GECƏ QONAĞI
Bax belə…Yenə uzaqdan qonaq gözləyirəm.Sevinirəmmi?!..Əlbəttə,özü də necə!Axı mən elə uşaq yaşlarımdan qonaq sevənəm…gələndə şadlıqdan uçar, gedəndə isə zülüm-zülüm ağlardım…(sanki qonaq bizimlə bir ömür yaşamağa gəlibmiş!..)Balaca qız idim, anamın rəfiqəsi, həm də əmisi qızı olan Bilqeys xala bizə tez –tez gəlirdi, qonşuluqda yaşayırdı, cəmi bircə ev aramız vardı.Anamla söhbəti yaman tuturdu!.. İki otaq və bir eyvan olan evimizin balaca otağında üz-üzə bardaş qurub əyləşər, şirin-şirin söhbət edərdilər..həm də sırf söhbət!..Mən də üzü üstə uzanıb dirsəklərimi yerə, əllərimi də üzümə dayaq verərək maraqla onlara qulaq asardım.Nədən danışdıqlarının önəmi yox idi mənimçün, heç soruşsalar yadımda da deyildi..Amma təki söhbətləri kəsilməsin…Sonralar, lap sonralar cızdağım cıxacaqdı o anlar üçün!…
Anam deyirdi ki, qonşunun da boynunda qonşu haqqı var,əvvəl qonşu,sonra qohum!..Sonra da əlavə edirdi ki, bala,insan insana hayan olmalıdı, elə ölüləri də yalqız olmasınlar deyə yanaşı basdırırlar…Bu həyati fəlsəfə idi və doğruluğuna şübhə yeri qalmırdı.
..Alman psixoloqu və filosofu Karl Qustav Yunqa görə insan dərin dəyişmələrə uğrayaraq inkişaf edir, beləliklə ömrün körpəlik çağından böyümə və yetkinləşmə dövrünə adlayır…Fiziki olaraq insanın keçdiyi mərhələyə dönmək fikri absurddur,yalnız qəlb obrazlarala keçib gəldiyi mərhələlərə qayıda bilir…Demək istəyirəm ki, nə yaxşı!..Amma elə o andaca başqa bir hissim etiraz edir.., axı bu insana əzabdan başqa nə verir ki…!
Əzik-üzük xatirələr çıxır
pul qabımdan,
atıram gül qabına..
Bir dəli gün də yazılır alnıma..
Gedirəm…
çətini qəbul edənəcəndi ayrılıqları,
sonra ölümə də öyrəşir adam..(Ş.Ş)
Uşaqlar tez böyüməyi düşünər, gənclər həyatı dolu-dolu yaşamağı, qocalanda dünya da, dünya haqqında fikirlər də dəyişər.., etmək istəyib amma edə bilmədiklərin asılar yaxandan!..Yuxuların pərən düşər, sanki indiyəcən edə bilmədiklərini“çoxu gedib azı qalan” ömrün sonuncu abzasına yaza biləcəksən kimi qiyama qalxarsan..
Uşaqlıq hissləri daha safdır, daha təbiidir,Allahdan gələndir,eynən onun qəzəbi,sevgisi kimi axıcıdır,özü kimi də sevimlidir! Deyirəm keşkə uşaqlar eləcə uşaq qalsa…heç böyüməsə.. Amma bu mümkünsüz bir istək..amma böyüklərin öz içində bir cocuq yaşada bilmək şansı vardır!..Təsəvvür edirsiz necə gözəllik tapar dünya, savaşlar bitər, bu qədər nahaq qanlar da tökülməz, insanlar Allahın birgəyaşayış üçün verdiyi dünyanı tikə-tikə bölməz,hirsi,hikkəsi,qəzəbi,kini elə uşaqlarda olduğu kimi bir anlıq olar,göy üzü aydın,səma açıq,Günəş parlaq,Ay da şair xəyalını uçuran..!
..Hərdən ölümü qınayırıq,vaxtsız gələndə (baxmayaraq ki, ölüm həmişə vaxtsız olur elə…),yerdə qalanları qəm içrə boğulanda.. Amma həyat varsa ölüm də mütləqdir..
Ayrılığın da vaxtı var, amma
həmişə vaxtsıq olur ayrılıqlar..
Atalı-analısı,sevdiyi,sevmədiyi kəsi..
Yetimi,kimsəsizi olur,
Eynən adamların özü kimi…
Ayrılıq ən əvvəl fikirdə doğulur,
Böyüyür..
Kimsə heç bilmədən
ən yağlı tikəsini yedirir,
kimsə gözünün ağını…
böyüdür ayrılığını..,
bir atom bombası kimi..(.Ş.Ş)
Əvvəldə qonağ gözlədiyimi demişdim.. xoş o evin qapısına ki, Allah qonağının üzünə açılar, və xoş o kəslərin halına ki, qapısını dost açar..!.Bəs heç siz bircə dəfə də olsa özünüzüzlə,ya hər gün yanına döndüyünüz , bir damın altını ev deyib paylaşdığınız insanlarla qonaq kimi davrandınızmı?..Böyük ehtimalla yox yəqin ki.!..Olsaydı bəlkə də çox şey tamam başqa çür olardı,elə münasibətlər, qayğılar, rəftar…Məsələn,evdə olanımızın ən yaxşısını bu dəfə özümüz üçün ayırardıq,kəmhövsələ vaxtımızda özümüzə nəzarət edərdik,məchul sonralara saxladığımız ,amma o “sonra”ların da bəzən heç gəlmədiyini düşünüb özümüzə daha çox zaman ayırardıq,sevgimizi etiraf etməyə tələsərdik…Bu yaxınlarda səksən yaşını keçmiş bir xanımın altmış yaşlı rəfiqəsinə göndərdiyi məktubda ”mənim artıq şansım yoxdu,amma sən yubanma!.. “ söylədiyi kimi!..Anam deyirdi ki,dil bir parça ətdir,amma könülləri çala da bilir,ala da !..Hz.Əli isə bir başqa cür:”Danış,tanıyım səni..!”..Xalq şairi Cabir Novruz da ”Sağ olanda qiymət verin insanlara” şeiri ilə belə bir mesaj ötürürdü insanlara..
…Gələcəyə çox da ümid bağlamayın
Sözünü sonralara saxlamayın,
Zəhləm gedir sonralardan..
Vaxtsız dinən zurnalardan..
Sən heç demə,insan illərlə çaba verib kərpic üstə kərpic qoyaraq yer üzündə özünə gün-güzəran, ev-eşik qurmağa sərf etdiyi vaxtda heç özü də bilmədən ona təmənnasız verilmiş “ömür sarayı”dan hər gün bir kərpic salırmış …Sonda isə..ta heç nə, bir məşhur türk mahnısında deyildiyi kimi:
Əllərim bomboş..
Ürəyimdə bir sızı….
Müəllif:Şahnaz ŞAHİN
AYB və AJB üzvü, Prezident Mükafatçısı,
Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru