
MƏNIM XALQIM
Dili sənə dost deyənin əli gizlicə
Əsrlərlə ayağının qazıb altını.
Sən bu ağır günlərində məğrursan necə,
Mənim xalqım, uca saxla təmiz adını!
Başımızın üstündədir yenə duman, çən,
Yolumuzu seçməliyik biz bəri başdan.
Ümidin var, heç bilmirəm nə gözləyirsən
”Dovşana qaç, tazıya tut” – deyən qardaşdan?
Ədalətdən hey dəm vuran dostun səsində
Bu günəcən bir zərrə də haqq görməmişəm.
Səndən başqa xəyanətin məngənəsində
Sıxılsa da, ”uf” deməyən xalq görməmişəm.
Dost demisən qismətini basıb yeyənə,
Bəsdir daha, həqiqətin gözlərinə bax!
Neyləyəsən, bəs qatığa qara deyənə
Açıq-aşkar haqq verirsə güvəndiyin dağ?
Canavarla həvirləşib hiyləgər köpək,
Üzdə mənim tərəfimi saxlamasın o.
Dəysin özcə təpəsinə etdiyi kömək,
Təki vuran qolumuzu bağlamasın o.
Azadlığı verməyəcək sənə kimsə pay,
Ayağa dur, öz oduna, közünə güvən.
Mənim xalqım, bir kimsədən gözləmə haray,
Ağır sınaq günlərində özünə güvən…
1990
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru