlarımızı azad etdilər. Elin öydüyü igidlər – Brilyant Atəşin “Mübariz”, “Nurdadı”, “Şəhid oğulun anasını qarşılaması”, “Bir şəhid balamızın dilindən” və digər şeirlərinin qəhrəmanlarıdır, müdrik fikir şairimiz Bəxtiyar Vahabzadənin təbiriylə desək, Vətən torpaqlarına azadlıq toxumu əkənlərdi. Brilyant Atəşin xalqımızın nənələrinin ulu nənəsi Tomris, Nüşabə kimi düşmənə ciddi qadağası: “Özgə torpağında at sürmək olmaz!” Ulu Türkün kişisi üçün də, xanımı üçün də torpaq, ana, at ən müqəddəs varlıqlardır. Brilyant Atəşin dünya malından doymayanlara qəti xəbərdarlığı və qandırması: “Axırda bir ağda qalacaqsan, ha… Əriyib bir torpaq olacaqsan, ha…” Vətən torpağı olmaq ilahi işdi. Vətən oğlu Musa Yaqub “öləndə qoynunda qoy ölüm ki, mən, çürüyüm bir ovuc torpağın artsın” amalı ilə yaşadı. İndi də doğma Buynuzun köksündə müqəddəs qala kimi möhkəm dayanıb, torpağı ilahiləşdirib. Brilyant xanım düşünür ki, acgözləri, dargözləri, dünya malına qul olanları torpaq qoynuna çəkmək istəməz ki, qucağı çirklənməsin. Brilyant Atəşin ana, nənə nəsihəti: “Bədəni göstərən tüldən uzaq dur”. Bu bu günümüzdən nigaran bir Azərbaycan anasının, nənəsinin həyəcan siqnalıdır. Mənəvi dəyərlərə laqeyd münasibətin gündən-günə qol-budaq atdığı, abır-həyanın gərəksiz əşya kimi kənara atıldığı dövrə gəlib çıxmışıq. Artıq bizim bəzi xanımlarımızın soyunmaqda, lüt-üryan gəzməkdə, bədənini nümayiş etdirmək üçün dəridən, qabıqdan çıxmaqda tayı, bərabəri yoxdu. İnanın, Avropadakılar bu qədər əndazəni aşmayıblar. Analar, nənələr, küçəyə çıxan, barlarda gecələyən, intim yerlərini utanmadan göstərməklə fəxr edən, əxlaq normalarına kinayə ilə yanaşan qız övladları böyütmək baş ucalığı gətirmir. Mənəviyyat ölümə doğru gedirsə, onu diriltmək mümkün olmayacaq. Mənəviyyatsızlıq ən ucuz ölümdür. Böyütdükləriniz gələcəyin anası olacaqmı? Bax, budur əsas məsələ!.. Brilyant Atəşin kəlağayı və qara papaq dəyəri və həqiqəti: “Abır-həya təcəssümü, mərdliyin vuran qoludur… Cana gəlir örtüləndə, qoyulanda dürüst başa, Nənəmin kəlağayısı, babamın qara papağı”. Brilyant Atəş milli mənəvi dəyərlərə bağlı Azərbaycan xanımıdır. O, başı kəlağayılı nənələrin, anaların, qara papağı başında qeyrətlə daşıyan babaların, ataların övladıdı. Özü də bu gün min illərdir nənələrimizdən miras qalan kəlağayını başına tac edir. Güllü Eldar Tomarlının sədr olduğu Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin fəal və yorulmaz üzvlərindəndir. Birliyin və Güllü xanımın yaratdığı şəxsi “Kəlağayı Muzeyi”inin layihəsi əsasında düzənlənən “Sazlı, Sözlü Kəlağayı Günləri” tədbirlərində rəfiqələri ilə birgə qədim ipək baş örtüyünü təbliğ edir, tanıdır – əməliylə, sözüylə. “Qəmli kəlağayı” şeiri nənənin şəhid nəvəsinin nişan xonçası üçün aldığı kəlağayının taleyindən bəhs edir. Nişanlı el gözəlinə qismət olmayan həmin kəlağayı qarşısında qızlarımız sədaqət andı içib sevdiyi oğlana, səadətinə qovuşmalıdırlar. Onda ailə münasibətlərinə daha ciddi yanaşarlar, ocaq kimi onu qoruyarlar. İndi həmin kəlağayı Güllü xanımın muzeyində özünə etibarlı yer tapıb. Sədaqət andı içmək üçün bir müqəddəs yer də o muzeydir. Brilyant Atəş dünyaya meydan oxuyur: “Keçmədim heç zaman dişinə, dünya”. Həyat mübarizləri sevir. Əbu Turxana görə, ancaq eşq ölümdən qorxmur, çünki ruhdan yoğrulub. Eşqiniz tükənməsin, Brilyant xanım. “Şairin qabiliyyəti və istedadı xaosdan harmoniya yaratmaqdır” (Aleksandr Blok). Harmoniya həyatın nüvəsidi, yaşam stimuludu. Brilyant Atəşin sözsevərlərə minnətdarlığı: “Atəşi oxuyub qanana qurban”. Kitabın, uğurlu, müdrik sözün dəyərinin azaldığı çağdaş zamanda Brilyant xanımın söylədiyi həqiqət narahatlığa tam əsas verir. Kitabı oxuyub, ondan aldığı mənəvi qazanca görə oxucu söz adamına təşəkkür etmək əvəzinə, söz adamı oxucuya qurban olmağa hazırdı. Doğrudan da, “çərxi-fələk tərsinə dövran edir indi”. Uca ruhun qarşısında baş əyirəm, ey böyük, uzaqgörən Sabir! Brilyant Atəş mənəvi övladlarından nigarandır: “Səni əzizləyib de kim olacaq, Ən axırda yiyən, şeirim mənim?” Həqiqi sözün aşiqləri yiyə duracaq, şair xanım. Brilyant Atəşin vəsiyyəti: “Məni bir çinartək yol üstündə ək”. Sözüylə, şəxsiyyətiylə sözü məğrur çinar kimi ucaldanlar ölməzdir, Brilyant xanım…
ZAHİD SARITORPAĞIN DOGUM GÜNÜNÜ BİR DAHA QUTLAYIRAM – 100 YAŞA VƏ YARAT SÖZ NƏHƏNGİ!
HƏYATIN DİBİNDƏKİLƏRİN TALEYİ
Böyük rus tənqidçisi V.Q.Belinski elə bil ki, şair – yazıçı Zahid Sarıtorpağı çoxdan tanıyıb, “Quşların intiharına ağlamayın” romanını oxuyub bu ədəbi fikirləri yazıb:
“Bədii əsər birdən-birə yox, tədricən açılır: oxunduqca aydınlaşır və daha çox bədii zövq verir… Əsl bədii əsər öz həqiqəti, təbiiliyi, düzgünlüyü, doğruluğu ilə həmişə oxucunu o qədər heyrətləndirir ki, onu oxuyanda siz qeyri-şüuri, amma dərindən inanırsınız ki, onda nağıl olunan, yaxud göstərilən əhvalatların hamısı elə məhz o cür olub və başqa cür də heç ola bilməzdi…. Sadəlik bədii əsərin vacib şərtidir… Sadəlik – həqiqətin gözəlliyidir, bədii əsərlərin gücü də bu sadəlikdədir…”
Keçən əsrin 80-ci illərindən özünəməxsus poeziyasına vurulduğumuz, son illər bir neçə romanla nəsrimizə yeni ovqat gətirmiş Zahid Sarıtorpaq “Quşların intiharına ağlamayın” romanına proloq yazmayıb. Amma romanın birinci bölümündən əvvəl yazılan bir cümlə mənim fikrimcə, bütün romanların proloqundan mənalı və düşündürücüdür. Bircə cümləlik proloq yazmaq hər qələm sahibinin hünəri deyil..:
“Bilirəm, bu gün nəinki quşların, hətta “doğru”yla “oğru”nu bir-birindən ayıran “d” hərfinin də intihar etdiyini eşitsəniz, yenə gözünüzü döyəcəksiniz, tükünüz belə tərpənməyəcək…” Zahid müəllim bu qədər bədbəxt, taleyinə Günəş doğmayan, həris, əyyaş, sadəlövh, balıq kimi soyuqqanlı, nəfsinin əsiri, iç dünyası tarmar, ehtirasına qul insan tiplərini bu romana elə yerləşdirib, məskunlaşdırıb ki, inanmaq olmur onların xislətləri bu 95 səhifəyə necə sığışıb. Bu anormal tiplər bir-biri ilə nəfəs-nəfəsə, göz-gözə, xəyanət edə-edə yaşayırlar. Aman Tanrı, belə belə mənfi məxluqlarla bir cəmiyyətdə yaşamaq da zülmdür, ölmək də…
“Ölməyə bacarmayan, xəstəliyin yatağa saldığı, sürdüyü ömür qapısı cəftəsiz bir evə, ölümüsə Novruz bayramında papaqatdı oynayan bir uşağa” bənzəyən Minəxanım “bilmirdi ki, həmin uşaq indi bu evin qapısı ağzında gizlənib “papağını” atıb içəri gözləyir: “Ay can yiyəsi, day tələs görək, bir az tez elə,sovqatımı ver, çıxım gedim…” “Ömrü boyu ancaq indi – ölüm ayağında özünə oxşayan” Minəxanımın gözünə işıq verən iki müqəddəs şey qalırdı onun bu dünyasında. Qarabağ döyüşlərində şəhid olan nişanlısı Ələddinin nişan üzüyü və Ələddinin ona əmanət etdiyi “xatirə dəftəri”. Bu iki müqəddəs şeyi Minəxanım göz bəbəyi kimi qorusa da, hətta qəbrinin yanında Ələddinə yer saxlamağı vəsiyyət etsə də, ən ümdə, ən qiymətli dəyəri – ismətini toxunulmaz saxlaya bilmədi, evli kişini ələ keçirmək üçün ismətini “çölə” atdı. Minəxanımı sevgisinə sadiq bir müsbət insan kimi görmək istəyim iflasa uğradı…
Yaşlaşan vaxtında çirkaba bulaşan Minəxanımdan fərqli olaraq “üzünü bürümüş seyrək, yöndəmsiz tükləri, belə demək mümkünsə, ölmüş bir qadın gözəlliyinin xarabalığında bitmiş bədbəxtlik adlı kol-kosa bənzəyən”, yaşı keçəndən sonra cavanlaşan Qaraqız isə bu cəmiyyətin üfunətli girdabında on üç yaşından çabalamaqdaydı., artıq onun qorunası heç nəyi qalmamışdı…
“Bu dünyanın adamı olmayan, uşaqlığı, yeniyetməliyi yad sərnişinlərlə dolu bir qatar kimi özündən keçən” Qaraqızı da Aşur babasının “urfu” bədbəxt eləmişdi. Onun da sonda saxta olduğu aşkara çıxdı…
“Miskin keçmişinə ögümək istəyən” Qaraqızı “Yalqızlar pirinə gedəndə Tufan dərəsində kömürçü Abdullanın bir qıçı şikəst oğlu Canpolad dəfələrlə tovlayıb xəlvətə çəkmiş, aldadaraq başına yüz cür iyrənc oyun açmışdı və qorxutmuşdu ki, “Aşur babanın “urfu” haqqı, anana desən anan öləcək, bacına desən bacın”. Sonra da Canpoladın dostu Yolçu dosttunun yolunu davam etdirdi. Yalqızlar pirində meydinin qalıqları tapılmayan, erməni nəvəsi peyda olan Aşur babanın saxta “urfu” müqəddəsliyin, mənəviyyatın eroziyası idi. On üç yaşından cəhənnəm əzabı çəkə-çəkə, görə-görə yaşayırdı adı kimi taleyi də, özü də Qaraqız. “Heç yerdə əmin-amanlıq olmayan xaraba dünyanın sakini kimi. Əgər buna yaşamaq demək mümkünsə”…
“Qarğışını, nifrinini özünə ünvanlayan” Qaraqız nə Canpoladı, nə Yolçunu, nə Xəlili, nə də qarşısına çıxdığı digər riyakar sifətləri qınayırdı.O, özü özünü ittiham etsə də, həm də kişilərə nifrət edirdi. Qarşılaşdığı kişilərdə kişilik meyarını tapa bilməmişdi. “Aşur babanın “urfu”ndan başqa hər şey Qaraqız üçün saxta idi”. O da saxtalaşdı. Bu dünyada saxta olmayan nəsə varmı? Varsa da o, Qaraqızın rastına çıxmamışdı…
İki bəxtiqaranın- iki bacının – Minəxanımla Qaraqızın zülmətə bürünmüş taleyində bir nöqtə boyda bəyazlıqdan nişanə tapmaq olmurdu. Yox, Qaraqızın qara taleyinin ənginliklərində iki ulduz parlamışdı, sonradan onlar da yoxa çıxdılar….
Qonşu Məhbubənin oğlu Coşğunun kənddə qəfil işıqlar sönən vaxtı Qaraqızı evlərinə ötürəndə qaranlıq gecədə gözünü açıb yumunca onu “qucaqlayıb dodaqlarını öpməsindən, sormasından” şirin heç nə qalmayıb xatirində Qaraqızın. “Bu təmasdan düz bir həftə beşik kimi yırğalanması” yadına düşəndə Qaraqızın dodaqlarındakı öpüş yerinin şirinliyi damağına qayıdırdı, gün görməmiş canına ilıq nəfəs, can verirdi…
Bir də taleyin onunla qarşılaşdırdığı Gilənar – Gilə, Narça idi bəyaz təsəlli. Onu da fransız qızı Faya ilə Gilənarın son illərin qeyri-adi məhəbbəti Qaraqızın əlindən alıb apardı uzaq və soyuqqanlı Avropaya – eynicincli sevgililər oylağına. Bəlkə də iquananı, armadili insanlardan çox sevən Fayanın milyonçu babasının var-dövləti sevgili etdi iki qızı – Gilənar ilə Fayanı.
“Gilənarın dünyasında “sıfır effekti”nə bərabər olan Qaraqızın dedikləri” əslində Gilənar üçün xoş idi. Xoşbəxt qızcığazın nakam analı dünyasının qaranlıqlarına düşmən Qaraqızın ilahi sevgisiydi. “Gizlincə uzandığı doğmaca Qaraqız adlı tabutu” Gilənar üçün işıqlı, sehirli aləmiydi. Hər ikisi bu tabutda diriydilər. Qaraqız Gilənin Türkan Şorayıydı. Taleyinin alnına “əzab” yazılmışlar belə sevinclə uzun müddət baş-başa qala biməzdilər…
Kiminsə “içərisindəki xəzan vurmuş biyabanlığı, xarabalığı görəcəyindən qorxan” Qaraqızın Gilənarı – Giləsi, Narçası olduğuna şükür edirdi. Həyatın yeganə şirinliyinin sonradan acı zəhərə döndüyünü görəndə tənhaların taleyinə acımaqdan başqa çarə qalmır.
Artıq Qaraqızın ömrünə Tufan dərəsində rüzgar elə əsdi ki, “gül deyilən şey” qalmadı o qaranlıq səltənətdə… Zahid müəllim dövrümüzün bir çarəsiz bəlasını da önə çəkir:
“Minəxanım ölsə də insanlıq ölməyən Qıraqqala məhəlləsi imkansızlar məhəlləsiydi. Ona görə də hamı bir-birinə can deyib can eşidirdi”.
İdeal cəmiyyət olmadığı kimi, bu imkansızlar məhəlləsində də Aşur babaların yalançı “urfu”, Canpoladlar, Yollçular, Minəxanımı yoldan şıxaran evli kişilər yaşayırlar. Hətta nişanlı ola-ola pozğun qadınla eyş-işrətdə olan Ələddinlər də…
Qaraqız bu dünyanın elə sakinlərindəndir ki, “xoşbəxliklə onun arasına qurd yağı çəkilib”. “Həyatın bir cüt başmaq kimi ayaqlarına geyib o tərəf bu tərəfə sürükləyən, harada çıxarıb, harada atacağı bilinməyən” Qaraqızların taleyi adları ilə həmrəng idi.
Yatağını bölüşdüyü, çətin anlarında təmənnasız yardım etdiyi Xəlilin əclaflığı – onun varını, yoxunu – pul qabını oğurlaması Qaraqızı sarsıtsa da, Xəlilə olan “sevgi”sinə xələl gətirmədi. Çünki Xəlil onu “gözünün içiylə “uf” demədən dağıdırdı” Bu sevgiydimi, ya da adını tapa bilmədiyimiz mübhəm bir hiss? Bəlkə də tənhalığın caynaqlarından qurtarmaq anıydı? Xəlilsifətlər adama gözünün içindən gülüb, ürəyinin başından vursalar da Qaraqız kimilər həmin an tənha deyildilər, kor sevginin bulanıq suyunda uyuyurdular…
Paulo Koelyonun fikri ilə şərikəm: “Qadın sevgisi üçün hər şeyə hazırdır, hətta sevişməyə də, kişi isə sevişmək üçün hər şeyi fəda etməyə hazırdır, hətta sevməyi də”.
Qaraqızın “alına-şalına aldandığı, hamını özü kimi pak sandığı, gözəl dediyi bu dünya” Baba Pünhan demiş, it günündəymiş. Onun vurulduğu bu dünya lap körpə vaxtlarından – “tayqıç kuklasıyla” oynayan qayğısız günlərindən az sonra – Tufan dərəsindən qara yellər əsəndən tarmar olmağa başlamışdı, bu qara yellər onunla əbədi kəbin kəsdirmişdi, Canpoladlara, Yolçulara, sonra da Xəlilsifət əclaflara, “zapravka” Ağalara, “repetitor” Qululara rast gələndən. Qaraqızın dünyası “cadugərlər cadugəri, əclaflar əclafıymış. Özü də lap “yaraşıqlı sifətmiş”. Qaraqızlar bu dünyada “heç nəymiş, sızanaq idi uzaqbaşı”: “Səni naz-qəmzəylə süzən bu saxtalar saxtası dünyanın gözünə çıxmış, kirpikləri arasından iyrənc-iyrənc boy verən bir itdisəyidir ey, itdirsəyi…”
Qaraqız çətinə düşəndə “urfu”na şübhə etməyi belə ağlına gətirmədiyi Aşur babasını xatırlayır, ondan imdad diləyir:
Ölüm haqdı deyir Aşur babam, amma onu qazanmaq lazımdı… Onu ancaq ömürlə qazanmaq olar – uzunluğuna, qısalığına baxmayaraq, sevgi dolu ömürlə”.
“Yığvalsız” Qaraqız bu “fəlsəfi” fikirləri Pirqasımlıda quşların intiharının səbəbi haqqında baş sındıranda gizlin-gizlin pıçıldayır. Zahid müəllimin bu ikitirəli – müsbət və mənfi lirik qəhrəmanı sadəlövhlüyünə, müxtəlif “Qaloş”sifətlərə inanıb çirkin “sevgi oyunlarında” könüllü iştirakına baxmayaraq bütövdür, xeyirxahdır, başqalarına ürəyi yuxa olsa da, özünə qəddardır, özü özünü bağışlamır, etdiklərinə, özünə edilənlərə görə ancaq özünə ölüm arzulayır. Yazıçı belə ziqzaqlı , təzadlı obraz yaratmaqla əslində həyəcan siqnalı çalır: “Ay insanlar, aylın qəflət yuxusundan, inam ölür, insan ölür, insanlıq ölür!”. Bu əsərdə “saf insanların həyatını didik-didik edib çirkaba sürükləməyə qoymayın!” harayını eşidirəm. Düzdür, Zahid müəllim Qaraqızın ifritə sifətli cəmiyyətin eybəcər istəkləri və işləkləri qarşısında yazıqlığına, yalqızlığına, köləliyinə haqq qazandırmır. Ona ürəyinin dərinliyində yazığı gəlsə də… Yazıçı insanları mübarizəyə, haqqına sahib olmağa, cəsarətə səsləyir. O, bu sadəlövh, zərif, həyatda tez-tez rast gəldiyimiz Vətən qadınının zəif və mütəhərrik xarakterini, sevmək, sevilmək üçün özünü fəda edən insanın baxışlarını, “olan oldu, torba doldu” “fəlsəfə”sini qabartmaqla insanları mənəvi dəyərlərə – saf sevgiyə, sədaqətə,ərliyə, qadınlığa həssas yanaşmağa çağırır, pula, sərvətə hərisliyin, quduz ehtirasın quluna çevrilməyin həyatın faciəsi olduğunu anladır. Qaraqız “Xəlilsifət”lərə fiziki və mənəvi aləmini həvəslə və səxavətlə ərmağan edəndə belə Zahid müəllim müdrik məsləhətçi kimi Qaraqızı açıqca qınamır, onu sətiraltı sözlərlə dilləndirir, əməllərinin mükakiməsini bizə həvalə edir…
“Çoxmərtəbəli bina olan, ancaq birinci mərtəbəsi görünən” Hidayət müəllimin saxta ədalət qoruyucusu olduğu üzə çıxanda “dünyadan xəbərsiz, dünyanın zavallısı” Qaraqızlar əlbəttə, təəccüblənməlidirlər. “Başını qaldıranı ildırım vuran, aşağı çökəni sel aparan” zəmanədə “Hidayət müəllim kimi quyruq bulayanlar – yuxarıdakıların adam yerinə saymadığı, alçaqdakıların it yerinə qoymadığı ədalət tərəzisini əyənlər, ortada sülənənlərdir”, qarşısındakı yalı qorxa-qorxa yalayanda Allahına şükür edirlər, haqlının haqqına tamah salanda Allah yada düşmür, ona görə də onlar sağ qalırlar, əslində isə “ölü canlar”dır, “canlı meyid”lərdir. Onları ölüm ildırımsız, selsiz də haqlayıb aparır, onlar bir qab yalın yarıtox zəlilləridir. Buna ürək necə dözsün? Necə ki, dözmədi…
“Ziyafətlərdə yad kişilərlə baxışıb gözlərini oyur-oyur oynadan Şövqiyyə”lər gecə – gündüz allaha yalvarıb zibilin içindən çıxmaq üçün imdad diləyən, sonda “dindar”a çevrilib ibadət edən, evindəki “hökmdar” xanımının işləklərindən xəbərsiz Hidayətlər, var-dövlətə aşiq olub Şövqiyyələrlə sevişən Rzalar, Qaraqızın etibarından, korgöz sevgisindən bəhrələnib tamahını islah edə bilməyən, arvadı da başqalarından “sevgi” uman Xəlillər bu cəmiyyətin sağalmaz, irinli və üfunətli yaralarıdır…
Qaraqızın ürəyi partlayırdı Gilənar üçün. O da Fayalı, iquanalı, armadilli dünyasındaydı. Qaraqızınsa Giləsini, Narçasını qısqanmağa haqqı varıydı. Çünki ömrünün ən işıqlı anları onunla keçmişdi. “Saflıq, halallıq deyilən şeylər yerin, göyün ürəyində qan tıxacına dönən, viran qalmış, böyrəkləri daş bağlayan dünyanın” nə qədər yarımçıq və güdül doğulan məxluqları varmış? “Xəyalında yaratmış dəryalarda, əlləşib-vuruşub ancaq avar düzəldən, qayıq düzəltməyə vaxtı, imkanı, bacarığı olmayan” Qaraqızlar kanalizasiya qoxulu burulğanlarda necə boğulmasınlar?
Gözəl şairəmiz Aida Adıgözəl Zahid müəllimin bu romanını oxuyandan sonra bu nəticəyə gəlir:
“Məsum qalan nəsə axtardım ki, bəlkə bununla quşlar təsəlli tapıb intihar etməsin”.
Aida xanım da tapa bilmədi axtardığını, sonra da bu qənaətə gəldi ki, itən müqəddəs və məsum dəyərlərin bitməsi quşların belə ürəyini partlatdı…
Sərhədlərini və miqyasını təyin edə bilmədiyimiz rəzilliklərin – tamahın, hərisliyin, vəhşi şəhvətin içində boğulan cəmiyyətdə təmiz qalmaq müşkül məsələymiş. Stalinin dediyi kimi, təmiz insan yoxdur, hələ çirklənməmiş insan var. Bu gün təmiz insanları qorumaq bəşəriyyətə ən yaxşı xidmət olardı…
Şövqiyyələri yox, onun üstündə oturduğu sərvəti sevməyə məcbur olan Rzaların, başqasının həyatı bahasına qamarladığı sərvəti yağmalayan Sarı İbişlərin, sürüşkən sevgili Dürdanələrin, Fidanların, bir-birini dəlicəsinə “sevən” Gilənar və Fayaların, evli kişiyə aldanıb şəhid Ələddinin ruhuna tüpürən, Ələddinin sevgisinin üzərinə qara lent bağlayan Minəxanımların, “urfu” da etibarsız, gorgahı da xaraba Aşur babaların, istifadə müddəti bitən qocalmış Qaraqızların məhv olmuş dünyasının üzərində yeni səltənət, yeni düzən qurmaq mümkünmü, görəsən?…
Sevgi ruhun gözəlliyidir, deyiblər. Amma romanda bu gözəlliyi qoruyan insan övladına rast gəlmədim. Bu yazıçının günahı deyil, cəmiyyətimizin gerçəklikləridir. Zahid müəllim dahi Sabir kimi, düzü düz, əyrini əyri yazır, süni bəzək-düzəksiz…
Yazıq quşların – boz sığırçınların intihardan özgə çarəsi vardımı? İnsanların onların şirin ətinə yerikləməsi, sonda hətta Qaraqızın onların ətini bəh-bəhlə, iştahla dişinə çəkməsi onları yaşada bilərdimi? Bu ana təbiətin qisası, quşların üsyanı deyildimi?
Mən quşların intiharını alqışladım və doğru sandım. Onlara haqq qazandırdım., Zahid müəllim. Şüurlu insanların bu qədər mənəvi çirk içində yaşadığı zamanımızda quşlar həyatdan imtina edirsə, biz niyə laqeydcəsinə bunu müşahidə edirik, hətta sevinirik ki, dadlı qida tapırıq. Ürək yaman şeymiş… Quşların intiharına ürəkdən ağladım, Zahid müəllim, buna məni Siz vadar etdiniz. Yaxşı da etdiniz. Ağladım, içimin hisi, pası yuyuldu, bir az da olsa təmizləndim. Özümə gəldim, anladım ki, bəşəriyyətin şüurlu övladlarının çoxundan quşların qəlbi daha safmış, etibarlıymış, ən azı onlar mal-dövlət, şəhvət hərisi deyillərmiş..
Quşların intiharına ağlamamaq olmur. Bunu Sizin fikrinizə – romanın adına asilik kimi yox, həmrəylik kimi anlayacağınıza tam əminəm, Zahid Sarıtorpaq…
Qazi zabit, şair, publisist, tərcüməçi Rəfail Tağızadənin Vətən müharibəsi, Zəfər sevincimiz, Azərbaycanın ərazi bütövlüyünün bərpası, şəhid və qazilərin şərəfli döyüş yolu haqqdında şeir, poema və publisistik düşüncələrini ədəbi tədqiqatçılar çağdaş dövrün “Qarabağnamə”ləri kimi təqdim edirlər.
Növbəti belə “Qarabağnamə” – “QARABAĞ – HƏSRƏTDƏN ZƏFƏRƏ” kitabı Azərbaycanın Zəfər marşının misraları, Qələbə mahnımızın nəqaratıdır. Kitabda Qarabağın bir qərinə həsrətindən zəfərinə yolunun ağrılı-şirinli məqamları döyüş, qan-qada, nəmli səngər və blindaj həyatı yaşamış Rəfail müəllimin ürəyi, qələmi ilə çözülür.
Mart ayının 29-da saat 14:00-da Yazıçılar Birliyinin Natəvan klubunda – Xaqani küçəsi 53-də “Qarabağ – həsrətdən zəfərə” kitabının təqdimatı keçiriləcək.
Vətənsevərləri və Rəfail Tağızadə yaradıcılığı ilə maraqlananları səmimi görüş gözləyir.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.
Vaqif Poeziya Günləri iyulun 13-də Molla Pənah Vaqifin dogma şəhəri – Qazağın Yuxarı Salahlı kəndindən start götürüb.
İyulun 14-15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edəcək.
Şuşa Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və burada dəfn edilib. Vaqifin Şuşada yaşadığı dövrdə də hər birimiz üçün əziz olan bu şəhər Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı.
Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, Xarıbülbül və Qarabağ otellərində tədbirlər keçiriləcək.
Qeyd edək ki, bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda – mədəniyyət paytaxtımızda keçirilməkdədir.
“KƏLAĞAYI NƏNƏMİN NƏNƏSİNDƏN GƏLƏN ÜZ AYDINLIĞIDI”
(“Kəlağayı Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı ilə müsahibə)
Novruz insan həyatının hər il başlayan yeni gününün gəlmə anıdır. Oyanmış təbiətin insanları qoynuna, əkin-biçinə, torpağa can verməyə çağırdığı, bol ruzi-bərəkətin təməlini qoyduğu, qədim Türk miflərinə, əfsanələrinə görə, ilk insanın dünyaya gəldiyi gündür. Türk xalqlarının dostluq, mehribanlıq, həmrəylik bayramıdır.
Sovet imperiyası öz simasının simasızlığını göstərib Novruz bayramına “dini bayram” damğası vurub onun keçirilməsini qadağan etsə də, həmin gün evin ruzi-bərəkəti və həyat rəmzi səməni süfrəyə qoyular, şirniyyatlar, çərəzlər düzülər, yumurtalar boyanar, insanlar bayramlaşar, dünyasını dəyişənlərin məzarlarını ziyarət edər, küsənlər barışardı. Qırmızı imperiya xalqları milliliyindən ayırmaq cəhdlərinin boşa çıxdığını görəndə bir az “yumşaldı”.
Nəhayət imperialist xislətli SSRİ-nin caynağından xilas olan Azərbaycan kimi Novruz bayramı da “ağ günə” çıxdı. 2009-cu il sentyabrın 30-da YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salındı. BMT-nin Baş Assambleyasının 64-cü sessiyasının 2010-cu il fevral iclasında 21 mart “Beynəlxalq Novruz Günü” elan olundu.
1967-ci ildə Azərbaycanda dövlət səviyyəsində keçirilən ilk Novruz bayramında o vaxt 29 yaşı olan, indi Azərbaycan Respublikasının Xalq artisti Səfurə İbrahimova başında mavi kəlağayı ilə “Bahar qızı” obrazında bayram iştirakçılarının qarşısına çıxmışdı. “Bahar qızı”nın bu fotosunu təsadüfən görəndə Güllü Eldar Tomarlı yadıma düşdü. Zəng etdim ki, bəlkə bu mövzuda fikir mübadiləsi edək. Son zamanlar kəlağayı adına, kəlağayılı xanımlara rast gələndə Güllü xanım gözlərimin önünə gəlir. Kəlağayı və Güllü xanım bir-birinə vurulan, bir-birini gözəlləşdirən ayrılmaz sevgililərdi.
Söhbətimiz səmimi alındı. Bu, əslində Güllü xanımın sayəsində oldu. Sinəsi dolu imiş.
-Güllü xanım, salam. Xalqımızın yaradıcı insanları sizi yaxşı tanıyır, mən də. Bununla belə, özünüzü bir-neçə cümlə ilə tanıdardınız.
-Salam, Vaqif müəllim. Rustavidə doğulmuşam, 7 saylı orta məktəbi bitirmişəm. orta məktəbdə oxuyandan Tiflis radiosunda publisistik yazılarım, şeirlərim səsləndirilib. Rustavi Azərbaycanlıları Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar Şurasının sədri seçilmişəm. Orada dövlət nəşriyyatında işləmişəm. Borçali söz, saz, aşıq mühitində böyümüşəm. Əslim Qazaxdan, İncə dərəsinin Kəmərli kəndindəndir. Tiflisdə nəşr olunan “Gürcüstan” qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, Açıq Pəri Məcilsi”nin üzvü, 2015-2022-ci illərdə sədr müavini, bədii rəhbəri, mətbuat katibi olmuşam. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şəxsi “Kəlağayı Ev Muzeyi”nin direktoruyam. Üç kitabın müəllifi, 5 kitabın tərtibçisi, redaktoruyam. Ailəliyəm, dörd övladım, səkkiz nəvəm var.
-Sizi tanıyandan kəlağayı sevginizə heyranlığımı gizlədə bilmirəm. Bilirəm, sevgi ilahi hissdi. Kəlağayı sevginiz ən azı kəlağayı qədər müqəddəsdi. Yorulmaq bilmədən kəlağayı sevginizdən qidalanıb və qanadlanıb diyar-diyar gəzirsiniz. Sizin fəlaliyyətiniz Azərbaycana sığmır. Bunu qardaş Türkiyəyə səfərimizdə də gördüm. Kəlağayı niyə sizə doğma, əzizdi? Siz bu milli baş örtüyümüzdə nələri görmüsünüz ki, bir an ondan aralı qala bilmirsiniz?
-Kəlağayı qadınların baş tacıdı, qeyrət, urvat ölçüsüdü. Kəlağayı nənəmin nənəsindən gələn üz aydınlığıdı. Babamın babasının öz ömür-gün yoldaşına hədiyyə etdiyi gözəllik və yaraşıq mücəssəməsidi. Onu hüzurunda qanllar barışıb, davalar yatırılıb, əmin-amanlıq, sülh gəlib elə-obaya. Mən anayam, nənəyəm, bacıyam, xalayam, qaynanayam, bir sözlə, Azərbaycan qızıyam, Azərbaycan qadınıyam. Analar Vətəni, yurdu qorumaq, namusa ləkə gəlməməsi üçün kəlağayını başına örtüb, əllərində tutub, and içdirib ərlərini, oğullarını, qardaşlarını torpaqlarını qorumağa göndərib. Kəlağayı o qədər ulu, o qədər müqəddəsdir ki, hər an gərəklidi.
Kəlağayı sevgim, ona ehtiramım barədə dayanmadan günlərlə danışa bilərəm. Yaranma tarixi eramızdan əvvələ gedib çıxan kəlağayını ismətin, ləyaqətin rəmzinə çevirən də, abır-həyalı, ləyaqətli, ədəb-ərkanlı, sədaqətli nənələrimiz, analarımız, qız-gəlinlərimiz olub. Kəlağayıya sevgimin bünövrəsini hələ orta məktəb şagirdi olan dövrümdə Cahan nənəm qoyub. Kəlağayını ilk dəfə nənəmdə görmüşəm, görən kimi də sevmişəm. Uşaq ağlımla bilmirəm kəlağayının nəyinə vurulmuşdum? Yəqin ki, üzü nurlu nənəmə yaraşdığına, rənginə görə. Nənəmin sandığında iki kəlağayı vardı. Biri noxudu rəngdə idi, o birisi qara. Çoxlu nəvə-nəticələri olan nənəm bir gün məni yanına çağırıb noxudu kəlağayısını mənə verdi. Dönə-dönə tapşırdı ki, bunu mütləq qoru, nənənin cehizliyidi. Nənəmin tapşırığına ciddi əməl edəcəyimə söz verdim. Uşaq da olsam, bilirdim ki, əmanətə xəyanət olmaz.
Həyatımda eniş-yoxuşlar, çətinliklər çox oldu. Evsizlikdən, darısqallıqdan əziyyət çəkdik. Uşaqlar böyüdükcə problemlər çoxalırdı. Ancaq nənəmin əmanətini urvatlı saxladım. Əvvəllər kəlağayıdan istifadə etmirdim, düşünürdüm ki, hərə bir söz deyəcək, gözaltı baxacaq, kinayə ilə güləcəklər. Nəhayət ürəklənib başıma örtəndə, boynuma salanda rəfiqələrimin, təsadüfən rastlaşdığım tanış-bilişin, doğmalarımın xoşuna gəldi, bəyəndilər, alqışladılar, mən də ürəkləndim, kəlağayıya həmişəlik bağlandım.
Ərzincan səfərimizi, Uluslararası Türk Dünyası Simpoziumunu xatırlatdınız. 40-dan çox Türk dövlətinin nümayəndələrinə Azərbaycan xalqının qədim baş örtüyü, onun isifadə qaydası, sosial məzmunu haqqında informasiya verəndə xalqımızın dünyagörüşünə, mənəvi dəyərlərinin dərinliyinə, kəlağayının hikmətinə heyran qalırdılar.
-Şahidiyəm ki, hətta türk olmayan gürcü alim qadın Tamar Xvedelianiyaya da kəlağayıdan “dərs” keçdiniz. Özü də gürcü dilində.
Ay Vaqif müəllim, nə qədər diqqətlisiniz. Hə, gürcü türkoloq qadına əməlli-başlı kəlağayını sevdirə bildim. Birlikdə şəkil də çəkdirdik. Bu şəkili ən uca yerə saxlayacağını bildirdi. Tiflisə gələndə görüşməyimizi xahiş etdi.
-Müsahibənin giriş hissəsində qeyd elədim ki, 1967-ci ildə Azərbaycan Kommunist Partiyasının katibi, şair, dramaturq, Türkçülük, Azərbaycançılıq məfkurəsinin sədaqətli, dönməz yolçusu Şıxəli Qurbanovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Novruz şənliklərində “Bahar qızı”nın başına örtdüyü kəlağayı açıq göy rəngdəydi. Bilirəm ki, göy rəng Türklük rəmzidi, uzaqgörənlik, nizamlılıq, güvənlik anlamını daşıyır. Bu da Şıxəli Qurbanovun millət sevgisiydi, milli ruhumuza sayğısıydı. Bu sevgiyə görə də onun həyatına son qoydular. Kəlağayının rənglər simvolikası göy qurşağının rənglərindən dəfələrlə çoxdur. Rənglər sisteminə görə kəlağayını necə xarakterizə edərdiniz?
-Kəlağayıya sevgi mənə çox bilgilər verir, hər gün də yeni nəsə öyrənirəm. Bilirəm ki, qırmızı rəng canlılıq, xoşbəxtlik, enerji, od, qan, mübarizə, qələbə, eşq simvoludu. İnsanları şər qüvvələrdən qoruyur. Qırmızı kəlağayı hər bir qadın üçün yeni həyatın başlanğıcı mənasını daşıyır. Toy-düyünlərin yaraşığıdı. Subay qızlar toya gedəndə qırmızı kəlağayı bağlayardılar. Ailədə doğulan körpəni qırmızı kəlağayıya bələyərdilər ki, körpə bəd nəzərdən qorunsun. Nişana qırmızı kəlağayıar aparardılar, xonçaları qırmızı kəlağayılarla bəzəyərdilər. Toyun sabahı gəlinin başına qırmızı kəlağayı örtərdilər. Evin balaca oğlu kəlağayını gəlinin başından götürüb bar verən ağacın budağından asardı ki, ailə barlı-bərəkətli, oğullu-qızlı olsun.
Novruz bayramı günlərində cıdır yarışları keçirilərdi. Cıdırda qalib gəlmiş atın alnına bir yumurta vurub sındırar, boynuna qırmızı kəlağayı bağlayardılar.
Gəlin gətirərkən onun başına ağ, üzünə qırmızı örpək örtmək, faytonu çəkən atın boynuna soğanı, narıncı, zoğalı kəlağayılar bağlamaq qədim toy adətlərimizdəndir. Ağ rəng saflıq, məsumluq, sülh, xəyal dünyasının genişliyi, qələbə, cəhrayı rəng sevinc, şənlik, sevgi, qəhvəyi rəng doğruluq, işgüzarlıq, uğur simvoludur.
Qara rəng sədaqəti, duyğunu, hüznü, dözümlülüyü, özgüvənliyi xarakterizə edir. Qara rəngli kəlağayı ilə dünyasını dəyişən insanın üstünü, məzarını örtərdilər. Həyətin darvazasına qara kəlağayı bağlanırdısa, bu yas nişanəsi idi. Əgər rəhmətə gedən gəncdirsə, darvazaya həm qara, həm də qırmızı kəlağayı bağlayardılar.
Yaşlı qadınlar tünd, gənc xanımlar başlarına ağ, al-əlvan kəlağayı örtərdilər. Sədərəkli Tamella nənə deyir ki, qədimdə qadınlar üzü örtülü gəzdiyindən onun evli, yaxud subay olduğu kəlağayının rəngindən bilinərdi.
Novruz adətlərinə görə, ilaxır çərşənbə axşamı subay oğlanlar örpək, şal, yaxud kəlağayı götürüb sevdikləri qızların evlərinə gedər, baş örtüyünü bacadan, pəncərədən, damdan evə sallayardılar. Əgər qızın ata-anası razıydılarsa, örpəyi qızın belinə, bəzi yerlərdə qoluna bağlayardılar. Razı olmasalar, dəsmala şirni qoyub qaytarardılar.
Rənglərin simvolikasına inansaq, “Bahar qızı”nın başına örtdüyü kəlağayı sədaqət, bəd nəzərdən qorunmaq (gözmuncuğu) rəmzidir. Gəlinlik kəlağayıların kənarları yaşıl, ortası qırmızı rəngdə olur. Arzu, murad, istək, həyat, sülh, sağlamlıq, dinclik anlamında. Kəlağayı ulu Türkün hər ovqatını, hissini, duyğusunu özündə əks etdirir.
-Düz 7 il “Aşiq Pəri Məclisi”nin sədr müavini, bədii rəhbəri, mətbuat katibi olmusunuz. Narınc Xatundan, Səadət Butadan, aşıq Sonadan əmanət qalan “Aşıq Pəri Məclisi”nin mavi ekranlara kəlağayı ilə çıxması sizin təşəbbüsünüz olub. Onda hələ məclis üzvlərinin çoxunun yadına kəlağayı düşmürdü. Bu ideya həm də “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin fəaliiyyətinin təməl prinsiplərindən birinə çevrildi. Aşıq Pəri, Mirvarid Dilbazi, Narınc Xatun, Səadət Buta, aşıq Sonanı bir yerə toplamaq çətin deyildimi?
-Bəziləri düşünür ki, yəqin bu qadın həmrəyliyindən irəli gəlir. Belə deyil, bunu düşünənlər gördüyümüz işlərin məğzini başa düşməyənlərdi. Mənim hədəflərim daha uca, böyükdü. Mənim üçün xalqımızın milli dəyərlərini qorumaq, yaşatmaq, təbliğ etməkdən ali xidmət tanımıram. Saydığınız beşliyə sözü, sazı və kəlağayını əlavə edərdim. Qoy olsun səkkizlik. Saydıqlarım müqəddəs dəyərlərdi.
Mirvarid Dilbazi mənəviyyat, əsl qadınlıq etalonuydu, kübar, əsilzadə bəy qızı idi. Yaradıcılığı nəhəng bar ağacına, şeirləri onun dadlı meyvələrinə, sözləri daşların arasından süzülüb gələn göz yaşı kimi büllur bulaq suyuna, səsi həzin musiqiyə bənzəyirdi. Kələğayılı ağbirçək abırlı-həyalı nənələrimizin yolunun davamçısıydı. Vətən, el aşiqi idi. Qızı Xatirə xanım deyir ki, hər ad günündə Ümummilli lider Heydər Əliyev ona zəng edib təbrik edər, arzularını çatdırardı. Ondan nə istədiyini soruşanda, ərklə, “mənə Qarabağı verin”, deyərdi. Heydər Əliyevə “oğlum” deyə müraciət edərdi.
Onun mənəvi dünyasına vurğunluğumdan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyini yaratmağı qərara aldım. Dövlətimiz, xalqımız onu həmişə böyük ehtiramla yad edir. Mirvarid xanım ilk qadın Xalq şairidir, qadınlar arasında ilk dəfə “İstiqlal” ordeninə layiq görülüb. Mən də onun mənəvi nəvəsi kimi İctimai Birlik adından tədbirlər keçirir, çıxışıma onun şeirlərindən misralarla başlayıram.
Nədən söhbət düşürsə, kəlağayı yaddan çıxmır, bu artıq mənim həyat tərzimə çevrilib. Hər gün yuxudan oyanan kimi “Kəlağayı Muzeyi”mdəki Mirvarid xanımın nur üzlü obrazını canlandıran kəlağayının qarşısında dayanıb böyük şəxsiyyətə gündəlik hesabat verir, onun növbəti işlərimə uğur diləməsini təbəssümlü üzündən oxuyuram.
Narınc Xatunu öz anam qədər sevirəm. H ər yerdə istedadlı qızlar sorağında olub. Aşıq Sona və Səadət Buta ilə “Aşıq Pəri Məclisi” kimi sənət məbədi yaradıblar. Narınc xanımın və aşıq Sonanın ruhu şad olsun. Səadət xanım indi də gənclik eşqi ilə çalışır.
Nənəmin nəsihəti və noxudu kəlağayısı illər ötdükcə yolumun səmtini təyin etdi. “Aşıq Pəri Məclisi”ndə fəaliyyətə başlayanda hamının başında kəlağayı görmək qızlardan birinci istəyim oldu. Təşəbbüsümə dodaq büzənlər də oldu, razılaşanlar da. Çünki çoxu kəlağayının ötürdüyü enerjidən, hisslərdən xəbərsiz idi. Mənə yaraşmır deyənlərə başa saldım ki, kəlağayı gözəllərin gözəlliyini artırır. Məclis üzvləri başında kəlağayı ilə ilk dəfə mavi ekrana çıxanda sanki dünyanı mənə vermişdilər.
-Kəlağayının təbliğinin nəticəsini görəndə sevinirsiniz, yorğunluğunuzu unudursunuz, elə deyilmi?
-Elədir. 2019-cu ildə “Aşıq Pəri Məclisi”nin üzvlərinin vahid formada və kəlağayıda televiziyada konsertə çıxdığı günü unutmaram. Bu mənim təbliğimin, zəhmətimin nəticəsi idi. 59 saylı məktəbin şagirdlərinin tez-tez çiynimdə, başımda kəlağayı ilə görmələri, ona görə də görüşmək istəmələri də məni çox qürurlandırdı. Festivallarda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin ən nüfuzlu Qeyri-Hökumət Təşkilatı kimi iştirakı da kəlağayıya diqqətdən, ehtiramdan irəli gəlir ki, bu da bizim haqqımızdır.
-Nəhayət siz də mənəvi ananınız, nənəniz Mirvarid Dilbazi kimi ilkə imza atdınız, mədəniyyət tarixinə düşdünüz. 2022-ci ildə 26 noyabr ”Kəlağayı Günü” ərəfəsində şəxsi “Kəlağayı Ev Muzeyi”ni yaratdınız. Sözün həqiqi mənasında yaratdınız. İdeyanız gərgin əmək, cəfa, alın təri bahasına reallığa çevrildi. Siz kəlağayının, kəlağayı da sizin başınızı uca elədi. Əkdiyi ağacın bəhrəsini görən bağban sevinci yaşadınız. Zəhmətinizin barı şirindimi?
-Elə şirindi… Övlad, nəvə, zəfər sevinci qədər şirin. Mən bu işin qulpundan yapışıb Azərbaycanı oba-oba, bölgə-bölgə gəzib kəlağayı soraqlayanda, cibimin pulu ilə alanda, kimsə mənə kəlağayı bağışlayanda uğur əldə edəcəyimə inanırdım. İnamımda, gümanımda yanılmadım.
24-28 noyabr 2014-cü ildə YUNESKO-nun Parisdə keçirilən Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya “Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə edilməsi” daxil edildi. Bu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əiyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz əməyinin nəticəsiydi. O vaxtdan 26 noyabr “Kəlağayı Günü” kimi qeyd olunur.
Bu tarixi qərar – mədəniyyətimizin qələbəsi kəlağayı sevgimə yeni ruh, qol-qanad verdi. O vaxtdan kəlağayılar toplamağa başladım. Ancaq bu qədər kəlağayım olacağına inanmırdım. Nənəmin iki kəlağayısı vardı, birini mənə verdi. Həmin kəlağayının ayağı düşərli oldu. Nənəmin urvatını qoruduğum cehizlik kəlağayısı evimə bərəkət gətirdi. Kəlağayıların sayı 100-ə çatanda “Kəlağayı Ev Muzeyi” yaratmaq qərarına gəldim.
Əhmədlidəki evimizin ən gözəl otağında kəlağayılarıma isti yuva düzəltdim. Şəxsi “Kəlağayı Ev Muzeyi”im artıq Bakıdan, Vətənimizin hər guşəsindən başqa, Türk dünyasının bir çox dövlətlərində tanınır. Muzeyin açılışında Özbəkistandan gələn 15 elm adamı iştirak edib. Türkiyədə muzeyi görmək arzusunda olanlar çoxdur. Televiziya çəkilişlərinin sayını itirmişəm, bir çox televiziyaların studiyalarını kəlağayılarım, gözümün nurunun və əllərimin məhsulu al-əlvan toxuculuq işlərim bəzəyir. Muzeydə 150-dən çox kəlağayı ilə yanaşı 100-dən çox əl işim, 200-ə yaxın əntiq əşyalar, rənggarlıq əsərləri, dünyanın heç yerində olmayan portret kəlağayılar nümayiş etdirilir.
Qədim geyimlərimizin çoxu unudulub, yaddaşın “arxiv”indədir. Ancaq kəlağayı unudulmadı. Millətin ruhu, mənəvi dəyərləri qiymətləndirən qədirbilən insanlar onu qorudu, bu günümüzdə də tanıtdı.
Bir həssas nöqtəyə toxunmaq istəyirəm. Basqallı kəlağayı ustası Abbasəli Talıbov “Şuşa” kəlağayısı hazırlayıb. Kəlağayının xonçasında (mərkəzində) məğrur Şuşa qalası dayanıb. Ətrafında Xarıbülbüllər onu əhatəyə alıb qoruyur. Usta deyir ki, elə kəlağayılar var ki, onu qədərindən asılı olmayaraq pul müqabilinə satmaram. Belə sənət incilərindən biri də onun hazırladığı “Heratı” kəlağayıdır. Nədir bu kəlağayının özəlliyi? “Heratı” kəlağayı qara fonda, 3,4,5, ən çoxu 7 rənglə işlənir. Abbasəli ustanın “Herati”sında 8 rəng var. Bu onun sənət dəyərini artırır. Usta heç kimə satmayan bu kəlağayını təmənnasız “Kəlağayı Ev Muzeyi”mə bağışlayıb. Onun mənə inamı, etibarıdır bu. Yüz yaşasın. Usta bilir ki, zər qədrini zərgər bilər.
Muzeyə daha mötəbər, geniş yer veriməsini, kəlağayıları, əl işlərimi, əntiq əşyaları, rəsm əsərlərini ziyarətçilərə yaxından və aydın göstərməyi arzulayıram. Yəqin tezliklə bu arzuma da çatacağam.
– Sizə “kəlağayılı nənə” də deyirlər. Eşidəndə hansı hissəri keçirirsiniz? Öz aramızdı kəlağayıya görə kiməsə “nənə”müraciəti etmək şərəflidi, qürurdu. Kəlağayını yaşatmaq üçün nənə olmağa dəyərmi?
-Lap qısa deyəcəm. Əlbəttə, dəyər!
-Güllü xanım, keçən il I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında sizin aktivliyiniz yadımdadır. Çiyninizə saldığınız bənövşəyi kəlağayınızla mötəşəm idiniz. Birinci festivalın “kəlağayılı qızı” siz idiniz. 5-11 iyun 2023-cü ildə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək. Bu festivala necə hazırlaşmısınız?
-2022-ci il avqust ayının son günlərində “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumunun təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalının iştirakçısı olduq. Festivalda 150 kəlağayımı sərgilədim. Xalqımızın kəlağayı sevgisi və rəğbəti gələcək işlərimə, uğurlarıma dəstək oldu. Orada iştirakım İctimai Birliyimiz üçün də vacib idi.
Ötən il Bakıda “Pasaj-1901” sərgi salonunda iki gün muzeyimizin kəlağayıları, qədim əntiq əşyalarının nümayişi tamaşaçıların hədsiz marağına səbəb oldu. Bizim yerləşdiyimiz guşənin qarşısı həmişə qələbəlik olurdu. Kəlağayılara nəinki qadınlar, həmçinin bəylər və qonaqlar heyran qalmışdılar.
İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilati dəstəklərindən biri də “Mirvarid Dilbazı Poeziya Məclisi” İctimai Birliyidir. Həm də “Kəlağayı Ev Muzeyi” bu tədbirin ən fəal iştirakçılarından olacaq. Necə deyərlər, biz bu dəfə iki cəbhədə fəaliyyət göstərəcəyik. Keçən ilki iştirakımız festivala gələnlərin marağına səbəb olmuşdu. Bu dəfə isə ikiqat məsuliyyət və həvəslə iştirak edəcəyik. 7 gün ərzində hər gün kəlağayıların və əl işlərimin sərgisi olacaq. Bizə səhnə və guşə veriləcək. “Kəlağayı” mahnısi oxunacaq, “Kəlağayı” rəqsi ifa ediləcək. Kitablarımızın satışı, oxucularla ayaqüstü görüşlərimiz, söhbətlərimiz olacaq. Səhnədə müxtəlif günlərdə, müxtəlif saatlarda konsertimiz, çıxışlarımız olacaq, oxucularımızı, kəlağayısevərləri, elin yaddaşından süzülüb gələn musiqi dinləmək istəyənləri Azərbaycan Milli Elmlər Akademiyasının qarşısındakı parkda gözləyəcəyik. İyunun 6-da “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai birliyi və “Kəlağayı Ev Muzeyi” konsert proqramı ilə çıxış edəcək. Konsertdə festivala gələnlər Səadət Butanın, Gözəl Kəlbəcərlinin, Rəhilə Bəndəliyevanın, Mərziyyə Sarvanın, bəndənizin və “Səma” rəqs qrupunun çıxışlarını görəcəklər.
-Sizin gördüyünüz işlərin miqyası o qədər böyükdür ki, inanmaq olmur bu bir nəfərin əməyidir. Sizə maddi kömək göstərən olmadığını bilirəm, texniki, mənəvi dəstək olanlar yəqin ki, var.
Əlbəttə, var. Hər bir işin arxasında texniki kömək, mənəvi və informasiya dəstəyi olmasa uğur qazanmaq çətindi. Xeyirxah, mənəvi dünyası zəngin, təmənnasız insanlardan birini – Vüsal Sehranoğlunu səkkiz il əvvəl tale mənimlə görüşdürüb. Vüsal bəy gəncdir, qəlbi həmişə yaşamaq, yaratmaq, milli dəyərləri qorumaq sevgisi ilə doludur. “Dədə Ələsgər Ocağı” və “Mirvarid Dilbazı Poeziya Məclisi” İctimai Birliklərinin, şəxsi “Kəlağayı Ev Muzeyi”nin tədbirlərinin təşkilatçılıq və texnoloji işlərində, informormasiya dəstəyində əvəzsiz əməyi var. Bu yaxınlarda poeziyamızın inkişafında, təbliğində göstərdiyi xidmətə görə və 35 illik yubileyi ilə əlaqədar Vüsal bəyi İctimai Birliyimizin “Fəxri Fərman”ı ilə təbrik etdik, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər isə İctimai Birlik adından onu “Dədə Ələsgər 200” qızıl medalı ilə mükafatlandırdı. Vüsal Sehranoğlu təvəzökarlıqla bu təltifləri “kiçik işlərimə böyük qiymət” adlandırır. Məncə, bu böyük xidmətə qiymətdi. Vüsal Sehranoğlu bunu böyük qiymət, böyük dəyər, ən əsası böyük məsuliyyət kimi qəbul edir. O, həmişə bizimlədir, çətinliklərimizi, çatışmazlıqlarımızı Vüsal Sehranoğlunun bilikləri təcili aradan qaldırır.
Kəlağayının ötürdüyü bilgiləri, enerjini, müsbət hissləri Vüsal bəy çox gözəl anlayır. Sərgi və festivallarda kəlağayıların qədimliyindən, istifadəsindən tutmuş, ornamentlərinə, rənginə, düzülüşünə elə həssaslıqla yanaşır ki, məəttəl qalıram. II Milli Yaylaq Festivalının başlandığı gün kəlağayıların düzülüşündə və digər təşkilatçılıq işlərində tək qalmışdım, necə deyərlər, lap başımı itirmişdim. Vacib işi olduğundan Vüsa bəy gəlməmişdi. O biri gün səhər tezdən özünü yetirdi. Vüsal bəyi yanımda görəndə sanki dünyam ikiqat işıqlandı. Bildim ki, hər hansı çətinlik olsa, aradan qaldırmağa qadir mənəvi oğlum yanımdadı. Belə oğullarla ən müşkül, yüksək məsuliyyət tələb edən işləri asanlıqla görmək olar. Hər gün, hər an Vüsal Sehranoğluna arxalanıram. O qədər suallar, tapşırıqlar verirəm ki, bəzən özüm də utanıram. Deyirəm, ay Vüsal balam, heç olmasa dediyimi etmə, yorulmuşam de, imtina elə. Deyir ki, Güllü xanım, siz sözünüzü elə deyirsiniz ki, imtina etmək mümkün deyil. Vüsal bəy bizim uğurlarımızda pay sahibidir.
Vüsal Sehranoğlu “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədrinin müşaviridir. Çox dünyagörüşlü gəncdir, milliliyin tərənnümçüsüdür. Vüsal bəyə görə, milli nə varsa, gözəldir.
-Şəxsi “Kəlağayı Ev Muzeyinizi bir neçə dəfə ziyarət etmək mənə də qismət olub. “Ziyarət” kəlməsini təsadüfən yazmadım. Ziyarəti müqəddəs yerlərə edirlər. Kəlağayıların nənələrin sandığının qaranlığından xilas olub ag günə, azadlığa çıxdığı, rahat nəfəs alıb yaşadığı muzey də müqəddəs yerdi.
Imişlinin bir kəndində yaşayan, rənglər dünyasının sehri ilə tablolar yaradan gənc rəssam Gülnarə Məmmədova aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə çəkdiyi “Çərşənbə günündə çeşmə başında” əsərini təqdimetmə törənində iştirak etmişəm.
-Fikir verirdinizmi, Gülnarə xanımın simasından, gözlərindən, danışığından məsumluq yağırdı. Utancaq bir qızın gördüyü işlər isə nə qədər böyük idi. Yadıma “Nəsimi” filmindəki məşhur dialoq düşdü. Həmin dialoqu bir qədər dəyişdirib deyirəm ki, görəsən belə incə bədənə belə sehirli nəhəng rənglər dünyası necə yeləşib? Həmin görüşdə siz çox doğru vurğuladınız ki, gənc rəssam qızımız heç narahat olmasın, Güllü xanım o əsərləri gözünün bəbəyi kimi qoruyacaq, üstünə toz qonmağa belə imkan verməyəcək.
Gülnarə xanım istedadlı rəssamdı. Ancaq darısqallığın, şəraitsizliyin ucbatından əziyyət çəkir, özünü tam təsdiq edə bilmir. Onun rənglər dünyasına əlaqədar təşkilatlar biganədirlər. Aşıq Ələsgərin yubileyinə onun töhfəsi çox qiymətlidi. Bunu “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər də çıxışında qeyd etdi. Milli dəyərlərə münasibəti, sevgisi onu mənə yaxın etdi, o da məni doğması kimi qəbul etdi. “Çərşənbə günündə çeşmə başında” əsərindən başqa Gülnarə xanım muzeyə “Novruz kəlağayısı” natürmörtünü, milli geyimli Azərbaycan xanımlarının portretlərini hədiyyə edib.
-Basqallı kəlağayı ustası Mürşüd Abbasovun ərsəyə gətirdiyi portret kəlağayıları “Kəlağayı Ev Muzeyi”ndə görəndə keçirdiyim hissləri dəqiq təsvir etmək çətindir. Qeyri-adi portret kəlağayılar doğrudanmı tətbiqi sənətdə yenilikdir?
-Bəli, doğrudan da yenilikdir. Babalarımızın yaradıcılıq təxəyyülünə, əl qabiliyyətinə əcnəbilər çoxdan qibtə edirlər. Muzeyimizə bağışlanan portret kəlağayılar Mürşüd babanın zəngin təxəyyülünün qeyr-adi bəhrələridir. Bu barədə çox rəssamlarla söhbətlərim olub. Bəziləri ipək parça üzərində portret yaratmağın çətin olduğunu, bəziləri də mümkünsüzlüyünü etiraf etdilər. Bunu sənətinin vurğunu Mürşüd baba bacarıb. Min bir əziyyətlə yaratdığı səkkiz portret kəlağayını muzeyə hədiyyə edəndə Mürşüd babanın sevincini görəydiniz. Kəlağayı sevgim məni iç dünyası zəngin, səxavətli, insanlarla rastlaşdırdı. Onlardan çox şey öyrəndim. Muzeydə qoruyub saxladığım Pənahəli xanın, Nizami Gəncəvinin, Nəsiminin, Xan qızı Natəvanın, Qasım bəy Zakirin, Üzeyir bəy Hacıbəylinin, Mirvarid Dilbazinin, Xan Şuşinskinin obrazlarını canlandıran kəlağayılar həmin şəxsiyyətlərin yaradıcılığı və şəxsiyyətləri kimi dəyərini itirməyəcək, uzunömürlü olacaq. Şəxsiyyətin və həqiqi sənətin ölməzliyidir bu. Şəxsi “Kəlağayı Ev Muzeyi”nin eksponatları arasında portret kəlağayıların xüsusi yeri var. Kəlağayıya aid nə varsa, mənim üçün doğmadı, əzizdi.
-Görüşümüz yaddaqalan günə düşdü. Sizə düşərli oldu, sizin uğurlarınıza sevinən mənə də. İndicə siz də, mən də eşitdik ki, “Kələğayı əlvan qıyğacı” layihəniz qalib elan olundu.
Bəli, çox sevinirəm. Bizim birinci layihəmiz “Mirvarid Dilbazi – ilk qadın Xalq şairi” adlanırdı. Bu layihə çərçivəsində Bakıda və Azərbaycanın ayrı-ayrı rayonlarında ilk qadın Xalq şairinin 110 illik yubiley tədbirlərini keçirdik. “Mirvarid Dilbazi az.” saytını yaratdıq. “Kəlağayı – min illərin yadigarı” ikinci layihəmiz idi. Bu layihə çərçivəsində çox yaddaqalan işlər gördük, tədbirlər keçirdik. “Kəlağayı – min illərin yadigarı” sənədli filmi çəkildi, təqdimatı keçirildi, iştirakçılara nümayiş etdirildi. Rəşid Behbudov adına Mahnı Teatrındakı kəlağayı günü tədbirində 26 noyabr gününün bayram kimi keçirilməsinin təşəbbüsçüsü və ideya müəllifi də mən olmuşam. Bu da bir ilkdir. Keçən il noyabrın 26-da bir gün ərzində kəlağayının təbliğinə həsr olunmuş dörd tədbir keçirmişik. Səhər ATV kanalının “Səhər” proqramında kəlağayı haqqında geniş söhbət etdim. Günorta Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə məktəbin direktoru Pikə xanım Əhmədovanın təşəbbüsü ilə müəllim və şagirdlərlə maraqlı görüş keçirildi. Şagirdlər məni kəlağayı örtüklü görüb görüşmək istəmişdilər. Axşam Beynəlxalq Muğam Mərkəzinin foyesində kəlağayılarımın sərgisi keçirildi. Foyedə sərgiyə gələnlərin marağı və çoxluğu məni sevindirdi. Bu sərgidə bir neçə rəssamın kəlağayı tabloları və kompozisiyaları nümayiş etdirildi. Rəssam-şair Sehran Allahverdi gözəl sənət əsərini – “Kəlağayı” kompozisiyasını şəxsi “Kələğayı Ev Muzeyi”mə hədiyyə etdi. Axşam Azərbaycan incəsənət ustalarının iştirakı ilə “Kəlağayı Günü”ə həsr olunmuş geniş konsert proqramı keçirildi.
Rəhbəri olduğum “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-ci il kiçik qrant müsabiqəsində Elm, Təhsil, Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri üzrə “Kəlağayı əlvan qıyğacı” layihəmiz qalib elan olundu. Bu il Azərbaycanın şəhər, rayon və qəsəbələrinə daha çox səfərlərimiz planlaşdırılır. Milli dəyərimiz kəlağayını daha yaxşı tanıtmağa, təbliğ etməyə çalışacağıq. Kəlağayıya aid kitab buraxmaq, noyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində bayram konsertinin təşkilatçısı olacağıq.
Bütün məni dəstəkləyən, sevincimə sevinən insanlara gözaydınlığı verirəm. Bu bizim birgə qələbəmizdi. Müsabiqəyə məhz bu layihə ilə qatıldım ki, milliliyimizi geniş təbliğ, tətbiq və təqdim etmək imkanlarımız olsun. Artıq qarşıda bizi yeni uğurlar, yaradıcılıq üfüqləri, qələbələr gözləyir.
Nənələrin sandığı, kəlağayıları bu günümüzə qədər gəlib çatıbsa, sabahlara ötürmək milli dəyərlərə sayğı göstərənlərin, kəlağayısevərlərin borcudu. Mən borcumu yerinə yetirirəm.
-Təbrik edirəm, Güllü xanım. Bu mənim üçün xoş və gözlənilməz sürpriz oldu. İnanın səmimiyyətimə, ən azı sizin qədər sevindim. Öz uğurum qədər. Siz buna layiqsiniz . Haqq-ədalət mütləq zəfər çalmalı idi. Sizin işləriniz təkcə bu günə yox, həm də gələcəyə hədəflənib. Tanrıdan sizə bu ruhu qorumaq gücü diləyirəm.
-Təşəkkür edirəm, var olun, siz mənə həmişə inam, güc, ruh verirsiniz, mənəvi dəstək
olursunuz.
– Dəyərli vaxtınızı ayırdığınız, müsahibəyə sərf etdiyiniz üçün təşəkkür sizə düşür.
***
Sözardı:
Novruz bayramı Zərdüştlükdən qat-qat əvvəlki Türk mədəniyyətinə məxsusdur. Zərdüşt dövründə Güney Azərbaycan ərazisinə keçməsi ehtimalı var. Türkün tarixinin qədimliyini hər vəchlə, yalançı iddialarla inkar etməyə, silməyə çalışan qərəzli tarixçilər Od mədəniyyətini də danmaqdan əl çəkmirlər. Zərdüştün böyük xidməti qədim inancımız Odu ilahiləşdiməsidir.
Ta qədimlərdən Oğuz elinin müdrik atası Dədəm Qorqud həm də Novruz bayramının personajı kimi qəbul edilib. Yanında da həmişə “Bahar qızı” dayanıb. Elə o vaxtlardan ayağı sayalı, çöhrəsi təbəssümlü, saçı uzun “Bahar qızı” geyimi, baş örtüyü ilə insanlarda xoş ovqat yaradıb.
Bir maraqlı məqama da diqqət yönəltmək istəyirəm. Araşdırmaçı Atəş Əhmədlinin fikri ilə şərikəm, doğru hesab edirəm, çoxdan məni düşündürürdü: “Bu deyim dəyişikliyə uğrayıb. Əslində tonqal üstündən atılanda “ağırlığım səndə, uğurun məndə, sarılığın səndə, qırmızılığın məndə” deyilməlidir”. Axı qırmızı rəng ulu Türkün “qoruyucu mələyi”dir.
Ulu Türkün miilli-mənəvi dəyərləri sırasında layiqli yerini tutan kəlağayını da son illərdə baş tacımız kimi təqdim etməyi Güllü Eldar Tomarlının nənə nəsihətinə, Azərbaycan mədəniyyətinə, mənəvi dünyamıza sayğısıdır.