Nuşirəvan Kərimov “İstiot” haqqında – Ana Babalar

Ana babam, “Molla Nəsrəddin” jurnalında “İstot” təxəllüsü ilə şeirləri çap olunan Nuşirəvan Kərimovun məndə xeyli əlyazması var. Əski əlifba ilə yazıldığından, onları oxuya bilmirdim. AMEA Folklor İnstitutunda Dissertasiya Şurasının iclasından sonra bu haqda dostum, filologiya elmləri doktoru, professor Raqub Kərimova danışdım. Dedi ki, o yazıların fotosunu çəkib mənə göndər. Mən bir şeirin fotosunu çəkib Raqub müəllimə göndərdim. Onun bizim əlifbaya çevirib göndərdiyi bu şeiri oxuyanda qəribə hisslər keçirdim. Mənə elə gəldi ki, ermənlərin vəhşiliyini hələ uşaq vaxtı öz gözləri ilə görən babam elə öz taleyinin ən ağrılı anlarını nəzmə çəkibmiş…
Ruhu şad olsun babamın. Raqub müəllimdən Allah razı olsun!


Açıldı iki meydan
Axıdıldı qızıl qan.
Yatmayıb gecə-gündüz
Vuruşdular üzbəüz.
Düşmən azğınlaşdıqca,
Öz həddini aşdıqca,
Quduz canavar kimi
Zəhərli şahmar kimi
Vurdu, sancdı, dağıtdı,
Qanı sel tək axıtdı.
Biinsaf azğın yağı
Qırıb arvad uşağı
Sivirib baş qulağı
Nizələrə taxdılar
Atəşlərə yaxdılar.
O vaxt anam, bir də mən
Oturub dincəlmədən
Süründük bir talaya
Sanki girdik qalaya.
Titrəyirdik quş kimi,
Susurduq bayquş kimi.
Səs uzağa getməsin,
Ağlardıq həzin-həzin…
Döşəyimiz torpaqdan,
Yorğanımız yarpaqdan,
Yastığımız oldu daş,
Nə bacı var, nə qardaş.
Ərşə çıxdı ahımız,
Yox bir ümidgahımız.
Anam açıb qolların,
Arasında onların
Məni çəkdi yanına,
İsti doldu canına.
Gəlir quşların səsi
Həzin-həzin nəğməsi.
Sipər edib axşamı
Uçub gedirdi hamı
Elinə, obasına,
Yurduna, yuvasına.
Yalnız yurdsuz yuvasız
Qalanlardan idik biz.
Uğuldayanda meşə
Biz düşürdük təşvişə.
Bəlkə də vəhşi heyvan
Hücum edər arxadan.
Gəlib dağıdar bizi,
Bilən yox yerimizi.
O gecəni müxtəsər
Yola verincə, səhər
Qalmadı tabü-tavan,
Hər ikimiz yarımcan.
Gecəni başa vurduq,
Hesab etdik qurtardıq.
Günəşin şüaları
Bürüyərkən dağları
Ərvağan gəldi bu səs,
Qorxudan çəkdik nəfəs.
Bu əsnada bir nəfər
Əlində iti xəncər
Yeridi bizə sari,
Rəngim oldu sapsarı.
Anam qalxdı ayağa,
Yalvardı ki, ay ağa
Insaf eylə, rəhmə gəl,
Biz yazıqdan götür əl.
Gəl məni eylə ağah,
Eyləmişik nə günah?
Bir bu qədər əziyyət,
Verilməsin nəhayət.
Insanlığa yararmı?
Qisas yerdə qalarmı?
Deyincə məzlum arvad,
Xəncəri çəkdi cəllad.
Kəsdi əmcəklərini,
Tulladı hər birini.
Axdı, hər yan qızıl qan,
Yarpaqlar oldu əlvan.
Cırıb köhnə köynəyini,
Yamaqlanmış ətəyini
Basdım qan axan yerə,
Dəsmalımla bir kərə
Sarıqladıb birtəhər.
Məni boğurdu qəhər.
Hıçqırıqla ağladım,
Anamı qucaqladım.
Əllərim batdı qana,
Dedim: -Can, yazıq ana,
Sən ölürsən biəcəl,
Ölüm mənimdir əvvəl.
Anamın dodaqları
Baxdım, olub sapsarı.
Ağzımı qulağına
Tutub dedim: -Can ana!
Məni qoyub bu gündə,
Bu talanın içində
Bəs sən gedirsən hara?
Nə edim mən biçara?
Qolu qurumuş cəllad
Heç zaman olmasın şad. –
Deyib nifrin eylədim,
Qorxub gizlin eylədim.
Hərdən çəkib soyuq ah,
Dedim, kömək ol, Allah!
Gözüm axtarırdı su,
Dildə qaldı bu arzu.
Su olmadı bir damla
Içməyə ana-bala.
Dodaq yandı, dil yandı,
Ciyərimiz odlandı.
Bu arada arxadan
Bir səs gəldi ucadan:
Oba azad, el azad,
Qələm azad, dil azad.
Bu sədaya yuxudan
Ayıldı bütün insan.
Dağdan, daşdan, meşədən
Hər bir güzli guşədən
“Ura” səsi ucaldı,
Düşməni dərdə saldı.
Dalınca bizim ordu
Cəbhədə möhkəm durdu.
Hər yanda top gurladı,
Göydə şimşək parladı.
Atəş açıldı hər an
Qaçdı ağlar durmadan.
Azğın düşmən hər nə var
Oldu bütün tari-mar.
Hakimiyyət çevrildi,
Sovetlərə verildi…

YAZI İLƏ ƏLAQƏLİ SƏNƏDLƏR

Müəllif və mənbə: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir