XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustadan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nizamı, gərdişi ustadan usta, Təftişi, gedişi ustadan usta, Planı, döyüşü ustadan usta, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Şair, publisist Zaur Ustacın “BB” kitabında yer almış “BB” hekayəsi haqqında fikirlərim… Zaur Mustafa oğlu Mustafayev 8 yanvar, 1975-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır.İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnistutunda və Şamaxı Humanitar kollecində davam etdirmişdir.Qeyd edək ki, Zaur Mustafayev Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyyatda olan zabitdir. Zaur Mustafayev 1998-ci ildən etibarən dövri mətbuatda çıxış edir, “Zaur Ustac” təxəllüsü ilə yazıb, yaradır. Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi, baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” laureatıdır. Onun yaradıcılığında nəzm və nəsr nümunələri bərabər bölünmüşdür.Həmçinin xüsusilə vurğulamaq lazımdır ki, yazar bədii əsərlərin, bir çox dərs vəsaitlərinin, publisistik yazıların müəllifidir.Onun “Oriyentar ulduzu”, “Gülzar”, “Qələmdar”, “Zimistan”, və bir çox kitabları oxucular tərəfindən böyük rəğbətə səbəb olmuşdur.Yazarın vətənə olan pak məhəbbəti, vətən həsrəti yaratdığı əsərlərində öz əksini tapmışdır. Zaur Ustacın ərsəyə gətirdiyi tədris vəsaitləri, “Güllünün şeirləri”(Məktəbəqədər hazırlıq qrupları üçün vəsait),” 39 həftə”(İngilis dili üçün xüsusi proqram) 39 weeks (Special program for English) müəllimlər tərəfində böyük həvəslə qarşılanmışdır. Yazarın növbəti kitabı isə “BB” kitabıdır.Kitab Əbdürrəhim bəy Haqverdiyev-150 yubileyi tədbirləri ilə əlaqədar görkəmli ədibin əziz xatirəsinə ehtiramla qələmə aldığı müxtəlif hekayələrdən ibarətdir.Hər bir hekayənin özəlliyi və məntiqi sətiraltı mesajları olduğunu düşünürəm.Ən çox diqqətimi çəkən hekayə isə “BB” hekayəsi oldu. Hekayədə cəmiyyətimizdə baş verən hadisələrin ümumi reallığı əks olunmuşdur.Hekayəni oxuduqca hiss edirik ki, bu reallıqlar nə tənqid edilməli, nə də müsbət emosiyalarla qarşılanmalıdır.Diqqət yetirsək, hekayədə dövrümüzə uyğun paradoksal vəziyyət biruzə verilmişdir.Əlbəttə ki, bu hal oxucunu daha da düşündürməyə zəmin yaradır.Yazarın elə ən çox oxucuları dərinliklərə aparan hekayəsi, fikrimcə, məhz budur- “BB”… Hekayəni oxumağa başlamamışdan əvvəl “BB” adı hədsiz maraq yaradır.Nəyə görə “BB”? Axı, “BB”-nin mənası nə ola bilər? Artıq hekayəni oxuyar, oxumaz bu suallara cavab tapmaq mümkündür.Hekayənin bütün mahiyyətini dərk etmək üçün, hekayənin iki obrazı- Əli Mülayim(Jurnalist) və Bəy Bala müəlliminin (Məşhur “BB” şirkətinin rəhbəri)dialoquna diqqət yetirmək lazımdır.Hekayədə Bəy Bala müəllim demişkən, Əli Mülayim təxəllüsündən göründüyü kimi mülayim obraz nümayiş etdirir.O, sadəcə işini hərtərəfli, ən kiçik detalları ilə mükəmməl görməyə can atan şəxsdir.Bəy Bala müəllim isə cəmiyyətimizdə uğur qazanan bəzi insanların iç üzüdür və onların demək istədiyi hər şey məhz elə Bəy Bala müəllimin Əli Mülayimlə olan dialoqunda əks olunmuşdur.Universtitetə müəyyən məbləğ ilə düzəlir, hər hansı bir dövlət işində işləmək təklifini rədd edir, özünə necə olursa olsun bir ailə biznesi yaratmağı daha üstün tutur.Amma maraqlısı da budur ki, bu adam həm öz biznesini yaratmaq üçün çalışır, həm də öz məhsulları satılsın deyə insanların həmin məhsula qarşı təlabatını yaradır.Məsələn, elə misal götürək, “Bit” biznesini.Biznes və bit sözləri yanaşı işlənəndə bir az beyinlərdə mizah hissi doğursa da, planlanlaşmış və bütün nəslin cəlb olunduğu bir biznesdir.Öz yaxınlarının başında bit yaratmağı məmnuniyyətlə özünə fəxr bilən bu adam hələ onları xalqın sıx olduğu yerlərdə gəzməyə də şövq edir.Əslində, Bəy Bala müəllim bu halda intellektual iş adamı kimi görünür, amma sual yaranır.Bəs vicdan? Bəs cəmiyyətə vurulan ziyan? Bəs xalqı aldatmaq? Bunlar bir iş adamın insanlıq kitabında yazılacaq bir şeydirmi? Bizim fikrimizcə, əlbbəttə ki, yox.Qətiyyən örnək alınacaq bir vəziyyət deyil.Lakin, gəlin, günümüzdəki gərçəklərə bir nəzər salaq.Zəmanəmizdə irəliyə getmək üçün, özünün şəxsi biznesini qurub, ortaya bir məbləğ qoyub, özünə nə isə bir şey fikirləşib etməsən, elə yaradacağın biznes başlamamış sona yetər.Hiylə, kələk bəzən ticarətin inkişafında dayanan metodlara çevrilə bilir.Düşünürəm ki, hekayənin paradoks yaradan və dərin düşüncələrə dalmağa imkan verən nüansı da elə burdan başlayır. Hekayənin sonluq hissəsinə az qalmış, Bəy Balanın həyat yoldaşının zəng etməsi ilə sanki hər şeyin üstündən bir andaca qara xətt çəkilir. Ümumiyyətlə, Bəy Balanın xanımı ilə danışığından Əli Mülayim bir nəticəyə gəlməsə də, hardasa o hissləri anlayışla qarşılayır və daha çox sual vermir. Əli Mülayim də, Bəy Bala müəllim də, elə bu hekayənin yaradıcısı Zaur Ustac bəy da hər şeyin fərqindədir… Fikrimcə, belə bir süjet xətti ilə yazılmış, xalqa subliminal mesaj verən hekayələrə ehtiyacımız var.Belə hekayələr bir xəzinədən daha dəyərlidir, həm mənəviyyatımız üçün, həm də insani cəhətlərimizin inkişafı üçün…
HƏR DAĞDA, DƏRƏDƏ İZİM VAR MƏNİM Zaur Ustacın adı yaradıcı şəxs kimi Azərbaycan oxucusuna yaxşı tanışdır. Müxtəlif mövzuda qələmə aldığı şeirlər bir çeşni kimi təbiətin al-əlvan rəngini özündə əks etdirir. Ana təbiətin halı bu şeirlərin leytmotividir. “Hər dağda, dərədə izim var mənim!” – deyən şair könülcə təbitin övladı olduğunu bəyan edir. Onun hər gülünə, tər çiçəyinə, mavi ənginliyinə, şr-şır bulaqlarına, zümrüd meşələrinə, sır-sıra kimi sıarlanmış ucaboylu dağlarına, göy-yaşıl çəmənliklərinə kim heyran olmayıb ki. Şair Z.Ustacın “Sehrinə düşmüşəm, nur ləçəklərin” obrazlı ifadəsi elə-belə, gəlişigözəl söz təki deyilməyib. Anadan olandan ölənədək – olumla-ölümün intervalıdakı qədər biz təbiətin heyranıyıq. Şairin aşağıda sizə təqdim etdiyimz şeirlərində də bu cür heyrani münasibətlər çoxluq təşkil edir, təbiəti öyrənməyə, sevməyə və qorumağa xidmət edir. Bundan gözəl, bundan savab nə iş ola bilər ki?! Əslində hamımız təbiətin övladı olduğumuz və ondan faydalandığımız kimi, onu qorumağı da bacarmalıyıq. Ən azı təqdim edilən yaradıcılıq nümunələri bir örnək kimi bu məqsədə xidmət edir. Uğurlu olsun! Sayğılarımla: Yusif DİRİLİ
PAYIZ Təbiətin möcüzəsi, Bizə olan sözdü payız… Dağ-dərədə deyib-gülən, Düzdə dolan gözdü payız… * * * Sarı yarpaq gör nə gözəl, Kimə güldü, kimə xəzəl, Həzin-həzin, gözəl-gözəl, Cıbrıq olan qozdu payız… * * * Ustac dəyər verər sözə, Qabda nə var, çıxar üzə, Aram-aram, məzə-məzə, Ömrə düşən izdi payız…
QARABAĞ ATI Anası Günəşdi, atası Aydı, “Qıratdı”, “Düratdı” Qarabağ Atı! Tanrıərmağanı, butadı, paydı, Baratdı, muraddı, Qarabağ Atı! * * * Rəngini veribdi, ana-atası, Hələ görünməyib, ola xatası, Telinin əksikdi, şana, fatası, Namusdu, iffətdi, Qarabağ Atı! * * * Cahanı edibdi, özünə heyran, Utanar baxmağa üzünə ceyran, Tüm aləm səkməyən gözünə qurban, Hörmətdi, izzətdi, Qarabağ Atı! * * * Qumralı, səkili, məxsus qaşqası, Bu dərdi anlamaz, əfsus başqası, Gəzir oylağında donuz çoşqası, Küskündü, incikdi, Qarabağ Atı! * * * Bir dünya incisi çəkir əziyyət, Əriyir, yox olur, itir məziyyət, Ustaca tanışdır hər bir, vəziyyət, Köçkündü, qəribdi Qarabağ Atı!
YARIM BARDAQ O yarım buraxdığın Bardaq, de yadındamı? Sən gedəndən düz üç gün Söndürübdü yanğımı… * * * Dodağın dəyən yerdən Öpmüşəm, neçə kərə… Dadsız şüşə o gündən Dönüb bala, şəkərə… * * * Sənin tutduğun yerdən Çalışmışam tutmağa… İz tapanda izindən Qanad olmur uçmağa… * * * Bütə dönüb, bu bardaq Bəzəyidir evimin… Üstündə barmaq-barmaq Bəzəyi var əlinin… * * * Qalan son damlaları Qıymadım, içəm özüm… Qonaq etdim gülləri, Belə bulundu çözüm… * * * Dibçəklər Yer kürəsi, Güllər Mən, Sənsə susan… Heç nə yox itirəsi, Ta canıma hopmusan….
BƏLKƏ DƏ… Bəlkə də payızı biz uydurmuşuq?! Yarpaqlar yalnızca bizimçün sarı…. Bəlkə də fəsillər durub yerində?! Qaçan biz, payıza, ya yaza sarı… * * * Yarpağı tökülüb olsa da sarı, Payızda yetişir tutların xarı, Deyirlər, payızda qarşıla yarı, Nar sulu, alma bol, heyvası sarı… * * * Ustac ha, indinin deyil adamı, Sözləri görübdü Nuhi-əyyamı, Ruhu neçə kərə Ömər Xəyyamı, Dədəsi Ələsgər, babası Sarı…
İNCİ, QƏRƏNFİL… (Qərənfilə yazığım gəlir…) Olsan da, bu işdə ən son müqəssir, Gəl, məndən incimə, inci qərənfil… Utanc çiçəyisən, utanc çiçəyi, İstəsən lap məndən inci, qərənfil… * * * Ruhum bu halından çox mütəəssir, Yenə döşənmisən küçəyə, daşa… Qaxınc çiçəyisən, qaxınc çiçəyi, Qaxanc örf-adətə, öfkəyə, başa, * * * Bu işdə bilmirik, kimdi müqəssir, Bizim üz qaramız, qırmızımızsan… Həya örpəyisən, güvənc ləçəyi, Sən bizim dünyaya qırımımızsan… * * * Ustac tək oğullar çox mütəəssir, Üz-üzdən utanır, dözür ağrına… Əlacsız-əlacsız ödünc çiçəyi, Silah əvəzinə sıxır bağrına…
DAĞLARIN* “Şuşanın dağları abı dumanlı, Qırmızı koftalı, yaşıl tumanlı…” Əsrin dördə birin vermişik yelə, Çulu çoxdan düşüb, çaya dağların… Təmiz adı vardı, “quzey qarı” tək, Bağrına xal düşüb, saya dağların… * * * Başında çalma tək, ta durmur duman, Əynində qalmayıb, nə kofta, tuman, Lütlənib haçandır, qalıb lüt-üryan, Qarına qan düşüb, maya dağların… * * * “Göznəngörən” olduq, ta yox yalanı, Bəh-bəhlə şəlləndik, zərli palanı, Daranıb, talandı, olan-qalanı, Ah-naləsi düşüb, Aya dağların…. * * * İgidə “Turdağ”ı deyib, görənlər, Dağa oxşadıbdı, özün ərənlər, Hanı o ayama, ya ad verənlər? Kalı çoxdan düşüb, haya dağların… * * * Ustacam, öcümü ala bilmirəm, “Dədəm” dediklərin* deyə bilmirəm, O döndü, mən indi dönə bilmirəm, Səyi məndə düşüb, zaya dağların… * “Arsız aşıq elsiz necə yaşadı? Ölsün Ələsgərtək qulların, dağlar… “AşıqƏləsgər.
BƏNÖVŞƏ Kimi öyər, bənövşəni, Kimi qara, qara yaxar… Bənövşənin od həsrəti, Qarı da yandırıb, yaxar… * * * Bulaq başı buz, sırsıra, Əlin düşə, köz ısıra, Rəbbim yol verməz qüsura, İçindən can qalxıb, baxar… * * * Ustacam, xeyməm laməkan, Rusqat* verə, qıla imkan, Tər bənövşəm olar kankan, Qar içindən çıxıb, qoxar…
AĞÇİÇƏYİM Qış tüğyan edirdi ömür bağında, Hamı süst yatırdı ağ otağında, Qəfil gördüm səni bar budağında, Xoş gördük, günaydın, ay Ağçiçəyim! * * * Dümağsan, qar sənin yanında qara, Tanrım rüsxət verib, baxmayıb qara, Bu, qarlı qış hara, tər çiçək hara, Xoş gördük, günaydın, ay Ağçiçəyim! * * * Əllərim pak deyil oxşayım səni, Həddim o hədd deyil qoxlayım səni, Bağbanam, borcumdur yoxlayım səni, Xoş gördük, günaydın, ay Ağçiçəyim!
ŞEHÇİÇƏYİM Tacısan dünyamda tüm çiçəklərin, Köksündən bal süzən, tər Şehçiçəyim… Sehrinə düşmüşəm, nur ləçəklərin, Əqli başdan alan, zər Şehçiçəyim… * * * Cəzbində qalmışam, tamam çar-naçar, Sağımda, solumda çox çiçək açar, Pərvanəyə dönüb, dövrəmdə uçar, Sərrafam, seçmişəm, dürr Şehçiçəyim… * * * Bir kərə, bir anlıq olsa da, vüsal Ruhuma rahatlıq verməyir xəyal, Sonu ölümsə də, gəl qoynuna al, Həsrətdə yaşamaq, zor Şehçiçəyim…
DAĞLAR (Ruhuna min rəhmət dədə Ələsgər…) Nədəndi, ürəyim çırpınır yenə, Gördükcə hüsnündə məlalı, dağlar?! Yağı cövlan edir, dağıdır yenə, Qoynunda büsatı, cəlalı, dağlar! * * * Unutmaq olarmı, heç bu zilləti? Mövcud hal-vəziyyət üzür milləti, Onsuz da düşmənin puçdu niyyəti, Ordumun beşiyi, vüsalı, dağlar! * * * Dünya belə qalmaz, dəyişər zaman, Yenə dövran olar, həmənki dövran, Bulaqlar başında məclislər quran, Oğullar ərsəyə gələli, dağlar! * * * Ustac bulud kimi dolub, ağlamır, Köksünün yarası qaysaq bağlamır, Bir bilsən, ruhumu nələr çuğlamır, Doğacaq nə zaman Hilalın, dağlar?!
HƏQİQƏT Nə qədər Günəş var, yaşayar insan, İnsanın həyatı son bula bilməz. Dünyasın dəyişər, nizamı ilə, O, bir varlıq kimi yox ola bilməz! * * * Heçdən heç yaranmır, heç nə heç olmur, Bulud göydə dolur, yerdə su olur, Sular buxar olub, göylərə uçur, Bu, “dünya” nizamsız qurula biməz! * * * Gecələr, gündüzlər, Ay və ulduzlar, Səhradakı qumlar, dəryada buzlar, Acılı, şirinli, rəngli dənizlər, Bir təsadüfdürmü? – bu ola bilməz! * * * Bütün yaranmışın öz nizamı var, Canlılar, cansızlar, dərələr, dağlar, Bütün xəstəliklər, bütün bəlalar, Heçdən mövcud deyil, heç ola bilməz! * * * Dünyamız qurulmuş, bir nizam üstə, Daşları daş üstə, otu ot üstə, İnan ki, göz tökən acı tüstüdə, Heçdən yaranmayıb, heç ola bilməz! * * * Dostum, yaxşı düşün, düşün bir az da, İnsan bu, mətləbi duymaya bilməz!
GƏZDİM Gəzdim, qarış-qarış Vətən torpağın, Hər dağda, dərədə izim var mənim! Hələ keçilməmiş, uca dağların, Uca zirvəsində gözüm var mənim! * * * Gəzdim, yorulmadan aranı, dağı, Seyr etdim, ən ucqar çəməni, bağı, Heç vaxt qınamadım zamanı, çağı, Çox bulaq başında üzüm var mənim! * * * Gəzdim, bu torpağı, mən oymaq-oymaq, Ən adi daşa da olmuşam qonaq, Hər otun, çiçəyin halın soraraq, Sinəmə yığdığım, sözüm var mənim!!!
Bu gün (16.12.2022) “Mustafa Müseyiboğlu -70” layihəsi çərçivəsində musabiqə-1 (resenziyalr) yekunlaşıb. İştirakçılar mükafatlandırılıb. Tədbir Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin baş ofisində keçirilib. Fotolar:
Zaur Ustacın “Dağ” adlı yeni kitabı işıq üzü görüb. Birinci Qarabağ Müharibəsi Şəhidi mayor Quliyevin əziz xatirəsinə ithaf olunmuş sonet çələngindən ibarət olan kitab paralel olaraq ərəb qrafikalı əski əlifba ilə Azərbaycan dilində sonetlərdən və mayor Quliyevin fotolarından ibarətdir.
“El kitab çapı mərkəzi”ndə nəfis şəkildə nəşr olunmuş kitabın redaktorları Gülü xanım və Əli Aslani, rəssamı isə Natiq Nəcəfzadədir. Kitabın ənənəvi formada olan nüsxələri əsas kitabxana fondlarına hədiyyə olunmaqla yanaşı e-kitab şəklində müxtəlif müstəqil platformaların elektron kitabxanalarına yerləşdirilib. PDF:
İşıq Adam! Bu gün Əyyub Qiyasın doğum günüdür! Şad günü münasibətilə onu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində bolluca uğur arzulayıram! Var olun. Allah Sizləri qorusun!
Azərbaycan təkcə şimali Azərbaycandan ibarət deyil. Bir Güney Azərbaycan var.
Dekabr ayı Türk dünyası və Azərbaycan tarixində önəmli hadisələrlə zəngindir. Bunların ən önəmliləri isə 1945-46-cı illərdə yaşanan 21 Azər Hərəkatı, 12 dekabr Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin xatirə günü və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür.
21 Azər Hərəkatının 73-cü ildönümü 2018-ci il dekabrın 12-də tamam olur.
İkinci Dünya Müharibəsinin sonunda dünyanın bir çox yerində yeni-yeni dövlətlərin qurulması gedişatında İranda Azərbaycanın tarixi ərazilərinin böyük bir hissəsində Azərbaycan Firqəsi – muxtar respublika yarandı.
Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatı -1945-ci il dekabrın 12-dən 1946-cı ilin dekabrınadək İran Azərbaycanında fəaliyyət göstərən muxtar sosialist hökümət oldu. Paytaxtı Təbriz şəhəri olan hökumətə Seyid Cəfər Pişəvəri rəhbərlik edirdi.
Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə dövlətin bir sıra mühüm işlər həyata keçirdi: Azərbaycan türkcəsinin dövlət dili olaraq qəbul edilməsi, ana dilində kitabların çapı, Təbriz Dövlət Universiteti və çox sayda orta məktəblərin açılması, milli teatr və mili filarmoniyanın qurulması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi, torpaq islahatı, iri bankların milliləşdirilməsi, səyyar xəstəxana və sağlıq klinikaları, sosial proqramlar, Güney Azərbaycan Milli Ordusunun yaradılması, qadınlara kişilərlə yanaşı bərabər hüquqların verilməsi, bütün xalqların nümayəndələrinin eyni hüquqlara malik olması və s.
Məlumdur ki, 1925-ci ildən bəri (Rza şah Pəhləvi) Azərbaycan türkcəsi rəsmi olaraq (hətta türk ailələrində belə) işlədilməsi qadağan idi.
Sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət Tehran rejiminin əli ilə 12 dekabr 1946-cı ildə süquta uğradı.
Sovetlər Birliyinin dəstəyi ilə müstəqilliyini elan edən Güney Azərbaycan cəmi bir il yaşadı. ABŞ-lə SSRİ-nin bazarlığı nəticəsində Rusiya köməyini geri çəkdi, İran-fars xanədanlığı ABŞ-ın təyyarə və ordu dəstəyilə Cənubi Azərbaycanı işgal etdi, inanılmaz qırğınlar və qətliamlar törətdi.
21 Azər (12 dekabr) 1945-ci ildə qurulan, paytaxtı Təbriz olan Azərbaycan Firqəsi düz 1 il sonra – 21 Azər 1946-cı ildə işgal edildi.
Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qaldı. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Azərbaycan Respublikasının Yevlax şəhəri (Bakıdan 295 kilometr qərbdə) yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak oldu. Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam edildi, maarif naziri Məhəmməd Biriya sovet siyasi rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanıldı. Milli Hökümətin digər qurucuları da həbs və sürgünlərə göndərildi, ağır mühacirət həyatı yaşamağa məcbur oldu.
21 Azər Hərəkatının faciəli sonluğundan sonra qırğından canlarını qurtara bilən Güney Azərbaycanlılar o zaman hələ sərhədləri açıq olan Azərbaycan Sovet Respublikasına keçdilər. Paytaxt Bakı və ökənin ayrı-ayrı regionlarında məskunlaşan güneylilər Azərbaycanın quruculuq işlərində, təsərrüfatın bütün sahələrində fədakarcasına çalışdılar. Onların əmin-amanlıq şəraitində fəaliyyətləri üçün hər cür şərit yaradıldı. Kənd təsərrüfatı, sənaye, ədəbiyyat və incəsənət, elm sahəsində yüzlərlə firqə üzvü yüksək nailiyyətlərə qovuşdu. Təkcə elm sahəsində 200-dən çox alim yetişdi. Beləliklə, 2018-ci ilin 12 dekabrı Güney Azərbaycan muxtariyyətinin 73, işğalının isə 72-ci ilidir. Yəni 21 Azər (12 dekabr) Güney Azərbaycanın həm azadlıq, həm də işğal günüdür.
1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilmişdir.
1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.
İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir.
Avropada əsas insan hüquq və azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının da qoşulduğu 4 noyabr 1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, Avropada bu sənədə əsaslanan və eyni zamanda real işləmə mexanizminə malik əsas insan hüquq və azadlıqlarını qoruyan Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.
İnsan haqqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə edilir: “Hər bir insan onun malik olduğu irqdən, cinsdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, təmin edilmiş insan hüquqlarına malikdir”.
Ancaq ötən 72 ilin düz 29 ili ərzində bizim hüquqlarımız hələ də bərpa olunmayıb. (və “dünya birliyi hələ də susur”) 1N bizim ev qalanları isə qonşularımızındır. Hələ ki, tanımaq olur. Ancaq görürsünüz ki, mənim atam da daxil olmaqla əksər ev sahibləri rəhmətə gedib… Onlar hamısı sabah qayıdırıq deyə-deyə yurd həsrəti ilə dünyadan köçdülər. Bizim mülkiyyət hüququ da daxil olmaqla bütün hüquqlarımız düz bir qərinədir ki, hər gün səhər yuxudan oyananda pozulur axşama qədər bərpa etməyə çalışırıq … məlumdur ki, alınmır… və beləcə yaşayırıq hüquqsuz, filansız….