AKİF ABBASOV – NƏ TƏHƏR DEYİM, NECƏ DEYİM…


NƏ TƏHƏR DEYİM, NECƏ DEYİM…
(hekayə)
Elmi Şuranın iclası idi. İnstitutun direktoru, Elmi Şuranın sədri Zakir Qarayev iclası açaraq:
-Xoş gördük, – dedi. -Yoldaşlar gündəliklə tanışdırlar. Gündəliyə nə kimi əlavə var?
Yerdən:
-Yoxdur, – cavabı gəldi.
-Elə isə iclasımıza başalayaq. Gündəlikdə duran birinci məsələ institut əməkdaşlarının ezamiyyələrdə olması ilə bağlıdır. Səməd müəllim, buyurun. Siz Moskvada olmuşdunuz. Məlumat verin, təkliflərinizi bildirin…
Səməd müəllimin qəribə danışıq tərzi vardı. O, bu və ya digər məsələ ilə bağlı məlumat verəndə adamın səbri tükənirdi. Söhbətə başlar, cümləsini tamamlamamış, növbəti fikrə keçirdi. Gəl indi başa düş ki, o nə demək istəyir. Yenə də başladı:
-Yoldaşlar, mən, deməli, Moskvada oldum.
Zakir müəllim söz atdı:
-Onu bildik. Hansı institutda oldunuz, mütəxəssislərdən kimlərlə söhbət etdiniz?
Səməd müəllim sözünə davam etdi:

– Mən, deməli, Moskvada oldum. Özü də Ümumi Pedaqogika İnstitutunda. Həmin institutun, … şeydi zaddı, institutun direktoru, nə təhər deyim, necə deyim?… sonra da Korreksiya pedaqogikası şöbəsində, … deməli, belə….Şöbə müdiri bildirdi ki, şeydi, zaddı,… Sonra şöbənin tədqiqatları ilə, …nətəhər deyim, necə deyim, şeydi, zaddı…Sonra kitabxanada, deməli, belə…Kitablara baxdım, qeydlər, nə təhər deyim, necə deyim…
Zakir müəllim başını qaldırıb baxdı. Səməd müəllimə qulaq asan yox idi. Qulaq asıb nə başa düşəcəkdilər ki?
Zakir müəllimin özünün də səbri tükənmişdi. Vaxt gedirdi. Səməd müəllim bir də “nə təhər deyim, necə deyim” söyləyəndə Zakir müəllim daha dözmədi, eynəyini çıxarıb stolun üstünə çırpdı:
-Səməd müəllim, rəhmətliyin oğlu, nə qədər “nə təhər deyim, necə deyim” olar? A kişi, bir təhər de də…
İnstitut direktorunun sözlərini eşidən Elmi Şura üzvləri uğunub getdilər. Yavər müəllim dilləndi:
-Amma yaman dediniz, Zakir müəllim! Səbir kasamız daşmışdı. Zalım oğlu fikrini deyib axıra çıxa bilmirdi. Nə qədər demək olar: “şeydi, zaddı”, “nə təhər deyim, necə deyim”?
Bu səfər Səməd müəllimin özünü də gülmək tutdu.
Şirvan şəhəri, 12 dekabr 2023-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir