AYƏTXAN ZİYAD: – VAXTSIZ-VƏDƏSİZ GƏLƏN ŞEİRLƏR…

VAXTSIZVƏDƏSİZ GƏLƏN ŞEİRLƏR

BELƏ OLURMUŞ SEVMƏK

(Bir qadın içinin harayı)

Hardan gəldin ömrümə,

hardan girdin ömrümə,         

a mənim dəlim-dolum?

A mənim

yerişini-duruşunu itirmiş

sərgərdan yolçağım, yolum.

Sən mənim bu vaxtacan

oxunmamış ilk kitabım.

Hisslərimin harayınca

tolazdanmış ilk daşım.

İndiyənəcən

yazısın-pozusun

oxuya bilmədiyim “yaddaşım”.

Mürgüləmiş duyğularımın ilk adı.

Çırpıntılarımın ipə-sapa yatmaz fəryadı.

İlk sevda suçum,

Tanrımdan tale ruzum…

…Belə olurmuş sevmək?!

Belə olurmuş demək?!

***

Arada-bərədə

tərs-tərs baxmağın.

Ondan-bundan gizlicə,

bir göz qırpımı qədərincə

mənə qoyun açmağın.

Lapdan eynəyini çıxarmağın,

gahdan taxmağın.

Gahdan

gözlərdən yayındırıb

usturca “oğurluq” etməyin –

damla-damla,

misqal-misqal,

sinə-sinə

ruhuma hopan hər şeyin,

həm ilıq təbəssümün,

həm qeyzin

təbərrükdü mənə.

***

Belə olurmuş sevmək? –

sevəndə içimizdən

birin çıxarırmışıq demək?

Özümüzlə təzədən

tanış olurmuşuq demək?

Məhəbbət bu çeşiddə?

Məhəbbət bu biçimdə? –

Əsir-yesir olmuşuq

əlində

mən də

sən də!

***

Məəttəl qalmışam

həyatın bu düzümünə.

Ömrümün

haçalaşan,

qoşalaşan

bu rənginə.

Od püskürməyimlə

susmağın arası bir addımlıq.

Üz çevirib getməyimlə

nədən

dönüşüm bu qədər yovuq?

***

Ciddiliyin,

bir andaca üzünün dönməsi,

havadan nəm çəkən əsəbin,

yoxdan hayqırıb

od püskürən,

dünyanı silkələyən

qəzəbin,

umu-küsün…

Səninlə yaşadığım nizamsız hər gün

nəhayətsiz,

müddətsiz,

əvəzolunmaz,

parçalanmaz,

zamanlara sığmaz…

…Tanrımın mənə göndərdiyi qismət.

Qismət

hələm-həlbət

Bu nisbətdə heyrət?

***

Məəttəl qalmışam.

Bu dönəmi də varmış həyatın.

A tənhalığıma rəng qatanım,

yatmış duyğularımı

məndən xəbərsiz

səssiz-səmirsiz

silkələyib oyadanım.

Gahdan didik-didik,

gahdan kövrək,

gahdan qulaqları qapayan

səssiz harayım,

mən sevginin

bu anlaqda

bu dadda-duzda olduğunu bilməzdim.

Belə olurmuş sevmək.

Belə olurmuş demək.

***

Məhəbbətin qütbü yox.

Acısı

şirinindən çox.

A bircə əlçim mehrinə möhtacım,

kimsən sən?

Cəzammısan,

mükafatımmı?

19.10.2023

Müəllif: Ayətxan ZİYAD (İsgəndərov),

Yazıçı-jurnalist, tədqiqatçı,

Azərbaycan yazıçılar və Azərbaycan jurnalistlər

birliklərinin üzvü.

AYƏTXAN ZİYADIN YAZILARI

VAQİF OSMANOVUN YAZILARI


TƏRANƏ MƏMMƏDİN YAZILARI

MƏLAHƏT HÜMMƏTQIZININ YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir