DOQQUZU ON BEŞ KEÇİR…
(Mayakovskidən danışan Xanıma)
Danışdıq, gələcəksən…
Sən dedin: – “Çalışaram…”
Mən dedim: – “Gözləyəcəm…”
Səkkizi on beş keçir…
Kipriklərim asılıb, saniyə əqrəbindən
Baxışlar mədət umur, saatın məhvərindən…
Zamanın kəfkirində yellənir neçə xəyal…
Doqquzun yarısı oldu…
İstəyirəm, diksinim qəfil qapı zəngindən
Ta ki, yaxam qurtarsın bu zamanın əngindən…
Çık-çık saat səsində ələnir neçə istək…
Daha doqquz olubdur…
Eşikdə şər qarışıb…
Fikirlər də dolaşıb…
Çöl işığı yandırım, yolun işıqlı olsun…
Doqquzu on beş keçir…
Danışdıq gələcəksən…
Sən dedin: – “Çalışaram…”
Mən dedim: – “Gözləyəcəm…”
Yəqin ki, çalışırsan…
Mən də ki, gözləyirəm…
Kipriklərim dolaşıb, əqrəbi izləməkdən,
Baxışlarım əzilib, zamanı “bizləməkdən…”
Onun da yarısı oldu…
Zaman sürəsi doldu…
Bundan sonra hər bir an, artıq, zamana yükdü…
Durum, eşiyə baxım…
İşıq sönməyib, barı…
Birdən qəfil gələrsən, gözün görməz kandarı…
On oldu, torba doldu…
On birdir, – gözləyirəm…
Çalışırsanmı, sən də…
On iki, bir, iki, üç…
Əlim gəlmir, söndürüm, bayırdakı işığı…
Dilimdə bitən budu: – “Xoş gəldin içəri keç…”
Dörd yoldaş sirdaş olub,
Belə qovuşduq sübhə…
Daha gələ bilməzsən,
Buna qalmadı şübhə…
İndi saat doqquzdur, hətta onu beş keçir…
Qulaq qapı zəngində, göz ilişib əqrəbə…
Dünya şən, zaman məzə…
Təkcə bizik qəribə…
Doqquzu on beş keçir…
Yəqin, indi yoldasan, işə tələsən vaxtdır…
Çalışırsan çatasan gecikmədən işinə…
Mən də durum, söndürüm, qoy bayırın işığın…
Çalar saatla oyaq, alım gözün acısın…
Zaman kimə istəyir qoy dişini qıcasın…
Artıq onun yarısıdır…
Əlim qopmur qələmdən…
İstəyirəm biləsən, bunlar hamısı deyil…
Bu sözləri yazmağa ən ağ vərəq seçmişəm…
Hələ, neçə kəlmənin üstündən vaz keçmişəm…
31.07.2017. Bakı.
Müəllif: Zaur USTAC
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru