
SEVGİ YAĞIŞLARI GƏRƏKDİR BİZƏ
“SEVGİ FƏSLİNIN YAĞIŞI” şeirimi oxuyan bir xanım belə yazıb: “Bu sevgi yağışınızı hər fəsildə yağdırin”… – Rafiq YUSİFOĞLU,
Dediyin sözləri necə unudum?
Sevgisiz taleyə bəxt demərəm mən.
Gözlərin bir topa həsrət buludu,
Eşqinlə xoşbəxtəm, bəxtəvərəm mən…
Başımın üstündən bu vaxta qədər,
Həsrət buludları əskik olmayıb…
Tanrı bəxşişidi bu bəxt, bu qədər,
Heç zaman qəlbimin gülü solmayıb.
Mizraba dönməsə həsrət yelləri,
Buludan bir damla yağdıra bilməz…
Köksümdə çağlayan sevgi selləri
Kükrəsə, önündə dağ dura bilməz.
Sənin könül sazın gərək köklənə,
Yağışdan nəf gəlsə, təşnəyə gələr…
Çağırsan, çevrilib dəli köhlənə,
Həsrətim kişnəyə-kişnəyə gələr…
Qəlbindən nə keçir utanma, istə,
Qıymaram ələnə ürəyinə çən.
Yağışa çevrilsəm sinənin üstdə,
Hoparam köksündən iliyinəcən…
Sevinc yaşlarıyla ömrümü bəzə, –
Axıb şərab olsun eşq badəsində…
Sevgi yağışları gərəkdir bizə
Ömrün hər fəslində, hər vədəsində…
25.04.2020
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru