ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Bu gün kollektivimizin ən gənc üzvlərindən biri, Texniki redaktor:Tuncay ŞƏHRİLİnin doğum günüdür! Şad günü münasibəti ilə onu təbrik edir, təhsildə və yaradıcılıqda yeni-yeni nailiyyətlər arzulayırıq!
Ayrılıq nə ayrılıq… ağrısını ifadə etməyə söz, sakitləşdirməyə məlhəm tapılmadı. Bu ayrılıq o ayrılıqdan deyil. Elə ayrılıq ki burda hər şey ananın bağrından balasının qoparılmasına bənzəyir. Yurdu bölüblər ee… Azərbaycanı. O Azərbaycanı ki zamanında sərhədinin ucu-bucağı olmayıb.
“Bir görəydim ayrılığı kim saldı?”
Kim salmadı ki? Azərbaycanı parçalayanlar, talayanlar azmı olub?
Vətənimizin tarixində işğal “ənənəsini” sasanilər, (VI-VII əsr) ərəblər, (VII əsr) monqollar, (1220-1222) teymurilər (XIV əsrin 80-ci illərində) və digər dövlətlər qoyublar. Sonrakı əsrlərdə bu arzuolunmaz “adəti” Rusiya davam etdirib. Azərbaycanın başına gələcək yeni bəlaların bünövrəsini 1723-cü ildə işğalçı sələflərindən geri qalmayan I Pyotr qoyduğunu bilirsiniz. O da slavyanlar kimi Azərbaycana dönə-dönə yürüş edib.
Bakı gördüklərini, çəkdiklərini unutmağa macal tapmayıb. 1724-cü ildə rus komendantı knyaz Bryatinskinin idarəsinə keçən şəhərimiz general V.Zubovun, sonrakı tarixlərdə I Aleksandrla çar I Nikolayın verdiyi zülümlər onunçün təkrar olub.
Başımıza gətirilən bəlaların acısını duyduqca folklordakı qarğışların hansı hisslərdən yarandığını anlayıram. Qarğış yaşadıqları müsibətlərin qarşısını ala bilməyən gücsüz insanların çəkdikləri nalədir. Bu məqamda ürəyimdə təəssüf dolu gecikmiş istək baş qaldırır. Bunu da qarğış saymaq olar: irəlidən öləydi I Pyotrı, ya da vəsiyyət etməyə dili söz tutmayaydı. Ağzı yanmış nə demişdisə, onu da elədilər. Məzhəb seçkinliyindən, torpaqlarımızın işğalından, bizə calaşdırdığı ermənilərin əlindən göz aça bilmədik. Onların törətdikləri qanlı əməllərin tarixləri xronologiya deyil, Azərbaycanın boynundan asılan sapa düzülmüş qara muncuqlardır. Ermənilərin Azərbaycana köçürülməsi ilə yurdumuzun xoş günləri yağlı əppək olub göyə çəkilib. O vaxtdan indiyə – 2020-ci ilin sentyabrın 27-dək bu millət qanımızı içməyə davam edir. Elə bil o qatilləri bağışlamaq üçün yaradılmışıq. Dəfələrlə qətliam törətməklərinə baxmayaraq, unudub barışmışıq. Yazıçılarımız, şairlərimiz xalqların dostluğundan, qardaşlığından bəhs edən əsərlər yazıblar, amma nə “Əsli və Kərəm” dastanı, nə də “Bahadır və Sona” ermənilərin kinli qəlblərini, xain xislətini tərbiyə edə bildi.
Bakının 1806-cı il oktyabr ayının 6-da Rusiya imperiyasının tabeliyinə keçdiyi vaxtdan başlayan qara günlərin rəngi getdikcə daha da tündləşdi. Qarşıdakı illərdə İranla Rusiya Azərbaycanı ata mülkütək tən böldü.
Dərdimizi təzələyəcəm.
Səməd Vurğun da bəlamıza səbəb olanlara ürəkdən qarğayıb:
Nədir bu həsrətin adı, ünvanı? Baisin evində işıq yanmasın! Ah, Araz, ah, Araz, vədimiz hanı? Bir ürək ikiyə parçalanmasın.
Düşmənimiz təkcə erməni olsaydı nə vardı. Dərd təkcə Qarabağ dərdi deyil ki. Azərbaycan bir deyil, iki deyil; Şimali, Qərbi, Cənubi Azərbaycan… artırmaq olar, intəhası qurdlu “cahangir dövlətlər” (M.S.Ordubadinin təbirincə) ərazi iddiası kimi qəbul etməsinlər deyə susmuşuq. Qaş düzəltdiyimiz yerdə göz çıxarmaq istəmirik. “Həm suçlu, həm güclü” olanlar bizi qınayarlar. Yurdumun daşı elə ağırdır, yağılar qaldıra bilmirlər.
Ağrı-acısı da özü kimi çəkilməz Azərbaycanda:
“Bir qələm əsrlik hicran yaratdı, Bir xalqı yarıya böldü qılınctək”.
Dərdin ən gözəli Gülüstan. Rusiya ilə İranın müqaviləsiylə sənədə dönən “Gülüstan”, Bəxtiyar Vahabzadənin şah əsəri “Gülüstan”.
“Öz sivri ucuyla bu lələk qələm Dəldi sinəsini Azərbaycanın. Başını qaldırdı, Ancaq dəmbədəm Kəsdilər səsini Azərbaycanın”.
Şimaldan müxtəlif siyasi iddiayla, yeni quruluş məqsədilə gələnlər o vaxt bizimkiərə fəhlə-kəndli təəssübkeşi kimi təqdim edildi. Bu ideya uğrunda soydaşlarımız bir-birinə qənim kəsildi, bir-birinin qanını tökdülər. Qan üzərində yaradılan yalançı qardaşlıqla yetmiş il milli kimliyimizdən uzaq qaldıq, sərvətimiz talandı. Həm Cənubi, həm də Şimali Azərbaycanda milli azadlıq hərəkatının, demokratik firqənin, cümhuriyyətin ömrünü bircə il, hətta ondan da az elədilər. Azadlığı “pepetkanın” ucunda damızdırıb siyasi quruluşu təzədən dəyişdilər. Bir ilin azadlıq dadı dünya durduqca xalqlar arasında qırğın törətməyə, azadlıq tələb edib müharibə başlamağa kifayət edəcəkdi, hegemon dövlətlərə də bu lazım idi, amma millətlərə azadlıq qismət olmağa qoymazlar. Həmişə aranı qızışdırıb, alovlandırıb sonra üzərinə su töküb söndürürlər.
Dodaqları qurumuş Susuz bir torpağam mən. Sinəmdə cadara bax. Budağından ayrılmış Yaşı bir yapağam mən. Qopduğum çinara bax.
Bunu da növbəti sətirlərdə “İnqilab şairiyəm” deyəcək vətən oğlu yazıb.
1813-cü ildə oktyabr ayının 12-də yurdun “Gülüstan” müqaviləsi ilə ikiyə bölünməsindən gözü qorxan Söhrab Tahir çöpü də iki yerə bölə bilmədi. Ser Qor Ouslinin qolu quruyaydı müqavilənin mətnini hazırladığı yerdə. Siz Allah, belə dünya olar, sənin olan vətəni Böyük Britaniyanın nümayəndəsi pay-püş eləsin, Rusiya tərəfdən də Nikolay Rtişev Qacarlardan olan Mirzə Əbülhəsən xan Elçi ilə müqaviləni imzalasınlar? Yurdun sahiblərinisə qətlə yetirsinlər, pərən-pərən salsınlar… Susanlar da olub, canını oda atanlar da, amma yenə Azərbaycana aidiyyəti olmayanlar istəklərinə çatıblar. Ciyərləri yanmışların ürəkləri soyumayıb on beş il ötəndən sonra 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində başqa bir müqavilə imzalayıblar.
Bu boyda dərdi olan xalqı ağı deməkdə, bayatı çağırmaqda, kədərli şeirlər yazmaqda qınayanların ürəyi yoxdur. 1905-ci ildə – Qacar dövlətində başlanan inqilabı 1908-ci ildən Cənubi Azərbaycanda milli hərəkata çevirən Səttar xan, Bağır xanla birgə silahdaşları Əli Müsyo, Heydər xan Əmioğlu, Şeyx Məhəmməd Xiyabani “vətən eşqi məktəbində can verməsəydilər” gələcək nəsillər yurdu üçün candan keçməyi öyrənməzdilər. Görmədiyimiz, ideyalarını isə yaşatdıqlarımız Bütöv Azərbaycan arzusu ilə ölümə gedənlərin hamısına yurdu yaşatmaq borcumuz var. Ruhlarını şad etməliyik.
“…Hökm etsə, bu sərsəm gediş dursa oy!”
Sərsəm gediş Azərbaycanın taleyində çox olub, sərsəmliyi durdura bilməyəndə acizanə surətdə Arazı günahkar çıxarmışıq. “Araz, suyun qurusun”, “lal Araz” və s. kimi ifadələrlə qəzəbimizi çayın üstünə tökmüşük.
Cəfər Cabbarlı da ayrılıqda günahı olmayan Araza acıqlanıb:
Araz, rədd ol aradan, bir olsun Azərbaycan! Kimdir səni yaradan? Böldün böyük Vətəni, Araz, böylə aradan…
(Deyilənə görə, “Araz çayı” mənzum pyesinin əlyazması it-bata salınıb.)
“Bütün Rusiyanı sarsıdan 1905-ci il inqilabı Araz çayı üzərindən çoxdan adlayıb keçmişdi. İnqilab kütlələri dalğalandırdığı bir gündə çay yenə də sükutunu pozmur, yenə də çar qamıçılarının qorxusundan səsini çıxarmır və axırdı”. (“Dumanlı Təbriz)”
Yazıq dilsiz-ağızsız Araz…
Vikipediyada: Rusiyadakı 1905-ci il inqilabının təsiri altında başlayan və tarixə Məşrutə (Konstitusiya) inqilabı adı ilə düşən Səttərxanın başçılıq etdiyi inqilab 1911-ci ilin dekabrında Rusiyanın Qacar rejiminə köməyi ilə yatırılıb. Təbrizə daxil olan rus qoşunları inqilabçılara divan tutublar” kimi qeyd olunan hadisəni M.S.Ordubadinin “Dumanlı Təbriz” əsərinin “Son iclas” bölümündə yazıçı dili ilə oxuyaq: “– Təəssüf olsun ki, bütün bu zəhmətlər rus kazaklarının ayağı altında tapdanıb gedəcəkdir…” Əsərin qəhrəmanı isə ümidini itirməyərək: “Müvəqqəti bir sükutdan sonra İran inqilabı daha geniş və daha yüksək, daha müstəqil bir surətdə alovlanacaqdır” söyləyir. Bu 1945-ci ilin 12 dekabr ayından 1946-cı ilin sonuna qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş sosialist hökumətin quralacağına işarədir. Ümidlə reallıq çox vaxt bir-birinədən gen gəzir. Həmin anda heç kəs bilmirdi ki, Seyid Cəfər Pişəvərinin sədrliyi ilə qurulan Azərbaycan Demokrat Firqəsinin fəaliyyəti uzun çəkməyəcək. Hər şey əsərdəki bölümün sonunda yazılan kimi bitdi: “Rəfiqlər, möhtərəm ağalar, cənablar! Pərdə enir. Təbriz inqilabının birinci səhnəsi qapanır”.
Nədir inqiliab? –
İnqilab inkişafdakı keyfiyyət dəyişikliyidir. Bir qayda olaraq islahatların ya keçirilmədiyi, ya da az keçirildiyi həlqələrdə baş verir.
“Hər mühitin doğduğu inqilabı o mühitin şəraiti ilə inkişaf etdirmək lazımdır. Hər məmləkətin inqilab rəhbəri o məmləkətin özündən doğmalıdır. Öz rəhbərlərini yetirməmiş bir ölkədə inqilab hərəkatını irəli aparmaq mümkün deyildir. Bu yalnız İrana məxsus deyil, hər bir məmləkətdə belədir”. (“Dumanlı Təbriz”)
İnqilaba bir də Balaş Azəroğlu gözüylə (sözüylə) baxaq: (oxuyaq)
Mənim könül dəftərim bənzəyir gülüstana, Onda yer verilməmiş qarlı qışa, tufana. Bir bahar ətri vardır hər şerimdə sözümdə, Baharın həsrətilə yaşayıram özüm də. Mən əl açıb göylərdən diləmədim azadlıq, Mənim arxalandığım onlardan daha artıq – Ölkələr həsrət çəkən afitab şairiyəm, Azadlığın carçısı inqilab şairiyəm.
B.Azəroğlu Səttarxanı bir rəhbər kimi sevir, onun yolunda əmrə hazır olduğunu bildirir. Çünki o, yurdunu azad görmək istəmiş, bu müqəddəs amal uğrunda canından keçmişdir.
Təbrizsə nə bahar gördü, nə də dumanı çəkildi. Azərbaycanın dumansız yeri var ki? Bəlkə də, uğrunda ölənlər olmasaydı, Azərbaycan özü də olmayacaqdı. O qəhrəmanlar yurdu yox olmağa qoymayıblar.
“21 Azər Günü” ifadəsini tarixdən əvvəl ilk dəfə ədəbiyyatdan (şeirdə) oxuyub maraqlanmışam. Belə mövzular şeirə, nəsrə təhrif edilmədən bədii təsir gücü ilə gətirilməlidir.
O vaxt da, elə indi də Ana dili dərdimiz vətən həsrətilə qol-boyun olub.
“İndi elə bir vaxtdır ki, bir şübhə üzərinə insanın adını vətən xaini qoyub məhv edə bilərlər.
– … lakin mən bir söz də soruşmaq istərdim. Əcəba, təbrizlilər türk deyildirmi?
– Türkdür. İranda dörd milyona qədər türk vardır, – deyə cavab verdim. Qız yenə də:
-Elə isə onların ədəbiyyatı nə üçün türkcə deyildir?
Qız bu sualı ilə ortaya olduqca mühüm və çətin bir məsələ atdı. Hətta Şeyxov da:
-Xanım məsələni dərindən başlamışdır, – deyərək güldü.
(“Dumanlı Təbriz” )
Çox gecdir… amma heç olmasa, bundan belə iş görmək lazımdır.
Bu yaxınlarda yutubda Arazın o tayında adlı filmə baxdım. Baxmayanlar üçün keçidi göstərirəm.
Dünyanın bütün nemətləri düzülmüş süfrə təsəvvür edin. Əyləşmisən stulda, baxırsan. İstəyirsən, əlini hansınasa uzadıb götürəsən, qarşına çörək qırıntıları qoyub: “bunu yeməlisən” deyirlər. Etiraz etməyə, ağzını açmağa qoymurlar: – “başqa şansın yoxdur”.
– “Süfrə mənimdir, nemətlər zəhmətim sayəsində qazanılıb, çalışan, hazırlayan, düzən də mənəm, üstəlik neməti bitirən torpaq da mənimdir” deyə bilmirsən. Dərk edirsən ki, “balaca adamsan”– “Dəvədən böyük fil var”. Öhdənə düşən işləməkdir, idarəçilik sənlik deyil. Gücsüzlüyünü görürsən. Məcbur olub acından ölməməkçün qırıntıları yeyirsən. Öz süfrəndən sənə çatan başqasının verdiyi çörək olur. Yeyib təşəkkür edirsən.
Küçəyə çıxanda qəfil soruşan olsa, süfrənizdə nə vardı, deyəcəksən quş iliyi, can dərmanı. Eşidilən “quş iliyi”, “can dərmanı” olacaq. Hamı səni tox biləcək. Sənsə susacaqsan. Atalar sənə: “Susmaq qızıldır” deyib. “Sus ki varlanasan”.
Sərvətlərimizi çapıb talayanlara, çapıb-talatdıranlara əsrlərlə dinmədik, susduqca daha çox müti olduq.
Bədbəxtliyimiz Rusiya ilə eyni coğrafi ərazidə yerləşməyimiz olub. Bu azmış kimi Qərbin də gözü sərvətimizdədir. Bunlar bəs etmirmiş kimi “erməni xalqı” da düzəldib canımıza salıblar.
Susmaq, güzəşt etmək öyüd-nəsihəti, qardaşlıq, dostluq adlı yastıqdakı şirin yuxumuz yurdu talayanlara şərait yaratdı. Humanist olmağı da təkcə bizim boynumuza qoydular. Özləri belə deyillər.
Millətimizin bədbəxtliyi üzərində ucaldılan səltənətlər nə vaxt yıxılacaq?
Siyasətə qarışmaq kimi çıxmasın. Mən hara, siyasət hara? İnanmadığım, sevmədiyim sahədir. İntəhası sakit duranda elə bilirlər, baş verənlərdən başın çıxmır. Ağıllı olduğumu göstərməyə çalışmıram. Maşallah məmləkət dolub siyasi şərhçilərlə, mənə gərək yoxdur. Başımız çıxmadığı şeylərin yolunda gözümüzü çıxarmasınlar deyə 1988-ci ildən bəri aramızda birlik yaranıb. Pozmağa çalışanlar da var, onlara kömək edənlər də. Amma bu xalqı bir yerdə, ayağa duran görmək hər zaman mümkündür. Araya xain əli girməsə, heç kim bir-birinin əlini buraxmaz. “Xain əl” şərtidir.
Birlikdən yanlış istiqamətçün istifadə etmək xainlikdir. Əzmimizi öldürməsələr, yaxşıdır.
“İnqilab və mədəniyyət” jurnalının 1950-ci ildə nəşr edilən nömrələrindən birində Jalə imzasıyla dərc edilmiş şeirlər oxudum. Mövzuyla əlaqədar olduğundan şeirlərdən birini diqqətinizə çatdırıram.
İran
İran xərabəzardır, könlüm qan olmasınmı? Yurdu viran görəndə o, viran olmasınmı? Bir kölgətək fəlakət İran xalqını izlər, Zülmət olub İranda indi aydın gündüzlər. – Bax Sədinin, Hafizin vətənindən nə qaldı? Şən mahnılar yerində ah-nalələr ucaldı. Bir gün gözümlə gördüm Abadanda bir səhər Xurma çərdəklərini ruzi etdi körpələr. Yad ellərdə İrandan neft çayları axanda, Xalq öz dövlət-varına bir yad kimi baxanda, Onun oğlu qızları sərgərdan qalmazmı bəs? Bir gün düşmənlərindən intiqam almazmı bəs? Xozıstan neft yurdudur, yadlar doyur varından, Ancaq işıq gəlməyir yoxsul daxmalarından… Könlüm qəmlər əlindən viranə qalmasınmı? Ah, bu xalqın dərdinə bir dərman olmasınmı? İndi tarix dəyişmiş, artıq yetişmiş zaman, Çalış iranlı qardaş, qoy azad olsun İran. Addımlayaq sürətlə, böyük addımlarla gəl! Qoyaq xoşbəxt günlərçin sarsılmayan bir təməl. İran, zəfər bizimdir, dəyişəcək bu dövran, Qoca İran təzədən olacaqdır növcavan.
Qoca İranın çəkdirdiyi əzablardan Cənubi Azərbaycan gün görmədi.
Sonda “səsi tutqun” Arazdan şeir oxuyaq. Şeirin təsir, tərbiyə gücünə çox inanıram. Əslində, şeirdən çox arzudur. 1989-cu ildə həyata keçən arzu. Amma yarımçıq qalan məqsədlər var.
Böyüklər, böyüklər hörür çəpəri, Uşaqlar, uşaqlar yarır çəpəri. Böyüklər, böyüklər çəpər boyunca, Qaratikan əkir, gicitkən əkir. Uşaqlar, uşaqlar çəpər dibində, Bənövşə axtarır, süsən axtarır. Böyüklər, böyüklər – çəpər adlayan. Qonşu kölgəsini əzməyə hazır. Uşaqlar, uşaqlar biri-birinə, Çəpər – deşiyindən pişik addadır. Böyüklər, böyüklər – çəpərdə paya, Uşaqlar, uşaqlar – çəpərdə qayçı… Beləcə uşaqdı qonşu böyüklər, Beləcə böyükdü qonşu uşaqlar. Nə yaxşı yamanlıq öləziməkdə, Nə yaxşı, yaxşılıq yanmağındadır. İnandım: hər uşaq bir od parçası! İnandım: səngiməz bu od, bu ocaq! Təbrizlə Naxçıvan arasındakı Çəpəri yıxan da bunlar olacaq…
Qanun nədir? Qanun mütəxəssislər tərəfindən kağız üzərində yazılan cansız maddə və alt maddələr məcmuudur ki, əməl və hərəkətlərin tənzimlənməsi baxımından canlı qüvvəyə çevrilir.
Qanun insan üçündür. Bəs insan nədir? İnsan deyəndə vətəndaşlığından, əcnəbiliyindən, vətəndaşsızlığından asılı olmayaraq hüququn subyekti başa düşülür. Amma bu arada adamın ağlına başqa fikir gəlir. Mirzə Ələkbər Sabir demişkən, fəhləni, başqa sözlə, vəzifəsi, pulu, arxasında dayananı olmayan hər kəsi insan adlandırmaq olarmı? Görəsən, köməksizlər və çarəsiz vəziyyətə salınmışlarla hər yerdə və həmişə insanla olduğu kimi davranılırmı? Bax, bu ciddi sualdır, həm də ciddi adamlara ünvanlanıb.
Baxmayaraq ki, qanunun bütün növləri insan üçün nəzərdə tutulub, “insan hüquqları” mövzusu bir az fərqlidir, yəni sudan, havadan və s. istifadə etmək qaydalarını əks etdirmir,
birbaşa insanın varolma hüququnun bələdçisi kimi çıxış edir.
Bildiyimiz kimi, hər kəsin mənsub olduğu xalq qul və quldar dövrünün sosial bərabərsizliklər sistemini adlayıb. Nə yazıq ki, qul və quldar cəmiyyətlər qədimdə qalsalar da, rüşeymi əbədi inkişafdadır. Qul elə bütün dövrlərdə quldur. Hüququndan istifadə edə bilməyən, dərdi dinlənilməyən, sözü eşidilməyən hər kəs öz ölkəsində quldur. Qul statusu ilə razılaşmamaq mümkün deyil, çünki razılaşmaqdan başqa müraciət forması nəzərə alınmır.
Zooloji aləmdə hüquq anlayışı yoxdur, amma qul üzvlər də yoxdur. Quşlar qibtəediləcək qədər uzaqlara uça, heyvanlar bir meşədən ayrı meşələrə, hətta bir ölkədən ayrı ölkələrə vizasız, pasportsuz hərəkət edə bilərlər. İnsan, nə təəssüf ki, ruhuna görə Allaha yaxın yerlərdə qərar tutsa da, bədəninə görə heyvandan da aşağı imkanlara malikdir.
Hüquq insanın müəyyən çərçivə daxilində azadlığıdır. Əlbəttə, insanın sonsuza qədər azadolma, yəni təfəkkür və düşüncəsinə görə sərhədsiz azadlıq xüsusiyyəti var ki, bunu heç cürə hüquqla əlaqələndirmək və məhdudlaşdırmaq mümkün deyil. Sərhədsiz azadlıq o demək deyildir ki, o, öz əməllərinin zəruriliyini və sərhəddini anlamır, əksinə, ən böyük azadlıq insanın özünün özünə təlqin etdiyi dərk olunmuş sərhəddir.
Hegelə görə “hüquq ideyası azadlıq deməkdir, onun əsl mahiyyəti o zaman başa düşülür ki, bu anlayış mövcud varlığın timsalında dərk ounur”.
Əlbəttə ki, Hegel haqlıdır, lakin bir şərtlə. Bu o şərtdir ki, hüquqi cəhətdən azad olan və eyni zamanda əməllərinin sərhəddini dərk edən müdrik insan da haqsızlığa məruz qalmaq, özündən, yolundan zorla uzaqlaşdırılmaq üsulu ilə iflasa uğrayır. Yəni əqidəyə təcavüz etmək birbaşa əlçatan olmasa da, əqidə sahibinin həyat yollarına daş düzməklə onu sarsıtmaq həmişə mümkündür və buradan belə nəticəyə gəlmək olar ki, “mövcud varlığın timsalında” dərk olunmuş azadlığın hüquqi müstəvidə davamlılıq müddəti kənar müdaxilələrdən asılıdır.
“Hüquq müəyyən çərçivə daxilində insanın azadlığıdır” deyirik də, amma o, əslində, vəzifələr məcmudur; tabeçilik hökmlərinin diqtəsidir. İnsan hüquqları ilə tanış olduqca vəzifələrini öyrənir. Məsələn, öyrənir ki, yaşadığı ölkənin konstitusuyasının, qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, xalqın adət və ənənələrinə hörmətlə yanaşmalıdır, amma hüquqlarının müdafiəsinə qalxmaq imkanından qismən məhrumdur.
Əslində, insanın hüququ olmur, ona görə ki, qanun yaradılışdan irəli gələn funksiyalara uyğun yazılmır, əksinə, təbiətə qarşı yönəlir. Hüquqlar bəzən kağız üzərində qalır, həm də onu situasiyanın, şəraitin tələbinə, icraçının istəyinə müvafiq olaraq tez-tez dəyişirlər. Deməli hüququndan istifadə yerində, anında, müəyyən zaman çərçivəsində qəfildən gerçəkləşməsə, uzun zamana hesablanan məsələlərin həllinə davam gətirmir.
Spinoza deyir ki, heç bir cəmiyyət hakimiyyətsiz, qüvvəsiz, insanların ehtiras və aşıb-daşan istəyini idarə edən qanunlarsız yaşaya bilməz, amma insan təbiəti özünün qeyri-məhdud şəkildə istismarına dözmür, bu mənada qanun o zaman müsbət nəticə verir ki, müəyyən həcmdə insanın istək və arzularını əhatə edir. O, azadlığı dərk edilmiş zərurət adlandırır.
Spinoza da Hegel kimi qanunun vacib amil olması fikirlərinə görə haqlıdır, ona görə ki, qanunsuz yaşayan cəmiyyətin fəsadları ilə heyvan sürüsünün özbaşınalığını qarşı-qarşıya gətirmək ölçüyəgəlməz şəkildə yanlış müqayisədir, axı insan düşünən varlıqdır, istənilən qədər müdhiş və mənfur əməllərə imza ata bilər; amma o da “azadlıq dərk edilmiş zərurətdir” deyərkən cəmiyyətləri yox, “mövcud varlığın timsalında” tək-tək insanları nəzərdə tutduğu üçün hüquqi status anlayışını kölgədə qoyur. “Azadlığı dərk edilmiş zərurət” kimi mənimsəmək hüquq yaradıcısı, qanun mücəssəməsi olmaq deməkdir ki, həmin bu tək-tək insanların taleyi, güc strukturlarında çalışanlar xaric, yadelli müdaxilələrə məruz qalan cəmiyyətlərdə ağla sığmayacaq qədər acınacaqlı ola bilər.
Hollandiyalı filosofun fikrinə görə, azadlıq qanun daxilində mövcuddur, yəni azad insan qanuna riayət etməlidir. Qanuna riayət etmək məsələsi də elə dolayısı ilə qanunların icra olunma məcburiyyətidir. Doğrudur, filosof hər kəsin söz azdlığından da bəhs edir, lakin söz azadlığı hüquq sahibi olmaq deyil, çünki sözdən daha mühüm olan deyilənlərin həyata
keçirilmə prinsipidir. Hüquq insanın cəmiyyətdən öz haqqını alması, vəzifə, əksinə, borcunu ödəməsidir.
İnsanların mənsub olduqları cəmiyyətlər, yaxud ayrı-ayrı hökümətlər tərəfindən, həm ölkədaxili, həm də ölkəxarici münasibətlərin tənzimlənməsi öhdəliyi zamanı mütəmadi olaraq hüquq pozuntusu baş verir. Müxtəlif dövlətlər müxtəlif vaxtlarda Vyana, yaxud Avropa İnsan Hüquqları Konvensiyasının şərtlərini pozur. Son vaxtlar adət halına gətirilmiş səfirliklərə hücum tendensiyası deyilənlərə əyani misaldır və əgər…
Əgər “Avropa insan hüquqları hüququ”, “Diplomatik əlaqələr haqqında Vyana konvensiyası”nın və s. maddəsi dünyanın gözü qarşısında açıq-aydın pozulur və cəzasız qalırsa, onda tək-tək insanların hüququndan danışmağın əhəmiyyətlilik dərəcəsi sıfra enmirmi?
Məlumdur ki, insanın ləyaqət hüququ bütün hüquq və azadlıqların məzmununa sirayətedici təsir göstərir, amma “cinayət tərkibi yoxdur” mühakiməsilə çox vaxt müdafiədən kənarda qalır, yaxud insanın yaşamaq hüququna onu cismən öldürmədən öldürücü təcavüzlər edilir.
Göründüyü kimi, Beynəlxalq qanunlar təkcə ölkələr, uluslararası münasibətlərin tənzimlənməsi, idarə olunması səbəbindən yox, həm də istənilən dövlətdə hər hansı vətəndaşın, yaxud əcnəbinin, vətəndaşlığı olmayan şəxsin hüquqlarının müdafiəsi üçün nəzərdə tutulur və insan hüquqları məsələsində nəzəri cəhətdən “ölkənin daxili siyasətidir” deyə bir anlayış yoxdur. Emprik cəhətdən…tam bunun əksinə.
Tutalım, Almaniyada Miqrasiya Xidməti əcnəbi almana “dövlət dilini bilmir” deyə nöqsan tutur, təəssüf ki, o, xarici vətəndaş olsa da, almandır və alman dilində bütün öyrəndiyi dillərdən yaxşı danışır. Yaxud eyni statuslu alman haqqında yazırlar: “vəzifələrini bilmir”, halbuki o, otuz ildir Almaniyada yaşayır, əgər vəzifələrini bilməsəydi, tramvaydan belə istifadə etməsi mümkünsüz olardı. Üçüncü qərarda artıq həmin əcnəbi almana “hüquqlarını bilməmək” statusu tətbiq edilir. Həqiqəti əks etdirməyən yalan qərarlardan sonra bu üçüncü cümlə adama şapalaq kimi toxunur və sual doğurur: – Bu əcnəbinin hüququ olsaydı, əvvəlki iki müddəadan onun əleyhinə istifadə etmək baş tutardımı?
Avropa insan hüquqları hüququnun «Kompensasiya etmə» kimi tanınan sahəvi prinsiplərindən biri də insan hüquqlarının pozulması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsidir. Yəni illərlə uzana biləcək məhkəmə yolu ilə… təəssüf ki.
Gəldiyimiz son qənaət belədir ki, vəzifələr bütün dünyada eynidir, onu bilmədən insan bir gün də yaşaya bilməz, elə hüquqlar da eynidir, lakin tək-tək insanın hüququ qarşı tərəfin məsələyə münasibətindən asılı olaraq, ya var, ya qismən mövcuddur, ya da… bərkə düşəndə heç yoxdur. Bu mənada “Hüququnu bilmir” maddəsinin, yaxud bəndinin tətbiqi qeyri-müəyyən ittiham və ya, sadəcə, ittihamdır.
Hüquqların vəzifələrlə nisbətini balıq və balıqçının timsalında aşağıdakı kimi şərh etmək olar: “Balıqçının vəzifəsi suya salladığı tilovun qarmağına yem keçirib balıq ovlamaqdır. Balığın hüququ qidalanmaqdır, yem qarmağın ucunda olsa belə… ”
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda filologiya üzrə fəlsəfə doktoru, şair Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Gülhüseyn Kazımlının həm muğam irsimizin tədqiqatçısı, həm də şair kimi yaradıcılıq xüsusiyyətlərindən danışıb.
Tədbirin aparıcısı, tənqidçi, “Azərbaycan” jurnalı baş redaktorunun müavini Əsəd Cahangir də Gülhüseyn Kazımlının yaradıcılıq yolundan söhbət açıb.
Tədbirdə Xalq artistləri Sərdar Fərəcov, Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, İslam Sadıq, Maşallah Məftun, Zaur Ustac, Elmira Aslanxanlı, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, gözəl mahnılar müəllifi Kəmalə Abıyeva və başqaları çıxış etdilər.
Gülhüseyn Kazımlıya “Turan Birliyi” medalı və “İsa Muğanna” diplomu təqdim edilib. Tədbirdən fotolar:
Gülhüseyn Kazımlını “YAZARLAR” kollektivi adından təbrik edir, bol-bol yaradıcılıq uğurları arzulayırıq!
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda filologiya üzrə fəlsəfə doktoru, şair Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Gülhüseyn Kazımlının həm muğam irsimizin tədqiqatçısı, həm də şair kimi yaradıcılıq xüsusiyyətlərindən danışıb.
Tədbirin aparıcısı, tənqidçi, “Azərbaycan” jurnalı baş redaktorunun müavini Əsəd Cahangir də Gülhüseyn Kazımlının yaradıcılıq yolundan söhbət açıb.
Tədbirdə Xalq artistləri Sərdar Fərəcov, Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, İslam Sadıq, Maşallah Məftun, Zaur Ustac, Elmira Aslanxanlı, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, gözəl mahnılar müəllifi Kəmalə Abıyeva və başqaları çıxış etdilər.
Gülhüseyn Kazımlıya “Turan Birliyi” medalı və “İsa Muğanna” diplomu təqdim edilib.
Bu gün (17.02.2023.) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda filologiya üzrə fəlsəfə doktoru, şair Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Gülhüseyn Kazımlının həm muğam irsimizin tədqiqatçısı, həm də şair kimi yaradıcılıq xüsusiyyətlərindən danışıb.
Tədbirin aparıcısı, tənqidçi, “Azərbaycan” jurnalı baş redaktorunun müavini Əsəd Cahangir də Gülhüseyn Kazımlının yaradıcılıq yolundan söhbət açıb.
Tədbirdə Xalq artistləri Sərdar Fərəcov, Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, İslam Sadıq, Maşallah Məftun, Zaur Ustac, Elmira Aslanxanlı, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, gözəl mahnılar müəllifi Kəmalə Abıyeva və başqaları çıxış etdilər.
Gülhüseyn Kazımlıya “Turan Birliyi” medalı və “İsa Muğanna” diplomu təqdim edilib. Tədbirdən fotolar:
Gülhüseyn Kazımlını “YAZARLAR” kollektivi adından təbrik edir, bol-bol yaradıcılıq uğurları arzulayırıq!
Qayıt, mənim gülüm, yerbəyer elə Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi,- Yenə olduğu tək görüm həyatı. Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, səhmana sal bu kainatı
İki sevgi
Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mən səni sevirəm Sususzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatca bardaş qurub, – Kabab üstdən sərin su pis olmaz – deyən kimi Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi O isə səni sevir Bir şən mağarda, toyda, İşıqlardan yaranmış yaraşıq sevən kimi. Danış, ucalsın səsin, Qısılmasın nəfəsin. Mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən Gələn bir səda kimi, Səs kimi, Qüdrət kimi O isə səni sevir, Gizli deyil ki səndən, Bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə. 1953
O qıza
Axtarıram mən səni, Arayıram mən səni. Soruşuram gözümlə ötüb keçəndən səni, Axtarıram kitabda, arayıram həyatda. Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda, Sənin təhsilin nədir, sənin yaşın neçədir? Aladırmı gözlərin, qaradırmı, necədir? Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi, Qoy qara xalın olsun həsrətimin nöqtəsi! Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən; Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən. Kamal ol ki ömür bir şən nümayiş deyil, Mənalı yaşamaqsa çox da asan iş deyil. Ağıl da öz yerində. kamal da öz yerində. Bir gözəllik də görüm mənalı gözlərində. Kimə, niyə baxıram təkcə səni andırır. Ürəyimdə sözüm var, ürəyimi yandırır. O elə bir sözdür ki, dosta. yada deyilməz. Anadan əziz nə var, anaya da deyilməz. Əllərimi göynədir saçlarının həsrəti. Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti. İşdir üz-üzə gəldik… Onda məndən utanma, Ürəyindən keçəni nə gizləmə, nə danma Gizləmə ki, danma ki, gedər hərə bir yana; Qoyma canım od tutub yana, ömürlük yana. Səni harda axtarım? De nəçisən? De kimsən? Tez ol, görün, tez ol gəl, axtarıram səni mən! Gözümdə, könlümdə qəm, Yollarına bitmişəm. İlk baharı gözləyən cavan bir ağac kimi. Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi.
Qaytar ana borcunu
Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü – ərinin öldüyünü Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə Lakin nə saç yolaraq verdi əsən küləyə, Nə şivən etdi ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona, Dözərək davanın da dərdinə, bəlasına, Öz boğazından kəsib yedirdi balasına… Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə: Atlını atdan salıb küləklərlə ötüşür. Baxışından qızların ürəyinə od düşür. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi, Oğul instituta qızıl medalla girdi. Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!” Ana yuxularında tez-tez Bakıya getdi, Ana məktub yazdı ki: “Yanıltma gümanımı, Pul nədir, pul deyirsən, göndərərəm canımı”. Nə zaman ki oğlunun getdiyi dörd il oldu, Məktubları kəsildi, gəlmədi tətil oldu, Ananı fikir aldı, ananın əsdi dizi Ana müqəssir etdi, tramvayı, dənizi. O yenə dözdü, durdu… O yolmadı saçını, Səsləri qonşuları Əsmər, Çiçək bacını. Yenə də azalmadı ürəkdən bala dərdi Onlar oğul vermədi, onlar təsəlli verdi. Məktub məktub dalınca axdı, Bakıya xdı, Ana da məktubların dalınca baxdı, baxdı… Məktublarsa Bakını dolandı, gəzdi, gəldi, Məktublar əzik-üzük, məktublar bezdi gəldi, Ana yenə də baxdı gah dolama yollara, Gah da oğul boyuna həsrət qalan qollara. Ana oğul böyütdü gur, çatmaqaş, gensinə, Ana oğul böyütdü, özgəyə qismət oldu. Ana fikirləşdi ki, mən neyləmişəm sənə? Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu? Oğul böyütdümü o büzmədodaq bir qıza? Oğul böyütdümü o. min işvəyə, min naza? Ana bilsəydi əgər böyütməzdi oğlunu, Yox, bunu yandım dedim, yenə atmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana, Ürəyində ağlayıb gülmək öyrətdi ona. Oğul! Nədir etdiyin bəs bu haq-say üçün? Qaytar onun ömrünə neçə gecə, neçə gün! Qaytar onun saçının qaralığını geri. Qaytar o dilindəki şirin-şirin sözləri! O sözü, o söhbəti gülüşü anan verib, Ana dodaqlarından bala dodaqlarına. İndi ondan gen gəzən oğul, ayaqlarına Yerişi anan verib. Qaytarsan o sözləri, sözsüz bir lal olarsan, Qaytarsan o yerişi, yerindəcə qalarsan. Qaytarsan o gülüşü hırıldamazsan daha Qaytar, qaytar onları. qaytar qoyma sabaha! Sən ki dərd verdin, oğul, sənə gülüş verənə. Oğul demərəm sənə! Deyirəm ki, o boyu, buxunu qaytar geri! Deyirəm ki, varını, yoxunu qaytar geri! Qaytar onun borcunu, Gülüşünü, adını, sözünü qaytar geri! Qaytar ana borcunu, O borc sənin özünsən, özünü qaytar geri!
Atamın xatirəsi
O sərt idi. Səhər dərsə tələsəndə mən Bildirməzdi yolda durub boylandığını. Bircə dəfə söz açmazdı qəlbindəkindən, Söyləməzdi övlad üçün çox yandığını.
Gizli-gizli məni süzüb gülərdi bəzən Durub-durub güc gələrdi əyri qəlyana. Övladına bircə dəfə “can” söyləməkdən Övlad üçün can verməyi daha asandı ona.
Əməksevər. ağır, enli, cod əli vardı, Tale kimi endirərdi çiynimə hərdən Sərt üzünə bircə anlıq səhər doğardı Bilməzdim ki, hansı nurlu düşüncələrdən.
Sevgisi də soyuq idi – təzə əkini Hər bəladan hifz eləyən qar kimi. Moskvada oxuyurdum, Tərk etdi məni. Gələn kimi bir əbədi ayrılıq dəmi Gah istəyib məni görə. Gah deyib ki mən Qoy bilməyim O utanıb öz ölümündən Ah, o niyə belə etdi, bu nə qubardı? Nə zamansa bu nişanda bir atam vardı.
*** Bəzən haqq qazanır insan öləndə, Hətta unudulur ağır günahı Hamıya dərd olur cavan getməyi, Oduqca az görüb, az yaşamağı…
Deyirlər:”bilsəydik, ayıq olardıq Onu qoyardıqmı heç gözdən iraq? Hər bir dərdinə də çarə tapardıq, Nə bilək, o belə az yaşayacaq?”
Eh! Bu gün nə qədər xəyala daldım, Eh! Qəlbim nə qədər alışdı, dindi. Sən mənim qədrimi biləsən deyə Bu cavan yaşımda ölümmü indi?
İlk görüş
Nə vaxt görüşmüşük? Harda? Nə zaman? Doğrusu, elə bil yadımdan çıxıb. Təbəssüm səhəri doğdu üzündən, Dayandın ehmalca əlimi sıxıb.
Sözlərin qırıldı, töküldü bir-bir; Çırpdı divarlara, daşlara külək. Kəlmələr dağıldı sahil boyunca Yorulmuş bir gülün ləçəkləri tək.
Əynində sevincdən biçilmiş ağ don, Gözündə çaşqınlıq ala-toranı. Əllərin qonmağa bir yer tapmadı, Sındırdın az qala barmaqlarını.
Sonra da gözlərin sirli söhbəti: – Sevirsən? – Sevirəm. – Hər zaman? – Hər an! Sonra da dillərin şirin yalanı: – Sevmirsən? – Sevmirəm? İndi o vaxtdan:
Saatlar, həftələr, illər ötüşür. Amma o ilk görüş yaşayır hələ. Qocalmır, zamana yanıqlar verib, Yaşayır hər yeni görüşümüzlə.
İlk görüş yox olsa, yox olub gedər, Dönər bir heçliyə görüşlərimiz… Görüşlər hamısı vərdişə dönər, Bəlkə bir saatda qocalarıq biz.
Hər yeni görüşlə ilk görüş gəlir, Bütün görüşlərə nur səpir bir-bir. İlk görüş həmişə arxada deyil, İlk görüş bəzən də gələcəkdədir.
Nə xoşbəxt imişəm bir zaman Allah
Nə xoşbəxt imişəm bir zaman, Allah, Xəbərim olmayıb bu səadətdən. Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt! Bu gün eşitmişəm bunu həsrətdən. Niyə yazmamışam o zaman, Allah, Əlimə qələm də gəlməyir indi. De, niyə aradan küləklər əsir? Aramız, de, niyə belə sərindir? İçdiyim o su da səadət imiş, İşə getməyim də, qayıtmağım da. Ona baxmağım da xoşbəxtlik imiş, Onu yuxusundan ayıltmağım da. Dünya başdan-başa səadət imiş, Mənsə bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylə, Bəs indi nə olub belə dayanmış? Göylər səadətin çətiri imiş, Torpaq da səadət məhvəri imiş. Gecələr toranlı vüsal məskəni, Hər səhər, ruhumun səhəri imiş. Dilin quruyaydı sənin, ay həsrət, Sən bu gün könlümü tarımar etdin. Ya bunu vaxtında deyəydin mənə, Ya da ki lal olub heç dinməyəydin. Dünya başdan-başa səadət imiş, Görəsən, heç bir də olarmı yenə? Dünya başdan-başa nə imiş dedin? Dünya başdan-başa nə imiş, de nə?
Şəhidlik zirvəsi
“Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz” İmadəddin Nəsimi
I
Altı yüz ildir idrakçırpınır pələng kimi Nərə çəkir ağlayır tapa bilmir ki, bilmir – o bir sirri-xudanı. Təpədən dırnağadək soyalar bir adamı; Necə ola dinməsin, Böyük əqidəsindən Bir misralıq enməsin. Gözündən bir nöqtə yaş sinəsinə düşməsin. Qaşları çatılmasın bir xırda vergül qədər, Diri-diri soyulsun, əqidədən keçməsin. Altı yüz ildir bəşər ağrılardan inidlər Altı yüz ildir bəşər düşünər, çatmaz yenə Məşəqqətli ölümün Nəsimi zirvəsinə. Altı yüz ildir, altı Nəsimini soyurlar, Qanlı yaralarına hələ də duz qoyurlar. “Uf” da demir Nəsimi Əmmaməlilər baxır dəli suçlular kimi Təpədən dırnağadək soyurlar özləri qorxur neçin? Göylərə göz dikirlər.
Şəhidigörməməkçün, İlahi də görünmür! – Onun qorxusu nədir? Niyə azad eləmiş, Hər ağrıdan şəhidi? Şəki-şübhə başını qaldırdı, dedi, “Ay aman, Tanrı dəhşətə gəlmiş qaçmış yaratdığından!” Təpədən dırnağadək Əqidə olan kəsi Dırnaqdan təpəyədək Soydu xəncər tiyəsi Şəhid, odur nə dindi göz yaşı tökdü nə də, O oldu yer də göy də ilahi də bəndə də Amalıyla ağrısı biləşib daha güclü bir qanadla Tanrı tutası yerə uçub, o bülənd oldu Küfr edən də çox oldu duyub bilən də oldu
II
Yarım ölümdən ötrü azmı ağlayan olmuş Azmı könlə, beyinə qorxu qurşunu dolmuş? Xırda yarasının da ağrısını doğmaca balasıyla bölənlər Ölümün gəlişini eşidəndə ölənlər Bir qəzəbli baxışın ucunda tir-tir əsən Adam görsən, Nəsimi, əlbət, heç nə deməzsən Ləkələnməzsən əsla Yazmaq istedadını, ölmək istedadını, Dinməzsən ucalardan, Enməzsən ucalardan.
Epiloq
O, altı yüz il qabaq Dərisindən çıxaraq Göylərə baxa-baxa Dözüb hər məşəqqətə Getdi əbədiyyətə Al-qanı axa-axa, Yeridi, gücü artdı Tarixləri qızartdı.
Türkiyə! Ey mənim şərəfli, qürurlu yurdum, Sənə körpəlikdən məhəbbət duydum. Böyük Turanın həp xəyalın qurdum, Nazlı hilalının aşiqiyəm, Türkiyə! *** Başına gələnlər üzdü halımı, Bir təlaş bürüdü, sarsdı canımı. İstəsən lap verrəm bütün varımı, Tək çəkmə qəm yükünü, Türkiyə! *** Keçəcək bu günlər buludlar kimi, Açacaq güllərin sabahlar kimi, Güləcək insanlar dünənlər kimi, Məğrur dayan, qan qardaşım,Türkiyə! *** Acını dindirən məlhəm çox olsun, Tanrı həmişə Türkə yar olsun. İtkilər ağırdır, başın sağ olsun, Sarıldım boynuna, canım içi, Türkiyə! 10.02.2023.
Yel aparır (Ramiz Rövşənin şeirindən ilhamlanaraq Türkiyədə baş verən zəlzələyə) Bu evləri, eşikləri, Külək vurur, yel aparır. Yellənməyən beşikləri, Külək vurur, yel aparır. *** Evimizin damını da, Bacamızın yanını da, Canımızın canını da, Külək vurur, yel aparır… *** Uşaq nədir, böyük nədir? Çiynimizdə bu yük nədir? Bu evlərdə çürük nədir? Külək vurur, yel aparır… *** Başlarında örpəyi də, Əllərində əppəyi də. Bətnlərdə körpəni də, Külək vurur, yel aparır…. *** Yuvamızın daşını da, Külək vurur, yel aparır Gözümüzün yaşını da, Külək vurur, sel aparır.