QATIQ Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə süfrələrin padşahı. Baxırsan ki, bığlarınıda “bığ yağı”, Fors eləyir, cibində yox bir şahı. * * * Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə onun adı yavanlıq. Baxırsan ki, düz əməlli adamdır, Yazıq olub, evin yıxıb cavanlıq. * * * Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə kiçik dünya ibrəti. Nehrə onu elə qəşəng çalxayır, Söz artıqdı, tutan tutdu söhbəti… * * * Qatıq deyib, fors eləmə qardaşım, Ustac görüb tuluq-tuluq turş qatıq, İndi “yağ”dır “vitrin”ləri bəzəyir. Ya “şor” olub, ya “turş ayran”, ya “atıq”… 12.11.2022. Bakı.
Bəzən iddia olunur ki, Məhəmməd Füzulinin və Şah İsmayıl Xətainin əsərləri Azərbaycan dilinə vurulmuş ən böyük zərbədir. Və bu məsələni sübut etməyə çalışan bəzi şəxslər belə bir ifadə işlədirlər ki, “biz bu ədiblərin dilini başa düşmürük, müasir Azərbaycan dili ilə heçbir əlaqəsi yoxdur.”
Birincisi onu qeyd edək ki, Azərbaycan dilinin inkişaf prosesi qısa bir zaman kəsiyində deyil, uzun müddət davam etmişdir. Belə ki, ümumxalq dilinin formalaşması XIII-XVI əsrləri, ədəbi dilin formalaşması isə XVII və XX əsrləri əhatə edir. Ümumxalq dilimizə ən böyük töhfəni verən şəxslər də məhz klassik ədiblərimiz hesab edilir. Orta əsrlər dövründə yazıb-yaratmış İzzəddin Həsənoğlunun əlimizdə olan külliyyatı yazılı Azərbaycan dilinin qədimliyinin ən böyük göstəricisidir.
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Müasir dilçilik aspektindən bu beytin təhlilatına qalxmaq ən böyük cahillikdir. Çünki fars dilinin ədəbiyyatda tüğyan etdiyi dövrdə türk dilində yazmaq ənənəsi yeni başlamışdır.
Səfəvilər dövlətinin hakimiyyətə gəldiyi dönəmdə xüsusən də Xətainin zamanında ümumixalq dilimiz kifayət qədər inkişaf etmişdir.
Bu cümlədən оl nədəndürür piş?
Kim, məndən apara nuşi-biniş?
Linqvistik baxımdan beytdə nəzər yetirsək nədəndürür sözünün müasir dilimizdə nədəndir sözü ilə paralellik təşkil etdiyinin şahidi olarıq. Belə ki, orta əsrlər dövründə dır şəkilçisinin iki dəfə istifadə olunması müasir Azərbaycan dilinin tələblərinə uyğun olmadığı üçün səsdüşümünə məruz qalmışdır. Bundan əlavə Xətayi yaradıcılığında vurmaq sözü urmaq kimi rastımıza çıxmışdır. Müasir dilimizdə buna səsartımı deyilir. Sözügedən elementlər onu göstərir ki, dilimiz müasir səviyyəyə gələndə qədər müəyyən mərhələlərdən keçmişdir və bu mərhələlərdən keçirdənlər də klassik söz ustalarımız idi.
Düzdür Xətai türk dili ilə yanaşı fars dilində də yazıb yaratmışdır. Lakin onun fars dilini bilməsi dilimzə mənfi təsir göstərmir, əksinə ədibin savadlı olmasının bariz isbatıdır.
Pəs təcrübə kərdim dǝr in deyre-mökafat:
Ba Ali-Əli hər ke dar oftad, bər oftad!
Məhəmməd Füzuli yaradıcılığına gəldikdə isə Azərbaycan filologiyasının banilərindən olan Bəkir Çobanzadə qeyd edir ki, “…“Füzuliyə “mübaliğəçi”, “safdil” deyə biliriz. Lakin
Bu gün də, yarın da “yalançı”, “masalçı” deyəməyiz.”
Filoloqların gəldiyi qənaət budur ki, Füzulinin şeir dili orta əsr azərbaycanlısının saf xalq dili üslubunda idi. Misal üçün:
Bəni candan usandırdı, cəfadan yar usanmazmı?!
Fələklər yandı ahimdən muradım şəmi yanmazmı?!
Bu beytdə Bəni sözünün müasir qarşılığı məni sözüdür. Dövr irəlilədikcə B həri M hərfini əvəz etmişdir. Lakin əsl xalis söz Bən sözüdür. Belə ki, dilimizdə II şəxsin təki və cəmi S hərfi ilə (Sən, Siz), III şəxs də (O, Onlar) O hərfi ilə başlayır. Türk dili üçün səciyyəvi olan xasiyyət də budur ki, I şəxsin təki və cəmi də eyni hərflə başlamalıdır. I şəxsin cəmi Biz ikinci şəxsin təki Mən ola bilməz. Biz Orta əsrləri incələdikdə Füzulidə Bən sözünün istifadə edilməsinin şahidi oluruq. Bütün bunlar onu göstərir ki, Orta əsr klassiklərimiz öz dövrlərinin dil tələblərinə uyğun formada yazıb – yaratmışdırlar. Müasir dil aspektindən orta əsr insanının dilinə nəzər yetirmək cahillikdir. Düzdür, Füzuli tək Azərbaycan dilində deyil, eyni zamanda ərəb və fars dillərində də yazıb – yaratmışdır.
Misal üçün:
Əşrəqət min fələkil-behcətü şəmsün və biha
Mələəl-aləmə nurən və sürurən və bəha
Az öncə qeyd etdiyimiz kimi Füzulidə həmçinin Xətai kimi mütəfəkkir şair olduğu üçün ərəb dilinə də müraciət edirdi. Bu gün də müasir Azərbaycan şairləri dünyanın aparıcı dillərində, xüsusən də ingilis dilində əsərlər yazırlar, əgər biz müasir ədiblərimizi bu əsərlərinə görə Azərbaycan dilinə zərbəvuran kimi qiymətləndirsək, böyük xəta etmiş olarıq.
Mənbələr:
Nizami Xudiyev- Azərbaycan ədəbi dilinin tarixi- Bakı 2012 səh. 331-332
DƏNİZ NƏĞMƏLƏRİ – MƏHƏBBƏT NƏĞMƏLƏRİ (“Qəm karvanı” kitabına yazılan ön söz)
İş elə gətirdi ki, bu məqaləni sübh namazından sonra yazmağa başladım. Burada qeyri-adi, daha doğrusu, elə böyük bir sir olmasa da, bunun mənası və səbəbi var. Və həmin o əsas səbəb də ondan ibarətdir ki, yazmağa başladığım bu məqalənin baş qəhrəmanı, səbəbkarı uzun illərin yol yoldaşı, qələm dostum, şair dostum, ən nəhayət, dəniz dostum Rafiq Yusifoğludur. Əslində mən “dəniz dostum” kəlmələrini cümlənin əvvəlində işlətməliydim. Çünki gəlib elə bir vaxta çatmışıq ki, qələm, söz, istedad və qabiliyyət ucuzlaşıb, hətta bir az da dəbdən düşüb. İndi dəbdə olan, meydanlarda at çapan, maraq doğuran çox şey var, bircə ağıl və bacarıq, istedad və qabiliyyət, kişilik və mərdlik bu siyahıda yoxdur. Şəxsən mənim üçün və Rafiq üçün həmişə dəbdə olan, solmayan, təzə-tər qalan, heç vaxt köhnəlməyən, dəyişməyən bir sirli-sehrli, cənnətməkan ünvan, əbədi bir mövzu var – Xəzər dənizi! Biz hər gün səhər tezdən Xəzərin mavi qoynunda görüşür, hər il beş-altı ay onun bir az duzlu, bir az meyxoş suyunda doyunca çimir, köpüklü dalğalarında atılıb-düşür, bərkdən-boşdan çıxır, sonra hərəmiz bir dünya sevinclə ev-eşiyimizə qayıdır, işə yollanırıq. Bu, həyatın, taleyin bizə bəxş etdiyi ən böyük səadət və mükafatdır. İkimiz də bu taleyə, bu səadətə, bu mükafata görə Allaha minnətdarıq. Çünki həyatda çox mükafatı, var-dövləti, cah-cəlalı, mal-mülkü, taxt-tacı olan adam var, amma onların heç birisinin Xəzər kimi ali mükafatı yoxdur. Allah-Təala Azərbaycana, biz azərbaycanlılara çox böyük bir sərvət, var-dövlət, nadir inci, ləl-cəvahirat bağışlayıb. Ancaq əfsuslar olsun ki, çoxumuz nankorluq edir, bu boyda mükafatın, var-dövlətin ya qədir-qiymətini bilmirik, ya da onu layiqincə dəyaərləndirməyi bacarmırıq. …Bədii əsərlərdə həmişə bir və ya bir neçə müsbət qəhrəman olur. Mənim qeydlərimin də iki səbəbkarı, iki qolu, iki müsbət qəhrəmanı var: biri Rafiq Yusifoğlu, o biri Xəzər dənizi… Əvvəllər dənizə gələn dostlarımız lap çox olub. Tədricən onlar azalıb. Azalanlar, oyundan çıxanlar kimlər olub? Bizimlə yol gedə, ayaqlaşa bilməyənlər – ürəksizlər, məsləksizlər, diləksizlər, acgözlər, mənsəbpərəstlər, buqələmunlar… Dəfələrlə bizə qoşulan, lakin dəstəmizin əsas, aparıcı üzvləri ilə ayaqlaşa bilməyənlərə, yəni mənən bizə yaxın olmayan cılız ürək sahiblərinin şax üzlərinə demişəm: “Xahiş eləyirəm, sbahdan gəlməyin bizim dənizə. Hər cür eyş-işrəti, var-dövləti vermişik sizə, barı qoy bu dəniz bizə qalsın! Murdarlamayın Xəzərimizi!” “Bizim dənizimiz” ifadəsini təsadüfi işlətmədim. Doğrudan da, bu boyda dəniz bizimdir. Bizim deyəndə, yəni mənim kimi yüzlərin, minlərindir Xəzər. Ancaq küləkli günlərdə bizdən savayı bir kimsəni görmək qeyri-mümkündür onun sahillərində… Xəzərlı bağlı söz-söhbətim bir qədər uzansa da, bu uzun söhbət Rafiqlə, onun yaradıcılığı və yeni şeir kitabı ilə sıx surətdə əlaqəlidir. Məqsədim bu əlaqənin bəzi “düyün” və nüanslarını açmaqdan ibarətdir. Rafiq Qubadlıdan Azərbaycan Dövlət Pedaqoji Universitetinə gəlib oranı bitirsə də, o, bu gün özü də etiraf edib deyəcək ki, şairliyinə, ziyalılığına, üstəlik həyatda və elmdə qazandığı bütün uğurlara görə Xəzərə minnətdardır. Uzağa niyə gedək, “Qəm karvanı” poemasından savayı onun təzə kitabındakı bütün şeirlər ya bilavasitə Xəzərlə bağlıdır, ya da dəniz məhəbbəti, bu sevginin ona bəxş etdiyi ovqatla köklənən lirik şeirlərdir. – Xeyir, elə “Qəm karvanı” poemasının yazılmasında da dənizin rolu var, – deyə Rafiq sözümə düzəliş verir. – Sən ki yaxşı bilirsən mənim vəziyyətimi! Əgər Xəzərlə dostluğum olmasaydı, bəlkə elə ağır cərrahiyyə əməliyyatından da sağ-salamat çıxmazdım. Sağ olsun Xəzər ki, onu sevən ürəyim məni bu ağır imtahandan sağ-salamat çıxardı… Yoxsa “Qəm karvanı” yaranardımı?! Söhbət “Qəm karvanı”ndan düşdüyü üçün bir dost, qələm yoldaşı kimi yox, məhz kitabın redaktoru kimi mən Rafiqi dahi söz ustası, ölməz Füzulinin sevgi dünyasına, onun ümumbəşəri yaradıcılığına məhəbbətini də hər şeydən öncə gördüm. Vaxtilə poemanı qəzetdə oxusam, radioda, televiziyada dinləsəm də, etiraf edim ki, Rafiqin bu cür “Məcnunluğunu” görməmişdim. O, poetik siqlətli misraları ilə ölməz Füzulinin şeeir-sənət dünyasına yaxınlaşır, onun zəngin obrazına yeni ştrixlər əlavə edir: Qəlbimi dünyada kədər yaşatdı, Mələklər eşqinə göz yaşı tökdüm. Gözəllər o qədər mənə daş atdı, Yığıb özüm üçün qəmxanə tikdim… Əla deyilib! Hətta deyərdim ki, Rafiqin bu tipli misraları onun füzulişünaslığa şair töhfəsidir. Elə bu misralar da həmçinin: Babam, yetməsən də nazlı yara sən, Sevən ürəklərə nur ələmisən. Qoşun çəkməsən də bir diyara sən, Dünyanı sözünlə fəth eləmisən! Sözsüz, ədəbiyyatda, sənətdə hərənin öz uğuru, öz cığırı var. Birində bu uğur çox, digərində azdır. Tale elə gətirib ki, ədəbi uğurlarımız da bir-birimizin gözü qarşısında olub. Mən “Ədəbiyyat və incəsənət”, daha sonra “Bakı”, “Baku” qəzetləri redaksiyasında işləmişəm, o isə “Göyərçin” jurnalı redaksiyasında. O, vaxtaşırı bu qəzetlərdə çıxış edib, mən də “Göyərçin” jurnalında. Sonra yollarımız haçalanıb. Əməkdaşlıq əlaqələrimiz isə qırılmayıb. Mən Sumqayıtda “168 saat” qəzetinin redaktoru işləmişəm. Rafiq redaksiyamızın ştatlı işçisi olmasa da, onun ən fəal əməkdaşı – müxbiri sayılıb. Daha doğrusu, qəzetin hər sayını birlikdə buraxmışıq, birlikdə müzakirə etmişik. Qəzetdə o, təkcə şair kimi yox, publisist, ədəbiyyatşünas alim kimi yox, həm də əl boyda xırda, şirin, duzlu, yumorli hekayələrlə çıxış edib. Ona görə də cəsarətlə deyə bilərəm ki, “168 saat” qəzetinin oxunaqlı çıxmasında, az-çox uğur qazanmasında Rafiqin də rolu, əməyi vardır. Əlbəttə, Rafiq Yusifoğlu filologiya elmləri namizədi olsa da, doktorluq dissertasiyasını yazıb tamamlasa da, o, hər şeydən öncə şairdir, “Yusifoğlu” təxəllüsünü də məhz şair kimi qazanıb və bu gün ədəbi ictimaiyyət Rafiq Yusifoğlu imzasını daha çox şair imzası kimi tanıyır. Rafiqin nəşriyyatımıza təqdim etdiyi “Qəm karvanı” kitabının əlyazmaları ilə, necə deyərlər, üz-üzə, göz-gözə dayanıb “168 ssaat” qəzetini varaqlayıram. Az qala qəzetin hər sayında onun imzası ilə rastlaşıram. “Üç daş” şeiri diqqətimi cəlb edir. Nə üçün “Üç daş”? Yuxarıda qeyd etdiyim kimi, biz hər gün səhərimizi dənizdə açırıq və hər gün neçə-neçə xırda, alabəzək daş yığırıq. Elə daş ki, hərəsi bir rəssam əsəri, torpağın nadir incisi, möcüzəsi təsiri bağışlayır. Mən nəvələrim, o isə balaları, dərs dediyi tələbələr üçün yığır bu daşları. Hələ neçə dostunu da bu daşlara “qonaq” edir. Birdən “Üç daş” şeirinin misraları dilə gəlir və mən şairin lirik “mən”inin həzin pıçıltısını, ürək döyüntülərini eşidirəm: Üç daş bağışladım sənə bu səhər, Dəniz göndərmişdi onları sənə. Duyana adi daş gövhərdi, gövhər, Bəxş etdim duyğulu anları sənə. Təbəssüm bəzədi nurlu üzünü, Sevindin, gözündən boylandı yaşlar. Kim bilir, bəlkə də su pərisinin Donmuş göz yaşıydı bu xırda daşlar?! Bu üç daş üç kiçik toxuma bənzər, Heç biri zərrəcə götürməz ləkə. Üç daş bağışladım sənə bu səhər, Dedim: – ”Daş ürəyin” yumşaldı bəlkə?! Sənə aydın olar sözümün ardı, Fikirləş, üç daşın mənasını tap: Biri ürəyim tək cadar-cadardı, Biri sənin əlin, o biri mizrab. Üç daş bağışladım sənə bu səhər, Nədən qorxurdumsa, gəldi başıma. Məhəbbət ocağı köz tutsa əgər, Onlar dönə bilər ocaq daşına. Duysan o daşları, gözün dolacaq, Qaçıb gələcəksən qarşıma bir gün. Ya onlar ömrünə bəzək olacaq, Ya da çırpılacaq başıma bir gün… Oxucu fikirləşər ki, şeir burda bitir. Düzdür, şeir bitir, ancaq şairin bitib-tükənməyən arzu və məhəbbəti yaz bulağı kimi, dağ şəlaləsi kimi aşıb-daşır, çağlayır. O məhəbbət bir sevgi ağacı kimi gənc bir aşiqin ürəyində göyərir, yeni şeirə – “Ürəkdə bitən ağac”a çevrilir. Səni görən gündən dincliyim itib, Taleyim belədi, cəfakeşəm mən. Yazırsan: –Qəlbində bir ağac bitib, – Toxum cücərtməkdə gecikmişəm mən. Bəlkə xoş söz çəkdim dodaqlarından, Bəlkə bu sevdaya ellər gülüşdü?! Bəlkə o ağacın budaqlarından Mənim qismətimə üç alma düşdü?! İçimdə közərir gizli bir ocaq, Qəlbimdə bir təzə sevda doğulmuş. Bəlkə o üç alma xatırladacaq: Bu, sevda deyilmiş, şirin nağılmış?… Sağalmaz bir yara yoxdu dünyada, Bilirəm, sevdalı qəlbin kövrəkdi. Toxum cücərdənlər çoxdu dünyada, Mənə daş göyərdən ürək gərəkdi… Şairin məhəbbəti böyük, istəyi isə çox cüzidir: Sənin ürəyində bitən ağacın Üstündən bir şair nəfəsi əsdi. Meyvəsi kiməsə qismət olacaq, Mənə o ağacın kölgəsi bəsdi… Adam var ona dünyanı bağışlasan belə, yenə qane olmaz, acgözlük edər, deyər ki, azdır. Adam da var nəfsinin qulu deyil, mənən toxdur, aza da qane olur. Əslində bu da Rafiqin öz qənaətidir, yəni o, heç vaxt ad-san üçün döyüşməyib, özünü oda-közə atmayıb, taleyin ona verdiyi nə varsa, onunla qane olub, kifayətlənib. Qəzetimizin digər bir sayında Rafiqin “Necə yazacaq?” şeiri dərc olunub. Bu şeirin maraqlı yaranma tarixçəsi var. Onda (oktyabr-noyabr 1995) respublika parlamentinə namizədlər qeydə alınırdı. Ağal, qabiliyyət, bacarıq yarışından savayı hər cür əyri, naqis yarışlar gedirdi. Rafiq bu biabırçı, iyrənc mənzərəni görüb, sesmadı, öz şair səsini ucaltdı: Bu da bir yarışdı, düşüb bəhsabəhs, Ey xalqım, sən dostu, düşməni tanı. Bu gün ”Şirvan” verib imza alan kəs, Sabah sata bilər Azərbaycanı. Daralır boynuma ilişən halqa, Gəlir üstümüzə qara bir duman. Vedrəyə aldanıb səs verən xalqa Vedrə bağlayacaq tarix bir zaman. Çaşma hər yetənə uğur diləyib, Sınaq günlərimiz yaxınlaşır, ha! Çoxları mandatı qalxan eyləyib, Qılınc oynatmağa hazırlaşır, ha! Qoymayın düşməni bizə gülməyə, Nadanlar millətə qəbir qazacaq. Adını, soyunu yaza bilməyən Xalqın taleyini necə yazağaq?! Deyim ki, o vaxt bu şeir şəhərə əməlli-başlı səs saldı, ciddi söz-söhbətə səbəb oldu. Rafiqin qənaəti düzgün idi. O, gördüyünü, əsl həqiqəti qələmə almışdı. Axı, doğrudan da, xalq, millət seçicilərə vedrə paylayıb səs toplayan elçisindən nə gözləyə bilər? Belə millət vəkilləri kimə və nəyə lazımdıqr?! Əfsuslar olsun ki, şair harayını eşidən, ona məhəl qoyan tapılmadı. Deputatların böyük əksəriyyəti əvvəlcədən tərtib olunmuş siyahı ilə “seçildi”. Düzdür, haqqında söz açdığım bu şeir kitaba daxıl edilməyib. Ona görə ki, Rafiqin yeni kitabında ancaq onun dəniz nəğmələri, lirik ovqatlı, gənclik təravətln məhəbbət şeirləri toplanıb. Həm də bu, şairin öz arzu və istəyi ilə olub. Lakin nəzərə alsaq ki, hər bir qələm sahibi, daha çox şair eyni zamanda dövrün, zamanın salnaməçisidir və o, ən çətin məqamda belə susmamalı, bütün həyat həqiqətlərinə öz münasibətini bildirməlidir. Bu nöqteyi-nəzərdən Rafiqin real həyata publicist münasibətdən yaranan şeirə müraciət etməyi vacib sandım. Oxucu yəqin hiss etdi ki, mən qeydlərimdə Rafiq Yusifoğlunun kitabında toplanmış şeirlərdən çox dənizdən söz açdım. Bunu mən bilərəkdən etmişəm. Çünki bu kitabı Rafiqə məhz dəniz yazdırıb, onun dənizə olan sonsuz məhəbbəti, həm də bu dənizi ona sevdirən gözəllər yazdırıb. Görün şair birşeirində dənizi ona bağışlayan bir gözələ nə deyir: Yanğımı söndürmək olmaz, Dalğayla, yağışla, gözəl! Dəniz elə mənimkidir, Özünü bağışla, gözəl! Əgər Rafiq Yusifoğlu dənizi özününküləşdirirsə, onun haqqında geniş danışmağa da dəyər. Bəli, dəniz ilk növbədə onu sevənlərindir, qədir-qiymətini bilənlərindir. Bu siyahıda Rafiq də var, bu sətirlərin müəllifi də. Şair “Dənizlə söhbət” şeirində özünün dəniz məhəbbətini daha da böyütmək, genişləndirmək istəyir. Bu arzu və istəklə üzünü sevgilisinə tutub deyir: Gülüm, dəniz səni tanımır hələ, Deyir ki, qoy o da sənə qoşulsun, Ya dalğaya dönsün, ya da quş olsun. Məsəl var deyərlər: “Dost dosta tən gərək, tən olmasa, gen gərək”. Nə qədər Rafiq Yusifoğlunun ayrı biçimli, ayrı ovqatlı şeirlərindən söz ağmaq istəsəm də, dənizin məftunedici cazibəsindən çıxa bilmirəm, yenə dəniz nəğməli, dəniz ətirli şeirlər diqqətimi cəlb edir. Görürəm ki, bu “yanlış da bir naxış”dır. Həm də bu, çox təbiidir. İkimiz də dəniz aşiqi, dəniz dəlisi olduğumuzdan söz-söhbətimiz dənizdən yan keçə bilmir. Həm də ki, dəniz sevgisi, dənizə sonsuz məhəbbət kitabdakı şeirlərin canına hopub, qanına işləyib və onların hamısında bir isti nəfəs var: dəniz nəfəsi, dəniz ətri. Özü də bu şeirlər sanki bir himə bənddilər. Əgər onlara bir bəstəkar nəfəsi, musiqiçi, müğənni əli, barmağı toxunsa, misralar, beyt və bəndlər dərhal dilə gələr, şirin, yaddaqalan şərqiyə, nəğməyə dönər… Siz “Mənim dənizzim” şeirindəki bu həzin, kövrək misraların pıçıltısına baxın: Söz deyirəm ərk ilə, Arı qonmaz hər gülə. Ya qucaqla boynumu, Ya qoynunda qərq elə. Aşiqlərin ürəyi yuxa, kövrək olur. Biz, əlbəttə, lirik “mən”ə “qoynunda qərq olmaq” arzulamazdıq. Ancaq “qucaqla boynumu” deyərdik. Rafiq Yusifoğlunun bir neçə şeirinə bəstəkarlar, müğənnilər müraciət etsələr də, hələ bir xeylisi növbə gözləyir. Kitabda öz-özünə oxumaq istəyən, bəstələnmək arzusuyla yaşayan o qədər şeir var ki, yəqin ki, onlara da növbə çatacaq. Qeyd etdiyim kimi, kitabda şairin dəniz mövzusunda və yaxud dəniz ovqatı ilə yazılan silsilə şeirlərə geniş yer verilmişdir. Çətinlik çəkirəm deyim ki, bu şeirlərin ən yaxşı, yaddaqalanı hansıdır? Ona görə bu sualla şairin özünə müraciət etdim. –Dəniz haqqında ən yaxşı şeirimi hələ yazmamışam. Ümumiyyətlə dəniz elə bir əbədi, bəşəri mövzudur ki, hələ onu heç kim onun özündən yaxşı, sanballı vəsf edə bilməyib. Dəniz mənim ürəyimə, gözlərimə köçüb… Rafiqin fikri ilə razılaşıram. Eybi yox, qoy öz dediyi kimi olsun, bütün sənətkarlar kimi o da dənizə borclu qalsın… Redaktor hardasa buğda zəmisində alaq təmizləyənə oxşayır. Bu mənada Rafiqin “poeziya zəmisi” hər cür alaqdan xalidir… …Özüm bilə-bilə kitabda toplanmış şeirlər barədə geniş söhbət açmıram. Bunu tləbkar oxucuların öhdəsinə verirəm. Qoy onlar diqqətlə oxusunlar, rəy söyləsinlər. Mənim məqsədim dostum haqqında bir-iki xoş söz demək idi. Bilmirəm bu borcumu yerinə yetirə bildimmi?! Oxucu bu qeydlərimi necə qarşılayacaq, oxuyanda ağız büzməyəcək ki, onu deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, “Dəniz nəğmələri –məhəbbət nəğmələri” sərlövhəsinə sadiq qalmağa çalışmışam, şairin sevgi dolu şeir çələnginə məhəbbətlə yanaşmışam. Sən də bu nəğmə çələngini sevə-sevə, məhəbbətlə oxu, əziz oxucu! 1-4 avqust, 1997
10 NOYABR – MUSTAFA KAMAL ATATÜRKÜN ANIM GÜNÜ VƏ ATATÜRK HƏFTƏSİDİR!
Atatürk 10 noyabr – 1938-ci ildə saat 09.05- də dünyadan
köçmüşdür. Həmin gün müasir Türkiyənin yaradıcısı və ilk
Prezidenti Mustafa Kamal Atatürkün xatirəsini
əbədiləşdirən milli matəm günü kimi hər il qeyd olunur.
Atatürk həftəsi isə, böyük öndərin yurd daxilində
anıldığı, qanun və inqilablarına aydınlıq gətirildiyi,
danışıqlarının dövrü mətbuatda işıqlandırıldığı, nitqlərinin
radio və televiziyada öz səsi ilə səsləndirildiyi, onun
haqqında filmlərin nümayiş etdirildiyi, noyabrın 10-dan 16-
dək davam etdiyi həftədir.
10 noyabrda saat 09.05-də Türkiyə ərazisində Atatürkün
xatirəsi fit səsləri ilə 2 dəqiqə sükutla anılır.
MUSTAFA KAMAL VƏ AYDAN
(“ATATÜRK” PYESİNDƏN)
Atatürk xəritənin önünə
keçir. Çöldə səs-küy eşidib diqqət kəsilir.
MÜHAFİZƏÇİ. Ay bacım, ay anam, olmaz. Baş komandan məşğuldur. Həm də axşam düşüb. Bu vaxtı paşa həzrətlərini niyə narahat edirsən? Get, sabah gələrsən.
AYDAN. Sizdən artıq dərəcədə xahiş edirəm. İcazə verin, paşa ilə görüşüb söhbət edim. O, mərhəmətli insandır, sizə acıqlanmaz.
MÜHAFİZƏÇİ. Sözünü komandirlərdən birinə de.
AYDAN (yalvarıcı tərzdə). Axı mən Baş komandanın, Mustafa Kamal paşanın özünü görmək istəyirəm.
Atatürk qapıya yaxınlaşır. Büründüyüçarşabından
Aydanın yalnız gözləri görünür. Mühafizəçi onun
qarşısını kəsib içəri keçməyə qoymur.
ATATÜRK. Qoy gəlsin.
Əsgər əmrə müntəzir halda mil dayanır və
Aydana işarə edir ki, gedə bilər. Atatürk yer
göstərir. Aydan əyləşir vəçarşabını sərbəst
buraxıb üzündən götürür.
(qızın solğun üzünə baxaraq acıyır vəöz-özünə). Xalq əziyyət çəkir, millətin dinjliyi, günü-güzaranı yoxdur (qıza). Eşidirəm səni, qızım. Gecənin bu vədəsi, müharibənin belə qızğın çağı buraya gəlməyə səni nə vadar edib? Qorxmadın ki, düşmən əlinə keçəsən?
AYDAN (cəsarətlə). Paşam, harada yazılıb ki, müharibədə yalnız kişilər iştirak etməlidirlər?! Məgər vətən təkcə onlarındır?
ATATÜRK.Qızım, vətən bizim hamımızındır! Onun uğrunda hər kəs vuruşmalı, Vətənin qeyrətini, şərəf və namusunu hər bir oğul və qız çəkməlidir. Hələlik bu işi kişilər gördükləri üçün qadınlarımızı, qız və gəlinlərimizi narahat etmirik. Ailədə onların iş-gücü onsuz da çoxdur.
AYDAN. Paşa həzrətləri, ona görə də bizi çarşaba büküb lazımsız əşya kimi evin küncünə atmısınız?
ATATÜRK. Sən haqlısan, xanım əfəndi. Doğrudan da, çarşab Şərq qadınının əl-qolunu bağlayıb onu itaətsiz, kölə və hüquqsuz vəziyyətə salıb. Türk qadını çarşabdan azad olmalı, həyatın fərəhli yollarına çıxmalı, kişilərlə çiyin-çiyinə çalışmalıdır. Qızım, gecə vaxtı buraya bunları söyləməyəmi gəldin?
AYDAN (ağlamsınaraq). Xeyr, paşam. Mən Poladlıdanam. Bir qardaşım vardı. Müharibə başlamamış yunanların gülləsinə tuş gəldi. Dünən dəfn etmişik. Atam da Küthya-Əskişəhr döyüşlərində canını tapşırıb. İki bacı xəstə anamızın ümidində qalmışıq. Bacım hələ balacadır. Yeddi yaşı var, yoxsa onu da özümlə gətirəcəkdim. Qardaşımı ana torpağa tapşıranda and içdim ki, bu gündən milli orduya yazılacaq, atamın, qardaşımın, millətimin, döyüşlərdə ölən oğulların qanını alacağam. Gəlmişəm ki, mənə silah verəsiniz.
ATATÜRK.Qızım, adın nə oldu?
AYDAN.Aydandır adım.
ATATÜRK.Neçə yaşın var?
AYDAN.On altı.
ATATÜRK.Aydan, heç əlinə silah almısan?
AYDAN (bu sualı gözləmədiyindən duruxur, sonra özünüələ alaraq çarşabını göstərir). Bu imkan verib ki?.. Fəqət bunun heç bir əhəmiyyəti yoxdur. Ayıya rəqs etməyi, cürbəcür oyunlar göstərməyi öyrədirlər. Biz insanıq. İnsan isə şüurlu məxluqdur. Paşa həzrətləri, yəni deyirsiniz bir-iki saata nişan alıb güllə atmağı da öyrənə bilmərəm.
Atatürk gülür.
(yalvararaq). Paşam, siz allah məni naümid etməyin, qoyun vuruşum. Onsuz da buradan getmək fikrim yoxdur. Siz qovsanız da, əlimə bir tüfəng keçirib, lap düşmən tüfəngi olsa belə, vuruşacağam. Təpənin, ağacın, daşın arxasında gizlənib düşməni nişan alıb atacağam. Təkbaşına partizan müharibəsi aparacağam.
ATATÜRK (qızı dilə tutur). Aydan, mənim balam, deyirsən atan həlak olub. Mən sənin atan. Övlad ata sözünə qulaq asar. Anan oğlunu, sənin qardaşını təzəcə itirib. O, qəm-qüssə, dərd-ələm içərisindədir. Qəlbinə vurulan yaranın sağalması üçün gör nə qədər vaxt lazımdır. Bir yandan da sən evdən qaçmısan. Özünü onun yerində qoy. Gör indi o nələr çəkir, nələr yaşayır?! Elə bilirsən bu gecə gözlərinə yuxu gedib? Özün dedin ki, bacın balacadır. Sən arxayın ol. Biz sənin qardaşının da, atanın da qanını alacağıq. Sənə söz verirəm. Biz qalib gələcəyik. Haqq işi uğrunda mübarizə aparanlar həmişə zəfər çalır. Mənim sözlərimə qulaq as. Evə get. Ananı şad edərsən. Əsgərlər səni ötürərlər.
Aydan ağlamağa başlayır.
ATATÜRK (irəli yeriyib onu sakitləşdirməyəçalışır). Aydan, qızım, burada sənsiz ötüşə bilərik. Başa düş, anan isə sənsiz keçinə bilməyəcək. Allah eləməsin, cəbhədə başına bir iş gəlsə, onun dərdinin üstünə dərd gələcək. Buna o tablaşa bilməyəcək. Evdə balaca bacın var. Səndən, anandan sonra o nə edəcək?!
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi EMİN BƏHMƏN oğlu SÜLEYMANOVUN Şəhidlik zirvəsinə ucalmasından 2 il ötür. (21 iyul 1977; Xubyarlı, İmişli rayonu — 9 noyabr 2020; Laçın rayonu Əziz xatirəsini hörmətlə yad edirəm. Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Amin!
Atam mənə ən yaxın dost, sirdaş, qardaş və ata idi…
Şəhid mayor Emin Süleymanovun oğlu Bəhmən Süleymanzadə ilə müsahibə.
Hər uşaq üçün atası onun böyüyü, güvənc, məsləhət yeri, yol göstərən, qaranlıqlardan işığa çıxaran mayakı, onun başının üstündə daim cövl edib onu qoruyan qaraçuxasıdır. Bəzən elə uşaqlar olur, onların taleləri, qismətləri elə gətirir ki, atalarını görə bilmirlər və yaxud da ataları onlara atalıq qayğısı göstərmir, pislik edir, onları işlədir, onlara əziyyət verməkdən, elə bil ki, zövq alır. Bu həyatda hər şey olur. Tale, qismət bir insanda bir ayrı cür, digərində isə tamam başqa cür olur. Dünyaya gələn hər uşağın atası olur. Amma hər uşağın atası ona səmimi dost, qayğıkeş ata, el-obası üçün vətənpərvər, igid, qəhrəman, arzusu, amalı üçün şəhid olmur. Adətən, hər bir uşağın atası ailənin başçısı kimi ailəsini qoruyur. Amma elə uşaqlar da var ki, onların ataları təkcə ailəsini deyil, həm də Vətənini qoruyur. İkincilərin işləri çox məsuliyyətli, ağır olur. Belələri lazım gələndə ailələrindən Vətən üçün əl çəkə biləcək qədər qəhrəman, cəsur, təmkinli, dözümlü olurlar. Biz də ikincilərdən olan ataları işıqlandırmağa çalışırıq ki, ana Vətənimiz Azərbaycan, onun böyütdüyü və böyüdəcəyi saysız-hesabsız igidlər belə atalardan örnək götürsünlər, belə ataların izi ilə getsinlər ki, belə ataların cığırları, izləri əbədiyaşar olsun. Bu dəfəki müsahibim Aprel döyüşlərinin və Vətən müharibəsinin qəhrəman zabitlərindən biri, 25 il yorulmaq nədir, çətinlik nədir bilmədən sevə-sevə Vətəninə xidmət etmiş, 44 günlük müharibədə qəhrəmanlıq göstərərək müharibənin 44-cü günü Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Emin Bəhmən oğlu Süleymanovun oğlu, atası kimi igid qardaşım Bəhmən Süleymanzadədir. Gəlin birlikdə Şəhidimiz haqqında onun nəslinin, soyunun mübariz davamçısı olan yadigarının dilindən eşidək.
Sual: Salam. Xahiş edirəm, əvvəlcə özünüzü təqdim edəsiniz. Cavab: Salam. Mən, Süleymanzadə Bəhmən Emin oğlu 6 mart 2007-ci ildə İmişlidə anadan olmuşam. 2013-cü ildə Balakən şəhər Nizami adına 1 saylı məktəbin 1-ci sinifinə daxil olmuşam. Sonra isə atamın xidmət yeri dəyişdirildiyindən müxtəlif illərdə Mingəçevir, Göygöl, Gəncə şəhərində təhsilimi davam etdirmişəm. Hal-hazırda Bakı şəhər 189-190 saylı məktəbin 9-cu sinfində təhsil alıram. Sual: Atanız, şəhidimiz Emin Süleymanovla ata-oğul kimi aranızda münasibətiniz necə idi? Sizin nəzərinizdə o, ümumiyyətlə, necə bir xarakterə malik insan, eyni zamanda bir ata idi? Cavab: Mən bir oğul kimi deyil, başqalarının gözü ilə atamı xarakterizə etmək istərdim. Atam həddən çox qayğıkeş, mehriban, səmimi, sadə, qadına, uşağa, qocaya, özündən böyüyə diqqətlə yanaşan, yalan sevməyən, həmişə haqqın-ədalətin tərəfində olan, Vətənini çox sevən bir insan idi. O lap mənim körpəliyimdən, yadımda qalandan məni özünə dost, həmdəm kimi qəbul edirdi. Ancaq tərbiyə, təlim, təhsil məsələlərində ata-oğul münasibətində idik. Atamın bizimlə əylənmək, gəzintiyə çıxmaq, əlavə vaxt keçirmək üçün çox az zamanı olurdu. Amma onu deyə bilərəm ki, peşəsinin ağır, məsuliyyətli olmasına baxmayaraq diqqəti bizdə, yəni bacım Emiliya ilə məndə olardı, həmişə dərslərimizə necə hazırlaşdığımızı soruşub maraqlanardı. Deyərdi ki, dərslərinizi yaxşı oxuyun və sevdiyiniz peşəyə yiyələnin. Çox vaxt bizə bədii ədəbiyyat oxumağı da məsləhət görərdi. Özünü bizə nümunə çəkib məktəbin nəzdində olan kitabxanaya üzv olduğunu və kitablar seçib oxuduğunu, çoxlu mütaliə etdiyini deyərdi. Bizə deyərdi ki, siz də bundan yararlanın. Adətən, iş yerindən, yəni hərbi hissədən çox yorğun gəlməsinə baxmayaraq imkanı çatdığı qədər bizə vaxt ayırar, əsasən də hara getsəydi, ən çox da məni özüylə aparardı. Cüdo idman növü ilə məşğul olmağım üçün atam məni məşqçi yanına qoymuşdu. Deyərdi ki, idman sağlamlıqdır, biz də Vətənə sağlam orqanizmlə daha çox xidmət göstərə bilərik. Hərdən vaxt edib məni cüdo yarışlarına aparardı. Son yarışmada mən 1-ci yer tutduğuma görə onun sevincinin həddi-hüdudu yox idi. Mənə bir neçə idman hərəkətləri etdirirdi ki, həmişə özümü müdafiə edə bilim. Onun 43 yaşı olmasına baxmayaraq idmana böyük marağı var idi. Məni öz peşəsi kimi poqonlu bir peşədə görmək istəyirdi. Mən də onun arzusunu yerinə yetirmək üçün 1-ci ixtisas qrupu üzrə hazırlaşıram, qismət olarsa, arzum Aviasiya Akademiyasına qəbul olmaqdır. Kompüter mühəndisi peşəsinə də yiyələnmək istəyirəm. Əslində, hərbi pilot olmaq istərdim, amma bunu anam istəmir. Onu tam mənada başa düşürəm. Çünki atamın bu peşədə şəhidlik zirvəsinə ucalması hamımız üçün nə qədər qürurlu oldusa da, anamı sarsıtdı. Sual: Atanız sizinlə, bacınızla və ümumiyyətlə, uşaqlarla necə davranırdı, onlara necə münasibət bəsləyirdi? Cavab: Qeyd etdiyim kimi atam mənə, bacıma, ümumiyyətlə, hər bir uşağa qarşı çox həssas, diqqətli bir insan idi. Mənim adi bir xırda nöqsanım olardısa, onda, dərhal mənə iradını bildirər, nöqsanı aradan qaldırmağım üçün düzgün istiqamət, gələcəkdə bu nöqsanı təkrarlamamaq üçün isə məsləhət verərdi. Bacıma da diqqətlə yanaşar, aramızda ayrı-seçkiliyə yol verməzdi. Eyni zamanda o, çox səliqəli, planlı, məsuliyyətli insan idi. Bizdən də belə olmağı tələb edirdi. Murov silsiləsində “N” saylı hərbi hissədə xidmət etdiyi zaman vaxtı olanda bizimlə qartopu oynayardı. Məlum olduğu kimi qış aylarında Murov dağ silsiləsindən qar əskik olmazdı. Atam dağları çox sevirdi. İsti havadan çox da xoşu gəlməzdi. Yayda məzuniyyət vaxtlarında atam bizi Göygölə, Maralgölə gəzməyə aparardı. Demək olar ki, atam heç bir vaxt diqqətə, qayğıya, məsləhətə, ümumiyyətlə, hər hansı köməyə ehtiyacı olan uşaqlara, yeniyetmələrə imkanı dairəsində lazım olan köməyini əsirgəməzdi. Mən onu belə görmüşdüm və belə də xatırlayıram. Sual: Atanızın danışdıqlarından onun öz peşəsinə, iş yoldaşlarına, tabeçiliyindəkilərə münasibəti ilə əlaqədar xatirələrinizi bölüşməyinizi xahiş edirəm. Cavab: Atam peşəsini çox sevər, iş yoldaşları ilə mehriban, səmimi münasibətdə olardı. O, tabeçiliyində olan əsgərlərinə münasibəti haqqında danışardı. Deyərdi ki, mən əsgərlərimə qarşı nə qədər tələbkarlıq edirəmsə, bir o qədər də onlara valideynlik qayğısı, münasibəti ilə yanaşıram. Özünün kursantlıq dövrlərindən danışarkən isə deyərdi: “Bir problemim yarandığı zaman heç vaxt atamı, anamı narahat etməmişəm. Hətta Cəmşid Naxçıvanski adına liseydə oxuyanda da böyük qardaşım, anam, atam yanıma gələndə onların əziyyət çəkməsinə qıymazdım, narahat olardım. İstirahət günlərində rəhbərlikdən icazə alıb mən özüm rayona gedərdim onları görməyə.” Atamın dediklərindən belə xatirələr çoxdur. Onu da deyim ki, atam çox söz danışan da deyildi. Atam peşə sirri ilə əlaqədar isə evdə, başqa yerlərdə, ümumiyyətlə, bir kəlmə də danışmazdı.
Sual: Atanız, şəhid Emin Süleymanovun 2016-cı ilin aprel ayında baş vermiş və tarixə “Aprel döyüşləri” kimi daxil olmuş döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar barədə nə vaxt, kimdən xəbər tutdunuz və bir oğul kimi hansı hisslər keçirdiniz? Cavab: Onu deyə bilərəm ki, atam heç vaxt nə Aprel döyüşlərində, nə də 2-ci Qarabağ, yəni Vətən müharibəsində bizə heç bildirmədi ki, müharibəyə gedir. Bizə müharibə başladığını və ya hər hansı bir nigarançılığın olduğunu hiss etdirmədi. İndi anlayıram ki, atam özünə çox güvənli, cəsur, peşəkar zabit olub. Özü əsgərlərini necə qoruduğundan danışırdı. Həmin ərəfələrdə biz hətta bilmirdik ki, atam döyüşdədir. Onun döyüşdə olması barədə anam qonşularımızdan xəbər tutdu. Nənəm də bizimlə qalırdı, belə hallarda anam bu barədə nə nənəmə, nə də bizə bildirməzdi. Aprel döyüşləri zamanı biz yenə Murovda idik. Atam orada yerləşən “N” saylı hərbi hissədən Aprel döyüşlərinə qatılmışdı. Olduğumuz yerə Tərtər, Goranboy istiqamətində atılan topların səsi asanlıqla gəlirdi. Vəziyyətdən anam çox narahat idi. Atəş səsləri Kəlbəcər tərəfdən gələndə isə anam tez getdi qonşuya ki, bilmirsiniz, bu səs nədir?. Çünki atam bizə Kəlbəcər tərəfə döyüşə deyil, təlimə getdiyini demişdi. Amma həmin qonşu digər qonşunun da oğlunun döyüşdə olmasını görübmüş. Bildirmişdilər ki, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüşlər gedir. Onsuz da anam və nənəm televiziyadan bir an olsun ayrılmırdı. Döyüşə getdiyi halda anam və nənəm narahat olmasın deyə atam onlara təlimə gedirmiş kimi deyibmiş. Buna baxmayaraq artıq biz hamımız onun döyüşdə olmasını bildiyimiz üçün tezliklə döyüşün qələbə ilə bitməsini, atamın sağ-salamat qayıtmasını böyük narahatlıqla gözləyirdik. O, çox solğun, yorğun halda, toz torpaq içərisində qəfil evə daxil olanda sevincimizin həddi-hüdudu yox idi. Hələ onda lap uşaq olmağıma baxmayaraq hər dəfə atamın evə gəlişində olduğu kimi mən daha çox sevinirdim. O vaxtlar kiçik olduğumdan müharibəni indiki kimi dərk edə bilmirdim. Vətən müharibəsindən sonra döyüş yoldaşlarının deməsindən atamın necə məsuliyyətli, cəsur, tabeçiliyində olan əsgərlərinə atalıq qayğısı ilə yanaşan bir komandir olduğunu bir daha bilmiş oldum. Atam Aprel döyüşlərində göstərdiyi şücaətlərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə Fəxri Fərmanla təltif olunmuşdu. Atamın hər dəfə evə gəlişi bizim üçün toy-bayram idi. Atam mənə ən yaxın dost, sirdaş, qardaş və ata idi. Mən Azərbaycan Ordusuna şərəfi, qeyrəti, namusu, vicdanı, məsuliyyəti ilə xidmət edən zabitin oğlu olduğum üçün atamla qürur duyur, onunla fəxr edirəm. Onun Şəhadətə yüksəldiyini bildiyimiz halda bu gün hələ də atamın yolunu gözləyirik. O, sağlığında hər il bizə ad günləri keçirərdi, özü də aldığı hədiyyələri sürpriz etməyi çox xoşlayardı. Sual: Onunla sonuncu dəfə aranızda olan görüşünüzü xatırlayırsınızmı, əgər yaddaşınızdadırsa, sonuncu görüşünüzlə əlaqədar xatirələrinizi bizimlə bölüşməyiniz yerinə düşərdi. Atanızın Vətən müharibəsində göstərdiyi qəhrəmanlığından, şəhid olmazdan əvvəl sizinlə hər hansı formada isə əlaqə saxlayıb-saxlamadığı barədə nələri deyə bilərsiniz? Cavab: Hamı kimi bizim üçün də 2020-ci il çox narahat il oldu. Başladığı gündən pandemiya, dərslərin bağlanıb onlayn sistemə keçməsi, iyul ayında general Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə birlikdə hərbçilərimizin şəhid olması atama çox təsir etmişdi. Atamda yağı düşmənə hədsiz nifrət var idi. Həmin ilin yay aylarında atam çox pis xəstələndi. Sağalmasına baxmayaraq sanki yorğunluq var idi canında. Baxmayaraq ki, sonda, xalqımıza qələbə sevinci yaşatdı, bununla belə 2020-ci il çox ağır il oldu. Anam hətta atama çox israrla söyləyirdi ki, məzuniyyət götürsün, bir az istirahət etsin, müalicə olunsun. Amma bunun mümkün olmadığını bizə, ola bilsin ki, demirdi. Atamın daxilində müharibə həyəcanı var idi. Atam həmişəki kimi bu haqda elə də danışmırdı. Hərdən tərxis olmuş zabit yoldaşına zarafatyana müharibənin başlayacağını da deyirdi. Amma biz bunu ciddi qəbul etmirdik. Çünki narahat olmayaq deyə bu barədə bizə ciddi olaraq heç nə demirdi. Axırıncı dəfə atam tələm-tələsik gəldi evə ki, mən getməliyəm, məni gözləyirlər. Anam yenicə bişirdiyi yeməkdən süfrə hazırlamışdı. Buna baxmayaraq atam hazır yeməkdən belə yemədən evdən çıxdı, “Uşaqlar məni gözləyir, tələsirəm” dedi. Biz buna vərdiş eləmişdik, çünki çox vaxt belə olurdu. Mən də həmçinin həmişəki kimi atamın qayıdacağı vaxtı gözləyirdim. Gəncə şəhərinə mənfur düşmənlərimiz tərəfindən raketlər atılan zaman atam çox narahat oldu, çünki onda biz Gəncədə yaşayırdıq. Özü yanımızda ola bilməyəcəyindən bizi Bakıya göndərdi. Hər gün, demək olar ki, telefonla danışırdıq. Hər dəfə də yenə həmişəki kimi dərslərimizdən və özümüzdən muğayat olmağı deyirdi. Ən ağır döyüş bölgələrində vuruşduğu, hər an təhlükədə olduğu halda yenə də bizim qayğımıza qalırdı. Anam hər danışanda ona deyirdi ki, sən özündən muğayat ol. Özünü qoru, gözlə, bizi düşün, sənsiz bizim halımızın necə olacağını fikirləş. 7 noyabr atamla son danışığımız oldu. O, mənə yolda olduğunu, sonra zəng edəcəyini dedi. Biz sonradan bildik ki, həmin tarixdə elə həmin vaxtda erməni mənfurlarından, qəsbkarlarından torpaqlarımızı azad etmək üçün əlbəyaxa döyüşdə imiş. Axşamüstü idi, anam təkrar zəng edəndə artıq atama zəng çatmadı. Anam narahatçılıqdan özünə yer tapa bilmirdı. Ona görə də atamın müharibədə iştirak edən digər zabit yoldaşı ilə əlaqə saxladı. O da dedi ki, onlar öndə olduqları üçün əlaqə zəifdir. Həmin gündən də atam üçün daha çox narahat olmağa başladıq. Sual: Atanızın necə şəhid olması, bundan necə xəbər tutmağınızı, həmin anda hansı hisslər keçirdiyinizi, onu nə vaxt dəfn etdiyinizi necə xatırlayırsınız? Cavab: Atamın şəhid olması xəbərini eşidəndə bir oğul kimi buna inanmağım gəlmirdi, özümü böyük şok və yuxuda hiss edirdim. Çünki bu günün mənim üçün çox mümkünsüz dərəcədə ağır olduğunu hesab edirdim. Atamla çox arzularımız, söhbətlərimiz olardı. Hələ tezliklə böyüyüb atama layiqli oğul olmağımı səbirsizliklə gözləyirdim. Maşına çox böyük marağım var. Bu marağı da mənə məhz atam aşılamışdı. Anamın dediyinə görə heç 1 yaşım olmamış məni özüylə götürüb maşını işə salana qədər qucağında, sükan arxasında oturdarmış, sonra məni evə qoyub hərbi hissəyə gedərmiş. Bundan sanki xüsusi bir zövq alarmış. Bu hal mənim 6-7 yaşıma kimi atamda vərdiş halı almış imiş. Atam mənim qürur mənbəyim idi. Atam mənim arxa-dayağım, ürəyimin taqəti idi. Atam – mənim həyatımda ən dəyərli varlığım idi!
Sual: Bir şəhid övladı kimi həmyaşıd həmvətənlərimizə arzu, istək və tövsiyələrinizi bildirməyiniz yaxşı olardı. Cavab: Heç bir uşağa arzu etmərəm ki, şəhid övladı olsun. Çünki hələ mənim bu yaşımda, atamın özünün də cavan yaşında onu torpağa tapşırmaq qədər mənim üçün ağır heç nə ola bilməz. Bu, mənim qismətimdə var imiş. Digər şəhid övladlarının da həmçinin. Buna baxmayaraq, adını Azərbaycanın şanlı tarixinə yazdığı üçün atamla, şəhidlərimizlə qürur duyuram. Bu gün bizim şəhid övladları ilə də sıx münasibətimiz var, çünki atalarımız Vətən yolunda canından keçdi! Atam hər dəfə evə gələndə və ya bir yerə gedəndə onsuz da onunla qürur duyurdum. Bu yerə-göyə sığmayacaq qədər sevinc, qürur idi. İndiki bu qürurda isə qürurla bərabər kədər də, hüzn də var. Həmyaşıdlarıma, şəhid övladlarına da şəhid atalarımız kimi Vətəni sevməyi, Vətən uğrunda canlarını sevə-sevə qurban vermək ruhunda böyüməyi, ləyaqətli, dəyanətli, mərd, cəsur, vicdanlı, ədalətli olmağı arzu edirəm. Onda, şəhid atalarımızın ruhu şad olar. Son olaraq bildirmək istəyirəm ki, Ali Baş Komandanın müvafiq fərmanları ilə Vətən müharibəsində göstərdiyi igidliyə, şücayətlərə, qəhrəmanlığa görə atam “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Çox arzulayıram ki, İmişli şəhər 8 saylı tam orta məktəbə atamın adı verilsin. İnşəAllah, arzum yerinə yetər və atamın adı əbədiləşər. Məncə, bu şəhidlərimizin ruhuna böyük ehtiram, şəhid ailələrinə isə böyük təskinlik, təsəlli olardı. Çox sağ olun. Qiymətli vaxtınızı ayırıb müsahibə verdiyiniz üçün Sizə təşəkkür edirəm. Allah atanız – şəhid mayor Emin Süleymanovla birlikdə Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin! Bu qürurlu, fəxrli və ağır itkini sona qədər çiynimizdə saxlayacaq və əlimizdən gələni edib şəhidlərimizi unutmayacağıq və unutdurmayacağıq! Bu, bizim Allah dərgahında, Vətən və şəhidlərimizin ruhu qarşısında ən müqəddəs borcumuzdur! Şəhidimizin əziz xatirəsinə həsr etdiyim Şuşa qalasının topçusu Emin adlı şeirimi oxucularımın nəzərinə çatdırıram.
Şuşa qalasının topçusu Emin! Şəhid mayor Emin Bəhmən oğlu Süleymanovun əziz xatirəsinə həsr edirəm (21 iyul 1977-ci il İmişli rayonu Xubyarlı kəndi – 9 noyabr 2020-ci il Laçın dəhlizi)
43 il yaşadın təmiz adınla, Doğru addımladın cənnət yolunda, Sonda, şəhid oldun Laçın uğrunda, Ana yurdun qüruruna çevrildin, Şuşa qalasının topçusu Emin.
Yaxınlar gözündə pirdin, ocaqdın, Onlar üçün yanırdın, yanacaqdın, “Şəhid oğlu” adını bağışladın, Səninlə fəxr edir igid Bəhmənin, Şuşa qalasının topçusu Emin.
Övladın bilirdin əsgərlərini, Ordumuzun aslanını, nərini, Hərbə həsr etmişdin sən illərini, Şıxlinskinin yolun davam etdirdin, Şuşa qalasının topçusu Emin.
Sən Vətən yolunda fədai idin, Gəncliyini bu yolda fəda etdin, Dastan oldu Laçında şəhidliyin, Müqəddəs amal uğrunda can verdin, Şuşa qalasının topçusu Emin.
Şuşanı azad elədiyin anlar, Səni görüb fəxr, qürur duydular, Qacara meydan oxuyan topçular. Qəhrəmanı oldun yüzilliklərin, Şuşa qalasının topçusu Emin.
Çin oldu Qarabağla keçən yuxun, Döyüş başlayanda quş kimi uçdun, Murovdağdan başladı döyüş yolun, 44 gündə Laçına qədər getdin, Şuşa qalasının topçusu Emin.
Yağı düşmən girsə donundan-dona, Əbədi, tarixi dərs keçdin ona, Zəfər tarixini əvvəldən sona, Sən yazdın, oxudun, həm vərəqlədin, Şuşa qalasının topçusu Emin.
Murovdağa biz qalxa biliriksə, Qarabağa biz səfər ediriksə, Şuşa qalasını seyr ediriksə, Sənin sayəndədir, igidim mənim! Vətənimin fəxri, Eminim mənim!
Ey şəhidim! Rahat uyu, rahat yat, Cənnətində ruhun olsun daim şad, Daha Qarabağda olmayacaq yad, Şair qələmimlə edirəm əmin, Ey qürur yerimiz, qəhrəman Emin.
Müəllif və Söhbət edən: Sevindik Nesiboglu 8-ci sinif şagirdi, şair-publisist, AJB-nin üzvü