İSLAM SADIQ – ŞEİR YAĞIR YENƏ GÖYDƏN

ŞEİR YAĞIR YENƏ GÖYDƏN

Göyün üzü bir alaçıq,
Qar dayanmır bir azacıq.
Şairlərin əli açıq,
Şeir yağır yenə göydən.

Sözlə dolub ağ sinəsi,
Sözdü qarın hər dənəsi.
Kim susası, kim dinəsi,
Şeir yağır yenə göydən.

Boxçasını sökür Tanrı,
Sözü göydən tökür Tanrı.
Pay-püşünə şükür, Tanrı,
Şeir yağır yenə göydən.

Salxımlanır üzüm-üzüm,
Sətirlənir düzüm-düzüm.
Qalır bircə sapa düzüm,
Şeir yağır yenə göydən.

Şair dostum üzə düşdü,
Ovçu kimi izə düşdü.
Nə düşdüsə, bizə düşdü,
Şeir yağır yenə göydən.

Gah ilişir saçıma da,
Kirpiyimə, qaşıma da.
Gəlib qonur ovcuma da,
Şeir yağır yenə göydən.

Kəsmək bilmir, yağhayağdı,
Bir əl göyü sağhasağdı.
Vurhavurnan yığhayığdı,
Şeir yağır yenə göydən.

14 yanvar 2024
Novxanı

Müəllif: İslam Sadıq


“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “İSLAM SADIQ – ŞEİR YAĞIR YENƏ GÖYDƏN”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir