Ədəbiyyata və mətbuata gəlişim o qədər də asan olmayıb; çətin yollar keçmişəm, şükr ki, qarşıma ara-sıra yaxşı insanlar – əsl ədiblər, əsl qələm sahibləri çıxdı, onlar gedəcəyim, getməli olduğum ünvana doğru-dürüst istiqamət verdilər. Səhərin bu şaxtalı çağında həmin fitrət sahiblərinə – Şamaxıda ikən ilk şeirlərimi sığallaya-sığallaya çap edən, bir növ, mənə müəllimlik edən Zahid Sarıtorpağa, – sən heç kimi təqlid və təkrar etmirsən, – deyən Yavər Hüseynova, Bakıya gələndən sonra isə – sən bir poetik atomsan, – deyən Atababa İsmayıloğluna, Füzulişünas alim, mənə – beynini və düşüncəni qoru, – deyən Ayaz Vəfalıya, – Allah imkan versin, sənə bir dədəlik edim, – deyən Şahmar Əkbərzadəyə, xəstə halı ilə yaradıcılığım haqda 16 cümlə yazı yazan və məni Əli Kərimə bənzədən Məmməd Araza, mənə – sən müasir Nəsimisən, – deyən Əzizə Cəfərzadəyə, – Şamaxını, Xaqanini, Nəsimini səndə və şeirlərində görürəm, – deyən Zəlimxan Yaquba, mənə – istedad qapısı, – deyən Musa Yaquba, – sən mənim davamçımsan, ancaq taleyin taleyimə oxşamasın, – deyən Fikrət Sadığa, redaksiyasının qapısını minnətdarlıq hissi ilə üzümə açan İskəndər Etibara, – şeirlərin fəlsəfədir, nə vaxtsa başa düşəcəklər, – deyən İsa Muğannaya, bir sözlə, qarşıma çıxan, mənə səmimi olan hər kəsə təşəkkür borcumu ifadə etmək istədim. Çox xoşbəxtəm ki, uğura gedən yolda daim yaxşılarla əhatə olundum.
Təəssüf ki, adlarını minnətdarlıq hissi ilə çəkdiyim o mənalı insanların əksəri dünyasını dəyişib, ancaq xatirələri daim mənimlədir.
Hər şeyə görə isə Yaradanıma minnətdaram!
Hörmətlə: Hikmət MƏLİKZADƏ,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru