
( XASİYYƏT RÜSTƏMOVA – XOSİYAT RUSTAMOVA )
Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olmuşdur. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində , daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır. Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə “Dan ulduzu” qəzetində çalışmışdır. 2015-ci ildən “Kitab dünyası” qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir.
Leyli ağaclar
Bir gün söyüd belə Məcnuna dönər,
Göylərə üz tutub, o da dil açar.
Yıxmaz gövdəsini dəli küləklər,
Aşiq sevdasıyla göylərdə uçar.
Nə bulaqlar – duyan,
nə yollar – bilən!
Cavabsız qoyarlar suallarını.
Amansız quşlarmı almış əlindən
Leyli ağacının xəyallarını?..
İmtina
Ağlamaq istərəm, amma ki, çox gec,
Sənə dərdlərimdən vermərəm xərac.
Gözünə görünmək istəmirəm heç,
Köksünə quş belə sığmayan ağac!
Səndən ümidimi üzmüşəm artıq, –
Ruhum sənə gələn yolu unudub.
Elə həyatdan da küsmüşəm artıq,
Yaşaram, əlimlə köksümü tutub…
Axmatovaya
Vücudumu atəş sarar,
Qar kimi əriyər göylər.
Qismət nəsə o da olar;
“Xoşbəxt olmaq istəmirəm!” –
qəlbim söylər.
Başım üstdən bulud axar…
Yer qaçar ayağım altdan.
Gözlərinə baxa-baxa
Şeir demək necə asan!..
Bu şeirlər ikimizin!
Bir kitabda yoxdur hələ.
Razısanmı, ey əzizim,
Onlar düşsün dildən-dilə.
Bir nöqtədə dursa zaman
Divarlardan küsər saat.
Bəxtin verməz sənə aman,
Arzuları başından at!
***
Külək əsər, çırpar yerə
qarşısından qaçanı.
Özümdən gizləyim hara
Allah verdiyi canı?
Oyandım, yenə oyandım –
ürəyimdə intizar.
Əlini uzatma canım,
bu gün “əlvida”mız var.
Yolçu, bu da nə təsəlli?
kövrəltmə son anıımı.
Utandırım qoy, əcəli –
peşkəş edim canımı.
***
Məgər az idimi çəkdiyim çilə,
Siyah saçlarım da indi bəyaz qar…
Səni yuxularda görməyim belə
Yəqin ki, aləmə aşikar olar.
Qərib bir həyəcan könlümü sarmış,
Xoşbəxt olduğuma inanmaram mən.
Bilmirəm nə edim… Sabah olmamış
Bütün yuxuları silimmi görən?..
***
Qəribə deyilmi, sağam bu mövsüm,
Çiynimə yük olmuş dörd fəsil – dörd qış!
Asanmı sanırsan, qırx ildir köksüm
İçində ən ağır ürək daşımış!..
Yorğunam. Ağrılar sinəmə batır,
Bu halda dünyadan necə köçəsən?!
Ürəyim dayanır, sanki həyatın
Hökmü qarşısında diz çökmüşəm mən.
Yeknəsəklik
Həyətimdə rüzgar əsir,
Pəncərəmi döyür qar.
İçimdən qopan yellərdən
Güclümü bu rüzigar?
Pəncərəmin qarşısında
Yağır bir leysan yağış.
İçimdən daşan sellərə
Bu damlalar – yalvarış!
***
Baxıram… Dinmirsən…
Əhvalın sərin…
Fikrində nə var ki, ruhunu sarmış?
Gözünə görünmür bişirdiklərim,
Bütün yeməklərim sobada qalmış.
İşdə olarkən də gəlməm ağlına,
Amma mən evimdə tək deyiəm, bax –
Gözləyir otaqda məni Marina,
Gözləyir otaqda məni Pasternak!
***
Bu günü də vurdum başa,
Oyalandım, bitdi keçdi…
Öz adımı yazdım daşa,
Əcəl gəldi, ötdü keçdi…
Ayaqlarım yerə batır,
Torpaq başa necə yaxın!
İşim də qalmamış, baxın,
Həyat məni atdı, keçdi…
“Günahkar” dedilər, yenə
Uymadım nifrətə, kinə.
Kimlərsə yazdı könlünə,
Kimlərsə unutdu keçdi…
***
Yalvardım “Allah!” deyə,
Açıldı Göyün üzü, –
Başladı əritmyə
Ürəyimdəki buzu.
Odum yox,
yol – duman, çən.
Tutmuşam ürəyimi;
Qoruyuram səni mən
Son kibrit çöpü kimi.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru