“Yazarlar” jurnalı “Mustafa Müseyiboğlu – 70” layihəsi çərçivəsində RESENZİYA MÜSABİQƏSİ elan edir. Bu şipşirin, doğma Ana dilimizdə oxuyub, anlayan hər kəs müsabiqədə iştirak edə bilər. Şərtlər çox sadədir. İştirakçılar PDF variantı aşığıda təqdim olunmuş Zaur Ustacın “BB” (hekayələr) https://ustacaz.files.wordpress.com/…/zaur-ustac-bb-1.pdf kitabı və ya bu kitabda yer almış hər hansı bir hekayə haqqında öz fikirlərini yazıb zauryazar@mail.ru email ünvanına göndərirlər. Yazılar redaktəsiz, yəni göndərdiyiniz kimi çap olunacaq. Yazılar 01.09.2022-ci ildən 01.12.2022-ci ilə qədər qəbul olunacaq. 01.12.2022-ci il gecə saat 23:45-də qaliblər elan olunacaq. 29.12.2022-ci ilə qədər göndərilmiş bütün resenziyaların redaktəsiz yer aldığı kitab nəşr olunacaq və bu vaxta qədər iştirakçıların sayına uyğun Bakı şəhərində adətən kitab təqdimatları, imza günləri keçirilən məkanlardan biri vaxt da göstərilməklə YER olaraq elan ediləcək. Bütün iştirakçılara diplomlar, qaliblərə isə təyin olunmuş pul mükafatları uyğun diplomlarla birlikdə həmin gün tədbirdə açıq şəkildə təqdim olunacaq.
BİRİNCİ YER-300 AZN
İKİNCİ YER -200 AZN
ÜÇÜNCÜ YER – 100 AZN
QEYD:
Kimliyinin bilinməsini istəməyən ölkə vətəndaşları tədbirə gəlmədən mükafatlarını (yer tutduqları təqdirdə) poçt və ya kart vasitəsi ilə təyin olunduğu kimi manatla, xarici ölkə vətəndaşları isə vətəndaşları olduğu ölkənin pul vahidinə uyğun təyin olunmuş mükafatın AZN ekvivalentində (yer tutduqları təqdirdə) eyni qaydada alacaqlar. Mustafa Müseyiboğlunu rəhmətlə anır, bütün iştirakçılara uğurlar arzulayırıq.
Yazıları bu email ünvanına göndərin: zauryazar@mail.ru
Rafiq Yusifoğlunun son kitabları haqqında düşüncələr
”…Əlli illik bir ömrün ağrılı-acılı, sevgili, sevincli günləri muncuqlar kimi illərin, ayların qaranlıq guşələrinə səpələnib. Əlbəttə, o muncuqların hamısını yığıb-yığışdırmaq mümkün deyil. Ancaq elə muncuqlar var ki, illərin qaranlıq guşələrindən işarır, gəl-gəl deyir. Məhz o işaran muncuqları bir yerə toplayıb, övladlarıma, nəslimizin gələcək üzvlərinə yadigar qoymaq arzusu baş qaldırdı ürəyimdə. Düşündüm ki, bəlkə bu digər oxucular üçün də maraqlı olar…”
Bu duyğulu sətirlər sevimli şairimiz, tanınmış ədəbiyyatşünas-alimimiz, ”Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlunun ”Elm” nəşriyyatında işıq üzü görmüş ”Xatirə kəcavəsi” adlı kitabından götürülüb. Kitab məhz bu sətirlərlə başlanır və onun təkcə şairin mənsub olduğu nəslin davamçıları üçün deyil, ümumilikdə götürsək, Azərbaycan oxucusu üçün həm maraqlı, həm də gərəkli olduğu qənaətindəyik. Çünki əsil-nəcabətli, tanınmış nəslin ləyaqətli varislərindən biri kimi şairin kökə bağlılığı qələmə aldığı hər bir şe’rində, poemasında, acılı-şirinli xatirələrində, hətta uzun illərin zəngin axtarışlarının məhsulu olan tədqiqat əsərlərində də özünü göstərməkdədir. Belə bir zəngin, maraqlı həyat və yaradıcılıq yolu keçən alim-şairin nəşr olunub geniş oxucu kütləsinə təqdim olunan hər yeni kitabı isə əsl ədəbi hadisədir. Bu kitabların sayı çoxdur. Əksəriyyətini mənə qələm dostum Rafiq müəllimin özü bağışlayıb, yaradıcılığına məxsus dəst-xətlə, xüsusi sənətkarlıq səmimiyyəti ilə avtoqraf yazmağı da unutmayıb. Odur ki, Rafiq Yusifoğlunun hazırda kitab şkafımın ən doğma sakinlərinə çevrilmiş ”Həsrət köçü”, ”Çiçək yağışı”, ”Təzə sevdalara doğru”, ”Söz çəməni”, ”Ayrılığın qəm hasarı” şe’rlər, ”Xatirə kəcavəsi” – xatirələr, elmi-publisistik düşüncələr, sevən insanların, müxtəlif peşə sahiblərinin məktub və məqalələri toplanmış ömür romanı, ”Bahar qatarı” adlı uşaq nağıl və hekayələr kitabları, Azərbaycan və dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələri barədə geniş elmi mə’lumatlar və müəlliflərin əsərlərindən ən yaxşı nümunələrin daxil edildiyi ”Uşaq ədəbiyyatı”(2002) adlı dərs vəsaiti, ədəbiyyatşünaslığımızın nəzəri problemlərinə həsr olunmuş və işlədiyi Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsində bədii söz, onun xüsusiyyətləri və poetikası ilə, digər problem məsələlərlə bağlı oxuduğu mühazirələrin də daxil edildiyi ”Ədəbiyyatşünaslığın əsasları” (2001) adlı sanballı monoqrafiyası, böyük zəhmət və sonsuz məhəbbətlə körpə balalara ərmağan etdiyi ”Göyərçin” jurnalının nüsxələri təkcə mənim deyil, kiçik kitabxanamın oxucusu olan dostlarımın da tez-tez müraciət etdikləri ən qiymətli vəsaitlərdir. Əlbətdə ki, məndə olan kitablar sevimli şairimizin artıq oxucuların ixtiyarına verilmiş kitablarının ancaq bir hissəsidir. Lakin elə bunlar kifayətdir ki, şair, nasir, publisist, naşir, alim… ən başlıcası isə çoxlarının sevdiyi, bə’zilərinin isə hətta həsəd apardığı bir insan, həqiqi dost, sözün əsl mə’nasında şəxsiyyət Rafiq Yusifoğlunun bütün daxili məziyyətlərinə bələd olub, onun iç dünyasını özün üçün aşkarlayırsan. ”Qızıl qələm”, ”Vətən”, ”Araz”, ”Ilin ən yaxşı kitabı”, ”Tofiq Mahmud” mükafatları laureatları olan şairin ən böyük mükafatı isə oxucu sevgisi, pərəstişkar məhəbbətidir. Saysız-hesabsız oxucunun qəlbinə yol tapmaq, onun yaddaşında özünə əvəzsiz yer tutmaq hər sənətkara, söz adamına nəsib olan xoşbəxtlik deyil. Bu xoşbəxtliyə isə, tam əminliklə və şəxsi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, o öz mehribanlıq və səmimiyyəti, daxili mədəniyyət və sadəliyi ilə nail olub.
Rafiq Yusifoğlu oxucu təmasını şe’rlərinə hopdurmağa bacaran, Rablo Nerudanın ”Mənim həyatım sözlərdir, gözəl sözlər. Mən sözlər içində yaşayıram, özünəməxsus olan bir nağıl sarayı kimi” – hikmətli kəlamlarını ömür kredosuna çevirərək, sözdən, həqiqətən də, özünə möhtəşəm bir sray ucaldan söz sənətkarıdır. Və bu sarayın hər kərpici, hər daşı təmizliyi, halallığı özünə əvəzolunmaz tanrı payı sayan söz adamının ruhunun bir zərrəsidir ki, durub:
Saymadım, şeytanın ötdüm yanından
Təmizlik edərmiş adamı Allah.
Nə yaxşı çirkablar burulğanından
Təmiz çıxarmışam adımı, Allah!
”Ömür boyu mən sözümün oldum ağası” – deyə qürur hissi keçirən şairi yaxından tanıyanlar yaxşı bilirlər ki, həmişə başqalarından məktub alan şairin özünü özünə məktub yazmağa sövq edən hansı hisslər, duyğulardır:
Baxan yoxdu düşüncənə, yaşına,
Görən yoxdu sızıldayan könlünü.
Yaxşılıqlar qaxınc olar başına,
Yaxşılıqlar gödək edib dilini.
Lakin yaxşılıq etməyi, kimnsə səadətini özü üçün xoşbəxtliyə çevirməyi ilə rahatlıq tapan, daxilən daha da saflaşan, təmizlənən şair ürəyini gözü ilə görür və duyur ki:
Elə məst eləyib gözlərin məni,
Dağlar topuğumdan, göy qurşağımdan…
Çəkilib dünyanın çisəyi, çəni,
Ürəyim asılıb göy qurşağından.
Çirkin də gözümdə göyçəyə dönüb,
Sən baxsan, sevinər, taleyim gülər.
Ürəyim bir ovuc çiçəyə dönüb,
Sənin qədəminə səpilə bilər.
Sevgili-qayğılı, enişli-yoxuşlu, ilhamlı-duyğulu həyat yaşayan qələm dostumuzun ”Ömür kəcavəsi”nə ”Ayrılığın qəm hasarı”nı aşmaqla ”Təzə sevdalara doğru” uğurlu yol arzulayırıq…
GÖZƏL Bu gün gördüm onu, otuz il sonra, Gəzdirib, göz-gözə gətirən gözəl… Neçə milyon gözün, qaşın içində, Sezdirib, üz-üzə götürən gözəl… * * * Qəfil qarşılaşdı baxışlarımız, Qəbulmu görmüşdü alqışlarımız, Damla-damla yağdı yağışlarımız, Süzdürüb, iz-izə itirən gözəl… * * * Bir xeyli mən baxdım, o sa baxmadı, Nə Billah eylədim kirpik qalxmadı: -Allahım, pünhan ox, həmin oxmudu??? Azdırıb, biz-bizə bitirən gözəl… * * * Qəfil bir baxış da oldu ərmağan, Gördüm, gözü dolmuş, bağrım oldu qan, Köksümdə ürəyim qopardı fəğan, Sızdırıb, döz-dözə ötürən gözəl… * * * Baxış o baxışdı, qaçış o qaçış, İllər gözlərindən heç nə almamış, Giryan görünürdü, bir az təntimiş, Sazlayıb, naz-naza yetirən gözəl… * * * Ustac mükafatın alıb həmişə, Bir daha mat qaldım, bu gün gərdişə: -Deməli, yol verməz boşa səyrişə, Gəzdirib, göz-gözə gətirən gözəl… 04.09.2018. Bakı.
GƏL Bu dərd bizim aramızda bitibdi, Bir daş altda, birini də üstə gəl. Nə dil bilsin, nə də dodaq anlasın, Nə fərq olsun, nə də bircə üstəgəl. * * * Heç nə umma belə zalım fələkdən, Dünyamıza qəm ələnir ələkdən. Qismətinə düşən paydı ürəkdən, Birin verib, birini də istə gəl. * * * Çətin bir də ömür dönə geriyə Buz bağlamış xəyalların əriyə. Nə deyirsən, Mövlud, mələk, pəriyə Öz bəxtindən nə inci, nə küs də gəl. 5.07.2021. Quba. Zərdabi.
MƏNİMÇÜN İşdi yaxa versəm zalım əcələ Göyüm- göyüm göynəyərsən mənimçün. Bir az razı, bir azca da narazı, Deyim -deyim deyinərsən mənimçün. * * * Yuxuların qarışmasın gerçəyə, Ümid olub gözlə məni gecəyə. Sevincini bölüşərsən heçliyə Öyüm-öyüm öyünərsən mənimçün. * * * Saxla məni aşiq kimi yadında, Xatirində doğmanın da, yadın da. Ürək olub, gülüm, Mövlud adında Döyüm-döyüm döyünərsən mənimçün. 7.07.2021. Quba. Zərdabi.
“Kim sənə deyib ki, əsl etibarlı məhəbbət yoxdur dünyada?
O yalançının o pis dilini kəsərlər” M. Bulqakov.
Anamla atamın qeyri-adi münasıbəti var idi. Bir- birinə hörmət və qayğıyla yanaşırdılar. Ancaq mən aralarındakı sərinliyi hiss edirdim. Anam heç vaxt sevgidən, məhəbbətdən danışmazdı.
Onlar ayrı-ayrı otaqlarda yaşayırdılar. Anam yemək bişirir, atamın paltarlarını yuyur, səliqəsinə fikir verirdi. Qohum əqraba yanında həmişə mehribancasına davranırdılar.
Dəfələrlə anamla bu haqda danışmaq istəsəm də, l o, hər dəfə araya söz qatar və mənə heç nə deməzdi.
Anamın gözləri nəm olardı hərdən. Soruşanda “əzizlərimi xatırladım” ya da “söğan yandırdı gözlərimi”- deyib üzünü yuyardı.
Atamın başqa bir qadınla əlaqəsinin olduğunu bilirdim və həmişə onu qınayırdım. Hətta bir dəfə onunla ciddi söhbət etməyi qərara aldım. Anam onda mənə dedi ki, sən qarışma, mən özüm buna icazə vermişəm.
Bu qəribə münasibəti heç anlaya bilmirdim.
Anam öldükdən sonra atam həmin qadınla birləşdi. Mən etiraz etmədim və atamla əlaqəmi kəsmədim. Onu çox sevirəm.
Anamın xəstəliyinə sonra da ölümünə tab gətirməyib babam da rəhmətə getdi.
İndi babamın mənə miras qoyduğu evdəyəm.
Biz bura yayda gələrdik. Bu evlə bağlı o qədər gözəl xatirələrım var ki… Babam bu evi mənə hədiyə edib.
Evin içində heç nə dəyişməyib.
Babamın qızılı, varı, dövləti yox idi, amma çoxlu kitabı var idi.
Toz başmış kitablardan birini götürdüm. Kitabdan sanki keçmışın, anamın, bababın qoxusu gəlirdi. Lap kövrəldim. Kitabı heç acmadan yerinə qoydum.Əlimi kitabların üzərində gəzdirərək sanki onlarla sağollaşdım. Sonra əyilib siyirməni açdım.
Burada nələr yox idi? Babam iynə və sapdan tutmuş köhnə düymələrə qədər hər şeyi saxlamışdı. Əlimə bir düymə düşdü.Bu düymə anamın paltarından düşüb itmişdi. Yadımdadır. Sonra onu çox axtardıq, amma tapmadıq. Mən o düyməni öpüb cibimə qoydum.
Sonra siyirməni bağlamaq istədim,lakin itələyəndə bağlanmadı. Nəsə mane olurdu. Mən əlimi salıb aradan bir saralmış dəftər çıxartdım.
Dəftəri götürüb kresloya oturdum.
Əlimdəki anamın gündəliyi idi.
Gözlərimə inanmadım.
Anam heç vaxt deməzdi ki, gündəlik yazır.
Mən dəftəri acgözlüklə oxuyurdum.
Oxuduqca gözlərimin yaşını saxlaya bilmirdim. Zahirən həmişə gözəl, şən görünən anam nə qədər əzablı əziyyətli bir həyat yaşayıbmış?!
“Mən onun üzünü elə də görmədim. Amma sevirdim onu”-bu sözləri oxuduqda isə dəhşətə gəldim.
Ana!? Sən kimisə sevirdin!?
Dəftəri dayanmadan oxuyub başa çatmaq, öz doğma anamın sevgi macərasını bilmək istəyirdim.
Dəftərin bir ucunda bəzi rəqəmləri bir qədər pozulmuş telefon nömrəsi diqqətimi çəkdi.
Dərhal həmin nömrəni yığdım.
– Salam.
– Salam..
-Bağışlayın . Siz kimsiniz ?
– Bəs siz kimsiniz , xanım?
– Mən sizinlə görüşmək istəyırdim. Sizə veriləsi şey var.
– Buyurun gəlin .
O mənə ünvan verdi
Ertəsi gün mən anamım artıq əzbərdən bildiyim gündəliyini götürüb deyilən ünvana yollandım.
Qapını mənə yaşlı bir insan açdi. Lakin, hündür boyu, mədəni davranışı onu bir qədər yaşından cavan göstərirdi.
– Buyurun xanım…
– Çox sağ olun.
Mən içəri daxil oldum. Biz həyətdə qoyulan stol afxasında oturduq.
Mən bir kəlmə də demədən gündəliyi çıxarıb ortalığa qoydum və:
-Anam sizi sevirdi,-dedim.
-Ananız?
– Bəli
– Xanım siz nə danışırsınız? Mən uzun illərdir ki, tək yaşayıram yanımda yalnız baxıcım var.
Mən anamın kim olduğunu ona dedim. O eynəyini düzəldib:
– Yox. Əksinə. O məni heç vaxt sevmədi! -dedi. Mənim onu dəlicəsinə sevdiyimə inanmadı.
Sonda isə mənə hətta ona zəng etməyi də qadağan etdi. Mən onu indi də sevirəm. Onu gözləyirəm. Son zamanlar isə məni heç vaxt sevmədiyini dedi.
Mən gündəlikdəki yazını onun qarşısına qoydum.
“Mən onu sevirdim. Amma heç vaxt onunla olmayacağımı bilirdim. Həm ailə vəziyyətim, həm də ölümcül xəstəliyim buna imkan vermirdi.
Mən bu gün onunla son dəfə danışdım. Onu acıladım ki, bir daha tapmasın, axtarmasın məni.
Mən təhlillərin cavabını bildim. Ölümümüm reallaşdığını hiss edirdim. Amma bunu ona deyə bilməzdim. Ürəyi partlayardı. Mən onu sevdiyimi ona sübut etməli və ondan ayrılmalıyam”
Kişi dəftərdəkiləri dəfələrlə oxuyub ayağa qalxdı.
– Yalandır! Bu ola bilməz! O mənə bunu deyərdi. Deyin ki, by yalandlr!
– Anam ölüb.
O əlini ürəyinə aparıb oturdu. Mən onun nəbzini tutub qışqırdım:
– Kömək edin!
Evdən bir yaşlı qadın çıxıb dərman gətirdi sonra ona iynə vurdu. Bir qədər sonra kişi gözlərini açdı və:
– Məndə heç bir xatirəsi belə yoxdur. Heç nə! Sözlərdən, kəlmələrdən başqa heç nə.
Mən cibimdən dünən babamın evindən tapdığım düyməni ona uzatdım:
– Bu düymə anamın paltarındandır. Götürün. Sizdə qalsın.
O körpə oyuncağa sevinən kimi düyməni götürüb əlində bərk sıxdı .
– Danışın mənə. Anamla harda görüşmüsünüz? Necə sevmisiniz onu?
– Siz buna inanmazsınız. Bu bir nağıldır. Heç kim inanmaz buna. Mən xəstə idim.
Bir gün evdə halım pis oldu. Yoldaşımdan ayrılmışam . Telefonla bacıma zəng etdim ki,nə edəcəyimi desin. Nömrəni səhv yığmışam demə. Ananız heç nə soruşmadan, kim olduğumu bilmədən mənə nə edəcəyimi dedi. “Dərman için sonra uzanın. Mən sizə bir azdan bir də zəng edəcəm,” – dedi.
Beləcə, o hər gün mənə zəng edib halımı soruşur, məni tədricən həyata qaytarırdı. Biz çox yaxınlaşdıq bir- birimizə. Mən uzun illərdən sonra ilk dəfə sevdim. Dəlicəsinə vuruldum ona. Amma o mənə elə də sevirəm demədi… Amma bu gün bildim ki,o məni daha çox sevirmiş. Mən onun bir kəlmə sözündən inciyib onu unutmağa çalışdım. O isə mənə öləcəyini deməyib. Kişi eynəyini çıxarıb gözlərini sildi və
-Məni onun məzarına aparın! – dedi.
Bir neçə gündən sonra mən onunla anamın qəbrini ziyarət etdim.
O, iri bir yasəmən dəstəsi almışdı. Mən anamın yasəməni nə qədər sevdiyini bilirdim. Deməli o da bunu bilirmiş.
O, uzaqdan anamın şəklini gördükdə eynəyini çıxarıb göz yaşlarını sildi. Sonra yaxınlaşıb əllərini şəkildə gəzdirdi. Sonra geri çəkilib baş əydi.
Biz bir kəlmə belə danışmadıq.Onu tək qoyub bir qədər geri çəkildim.
O, dizləri üstündə oturub anamla danışırdı:
– Sən məni məndən çox sevdiyini sübut etdin. Bir dəfə də sevirəm demədən mənə həyatını qurban etdin indi növbə mənimdir. Biz mütləq görüşəcəyik…
Biz yenə heç nə danışmadan geri döndük.
Bir neçə aydan sonra telefonuma zəng gəldi
-Salam xanım.Atam dedi ki, sizə deyim . O sizin ananızı sevirdi.
Bu anamın sevdiyi adamın oğlu idi.
– Özü necədi?- deyə soruşdum.
– O artıq yoxdur. Mənə bir düymə vedi öləndə. Dedi ki, bunu mənim qəbrinin üstünə qoyarsan.
Mən dəstəyi asıb fikrə getdim.
Nədir bu sevgi deyilən böyük güvvə? İnsanlar bir-birini görmədən, tanımadan bu qədər sevə bilərlərmi? Bilmirəm. Əgər kimsə mənə bunu danışsaydı inanmazdım….Lakin, indi inanmamağa əsasım yox idi.
Duşunurdüm ki, bir-birini bu qədər sevən insanların ruhları indi bir yerdədir və bu mənim yeganə təsəllim idi…