Neyləsin?!
Beyin düşünməkdən edib imtina,
Cahil kimsələrə kitab neyləsin?!
İnsana qoyulan alim adına
Səsləniş, çağırış, xitab neyləsin?!
Yoxdursa ürəkdə vicdan, tərəzi,
İncidər insanı yersiz qərəzi,
Almırsa ibrəti, qaçıb həvəsi,
Götürmür nəsihət, hesab neyləsin?!
Endirər sözlərin qiymətin heçə,
Neçə kamilləri susdurar necə!
Fikriylə haqq bilir özün beləcə,
Olubdur zehniyyət xarab neyləsin?!
Haqq dolu kəlmələr, qiymətli sözlər,
Qızıldan dəyərli zinətli sözlər,
Xoşluğa yozulan heyrətli sözlər,
Etmirsə ruhunu sirab neyləsin?!
25.12.23
Müəllif: CAMAL CƏFƏR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
3 thoughts on “Camal Cəfər: – Neyləsin?!”