AYAZ İMRANOĞLUnun “GÖZƏLLİK SUYU” hekayələr kitabı çapdadır. Çox güman ki, növbəti həftəyə hazır olacaq. Təqdimatının 27 yanvar 2023-cü il saat 11.00-da Zəngilan Mərkəzi Kitabxanasında keçiriləcəyi PLANLAŞDIRILIR.
Nazilə Xəlil qızı Hüseynzadə 01 yanvar 1969-cu ildə Bakı şəhəri, Binəqədi rayonunda anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
EŞQDƏN ŞƏRQİ DEMƏYİN
Ayrılanda vidalaşmamışdılar…
Şəhidlər Xiyabanında sıralanan qəbirlər əmr gözləyən əsgərlərə bənzəyirdi, elə bil indicə yürüş edib yenidən cəbhəyə gedəcəkdilər. Qara mərmərlərə həkk olunan şəkillər sanki indicə dil açıb danışıcaqdı. Nəzrinin qəlbi göynədi. Minlərlə şəhid versək də, Qarabağ hələ də düşmən tapdağında idi. Balaca Elsevər qaşlarını çatıb, iti nəzərlərlə daşların üstündəki adları oxuyur, sonra əlindəki qərənfilləri bir-bir qəbirlərin üstünə düzürdü. Oğluna demişdi ki, bu xiyabanda qəhrəmanlar uyuyur. Demişdi ki, Vətənsiz insan, yuvasız quşa bənzəyir. Bütün bunları fikrində dolaşdıran Elsevər qəfil dilləndi:
-Ana, mən də, vətənimi qoruyacam!
Nəzrin fəxrlə oğluna baxdı, əyilib onun sarışın, qıvırcıq telləri tökülən ağappaq alnından öpdü. Elsevərin ağıllı, gülümsər baxışları onun ürəyini riqqətə gətirdi:
-Mənim ağıllı balam!!!
O, əlindəki qərənfilləri öğlu ilə bərabər qəbirlərin üstünə düzə-düzə irəlilədi. Qəhərlənmişdi. Birdən gözləri mərmər lövhə üstündə bir şəklə sataşdı.
İlahi, bu, doğrudanmı o idi?!
Sarsıntı içində şəkilə bir də, bir də baxdı. Şəkilin altındakı adı dönə-dönə oxudu. Yox, nə qədər acı da olsa, zənni onu aldatmırdı! Bu o idi! Xəyallarının bəzəyi, neçə illik həsrətinin əlçatmaz ünvanı! Nəcəf!!! Deməli, o da şəhid olubmuş! İçindən qopan inilti bütün bədənini titrətdi! Nəsə demək istəsə də, sözlər yumrulanıb boğazına tıxandı. Bir anlığa sanki yer ayağı altından qaçdı, dərindən dərin bir quyu açıldı və o, sürətlə quyunun dibinə enməyə başladı. Bir də onu hiss etdi ki, quyunun dibinə çatıb və taqətsiz halda, asta-asta yerə çökdü…
Nə qədər vaxt keçməsindən xəbəri yox idi. Yerində donmuş halda başdaşındakı şəklə baxırdı. İxtiyarsız göz yaşları yanağında cığır açmışdı, səssiz, yana-yana ağlayırdı.
***
Universitetin üçüncü kursunda oxuyurdu. Sonuncu imtahanı bu gün səhər vermiş, bir ay çəkən imtahanların yorğunluğu hələ canından çıxmamışdı. Axşamüstü olsa da, hava bürkü idi. Şəhərin cansıxıcı bürküsündən tez üzaqlaşmaq üçün kirayə qaldığı evdə bir az yır-yığış edib, dəmiryol vağzalına gəldi və axşam qatarına bilet aldı. Qatarın vaxtına hələ bir saat qalırdı. Bileti ümumi vaqona, üst qata almışdı. Dispetçerin deməsinə görə, aşağı yerlər bir neçə gün öncədən satılıb qurtarmışdı.
Vaqonun pəncərəsini açıq qoysalar da, içəridə hava elə ağır idi ki, nəfəs almaq olmurdu. O, içəridəkilərə salam verərək, keçib boş bir yerdə əyləşdi. Orta yaşlı, qarayanız bir qadınla yorğun sifətli, ağ saçlı bir kişi küncdə oturub, nə barədəsə söhbət edirdilər. Qadın astadan danışır, kimdənsə narazılıq edir, kişi ona dinməzcə qulaq asır, hərdən razılıq əlaməti olaraq başını yelləyirdi. Onların ər-arvad olduqlarını sonradan bildi. Vaxt keçsin deyə vağzal köşkündən aldığı qəzetləri açıb xala-xətrin qalmasın vərəqləməyə başlamışdı ki, bir neçə gənc oğlan hay-küylə vaqona girib, qarşıdakı arakəsməyə keçdilər…
Axır ki, qatar yırğalana-yırğalana, ləngər vura-vura yerindən tərpəndi. Təkərlər öz aramsız səs-küyü ilə elə bil ki, uzun, bitib-tükənmək bilməyən bir nağıl danışır, getdikcə sürəti artan qatarın gözqamaşdıran işıqları qaranlığa meydan oxuyur, qabağına çıxan nə varsa, açılacaq sabaha doğru qovurdu.
Ər-arvad çox söhbətcil, canayaxın adamlar idi. Qərbi Azərbaycandan – öz dədə-baba yurdlarından didərgin düşmüş bu adamların üzündə dərin bir iztirab, sarsıntı izləri görünürdü. Yanlarında oturmuş bir kişiylə dərdləşməyə başlamışdılar. Əsəbi danışan qadın qəfildən kövrəldi. Göyçə həsrəti qadını göynətmişdi. O, ermənilərə lənətlər yağdırmağa başladı…
…Nəzrinin gözləri önündə gözəl, axarlı-baxarlı kəndləri canlanmışdı. Axı, onun da əsli Göyçə mahalından idi. Uşaqlığının qayğılı-qayğısız illəri o səfalı yaylaqlar, geniş düzlərdə keçmişdi. Novlu bulağın həzin nəğməsi gəldi qulaqlarına. Qəhərləndi. Düşündü ki, bax, yay tətilidir, gedib kəndimizdə dincələr, şəhərin tozlu havasından bir az uzaq olardım. Amma hanı? El-obasının başına gətirilən amansızlıq qızı sarsıtmışdı…
Onu xiffət dolu bu kövrək duyğulardan ayıran arakəsmənin o üzündə nəsə qızğın söhbət edən gənclərin hay-küyü oldu. Azərbaycanın başıbəlalı taleyindən, torpaqlarımızın erməni vəhşilərinin hücumuna məruz qalmasından qəzəblə danışan gənclər necə oldusa, arakəsmənin arxasından çıxıb, yandakı boş yerlərdə oturdular. Nəzrin indi onların üzlərini də görə bilirdi. Gənclərdən biri daha çılğın idi. Nəzrin istər-istəməz bu alagöz gəncin dediklərinə qulaq asmağa başladı. O, ermənilərin Azərbaycan torpaqlarına rus imperiyası tərəfindən köçürülməsindən danışır, deyirdi ki, dünyada, bəlkə, yeganə xalqıq ki, heç bir millətin torpağında gözümüz olmayıb, öz torpaqlarımız bizə bəs edib. Göyçəni, Zəngəzuru, İrəvanı himayədarlarının əliylə mənimsəyən ermənilərin dişində şirə qalıb, indi də vətənimizin ürəyi olan Qarabağa diş qıcayırlar. Biz Vətənə onun bu günündə lazımıq! Əl-ələ verməli, unutmamalıyıq ki, ulu bir xalqın övladlarıyıq!
Birdən gəncin iti nəzərləri Nəzrinin üzünə sancıldı və baxışları anidən toqquşdu. Qızın ürəyi bərk çırpındı!!! Tez gözlərini oğlandan yayındırdı. Siqaret çəkmək üçün çıxan kişinin boş qalmış yerinə kecdi ki, bir də oğlanla göz-gözə gəlməsin. ..
Bayaqdan səs-küylə dolu vaqona qəfil sükut çökdü. Oğlanlar söhbəti dayandırmışdılar. Alagöz oğlan yerindən qalxıb, o tərəf-bu tərəfə gəzişməyə başlamışdı. O, hər dəfə Nəzringilin oturduğu yerdən keçəndə gözaltı qızı süzürdü. Nəzrin özünü məşğul kimi göstərməyə nə qədər çalışsa da, bütün fikri bu yaraşıqlı, dilli-dilavər oğlanda qalmışdı. Hər dəfə oğlanı qarşısında görəndə həyəcanlanır, nə qədər eləsə də, ona gözucu baxmaqdan özünü saxlaya bilmirdi. Oğlanın baxışlarındakı qeyri-adi qətiyyət iradəsi əleyhinə olaraq, onu bir maqnit kimi özünə çəkirdi.
Nəhayət, hər kəs yerini rahatlayıb yatmağa hazırlaşdı. Nəzrin də yerinə uzanıb gözlərini yumdu. ..
-Deyəsən, yeriniz yuxarıdadır, mənim yerim aşağıdadır, istəsəz, dəyişə bilərik. Sizə əziyyət olar, yıxılarsınız!
Bu səs necə mehriban, necə mülayim idi! İlk dəfə gördüyü qızla əziz, məhrəm bir adamı kimi davranırdı. Başını qaldıranda gördü ki, ucaboy, ağbəniz, alagöz, qıvrım saçlı həmin gənc xoş nəzərlərlə ona baxır. Özünü nə qədər ciddi tutmağa çalışa da, qeyri-ixtiyari gülümsəyərək, – “Sağ olun, yuxarı xoşuma gəlir!” – dedi və öz səsi özünə yad gəldi.
-Nə deyirəm ki, – deyə oğlan məyus halda yerinə qayıtdı.
Xala aşağıdan pıçıldadı:
-Sabahdan fikir verirəm, a bala, deyəsən, o dilli-dilavər oğlanın yaman xoşuna gəlirsən. Amma, insafən, heç pis oğlana oxşamır.
Nəzrin dinmədi, utanıb başını aşağı saldı.
Artıq hamı öz yerində rahatlanmışdı, Nəzrinsə, əksinə, çox narahat idi. Öz yerini yandakı sərnişinlə dəyişən oğlan gözlərini ondan bir an belə çəkmir, bu gözlərdən yağan ulduz-ulduz iynələr qızın bədəninə min yerdən sancılırdı. Yaxşı ki, açıq pəncərədən sərin hava gəlirdi, yoxsa, istidən, həyəcandan az qala boğulacaqdı! Əllərini bayıra çıxardı, sanki sərin havanı ovuclayıb içəri dolduracaqdı. Hiss edirdi ki, oğlan sözlü adama oxşayır, ona nəsə demək istəyir, nigarançılıq içində vurnuxur. Guya yatmaq istəyirmiş kimi gözlərini yumdu və şirin xəyallar içində nə vaxt yuxuya getməsindən xəbəri olmadı…
-Bura nə yaxşı sərin imiş.
Gözlərini bu qəfil pıçıltıya açdı. O idi! Əllərini açıq pəncərədən bayıra uzadaraq, üzünü qıza tutub danışır, danışdıqca da bütün bədəni titrəyirdi:
-Gəlin, tanış olaq! Mənim adım Nəcəfdir!
Təəccübdən, həyəcandan dili tutulan qız susurdu. Nəcəf ondan harda oxumasını soruşur, kim olması ilə maraqlanır, bir cavab almadıqda özü haqda danışırdı. O, Universitetin tarix fakültəsində oxuyur, həm də radiozavodda işləyirdi. Atasının vəfatından sonra evin bütün ağırlığı onun üstünə düşmüşdü. Anasıgilə hər ay pul göndərirdi. Çünki onların başqa güman yerləri yox idi, anası xəstə olduğuna görə işləyə bilmirdi.
Oğlanın üzündəki ciddi və qətiyyətli ifadə Nəzrində ona qarşı rəğbət oyatmışdı. Qız onun qaygılı üzünə baxaraq, tez mövzunu dəyişdirmiş, soruşmuşdu ki, tarixi yenə köhnə dərsliklərdənmi oxuyurlar? Sonra da demişdi ki, yazıq tarix, sən necə varsan, o cür də yaşayıb gedirsən, lakin hərə səni öz bildiyi kimi yazır.
Nəcəf isə heyrət dolu baxışları ilə ona baxaraq, – “Sən nə sevimli qızsan!”, – deyə pıçıldamışdı. Demişdi ki, xalqımızın keçmişini varaq-varaq öyrənib, yeni tarix kitabı yazmaq arzusundadır. Bunları deyəndə üzü elə nurlanmışdı ki!
Bu fikrinə görə qızın ona rəğbəti bir az da çoxalmış, bayaq erməni faşistlərindən, onların xalqımızın başına açdığı oyunlardan nifrətlə danışanda onun gözlərinin qəzəbdən necə alışıb yandığını xatırlamışdı. Belə oğullarımız olduğuna görə düşmən üzərində qələbəyə inamı güclənən qız əmin olmuşdu ki, o çox ləyaqətli və nəcib insandır…
***
İndi, neçə il sonra Nəzrin qara mərmərdən boylanan oğlanın tanış çöhrəsinə baxa-baxa özünü qınayırdı:
-Mən niyə sənin cəbhəyə gedəcəyini düşünmədim? Axı, sən vətənin dar günündə kənarda qala bilməzdin! İlahi, niyə tamaşa olan bu həyatda faciələr daha çoxdur, axı?
***
…Gecənin bir aləmi, hansısa bir stansiyada nəfəsini içinə çəkən qatar qəfil dayandı, hardasa itlər bərkdən hürüşdülər. Uzaqda qatı qaranlığın qoynunda ara-sıra közərən işıqlar yaxınlıqdakı hansısa kiçik bir dağ kəndinin varlığından xəbər verir, bu işıqlar ayrı-ayrı evlərdən boylanıb, sanki bir-biri ilə danışırdılar. O işıqların hər biri bir ailə, neçə-neçə ömür, arzu, istək demək idi. Bax, görəsən, o bir kənarda işığı gələn evdə kimlər yaşayır, bir-biriylə necə yola gedirlər? Bax, indi bu dəqiqə, bu an neyləyrilər? Yatıblarmı, oyaqdırlarmı? Kaş, bir quş olub o işıq gələn pəncərəyə qonaydım, o evdəki həyatı heç kəsin xəbəri olmadan kənardan seyr edəydim. Niyə, axı, insanlar bir-birinə belə yad, belə uzaqdır?!
Onu bu ani fikirlərdən Nəcəfin sualı ayırdı:
-Nə fikirləşirsən?
Tamam fərqli cavab verdi:
-Nədənsə axşamlar itlər hürüşəndə içimə bir qəriblik dolur, sanki əziz bir adamımın yoxluğunu hiss edirəm. Elə bil ki, uzaq bir obada dəyədə oturub, ovdan qayıdacaq əzizimi gözləyirəm. O isə gəlmək bilmir ki, bilmir.
Nəcəf astadan güldü. Ay allah, elə şirin-şirin güldü ki, qaygıkeş baxışları qızın bütün vücudunu dolaşdı. O, həyatında özünə qarşı bu cür doğma baxışlar görməmişdi. Nəcəf:
-Aşağı düşə bilərsən? Sənə sözüm var, – deyə pıçıldadı.
Qız mat-məəttəl qalmışdı. Əvvəl istədi getməyə. Xala da deyəsən, yatmamışdı. Amma özü də fərqinə varmadan, hansısa bir hiss onu uzandığı yerdən qalxmağa sövq etdi, aşağı enib Nəcəfin dediyi yerə gəldi. Oğlan gözə dəymirdi. Pəncərədən bayıra boylandı. Bütün gücünü yığmış qatar irəli şütüdükcə amansız bir inadkarlıqla işıqları da oğurlayıb özü ilə aparırdı. Birdən hiss etdi ki, Nəcəf arxasında dayanıb, ona baxır. Geri dönüb oğlanla üz-üzə dayandı. Nəcəfin sinəsi həyəcandan qalxıb enir, bütün bədəni titrəyir, bu həyəcan qıza təsir eləyirdi.
Özünü ələ alıb sakit səslə soruşdu:
Nə deyəcəkdin mənə?
Oğlan bir anlığa susdu. Elə bil ki, bayaqdan dil-dil ötən o deyilmiş. Qısaqol köynəyinin qolunu qatlayıb, qolundakı qız şəklini ona göstərdi.
-Bax, sənin rəsmindi.
Nəzrin özünün tuşla çəkilmiş rəsmini oğlanın qolunda görəndə öncə heyrətdən dili tutuldu, nə deyəcəyini bilmədi! Sonra elə bil ki, bu alagöz oğlan bir andaca həm doğma, həm də sirli, əsrarəngiz görünməyə başladı. Bu, nə sirr idi?! İlk dəfə cəmi bir-iki saat qabaq gördüyü bu oğlan niyə ona bu qədər doğma gəlirdi?! Elə bil ki, onu lap uşaqlıqdan, bəlkə, hələ dünyaya gəlməmiş tanıyırmış!
Mənim şəklimi sənin qoluna kim çəkib?!
Nəcəf rəsmin onun qoluna bir əsgər yoldaşı tərəfindən döyüldüyünü dedi. Sən demə, nağıllar röyalar aləmindən gəlmiş bu oğlanın səkkiz il qabaq qoluna döydürdüyü qız rəsmindən elə xoşu gəlib ki, bu illər ərzində gözləri hər yerdə rəsmdəki qızı axtarırımış və budur, axır ki, axtardığını tapmışdı!..
*** Nəzrin onun soyuq başdaşını qucaqladı:
-Nəcəf, illərlə, ömür boyu mən səni axtarmışam. Heç bilməmişəm ki, sən burda, lap yaxınımdasan! Müharibə çıxaranın evi yıxılsın! Axı, sənin nə qədər işıqlı arzuların vardı, Nəcəf! Nəcəf! – qadının ürəyindən qopan ah bütün vücudunu yandırdı…
*** Nəcəf az qalırdı qızı bağrına bassın.Titrəyə-titrəyə adını soruşdu.
-Nəzrin?! Nə gözəl adın var? Mən səni hec vaxt itirmək istəməzdim. Sən ağıllı qıza bənzəyirsən. Xahiş edirəm, unutma məni, sən mənim xəyallarımın pərisisən, mənim tale payımsan! Nə uğurlu oldu bu səfər! Şəmkirə dostumgilə qonaq gedirəm!
Dəqiqələr bir-birini əvəz edir, qatar bir an belə nəfəsini dərmədən irəli cumur, onlar bir- birləri ilə söhbət etməkdən doymurdular. Ikisinin də ürəyindən idi ki, bu aylı-ulduzlu yay gecəsi uzandıqca uzansın, bu tale qatarı dayanmadan yüz il beləcə yol getsin və onları arzuların hansısa əlçatmaz, naməlum, məchul ünvanına aparsın…
Hər şey elə anidən, qəfil oldu ki, qız əvvəlcə nə baş verdiyini anlamadı. İsti yağış damlaları boyun-boğazı, yanaqları, üz-gözünə tökülürdü. Ağlı başından çıxmış, bu qatarı da, gecəni də, oğlanı da, özünü də unutmuşdu! Nə qədər belə çəkdiyini billmədi! Zaman durmuşdu sanki! Qatar yuxudan ayılmış adam kimi anidən nəfəsini çəkib qəfil dayandı və dayanmasıyla da hər şeyi öz axarına qaytardı. Bu nə idi? Bu nə vaxt baş vermiş, niyə buna razı olmuşdu?! Dəmir kimi güclü, əzələli qollarını qızın belinə dolayan oğlan onu öpüşlərə qərq eləyirdi! Burax!, – deyə çabalayıb, oğlanın qolları arasından çıxdı və yerinə sarı qaçdı…
Yerinə uzanıb gözlərini yummuşdu. Quş kimi çırpınan ürəyi elə bil indicə sinəsini yarıb çıxacaqdı! Bütün olanları bir-bir yada salır, hadisəni anbaan yenidən yaşayır, gözlənilmədən baş verənlərə izah tapmağa çalışır, özünü danlayırdı. Necə oldu ki, belə zəiflik göstərdi? Yol yoldaşları, alt qatda yatan mehriban, çoxdanışan qadın bilsə, onun haqqında nə düşünəcək? Yəqin deyəcək ki, qıza bax, bir-iki saat bundan qabaq tanıdığı oğlanla gör nə oyunlardan çıxır?! Zavallı qadın hardan bilsin ki, bu gənc onu səkkiz ildir ki, tanıyır, qız da onu xəyallarında yaşatdığı ən əziz adamı sanır!
Xəyaldan ayrılıb gözünü açanda Nəcəfi yenə öz yerində oturmuş gördü. Göz qırpmadan qıza baxırdı. Onun baxışları qızı bu dəfə daha çox həyəcanlandırır, kövrəldirdi, az qalırdı yalvara, deyə ki, nə olar, mənə belə baxma! Yuxusu ərşə çəkilmişdi, yaman istilənirdi. Dəsmalıyla üzünü yelləməyə başladı. Nəcəf qalxıb ona qəzet verdi.
-Al, Nəzrin – necə də nəvazişlə çəkdi adını. Evdə atasının, qardaşlarının onu necə kobudluqla çağırmaları yadına düşdü. Bu nə idi, nə baş verirdi? Heç biri yata bilmirdi, sanki nağıllar aləmindəydilər…
Qız boyun-boğazında, sir-sifətində ilk öpüşlərin hərarəti nə vaxt yuxuya getməsindən xəbəri olmadı. Yuxuda özünü lələk kimi yüngülləşib havada süzən gördü. Süzür, süzür, amma heç bir yerə gedib çıxa bilmirdi. Elə bil ki, onu ağuşuna almış mələklər göy üzündə yırğalayır, səssiz ninni deyirdilər. Birdən yerin dərinliyindənmi, yoxsa göylərin doqquzuncu qatındanmı gələn bir səslə kimsə onu çağırmağa başladı: Nəzriiin! Nəzriiin! Öz adını eşidib, gözlərini açdı: – Nəzrin, – bir azdan mənim stansiyamdır, düşürəm, – deyən Nəcəf onun qolunu sığallayırdı.
Əlinin hərarəti qızın bütün bədənini yandırdı. Qolunu yavaşca çəkdi.
-Yat-yat, – deyə Nəcəf mehribanlıqla gülümsədi. Elə bil körpə uşağa laylay çalırdı. Sakitcə ah çəkdi. – Mənə təəccüblənmə. Axı, əslində, mən səni çoxdan tanıyıram. Sən mənim ürəyimin bir parçasısan, yarımsan!
Qatar Gəncəyə çatdı. Nəcəfin düşməsinə az qalmışdı. Oğlan ondan qələm istədi, bir vərəq parçası çıxarıb, ora nəsə yazdı, qıza uzatdı. Telefon nömrəsi idi.
Dostum Tahirin ev nömrəsidir. Xahiş edirəm, ona zəng elə, nə vaxt gələcəyini xəbər ver, şəhərdə səni qarşılayaram. Nəsə göruşə bilməyəcəyimizdən yaman narahatam. Mənə bir telefon nömrəsi ver. Çox xahiş edirəm, gəl, görüşək. Əgər səni itirsəm, bunu hec vaxt özümə bağışlamayacam. Görəsən, bu bir ayı sənsiz necə dayanacam?
Nəhayət, Nəcəfin enəcəyi stansiyanın yaxınlaşdığını elan etdilər. Nəzrin ev telefonlarının nömrəsini, evlərinin ünvanını qardaşlarının qorxusundan oğlana verə bilməsə də, telefon edib, onu tapacağına söz verdi.
Nəcəf ani tərəddüddən sonra sanki ürəyində ağır yük ayağa qalxdı. Əlindəki qəzeti ona uzatdı.
Burda bir şeir var, oxuyarsan.
Qızı başdan ayağa elə süzdü ki, sanki onun bütün vücudunu gözlərinə köçürüb özüylə aparacaqdı. Qızın əlini hərarətli bir nəvazişlə sıxıb ayrıldı…
Oğlan qızın ürəyini də özüylə götürüb getmişdi. Qız fikrini dağıtmaq üçün guya ki, qəzet oxumağa başladı. Gözünə bir şeir sataşdı. Müəllifi yadından çıxsa da, şeirin axırıncı misraları indiyə qədər yadındaydı. Nəcəf bu iki misranın altındasn göy rəngli qələmlə qoşa xətt çəkmişdi:
Eşqdən şərqi deməyin.
Eşq şərqisi məndə.
***
Yayın son ayını böyük səbirsizliklə başa vurdu. Amma anası bərk xəstələndiyindən rayonda bir həftə artıq qalası oldu. İşin tərsliyindən Nəcəfin verdiyi telefon nömrəsi də dəftərin arasından yoxa çıxdı.
Bakıya qayıdanda düz bir həftə vədələşdikləri yerə baş çəkdi, amma o yox idi. Nəzrin özünü vədinə xilaf adam kimi hiss elədiyi üçün üzüntüdən xəstələndi. Dəfələrlə Nəcəfin iş yerinə və oxuduğu universitetetə getsə də, utandığından heç kəsdən onu soruşa bilmədi. Ümidini təsadüfə bağladı…
*** Bir ovuc işıq hardansa süzülüb, Nəzrinin qəlbinə dolur, ona elə gəlirdi ki, bu, Nəcəfin dinclik tapan ruhudur. Başını qaldırıb əlçatmaz göylərə baxdı. Gömgöy səmada iki ağappaq bulud sevgililər kimi qucaqlaşmışdı. Nəzrin əminiydi ki, bu onların əbədi vüsala çatan ruhlarıdır… Nəzrini özünə qaytaran “Ana, Ana!”, – deyə ona sığınan oğlunun ilıq nəfəsi oldu.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ “BB” – Zaur Ustacın ən çox səs salan hekayəsidir, bəlkə də ədəbiyyat aləmində böyük rezanans yaradan on hekayədən biridir. Kriminal aləmin qloballaşan dünyada adi həyat tərzini qat-qat üstələdiyindən bu başlıq ilk görünüşdə “Bas bayıra” kimi anlaşıla bilər. Yaxud, hələ də bir çox hallarda milli mental dəyərlərimizi qoruyub saxlamağa üstünlük verdiyimiz Azərbaycanımızda onu bizə daha yaxın başqa adlarla da əvəzləyə bilərik. Məsələn: “Böyük Bakı”, “Bizim Bakı”, “Babamın babası”, “Balamın balası” və bu stildə adları daha da uzada bilərik. Lakin bizdən fərqli olaraq Zaur Ustac bu adı yenə də qloballaşan dünyanın başqa – bəlkə də daha vacib bir sahəsinə – bazar iqtisadiyyatının şah damarı sayılan ticarət sahəsinə yönəldə bilmiş və son otuz ildə baş verənlərdən bir qisminin mənzərəsini təsvir etməklə maraqlı süjet xətti üzərində gözəl nəsr nümunəsi yaratmışdır. Hekayə nəsrin kiçik növlərindən biridir. Ya birinci şəxsin dili ilə söylənilir, ya da üçüncü şəxsin təsəvvüründə canlandırılır. Oxucu ilə arada daha tez səmimiyyət yaransın deyə bir çox qələm sahibləri avtobioqrafiq təsir bağışlayacaq tərzdə əhvalatı birinci şəxsin dili ilə nəql etməyə üstünlük verirlər. Zaur Ustac bəzi sələflərinin yolu ilə gedərək, hətta Qərb ədəbiyyat nümunələrindən bəhrələnərək adıçəkilən hekayədə məhz, bu üsulu seçmişdir. Nəsrin digər sahələrində olduğu kimi hekayədə də zaman və məkan anlayışı əsasən mücərrəd olur, lakin konkret göstəricilər də qadağan deyildir. “20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9.00, mən artıq işdəyəm” – hekayə bu cümlə ilə başlayır. Texnikanın inkişafı nəticəsində müasir insan dünyanın istənilən məkanında baş verən hadisə barədə tez bir zamanda xəbər tuta bilir. İndi həyatda elə hadisələr baş verir ki, onlar bədii əsərlərdə təsvir olunanlardan daha maraqlı təsir bağışlayır. Oxucunun diqqətini ilk cümlədə cəlb etmək lazımdır ki, sonra nəql edəcəyin istənilən hadisəni ona maraqla dinlətdirə biləsən. Zaur Ustac ilk cümləsi ilə oxucunun diqqətini özünə cəmləşdirməyi bacarmışdır. “Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı”. Bununla da o, həm öz iş yerindəki vəziyyəti təsvir edir, həm də oxucunu ona danışacağı hansısa qəribə əhvalatı dinləməyə hazırlayır. Beləliklə, ofisin telefonlarından biri zəng çalır. Dəstəyi xadimə qaldıraraq cavablandırır və əsərin əsas personajına ötürür. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim özünü təqdim edir və zəng vuran xanımın məqsədini öyrənməyə çalışır. Təqdimatın qeyri-adi uzun şəkildə görünməsi heç də oxucunu dolaşığa salmaq məqsədi daşımır, sadəcə, hürriyyətçilik dövründə belə kolantay vəzifə bölgülərini nəzərə çarpdırmaqla Zaur Ustac planlı dövrdən müstəqillik zamanına keçidin bəzi əndazədən çıxma hallarını təsvir etmiş olur. Həm də oxucuya şərait yaradır ki, qırışığı açılsın, özünü cəmləşdirsin, fikrini hekayədə nəql olunacaq əhvalata yönəltsin, çünki indi onun üçün gözlənilməz bir hadisədən söhbət açılacaq. “BB” şirkətinin nümayəndəsi İlahə xanım telefonda Əli Mülayimin nəzərinə çatdırır ki, qarşıdan yubileylər gəlir, özü də ikisi birdən; həm şirkətin yaranmasının ildönümüdür, həm də şirkətin rəhbəri Bəy Bala müəllimin ad günü olacaq. Bu münasibətlə bos müsahibə vermək istəyir, ona görə ofisə dəvət olunur. Dəvəti məmnuniyyətlə qəbul edir, çünki onların işi elə müsahibələr hazırlamaq, maraqlı əhvalatları yazmaqdır. Beləliklə, “BB” şirkəti ofisinin yerləşdiyi ünvanını dəqiqləşdirən Əli Mülayim dərhal jurnalistin şans alətləri hesab olunan qələm, bloknot, diktafon və fotoaparatı çantasına qoyaraq, necə deyərlər, tədarükünü görüb üz tutur deyilən ünvana. Zaur Ustac müsahibə götürüləcək adamın ofisini – işgüzar şəraitini belə təsvir edir: “T şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan noutbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözü ilə görməsə, sözlə ifadə etmək çox çətindir”, – deyir. Bundan sonra o, salamlaşma və təqdimolunma səhnəsini təsvir edir: “-Əli Mülayim. -Çox gözəl, Əli müəllim. Vallah, indi elə zəmanədə yaşayırıq ki, mülayim olmayıb neyləyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun!” Bu, kiçikdən kiçik dialoq-tanışlıq vasitəsilə Zaur Ustac oxucuya, bəlkə də cəmiyyətə böyük mətləblərin sirrini açır. Sanki ölkəmizdə mövcud olan jurnalist-məmur faktoru bu iki-üç kəlmədə öz əksini tapıb. Harın, rüşvətxor, təpədən dırnağadək korrupsiyaya qurşanıb qudurmuş bəzi məmurların qarşısında heç bir sosial müdafiəsi olmayan, hüquqları yalnız kağız üzərində qorunan jurnalistin mövcudluğunu qorumaq, elementar yaşayış tələbatını ödəmək üçün mülayim olmaqdan başqa çıxış yolu qalırmı? Qalırsa da, bu yol mübarizlik yolu deyil, sonda onu həbsə aparacaq əzilmək, sındırılmaq, şərlənmək, ölkədən didərgin salınmaq yoludur. Bu yol itki yoludu, gedər-gəlməz yoldu, çox adam gedib, hələ geri qayıdan olmayıb. Bir nəfər yarı yoldan – Türkiyədən qayıtmışdı, o da dərhal həbsə atıldı. Burda elə görünə bilər ki, əsərin zirvəsinə yaxınlaşma prosesi gedir. Ya elə bir hadisə baş verəcək ki, kulminasiya hesab olunacaq, ya da Bəy Bala müəllimlə Əli Mülayim hansısa sözə görə anlaşmayacaq, bununla da müsahibə alınmayacaq. Əslində, əsəri maraqlı edən elə bu cür süjetlərdir, dirənişdir, personajlar arasında yaşanan dramatiklikdir. Zaur Ustac burda belə görüntü yaratsa da başqa yol seçib. Axı onun personajı hansısa Vulkan, İldırım, Şimşək ləqəbli birisi deyil, sadəcə Mülayimdir. Bəy Bala müəllim onu anlayacaq birisini tapdığına görə uşaq kimi sevinir və dərhal niyyətini açıqlayır. Özünün 55, şirkətin yaranmasının 20 illiyini müsahibinin diqqətinə çatdırır. Amma özünü elə göstərir ki, onun buna ehtiyacı yoxdur, elə-belə, sözgəlişi “mətbuatda, televiziyada bu barədə məlumat getsin”, deyir. Əsərin bu yerində Bəy Bala müəllim gözlənilmədən bir eyham vurur: “Bir də xahiş edirəm o maskanı çıxardasınız. Burada kim var ki? İnanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Can verən də, alan da, bax, o kişidir!” Burda Zaur Ustac üstüörtülü olsa da diqqəti iki məqama yönəldib. Birincisi, dünyanı ağuşuna götürmüş Koronavirus pandemiyası nisbətən səngisə də, qapalı məkanlarda maskasız gəzmək qadağası tam olaraq aradan qaldırılmamışdı. Bəy Bala müəllim öz iş otağında maskasız əyləşsə də qonağının maskada oturmağı onu narahat edirdi, tıncıxdırırdı. İkinci məsələ isə bunun məcazi mənasından gedir. Bir də görürsən məmur hansısa jurnalistin səmimiyyətinə inanır, ağzın qoyur Allah yolunda, nə istəyir, danışır. Danışığı xəlvətcə lentə alan jurnalist cənabları bir müddət sonra bunu üzə çıxardaraq yayır və aləm bir-birinə qarışır. Ya da əksinə olur, məmur jurnalisti dilə tutub danışdırır, onun səsini yazır, rəhbərlərinə qarşı istifadə edir. Maskalanmış insanlardan cəmiyyətdə hər nə desən gözləmək olar. Zaur Ustac məharətlə bu eyhamı vurub tez də üstündən adlayıb keçir. Mirzə Ələkbər Sabir demişkən: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın!” “Dedi (Söhbət Bəy Bala müəllimdən gedir – Ə.A) və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı”. Beləliklə, Əli Mülayim Bəy Bala müəllimdən müsahibə götürür. Bəy Bala müəllim uşaqlığından başlayaraq həyatında baş verən bütün hadisələri xırdalığınadək incələyib danışır. Böyük ölkənin necə kiçik dövlətlərə parçalandığından, oxuya-oxuya alverə qurşandığından, xırda ticarətini inkişaf etdirərək ailə biznesi yaratdığından tutmuş ailədaxili baş verən kiçik detallaradək hər nə baş veribsə, hamısını açıqlayır. Burda yazıçı məharəti dərhal özünü büruzə verir. Zaur Ustac Bəy Bala müəllimin dili ilə Sovetlər ölkəsinin dağılması ilə müstəqillik əldə etmiş dövlətimizin hansı daxili fəsadlarla üzləşdiyindən, o vaxtkı insan təfəkkürünün bir andaca əriyib getməsindən və yeni yaranmış münbit bazar-ticarət əlaqələrinin sürətlə inkişafından və başqa mətləblərdən söhbət açır. Ən nəhayət, hər şeyi yerli-yataqlı danışıb rahatlıq tapandan sonra Bəy Bala müəllim soruşur: “-İndi bu yazının adını nə qoyacaqsınız? Fikrimdən “Bit Biznesi” keçsə də “Böyük Biznes” dedim. -Bəlkə bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız. Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq”. Dahilərdən hansısa deyib ki, “bütün xoşbəxtliklər eynidir, bədbəxtliklər isə müxtəlif cür olur”. Zaur Ustacın baş qəhrəmanı da özünü “Böyük Bədbəxt” hesab edir. Baxmayaraq ki, evli-eşikli, qohumlu-əqrəbalı birisidir. Biznesi də özünün dediyi kimi Bakıdan vurub Dubaydan çıxan, Dubaydan vurub İstanbuldan fırlanaraq yenidən Bakıya gələn böyük şəhərlərdə adam sıxlığından istifadə edərək sürətlə artıb çoxalan nadir biznes sahəsidir. Bununla belə o, özünü böyük bədbəxt hesab edir. Deməli, xoşbəxlik var-dövlətdə, ailə-uşaqda, qohumlar və dostlar arasında ayın-şayın yaşamaqda deyil, səni anlayacaq birinin yanında olmaqdır. Bəy Bala müəllim məhz o gün – müsahibə verdiyi gün onu anlayacaq birini tapdığına sevinir və özünü xoşbəxt sanır. “-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil”, – deyir Bəy Bala müəllim. Bu qədər qohum-əqrəba, dost-tanış, biznesində istifadə etdiyi adamlar arasında onu anlayacaq bircə nəfər də olsun tapıb ürəyini boşalda bilməyən “Böyük Biznes” sahibi Bəy Bala müəllim… Zaur Ustacın “BB” hekayəsini uğurlu nəsr əsərlərindən hesab etmək olar. Ən azından otuz illik bir qərinənin gözəçarpmayacaq panoraması canlandırılır bu hekayədə… Bilmədiyimiz, bəlkə də varlığına fikir vermədən adi hal kimi baxıb, yanından ötüb keçdiyimiz ciddi sahələr işıqlandırılıb bu əsərdə… Yazıçının missiyası qələmə aldığı əhvalatı təkcə bədii mətnə çevirib cəmiyyətə təqdim etməkdən ibarət deyil, həm də sətiraltı olsa belə cəmiyyətə ideya verib hekayəsini hərtərəfli mənalandırmağı bacarmaqdır. Düşünürəm ki, Zaur Ustac burda qarşıya qoyulmuş tapşırıqların hər ikisinin öhdəsindən məharətlə gəlib. “BB” hekayəsində təkcə şirkət qurub bizneslə məşğul olmaq deyil, çalışqan insan üçün götürüb inkişaf etdirəsi müxtəlif istiqamət və yollar mövcuddur. Ən əsası isə dövrün bir çox böyük sahələri bu kiçik həcmli əsərdə öz mənzərəsini əks etdirib. 20 noyabr 2022, Xırdalan şəhəri.
Bu gün şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü hörmətli Zaur Ustacın doğum günüdür.
Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışdır.Ali təhsilimi Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində almışdır.
Birinci Qarabağ müharibəsinin iştirakçısı və ehtiyatda olan zabitdir.
”Günaydın “, “Mum kimi yumşalanda”, ”Məhdud həyatın məchul düşüncələri”, ”İstəməzdim şair olum hələ mən”, ”Gülzar”, ”Şehçiçəyim”, “Gülünün şeirləri”, ”Balçiçəyim”, ”Bayatılar”, “Qələmdar”, “Yaradanla baş-başa”, “Zimistan”, “45” (şeirlər), “Ülyahəzrət”, “Qədimliyə bürünmüş yenilik”, “Gülüzənin şeirləri” və s. kitabların, çoxlu sayda məqalələrin müəllifidir.
Zaur müəllim biz gənclərin tanınmasına daima dəstək olmuş, məqalələrimi dəfələrlə “Yazarlar” jurnalında və eyniadlı saytda dərc etdirmişdir. Həmçinin “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabıma görə məni “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “ZİYADAR” Mükafatına layiq görmüşdür.
Hörmətli Zaur müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.
“Yazarlari” jurnalının N:1 (25) Yanvar 2023-cü il sayı işıq üzü görüb. Bu sayda yer alan yazarlara və yaradıcı heyətə yeni-yeni nailiyyətlər arzu edirəm! PDF: yazarlar-25