MƏHRƏM ARAZ, MƏLHƏM ARAZ… (Zaur Ustacın “Araz” şeiri haqqında) ZAUR USTAC kimliyi bir DƏRYAdır desək yanılmarıq. Bu dəryanın üzü – görünən tərəfi onun yaradıcılığıdır. Dəryaya dalmaq istəsək suyun dərinliyinin şahidi olarıq. Hərtərəfli YARADICILIQ imkanı hər şəxsə verilən MÜKAFAT deyil. Allah Qələmini bərəkətləndirdiyi Bəndəsindən əzm, sədaqət, hərəkət gördükcə onun bərəkətini də birə min artırır. ƏHDə sədaqət, verilən VƏZIFƏni, YÜKü layiqincə DAŞImaq da bir ÜRƏK istər. Qəlbi geniş ALLAH QULunu tapmaq o QƏDƏR də asan İŞ deyil. Qəlbində Vətənə məhəbbət, sədaqət hisslərini layiqincə daşıyan ŞAİR üçün parçalanmış, yadların əlində əsir qalmış torpaqlar bir namus ləkəsi kimi yandırıb yaxıcıdır. Bu yanğıdan doğulan ARAZ şeiri Arazı belə yandırır. Araz ARAya girmiş kimi utanır, yanıb tökülür, bir-birini ARAYAN İKİ QARDAŞın odunu söndürə bilmir, həyasına boğulub GÖZ YAŞı kimi dinməz AXIR: Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!,- deyən şair Arazın bu halına acıyır, günahkar günahsızı müdafiə edir. Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! Yurd acısı, yurd yarası o qədər böYÜKdür ki, ARAZ nə etsin? Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! YOL ayırsa da QƏLBlər bir döyünür. SÖZlər eyni, DİL eyni, BAYATI eynı… XUDAFƏRİN – Ümid yeri, Görüş yeri, Qovuşmaq yeri… O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! Daşında, torpağında qiymətli xəzinələr yetirən VƏTƏNin Dünya SÖZ XƏZİNƏSİnə incilər bəxş edən QƏLƏMin layiq görüldüyü bəndələri AYRILIQ HƏSRƏTini sətirlərə tökərək O TAYdan BU TAYa ÖTÜRmüşlər. Bu üzdən ARAZ Məhrəm olmuş, ARAZ məlhəm olmuş…. Zaur Ustac HAQLI olaraq “Mən zəfərə təşnəyəm” deyərək xəbərdar edir: Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki aman! Türkün düşməni özü QƏDƏR böyük ki, sırtlan kimi onun zəifləməyini, parçalanıb qeybə qarışmağını gözləyib gözətlər. Nə qədər parçalansa da bölünsə də MİLLİ KİMliyini unutmayan TÜRK OĞLU üzünü YARADANa tutub Onun kölgəsində İQTİDARını bərpa etməyə QADİRdir. Bu qüdrəti ona QADİR ALLAH verib. QADİR olan QALİB olar. ALLAH ƏKBƏR!
“Yazarlar” jurnalı və “Ustac.az” saytı tərəfindən həyata keçirilən “Mustafa Müseyiboğlu – 70” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin tərtib etdiyi “Ömrümüzün yaz havası” toplusunda yer almış bir qurup yazar “Mustafa Müseyiboğlu” diplomu ilə təltif olunmuşdur. Diplomlar sabah yəni, 20 noyabr 2022-ci il tarixində saat 14:00 -da AYB-nin “Natəvan” zalında təqdimat mərasimində təqdim olunacaq. Bütün laureatları təbrik edir, gələcək yaradıcılq fəaliyyətlərində uğurlar arzulayırıq. Uğurlarınız bol olsun!
ƏDƏBİYYATIMIZIN BAŞ QƏHRƏMAN PROBLEMİ (Təranə Məmməd sirri “Sirr” ilə çözdü) Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu. Öncə onu qeyd etmək istəyirəm ki, bu mənim Təranə Məmməd yaradıcılığına ikinci müraciətimdir. İlk dəfə səhv etmirəmsə 2018-ci ildə Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra həmin yazını yazmağı özümə borc bilmişdim. Yazıdakı bəzi fikirlərə görə yaxın və uzaq çevələrdən bəlkə də haqlı sayıla biləcək iradlar da almışdım. Bu gün də eyni səbəbdən bu yazını yazmağı özümə borc bildim. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, həm “Tor”u, həm də “Sirr”i bir nəfəsə oxumuşam. Ümumiyyətlə Təranə xanımın qələmindən çıxmış mətnləri həcmindən asılı olmayaraq bir nəfəsə oxumamaq mümkün deyil.
Qəhrəmanımızın konkret mətn nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimi əsaslandıracağına və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum. QISA ARAYIŞ: Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie”, “Tor” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söhbət açacağımız “Sirr” kitabı müəllifin oxucuları ilə növbəti görüşüdür. Təranə xanımın əsərlərin dili, quruluşu və mövzu aktuallığı, əhəmiyyəti baxımından birinci yazımdakı fikrimdə qalıram. “Həcmindən asılı olmayaraq onun qələmə aldığı mətnlər olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir.” Bu baxımdan, “Sirr” romanı müəllifin digər əsərlərindən elə də fərqlənmir. “Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür. Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən, … gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir. Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında… …Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir. “Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.” (Z.U)
Fikrimizi konkret olaraq “Sirr”in üzərində cəmləməyə çalışaq. Bu məsələdə aşağıdakı iki suala aydınlıq gətirmək bizə kömək olacaq: 1) “Sirr”in sirri nədədir? 2) Bu yazının müəllifi –bəndəniz- Zaur Ustacın iddia etdiyi çözülmüş “sirr” nədən ibarətdir?
“Sirr”in sirri nədədir?
Düzü, tam səmimi olaraq etiraf etmək istəyirəm ki, kitabla tanış olduğum ilk andaca yığcamlığı məni qne etsə də adının “Sirr” olması fikirlərimi dolaşdırmışdı. Hətta onu qeyd edim ki, əgər Təranə xanımın yaradıcılığına bələd olmasaydım, adına görə belə gözəl və vacib bir kitabı hələ oxumamış da ola bilərdim. “Sirr” adı ani olaraq xəyallarımı eyni adlı digər əcnəbi müəllif tərəfindən qələmə alınmış motivasiya kitabının yanına aparmış, anındaca Təranə Məmmədin belə bir ucuz reklama ehtiyacı olmadığını düşünərək, ön sözə vaxt itirmədən bir başa Elçinin qardaşı Elvinin əsgərliyə getdiyi yerdən oxumağa başladım. Ayna və onun anası İradə xanımla tanış olan kimi romanı başdan başlamağa məcbur oldum və bir nəfəsə başladığım yerə qədər oxuyub, oradan davam edəsi oldum. Demək olar ki, bir gün, gün yarıma başqa heç bir işlə məşğul olmadan təbii ehtiyaclar gərəyi qısa fasilələr verməklə kitabı oxuyub bitirdim. Bir xeyli müddətdən sonra kitabı ikinci dəfə qeydlər edə-edə oxudum. Kitab birinci yığcamlıq baxımından müasir oxucunun tələblərini ödəyir. Məncə bundan yığcam yazmaq mümkün deyildi. Çünki, diqqətli oxucu özü də romanın sonunda müəllifin daha çox qısaltmalara getdiyinin şahidi olacaq. Qalan bütün məsələr barədə yuxarıda Təranə xanımın ümumi yaradıcılığına xas olan dilin sadəliyi, izahların konkretliyi, yığcamlıq, əhatəlilik hamısı “Sirr”ə də aiddir. Ənənəvi müharibə və məhəbbət mövzusunun iç-içə yürüdüyü əsərdə digər bizi əhatə edən bütün məişət problemləri gözümüzün önündə canlanır, həmən-həmən real həyatda rastlaşdığımız problemlərin çoxunu romanın qəhrəmanları ilə birgə yaşayırıq. Müəllif çox böyük ustalıqla bir problemi yaradır, inkişaf etdirib açır və gözlənilmədən yeni bir problemin içərisində gizlədərək hadisləri ilk cümlələrdən sonda Rəna xanımın “Karvansaray”dakı Elçinlə görüşdə işlətdiyi: – “Ayna sağdır, Elçin.” – xitabına qədər öləziməyə, oxucunun diqqətinin dağılmasına imkan vermir. Məncə “Sirr”in siri məhz elə bu amildədir.
“Sirr”in çözdüyü “sirr” nədən ibarətdir?
Məncə yazarlar, tənqidçilər, müxtəlif mövzulu bədii əsərləri səhnələşdirən mütəxəssislər, sənətşünaslar, ədəbiyyatsevərlər və diqqətli tamaşaçılar mənim bu fikrimlə razılaşarlar ki, müəyyən məqamlarda müxtəlif müəlliflərin olduqca fərqli variantlarda qələmə almış olduğu “Yusif və Züleyxa” istisna olmaqla “Leyli və Məcnun”dan üzü bəri “Rəşid bəy və Səadət xanım”, “Əli və Nino” və digər saysız-hesabsız klassik və müasir bədii yaradıcılıq nümunələri ədəbiyyatımızda əsərin baş qəhrəmanı (qəhrəmanları) problemini həll edə bilməmişdir. Bəlkə də bu problemin öz həllini tapmaması müxtəlif janr və cərəyanların ortaya çıxmasına səbəbiyyət vermişdir. Məsələn uğurlu finalı həll etmək mümkün olmadıqda “faciə”, hadisələrin bitmədiyi göz qabağanda ola-ola gediləsi düzgün yolu tapa bilmədikdə isə “post-insan” kimi absurd variantlar ərsəyə gəlmişdir və kimin necə qəbul etməyindən asılı olmayaraq bu reallıqlar mövcuddur. Təranə Məmməd məncə özü də bilmədən (çünki bu barədə ondan şəxsən soruşduqda belə bir iddiasının olmadığını söyləmişdir) yaxud da bilərəkdən, düşünülmüş şəkildə hadisələri müxtəlif kombinasiyalarla inkişaf etdirərək uzun və keşməkeşli yollardan keçirərək əsərin baş qəhrəmanlarını xoşbəxt sonluğa gətirib çıxardır. Bu uğurlu final elə böyük ustalıqla öz həllini tapıb ki, məsələ sadəcə xoşbəxt sonluqla bitmir, o sonsuzluğa doğru yol alır. Sanki, qəhrəmanlar ölməzlik qazanırlar. Həyat sonsuza qədər davam edəcək. Bütün problemlər həll olunub. Sevgi qalib gəlib. Amansız müharibə və münaqişələr usta bir siyasətlə tarix səhnəsindən silinib.
Təranə xanım bu əsəri yazanda qarşısına hansı məqsədi qoyubsa, ən doğrusunu özü bilir. Ancaq mən böyük əminliklə onu deyə bilərəm ki, “Sirr”in var olması artıq bir çox sirləri yox etdi. “Sirr” diqqətli qələm adamları üçün yeni üfiqlər, oxucular üçün isə maraqlı sevgi dastanıdır. Təranə xanım hər iki vəzifənin öhdəsindən layiqincə gələ bilmişdir. O, öz yaradıcılığı barədə sualları cavablandıranda nə qədər təvəzökar omasından asılı olmayaraq, ortada olan real vəziyyət, ədəbiyyat hadisəsi və həqiqi nümunələr var. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun… Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.
Tanınmış türk əsilli fransalı şair Caroline Laurent Turunc “Çöl zambağı” adlı kitabının işıq üzü görməsi münasibəti ilə doğum günündə “Ziyadar” mükafatına layiq görülüb. Mükafat bu gün – 18 noyabr 2022-ci il tarixində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində təşkil olunmuş görüşdə Zaur Ustac tərəfindən ünlü yazara təqdim olunub. Görüş zamanı həmçinin Laurent xanıma Azarbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı hədiyyələr təqdim olunmuşdur.
Bu gün nəcib insan, əsl ziyalı, sevimli şair və bütün bunlarla bərabər gözəl xanım Caroline Laurent Turunc un doğum günüdür! Bu şad günü münasibətilə onu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində bolluca uğur arzulayıram!!! Hörmətlə: Zaur Ustac
SÜBH ÇAĞI Pozur addım səsləri, Gecənin kor sükutun. Uzaqdan yeyin-yeyin Yeyir ürəyin qutun… * * * Qəfil başlayır quşlar, Necə gəlirsə buyruq. Sanki komanda verir, Gözəgörünməz çubuq… * * * Bürüyür bircə anda, Hər yanı sübh nəğməsi… İfa edir təbiət, Əsər Tanrı bəstəsi… * * * Getdikcə addım səsi Eşidilir yaxından. Gecə qaranlığında, Ötüb keçir yanımdan… * * * Tələsik addımlarda, Təlaşlı qəlbin səsi… Elə tələsir, sanki, (Ta dünyanın sonudur,) Tükənəcək nəfəsi… * * * Uzaqda dan sökülür, Gecənin rəngi qaçır… Yaxında purç tumurcuq, Qətran ətrini sacır… * * * Addımlar uzaqlaşır, Səngiyir sübh nəğməsi… “Allahu Əkbər”- deyə, Ucalır azan səsi… * * * Aydın olur səbəbi, O təlaşlı yerişin… Avazıyır qaranlıq, Anlamı var gərdişin… * * * “La ilahə illəllah”, Yenə də çökür sükut… Əllər açılır göyə, Möminlər tutur qunut… * * * Gecənin bağrın yarıb, Gündüz sıyrılır qından… Kimisi tövbə edir, Neçəsi çıxır dondan… * * * Həmin şəxs yenə keçir, Qayıdanbaş yanımdan. İndi özü görünür, Səs çıxmır addımından… 17.11.2022. Bakı.
ÜZÜMÜZÜ GÖRMƏ! Könlü işıqlı olanın, İşi yox gün işığıynan! Ruhu təmiz olduğundan, Yeyəcək öz qaşığıynan! ★ ★ ★ Heç dərdini çəkməginən, Nə yaxşı görmürsən bizi. Könlün saf, ruhun pak qalsın, Görməyəsən belə üzü… ★ ★ ★ Çalış, duyma səsimizi, Xəbərsiz ol halımızdan. Xoş halına xəbərsizsən, Boş-boş qeylü-qalımızdan… ★ ★ ★ Dərdin çəkmə bu dünyanın, Öz dünyanı xürrəm yaşa! Sənin gözün bizdən iti, Ayağın dəyməsin daşa! ★ ★ ★ Əzada gözü sağlar var, Görsə də ruhu sikəstdir. Gözün deşəni görməyir, Çünki ruhən o nakəsdir! 13.11.2022. Bakı.
QATIQ Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə süfrələrin padşahı. Baxırsan ki, bığlarınıda “bığ yağı”, Fors eləyir, cibində yox bir şahı. * * * Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə onun adı yavanlıq. Baxırsan ki, düz əməlli adamdır, Yazıq olub, evin yıxıb cavanlıq. * * * Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə kiçik dünya ibrəti. Nehrə onu elə qəşəng çalxayır, Söz artıqdı, tutan tutdu söhbəti… * * * Qatıq deyib, fors eləmə qardaşım, Ustac görüb tuluq-tuluq turş qatıq, İndi “yağ”dır “vitrin”ləri bəzəyir. Ya “şor” olub, ya “turş ayran”, ya “atıq”… 12.11.2022. Bakı.