MƏNİM
Elə bil ki, taleyimə yazılıb,
Ağrı mənim, çətin mənim, dar mənim.
Könül açan günəşli gün görmədim,
Çovğun mənim, boran mənim, qar mənim.
Yurd-yuvamdan nələr, nələr çəkmişəm,
Yaddaşıma xatirələr çəkmişəm,
Savalandan ağır gələr, çəkmişəm,
Həsrətimi dilləndirən tar mənim.
Mən keçdiyim bu yollardan keçmə, ha!
Eşq adında odası var, köçmə, ha!
Mən içdiyim piyalədən içmə, ha!
Sevgi adlı xəstəliyim var mənim.
Gözlərimdə Göyçə zərdi, görərsən,
Dərbənd, Təbriz Qəzənfərdi, görərsən.
Ağlar qəmi, göynər dərdi görərsən,
Neştər götür, ürəyimi yar mənim.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru